№31556/03 ƏFƏNDİYEVA AZƏRBAYCANA QARŞI – 25 OKTYABR 2007-Cİ İL

BİRİNCİ BÖLMƏ

Əfəndiyeva Azərbaycana qarşı Qərar
(Ərizə №31556/03)

 

Strasburq
25 oktyabr 2007-ci il

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hakimlər:
cənab X.L. Rozakis, Sədr;
cənab L. Lukaides,
xanım N. Vajiç,
cənab D. Spilman,
cənab S.E. Yebens,
cənab G. Malinverni,
cənab L. Hüseynov, ad hoc hakim,
Bölmənin katibi cənab S. Nilsendən ibarət Palatada iclas keçirərək,
4 oktyabr 2007-ci ildə qapalı müşavirə keçirərək, həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.

Prosedur

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan vətəndaşı xanım Lətifə Tələt qızı Əfəndiyeva («ərizəçi») tərəfindən 11 sentyabr 2003-cü ildə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı şikayət (№ 31556/03) əsasında başlanmışdır.

2. Hüquqi yardım almış ərizəçini Bakıda vəkillik fəaliyyəti ilə məşğul olan cənab M. Mustafayev təmsil etmişdir. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil etmişdir.

3. Ərizəçi konkret olaraq iddia etmişdir ki, 09 sentyabr 1994-cü il tarixli məhkəmə qətnaməsinin icra olunmaması onun Konvensiyanın 6 və 13-cü maddələri ilə təmin olunan ədalətli məhkəmə araşdırması hüququnu və səmərəli hüquqi müdafiə vasitəsi hüququnu, habelə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin olunan öz mülkiyyətindən maneəsiz istifadə hüququnu pozub.

4. 04 dekabr 2004-cü ildə Palatanın sədri şikayət barədə Hökumətə məlumat verməyi qərara almışdır. Konvensiyanın 29-cu maddəsinin 3-ci bəndinin müddəalarına əsasən, Məhkəmə şikayətin mahiyyəti və məqbuliyyəti məsələlərinə eyni vaxtda baxmağı qərara almışdır.

5. Azərbaycandan seçilmiş hakim cənab X. Hacıyev Palatanın iclasında iştirak etməyəcəyi barədə xəbərdarlıq etmişdir (Məhkəmə Reqlamentinin 28-ci Qaydası). Müvafiq olaraq, Hökumət cənab L. Hüseynovu ad hoc hakim qismində onun yerinə iclasda iştirak etmək üçün təyin etmişdir (Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndi və 29-cu Qaydanın 1-ci bəndi).

Faktlar

I. İşin halları

6. Ərizəçi 1955-ci ildə anadan olub və Bakıda yaşayır.

7. Ərizəçi Respublika Doğum Evinin baş həkimi işləyirdi. 1993-cü ilin dekabrında Səhiyyə Nazirliyi ərizəçinin öz işini necə yerinə yetirdiyini qiymətləndirmək üçün onun xəstəxanasına «attestasiya komissiyası» göndərdi. Qiymətləndirici rəyində attestasiya komissiyası bu qənaətə gəldi ki, ərizəçi xəstəxananın işlərini idarə etməkdə səriştəsizdir və bir sıra hallarda peşə vəzifələrinin pozuntusuna yol verib. Komissiyanın qiymətləndirici rəyi əsasında verilmiş Səhiyyə Nazirliyinin 30 dekabr 1993-cü il tarixli əmri ilə ərizəçi işindən azad edildi.

8. Ərizəçi işdən qanunsuz çıxarılması ilə bağlı Nazirliyə qarşı məhkəmə iddiası qaldıraraq vəzifəsinə bərpa olunmasını və itirdiyi əmək haqlarının kompensasiyasını tələb etdi. 09 sentyabr 1994-cü ildə Nəsimi rayon məhkəməsi müəyyən etdi ki, attestasiya komissiyasının rəyi əsas etibarilə əsassızdır. Müvafiq olaraq məhkəmə qərara aldı ki, ərizəçi işdən qanuna zidd olaraq çıxarılıb və onun Respublika Doğum Evinin baş həkimi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxardı. Məhkəmə, həmçinin ərizəçiyə itirdiyi əmək haqlarına görə 87.045 Azərbaycan manatı (AZM) məbləğində kompensasiya təyin etdi.

9. Səhiyyə Nazirliyi bu qətnamədən heç bir apellyasiya şikayəti vermədi və qətnamə qanuni qüvvəyə mindi. 14 sentyabr 1994-cü ildə icra sənədi Nazirliyə göndərildi. Lakin Nazirlik qətnaməni yerinə yetirmək üçün heç bir hərəkət etmədi. Bundan sonra Nəsimi rayon məhkəməsinin 13 və 27 oktyabr 1994-cü il tarixli xəbərdarlıqlarına baxmayaraq, Nazirlik qətnaməni icra etmək üçün heç bir addım atmadı.

