№32088/11 ƏLƏSGƏROV VƏ BAŞQALARI AZƏRBAYCANA QARŞI – 10 NOYABR 2022-Cİ İL

© tərcümə – aihmaz.org

 

 

BİRİNCİ BÖLMƏ

 

 

ƏLƏSGƏROV VƏ BAŞQALARI AZƏRBAYCANA QARŞI
(Ərizə nöm. 32088/11)

 

 

QƏRAR
(Mahiyyət)

 

 

STRASBURQ
10 noyabr 2022

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, redaksiya tərəfindən yeniddən nəzərdən keçirilə bilər.

 

Ələsgərov və başqaları Azərbaycana qarşı işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə) aşağıdakılardan ibarət heyətdə toplaşaraq:

Martinş Mits, Sədr,
Stephanie Mourou-Vikström,
Lətif Hüseynov,
Lado Çanturiya,
İvana Jelić,
Arnfinn Bårdsen,
Mattias Guyomar, hakimlər,
və Martina Keller, İclas Katibi,

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasına qarşı Məhkəməyə verilmiş səksən iki Azərbaycan vətəndaşının (“ərizəçilər” – bax Əlavə I və II) 28 aprel 2011-ci il tarixli ərizəsi (№ 32088/11) ərizələrini;

Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və 6-cı maddəsinin 1-ci bəndinə (əsaslandırılmış qərar) əsasən şikayətlər barədə Azərbaycan Hökumətinə (“Hökumət”) bildiriş göndərilməsi və ərizənin qalan hissəsinin qəbuledilməz elan edilməsi haqqında qərarı;

tərəflərin müşahidələrini;

Nəzərə alaraq,

11 oktyabr 2022-ci il tarixində təklikdə müzakirə edərək,

Həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı qəbul edir:

GİRİŞ

1. Ərizə dövlət orqanlarının ərizəçilərin öz mülkiyyətlərindən dinc şəkildə istifadə etməsinə qeyri-qanuni müdaxiləsi iddiası ilə bağlıdır və əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə aid məsələləri əhatə edir.

FAKTLAR

2. Ərizəçilər haqqında təfərrüatlar Əlavə I və II-də verilib. 32 və 77 nömrəli ərizəçilər istisna olmaqla, ərizəçilər on doqquz müxtəlif ailənin üzvləridir. İlk başlarda bütün ərizəçiləri Azərbaycanda fəaliyyət göstərən vəkil E.Mustafayev təmsil edirdi. Tərəflərin qeydlərinin təqdim edilməsi yekunlaşdıqdan sonra bir neçə ərizəçi (3, 6, 9, 14 və 19 saylı ərizəçilər) Azərbaycanda yaşayan vəkil cənab A. Layıcı özlərinə nümayəndə təyin ediblər.

3. Höküməti onun nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.

4. İşin faktlarını aşağıdakı kimi xülasə etmək olar.

5. 10 noyabr 1998-ci ildə Abşeron rayon Aqrar İslahat Komissiyası ərizəçilərə kənd təsərrüfatı məqsədləri üçün müxtəlif ölçülü torpaq sahələrinin ayrılması haqqında 21 saylı qərar qəbul edib (qərarın surəti iş materiallarında yoxdur). 24 dekabr 1998-ci ildə ərizəçilərə həmin torpaq sahələrinə mülkiyyət sənədləri verilib. Mülkiyyət sənədlərinin surətlərindən görünür ki, torpaq sahəsinin sahibi kimi hər bir ailənin başçısı göstərilib (bax. Əlavə I və II – qalın şriftlə adlar). Sənədlərdə “ailə üzvləri” başlığı altında bütün ailə üzvlərinin adları da yazılıb. Belə görünür ki, mülkiyyət sənədlərində hər bir torpaq sahəsinin koordinatları göstərilməsinə baxmayaraq, kadastr çəkilişi ilə torpaq sahələrinin sərhədləri müəyyən edilməyib.

6. 2008-ci ilin mart-aprel aylarında Abşeron Rayon Mehdiabad Bələdiyyəsi (“Mehdiabad Bələdiyyəsi”) Torpaq Məcəlləsinin 70.1-ci maddəsinə istinad edərək (aşağıda 21-ci bəndə bax) 18, 51 və 77 nömrəli ərizəçilərə bildiriş göndərib. Bildirişdə onların torpaq sahələrinin dövlət binasının tikintisi üçün lazım olduğunu və onlara “başqa yerdə” torpaq sahələrinin ayrılacağını bildirib. Mehdiabad Bələdiyyəsi ərizəçilərdən üç gün ərzində mülkiyyət sənədlərini ona təqdim etmələrini xahiş edib və xəbərdarlıq edib ki, onlar bunu etməsələr onların torpaq üzərində mülkiyyət hüququnun etibarsız sayılması üçün məhkəməyə müraciət olunacaq.

7. 30 iyun 2008-ci ildə Abşeron rayon Fatmayı Bələdiyyəsi (“Fatmayı Bələdiyyəsi”) biznes məqsədləri üçün tikinti aparmaq üçün E.G-yə 64,4 hektar torpaq sahəsi satıb. Köçürmə sənədlərində torpağın sonradan ərizəçilərə veriləcəyinə dair heç bir niyyət bildirilməyib.

