№26291/06 ADİL QƏHRƏMANOV AZƏRBAYCANA QARŞI – 15 OKTYABR 2013-CÜ İL

BİRİNCİ BÖLMƏ

ADİL QƏHRƏMANOV AZƏRBAYCANA QARŞI

 

QƏRARDAD

ƏRİZƏ №26291/06

 

 

 

Strasburq
15 oktyabr 2013

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə) Palatası 15 oktyabr 2013-cü il tarixdə, aşağıdakılardan ibarət tərkibdə

Sədr – İzabel Berro-Lefevr,
Hakimlər –
Elizabet Şteyner,
Xanlar Hacıyev,
Miryana Lazarova Traykovska,
Julia Laffranq,
Linos-Alexandre Sisilianos,
Erik Mose,
və Bölmə katibi Soren Nilsen

2006-cı il 21 iyunda təqdim edilmiş bu ərizəyə baxaraq,

cavabdeh Hökumət tərəfindən göndərilmiş qeydlərə və cavab olaraq ərizəçi tərəfindən göndərilmiş qeydlərə baxaraq,

müzakirə apararaq, aşağıdakıları qət etmişdir:

FAKTLAR

1. Ərizəçi cənab Adil Soltan oğlu Qəhrəmanov 1957-ci ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və Bakı şəhərində yaşayır.
2. Məhkəmədə onu Azərbaycanda fəaliyyət göstərən vəkil E.Quliyev, Azərbaycan hökumətini (Hökumət) isə səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil etmişdir.

I. İŞİN HALLARI

3. Tərəflərin işin faktiki halları ilə bağlı məlumatları aşağıdakı kimi ümumiləşdirilə bilər.
4. Ərizəçi bir-biri ilə əlaqəsi olmayan üç işə cəlb olunmuşdur.

1. Birinci iş

5. Ərizəçi Vətəndaş Həmrəyliyi Partiyasının üzvü idi.
6. 2001-ci il 10 oktyabr tarixində ərizəçi Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilərək Cinayət Məcəlləsinin 28, 32, 228 və 278-ci maddələri əsasında qanunsuz silah saxlamaqda və hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilmişdir.
7. 2002-ci il 5 sentyabr tarixində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ərizəçini bütün ittihamlar üzrə təqsirli bilərək on il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
8. 2002-ci il 20 dekabr tarixində Apellyasiya Məhkəməsi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvəsində saxlamışdır.
9. Ərizəçi 2005-ci il 20 mart tarixində Prezident tərəfindən imzalanmış əfv fərmanı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmişdir.
10. 2005-ci il 24 avqust tarixində ərizəçi Apellyasiya Məhkəməsinin 2002-ci il 20 dekabr tarixli qərarından kassasiya şikayəti vermişdir. Ərizəçi kassasiya şikayətini Apellyasiya Məhkəməsinin qərarının qəbul edilməsindən sonra on səkkiz ay ərzində vermədiyindən Ali Məhkəmə ərizəçinin şikayətini qəbul etməkdən imtina etmişdir.

2. İkinci iş

11. Ərizəçinin qayını ilə Bakı şəhərində yerləşən mənzilə və pərakəndə satış mağazasına mülkiyyət hüququ ilə bağlı mübahisəsi mövcud idi.
12. 2006-cı il 31 mart tarixində Nəsimi rayon məhkəməsi hər iki tərəfin iddiasını rədd edərək onları əsassız hesab etmişdir.
13. 2006-cı il 4 iyul tarixində Apellyasiya Məhkəməsi 2006-cı il 31 mart tarixli qətnaməni qismən ləğv edərək işin mahiyyəti üzrə ərizəçinin qaynının xeyrinə qərar qəbul etmişdir.
14. 2007-ci il 8 fevral tarixində Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