10. Nazirlik davamlı olaraq qətnaməni yerinə yetirmədikdən sonra 10 yanvar 1995-ci ildə Nəsimi rayon məhkəməsi səhiyyə nazirinə qarşı cinayət işinə başladı və işi istintaq üçün Nəsimi rayon prokurorluğuna göndərdi.

11. 1995-ci ilin əvvəlində tarixi müəyyən edilməyən gündə Ali Məhkəmə sədrinin müavini 9 sentyabr 1994-cü il tarixli qətnamədən protest verərək işi nəzarət qaydasında yenidən baxılmaq üçün Ali Məhkəmənin Plenumuna göndərdi. 10 mart 1995-ci ildə Ali Məhkəmənin Plenumu Nəsimi rayon məhkəməsinin 9 sentyabr 1994-cü il tarixli qətnaməsini qüvvədə saxladı.

12. 29 may 1996-cı ildə Səhiyyə Nazirliyi Ali Məhkəmə sədrinə iş üzrə icraatın təzələnməsi və işin yenidən baxılmaq üçün Ali Məhkəmənin Plenumuna göndərilməsi barədə vəsatətlə müraciət etdi. 12 avqust 1996-cı il tarixli məktubla Ali Məhkəmənin sədri bu vəsatəti rədd edərək qeyd etdi ki, qanun əmək mübahisələrinə dair işlərdə qətnamənin qanuni qüvvəyə minməsindən bir il keçdikdən sonra tərəflərin işə nəzarət qaydasında yenidən baxılması üçün müraciət etmələrinə yol vermir.

13. Bu arada səhiyyə nazirinə qarşı cinayət işinin istintaqını aparan Nəsimi rayon prokurorluğu istintaq prosesində nazirin iştirakını təmin edə bilmədi. Ona bir neçə çağırış vərəqələrinin göndərilməsinə baxmayaraq, nazir dindirilmək üçün müstəntiqin yanına gəlmədi. Müvafiq olaraq, 10 iyun 1995-ci ildə, 10 noyabr 1995-ci ildə, 12 yanvar 1996-cı ildə, 17 mart 1996-cı ildə, 20 iyun 1996-cı ildə, 20 yanvar 1997-ci ildə və nəhayət, 23 iyul 2001-ci ildə Nəsimi rayon prokurorluğunun müstəntiqi nazirin onun yanına gəlməkdən boyun qaçırdığına görə naziri dindirməyin mümkün olmaması səbəbindən cinayət prosesinin dayandırılması barədə eyni məzmunlu qərarlar qəbul etdi.

14. Qətnamənin icrası prosesi başa çatmasa da, 27 dekabr 1995-ci ildə ərizəçi Bakı Şəhəri Səhiyyə İdarəsinə yarım ştat həkim qismində işə götürüldü. O, 15 aprel 2003-cü ilədək orada işlədi və ştat ixtisarı ilə əlaqədar olaraq işdən azad edildi.

15. 2003-cü ilin əvvəlində ərizəçi Baş prokurorluğa məktub yazaraq səhiyyə nazirinə qarşı cinayət işinin araşdırılmasının Nəsimi rayon prokurorluğu tərəfindən əsassız olaraq yubadılmasından şikayət etdi. 01 fevral 2003-cü ildə Baş prokurorluq ərizəçinin şikayətini baxılmaq üçün Nəsimi rayon prokurorluğuna göndərdi. Lakin belə görünür ki, bundan sonra dövlət orqanları tərəfindən heç bir tədbir görülməyib.

16. Sonra ərizəçi Nəsimi rayon məhkəməsinə şikayət verərək iddia etdi ki, müstəntiq cinayət prosesini qanunsuz olaraq dayandırıb və məhkəmədən xahiş etdi ki, icraatın dayandırılması barədə müstəntiqin 23 iyul 2001-ci il tarixli sonuncu qərarını ləğv etsin. 01 iyul 2003-cü ildə Nəsimi rayon məhkəməsi müstəntiqin cinayət prosesinin dayandırılması barədə qərarını qüvvədə saxladı. 17 iyul 2003-cü ildə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxladı.

17. Ərizəçi yenidən Səhiyyə Nazirliyinə, habelə Ədliyyə Nazirliyinə və Maliyyə Nazirliyinə qarşı mülki iddia qaldıraraq məhkəmə qətnaməsinin yerinə yetirilməməsindən şikayət etdi və pul formasında kompensasiya tələb etdi. 12 oktyabr 2004-cü ildə Nəsimi rayon məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina edərək bildirdi ki, ərizəçinin işinə bərpa olunması və kompensasiya barədə iddiası artıq 09 sentyabr 1994-cü ildə təmin olunub.

