№22684/05 MAHİRƏ MURADOVA AZƏRBAYCANA QARŞI – 2 APREL 2009-CU İL

 

BİRİNCİ BÖLMƏ

MURADOVA AZƏRBAYCANA QARŞI
(Ərizə № 22684/05)

QƏRAR

 

 

STRASBURQ
2 aprel 2009-cu il

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Muradova Azərbaycana qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə),

hakimlər:
Kristos Rozakis (Christos Rozakis), sədr
Nina Vayiç (Nina Vajić)
Anatoli Kovler (Anatoly Kovler)
Xanlar Hacıyev (Khanlar Hajiyev)
Din Spilmann (Dean Spielmann)
Corcio Malinverni (Giorgio Malinverni)
habelə Seksiyanın katibi cənab Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək,
12 mart 2009-cu ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan vətəndaşı xanım Mahirə Sədrəddin qızı Muradova (“ərizəçi”) tərəfindən 7 iyun 2005-ci ildə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı ərizə (№ 22684/05) əsasında başlanmışdır.

2. Ərizəçini Bakıda vəkillik fəaliyyəti ilə məşğul olan cənab İ. Aşurov təmsil etmişdir. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil etmişdir.

3. Ərizəçi konkret olaraq iddia etmişdir ki, polisin qəddarlıq aktına məruz qalıb və hakimiyyət orqanları insidentlə bağlı adekvat araşdırma aparmayıblar.

4. 2 oktyabr 2006-cı ildə Birinci Seksiyanın sədri ərizə barədə Hökumətə məlumat verməyi qərara almışdır. Həmçinin qərara alınmışdır ki, ərizəyə mahiyyəti üzrə baxılması onun qəbuledilənliyinə baxılması ilə eyni vaxtda keçirilsin (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).

FAKTLAR

5. Ərizəçi 1949-cu ildə anadan olub və Bakıda yaşayır.

I. İŞİN HALLARI

A. 15 və 16 oktyabr 2003-cü il hadisələri

6. 15 oktyabr 2003-cü ildə Azərbaycanda prezident seçkiləri keçirildi. Müxalifətçi Müsavat Partiyasının namizədi seçkidə uduzdu.

7. Seçki gününün axşamı müxalifət tərəfdarları qrupu Bakının mərkəzində Müsavat Partiyasının qərargahı qarşısında toplaşaraq seçkidə onların namizədinin qalib gəldiyini iddia etdilər. Bu vaxt müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında müəyyən qızğın mübahisələr oldu.

8. Oktyabrın 16-da gündüz saat 2 radələrində bir sıra müxalifət tərəfdarları seçkinin nəticələrinə etiraz etmək üçün Bakının mərkəzində Dövlət Xalça Muzeyinin yaxınlığında toplaşmağa başladılar. Kütlə şəhərin əsas meydanı olan Azadlıq Meydanına doğru hərəkət etməyə başladı. Məlumata görə, yolda kütlədəki bəzi insanlar maşınlara, binalara, skamyalara və şəhərin digər qurğularına ziyan yetirməyə başladılar. Həmçinin iddia edildiyinə görə, bu icazəsiz nümayişin təşkilatçıları və müxalifət partiyalarının müəyyən liderləri öz tərəfdarlarını zorakılığa təhrik etdilər.

9. Azadlıq Meydanına cəlb edilən polis əməkdaşlarına bəzi nümayişçilər tərəfindən hücum edildi. Bundan az sonra dəbilqə, qalxan və dəyənəklərlə tam təchiz olunmuş çoxlu sayda asayiş polisi və hərbçilər meydana gəldilər. Vəziyyət sürətlə gərginləşərək ictimai iğtişaşa keçdi və kütlə ilə polis arasında zorakı toqquşmalar baş verdi.

10. Axşam saat 6 radələrində nümayiş dağıdıldı. 16 oktyabr hadisələri zamanı və onların nəticəsində yüzlərlə insan həbs edildi.

11. Nümayiş dağıdılarkən ərizəçi Azadlıq Meydanında idi və sağ gözündən ciddi xəsarət aldı. Tərəflər arasında həmin gün ərizəçinin başına dəqiq şəkildə nə iş gəldiyi ilə bağlı fikir ayrılığı var.

1. Faktlarla bağlı ərizəçinin versiyası

12. Ərizəçinin sözlərinə görə, Azadlıq Meydanına cəlb olunmuş polislərin və hərbçilərin sayı nümayişçilərin sayını xeyli üstələyirdi. Polis və hərbi qüvvələr dinc şəkildə dağılışmağı tələb etmədən və ya hər hansı ilkin xəbərdarlıq etmədən qəflətən nümayişçilərə hücum etdilər. Onlar həddən artıq güc tətbiq etdilər və yollarına çıxan hər kəsi vurdular. Polisin qəddarlığı nəticəsində bir neçə nəfər xəsarət aldı və ən azı bir nəfər öldü.