8. 31 oktyabr 2008-ci ildə ailə başçıları (ərizəçilər №1, 6, 9, 14, 18, 23, 28, 33, 39, 42, 45, 51, 54, 58, 60, 63, 66, 72) və 32, 77 və 78 saylı ərizəçilər digər şəxslərlə birlikdə Mehdiabad Bələdiyyəsinə qarşı Abşeron Rayon Məhkəməsinə iddia qaldırıblar. Onlar şikayət ediblər ki, cavabdeh onlara məxsus torpaq sahəsini zəbt edib və ərazidə tikinti işləri aparıb. Yuxarıda qeyd olunan ərizəçilər Mülki Məcəllənin 157.9-cu maddəsinə (aşağıda 19-cu bəndə bax) istinad edərək, iddia ediblər ki, xüsusi mülkiyyətdə olan əmlak yalnız qanunla nəzərdə tutulmuş hallarda və əvvəlcədən kompensasiya ödənilməklə dövlət ehtiyacları üçün özgəninkiləşdirilə bilər. Onlar qeyd ediblər ki, cavadehdən səlahiyətli orqanlar tərəfindən bu barədə çıxarılmış qərarı – əgər belə bir qərar varsa – təqdim etməyi xahiş ediblər, lakin heç bir nəticəsi olmayıb. Onlar məhkəmədən Mehdiabad Bələdiyyəsinə tikinti işlərinin dayandırılması və mülkləri üzərində “hüquqlarının bərpası” barədə göstəriş verilməsini xahiş ediblər.

9. 26 dekabr 2008-ci ildə məhkəmə ərizəçilərin iddialarını rədd edib. Məhkəmə qeyd edib ki, tərəflərin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) mütəxəssisinin iştirakı ilə sözügedən torpaq sahələrinə yerindəcə baxış zamanı müəyyən edilib ki, ərizəçilərin torpaq sahələrinin ətrafında divar çəkilsə də, divar onların torpaqlarında yerləşmirdi. Məhkəmə belə qərara gəlib ki, ərizəçilər onların torpaq sahələrinə girişinin Bələdiyyə və ya hər hansı digər şəxs tərəfindən məhdudlaşdırıldığına dair heç bir sübut təqdim etməyiblər.

10. 30 yanvar 2009-cu ildə yuxarıda adı çəkilən ərizəçilər (8-ci bəndə bax) apellyasiya şikayəti verərək öz iddialarını təkrarlayıblar. Apellyasiya şikayəti verən şəxslərin siyahısına əlavə olunmuş siyahıda ailə üzvlərinin sayı da (digər şəxslər də daxil olmaqla 114 nəfər) göstərilib.

11. 12 iyun 2009-cu ildə Sumqayıt Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib. Məhkəmə, Abşeron Rayon İcra Hakimiyyətindən (“ARİH”) məhkəmənin informasiya sorğusuna cavab olaraq göndərilmiş məktubuna istinad edib. Məktubda qeyd edilirdi ki, sözügedən torpaq sahələri hərbi məqsədlər üçün istifadə olunmalı və digər torpaq sahələrinin ərizəçilərə qarşılıqlı razılaşma əsasında ayrılması üçün tədbirlər görülür. Məhkəmə, həmçinin DTXK-nin 25 fevral 2009-cu il məktubuna istinad edib:

(i) sözügedən torpaq sahələrinin müqabilində eyni keyfiyyətdə və ölçüdə bələdiyyə torpağı “ayırılmışdı”; və
(ii) məhkəmə prosesləri davam etdiyi üçün tədbirlər məhkəmənin qərarından sonra həyata keçiriləcək.

12. 9, 18, 77 saylı ərizəçilərin və onların nümayəndəsi cənab E. Mustafayevin kassasiya şikayətindən sonra 2 noyabr 2009-cu ildə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin hökmünü ləğv etdi və işi yenidən baxılması üçün geri göndərdi. Ali Məhkəmə xüsusi olaraq bildirdi ki, aşağı instansiya məhkəməsi
(i) gəldiyi nəticəni DTXK mütəxəssisinin sözügedən torpaq sahələrinin faktiki vəziyyətini əks etdirməyən rəyi (yuxarıda 9-cu bəndə bax) əsasında əsaslandırıb;
(ii) mülkiyyət sənədlərində göstərilən koordinatlara istinad edərək ərizəçilərin iddialarını araşdırmayıb; və
(iii) zəruri olmasına baxmayaraq, ekspertiza təyin etməyib. Məhkəmə qeyd edib ki, aşağı instansiya məhkəməsi ərizəçilərin torpaq sahələrində hər hansı tikinti işlərinin aparılıb-aparılmadığını yoxlamalı və ərizəçilərin mülkiyyət hüquqlarına hər hansı məhdudiyyətin olduğunu müəyyən etmək üçün ekspertizanın keçirilməsinin zəruriliyini müzakirə etməli idi. Ali Məhkəmənin qərarından görünür ki, Ali Məhkəmədə keçirilən iclasda 9, 18 və 77 saylı ərizəçilərlə birgə 23, 45, 51, 54, 60, 63, 66, 72 və 78 saylı ərizəçilər də iştirak edib və bildiriblər ki, kassasiya şikayətini dəstəkləyirlər.

13. 1 fevral 2010-cu ildə ərizəçilərin nümayəndəsi Apellyasiya Məhkəməsində bir neçə vəsatət verdi. O, məhkəmədən ərizəçilərin torpaq sahəsinin sərhədlərini müəyyən etmək və sərhədləri onlara yerində göstərmək üçün DTXK-ya göstəriş verməsini xahiş etdi və xatırlatdı ki, ərizəçilər əvvələr dəfələrlə belə müraciətlər edib amma DTXK-a bunu etməyib. O, daha sonra iddia etdi ki, ərizəçilər sözügedən ərazinin foto və video çəkilişlərini təqdim etsələr də, daxili məhkəmələr belə nəticəyə gəliblər ki, ərizəçilər onların hüquqlarının pozulduğunu göstərən heç bir sübut təqdim etməyiblər. Buna görə də o, Apellyasiya Məhkəməsindən sözügedən torpaq sahələri ilə bağlı ekspertizanın təyin edilməsini xahiş edib.

