№2515/11 AQİL CƏFƏRZADƏ AZƏRBAYCANA QARŞI – 20 FEVRAL 2020-Cİ İL

 

BEŞİNCİ BÖLMƏ

AQİL CƏFƏRZADƏ AZƏRBAYCANA QARŞI
(Ərizə no. 2515/11)

QƏRAR

STRASBURQ
20 Fevral 2020

Bu qərar qəti qüvvəyə minir, ona redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Cəfərzadə Azərbaycana qarşı işində,

Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə toplaşaraq:

André Potocki, Sədr,

Lәtif Hüseynov,

Anja Seibert-Fohr, hakimlər,

və Milan Blaško, İclas katibi,

28 yanvar 2020-ci il tarixdə müzakirə aparıb,

Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:

PROSEDUR

1. Bu məhkəmə işi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, Azərbaycan vətəndaşı cənab Aqil Zaur oğlu Cəfərzadənin (Aqil Zaur oğlu Cəfərzadə – “ərizəçi”) Azərbaycan Respublikasına qarşı təqdim etdiyi ərizə əsasında (№2515/11) 07 yanvar 2011-ci il tarixdə başlanıb.

2. Ərizəçi Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab A. Əlizadə tərəfindən təmsil olunub. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.

3. Ərizə ilə bağlı 23 sentyabr 2013-cü il tarixində Hökumət məlumatlandırılıb.

FAKTLAR

I. İŞİN HALLARI

4. Ərizəçi 1989-cu ildə Bakı şəhərində doğulub, orda yaşayır.

5. Ərizəçi iddia edib ki, 16 sentyabr 2010-cu il tarixdə onun dostu olan bir nəfər intihar edib və o, intihar olayına görə, Yasamal Rayon Polis İdarəsində şahid qismində dindirilib. Ərizəçi 17 sentyabr 2010-cu il tarixdə polis əməkdaşları tərəfindən Yasamal Rayon Prokurorluğuna aparılıb. Orda dostunun intihar etməsi olayı ilə bağlı yenidən dindirilib. Həmin gün saat 16:00 radələrində ərizəçi Yasamal Rayon Polis İdarəsinə geri qaytarılıb, idarədə polis əməkdaşlarının pis rəftarına məruz qalıb. Polis əməkdaşları onu dəyənəklə döyüblər, ərizəçidən tələb ediblər ki, dostunu intihara təhrik etdiyini etiraf etsin. Ərizəçiyə su və yemək verilməyib, hətta ertəsi günə qədər tualetdən istifadə etməsinə də icazə verilməyib.

6. Kommunikasiya zamnı Hökumət bildirib ki, T.H.-nin 16 sentyabr 2010-cu il tarixdə intihar etməsinin ardınca, müstəntiqlər, mərhumun intihardan bir gün əvvəl ərizəçi ilə əlaqədə olmasını müəyyən ediblər. Ertəsi gün, 17 sentyabr 2010-cu il tarixdə saat 19:00 radələrdə polis əməkdaşı ərizəçidən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb edib, ancaq ərizəçi buna əməl etməyib. Ərizəçi daha sonra şəxsiyyətinin dəqiqləşdirilməsi məqsədilə polis idarəsinə dəvət olunub. Ərizəçi bundan imtina etdiyi üçün zor tətbiq edilməklə Yasamal Rayon Polis İdarəsinə aparılıb. Rəsmi məlumat bazası vasitəsilə ərizəçinin şəxsiyyəti müəyyən olunduqdan və İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 310.1.-ci maddəsinə əsasən polis məmurunun qanuni əmrinə qəsdən tabe olmama ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra ərizəçi, elə həmin gün saat 18:30 radələrində sərbəst buraxılıb.

7. Ərizəçi ertəsi gün, 18 sentyabr 2010-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə gətirilib.

8. Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2010-cu il tarixli qərarı ilə ərizəçiyə beş günlük “inzibati həbs” cəzası verilib. Qərar məhkəmə zamanı ərizəçinin özünün əleyhinə verdiyi ifadə ilə əsaslandırlıb. Həmin ifadəsində ərizəçi qeyd edib ki, polis əməkdaşı ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etdiyi zaman polis bölməsinə getməkdən imtina edib. Ərizəçi iddia edib ki, Yasamal Rayon Məhkəməsinin hakimi qarşısına çıxarılarkən onun üzündə və qollarında gözlə görünən yara-qançır izləri olub, axsaya-axsaya yeriyirmiş. Ancaq məhkəmə heyəti gözlə görünən bu xüsusatlar haqda ona hər hansı sual verməyib.

9. Ərizəçi bəlli olmayan tarixdə Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2010-cu il tarixli qərarından apellyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsinə gətirilməzdən əvvəl polis bölməsində pis rəftarla üzləşib, məhkəmə prosesi zamanı isə polis əməkdaşları tərəfindən öz əleyhinə yalan ifadələr verməyə məcbur olunub. Ərizəçi həmçinin iddia edib ki, onun cəzalandırlması qanunsuz əldə edilmiş sübutlarla əsaslandırılıb, birinci instansiya məhkəməsi onun əleyhinə olan sübutların qəbuledilən və etibarlı olub-olmamasını uyğun şəkildə qiymətləndirməyiblər.

10. Bakı Apellyasiya Məhkəməsi 14 oktyabr 2010-cu il tarixdə ərizəçinin apellyasiya şikayətini rədd edib. Məhkəmə ərizəçinin pis rəftara məruz qalması və zorla öz əleyhinə ifadə verməsi ilə bağlı iddialarını incələməyib. Məhkəmə iclasının protokolunda göstərilir ki, ərizəçi həm yazılı məktub, həm də telefon zəngi vasitəsilə məhkəmənin tarixi və yeri haqqında məlumatlandırılıb, ancaq o, məhkəmə prosesinə qatılmayıb. Apellyasiya məhkəməsinin qərarı qəti idi, ondan başqa şikayət verilə bilməzdi.

11. Ərizəçinin polis idarəsində pis rəftara məruz qalması ilə bağlı bəlli olmayan tarixdə Baş Prokurorluğa şikayət etməsindən sonra Yasamal Rayon Prokurorluğunun müstəntiqi onun məhkəmə-tibbi ekspertizasının keçirilməsinə qərar verib. Məhkəmə ekspertinin 27 sentyabr 2010-cu il tarixli rəyinə əsasən, ərizəçinin sol qolunda və boynunun arxasında cızıqlar mövcud olduğu müəyyən edilib. Ərizəçi özü bu izləri müvafiq olaraq, 11 sentyabr 2010-cu il tarixdə ağaca dırmaşması ilə və 13 sentyabr 2010-cu il tarixdə sevgilisi ilə cinsi əlaqədə olması ilə izah edib.

12. Yasamal Rayon Prokurorluğunda prokuror müavini 15 noyabr 2010-cu il tarixdə pis rəftar iddiaları ilə bağlı cinayət işinin açılmasından imtina edilməsi barədə qərar qəbul edib. Prokuror məhkəmə ekspertinin rəyində olan nəticələrə və üç şahid ifadəsinə əsaslanan qərarında qeyd edib ki, mövcud sübutlar hər hansı cinayət əməlinin baş verməsi görüntüsünü ortaya qoymur.

13. Ərizəçi bu qərardan şikayət verməyib.

II. UYĞUN DAXİLİ QANUNVERİCİLİK

14. İnzibati icraatla bağlı daxili qanunvericiliyin uyğun müddəaların xülasəsi Qafqaz Məmmədov Azərbaycana qarşı işində təsvir edilib (no.60259/11, §§32-38, 15 oktyabr 2015-ci il).

15. Prokurorluq orqanlarının aktlarına və qərarlarına etiraz etməklə bağlı cinayət icraatı iştirakçılarının hüquqları təsbit olunan uyğun daxili qanunvericiliyin müvafiq müddəalarının ətraflı təsviri isə Pirəli Orucov Azərbaycana qarşı (no.8460/07, §24, 3 fevral 2011-ci il) və Abbas Əhmədov Azərbaycana qarşı ((qər.) no.55650/07, §31, 12 noyabr 2013-cü il) işlərində verilib.

