№23310/18 ƏLİ İNSANOV AZƏRBAYCANA QARŞI – 6 mart 2023-cü il

6 mart 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 23310/18

Əli Binnət oğlu İNSANOV Azərbaycana qarşı

14 may 2018-ci il tarixdə daxil olub

 

15 fevral 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu məhkəmə işi ərizəçiyə qarşı açılmış cinayət işinin araşdırmasının ədalətsizliyi iddiaları ilə bağlıdır. İş həmçinin ərizəçinin hüquqlarının Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlər üçün məhdudlaşdırılması iddilarına aiddir.

Ərizəçi siyasətçi və keçmiş səhiyyə naziridir. O, hadisələrin baş verdiyi vaxt bir neçə cinayətə görə azadlıqdan məhrum etmə cəzası çəkirdi (həmin hökmlə bağlı iş Məhkəmənin İnsanov Azərbaycana qarşı (no. 16133/08, 14 mart 2013-cü il) işinin araşdırmasının predmeti olub). Ərizəçinin on il on aylıq cəza müddəti 2016-cı il oktyabrın 20-də başa çatmalı idi.

Ərizəçi 24 avqust 2016-cı il tarixdə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələr olan dərmanların əldə edilməsi və saxlanması və cəzaçəkmə müəssisəsinin əməkdaşına zorakılıqla müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb.

Ərizəçi 26 aprel 2017-ci il tarixdə yenidən məhkum olunaraq, üç il müddətinə dövlət və ya özünüidarəetmə orqanlarında hər hansı vəzifə tutmaq qadağan edilməklə yeddi il beş gün müddətinə azadlıqdan məhrum olunub. 16 yanvar 2018-ci il tarixdə Ali Məhkəmə onun barəsindəki hökmü qüvvədə saxlayıb.

Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü ((c) və (d)) bəndlərinə və 18-ci maddəsinə əsaslanan ərizəçi xüsusilə şikayət edib ki, onun məhkumluğu uydurma və başqa qanunsuz sübutlara əsaslanıb, ona qarşı cinayət prosesində ədalətli məhkəmə təminatları müxtəlif şəkildə pozulub, bu proseslər onu hökuməti tənqid etdiyinə görə cəzalandırmaq və siyasi fəaliyyətinə mane olmaq məqsədi daşıyıb.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, ona qarşı irəli sürülən cinayət ittihamının araşdırlması zamanı ədalətli dinləmə imkanlarına sahib olubmu? Xüsusilə, ərizəçinin əsaslandırılmış qərar əldə etmək hüququna, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə riayət olunubmu? Ərizəçiyə ona qarşı olan sübutları mübahisələndirmək, müdafiə xəttini dəstəkləyən sübutları təqdim etmək və belə sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkan yaradılıbmı?

2. Ərizəçinin qanunsuz yolla əldə etdiyi və saxladığı iddia edilən dərman vasitələrinin aşkar edildiyi axtarış müvafiq daxili prosessual qaydalara uyğun aparılıbmı?

3. Hazırkı işin hallarında Konvensiyanın 18-ci maddəsi 6-cı maddə ilə birlikdə tətbiq ediləndirmi (bax: İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, § 261, 16 noyabr 2017-ci il)? Əgər belədirsə, dövlətin Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq ərizəçiyə tətbiq etdiyi məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəa ilə nəzərdə tutulanlardan fərqli məqsədlər üçün tətbiq edilibmi?

4. Tərəflərdən öz cavablarını və təqdimatlarını təsdiq edən sənədli sübutları, o cümlədən daxili məhkəmələrin hökm və qərarlarının surətlərini, məhkəmə iclaslarının stenoqramlarını, ekspertiza rəylərini, ərizəçinin apellyasiya şikayətlərini və vəsatətlərini təqdim etmələri xahiş olunur.