13. Polis və hərbi qüvvələr üstünlük qazandıqca insanlar panikaya düşərək meydandan qaçmağa cəhd etdilər. Ərizəçi də qaçıb xilas olmağa çalışdı, amma kütlənin içərisində kimsə onu arxadan itələdi və o, yerə yıxıldı. O, başını qaldırdı və qarşısında dayanan bir neçə dəbilqəli polis nəfəri gördü. O, qolunu onlara tərəf uzadaraq ayağa qalxmasına kömək etmələrini istədi. Bu məqamda polis nəfərlərindən biri onun sağ gözünə dəyənəklə güclü zərbə endirdi. Ərizəçinin sağ gözü dərhal görmə qabiliyyətini itirdi. Polis nəfəri onu yenidən vurmağa cəhd etdi, amma o, ikinci zərbədən yayınmağı bacardı.

14. Bir neçə naməlum şəxs onu yaxınlıqda yerləşən 259 saylı aptekə apardılar. Aptekin işçiləri ona və artıq orada olan, xəsarət almış bir neçə digər şəxsə ilk yardım göstərməyə çalışdılar.

15. Müəyyən bir məqamda bir neçə əsgər açıq-aydın içəridəkilərə hücum etmək üçün aptekə girməyə cəhd etdi, amma bunun qarşısı İ.G. adlı şəxs və aptek işçisi tərəfindən alındı. Az sonra təcili yardım maşını gəldi və ərizəçini və xəsarət almış digər dörd şəxsi təcili yardım klinikasına apardı.

2. Faktlarla bağlı Hökumətin versiyası

16. Hökumət bildirdi ki, iğtişaş zamanı iyirmidən artıq dinc mülki şəxs xəsarət aldı və müxtəlif dövlət və özəl mülkiyyətlərə ciddi ziyan dəydi.

17. Bununla belə, Hökumət ərizəçinin xəsarət aldığı insidentlə bağlı ərizəçinin versiyasını şübhə altına aldı. Dövlət orqanları tərəfindən aparılmış istintaqa istinadən (aşağıda C və D bölmələrinə bax) o, iddia etdi ki, ərizəçiyə xəsarət polis tərəfindən yetirilməyib və xəsarət onun yıxılaraq küt əşya üzərinə düşməsi nəticəsində baş verib.

B. Ərizəçinin aldığı ilkin tibbi müalicə

18. 16 oktyabr 2003-cü ildə ərizəçi təcili tibbi yardım klinikasına gətirildi. Tibbi qeydlərdə göstərilib ki, ona “sağ gözün hemoftalmiyası [göz almasına qan yığılması] və kontuziyası; göz orbitinin yuxarı sağ küncündə göyərmiş zədə” diaqnozu qoyulub. Orada qeyd edilib ki, ərizəçi “16 oktyabr 2003-cü ildə şəhərdə baş vermiş məlum hadisələr zamanı xəsarət alıb”.

19. İlkin müalicə aldıqdan sonra 17 oktyabr 2003-cü ildə ərizəçi oftalmologiya üzrə ixtisaslaşmış xəstəxanaya – Göz Xəstəlikləri İnstitutuna köçürüldü. O, “[sağ] göz sklerasının (göz almasının qeyri-şəffaf xarici qişasının) ciddi şəkildə dağılması, … hifema [gözün qabaq nahiyəsinə qan yığılması], hemoftalmiya, göz orbitinin yuxarı sağ küncündə tikişli zədə” diaqnozu ilə qəbil edildi. Ərizəçi həkimlərə dedi ki, polis dəyənəyinin zərbəsi nəticəsində xəsarət alıb.

20. 17 oktyabr 2003-cü ildə ərizəçi üzərində təcili cərrahiyyə əməliyyatı aparıldı. Cərrahiyyə əməliyyatına baxmayaraq, onun sağ gözü həmişəlik kor qaldı.

21. 4 noyabr 2003-cü ildə ərizəçi xəstəxanadan buraxıldı. O, iddia etdi ki, bir neçə həftədən sonra sol gözünün görmə qabiliyyəti də sürətlə pisləşməyə başladı.