QANUNVERİCİLİK

I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN POZUNTUSU İDDİASI

16. Ərizəçi, Konvensiyanın 6-cı maddəsinə istinad edərək, şikayət edib ki, iddia edilən inzibati xəta ilə bağlı ədalətli məhkəmə araşdırması olmayıb. Ərizəçi onun məhkəmədə iştirakının təmin ediımədiyini qeyd edib. Konvensiyanın 6-cı maddəsinin müvafiq hissələri aşağıdakı kimidir:

“1. Hər kəsə ona qarşı qaldırılan hər hansı cinayət ittihamının … müəyyən edilməsində hər kəsə … məhkəmə … tərəfindən … ədalətli şəkildə … dinlənilmək … hüququ verilir …”

A. Qəbuledilənlik

17. 6-cı maddənin sözügedən inzibati icraat işinə tətbiqi mübahisə doğurmasa da, Məhkəmə bu məsələ incələməyi zəruri sayır. Məhkəmə ərizəçinin beş sutkalıq inzibati həbsə məhkum edildiyini, cəza müddəti ərzində həbsxanada saxlanıldığını və bu sanksiyanın sırf cəzalandırmaq məqsədi daşıdığını qeyd edir. Məhkəmə, “Əsədbəyli və başqaları Azərbaycana qarşı” işində (№ 3653/05 və digər 5, 11 dekabr 2012-ci il) gəldiyi nəticələrə söykənərək hesab edir ki, hazırkı iş üzrə icraat Azərbaycan qanunvericiliyinə əsasən “inzibati” kimi səciyyələndirilsə də, onun ərizəçiyə qarşı cinayət ittihamının müəyyən edilməsi kimi təsnifləndirilməsinin gərəkli olduğu qənaətindədir (bax, Qafqaz Məmmədov Azərbaycana qarşı (no.60259/11, §70, 15 oktyabr 2015-ci il; Ziliberberg Moldovaya qarşı, no.61821/00, §§30-35, 1 fevral 2005-ci il, və Meneşeva Rusiyaya qarşı, no. 59261/00, §§95-98, AİHM 2006-III).

18. Məhkəmə qeyd edir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatı

19. Ərizəçi məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış olması ilə əlaqədar apellyasiya məhkəməsinin protokolu ilə razılaşmayıb, şikayətini davam etdirib. Bundan əlavə, o, məhkəmə iclasının yeri və tarixi barədə əvəlcədən məlumatı olmuş olsaydı, ancaq müəyyən səbəbdən iştirak etməsəydi belə, məhkəmənin iclası təxirə salmasının və onu müvafiq qaydada məlumatlandırmasının mümkün olduğunu iddia edib.

20. Hökumət ərizəçinin rəsmi yazılı məktub və telefon vasitəsilə apellyasiya məhkəməsinin iclasının yeri və tarixi barədə məlumatlandırıldığını, ancaq məhkəmə iclasına qatılmadığını bildirib. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsi ərizəçinin etirafı da daxil olmaqla, işə birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsasında baxıb. Bu səbəbdən, apellyasiya məhkəməsi ərizəçinin arqumentlərindən xəbərdar idi və məhkəmədə tərəflərin bərabərliyi prinsipinə riayət etmişdi.

