№3197/14 TURAL CƏFƏROV AZƏRBAYCANA QARŞI – 18 oktyabr 2021-ci il

 

18 oktyabr 2021-ci il tarixdə bilgi dərc edilib

 

BEŞİNCİ BÖLMƏ

Ərizə №3197/14

Tural Oqtay oğlu CƏFƏROV Azərbaycana qarşı

Ərizə 17 dekabr 2013-cü il tarixində daxil olub

Ərizə 27 sentyabr 2021-ci il tarixdə kommunikasiya başlayıb

Məhkəmə işinin mövzusu

Bu işdə ərizəçi müxalif yönlü yazıları ilə tanınan jurnalist idi. 2011-ci ildə ərizəçinin və iş yoldaşının bir konfransa qatılarkən yerləşdikləri otel otağında yerləşdirilmiş gizli kamera ilə şəxsi və intim xarakterli video görüntüləri çəkilib, internetdə yayılmışdı. Ərizəçinin bildirdiyinə görə, qısa müddət ötəndən sonra həmin videolar, özəl bir telekanalda aparıcıların onun və həmkarı haqqında aşağılayıcı ifadələr söylədikləri bir proqramda nümayiş etdirilib. Ərizəçi şəxsi həyatına aid görüntülərin gizli çəkilməsi faktı üzrə cinayət işinin açılması üçün şikayət edib. İş materialları arasında bu şikayətin nəticəsi ilə bağlı hər hansı məlumat yoxdur.

Ərizəçi daha sonra onun görüntülərini yayan telekanala qarşı üzr istənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldırdı. O, iddia edirdi ki, gizli çəkilmiş şəxsi videoların yayılması qanunsuz olub, onun ləyaqətinə və nüfuzuna xələl gətirib, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarını pozub.

Birinci instansiya məhkəməsi linqvistik ekspert rəyi tələb edib, buna görə, icraat bir aylıq dayandırılıb. Ardından məhkəmə, ərizəçinin cinayət işi açılması üçün müraciət etməsini, proqramın məzmununun onun nüfuzuna və ləyaqətinə xələl gətirdiyini sübuta yetirə bilmədiyini, kanalın qanunvericiliyi pozmasının müəyyən edilmədiyini əsas göstərərək, ərizəçinin iddiasını rədd edib. Birinci instansiya məhkəməsinin qərarı yuxarı məhkəmələr tərəfindən qüvvədə saxlanılıb. Yekun milli məhkəmə qərarı 27 iyun 2013-cü il tarixdə qəbul edilib.

Ərizəçinin şikayətləri onun iddiası üzrə mülki icraatla bağlıdır. Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq, məhkəmə prosesinin ədalətsiz olmasından şikayət edib. O, həmçinin Konvensiyanın 8 və 10-cu maddələrinə əsaslanaraq, telekanala qarşı mülki iddiasının rədd edilməsinin, cavabdeh dövlətin şəxsi həyata hörmət və ifadə azadlığı hüquqları ilə bağlı öhdəliklərinə əməl etməməsi mənasına gəldiyini iddia edir.

Tərəflərə suallar

1. Konvensiyanın 8-ci maddəsinə zidd olaraq, ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə baş veirbmi? Bu işin halları dövlət üzərində Konvensiyanın 8-ci maddəsinin pozitiv öhdəliklərini gündəmə gətirdimi, əgər elədirsə, bu öhdəliklərə əməl edildimi?

2. Ərizəçinin ifadə azadlığı hüququ Konvensiyanın 10-cu maddəsinə zidd olaraq pozulubmu? Xüsusilə, bu işin halları dövlət üzərində Konvensiyanın 10-cu maddəsi üzrə pozitiv öhdəlikləri gündəmə gətirdimi, əgər elədirsə, bu öhdəliklərə əməl olundumu?

3. Ərizəçinin Konvensiyanın 6§1 maddəsinə uyğun olaraq, hüquq və vəzifələrinin müəyyən edilməsi üçün ədalətli məhkəmə araşdırması yürüdülübmü? Xüsusilə, ərizəçinin əsaslandırılmış qərar əldə etmək hüququnun pozuntusu baş veribmi və hazırkı işdə mülki hüquqi icraatın müddəti “ağlabatan müddət” tələbinə uyğun olubmu?