C. Cinayət istintaqı

1. Cinayət barədə şikayət və ərizəçinin dindirilməsi

22. 24 fevral 2004-cü ildə ərizəçi baş prokurorluğa cinayət barədə şikayət təqdim edərək xahiş etdi ki, dəyənəklə onu vurmuş polis nəfəri müəyyən edilsin və cinayət məsuliyyətinə cəlb olunsun. Naməlum tarixdə o, həmçinin ərizə verərək ona “zərər çəkmiş şəxs” rəsmi statusu verilməsini xahiş etdi.
23. Həmin vaxt baş prokurorluq artıq 16 oktyabr 2003-cü ildə baş vermiş ictimai iğtişaşla bağlı cinayət işinə başlamışdı. Belə görünür ki, bu cinayət işi nümayişçilər tərəfindən törədildiyi iddia edilən ictimai asayişə qarşı hüquq pozuntularına aid idi və sözügedən hadisələr zamanı polis tərəfindən törədildiyi iddia edilən hüquq pozuntularına aid deyildi. Ərizəçinin şikayəti əsasında ayrıca cinayət işinə başlanılmadı və onun məktubu yuxarıda adı çəkilən cinayət işinin materiallarına daxil edildi.

24. 13 və 16 mart 2004-cü ildə ərizəçi müstəntiq tərəfindən şahid qismində (“zərərçəkən” qismində yox) dindirildi. Ərizəçinin ifadəsinə əsasən, 16 oktyabr 2003-cü ildə o, dənizkənarı parka (o, Dövlət Xalça Muzeyinə və Azadlıq Meydanına gedən yol boyunca yerləşir) gedib və qəzet oxumaq üçün skamyada oturub. Gündüz saat 1.30 radələrində o, parkda şüarlar qışqıran və seçkinin nəticələrinə etiraz edən 200-ə yaxın adam görüb. O, bu qrupa qoşulub, çünki o da seçkidən narazı idi. Qrup Dövlət Xalça Muzeyi istiqamətinə və oradan Azadlıq Meydanına yollanıb. Kütlənin içərisindən təxminən 15-20 nəfər gənc yoldakı əşyaları dağıtmağa başlayıblar, bəziləri isə həmçinin muzeyin yanında dayanmış polis qrupuna hücum ediblər. Ərizəçi və kütlənin içərisindəki digər insanlar bu gəncləri hərəkətlərinə görə danlayıblar. O, Azadlıq Meydanına çatanda görüb ki, artıq orada müxalifət liderləri də daxil olmaqla daha çox insan toplaşıb. O, həmçinin görüb ki, asayiş polisi və hərbçilər gəlib çatırlar və meydanın bir küncündə qruplaşırlar. O, polisin və hərbçilərin kütləyə dağılışmaq və meydanı tərk etmək barədə hər hansı tələblərlə müraciət etdiyini eşitməyib. Qəflətən kütlə ilə polis qüvvələri toqquşub. Nümayişçilər polislərə daş, taxta və metal parçaları atıblar, sonuncular isə kütləyə tərəf irəliləyərək nümayişçiləri rezin dəyənəklərlə vurublar. Polis üstün gəlməyə başladıqda insanlar panikaya düşüblər və qaçmağa başlayıblar.

25. Ərizəçi sözlərinə aşağıdakı kimi davam etdi:
“… Mən evə getmək istədim. [Azadlıq Meydanının bir küncündə] ağacların arası ilə getdiyim zaman qaçaraq yanımdan ötən adamlar məni itələdilər və mən yerə yıxıldım. … Mənə yaxınlaşan, dəbilqə və qara forma geymiş. əlində dəyənək və qalxan tutmuş polis nəfərindən xahiş etdim ki, ayağa qalxmağıma kömək etsin. Mənə kömək etmək əvəzinə polis nəfəri dəyənəklə mənim sağ gözümdən vurdu. Mən qışqırıb gözümü tutdum və “sənə nə eləmişəm ki, məni vurursan?” deyə soruşanda onun məni vurmaq üçün yenidən qolunu qaldırdığını gördüm. Bu məqamda mən hiss etdim ki, yaxınlıqda dayanmış başqa bir polis nəfəri ona nəsə dedi və sonra onların hamısı məndən aralandı. Mən onların çiyinlərində hər hansı rütbə nişanı görə bilmədim. Mən məni vurmuş polis nəfərini və onun yaxınlığında olan polisləri tanımaq iqtidarında deyildim. Ola bilsin ki, yaxınlıqda olan mülki şəxslərin bəziləri [bu hadisəni] görüblər, amma mən konkret olaraq kimin buna şahid olduğunu bilmirəm. Mən özüm ayağa qalxdım və axsaya-axsaya 259 saylı aptekə tərəf getdim, tanımadığım bir qoca kişi mənim qolumdan tutdu və məni aptekədək müşayiət etdi ki, orada tibbi yardım ala bilim. Biz aptekə çatandan sonra həmin kişi getdi. Aptek tamamilə qana bulanmışdı [və] içəridə bir neçə xəsarət almış mülki şəxs vardı. Bu məqamda bir neçə əsgər aptekə yaxınlaşdılar və pəncərəni döyməyə başladılar, aptekin işçisi olan saçları ağarmış yaşlı bir qadın [onları danladı]. Elə həmin vaxt telejurnalist olduğu üçün tanıdığım İ.G. içəridən aptekin qapısını açmağa çalışarkən bayırda dayanmış əsgərlər onu dəyənəklə vurmağa cəhd etdilər, amma cəhdləri baş tutmadı. [İ.G.-nin qapını açıb bayıra çıxmaq istəməsinin] səbəbi bu idi ki, o, xəsarət alanlar üçün təcili yardım çağırmaq istəyirdi… Bir müddətdən sonra təcili yardım maşını bizi xəstəxanaya apardı… Xəstəxanada zədələnmiş qaşıma tikişlər qoyuldu və ertəsi gün mən Göz Xəstəlikləri İnstitutuna köçürüldüm… Orada mən 3 saata yaxın davam etmiş cərrahiyyə əməliyyatına məruz qaldım… Lakin cərrahiyyə əməliyyatı kömək etmədi və mənim sağ gözüm tamamilə kor oldu…”.