2. Məhkəmənin dəyərləndirməsi

21. Məhkəmə başlanğıcda əvvəllər gəldiyi nəticələri təkrarlayır ki, tərəflər arasında “ədalətli balans” mənasında tərəflərin bərabərliyinə əməl edilməsi tələbi həm cinayət, həm də mülki işlərdə tətbiq olunur (bax, Dombo Beheer B.V. Hollandiyaya qarşı, 27 oktyabr 1993-cü il, §§32-33, Seriya A no.274). Ancaq tərəflərdən biri daxili qanunvericiliyə uyğun olaraq, məhkəmə prosesinə qatılmaq imkanına sahib olacaq şəkildə məhkəmə prosesi haqqında xəbərdar edilməmişdirsə, o zaman tərəflərin bərabərliyi şərti mahiyyətini itirmiş olacaq (bax, Zaqorodnikov Rusiyaya qarşı, no.66941/01, §30, 7 iyun 2007-ci il və Fyodor və Fyodorova Ukraynaya qarşı, no.39229/03, §99, 7 iyul 2011-ci il). Silahların eşitliği şartı,

22. İşə mahiyyəti üzrə baxmazdan əvvəl yerli məhkəmələr tərəflərə bildirişin verilməsində hər hansı çatışmazlığın baş verib-vermədiyini müəyyən etməlidir. Məhkəmənin yerli məhkəmələrin qərarlarında görməyi gözlədiyi analiz məhkəmə bildirişlərinin göndərilməsinə istinaddan daha artıq olmalı, həmin analizdə məhkəmədə iştirak etməyən tərəfin məhkəmə iclası haqqında kifayət qədər əvvəlcədən məlumatlandırılıb-məlumatlandırılmadığını müəyyən etmək üçün mövcud sübutlardan maksimum istifadə edilməlidir (bax, Gankin və digərləri Rusiyaya qarşı, nos.2430/06 və digər 3-ü, §38, 31 may 2016-cı il). Bu sualın cavabı, məhkəmələrin iclasın müvafiq bildirişin göndərilməsinə qədər təxirə salınıb-salınmasına qərar verməsinə imkan yaradardı (bax, Zemlyaçenko Rusiyaya qarşı [Komitə], no.23866/06, §22, 22 yanvar 2013-cü il və Kokurxayev Rusiyaya qarşı, no.46356/09, §31, 13 dekabr 2011-ci il). Məhkəmələr məhkəmədə iştirak etməyən şəxsin sözügedən məhkəmə iclasında şəxsən iştirak etmək hüququndan tam xəbərdar olub-olmadığını müəyyən etmədən belə nəticəyə gələ bilməzlər ki, həmin şəxs bu hüququndan yararlanmaqdan imtina edib (bax, Dilipak və Karakaya Türkiyəyə qarşı, nos.7942/05 və 24838/05, §87, 4 mart 2014-cü il). Yekunda Məhkəmə təkrarlayır ki, daxili məhkəmələr məhkəmədə iştirak etməyən şəxsin vaxtında xəbərdar edilib-edilmədiyini yoxlayarkən, onlardan gözlənilən, məsələyə xüsusi əhəmiyyət vermələri və bir tərəfin məhkəmədə qarşı tərəf qarşısında əlverişsiz şəraitə düşmədən özünü effektiv təmsil etmək hüququndan tam yararlana bilməsidir (bax, Gankin və digərləri, yuxarıda istinad edilib, §38).

23. Hazırki işin hallarına gəldikdə isə Məhkəmə, ərizəçinin heç bir məhkəmə bildirişi almadığını və işi üzrə apellyasiya məhkəməsinin iclasının yeri və tarixi haqında xəbərdar olmadığını iddia etdiyini qeyd edir. Öz növbəsində, Hökumət bildirib ki, (i) ərizəçi apellyasiya məhkəməsinin iclası barədə məlumatlandırılıb və (ii) ərizəçinin apellyasiya şikayətinə sadəcə, iş materiallarına əsalanaraq, əhatəli və ədalətli qaydada baxılması üçün ərizəçinin iştirakı tələb olunmayıb.

24. Məhkəmə birinci onu qeyd edir ki, işin materiallarında ərizəçinin apellyasiya məhkəməsinin iclası ilə bağlı məlumatlandırılması barədə heç bir sübut yoxdur. Bununla yanaşı, apellyasiya məhkəməsinin ərizəçinin lazımi qaydada xəbərdar edilib-edilməməsini və ya hər hansı xüsusi səbəbdən onu xəbərdar etməkdən imtina edilib-edilmədiyini yoxlamasını təsdiqləyən əsaslar mövcud deyil (müqayisə et: Çerneqa və digərləri Ukraynaya qarşı, no.74768/10, §182, 18 iyun 2019-cu il).