18. 24 noyabr 2004-cü ildə Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin 12 oktyabr 2004-cü il tarixli qərarını ləğv edərək bu qənaətə gəldi ki, kompensasiya haqqında iddianın qəbuledilməzliyi barədə birinci instansiya məhkəməsinin qərarı düzgün olmayıb. İş mahiyyəti üzrə baxılmaq üçün geri göndərildi.
19.17 iyun 2005-ci ildə Nəsimi rayon məhkəməsi ərizəçinin kompensasiya barədə iddiasını rədd edərək müəyyən etdi ki, üç illik müddətin ötürülməsi bu iddiaya baxılmasına imkan vermir, həmin müddətin axımı 9 sentyabr 1994-cü il tarixli qətnamənin qüvvəyə mindiyi tarixdən başlayıb. 20 aprel 2006-cı ildə Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxladı. 12 iyul 2006-cı ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi və işi yenidən baxılmağa göndərdi.

20. Nəhayət, 25 may 2007-ci ildə Apellyasiya Məhkəməsi işə yenidən baxaraq, Nəsimi rayon məhkəməsinin 17 iyun 2005-ci il tarixli qərarını ləğv etdi və 9 sentyabr 1994-cü il tarixli qətnamənin yerinə yetirilməməsi ilə əlaqədar olaraq ərizəçinin itirdiyi əmək haqlarının kompensasiyası qismində ona 5.036,87 yeni Azərbaycan manatı (AZN) (Milli valyutanın 1 yanvar 2006-cı ildən qüvvəyə minmiş denominasiyasına uyğun olaraq, 1 AZN 5.000 AZM-ə bərabərdir) təyin etdi. 02 iyul 2007-ci ildə ərizəçi Apellyasiya Məhkəməsinin 25 may 2007-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək daha yüksək kompensasiya məbləği tələb etdi. Məhkəmənin tərəflərlə yazışmaları zamanı bu şikayət üzrə icraat hələ Ali Məhkəmədə başa çatmamışdı.

21. Bu arada 2006-cı ilin sonunda səhiyyə naziri vəzifəsindən azad edildi və bir sıra cinayət əməllərində, o cümlədən vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olundu. 20 aprel 2007-ci ildə məhkəmə səhiyyə nazirini bir neçə ittiham üzrə təqsirkar hesab etdi, onlardan biri ərizəçinin əvvəlki işinə bərpa olunması barədə 09 sentyabr 1994-cü il tarixli qətnamənin icra edilməməsi ilə bağlı ittiham idi.

22. 11 iyul 2007-ci ildə yeni səhiyyə nazirinin əmri ilə ərizəçi 9 sentyabr 1994-cü il tarixli qətnaməyə uyğun olaraq Respublika Doğum Evinin baş həkimi vəzifəsinə bərpa olundu. 13 iyul 2007-ci ildə ərizəçiyə Apellyasiya Məhkəməsinin 25 may 2007-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 5.036,87 AZN məbləğində kompensasiya ödənildi.

23. 20 iyul 2007-ci ildə Nəsimi rayon məhkəməsi 09 sentyabr 1994-cü il tarixli qətnamənin icrası prosesinə xitam verdi.

II. Müvafiq daxili qanunvericilik

A. «Səhiyyə haqqında» 2 iyul 1971-ci il tarixli Azərbaycan SSR Qanunu (2 aprel 1999-cu ildə ləğv edilib)

24. 9-cu Maddəyə əsasən, Səhiyyə Nazirliyi bilavasitə onun tabeliyində olan və əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinə görə cavabdeh olan idarə, müəssisə və təşkilatlara rəhbərlik edir.
B. «Əhalinin sağlamlığının qorunması haqqında» 26 iyun 1997-ci il tarixli Qanun

25. 4-cü maddəyə əsasən, dövlət səhiyyə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (yəni Səhiyyə Nazirliyi), dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, tədris, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti və məhkəmə-tibb ekspertizası daxildir.

26. 5-ci maddəyə əsasən, qeyri-dövlət səhiyyə sisteminə qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakını xüsusi, o cümlədən bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, şəxsi tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir.

27. 9-cu maddəyə əsasən, dövlət səhiyyə sistemi əsasən dövlət büdcəsi, eləcə də məcburi tibbi sığorta vəsaitləri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət səhiyyə sisteminin vəsaitləri səhiyyənin məqsədli kompleks proqramlarının işlənib hazırlanmasına və yerinə yetirilməsinə, dövlət səhiyyə müəssisələrinin maddi-texniki bazasının inkişafına, müalicə-profilaktika və sanitariya-epidemioloji müəssisələrin saxlanılmasına, tibb elminin inkişafına və digər məqsədlərə yönəldilir.

28. 55-ci və 56-cı maddələrə əsasən, səhiyyə sistemində işləyən şəxslərin əmək hüquqları əmək müqavilələri ilə tənzimlənir.

C. 1999-cu il tarixii Əmək Məcəlləsi

29. 74-cü maddəyə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə (və ya öz razılığı ilə başqa vəzifəyə) bərpa olunmalıdır.