3. Üçüncü iş

(a) Ərizəçinin Bakı Heydər Əliyev Aeroportunda saxlanılması

(i) Hadisə barədə ərizəçinin verdiyi məlumatlar

15. Ərizəçi 2006-cı ildə (dəqiq tarix göstərilməmişdir) həmin ilin 18 iyul tarixində, saat 11:00-da Bakıdan Dubaya uçan təyyarəyə bilet almışdır.
16. Ərizəçi 2006-cı il 18 iyul tarixində, saat 08:30-da Bakı Heydər Əliyev Aeroportuna gəlmişdir. Dubay reysinə qeydiyyat saat 09:00-da başlanmış və ərizəçi baqajını qeydiyyatdan keçirmişdir. Baqajını qeydiyyatdan keçirdikdən sonra ərizəçi pasport nəzarətindən keçmək üçün masaya yaxınlaşmışdır. Onun sənədlərini yoxlayan əməkdaş gözləməsini xahiş etmiş və rəisini çağırmışdır. Onun rəisi özünü təqdim etmədən ərizəçiyə neytral zonaya keçərək orada gözləmək göstərişini vermişdir.
17. Bir neçə dəqiqə keçdikdən sonra özünü E.H. kimi təqdim etmiş əməkdaş ərizəçiyə izah etmişdir ki, o, MTN-nin göstərişi əsasında reysdən kənarlaşdırılmışdır və MTN-nin əməkdaşları gələnə qədər Dövlət Sərhəd Xidmətinin (DSX) xidməti otağında gözləməlidir. Ərizəçi DSX-nin xidməti otağına aparılmış və ona saxlanmasının səbəbləri barədə əlavə məlumat verilməmişdir.
18. DSX-nin xidməti otağında saxlanılan zaman ərizəçinin otağı sərbəst tərk etmək və digərləri ilə əlaqə yaratmaq imkanı yox idi. Eyni zamanda, ərizəçinin baqajı DSX-nin əməkdaşları tərəfindən yoxlanılmışdır. Ərizəçi DSX-nin əməkdaşlarından saxlama və baqajın yoxlanılması barədə protokol tərtib etməyi xahiş etmiş, lakin imtina edilmişdir.
19. Ərizəçi 14:20-yə qədər DSX-nin xidməti otağında qalmış və şəxsiyyəti məlum olmayan şəxslə telefon danışığından sonra E.H. onun aeroportu tərk etməsinə icazə vermişdir. Ərizəçi saxlanması barədə sənədləri almadan aeroportu tərk etməkdən imtina etmişdir. Ərizəçinin çoxsaylı xahişlərindən sonra özünü MTN-nin əməkdaşı kimi təqdim etmiş şəxs ona telefonda hədə-qorxu gəlmiş və dərhal aeroportu tərk etməsini təkid etmişdir.
20. Ərizəçi aeroportu tərk etməzdən öncə gömrük xidməti əməkdaşları ona baqajının yoxlanılması barədə protokol təqdim etmişdirlər.

(ii) Hadisə barədə Hökumətin verdiyi məlumatlar

21. 2006-cı il 18 iyul tarixində ərizəçi DSX-nin əməkdaşları tərəfindən aparılmış pasport nəzarətindən sonra Bakı-Dubay reysindən kənarlaşdırılmışdır. Bunun səbəbi onun adının “saxla” əmri ilə “Sərhədkeçməyə məhdudiyyət” siyahısında olması idi. Sərnişinin sərhəddən keçməsinə icazə verilməməsi barədə protokol tərtib edilmişdir.
22. Ərizəçi vəziyyətin aydınlaşdırılması və MTN-nin əməkdaşlarına təhvil verilməsi üçün DSX-nin xidməti otağına aparılmışdır. Ərizəçinin vəziyyəti aydınlaşdırıldıqdan sonra onun aeroportu tərk etməsinə icazə verilmişdir. Ərizəçinin adının “saxla” statusu ilə siyahıda olması səbəblərinə gəlincə, Hökumət bildirmişdir ki, bu, MTN-nin ərizəçinin 2005-ci il 30 mart tarixində Prezident fərmanı ilə əfv edildikdən sonra onun adını “Sərhədkeçməyə məhdudiyyət” siyahısından çıxarmamasının nəticəsi idi. Ərizəçi DSX-nin xidməti otağında yalnız iki saat saxlanmışdır.
23. Ərizəçinin saxlanması barədə protokola gəlincə, Hökumət qeyd etmişdir ki, bu barədə sənəd tərtib olunmuş, lakin MTN-nin hər hansı tədbir görülməməsi barədə qərarından sonra sənəd ləğv edilmişdir.