25. Məhkəmə, müvafiq qaydada xəbərdar edilmə haqda sübutun olmamasına görə, ərizəçinin məhkəmə iclasının yeri və tarixi haqqında məlumatlandırılmamaqla bağlı arqumentlərini qəbul edir.

26. Hökumətin ikinci arqumentinə gəldikdə isə Məhkəmə qeyd edir ki, ərizəçi apellyasiya şikayətində (yuxarıda 9-cu abzasa bax) öz məhkumluğunu həm faktiki, həm də hüquqi əsaslar üzrə mübahisləndirib. Ərizəçi xüsusilə qeyd edib ki, onun təqsirliliyi qanuni yolla əldə olunmuş dəlillərlə sübuta yetirilməyib – birinci instansiya məhkəməsi ona qarşı olan dəlillərin qəbul edilənliyini və etibarlılığını ədalətli şəkildə qiymətləndirə bilməyib. Məhkəmənin qənaətincə, bu arqumentlər göstərir ki, ərizəçi onun həbs olunduğu faktiki şəraitin və dəlillərin qəbul edilənliyi və etibarlılığının Apellyasiya Məhkəməsi tərəfindən yoxlanılmasını istəmişdi (müqayisə et: Abdülqadirov Azərbaycana qarşı, no.24510/06, §42, 20 iyun 2013-cü il, və Çerneqa və digərləri, yuxarıda istinad edilmişdir, §179). Bu səbəbdən, onun birbaşa məhkəmə iclasında dinlənilməsi önəm kəsb edirdi.

27. Məhkəmə onu da vurğulayır ki, bu tip işlərdə apellyasiya məhkəməsinin qərarları qətidir, ondan yuxarı məhkəməyə hər hansı şikayət verilə bilməzdi (yuxarıda 10-cu paraqrafa bax) və buna görə də, ərizəçinin işi üzrə verilən qərara yenidən baxılması imkanı da yox idi.

28. Yuxarıdakı mülahizələrin işığında Məhkəmə, ərizəçinin məhkəmə prosesində səmərəli şəkildə iştirak etmək və tərəflərin bərabərliyi hüququna məhdudiyyətlərin Konvensiyanın 6-cı maddəsində göstərilən ədalətli məhkəmə araşdırması hüququnun prinsiplərinə uymadığı qənaətinə gəlir. Beləliklə, Konvensiyanın 6§1-ci maddəsinin pozuntusu baş verib.

II. KONVENSİYANIN 3 VƏ 13-CÜ MADDƏLƏRİNİN POZUNTUSU İDDİASI

29. Konvensiyanın 3-cü və 13-cü maddəsinə istinad edən ərizəçi şikayətində pis rəftara məruz qaldığını, iddia olunan pis rəftarın effektiv şəkildə araşdırılmadığını vurğulayıb. Məhkəmə ərizəçinin şikayətlərinə yalnız Konvensiyanın 3-cü maddəsinə əsasən baxılmalı olması qənaətindədir. Həmin maddənin uyğun hissəsi aşağıdakı kimidir:

“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır..”

30. Hökumət ərizəçinin ölkədaxili hüquq müdafiə vasitələrindən tam şəkildə istifadə etmədiyini iddia edib. Hökumət xüsusilə iddia edib ki, ərizəçi Cinayət Prosessual Məcəlləsinin 449.3.5.-ci maddəsində prokurorluğun hərəkətləri və qərarlarından şikayət verməklə bağlı nəzərdə tutulan prosessual imkanlardan istifadə etməyib.

31. Ərizəçi Hökumətin etirazları ilə razılaşmayıb, şikayətini davam etdirib. İddia edib ki, onun müvafiq şikayətinə Apellyasiya Məhkəməsində inzibati icraat çərçivəsində ədalətli baxılmadığından mövcud milli hüquq müdafiə vasitələrini səmərəli hesab etməyib və birbaşa Məhkəməyə şikayət edib.