14. 1 mart 2010-cu ildə Sumqayıt Apellyasiya Məhkəməsi ərizəçilərin iddialarını rədd etdi. Məhkəmə əvvəlki əsaslandırması ilə yanaşı qeyd edib ki, əraziyə yerindəcə baxış zamanı sözügedən torpaq sahələrinin ətrafına hündür daş divar hörülüb və ərazidə tikinti işləri aparılıb. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Sərhəd Xidmətinin (“DSX”) əməkdaşı E.M. bildirib ki, sözügedən ərazidə DSX üçün xüsusi bina tikilir. Məhkəmə daha sonra qeyd edib ki, Fatmayi Bələdiyyəsi tərəfindən E.G-yə 64,4 hektar torpaq sahəsi ayrılıb. Nəhayət, məhkəmə müəyyən edib ki, ərizəçilər öz torpaq sahələrinin dəqiq harada yerləşdiyini göstərə bilməyiblər.

15. Həmin tarixdə çıxarılmış ayrıca qərarda Apellyasiya Məhkəməsi ekspertizanın keçirilməsi barədə vəsatəti təmin etməyib. Məhkəmə qərara alıb ki, ərizəçilər öz torpaq sahələrinin dəqiq yerini və onların dəqiq ölçüsünü göstərə bilmədiklərinə görə belə ekspertizaya ehtiyac yoxdur.

16. 1 aprel 2010-cu ildə cənab E.Mustafayevin təmsil etdiyi 9 və 18 saylı ərizəçilər kassasiya şikayəti verdiblər:

(i) əgər onların torpaqları hərbi məqsədlər üçün tələb olunurdusa, onun bazar dəyərini ödəməklə özgəninkiləşdirilməsi üçün qanuni tədbirlər görülməli idi;

(ii) onlar Fatmayı Bələdiyyəsi tərəfindən digər torpaq sahələrinin ayrılmasına razı olmayıblar, çünki həmin torpaq eyni keyfiyyətdə deyildi və ölkədaxili qanunvericilik mülkiyyətçinin razılığı olmadan kompensasiya əvəzinə torpağın ayrılmasını qadağan edirdi;

(iii) Apellyasiya Məhkəməsi ekspertizanın keçirilməsi ilə bağlı Ali Məhkəmənin göstərişini yerinə yetirməyib;

(iv) məhkəmələr əsaslandırılmış qərarlar verməyib və müvafiq orqanlar tərəfindən verilmiş məktublara istinad ediblər (yuxarıda 11-ci bəndə bax); və

(v) bu vəziyyətin nəticəsi olaraq ərizəçilərin öz torpaqlarına girişi qeyri-müəyyən müddətə məhdudlaşdırılıb.

Kassasiya şikayətinin sonunda ərizəçilər bildiriblər ki, onlar Ali Məhkəmədən mülkiyyət hüquqları pozulmuş 114 nəfərin hamısının adından Apellyasiya Məhkəməsinin qərarını ləğv etməyi xahiş edirlər.

17. 24 noyabr 2010-cu ildə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib. İş materiallarından görünür ki, 9 və 18 saylı ərizəçilərin kassasiya şikayəti ilə bağlı tərəflərin öz etirazlarını və ya izahatlarını verə biləcəyini bildirən standart bildirişlər (Ali Məhkəmədə keçirilən məhkəmə iclasları haqqında) bütün ailə başçılarına və 78 nömrəli ərizəçiyə göndərilib. Ali Məhkəmənin 24 noyabr 2010-cu il tarixli qərarının surəti də onlara göndərilib.

UYĞUN QANUNVERİCİLİK BAZASI

18. Özgəninkiləşdirməyə dair ölkədaxili qanunvericiliyin müvafiq müddəaları Əliyeva və başqaları Azərbaycana qarşı (№ 66249/16 və digər 6, §§ 48-71, 21 sentyabr 2021-ci il) işində ümumiləşdirilib.

19. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulub ki, xüsusi mülkiyyət dövlət ehtiyacları üçün yalnız qanunla icazə verilən hallarda və onun bazar dəyərinə uyğun məbləğin qabaqcadan ödənilməsi şərtilə dövlət tərəfindən özgəninkiləşdirilə bilər.

20. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 247.3-cü maddəsinə əsasən, mülkiyyətçi ilə razılaşdırılmaqla, özgəninkiləşdirilən torpaq sahəsi üçün ona başqa torpaq sahəsi verilə bilərdi.

21. Həmin vaxt qüvvədə olan Torpaq Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, mülkiyyətdə, istifadədə və icarədə olan torpaqlar dövlət və ya ictimai ehtiyaclar üçün geri alına bilər. Torpaq Məcəlləsinin 70.8-ci maddəsinə əsasən torpaq sahəsi dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alındıqda, qarşılıqlı razılıq əsasında onun əvəzində mülkiyyətçiyə və ya istifadəçiyə (icarəçiyə) eyni ölçüdə və keyfiyyətdə başqa yerdə torpaq sahəsi də verilə bilər.

22. Prezidentin 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş və həmin dövrdə qüvvədə olan “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”nin (“Əsasnamə”) 5-ci qaydasına əsasən mülkiyyət sənədləri ailə başçısına verilir. Onlar hər bir ailə üzvünün adını və ona məxsus torpaq payını göstərməli idilər.

QANUN

I. İLKİN QEYDLƏR

23. Ərizəçilərin nümayəndəsi cənab E.Mustafayev Məhkəməyə məlumat verdi ki, ərizəçilərdən yalnız iyirmi ikisi (beş ailə) Məhkəməyə öz ərizəsini təqdim edib. Bu məlumatı nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 37-ci maddəsinin 1 (a) bəndinə uyğun olaraq, yerdə qalan ərizəçilər artıq ərizələrinin araşdırılmasını istəmirlər. Bundan əlavə, 37-ci maddənin 1-ci bəndinə uyğun olaraq, Məhkəmə, Konvensiyada və onun Protokollarında müəyyən edilmiş insan hüquqlarına hörmətlə bağlı onların işinin davam etdirilməsini tələb edən xüsusi hallar aşkar etmir. Buna görə də, Məhkəmə 23-82 nömrəli ərizəçilərə aid ərizəni siyahıdan çıxarmağı məqsədəuyğun hesab edir (bax: Əlavə II).