2. Birinci məhkəmə-tibb ekspertizasının rəyi

26. 21 mart 2004-cü ildə müstəntiq ərizəçinin xəsarətləri ilə bağlı məhkəmə-tibb ekspertinin rəyi üçün müraciət etdi. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya İdarəsinin eksperti tərəfindən verilmiş məhkəmə-tibb ekspertizasının 28 iyul 2004-cü il tarixli rəyinə (“birinci məhkəmə-tibb ekspertizasının rəyi”) əsasən, məhkəmə-tibb müayinəsi 24 mart 2004-cü ildə başlanmış və 28 iyul 2004-cü ildə başa çatmışdı.

27. Birinci məhkəmə-tibb ekspertizasının rəyi səkkiz səhifə həcmində idi və əsasən ərizəçinin tibbi qeydlərindən köçürülmüş çıxarışlardan ibarət idi. Rəydə digər qeydlərlə yanaşı xəsarətin aşağıdakı təsviri yer almışdı:
“Sağ göz almasının ölçüsü kiçilib və [göz alması] göz çökəyinə doğru balacalaşıb. Sağ gözlə sol gözün simmetriyası pozulub və deformasiyaya uğramış vəziyyətdədir. Sağ gözün buynuzlu qişasının dairəsi sol gözün buynuzlu qişası ilə müqayisədə [kiçilib]. Onun qabaq tərəfinin sferik forması deformasiyaya uğrayıb. Gözün buynuzlu qişasının yuxarı tərəfində [çapıq] müşahidə olunur. Gözün qüzehli qişasının dairəvi forması deformasiyaya uğrayıb və orada ağımtıl maddə var. Göz orbitinin yuxarı sağ küncündə 3×0,5 sm ölçüdə maili ağımtıl çapıq var”.

28. Rəydə əvvəlki tibbi qeydlər və diaqnozlar əsasında belə nəticəyə gəlinirdi ki, ərizəçi həqiqətən sağ gözündən üzünün düzəldilə bilməyən deformasiyası ilə nəticələnmiş xəsarət alıb, o, həyat üçün təhlükəli deyil, amma bununla belə, sağlamlıq üçün ciddi zədə kimi tövsif olunur. Rəydə qeyd edilirdi ki, “[əldə olan materiallar əsasında] istisna etmək olmaz ki, bu xəsarətlərə 16 oktyabr 2003-cü ildə … ərizəçi tərəfindən təsvir edilən şəraitdə … və ya başqa şəraitdə ensiz formalı bərk küt əşya ilə endirilmiş zərbə (zərbələr) səbəb olub”. Lakin ekspert xəsarətin səbəbi barədə qəti nəticəyə gələ bilməyərək qeyd etdi ki, belə nəticə oftalmologiya üzrə ixtisaslaşmış ekspertlərdən ibarət tibbi şura tərəfindən çıxarıla bilər.

29. Bu arada, məhkəmə-tibb ekspertizasının bu rəyi verilməzdən əvvəl, 25 may 2004-cü ildə ərizəçi baş prokurora məktub yazaraq digər məsələlərlə yanaşı şikayət etdi ki, məhkəmə-tibb müayinəsinin keçirilməsi barədə rəsmi prosessual qərar çıxarmaq əvəzinə müstəntiq sadəcə ona məktubla məhkəmə-tibb müayinəsinin keçirilməsi barədə müraciət etdiyinə dair məlumat verib. O, həmçinin şikayət etdi ki, təyin olunmuş məhkəmə-tibb eksperti müayinəni gecikdirib və müxtəlif bəhanələrlə onu şəxsən müayinə etməkdən yayınıb. 21 iyul 2004-cü ildə o, baş prokurora başqa bir məktub yazaraq yuxarıdakı şikayətlərini təkrar etdi. Belə görünür ki, bu məktubların heç birinə cavab verilməyib.

