№30551/18 AYTAC ƏHMƏDOVA AZƏRBAYCANA QARŞI – 24 APREL 2023-CÜ İL

24 aprel 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 30551/18

Aytac Soltan qızı ƏHMƏDOVA Azərbaycana qarşı

11 iyun 2018-ci il tarixdə daxil olub

 

3 aprel 2023-cü il tarixdə hökumətlə kommunikasiyaya başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Məhkəmə işi ərizəçinin şəxsi foto və videolarının onun ünvanına yönələn təhqir və hədələrin müşayiəti ilə Facebook-da yayılması haqda şikayətlərin yerli hakimiyyət orqanları tərəfindən araşdırılmaması ilə bağlıdır. Jurnalist olan ərizəçi iddia edib ki, həmin yayılan foto və videolar onun kompüterində saxlanılıb, hansı ki, həmin kompüter işlədiyi media qurumu olan Meydan TV ilə bağlı aparılan cinayət işi çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən götürülüb və həmin vaxtdan bəri Baş Prokuror yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində saxlanılır.

14 oktyabr 2016-cı il, 14 fevral 2017-ci il və 29 sentyabr 2017-ci il tarixlərində ərizəçinin Baş Prokurorluğa şikayətlər ünvanladığı, ancaq heç bir cavab almadığı görünməkdədir. Daha sonra ərizəçi cinayət prosesini həyata keçirən orqanın cinayət işinin başlanmasından imtina olunması haqda qərarından məhkəmə nəzarəti qaydasında Səbail Rayon Məhkəməsinə şikayət verib və məhkəmədən xahiş edib ki, onun şikayətləri ilə bağlı cinayət işinin başlanması üçün Baş Prokurorluğun üzərinə öhdəlik qoyan qərar qəbul etsinb. Birinci instansiya məhkəməsi belə bir qərarın qəbulu üçün gərəkli məlumatların olmadığını əsas gətirərək, ərizəçinin şikayətini rədd edib. Bakı Apellyasiya Məhkəməsi 11 dekabr 2017-ci il tarixli yekun qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, məhkəmə əlavə edib ki, ərizəçi yuxarıda qeyd olunan şikayətlərini faktiki olaraq müvafiq orqana göndərilməsini və çatdırılmasını göstərən sübut təqdim etməyib.

Ərizəçi əsasən, yerli hakimiyyət orqanlarının onun jurnalist fəaliyyəti ilə əlaqəli olduğu iddia edilən foto və videolarının yayılması ilə bağlı şikayətlərini araşdırmamasının Konvensiyanın 8, 10 və 13-cü maddələrində nəzərdə tutulmuş hüquqlarını pozmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçinin şəxsi həyatına hörmət hüququna Konvensiyanın 8-ci maddəsinə zidd olaraq müdaxilə edilibmi? Xüsusilə, Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənasında dövlət tərəfindən ərizəçinin hüququna müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun idimi və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?

Ərizəçi ilə bağlı durum dövlətin Konvensiyanın 8-ci maddəsi üzrə pozitiv öhdəliklərini doğururdumu? Əgər belədirsə, həmin öhdəliklərə əməl edilibmi (müqayisə üçün: Xədicə İsmayılova Azərbaycana qarşı, № 65286/13 və 57270/14, 10 yanvar 2019-cu il)?

2. Dövlət tərəfindən Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığına, xüsusən onun məlumat və ideyaları almaq və yaymaq hüququna müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

Ərizəçi ilə bağlı durum dövlətin Konvensiyanın 10-cu maddəsi üzrə pozitiv öhdəliklərini doğururdumu? Əgər belədirsə, həmin öhdəliklərə əməl edilibmi?

3. Ərizəçinin əlində Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, 8 və 10-cu maddələr üzrə şikayətləri üçün effektiv daxili müdafiə vasitəsi var idimi?

4. Tərəflərdən öz arqumentlərini təsdiq edən müvafiq sənədli sübutları təqdim etmələri xahiş olunur.