24. Məhkəmə daha sonra qeyd edir ki, cənab Aydın Ramazanov (ərizəçi №18) ərizəyə Məhkəmədə baxılarkən vəfat edib və onun həyat yoldaşı xanım Kifayət Cəfərova (ərizəçi №19) Məhkəmədə prosesi davam etdirmək arzusunu bildirib.

25. Konvensiyanın icraatı zamanı ərizəçinin vəfat etdiyi müxtəlif işlərdə Məhkəmə ərizəçinin vərəsələrinin və ya yaxın ailə üzvlərinin məhkəmədə işlərinin davam etdirilməsi arzusunu nəzərə alıb. Məhkəmə qəbul edib ki, yaxın qohum və ya vərəsə işdə kifayət qədər marağı olması şərti ilə, prinsipcə məhkəmə prosesinə davam edə bilər (bax: Məmmədov və başqaları Azərbaycana qarşı, № 35432/07, § 80, 21 fevral 2019-cu il. , əlavə istinadlarla). Yuxarıda deyilənləri və hazırkı işin hallarını nəzərə alaraq, Məhkəmə qəbul edir ki, mərhum ərizəçinin həyat yoldaşı xanım Kifayət Cəfərovanın məhkəmə prosesinin davam etdirilməsinə legitim marağı var.

II. KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

26. Ərizəçilər şikayət etdilər ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyətlərindən dinc şəkildə istifadə etmək hüququna qanunsuz müdaxilə edilib. Həmin maddədə deyilir:

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

A. Qəbuledilənlik

1. Ratione personae uyğunsuzluğu

27. Məhkəmə qeyd edir ki, xanım Züleyxa Ələsgərova (2 nörməli ərizəçi) ərizəçilərin qanuni nümayəndəsi tərəfindən ərizə verilməzdən əvvəl vəfat edib. Buna görə də, Məhkəmə onun Konvensiyanın 34-cü maddəsinin məqsədləri baxımından ərizəçi kimi çıxış edə biləcəyini qəbul edə bilməz. Buradan belə nəticə çıxır ki, onun barəsindəki ərizə ratione personae kimi 35-ci maddənin 3-cü bəndinə əsasən Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

2. Ölkədaxili müdafiə vasitələrinin tükəndirilməməsi

28. Hökumət bildirdi ki, ərizəçilərdən yalnız ikisi (yuxarıda 16-cı bəndə bax) bütün səmərəli daxili müdafiə vasitələrini tükəndirib. Onlar xüsusilə iddia etdilər ki, qalan ərizəçilər kassasiya şikayəti verməyiblər. Saqinadze və başqaları Gürcüstana qarşı (№ 18768/05, 27 may 2010-cu il) işinə istinad edən Hökumət iddia etdi ki, hər bir ərizəçinin Ali Məhkəmədəki proseslərdə iştirakı gələcək faktların aydınlığı və hüquqi müəyyənlik maraqlarını təşviq edərdi. Hökumət həmçinin iddia etdi ki, ərizəçilər yuxarıda adı çəkilən iki ərizəçidən hər hansı birini onlara etibarnamə verməklə öz nümayəndəsi kimi təyin edə bilərdilər.

29. Ərizəçilər iddia etdilər ki, həmin vaxt qüvvədə olan Əsasnaməyə uyğun olaraq (yuxarıda 22-ci bəndə bax) mülkiyyət sənədləri ailə başçısının adına verilirdi. Buna görə də, ölkədaxili məhkəmələrə iddialar bütün ailə üzvləri adından hər bir ailənin başçısı tərəfindən verilmişdi. Onlar daha sonra iddia etdilər ki, ölkədaxili məhkəmələr onların ailə üzvləri adından çıxış etməsinə etiraz etməyiblər. Bundan əlavə, 1 nömrəli ərizəçi 18 nömrəli ərizəçiyə və 6 və 16 nömrəli ərizəçilər isə M.T-yə torpaq sahələri ilə bağlı ölkədaxili məhkəmələr qarşısında maraqlarını təmsil etmək üçün etibarnamə veriblər. Onlar müvafiq olaraq 24 və 27 iyul 2009-cu il tarixli etibarnamələrin surətlərini təqdim ediblər və həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə də verilə biləcəyinə dair qeyd də əlavə ediblər. Onlar daha sonra iddia etdilər ki, 1 nömrəli ərizəçi və M.T. sonradan cənab E.Mustafayevlə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamışdı (nüsxələri iş materiallarında yoxdur) və buna görə də nümayəndə 1, 6 və 14 saylı ərizəçilərin adından kassasiya şikayəti vermişdi. Ərizəçilər əlavə olaraq iddia etdilər ki, kassasiya şikayətində onların mülkiyyət hüquqları pozulmuş bütün 114 şəxsin adından verildiyi qeyd olunub. Bundan əlavə, Ali Məhkəmə qərarının surətini göndərdiyi məktubunda 1, 6 və 14 nömrəli ərizəçilərin adlarını qeyd edib.

30. İş materiallarından görünür ki, ölkədaxili məhkəmələr qarşısında ilkin iddia hər bir ailənin başçıları və 32, 77 və 78 saylı ərizəçilər tərəfindən verilib və imzalanıb. Ərizəçilər iddia edirlər ki, bu, həmin vaxt qüvvədə olan daxili qanunvericiliyin müddəalarına əsasən, mülkiyyət sənədlərinin ailə başçısının adına verilməsi ilə əlaqədardır. Məhkəmə ərizəçilərin təqdim etdiyi mülkiyyət sənədlərinin nüsxələrindən müəyyən edir ki, torpaq sahələrinin mülkiyyətçiləri kimi ailə başçıları qeyd edilib, eyni zamanda ailə üzvlərinin adları da qeyd olunub (yuxarıda 5-ci bəndə bax).