D. «Dövlət qulluğu haqqında» 1 sentyabr 2001-ci il tarixli Qanun

30. 2-ci maddəyə əsasən, bu Qanunun müddəaları qulluq vəzifələrini icra, qanunverici və məhkəmə hakimiyyəti orqanlarında, o cümlədən prokurorluq, məhkəmə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, rabitə xidməti orqanlarında və Milli Bankda həyata keçirən dövlət qulluqçularına şamil olunur. Bu Qanun icra hakimiyyəti orqanlarının tabeliyində olan müxtəlif müəssisələrin işçilərinə şamil olunmur. Belə işçilərin əmək münasibətləri ilə bağlı məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir.

E. «Doğum Evinin baş həkimi haqqında» Əsasnamə, SSRİ Səhiyyə Nazirinin 8 aprel 1980-ci il tarixli əmri ilə təsdiq edilmişdir.

31. Baş həkim doğum xəstəxanasını idarə etmək üçün tam səlahiyyətə malikdir və tibbi-profilaktik, inzibati və maliyyə fəaliyyətlərinə görə (1-ci bənd) cavabdeh və müvafiq dövlət səhiyyə orqanının birbaşa tabeçiliyindədir (yəni Səhiyyə Nazirliyinin) (4-cü bənd). Baş həkim xəstəxanaya gətirilmiş qadınlara və yeni doğulmuş uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinə, xəstəxana işçilərinin işinə, xəstəxananın maddi resurs və avadanlıqlarının səmərəli istifadəsinə və idarə olunmasına, sanitariya-gigiyena standartlarına riayət edilməsinin təmin olunmasına, epidemiya əleyhinə zəruri tədbirlərin görülməsinə və digər idarəetmə fəaliyyətlərinə görə birbaşa cavabdehdir (7-ci bənd). Baş həkim xəstəxananın büdcəsinin, habelə xəstəxananın fəaliyyətinə dair statistik, maliyyə və iqtisadi hesabatların tərtib edilməsinə və yuxarı orqanlara təqdim edilməsinə görə cavabdehdir.

Hüquqi məsələlər

I. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 13-cü maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu iddiaları

32. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1.3-cü maddəsinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinad edərək, Nəsimi rayon məhkəməsinin 9 sentyabr 1994-cü il tarixli qətnaməsinin yerinə yetirilməməsindən şikayət etdi. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində deyilir:
«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən … məhkəmə vasitəsilə, … işinin ədalətli… araşdırılması hüququna malikdir».

Konvensiyanın 13-cü maddəsində deyilir:
«Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir».

1 saylı Protokolun 1-ci maddəsində deyilir:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz….».

A. Şikayətlərin qəbuledilənliyi

1. Məhkəmənin zamana görə (ratione temporis) səlahiyyəti

33. Məhkəmə xatırladır ki, o, yalnız Konvensiyanın Razılığa gələn Yüksək Tərəfə münasibətdə qüvvəyə mindiyi tarixdən sonra baş vermiş Konvensiya pozuntularına dair şikayətlərə baxmaq səlahiyyətinə malikdir (misal üçün bax, Kazımova Azərbaycana qarşı (şikayətin məqbuliyyətinə dair qərar), şikayət № 40368/02, 6 mart 2003-cü il). Məhkəmə qeyd edir ki, Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə minib.

34. Müvafiq olaraq, Məhkəmənin səlahiyyəti şikayətin 15 aprel 2002-ci ildən sonra baş vermiş hadisələrə aid hissəsi ilə məhdudlaşır, həmin tarixdən əvvəl baş vermiş hadisələr isə onun zamana görə (ratione temporis) səlahiyyəti xaricindədir. Bununla belə, zərurət olduqda, Məhkəmə nəzərdən keçirilən müddətin başlanğıcında mövcud olmuş vəziyyəti nəzərə alacaqdır.

2. Konvensiya müddəalarının bu işə tətbiqinin mümkünlüyü

35. Hökumət Pelleqrin Fransaya qarşı işə (Böyük Palatanın qərarı, ərizə № 28541/95, İHAM 1999-VIII) istinadla bildirdi ki, 6-cı maddə sözügedən prosesə şamil olunmur. Hökumət iddia etdi ki, ərizəçi Respublika Doğum Evinin sabiq baş həkimi qismində dövlət qulluqçusu olub, ümumi maraqlardan irəli gələn məsələlərə görə cavabdehlik daşıyıb, ümumi hüququn verdiyi səlahiyyətlərin həyata keçirilməsində iştirak edib və dövlətin suveren hakimiyyətinin bir qisminə malik olub. Hökumət konkret olaraq SSRİ Səhiyyə Nazirinin 8 aprel 1980-ci il tarixli əmri ilə təsdiq edilmiş «Doğum Evinin baş həkimi haqqında» Əsasnaməyə («Əsasnamə») istinadla (ərizəçi işdən azad edilərkən həmin Əsasnamə qüvvədə idi) iddia etdi ki, baş həkim vəzifəsi dövlət mülkiyyətində olan xəstəxananın tibbi-profilaktik, inzibati və maliyyə fəaliyyətlərinə görə cavabdehliyi özündə ehtiva edib.

