№30916/19 MURAD MURADOV AZƏRBAYCANA QARŞI – 11 APREL 2023-CÜ İL

11 aprel 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 30916/19
Murad Bayram oğlu MURADOV Azərbaycana qarşı
29 may 2019-cu il tarixdə daxil olub

20 mart 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Məhkəmə işi ərizəçinin etiraz nümayişi zamanı saxlanılması və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən inzibati iş açılması, polis əməkdaşının qanuni göstərişinə əməl etmədiyi əsası ilə inzibati qaydada məhkum edilməsi ilə bağlıdır. Daxili məhkəmələr ərizəçiyə on sutka inzibati həbs cəzası tətbiq edib.

Ərizəçi Konvensiyanın 6 və 11-ci maddələrinə əsasən şikayət edib ki, daxili məhkəmələr öz qərarlarını əsaslandırmayıblar, onun inzibati qaydada məhkum edilməsi ərizəçinin sərbəst toplaşmaq hüququna qanunsuz və əsassız müdaxilə təşkil edib.

Ərizəçi həmçinin şikayət edib ki, onun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində gec, on sutkalıq inzibati həbs cəzasını çəkdikdən sonra baxılması Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinin pozuntusunu təşkil edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı irəli sürülən ittihamların araşdırlması zamanı ədalətli məhkəmə dinləmələri imkanına sahib olubmu? Xüsusilə, ərizəçinin əsaslandırılmış məhkəmə qərarı əldə etmək hüququna hörmət edilibmi?

2. Konvensiyanın 11-ci maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin dinc toplaşmaq azadlığına müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 11-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?

3. Ərizəçinin 7 saylı Protokolun 2.1-ci maddəsində nəzərdə tutulmuş şikayət hüququ təmin edilmişdimi? Xüsusilə, ərizəçinin şikayətinə inzibati həbs cəzasını çəkdikdən sonra, 29 yanvar 2019-cu il tarixdə baxılması 7 Saylı Protokolun 2-ci maddəsinin pozuntusunu təşkil edibmi (müqayisə üçün: Şvıdka Ukraynaya qarşı, № 17888/12, §§ 48-55, 30 oktyabr 2014-cü il və Tsvetkova və başqaları Rusiyaya qarşı, №. 54381/08 və başqa 5, §§ 179-191, 10 aprel 2018-ci il)?