32. Məhkəmə onu müşahidə edir ki, ərizəçi onun pis rəftara məruz qalması ilə bağlı iddiaları üzrə cinayət işi açılmasından imtina edilməsi ilə bağlı müstəntiqin 15 noyabr 2010-cu il tarixli qərarından Ali Məhkəməyə şikayət verməyib (müqayisə et: Abbas Əhmədov Azərbaycana qarşı (qər.), no.55650/07, §§16 və 42, 12 noyabr 2013-cü il; Abbas və digərləri Azərbaycana qarşı [Komitə], no.69397/11 və digər 3-ü, §§25-27 və 69, 13 iyul 2017-ci il; və Aslanov Azərbaycana qarşı [Komitə], no.35402/07, §46, 15 noyabr 2018-ci il; və müqayisə et: Məmmədov Azərbaycana qarşı, no.34445/04, §§23-27, 11 yanvar 2007-ci il və Rizvanov Azərbaycana qarşı, no.31805/06, §§16-20, 17 aprel 2012ci il). Məhkəmə, belə bir məhkəmə nəzarətinin cinayət icraatı başlamaq və ya yenidən açmaq səlahiyyətinin olmamasına rəğmən, onun prokurorluq orqanlarının qərarları üzərində nəzarətedici səlahiyyətinin, istintaq orqanlarının səlahiyyətlərindən özbaşına istifadəsinə qarşı önəmli zəmanət təşkil etdiyini vurğulayır (bax, Abbas Əhmədov, §42, Abbas və digərləri, §69, hər ikisinə yuxarıda istinad edilib).

33. Bununla yanaşı, hazırki işdə ərizəçini müstəntiqin sözügedən qərarından şikayət vermək öhdəliyindən azad edən hər hansı xüsusi hal mövcud deyil. Məhkəmə, daxili müdafiə vasitələrinin səmərəsizliyi ilə bağlı sadəcə şübhələrin mövcud olmasının, daxili hüquqi müdafiə vasitələrindən normal şəkildə istifadə etmək tələbini aradan qaldırmağa yetərli olmaması fikrini təkrarlayır (bax, Kunqurova Azərbaycana qarşı (dec.), no.5117/03, 23 iyun 2005-ci il, və Aslanov, yuxarıda istinad edilmişdir, §47). Nəticə olaraq, ərizəçi müvafiq və mövcud olan ölkə daxili hüquq müdafiə vasitələrindən tam istifadə etməyib (müqayisə et: Abbas Əhmədov, yuxarıda istinad edilib, §§41-43, Abbas və digərləri, yuxarıda istinad edilib, §70, və Aslanov, yuxarıda istinad edilib, §§46-48).

34. Ərizəçinin birinci instansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətinə baxış zamanı pis rəftara məruz qalması ilə bağlı qaldırdığı şikayətlərindəki arqumentə gəldikdə (yuxarıda 9-cu paraqrafa bax) Məhkəmə müşahidə edir ki, apellyasiya məhkəməsi onun şikayətinə mahiyyəti üzrə baxmayıb (yuxarıda 10-cu paraqrafa bax). Məhkəmə, bir ərizəçinin pis rəftara məruz qalması ilə bağlı şikayəti üzrə daxili müdafiə vasitələrini tükəndirmədiyi, ancaq bunun əvəzinə, həmin şikayətləri onu mahiyyəti üzrə araşdırmayan məhkəmə qarşısında qaldırması durumlarında, ərizəçinin daxili müdafiə vasitələrini tükəndirmək şərtinə əməl etməsi qənaətinə gələ bilməz (bax, Abbas Əhmədov, yuxarıda istinad edilmişdir, §§44-46, Akif Məmmədov Azərbaycana qarşı (dec.), no.46903/07, §32, 13 may 2014-cü il, və Abbas və digərləri, yuxarıda istinad edilib, §71).