30. Ərizəçinin sözlərinə görə, o, Məhkəmədəki hazırkı icraatda Hökumətin izahatları alınana qədər birinci məhkəmə-tibb ekspertizasının rəyini görməyib.

3. İkinci məhkəmə-tibb ekspertizasının rəyi

31. 13 sentyabr 2004-cü ildə müstəntiq digər məhkəmə-tibb müayinəsinin keçirilməsi barədə qərar çıxardı. Ekspertlərə digər suallarla yanaşı aşağıdakı konkret suallar verildi:
“4. M. Muradovanın sağ gözünün görmə qabiliyyətini itirməsinin ilkin xəsarətin birbaşa nəticəsi olduğunu, yoxsa sonrakı tibbi müalicə zamanı yol verilmiş hər hansı səhvlərin nəticəsində baş verdiyini müəyyən etmək.
5. M. Muradovanın məruz qaldığı xəsarətin onun tərəfindən təsvir edilən şəraitdə baş verib-vermədiyini, yəni hadisə zamanı yerə yıxılma nəticəsində baş verdiyini, yoxsa polis nəfəri tərəfindən dəyənəklə vurulma nəticəsində baş verdiyini müəyyən etmək”.

32. Məhkəmə-tibb ekspertizasının 25 oktyabr 2004-cü il tarixli rəyinə (“ikinci məhkəmə-tibb ekspertizasının rəyi”) əsasən, bu müayinə 13 sentyabr 2004-cü ildən 22 oktyabr 2004-cü ilədək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya İdarəsinin dörd ekspertindən ibarət şura tərəfindən aparıldı, o cümlədən şuraya oftalmologiya üzrə ixtisaslaşmış bir ekspert daxil idi.

33. İkinci məhkəmə-tibb ekspertizasının rəyi yeddi səhifə həcmində idi və demək olar ki, bütünlüklə birinci məhkəmə-tibb ekspertizasının rəyindən və ərizəçinin tibbi qeydlərindən köçürülmüş çıxarışlardan ibarət idi. Rəydə qeyd edilirdi ki, o, həm təcili yardım klinikasında, həm də Göz Xəstəlikləri İnstitutunda adekvat tibbi müalicə alıb və tibb işçiləri heç bir səhvə yol verməyiblər.

34. Rəyin mətnində ərizəçinin məruz qaldığı xəsarətlərin mümkün səbəbləri barədə heç bir analiz yer almamışdı.

35. Soruşulan suallara (yuxarıda 31-ci bəndə bax) rəyin yekun hissəsində aşağıdakı cavablar verilmişdi:
“4. M. Muradovanın sağ gözünün görmə qabiliyyətini tamamilə itirməsinin səbəbi onun məruz qaldığı zədədir.
5. M. Muradovanın bədənində adətən polis dəyənəyinin adına yazıla bilən heç bir zədə aşkar edilmədi”.

36. Ərizəçinin sözlərinə görə, o, Məhkəmədəki hazırkı icraatda Hökumətin izahatları alınana qədər ikinci məhkəmə-tibb ekspertizasının rəyini görməyib.

4. Cinayət istintaqına xitam verilməsi

37. 26 noyabr 2004-cü ildə müstəntiq cinayət istintaqına xitam verilməsi barədə qərar çıxardı.

38. Bu qərarda göstərilənlərə əsasən, ərizəçinin şikayəti ilə bağlı ərizəçidən əlavə ümumilikdə səkkiz şahid dindirilmişdi. Bu şahidlərin hamısına ərizəçinin fotoşəkli göstərilmiş və onların heç biri onu tanımamışdı.

39. Şahidlərdən altısı 16 oktyabr 2003-cü ildə icazəsiz nümayiş dağıdılan zaman Azadlıq Meydanında və ya onun yaxınlığında olmuş polis nəfərləri idi. Onların hamısı ifadə verdi ki, ərizəçini tanımırlar, ərizəçini dəyənəklə vurmayıblar və 16 oktyabr 2003-cü il hadisələri zamanı polis nəfəri tərəfindən vurulan hər hansı qadın görməyiblər. Onlar həmçinin belə bir ehtimal irəli sürdülər ki, ərizəçi öz hərəkətləri nəticəsində, yəni Azadlıq Meydanından qaçdığı zaman, ya da kütlənin içərisindəki insanlar tərəfindən itələnməsi nəticəsində xəsarət alıb.