31. Məhkəmə daha sonra qeyd edir ki, ikinci kassasiya şikayəti yalnız 9 və 18 nömrəli ərizəçilər və onların nümayəndəsi cənab E.Mustafayev tərəfindən imzalanıb. İş materiallarında 1, 6 və 14 nömrəli ərizəçilərin cənab E.Mustafayevə etibarnamə verməsini göstərən heç bir sənəd yoxdur. Həmin üç ərizəçinin 18 nömrəli ərizəçiyə və M.T.-yə etibarnamə verməsi ilə bağlı arqumentə gəlincə – müqavilələrin surətləri iş materiallarında yoxdur – 18 nömrəli ərizəçi və M.T.-nin həqiqətən də 1, 6 və 14 nömrəli ərizəçilərin təmsilçilik hüquqlarını cənab E. Mustafayevə ötürdüyünü müəyyən etmək mümkün deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, 9 və 18 nömrəli ərizəçilər kassasiya şikayətlərində Ali Məhkəmədən aşağı instansiya məhkəməsinin qərarını hazırda Məhkəmə qarşısında olan bütün ərizəçilərin daxil olduğu 114 nəfərin adından ləğv etməyi xahiş ediblər (yuxarıda 16-cı bəndə bax). Hökumət ərizəçilərin bu xüsusi təqdimatlarını şərh etməyib. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan arqumentlərin işığında kassasiya şikayətinin bütün ərizəçilər tərəfindən nümayəndəlik yolu ilə verildiyini qəbul etməyin mümkün olub-olmaması problemi yaratsa da, aşağıdakı nəticələri nəzərə alaraq, bu məsələnin həllini zəruri hesab etmir.

32. İş materiallarından görünür ki, sözügedən torpaq sahələrinə dair mülkiyyət sənədləri hər bir ailə başçısının adına verildiyi halda, həmin sənədlər bütün ailə üzvlərinin mülkiyyət hüquqlarına aid olub. Buna görə də, demək olar ki, bütün iyirmi bir ərizəçinin mülkiyyət hüquqlarının hüquqi əsasları eyni idi və nəticədə, onlar iddia etdikləri hüquq pozuntusundan eyni dərəcədə təsirləniblər. Üstəlik, onların ölkədaxili məhkəmələr qarşısındakı iddia və şikayətləri aşkar şəkildə eyni idi (Saqinadze və başqaları, yuxarıda göstərilən kontrast, § 82). Bütün ailə başçıları ilkin iddialarında və Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətində dövlət orqanlarının hərəkətləri səbəbindən öz torpaqlarına sərbəst daxil ola bilmədiklərindən şikayət etmişdilər (yuxarıda 8 və 10-cu bəndlərə bax). 10-13 və 19-22 nömrəli ərizəçilərin ailə başçıları 9 və 18 nömrəli ərizəçilər idi və onlar kassasiya şikayətlərində eyni məsələdən şikayət ediblər. Ali Məhkəmə onların kassasiya şikayətini təmin etməyib və aşağı instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb. Belə ki, ərizəçilər onların mülkiyyət hüquqlarına müdaxiləyə dair hər hansı sübut təqdim etməyiblər. Düzdür ki, 1, 3-8 və 14-17 nömrəli ərizəçilərin ailələri ikinci kassasiya şikayətinə qoşulmayıblar. Bununla belə, konkret hallarda, Məhkəmə hər bir ərizəçinin, istər ailə üzvləri, istərsə də qalan ailə başçıları tərəfindən eyni hüquqi məsələ üzrə kassasiya şikayətinin verilməsinin necə fərqli nəticəyə gətirib çıxara biləcəyini anlamır (Laska ilə müqayisə edin) və Lika Albaniyaya qarşı, № 12315/04 və 17605/04, §§ 46-47, 20 aprel 2010-cu il; Vasilkoski və digərləri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı, № 28169/08, § 46, 28 oktyabr 210 ; Həmzəyev və başqaları Rusiyaya qarşı, № 1503/02, § 155, 3 may 2011-ci il və Həsənəli Əliyev və başqaları Azərbaycana qarşı, № 42858/11, § 30, 9 iyun 2022-ci il). Xüsusilə, Ali Məhkəmə heç vaxt yalnız bəzi ərizəçilərə xas ola biləcək məsələlərə baxmamışdı və onun qərarının əsasları bütün ərizəçilərə eyni şəkildə aid edilmişdi. Müvafiq olaraq, Məhkəmə Hökumətin etirazını rədd edir.

33. Məhkəmə qeyd edir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

34. Ərizəçilər iddia edirlər ki, onlar heç bir qanuni əsas olmadan və kompensasiya ödənilmədən faktiki olaraq əmlaklarından məhrum ediliblər. Onlar bildirdilər ki, ölkədaxili məhkəmələr onların torpaqlarının ekspertizasını təyin etməyiblər və onlara verilən mülkiyyət sənədlərində hər bir torpaq sahəsinin bütün koordinatları göstərilib.

35. Hökumət iddia edir ki, ərizəçilər ölkədaxili məhkəmələr qarşısında onların mülkiyyət hüquqlarına müdaxilə edildiyini sübut edən hər hansı etibarlı sübut təqdim etməyiblər. Hökümət bildirir ki, ərizəçilər yerində araşdırma zamanı öz torpaq sahələrinin dəqiq vəziyyətini və sərhədlərini göstərməyiblər.

2. Məhkəmənin dəyərləndirməsi

36. Məhkəmə qeyd edir ki, tərəflər ərizəçilərin mülkiyyətdən dinc istifadəsinə müdaxilənin mövcudluğu ilə bağlı mübahisə edirlər. Bununla bağlı aşağıdakıları qeyd edir.