(b) İşə ölkə məhkəmələri tərəfindən baxılması

24. Dəqiq məlum olmayan tarixdə ərizəçi DSX-yə qarşı iddia qaldıraraq hüquqlarının pozulduğunu bildirmiş və hüquq mühafizə orqanlarının əməkdaşlarının onu qanunsuz saxlamasına görə kompensasiyanın ödənilməsini tələb etmişdir. Xüsusilə o, şikayət edərək bildirmişdir ki, 2006-cı il 18 iyul tarixində Bakı Heydər Əliyev Aeroportunda qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir.
25. 2006-cı il 10 oktyabr tarixində Əzizbəyov rayon məhkəməsi ərizəçinin iddiasını təmin etməmişdir. Qətnamənin müvafiq hissəsində aşağıdakılar qeyd edilirdi:

“Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən, AMAS-dan (axtarış sistemi) [DSX-nin məlumat bazası] çıxarışdan belə görünür ki, Qəhrəmanov Adil 2006-cı il 18 iyul, saat 09:29-da Bakı-Dubay reysinə miniş ərəfəsində saxlanmışdır.

2006-cı il 18 iyul tarixli sərnişinin dövlət sərhədini keçməsinin qarşısının alınmasına dair protokoldan göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşı Qəhrəmanov Adil Soltan oğlunun 011 nömrəli Bakı-Dubay reysinə qeydiyyatdan keçməsinə icazə verilməmişdir. Belə ki, onun adı AMAS-a [DSX-nin məlumat bazası] “saxla” statusu altında daxil edilmişdir.
… məhkəmə qət etmişdir ki, 2006-cı il 18 iyulda ərizəçi Bakı-Dubay reysinə minmək istəyən zaman təhlükəsizliyin təmin edilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən uçuşdan kənarlaşdırılmışdır. Cavabdeh qismində çıxış edən Dövlət Sərhəd Xidmətinin nümayəndəsi bunu təsdiq etmişdir. Müvafiq nəzarətdən keçdikdən sonra protokol tərtib edilmiş və ərizəçi azad olunmuşdur. Onun xahişi əsasında biletin pulu ona ödənilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin uçuşdan kənarlaşdırılan zaman hər hansı mənəvi ziyana məruz qaldığı sübuta yetirilməmişdir.
Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız və qanunsuz olduğu üçün təmin olunmamalıdır…”.

26. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. O, xüsusilə dörd saatdan artıq müddət ərzində aeroportda qanunsuz olaraq saxlanmasından və birinci instansiya məhkəməsinin MTN-nin onun saxlanmasında oynadığı rolu nəzərə almamasından şikayət etmişdir.
27. 2007-ci il 7 fevral tarixində Apellyasiya Məhkəməsi 2006-cı il 10 oktyabr tarixli qətnaməni qüvvədə saxlamışdır. Qətnamənin müvafiq hissəsində aşağıdakılar qeyd edilir:

“2006-cı il 18 iyul tarixli sərnişinin dövlət sərhədini keçməsinin qarşısının alınmasına dair protokoldan çıxarışdan göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşı Qəhrəmanov Adil Soltan oğlunun 011 nömrəli Bakı-Dubay reysinə qeydiyyatdan keçməsinə icazə verilməmişdir. Belə ki, onun adı AMAS-a [DSX-nin məlumat bazası] “saxla” statusu altında daxil edilmişdir.
…məhkəmə kollegiyası hesab edir ki, DSX A.Qəhrəmanovu öz səlahiyyətləri daxilində saxlamış, onun və əşyalarının üzərində axtarış təhlükəsizlik səbəblərinə görə aparılmış və sonradan o, azad olunaraq səfər etməsinə icazə verilmiş, lakin o, bundan imtina etmiş və biletin dəyərini kompensasiya olaraq almışdır…”.