35. Məhkəmə belə olan halda hesab edir ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsinə (pis rəftar və effektiv istintaqın aparılmaması ilə bağlı) əsasən verdiyi şikayətlər daxili hüquq müdafiə vasitələrindən tam istifadə edilməməsinə görə Konvensiyanın 35§§1 və 4-cü maddələrinə uyğun olaraq rədd edilməlidir.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

36. Konvensiyanın 41-ci maddəsində göstərilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Ziyan

1. Maddi ziyan

37. Ərizəçi gəlirlərini itirməiş olması və tibbi xərclərinin qarşılanması üçün maddi zərər əvəzi 2900 Azərbaycan manatı (AZN) tələb edib.

38. Hökumət Məhkəmədən iddianın rədd olunmasını xahiş edib.

39. Tibbi xərclərlə bağlı tələbə münasibətdə Məhkəmə, iddia edilən ziyanla aşkar olunan zorakılıq izləri arasında hər hansı səbəb-nəticə əlaqəsinin tapılmadığını qeyd edir. Gəlir itkisi ilə əlaqədar iddiaya gəlincə Məhkəmə müşahidə edir ki, ərizəçi iddiasını dəstəkləyən hər hansı müvafiq sənədli sübut təqdim etməyib. Bunlara əsasən, Məhkəmə ərizəçinin bu başlıq altında olan tələblərini rədd edir.

2. Mənəvi ziyan

40. Ərizəçi mənəvi ziyana görə, 20.000 AZN tələb edib.

41. Hökumət Məhkəmədən bu tələbin rədd edilməsini xahiş edib.

42. Məhkəmə hesab edir ki, ərizəçi yalnız pozuntunun müəyyən edilməsi ilə kompensasiya edilə bilməyəcək mənəvi ziyana məruz qalıb və buna görə, ona ədalətli əvəz təyin edilməlidir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirmə aparan Məhkəmə, ərizəçiyə bu başlıq üzrə tutula biləcək hər hansı vergi məbləği də üzərinə gəlməklə 2400 avro məbləğində təzminatın təyin edilməsinə qərar verir.

B. Xərc və məsrəflər

43. Ərizəçi həmçinin Məhkəmə qarşısındakı hüquqi xərclərə görə 1600 AZN, tərcümə xərclərinə görəsə 450 AZN tələb edib. Ərizəçi tələblərini dəstəkləmək üçün nümayəndəsi və tərcüməçi ilə bağladığı müqavilələri təqdim edib.

44. Hökumət bu tələblərin rədd edilməsini xahiş edib.

45. Məhkəmənin presedent hüququna görə, ərizəçi, xərclərin yalnız həqiqi və zəruri şəkildə çəkildiyi və miqdar baxımından ağlabatan olduğu göstərildiyi təqdirdə onu almaq hüququna malikdir. Hazırkı işdə əlində olan sənədləri və yuxarıda qeyd olunan meyarları, habelə, nümayəndə və tərcüməçinin gördüyü işlərin həcmini nəzərə alaraq Məhkəmə bu başlıq altında xərclərin ödənilməsi üçün 800 avro məbləğində məbləğin təyin edilməsini məqsədəuyğun hesab edir.

C. Faiz dərəcəsi

46. Məhkəmə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Bəyan edir ki, ərizə Konvensiyanın 6§1-ci maddəsinə əsasən qəbul ediləndir və ərizənin yerdə qalan hissəsi qəbul edilməzdir;

2. Qərara alır ki, Konvensiyanın 6.1-cı maddəsinin pozuntusu baş verib;

3. Qərara alır

(a) cavabdeh dövlət tutula biləcək hər hansı vergi məbləği də daxil olmaqla, ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək, ərizəçiyə mənəvi ziyana görə 2400 (iki min dörd yüz) avro, xərc və məsrəflərə görə 800 (səkkiz yüz) avro ödəməlidir;

(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

4. Üçüncü ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.

Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 20 fevral 2020-ci il tarixdə yazılı olaraq açıqlanıb.

Milan Blaško                  André Potocki

İclas Katibi                         Sədr