7 noyabr 2022-ci il tarixdə dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizə nömrəsi 27290/15
Abgül Neymət oğlu SÜLEYMANOV Azərbaycana qarşı
20 may 2015-ci il tarixdə daxil olub
21 oktyabr 2022-ci il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Hazırkı iş dini lider olan ərizəçiyə qarşı cinayət işinin ədalətsiz olması iddiası ilə bağlıdır. Bundan başqa ərizə, din azadlığı, ifadə azadlığı hüququnun pozuntusu və ərizəçinin hüquqlarının Konvensiyada nəzərdə tutulan məqsədlərdən kənar məhdudlaşdırılması iddiaları ilə bağlıdır.
Ərizəçi 2012-ci ildə bir sıra cinayətlərdə (xüsusilə, qanunsuz olaraq silah əldə etmə və saxlama, zorakılıq tətbiq etməklə hədələməklə milli, sosial və ya dini düşmənçilik törətməklə ictimai asayişi pozan aksiyaların təşkili, təhrik etmə və iştirak etmə, narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, külli miqdarda narkotik vasitələrin atış məqsədi ilə əldə edilməsi və saxlanması) təqsirli bilinib və on bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 20 noyabr 2014-cü il tarixdə Ali Məhkəmə həmin hökmü qüvvədə saxlaıb.
Ərizəçi xüsusilə, Konvensiyanın 6.1-ci, 3-cü, 9-cu, 10-cu, 11-ci və 18-ci maddələrinə əsaslanaraq, onun məhkum edilməsinin uydurma və digər qanunsuz sübutlara əsaslanmasından, barəsindəki cinayət mühakiməsinin ədalətli məhkəmə hüququnun müxtəlif təminatlarını pozmasından və bu proseslərin onu məktəblərdə hicabın qadağan edilməsi də daxil olmaqla hökumətin müxtəlif siyasətləri haqda tənqidi fikirlərinə və dini lider kimi çıxışlarına görə cəzalandırmaq üçün açılmasından şikayət edib.
Ərizəşi həmçinin, Konvensiyanın hər hansı konkret maddəsinə istinad etmədən, məhkum edilməsindən əvvəl Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən KİV-ə verdiyi bəyanatda cinayətkar kimi təsvir edilməsi ilə onun təqsirsizlik prezumpsiyası hüququnun pozulmasından şikayət edib.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı irəli sürülən cinayət ittihamının müəyyən edilməsi zamanı ədalətli məhkəmə dinləmələri imkanına sahib olubmu? Xüsusilə, ərizəçinin əsaslandırılmış qərar əldə etmək hüququna, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə riayət olunubmu? Ərizəçi ona qarşı sübutları mübahisələndirmək, müdafiəsini dəstəkləyən sübutları təqdim etmək və belə sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkanlara sahib olubmu?
2. Hazırkı işdə ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təminat altına alınan təqsirsizlik prezumpsiyası hüququna, xüsusən də Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat üçün açıqlamasında hörmət göstərilibmi? Ərizəçi bu şikayətlə bağlı daxili müdafiə vasitələrinin tükəndirilməsi tələbinə və altı aylıq qaydaya əməl edibmi?
3. Konvensiyanın 9-cu, 10-cu və 11-ci maddəsinin 1-ci bəndlərinin işığında ərizəçinin din, ifadə azadlığı və sərbəst toplaşmaq hüququna müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 9, 10 və 11-ci maddələrin 2-ci bəndləri baxımından zəruri idimi?
4. Hazırkı işin hallarının işığında Konvensiyanın 6-cı maddəsi 18-ci maddə ilə birlikdə tətbiq edilə biləndirmi (bax: İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, § 261, 16 noyabr 2017-ci il)?
5. Dövlətin Konvensiyanın 6, 9, 10 və 11-ci maddələrinə uyğun olaraq ərizəçiyə qarşı tətbiq etdiyi məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçün tətbiq edilmişdimi?
Tərəflərdən öz cavab və təqdimatlarını təsdiq edən sənədli sübutları, o cümlədən, daxili məhkəmələrin hökm və qərarlarının surətlərini, məhkəmə iclaslarının stenoqramlarını, ərizəçinin şikayətlərini və vəsadətlərini təqdim etmələri xahiş olunur.