40. Qalan iki şahid – A.V. və R.G. 259 saylı aptekin işçiləri idi. Onların ikisi də kişi cinsinə mənsub idi. Onların hər ikisi ifadə verdilər ki, 16 oktyabr 2003-cü ildə işdə olublar, həmin gün aptekə xəsarət almış hər hansı qadın gətirildiyini görməyiblər, ərizəçini tanımırlar və onun necə xəsarət aldığını görməyiblər.

41. Qərarda daha sonra deyilirdi ki, 16 oktyabr 2003-cü il hadisələri zamanı Azadlıq Meydanında olmuş polislərin və ya hərbçilərin heç biri tanınmaq üçün ərizəçiyə təqdim edilməyib, çünki o, ifadəsində deyib ki, ona xəsarəti yetirdiyi güman edilən şəxsi tanımaq iqtidarında deyildi.

42. Daha sonra, müstəntiqin sözlərinə görə, ikinci məhkəmə-tibb ekspertizasının rəyində “deyilirdi ki, … [ərizəçinin xəsarətləri] onun yerə yıxılmasının və başının yerdəki çıxıntılı küt əşyaya dəyməsinin nəticəsi idi və onun bədənində adətən polis dəyənəyi zərbəsinin adına yazıla bilən heç bir zədə aşkar edilmədi”.

43. Müstəntiq qərarı belə yekunlaşdırdı ki, ərizəçinin polis tərəfindən vurulduğu müəyyən edilə bilməz və bu qənaətə gəldi ki, ərizəçi xəsarətləri öz hərəkətləri nəticəsində alıb. Müvafiq olaraq, müəyyən edildi ki, cinayət hadisəsi yoxdur və ərizəçinin “zərər çəkmiş şəxs” kimi tanınmaq barədə ərizəsi rədd edilməlidir. Bu əsaslara görə müstəntiq ərizəçinin iddialarına dair istintaqa xitam verməyi qərara aldı.

44. Hökumətin sözlərinə görə, bu qərarın surəti 26 noyabr 2004-cü il tarixli məktubla ərizəçiyə göndərilib. Ərizəçinin sözlərinə görə, bu qərar barədə ona heç vaxt məlumat verilməyib.
D. Mülki iddia

45. Bu arada 2004-cü ilin martında ərizəçi Səbail rayon məhkəməsində Daxili İşlər Nazirliyinə qarşı mülki iddia qaldıraraq xəsarətinə görə pul kompensasiyası tələb etdi. 15 mart 2004-cü ildə Səbail rayon məhkəməsi işə baxmaqdan imtina edərək qeyd etdi ki, dövlətə qarşı kompensasiya tələblərində müştərək cavabdeh qismində Maliyyə Nazirliyi göstərilməli və iddia Nəsimi rayon məhkəməsinə verilməlidir.

46. Naməlum tarixdə ərizəçi Nəsimi rayon məhkəməsinə iddia ərizəsi verərək Daxili İşlər Nazirliyini və Maliyyə Nazirliyini müştərək cavabdehlər qismində göstərdi və xəsarətinə görə kompensasiya tələb etdi.

47. 18 may 2004-cü il tarixli məktubla baş prokurorluq Nəsimi rayon məhkəməsinə məlumat verdi ki, ərizəçinin iddiaları ilə bağlı cinayət istintaqı icraatdadır.

48. 7 iyun 2004-cü ildə Nəsimi rayon məhkəməsi birinci iclasını keçirdi və ərizəçinin və müştərək cavabdehlərin arqumentlərini dinlədi. Ərizəçi onun xəsarətinə səbəb olmuş hadisə ilə bağlı rəyini bildirdi və iddia tələbini təkrar etdi. Birinci cavabdehin – Daxili İşlər Nazirliyinin vəkili bildirdi ki, ərizəçi cinayət barəsində şikayət ərizəsi təqdim edib və o, istintaq orqanlarının icraatındadır. O, daha sonra iddia etdi ki, polis 16 oktyabr 2003-cü il hadisələri zamanı kütləyə qarşı güc tətbiq etmək hüququna malik olub, çünki nümayiş icazəsiz idi və onun iştirakçıları ictimai iğtişaşa səbəb olmuşdular. İstənilən halda o bildirdi ki, polis ərizəçiyə hər hansı xəsarət yetirməyib və onun iddia tələbləri əsassızdır. Maliyyə Nazirliyinin vəkili bildirdi ki, birinci cavabdehin arqumentləri ilə razıdır.

