№23290/18 ETİBAR MƏMMƏDOV AZƏRBAYCANA QARŞI – 28 AVQUST 2023-CÜ İL

 

28 avqust 2023-cü il tarixdə dərc edilib

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 23290/18

Etibar MƏMMƏDOV Azərbaycana qarşı

 

8 may 2018-ci il tarixdə təqdim edilib
10 iyul 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN HALLARI

Bu ərizə insanları müxalifətçilərin təşkil etdiyi nümayişdə iştiraka çağıran broşüralar yaydığına görə ərizəçinin həbs və inzibati qaydada məhkum edilməsi ilə bağlıdır.

Ərizəçi 22 sentyabr 2017-ci il tarixində səhər tezdən erkən həbs edilib və həmin gün İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni əmrinə tabe olmama) maddəsinə əsasən on beş sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə və 10 və 18-ci maddələrinə əsaslanaraq, həbsinin və məhkum edilməsinin qanunsuz olmasından, formal əsaslarla əlaqəsi olmayan məqsədlər güdməsindən, həbsinin və məhkum edilməsinin siyasi fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşımasından şikayət edib.

Ərizəçi həmçinin 6-cı maddənin 1 və 3-cü bəndlərinə əsaslanaraq şikayət edib ki, ona qarşı aparılan daxili məhkəmə icraatları xüsusilə ədalətsiz olub – ona müdafiəsini hazırlamaq üçün adekvat vaxt və imkan verilməyib, öz seçdiyi vəkillə təmin edilməyib; yerli məhkəmələrin qərarlarında adekvat əsaslandırma olmayıb; dinləmələr açıq keçirilməyib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla azadlıqdan məhrum edilibmi? Xüsusilə, ərizəçinin həbsinə “qanunla müəyyən edilmiş qaydada” qərar verilibmi (bax: digərləri ilə yanaşı, Hüseynli və başqaları Azərbaycana qarşı, № 67360/11 və 2 başqa ərizəçi, 11 fevral 2016-cı il və Qafqaz Məmmədova qarşı, № 60259/11, 15 oktyabr 2015-ci il)?

2. Ərizəçi ona qarşı ittihamın əsaslılığının müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq ədalətli məhkəmə dinləməsi imkanına malik olubmu (bax: Həsənov və Məcidli Azərbaycana qarşı, № 9626/14 və 9717/14), 7 oktyabr 2021-ci il; Hüseynli və başqaları Azərbaycana qarşı, № 67360/11 və başqa 2 ərizəçi, 11 fevral 2016-cı il; və Qafqaz Məmmədov Azərbaycana qarşı, № 60259/11, 15 oktyabr 2015-ci il)?

Xüsusilə:

(a) ərizəçiyə müdafiəsini hazırlamaq üçün adekvat vaxt və şərait və öz seçdiyi vəkil vasitəsilə özünü müdafiə etmək imkanı verilmişdimi?
(b) ərizəçinin əsaslandırılmış qərara olan hüququna hörmət edilibmi?
(c) hazırkı iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələb etdiyi kimi açıq dinləmə keçirilibmi?

3. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığına, xüsusən də məlumat və ideyalarını yaymaq hüququna müdaxilə baş veribmi (bax: Həsənov və Məcidli Azərbaycana qarşı, № 9626/14 və 9717/14, 7 oktyabr 2021)? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

4. Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq hazırkı işdə dövlət tərəfindən qoyulmuş məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəa ilə nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçün tətbiq edilibmi (bax: İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və başqa 5 ərizəçi, 13 fevral 2020-ci il və Miroslava Todorova Bolqarıstana qarşı, №40072/13, 19 oktyabr 2021-ci il)?

Tərəflərdən ərizəçinin apellyasiya şikayəti və məhkəmə dinləmələrinin stenoqramları da daxil olmaqla, daxili məhkəmələrdəki icraatlarla bağlı bütün sənədlərin surətlərini təqdim etmələri xahiş olunur.