28. Ərizəçi qərardan kassasiya şikayəti verərək əvvəlki şikayətlərini təkrar etmişdir.
29. 2007-ci il 29 may tarixində Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Qərarın müvafiq hissəsində aşağıdakılar qeyd edilmişdir:

“Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin araşdırılması zamanı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və kassasiya şikayətində əks olunmuş iddialar məhkəmə qərarını ləğv etmək üçün əsas deyildir”.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

30. Parlamentin 1994-cü il 29 noyabr tarixli qərarı ilə təsdiq olunmuş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında qanunun tətbiq edilməsi haqqında” Əsasnamənin (Əsasnamə) 2-ci maddəsinin 2-ci bəndinə görə vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınıbsa, məhkum edilibsə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilibsə, məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, yaxud vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmışsa, pasportu verən müvafiq dövlət orqanının səlahiyyətli şəxsinin qərarı ilə vətəndaşa pasport verilməsindən imtina edilməklə onun ölkədən getmək və ölkəyə gəlmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Əsasnamənin 2-ci maddəsinin 4-cü bəndinə görə vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas verən hal ona pasport verildikdən sonra əmələ gəlmişsə, vətəndaşın sərhəd nəzarət məntəqəsinin səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə ölkədən getməsi müvəqqəti məhdudlaşdırılır.

ŞİKAYƏTLƏR

31. Ərizəçi üçüncü işlə bağlı (yuxarıda 15-29-cu bəndlərə baxın) Konvensiyanın 5-ci maddəsi əsasında şikayət edərək 2006-cı il 18 iyul tarixində Bakı Heydər Əliyev Aeroportunda qanunsuz olaraq saxlandığını bildirmişdir. O, həmçinin Konvensiyanın 6, 7 və 13-cü maddələrinə istinad edərək 2006-cı il 18 iyul tarixində Bakı Heydər Əliyev Aeroportunda saxlanması ilə bağlı ölkə məhkəmələrində gedən proseslərin ədalətsizliyindən və ölkə məhkəmələrinin səmərəsizliyindən də şikayət etmişdir.
32. Ərizəçi Konvensiyanın 5-ci maddəsinə istinad edərək birinci işdə (yuxarıda 5-10-cu bəndlərə baxın) barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuz olmasından şikayət etmişdir. O, daha sonra Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət edərək ona qarşı cinayət işinin saxta olduğunu və ölkə məhkəmələrinin sübutları qiymətləndirən zaman səhvə yol verdiyini bildirmişdir. Ərizəçi, həmçinin Konvensiyanın 7 və 13-cü maddələri əsasında qanunsuz olaraq məhkum olunmasından və ölkə məhkəmələrinin səmərəsizliyindən şikayət etmişdir.
33. Ərizəçi eyni zamanda Konvensiyanın 5, 6, 7 və 13-cü maddələrinə istinad edərək ölkə məhkəmələrində həyata keçirilmiş mülki işlərin ədalətli olmamasından və məhkəmələrin müvafiq qanunvericiliyi düzgün təfsir etməməsindən (yuxarıda 11-14-cü bəndlərə baxın) şikayət etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR

A. Ərizəçinin Bakı Heydər Əliyev Aeroportunda saxlanmasına dair şikayəti

34. Ərizəçi şikayət edərək bildirmişdir ki, 2006-cı il 18 iyul tarixində Bakı Heydər Əliyev Aeroportunda heç bir hüquqi əsas olmadan və Konvensiyanın 5-ci maddəsinin tələblərinə zidd olaraq saxlanılmışdır. Konvensiyanın 5-ci maddəsinin müvafiq hissələrində aşağıdakılar qeyd olunur:

“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;
e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.