49. 18 iyun 2004-cü ildə Nəsimi rayon məhkəməsi ərizəçinin xeyrinə ifadə vermiş üç şahidin şifahi ifadələrini dinlədi.

50. Cənab İ.G. (ərizəçinin yuxarıda 25-ci bənddə sitat gətirilən ifadəsində adını çəkdiyi kişi) aşağıdakı ifadələri verdi (çarpaz dindirmə zamanı tərəflərin vəkillərinin verdiyi suallar məhkəmə iclasının protokolunda buraxılıb, amma şahidin onlara verdiyi cavablar orada qeyd edilib):
“16 oktyabr 2003-cü ildə mən gözündən yaralanmış M. Muradovanı 259 saylı aptekdə gördüm. Həmin vaxt bir neçə polis nəfəri aptekə girməyə cəhd etdi və mən giriş qapısını açmaq istədikdə onlar məni təpiklə vurmağa çalışdılar. Mən M. Muradovanı kimin vurduğunu görmədim və bununla bağlı bir şey deyə bilmərəm.
[Çarpaz dindirmədə ərizəçinin vəkilinin suallarına cavablar:]
– Yox, mən iddiaçı M. Muradovanın polis nəfəri tərəfindən vurulduğunu görmədim.
– Bəli, M. Muradova xəsarət aldığına görə mən həmin gün təcili yardım çağırdım.
– Bəli, mən M. Muradovanı Azadlıq Meydanında gördüm, onun gözü artıq zədələnmiş və sifəti qanla örtülmüşdü.
– Bəli, mən aptekin qapısını açarkən [onlar] məni təpiklə vurmaq istədilər, amma mən cəld qapını bağlamaqla təpikdən yayındım.
[Çarpaz dindirmədə cavabdehin vəkilinin sualına cavab:]
– Yox, mən iddiaçı M. Muradovanın polis nəfəri tərəfindən vurulduğunu görmədim”.

51. Xanım A.A. aşağıdakı ifadələri verdi:
“[İnsanlar] 16 oktyabr 2003-cü ildə gündüz saat 2 radələrində Azadlıq Meydanına toplaşmışdılar. Həmin vaxt mən [Azadlıq Meydanında yerləşən] Hökumət binasının yaxınlığında idim və polisin və xüsusi təyinatlı qüvvələrin Azadlıq Meydanına toplaşmış insanlara heç bir xəbərdarlıq etmədən hücum etdiklərini və onları dəyənəklərlə vurduqlarını gördüm. Mən həmin gün orada idim və adını sonradan öyrəndiyim cavabdehi [kütlənin içərisində] itələnməsi nəticəsində yerə yıxılarkən gördüm və başlarına qoruyucu dəbilqələr taxmış və əllərində dəyənəklər tutmuş qara formalı polis əməkdaşlarını da [gördüm]. [Ərizəçi] qolunu həmin polis əməkdaşlarına tərəf uzatdı və ayağa qalxmasına kömək etmələrini onlardan xahiş etdi, amma polis əməkdaşlarından biri dəyənəyi ilə onun sağ gözünə güclü zərbə endirdi. Polis əməkdaşı onu yenidən vurmağa cəhd edən zaman o, başını kənara çəkməklə zərbədən yayındı. Sonra bir neçə mülki şəxs onu yaxınlıqda yerləşən 259 saylı aptekə apardılar. Ona aptekdə bəzi ilk yardım göstərildi və sonra o və aptekdə olan digər xəsarət almış insanlar təcili yardım maşını ilə xəstəxanaya apardılar.
[Çarpaz dindirmədə ərizəçinin vəkilinin suallarına cavablar:]
– Bəli, mən 16 oktyabr 2003-cü ildə Azadlıq Meydanına toplaşanların arasında idim.
– Bəli, əvvəllər tanımadığım M. Muradova həmin gün orada idi.
– Bəli, 16 oktyabr 2003-cü ildə mən gördüm ki, M. Muradova yerə yıxıldı və polis əməkdaşlarından biri əlində tutduğu dəyənəklə onu vurdu.
– Bəli, M. Muradovanın gözü polis əməkdaşının vurduğu zərbə nəticəsində xəsarət alıb.
– Bəli, yaxınlıqda yerləşən “Yaşıl Aptek”də ona tibbi yardım göstərildi və sonra o, təcili yardım maşını ilə xəstəxanaya aparıldı.
[Çarpaz dindirmədə cavabdehin vəkilinin sualına cavab:]
– Yox, mənim M. Muradovanı vurmuş polis əməkdaşını tanımaq imkanım yox idi.
– Bəli, mən [G.G.-ni] öncədən tanıyırdım, amma M. Muradovanı birinci dəfə [Azadlıq Meydanında] gördüm.