37. Ərizəçilərin torpaq sahələrinin ətrafında divarın çəkildiyi mübahisəsizdir. Bu faktı etiraf etməsinə baxmayaraq, ölkədaxili məhkəmələr qərara gəliblər ki, ərizəçilər onların mülkiyyət hüquqlarına hər hansı müdaxilənin olduğunu sübut edə bilməyiblər. Ərizəçilər bütün proses boyunca iddia etdilər ki, nəticədə onların torpaqlarına çıxışı məhdudlaşdırılıb. Onların, Ali Məhkəmənin 2 noyabr 2009-cu il qərarında da qeyd olunmuş, ekspertizanın keçirilməsi barədə vəsatəti (yuxarıda 12-ci bəndə bax) Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib, çünki ərizəçilər öz torpaq sahələrinin sərhədlərini dəqiq göstərə bilməyiblər.

38. İş materiallarından görünür ki, hər bir torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün heç bir kadastr yoxlaması aparılmayıb (yuxarıda 5-ci bəndə bax). Bununla belə, Məhkəmə qeyd edir ki, mülkiyyət sənədlərində hər bir torpaq sahəsinin koordinatları və ölçüsü haqqında məlumatlar var idi. Buna görə də, ölkədaxili məhkəmələrin nə üçün ərizəçilərin məhkəmə icraatına başlamalarından bəri təqdim etdikləri mülkiyyət sənədlərinə baxmadıqları aydın deyil.

39. Həmçinin görünür ki, ərizəçilər öz torpaqlarına girişlərinin məhdudlaşdırıldığını göstərmək üçün ölkədaxili məhkəmələrə foto və video çəkilişlər təqdim ediblər. Bundan əlavə, ölkədaxili məhkəmələr sözügedən əraziyə yerində baxış keçirib və müəyyən ediblər ki, ərizəçilərin ərazisinin ətrafında hündür daş divar çəkilib (yuxarıda 9-cu bəndə bax). Məhkəmə ölkədaxili məhkəmələrin divarın ərizəçilərin torpaq sahələrində deyil, onların ətrafında yerləşməsi ilə bağlı tapıntılarını nəzərə alsa da (yuxarıda 9 və 14-cü bəndlərə bax), o, daxili məhkəmələrin nəticələrini və Hökumətin ərizəçilərin hüquqlarına heç bir müdaxilənin olmadığı iddiasını qəbul etməkdə çətinlik çəkir. Məhkəmə hesab edir ki, mövcud vəziyyət, daha dəqiq desək, dövlət orqanları tərəfindən ərizəçilərin torpaq sahələrinin ətrafında divar ucaldılması, şübhəsiz ki, onların torpaqlarına sərbəst girişini məhdudlaşdırıb və belə bir vəziyyət ərizəçilərin öz mülkiyyətlərindən dinc şəkildə istifadə etmələrinə müdaxilə təşkil edib.

40. Tətbiq edilə bilən qaydaya gəldikdə, Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı müəyyən edilmiş məhkəmə praktikasına (presedent hüququ) və orda təsbit edilmiş üç qaydaya istinad edir (bax: bir çox digər orqanlar arasında Vistiņš və Perepjolkins Latviyaya qarşı [GC ], № 71243/01, §§ 93-94, 25 oktyabr 2012-ci il).

41. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahələri ilə bağlı heç bir müsadirə qərarı və ya hər hansı digər hüquqi sənəd verilməyib (əks olaraq Axverdiyev Azərbaycana qarşı, № 76254/11, § 8, 29 yanvar 2015-ci il; Xalikova Azərbaycana qarşı, №. 42883/11, § 8, 22 oktyabr 2015-ci il; və yuxarıda adı çəkilən Əliyeva və başqaları, §§ 6-7). Ərizəçilər öz torpaqlarının qanuni sahibləri olaraq qalıblar və onların mülkiyyət hüququ heç vaxt ləğv olunmayıb. Bu mənada ərizəçilərin mülklərindən məhrum edildiyini söyləmək olmaz. Hazırkı işin hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsində müəyyən edilmiş ümumi qaydaya əsasən şikayət edilən vəziyyəti araşdırmalıdır (əlavə istinadlarla birgə Berziņš və digərləri Latviyaya qarşı, № 73105/12, §§ 82-83, 21 sentyabr 2021-ci il, ilə müqayisə edin).

42. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin ilkin və ən mühüm tələbi ondan ibarətdir ki, dövlət orqanının mülkiyyətdən dinc şəkildə istifadə edilməsinə hər hansı müdaxiləsi “qanuni” olmalıdır (bax, bir çox digər orqanlar arasında Yavuz Özden Türkiyəyə qarşı , № 21371/10, § 78, 14 sentyabr 2021-ci il və Par və Hyodo Azərbaycana qarşı, № 54563/11 və 22428/15, § 52, 18 noyabr 2021-ci il).

43. Hazırkı işdə ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilə dövlət orqanlarının hərəkətlərindən irəli gəlir. ARİH-nin və DTXK-nin yerli məhkəmələrə təqdim etdiyi məlumatlardan görünür ki, ərizəçilərin torpaq sahələri gələcəkdə hərbi məqsədlər üçün istifadə olunmaq üçün nəzərdə tutulub və ərizəçilərə başqa torpaq sahələrinin ayrılması üçün tədbirlər görülüb (yuxarıda 11-ci bəndə bax). Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında DSX əməkdaşı sözügedən ərazidə DSX üçün bina tikildiyini bildirib. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi 1 mart 2010-cu il qərarında qeyd edib ki, Fatmayi Bələdiyyəsi tərəfindən E.G.-yə 64,4 hektar torpaq sahəsi ayrılıb (yuxarıda 14-cü bəndə bax).