35. Hökumət bildirmişdir ki, ərizəçinin 2006-cı il 18 iyul tarixində uçuşdan kənarlaşdırılması və DSX-nin xidməti otağında saxlanması qanuni olmuşdur. Hökumət qeyd etmişdir ki, pasport nəzarəti zamanı ərizəçinin adının “saxla” statusu altında olduğu müəyyən edilmişdir. Buna görə də vəziyyətin aydınlaşdırılması və MTN-nə təhvil verilməsi üçün onu DSX-nin xidməti otağına aparmaq lazım gəlmişdir. Ərizəçinin uçuşdan kənarlaşdırılması ilə bağlı tətbiq olunan prosedur dünyanın bütün aeroportlarında təhlükəsizlik məqsədilə həyata keçirilən normal prosedurdur.
36. Hökumət daha sonra bildirmişdir ki, ərizəçinin DSX-nin xidməti otağında saxlanılması təxminən iki saat davam etmişdir və bu, Konvensiyanın 5-ci maddəsinin mənasında azadlıqdan məhrumetmə hesab oluna bilməz. Bununla əlaqədar olaraq Hökumət bildirmişdir ki, ərizəçi hər hansı xüsusi saxlama kamerasına salınmamışdır və DSX-nin xidməti otağında onun hərəkət azadlığı aşağı səviyyədə məhdudlaşdırılmışdır. Bundan əlavə, Hökumətin mövqeyinə görə ərizəçi otaqda iki saat qaldıqdan sonra onu tərk edə bilərdi, lakin o, bunu etməyərək saxlanması barədə yazılı protokolun verilməsini tələb etmişdir və buna görə də onun aeroportda hələ də qalması ərizəçinin öz davranışı ilə bağlı idi. Ərizəçinin saxlanmasının milli qanunvericiliyə uyğun olub-olmaması məsələsinə gəlincə, Hökumət bununla bağlı 1994-cü il 29 noyabr tarixli Əsasnamənin 29-cu maddəsinə istinad etmişdir.
37. Ərizəçi şikayətini müdafiə edərək təxminən dörd saat ərzində aeroportda saxlanılmasının qanunsuz olduğunu təkrar etmişdir. O xüsusilə DSX-nin xidməti otağında saxlandığını və otağı tərk etməsinə icazə verilmədiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, saxlandığı dövrdə ailə üzvləri ilə əlaqə saxlamaq imkanı olmamış və saxlanması ilə bağlı ona hər hansı sənəd təqdim olunmamışdır.
38. Məhkəmə qeyd edir ki, o, ilk növbədə hazırkı işdə 5-ci maddənin tətbiq olunduğu azadlıqdan məhrumetmə faktının olub-olmadığını araşdırmalıdır. Məhkəmə təkrar edir ki, Konvensiyanın 5-ci maddəsi əsas hüququ, konkret olaraq şəxsin dövlətin onun hüquq və ya azadlığına qanunsuz müdaxiləsindən qorunmasını təsbit edir. 5-ci maddənin 1-ci bəndi “azadlıq hüququnu” təsbit etməklə şəxsin fiziki azadlığını ehtiva edir. Onun məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Bu norma hərəkət azadlığının adi məhdudlaşdırılması hallarına tətbiq edilmir. Belə məhdudiyyətlərə 4 saylı Protokolun 2-ci maddəsi tətbiq olunur. Azadlıqdan məhrumetmə faktının baş verib-vermədiyini müəyyənləşdirmək üçün başlanğıc məsələ kimi müvafiq şəxsin konkret vəziyyəti götürülməli və konkret işdə ortaya çıxan bütün amillər, sözügedən tədbirin növü, müddəti, nəticələri və tətbiqi qaydası nəzərə alınmalıdır. Azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması arasındakı fərq mahiyyətlə deyil, sadəcə intensivlik dərəcəsi ilə bağlı məsələdir (baxın: “Quzzardi İtaliyaya qarşı” (Guzzardi v. Italy, 6 November 1980, § 92, Series A no. 39) və “Ostin və Digərləri Birləşmiş Krallığa qarşı” (Austin and Others v. the United Kingdom [GC], nos. 39692/09, 40713/09 and 41008/09, § 57, ECHR 2012)).