36. Hökumət daha sonra iddia etdi ki, Konvensiyanın 13-cü maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi üzrə şikayətlərə 6-cı maddə üzrə şikayətlə birgə baxılmalıdır və buna görə də həmin maddələr yuxarıda qeyd edilmiş eyni səbəblərə görə bu işə tətbiq edilə bilməz.

37. Ərizəçi bununla razılaşmayaraq iddia etdi ki, Əsasnamə doğum evlərinin baş həkimlərini dövlət qulluqçusu qismində təsnifləşdirən sənəd kimi şərh oluna bilməz. Əksinə, Əsasnamə sadəcə xəstəxananın dövlət və ya özəl xəstəxana olmasından asılı olmayaraq, baş həkim vəzifəsi üçün «ümumi standartları» müəyyən edib. Ərizəçi qeyd etdi ki, «Dövlət qulluğu haqqında» Qanunun 2-ci maddəsinə uyğun olaraq, yalnız orada göstərilən dövlət orqanlarında qulluq edən işçilər dövlət qulluqçusu sayıla bilərlər. Mövqeyinin təsdiqi olaraq, ərizəçi onun sorğusunun cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 may 2005-ci ildə ona göndərdiyi məktubu təqdim etdi, orada deyilirdi ki, doğum evlərinin baş həkimi vəzifəsi dövlət qulluğu vəzifələri kateqoriyasına aid deyil.

38. Məhkəmə ilk öncə qeyd edir ki, hətta bu işdə olduğu kimi şikayət yalnız yekun məhkəmə qərarının uzun müddət icra edilməməsinə aid olsa belə, Məhkəmə həmin məhkəmə qərarının çıxarılması ilə nəticələnmiş «məhkəmə araşdırmasına» 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsini araşdırmalıdır, çünki məhkəmədən sonra qərarın icra prosesi «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (bax, Kanayev Rusiyaya qarşı, ərizə № 43726/02, § 19, 27 iyul 2006-cı il; həmçinin aşağıda 49-cu paraqrafa bax).

39. Məhkəmə xatırladır ki, 6-cı maddənin 1-ci bəndinin «mülki hüquqi» aspektinin tətbiq edilməsi üçün sözügedən «hüquq» ətrafında mübahisə mövcud olmalı və həmin hüququn daxili qanunvericilikdə tanındığını ən azı tutarlı əsaslarla iddia etmək mümkün olmalıdır. Mübahisə həqiqi və ciddi olmalıdır. O, təkcə hüququn faktiki mövcudluğuna deyil, həm də onun tətbiq dairəsinə və həyata keçirilmə üsuluna aid ola bilər. Bundan başqa, prosesin nəticəsi sözügedən mülki hüquq üçün bilavasitə həlledici əhəmiyyət daşımalıdır (misal üçün bax, Stoyakoviç Avstriyaya qarşı, № 30003/02, § 38, 9 noyabr 2006-cı il; və Fridlender Fransaya qarşı, Böyük Palatanın qərarı, № 30979/96, § 27, İHAM 2000-VII). Hazırkı işdə heç kim etiraz etmir ki, «mübahisə» daxili qanunvericilikdə tanınan hüquqla bağlı olub, mübahisə həqiqi və ciddi olub və prosesin nəticəsi müvafiq hüquq üçün bilavasitə həlledici əhəmiyyət daşıyıb.

40. Bundan başqa, 6-cı maddənin 1-ci bəndinin əmrlə və ya əmək müqaviləsi ilə işləyən dövlət qulluqçularına tətbiqinin mümkünlüyünü müəyyən etmək üçün Məhkəmə əvvəllər işçinin vəzifə və öhdəliklərinin xarakterinə əsaslanan funksional meyardan istifadə edib. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiq dairəsi xaricində olan mübahisələr yalnız vəzifələri dövlət qulluğuna xas olan spesifik fəaliyyətləri həyata keçirməkdən ibarət olan, dövlət hakimiyyətinin həvalə olunduğu və dövlətin və ya dövlət hakimiyyəti orqanlarının ümumi maraqlarının qorunmasına görə məsuliyyət daşıyan dövlət qulluqçuları tərəfindən qaldırılan mübahisələrdir. (bax, Pelleqrinin işi üzrə yuxarıda adı çəkilən qərar, § 64-66).