44. Ölkədaxili qanunvericiliyə əsasən, xüsusi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi üçün xüsusi prosedur tətbiq edilməli idi (yuxarıda 18-ci bəndə bax). Ölkədaxili qanunvericilik həmçinin torpağın dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi hallarında kompensasiyanın əvvəlcədən ödənilməsini tələb edirdi (yuxarıda 19-cu bəndə bax). Torpaq Məcəlləsinin 70.8-ci və Mülki Məcəllənin 247.3-cü maddələri özgəninkiləşdirilən torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin yalnız mülkiyyətçinin razılığı ilə verilə biləcəyini nəzərdə tuturdu (yuxarıda 20 21-ci bəndlərə bax). Bununla belə, yuxarıda qeyd edildiyi kimi, ərizəçilərin torpaq sahələri ilə bağlı heç bir özgəninkiləşdirmə ilə bağlı qərarı verilməmişdi (yuxarıda 41-ci bəndə bax). Bundan əlavə, ölkədaxili məhkəmələr Fatmayı Bələdiyyəsi tərəfindən E.G-yə 64,4 hektar torpaq sahəsinin ayrılmasına istinad edərkən, torpağın üçüncü şəxsə verilməsinin hüquqi əsaslarını və ya bunun ərizəçilərin mülkiyyət hüquqlarına qoyulan məhdudiyyətlərə münasibətdə necə kompensasiya təşkil edə biləcəyini izah etməyiblər. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən torpaq sahəsi Fatmayı Bələdiyyəsi tərəfindən E.G-yə tikinti işlərinin aparılması üçün biznes məqsədi ilə satılıb və torpağın ayrılması ilə bağlı müvafiq sənədlərdə onun sonradan ərizəçilərə veriləcəyi ilə bağlı heç bir məlumat və ya göstəriş yoxdur (yuxarıda 7-ci bəndə bax). Məhkəmə daha sonra qeyd edir ki, istənilən halda, ərizəçilər ölkədaxili məhkəmələrə verdikləri şikayətdə həmin torpaq sahəsini qəbul etməkdən açıq şəkildə imtina ediblər (yuxarıda 16-cı bəndə bax).

45. Məhkəmə qeyd edir ki, Hökumət həmçinin ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilə üçün əsas ola biləcək hər hansı hüquqi müddəaya istinad etməyib (yuxarıda adı çəkilən Par və Hyodo ilə müqayisə edin, § 56).

46. Yuxarıdakı mülahizələri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “qanuni” hesab edilə bilməz (müqayisə edin, Yavuz Özden, yuxarıda adı çəkilən, § 87). Bu nəticə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə ərizəçilərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın olub-olmadığını araşdırmağı lüzumsuz edir.

47. Müvafiq olaraq, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub.

III. KONVENSİYANIN 6-CI MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

48. Ərizəçilər şikayət etdilər ki, ölkədaxili məhkəmələrin onların işi üzrə çıxardığı qərarlar əsaslandırılmayıb.

49. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən gəldiyi nəticələri (yuxarıda 26-47-ci bəndlərə bax) və işin faktlarını və tərəflərin təqdimatlarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan şikayətin qəbuledilənliyi və mahiyyəti ilə bağlı ayrıca qərar verməyə ehtiyac yoxdur (Müqayisə et: Valentin Câmpeanu adından Hüquq Resursları Mərkəzi Rumıniyaya qarşı [GC], № 47848/08, § 156 , AİHM 2014).

IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

50. konvensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

51. 1, 3-5 və 9-22 nömrəli ərizəçilər hər ailə üçün 170.000 Azərbaycan manatı (AZN – təqribən 84.700 avro (EUR)), 6-8 nömrəli ərizəçilər isə ailələrinin torpaq sahələrinin bazar dəyəri üçün 102.500 manat (təxminən 51.100 avro) maddi ziyan tələb ediblər. Hər bir ailə mənəvi ziyana görə 10.000 AZN (təxminən 5.000 avro) tələb edib. Hər bir ailə həmçinin hüquqi xidmətlər üçün 1000 AZN (təxminən 500 avro), tərcümə və poçt xərcləri üçün isə 500 AZN (təxminən 250 avro) tələb edib. İddialarını təsdiqləmək üçün ərizəçilər çoxsaylı hesab-fakturalar təqdim ediblər.

52. Hökumət bildirdi ki, iddia edilən məbləğlər həddindən artıqdır və ərizəçilər sözügedən torpaq sahələrinin dəyərini göstərən heç bir qiymətləndirmə sənədi təqdim etməyiblər. Hökümət daha sonra iddia edib ki, yuxarıda qeyd olunan fakturalar kifayət qədər təfərrüatlı deyil. Onlarda hansı işə aid olduqları, tərcümə edilmiş səhifələrin sayı və ya ərizəçilərin adları barədə məlumat verilməyib.

53. Məhkəmə hesab edir ki, 41-ci maddənin tətbiqi məsələsi ilə bağlı qərar verməyə hazır deyil. Buna görə də, cavabdeh dövlətlə ərizəçilər arasında razılaşmanın mümkünlüyünü nəzərə alaraq məsələni sonraya saxlamağı lazım bilir (Məhkəmə Reqlamentinin 75-ci Qaydasının 1 və 4-cü bəndləri).

 

BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,

1. 23-82 nömrəli ərizəçilər tərəfindən verilmiş ərizənin işlərin siyahısından çıxarılması barədə qərar qəbul edir;

2. 1 və 3-22 nömrəli ərizəçilərin Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə uyğun olaraq şikayətləri qəbuledilən, şikayətlərin qalan hissəsini isə qəbuledilməz elan edir;

3. Qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulub;

4. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinə əsasən şikayətlərin qəbuledilənliyini və mahiyyətini yoxlamağa ehtiyac yoxdur.

5. Qərara alır ki, 41-ci maddənin tətbiqi məsələsi ilə bağlı qərara hazır deyil və müvafiq olaraq,

(a) sözügedən məsələ ilə bağlı qərarvermə səlahiyyətini özündə saxlayır;;

(b) Hökuməti və 1 və 3-22 nömrəli ərizəçiləri Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərarın qanuni qüvvəyə mindiyi tarixdən üç ay müddətində məsələ ilə bağlı öz yazılı qeydlərini və xüsusilə, əldə edə biləcəkləri hər hansı bir razılaşma ilə bağlı məlumatı Məhkəməyə təqdim etməyə dəvət edir;

(c) Əlavə prosedurun tətbiqini özündə saxlayır və lazım gələrsə, eyni şeyi etmək səlahiyyətini Palatanın sədrinə verir.

Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq ingilis dilində tərtib edilib və 10 noyabr 2022-ci ildə yazılı şəkildə bildirilib.

Martina Keller                                               Mārtiņš Mits
Deputy Registrar                                           Sədr

 

Ərizəçilərin siyahısı:

Əlavə I

Nöm. Ərizəçinin adı Doğum tarixi Yaşayış yeri Ev təsərrüfatı/torpaq sahəsinin ölçüsü
1. Ələsgər ƏLƏSGƏROV 1929 Bakı 1 – 0.68 hektar
2. Züleyxa ƏLƏSGƏROVA 1932 Bakı  
3. Bextiyar ƏLƏSGƏROV 1962 Bakı
4. Kəmalə ƏLƏSGƏROVA 1992 Bakı
5. Kamran ƏLƏSGƏROV 1994 Bakı
6. Eldar BAYRAMOV 1967 Bakı 2 – 0.41 hektar
7. Afət BAYRAMOVA 1977 Bakı
8. Tağı BAYRAMOV 1995 Bakı
9. Sultan QƏDİROV 1957 Bakı 3 – 0.68 hektar
10. Züleyxa QƏDİROVA 1958 Bakı
11. Arzu QƏDİROVA 1985 Bakı
12. Əsəd QƏDİROV 1987 Bakı
13. Fəridə QƏDİROVA 1991 Bakı
14. Nağı NAQIYEV 1947 Bakı 4 – 0.68 hektar
15. Hidayət NAQİYEV 1976 Bakı
16. Sona NAQİYEVA 1980 Bakı
17. Lalə NAQİYEVA 1988 Bakı
18. Aydın RAMAZANOV 1937 Bakı 5 – 0.68 hektar
19. Kifayət CƏFƏROVA 1947 Bakı
20. Ceyran RAMAZANOVA 1972 Bakı
21. Taleya RAMAZANOVA 1976 Bakı
22. Aynur RAMAZANOVA 1978 Bakı

 

Əlavə 2

Nöm. Ərizəçinin adı Doğum tarixi Yaşayış yeri
1. Mehman AĞAYEV 1966 Bakı
2. Təbibə AĞAYEVA 1965 Bakı
3. Murad AĞAYEV 1990 Bakı
4. Leyla AĞAYEVA 1991 Bakı
5. Nicat AĞAYEV 1994 Bakı
6. Sonabeyim AĞAYEVA 1948 Bakı
7. Rövşən AĞAYEV 1974 Bakı
8. Vüsal AĞAYEV 1993 Bakı
9. Mirzə AĞAYEV 1996 Bakı
10. Mətləb AĞAYEV 1971 Bakı
11. Abbas ƏLİYEV 1921 Bakı
12. Surə ƏLİYEVA 1923 Bakı
13. Ələsgər ƏLİYEV 1962 Bakı
14. Gülər ƏLİYEVA 1960 Bakı
15. Renat ƏLİYEV 1984 Bakı
16. Leyla ƏLİYEVA 1985 Bakı
17. Zeyneb BAYRAMOVA 1933 Bakı
18. İsmət BAYRAMOV 1959 Bakı
19. Malik BAYRAMOV 1970 Bakı
20. Arzu QARAYEVA 1978 Bakı
21. Bəhram QARAYEV 1994 Bakı
22. Əfsanə QARAYEVA 1995 Bakı
23. Cəmil CAMALOV 1963 Bakı
24. Letafət CAMALOVA 1969 Bakı
25. Məmmədhəsən CAMALOV 1989 Bakı
26. Aysel CAMALOVA 1990 Bakı
27. Aytən CAMALOVA 1993 Bakı
28. Cavidan CAMALZADƏ 1996 Bakı
29. Rafiq MƏMMƏDOV 1954 Bakı
30. Nərgiz MƏMMƏDOVA 1960 Bakı
31. Könül MƏMMƏDOVA 1992 Bakı
32. Arif MƏMMƏDOV 1966 Bakı
33. Səyahət MƏMMƏDOVA 1971 Bakı
34. Fəridə MƏMMƏDOVA 1989 Bakı
35. Akif MƏMMƏDOV 1992 Bakı
36. Fazil MUXTAROV 1966 Bakı
37. Nergiz MUXTARLI 1995 Bakı
38. Yusif MUXTAROV 1939 Bakı
39. Yelena MUXTAROVA 1945 Bakı
40. Azər MUXTAROV 1975 Bakı
41. Şahim NİYAZOV 1967 Bakı
42. Güllər NİYAZOVA 1966 Bakı
43. Ramin NİYAZOV 1988 Bakı
44. Aydın NURİYEV 1945 Bakı
45. Pakize NURİYEVA 1958 Bakı
46. Kamil NURİYEV 1975 Bakı
47. Dilbər NURİYEVA 1976 Bakı
48. Mehpare NURİYEVA 1978 Bakı
49. Mətanət NURİYEVA 1980 Bakı
50. Möhübbət NURİYEV 1947 Bakı
51. Hegiget NURİYEVA 1951 Bakı
52. Sedaget NURİYEVA 1977 Bakı
53. Səxavət NURİYEV 1980 Bakı
54. Rufət NURİYEV 1989 Bakı
55. Gəray ŞXƏLİYEV 1934 Bakı
56. Yusif TAPTIQOV 1959 Bakı
57. Nargilə TAPTIQOVA 1959 Bakı
58. İradə TAPTIQOVA 1987 Bakı
59. Bəxtiyar TAPDIQOV 1988 Bakı
60. Ərəstun TAPTIQOV 1992 Bakı