39. Məhkəmə daha sonra qeyd edir ki, 5-ci maddənin 1-ci bəndi ərizəçilərin üzərində çox qısa, otuz dəqiqədən artıq olmayan müddətdə axtarış aparılması (baxın: “Qillan və Kinton Birləşmiş Krallığa qarşı” (Gillan and Quinton v. the United Kingdom, no. 4158/05, § 57, ECHR 2010 (extracts)) və ya qırx beş dəqiqədən artıq olmayaraq polis şöbəsində saxlanılması (baxın: “Şimovolos Rusiyaya qarşı” (Shimovolos v. Russia, no. 30194/09, §§ 48-50, 21 June 2011)) ilə bağlı olan azadlıqdan məhrumetmə hallarına da tətbiq oluna bilər. Lakin Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin saxlanması yuxarıda təsvir edilmiş ərizəçilərin polisin müdaxiləsi nəticəsində saxlanmalarından fərqli şəraitdə baş vermişdir. Hazırkı işdə ərizəçi beynəlxalq aeroportda adı DSX-nin məlumat bazasında “saxla” statusu altında yerləşdirildiyindən sərhəd xidməti tərəfindən sərhəd nəzarətinin həyata keçirilməsi zamanı saxlanmışdır.
40. Bununla əlaqədar olaraq Məhkəmə təkrar edir ki, hərəkətin hansı kontekstdə edilməsi nəzərə alınmalı olan mühüm amildir. Belə ki, müasir cəmiyyətdə insanların ümumi maraqlar naminə hərəkət və ya azadlığın məhdudlaşdırılmasına dözməyə dəvət olunduqları hallara tez-tez rast gəlinir (baxın: yuxarıda qeyd edilmiş “Ostin və Digərləri” işi, 59-cu bənd). Bu baxımdan sərnişin təyyarə ilə səfər etməyi seçən zaman bir sıra təhlükəsizlik məqsədilə yoxlamaların aparılmasına razılığını vermiş olur (baxın: yuxarıda qeyd edilmiş “Qillan və Kinton” işi, 64-cü bənd). Bu təhlükəsizlik yoxlamaları xüsusilə şəxsiyyəti təsdiq edən sənədlərin yoxlanılmasını və ya baqajda axtarış aparılmasını, həmçinin şəxsiyyətinin müəyyən edilməsi üçün əlavə yoxlamanın aparılması və ya uçuşa təhlükə yaratmadığının müəyyən edilməsi üçün gözləməni əhatə edə bilər.
41. Məhkəmə bu baxımdan qəbul edir ki, sərnişin vəziyyətin aydınlaşdırılması üçün sərhəd xidmətinin əməkdaşları tərəfindən aeroportda sərhəd nəzarətindən keçən zaman saxlanıldıqda və bu saxlama sırf müvafiq formallıqların başa çatdırılması üçün zəruri olan müddətdən artıq deyildirsə, Konvensiyanın 5-ci maddəsi ilə bağlı məsələ ortaya çıxmır.
42. Buna görə də Məhkəmə hazırkı işdə ərizəçinin Bakı Heydər Əliyev Aeroportunda saxlanmasının sırf vəziyyətin aydınlaşdırılması ilə bağlı müvafiq formallıqların başa çatdırılması üçün zəruri olan müddətdən artıq olub-olmadığını müəyyənləşdirmək üçün ərizəçinin saxlanma şəraitini araşdırmalıdır.
43. Məhkəmə qeyd edir ki, ərizəçi sərhəd nəzarətindən keçən zaman adı DSX-nin məlumat bazasında “saxla” statusu altında olduğundan 2006-cı il 18 iyul, saat 09:29-da saxlanılmışdır. Ərizəçinin ölkəni tərk etməsinə icazə verilməmiş və o, DSX-nin əməkdaşları tərəfindən vəziyyətin aydınlaşdırılması üçün xidməti otağa aparılmışdır. Ərizəçinin dövlət sərhədindən keçməsinin qarşısının alınması barədə protokol tərtib edilmiş və onun baqajı DSX-nin əməkdaşları tərəfindən yoxlanılmışdır. Onu əlləri qandallanmamış və xüsusi saxlama kamerasına salınmamışdır. Lakin ərizəçinin DSX-nin xidməti otağında olan zaman otaqdan sərbəst çıxa bilmək imkanının olmadığı barədə tərəflər arasında mübahisə yoxdur. Tərəflər eyni zamanda mübahisə etmirlər ki, vəziyyətin aydınlaşdırılmasından sonra ərizəçi dərhal DSX-nin xidməti otağından buraxılmışdır və o, bundan sonra aeroportu sərbəst tərk edə bilərdi. Ərizəçinin DSX-nin xidməti otağında ümumi qalma müddəti dəqiq olaraq məlum olmasa da, ərizəçinin saxlamanın təxminən dörd saat, Hökumətin isə yalnız təxminən iki saat davam etməsi barədə məlumatlarından belə aydın olur ki, o, bir neçə saatdan artıq çəkməmişdir.