41. Lakin Məhkəmə qeyd edir ki, o, son dövrlərdə bu yanaşmasını dəyişib və belə hesab edir ki, Pelleqrinin işində qəbul edilmiş funksional meyar daha da təkmilləşdirilməlidir (bax, Eskelinen və başqaları Finlandiyaya qarşı, № 43803/98, § 50-56, 19 aprel 2007-ci il). Konkret olaraq, Eskelinenin işində Məhkəmə qərara aldı ki, dövlət hakimiyyətinə xas olan sərbəst səlahiyyətlərin tətbiq edildiyi dövlət qulluğu sahələrini aydın şəkildə müəyyən etmək Məhkəmənin deyil, ilk növbədə iştirakçı dövlətlərin, xüsusən də milli qanunvericilik orqanının vəzifəsidir, söhbət fərdin öz maraqlarını güzəştə getməsini tələb edən sahələrdən gedir. Dövlətdaxili sistem məhkəməyə müraciətə maneə yaradırsa, Məhkəmə mübahisənin 6-cı maddə ilə təmin edilən hüquqların tətbiq edilməməsinə haqq qazandıran mübahisə olub-olmadığını yoxlayır. Əgər mübahisə buna haqq qazandırmırsa, onda heç bir problem meydana çıxmır və 6-cı maddənin 1-ci bəndi tətbiq edilir. Cavabdeh Hökumətin vəzifəsi onu sübut etməkdir ki, birincisi, dövlət qulluqçusu olan ərizəçi milli qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək hüququna malik deyil və ikincisi, 6-cı maddədə nəzərdə tutulmuş hüquqların dövlət qulluqçusuna tətbiq edilməməsinə haqq qazandırmaq olar (yenə həmin qərar, § 61-62)

42. Hazırkı işdə heç kim şübhə altına almır ki, milli qanunvericiliyə əsasən ərizəçi işdən çıxarılmasının qanuniliyi məsələsi ilə bağlı məhkəməyə şikayət etmək hüququna malik olub. Buradan belə nəticə çıxır ki, Konvensiyanın 6-cı maddəsi bu işə tətbiq edilə bilər.

43. Nəhayət, Məhkəmə hesab edir ki, Konvensiyanın 13-cü maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin hazırkı işə tətbiqinə mane olan bilən hər hansı hal yoxdur.

3. Ərizəçinin qurban statusu

44. Hökumət ilk öncə iddia etdi ki, 9 sentyabr 1994-cü il tarixli qətnamə yerinə yetirilib, belə ki, 27 dekabr 1995-ci ildə ərizəçi Bakı Şəhəri Səhiyyə İdarəsində yarımştat həkim işinə təyin edilib. Lakin Məhkəmə hesab edir ki, ərizəçinin başqa tipli səhiyyə qurumunda aşağı vəzifəyə yarımştat işə təyin edilməsi 9 sentyabr 1994-cü il tarixli qətnamənin yerinə yetirilməsi demək deyil. Bundan başqa, ərizəçi bu vəzifəyə təyin olunarkən qətnamənin icrası prosesinə xitam verilməmişdi və həmin proses hələ davam etməkdə idi (müqayisə et, Tarverdiyev Azərbaycana qarşı, № 33343/03, § 39-43, 26 iyul 2007-ci il). Buradan belə nəticə çıxır ki, Hökumətin etirazının bu hissəsi rədd edilməlidir.

45. Hökumət iddia etdi ki, 11 iyul 2007-ci ildə ərizəçinin Respublika Doğum Evinin baş həkimi vəzifəsinə faktiki bərpa olunmasından və itirilmiş əmək haqlarının kompensasiya edilməsindən sonra ərizəçi daha «qurban» sayıla bilməz, çünki Konvensiyadakı hüquqların pozuntuları dövlətdaxili səviyyədə həllini tapıb.

46. Ərizəçi bununla razılaşmadı. O, qeyd etdi ki, qətnamə, demək olar ki, on üç il icra edilməmiş qalıb və iddia etdi ki, bu cür uzun gecikdirməyə görə ona ödənilmiş kompensasiyanın məbləği zəruri məbləğdən əhəmiyyətli dərəcədə azdır və əmək haqlarının gec ödənilməsinə görə həmin məbləğlərin üzərinə əlavə edilməli olan faizlər nəzərə alınmayıb.

47. Məhkəmə xatırladır ki, milli hakimiyyət orqanları Konvensiyanın pozulduğunu açıq-aydın və ya mahiyyət etibarilə dərk etməyiblərsə və sonra bundan çıxış edərək kompensasiya verməyiblərsə, onda ərizəçinin xeyrinə çıxarılmış qərar və ya görülmüş tədbir prinsipcə onun «qurban» statusundan məhrum edilməsi üçün yetərli deyil (bax, Amyur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-III, s. 846; və Dalban Rummiyaya qarşı (Böyük Palata), № 28114/95, § 44, İHAM 1999-VI). Yalnız bu şərtlər yerinə yetirildikdə, Konvensiyanın müdafiə mexanizminin subsidiar (yardımçı) xarakteri şikayətə baxılmasının qarşısını ala bilər.

48. Məhkəmə qeyd edir ki, 9 sentyabr 1994-cü il tarixli qətnamənin tam yerinə yetirilməsi və itirilmiş əmək haqlarına görə kompensasiya ödənilməsi əsaslı olaraq Konvensiyanın iddia edilən pozuntularının dövlət orqanları tərəfindən etiraf edilməsi sayıla bilər. Lakin hətta bu cür etirafın baş verdiyini fərz etsək belə, Məhkəmə bu fikirdədir ki, aşağıdakı səbəblərə görə belə hesab etmək olar ki, dövlət orqanları ərizəçini tam kompensasiya ilə təmin etməyiblər.

49. Qətnamənin, demək olar ki, on üç il icra edilməməsi faktını nəzərə alaraq (bu müddətin beş ildən çoxu Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən sonrakı dövrə təsadüf edir), Məhkəmə hesab edir ki, ərizəçiyə təyin edilmiş kompensasiyanın məbləği ərizəçinin Konvensiya hüquqlarının pozulmasının tam kompensasiyası sayıla bilməz. Bundan başqa, ərizəçiyə təyin edilmiş kompensasiya yalnız itirilmiş əmək haqlarının ödənilməsi üçün nəzərdə tutulmuşdur və Konvensiyanın iddia edilən pozuntusu ilə, yəni 9 sentyabr 1994-cü il tarixli qətnamənin icra edilməməsi ilə bağlı heç bir kompensasiya təklif olunmamışdı, halbuki bu pozuntu ucbatından ərizəçi, yəqin ki, iztirab keçirmişdi.

50. Belə olan halda, baxmayaraq ki, indi ərizəçi 9 sentyabr 1994-cü il tarixli qətnaməyə uyğun olaraq əvvəlki işinə bərpa olunub, habelə itirilmiş əmək haqlarına görə ona müəyyən məbləğ təyin edilib, Məhkəmə hesab edir ki, ərizəçinin xeyrinə görülmüş tədbirlər hazırkı işdə ərizəçinin «qurban» statusundan məhrum edilməsi üçün yetərli deyil (müqayisə et, Ramazanova və başqaları Azərbaycana qarşı, № 44363/02, § 38, 1 fevral 2007-ci il).

51. Müvafiq olaraq, Məhkəmə ərizəçinin «qurban» statusunu itirməsi ilə bağlı Hökumətin etirazını rədd edir.

4. Qəbuledilənlik

52. Yuxarıdakı nəticələri nəzərə alaraq, Məhkəmə daha sonra qeyd edir ki, şikayətlər hər hansı digər səbəblərə görə qəbuledilməz sayıla bilməz və onlar Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. Buna görə də, onların 15 aprel 2002-ci ildən sonrakı dövrə aid olan hissəsi qəbuledilən sayılmalıdır.

B. Şikayətlərin mahiyyəti

1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi

53. Hökumət bu şikayətlərin mahiyyəti ilə bağlı hər hansı izahat təqdim etməyərək yalnız bu arqumentini təkrarladı ki, qətnamə icra edilib. Bu məsələ ilə bağlı Məhkəmə yuxarıda 44-51 -ci bəndlərdə gəldiyi nəticələri xatırladır.

54.Ərizəçi öz tələblərində israr etdi.

55. Məhkəmə xatırladır ki, 6-cı maddənin 1-ci bəndi hər kəsin məhkəmədə və ya məhkəmə funksiyalarını həyata keçirən orqanda mülki hüquq və vəzifələri ilə bağlı iddia qaldırmaq hüququnu təmin edir; beləliklə, həmin bənd «məhkəmə araşdırması» hüququnu təsbit edir; məhkəməyə müraciət etmək imkanına malik olmaq hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmə prosesinə başlamaq hüququ isə həmin hüququn bir aspektini təşkil edir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. 6-cı maddənin 1-ci bəndində mübahisə tərəflərini məhkəmə qərarlarının icra olunması hüququ ilə təmin edən prosessual təminatların ətraflı təsvir edilməsi ağlabatan olmazdı; 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (bax, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Qərar və Qərardadlar Hesabatı, 1997-II, s. 510, § 40).

56. Məhkəmə daha sonra xatırladır ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (bax, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Hazırkı işdə ərizəçinin hüquqa zidd olaraq işdən çıxarıldıqdan sonra vəzifəsinə bərpa olunması ilə əlaqədar olan məhkəmə prosesində uğur qazanmasına, eləcə də, ona maddi kompensasiya ödənilməsinə maneə yaradılmayıb.

57. Məhkəmə qeyd edir ki, Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi tarixdən — 15 aprel 2002-ci ildən sonra Nəsimi rayon məhkəməsinin 9 sentyabr 1994-cü il tarixli qətnaməsi təxminən beş il üç ay icra edilməmiş qalıb. 15 aprel 2002-ci ildən əvvəl bu qətnamə təxminən yeddi il yarım icra olunmayıb. Hökumət bu gecikdirmə ilə bağlı hər hansı ağlabatan izahat təqdim etməyib.

58. Hazırkı işdə yekun məhkəmə qətnaməsini yerinə yetirmək üçün illərlə zəruri tədbirləri görməməklə hakimiyyət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini hər cür faydalı effektdən məhrum ediblər (bax, Burdovun işi üzrə yuxarıda adı çəkilmiş qərar, § 37). Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu baş verib.

59. Məhkəmə Konvensiyanın 13-cü maddəsi üzrə şikayət barəsində qərar çıxarmağa ehtiyac görmür, çünki 6-cı maddə şikayətin bu hissəsi ilə bağlı xüsusi müddəadır (misal üçün bax, Jasyunene Litvaya qarşı, № 41510/98, § 32, 6 mart 2003-cü il).

2. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi

60. Məhkəmə xatırladır ki, «iddia tələbi» o halda 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mənada «mülkiyyət» təşkil edə bilər ki, həmin tələbin yerinə yetirilməsinin real olduğunu təsdiq edən yetərincə sübutlar olsun (bax, «Strən» yunan neftayırma zavodları və Stratis Andreadis Yunanıstana qarşı, 9 dekabr 1994-cü il tarixli qərar, A Seriyaları, № 301-B, s. 84, § 59).

61. Nəsimi rayon məhkəməsinin ərizəçiyə kompensasiya qismində 87.045 AZM təyin etmiş qətnaməsi ərizəçinin tələbinin real olduğunu sübut edir. Qətnamə qanuni qüvvəyə minsə də və icra prosesinə başlanılsa da, Konvensiya Azərbaycana münasibətdə qüvvəyə mindikdən sonra qətnamə beş il üç aya yaxın icra olunmayıb. Buradan belə nəticə çıxır ki, ərizəçi üçün bu qətnamənin icrasına nail olmağın mümkünsüzlüyü onun 1 saylı Protokolun 1-ci maddəsinin birinci abzasında nəzərdə tutulmuş öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə təşkil edib.

62. 9 sentyabr 1994-cü il tarixli qətnaməni vaxtında icra etməməklə milli hakimiyyət orqanları ərizəçinin əsaslı olaraq almağa ümid bəslədiyi pulun ödənilməsinə mane olublar. Hökumət bu müdaxilə ilə bağlı hər hansı inandırıcı əsas gətirməyib (bax, Burdovun işi üzrə yuxarıda adı çəkilmiş qərar, § 41).

63. Müvafiq olaraq, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş verib.

II. Konvensiyanın 10-cu maddəsinin pozuntusu iddiası

64. Ərizəçi Konvensiyanın 10-cu maddəsinə əsasən şikayət etdi ki, hakimiyyət orqanları onun kütləvi informasiya vasitələrində səhiyyə nazirinin və 9 sentyabr 1994-cü il tarixli qətnamənin icrasına mane olmuş digər dövlət orqanlarının hərəkətləri ilə bağlı fikirlərini ifadə etməsinə mane olublar. 10-cu maddədə deyilir:
«Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir…. ».
65. Məhkəmə əlində olan bütün materialların işığında və barəsində şikayət edilən məsələlərlə bağlı səlahiyyətinin imkan verdiyi dərəcədə hesab edir ki, həmin materiallar Konvensiyanın 10-cu maddəsində əks olunmuş hüquq və azadlıqların pozuntusunun baş verdiyini göstərmir.

III. Konvensiyanın 41-ci maddəsinin tətbiqi

66. Konvensiyanın 41-ci maddəsində deyilir:

«Əgər Məhkəmə Konvensiya və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

67. Ərizəçi maddi ziyana görə 54.953 avro, mənəvi ziyana görə 150.000 avro və məhkəmə xərclərinə və digər məsrəflərə görə 4.128 avro tələb etdi.

68. Hökumət ərizəçinin maddi və mənəvi ziyanla bağlı tələblərinə etiraz etdi, məhkəmə xərcləri və digər məsrəflərlə bağlı tələb barəsində isə heç nə bildirmədi.

69. Məhkəmə hesab edir ki, 41-ci maddənin tətbiqi məsələsi həll olunmaq üçün hələ hazır deyil. Müvafiq olaraq, bu məsələ təxirə salınmalı və Hökumətlə ərizəçi arasında hər hansı mümkün razılaşma nəzərə alınmaqla əlavə icraat təyin edilməlidir (Məhkəmə Reqlamentinin 75-ci Qaydasının 1-ci bəndi).

 

Bu əsaslara görə məhkəmə yekdilliklə:

1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi üzrə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi üzrə şikayəti qəbuledilən, ərizədəki şikayətlərin qalan hissəsini isə qəbuledilməz elan edir;

2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur;

3. Qərara alır ki, Konvensiyanın 13-cü maddəsi üzrə şikayəti araşdırmağa ehtiyac yoxdur;

4. Qərara alır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur;

5. Qərara alır ki, 41-ci maddənin tətbiqi məsələsi həll olunmaq üçün hələ hazır deyil və müvafiq olaraq:

a) bu məsələnin həllini sonraya saxlayır;

b) Hökuməti və ərizəçini Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində bu məsələ ilə bağlı yazılı qeydlərini təqdim etməyə, xüsusən də əldə etdikləri mümkün razılaşma barədə Məhkəməyə məlumat verməyə çağırır;

c) əlavə icraat keçirmək hüququnu özündə saxlayır və ehtiyac olduqda onun təyin edilməsi səlahiyyətini Palatanın sədrinə həvalə edir.

Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 25 oktyabr 2007-ci ildə qərar barədə yazılı məlumat verilmişdir.

Soren Nilsen                               Xristos Rozakis
Katib                                              Sədr