44. Hətta ərizəçinin dediklərinin düzgün olduğu güman edilsə belə, Məhkəmə qət edir ki, heç nə ərizəçinin DSX-nin xidməti otağında saxlanmasının onun baqajının yoxlanılması və vəziyyətin aydınlaşdırılması məqsədilə müvafiq inzibati formallıqların yerinə yetirilməsi üçün sırf zəruri olan müddətdən artıq davam etdiyini sübut etmir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı işdə DSX-nin əməkdaşı ərizəçini saxlayan zaman əsaslı olaraq inanmışdır ki, ərizəçinin şəxsiyyəti ilə bağlı əlavə yoxlama aparılmasına ehtiyac vardır. Belə ki, inzibati səhv nəticəsində olsa da, ərizəçinin adı DSX-nin məlumat bazasında “saxla” statusu altında yerləşdirilmişdir. Müəyyən edilmişdir ki, DSX ərizəçini yalnız əlavə yoxlamanın aparılması üçün zəruri olan müddətə saxlamışdır. Axtarış aparıldıqdan və vəziyyəti araşdırıldıqdan sonra o, aeroportu sərbəst tərk edə bilərdi. Xüsusilə ərizəçinin sırf axtarışların aparılması və müvafiq inzibati formallıqlara əməl olunması üçün zəruri olan vaxtdan artıq müddətə DSX-nin xidməti otağında qalmağa məcbur edildiyi sübuta yetirilməmişdir (baxın: “Foka Türkiyəyə qarşı” (Foka v. Turkey, no. 28940/95, § 77, 24 June 2008)).
45. Məhkəmə daha sonra qeyd edir ki, sərhəd nəzarətindən sonra ərizəçinin Rusiya ərazisinə girməsindən imtina edildiyi, Şeremetyevo aeroportunda tranzit zonasında olan otağa salındığı və burada gecələdiyi “Nolan və K. Rusiyaya qarşı” işindən (baxın: “Nolan və K. Rusiyaya qarşı” (Nolan and K. v. Russia, no. 2512/04, §§ 20-26, 12 February 2009)) fərqli olaraq hazırkı işdə ərizəçi vəziyyətinin aydınlaşdırılmasından sonra dərhal aeroportu sərbəst şəkildə tərk edə bilərdi.
46. Buna görə də Məhkəmə hesab edir ki, sərhəd xidmətinin ölkəni tərk etməyə icazə verməməsindən sonra ərizəçinin DSX-nin xidməti otağında saxlanması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında azadlıqdan məhrumetmə hesab olunmur.
47. Beləliklə, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında mümkünsüzdür və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd olunmalıdır.

B. Digər şikayətlər

48. Ərizəçi Konvensiyanın 5, 6, 7 və 13-cü maddələrinə istinad edərək 2006-cı il 18 iyul tarixində baş vermiş insidentlə bağlı ölkə məhkəmələrindəki proseslər, həmçinin yuxarıda qeyd edilmiş birinci və ikinci işlərlə bağlı bir sıra şikayətlər təqdim etmişdir.
49. Məhkəmə ərizənin təqdim etdiyi bu şikayətləri araşdırmışdır. Lakin Məhkəmə işdə olan bütün materialları və şikayətlərə baxılmasının hansı həddə onun səlahiyyətinə aid olduğunu nəzərə alaraq qət edir ki, bu materiallar Konvensiyada və ya protokollarda təsbit olunmuş hüquq və azadlıqların pozuntusu faktını ortaya çıxarmır. Buna görə də ərizə bu hissədə açıq-aşkar əsassız olduğu üçün Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndi və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

Bu səbəblərə görə Məhkəmə səs çoxluğu ilə,

Ərizəni qəbuledilməz elan edir.

Soren Nilsen           İzabel Berro-Lefevr
Katib                        Sədr