52. Xanım G.G. aşağıdakı ifadələri verdi:
“Mən əvvəllər iddiaçını tanımırdım. Mən 15 oktyabr 2003-cü il prezident seçkisi zamanı 246 saylı seçki məntəqəsində müşahidəçi idim. 16 oktyabr 2003-cü ildə gündüz saat 2-3 radələrində Azadlıq Meydanı yaxınlığında gördüm ki, M. Muradova yerə yıxılıb və əllərində dəyənək olan bir neçə maskalı polis əməkdaşlarından onu vurmamalarını xahiş edir, amma polis əməkdaşlarından biri M. Muradovanı dəyənəklə vurdu və nəticədə onun gözü xəsarət aldı. Mən “Yaşıl Aptek”dən [ərizəçi] üçün dərman gətirdim.
[Çarpaz dindirmədə ərizəçinin vəkilinin suallarına cavablar:]
– Bəli, 16 oktyabr 2003-cü ildə mən adını sonradan öyrəndiyim M. Muradovanın Azadlıq Meydanında yerə yıxıldığını gördüm.
– Bəli, 16 oktyabr 2003-cü ildə Azadlıq Meydanında olan polis əməkdaşlarından biri əlindəki dəyənəklə M. Muradovanı göz nahiyəsindən vurdu.
– Yox, mən əvvəllər M. Muradovanı tanımırdım.
– Bəli, bir kişi M. Muradovanı gətirdi, mən gördüm ki, onun gözü qanayıb.
[Çarpaz dindirmədə cavabdehin vəkilinin sualına cavab:]
– Bəli, mənə dedilər ki, M. Muradova üçün zəruri olan dərmanlar yaxınlıqda yerləşən “Yaşıl Aptek”də var”.

53. Elə həmin gün, 18 iyun 2004-cü ildə Nəsimi rayon məhkəməsi qətnamə çıxararaq ərizəçinin iddiasını rədd etdi. Məhkəmə tibbi qeydləri nəzərə alaraq qeyd etdi ki, ərizəçi sağ gözündən xəsarət alıb. Lakin o, hesab etdi ki, ərizəçi xəsarətin polis əməkdaşı tərəfindən yetirildiyi barədə iddiasını əsaslandıra bilməyib. Konkret olaraq məhkəmə şahid ifadələrinə aşağıdakı kimi qiymət verdi:
“Məhkəmə tərəfindən şahid qismində dinlənilən xanım G.G. məhkəmə iclası zamanı ifadə verdi ki, əvvəllər M. Muradovanı şəxsən tanımayıb. … 16 oktyabr 2003-cü ildə gündüz saat 2-3 radələrində o görüb ki, M. Muradova yerə yıxılıb və əllərində dəyənək olan maskalı polis nəfərlərindən onu vurmamalarını xahiş edir. Amma polis nəfərlərindən biri M. Muradovanı dəyənəyi ilə vurub. Nəticədə M. Muradova gözündən xəsarət alıb. [Şahid] “Yaşıl Aptek”dən M. Muradova üçün bəzi dərmanlar gətirib.
Şahid xanım A.A. oxşar ifadə verdi.
Şahid cənab İ.G. ifadə verdi ki, 16 oktyabr 2003-cü ildə M. Muradovanı gözündən xəsarət almış halda 259 saylı aptekdə görüb. … O, ərizəçini kimin vurduğunu görməyib.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmə iclası zamanı M. Muradova məhkəmə iddiasında irəli sürdüyü tələbləri sübut edə bilməyib.
Məhkəmə hesab edir ki, məhkəmə iclası zamanı dinlənilmiş şahidlərin ifadələri ərizəçinin iddiasının təmin edilməsi üçün əsas qismində götürülə bilməz.
Məhkəmə yuxarıda qeyd edilənləri qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi əsassız tələb kimi rədd edilməlidir”.

54. 17 sentyabr 2004-cü ildə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq hər hansı əlavə təfsilatlara varmadan qeyd etdi ki, ərizəçi öz iddialarını sübut edə bilməyib.

55. 2 fevral 2005-ci ildə Ali Məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

A. Güc tətbiqi

1. Polis haqqında 28 oktyabr 1999-cu il tarixli Qanun

56. Polis əməkdaşı müəyyən hallarda, o cümlədən qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə hüquq pozuntusu törədənlərə qarşı xüsusi vasitələr tətbiq edə bilər (maddə 26.II). “Xüsusi vasitələr” dedikdə dəyənəklər, əl-qolu bağlama vasitələri, gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr və digər vasitələr başa düşülür (maddə 1). Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi zamanı hər hansı şəxsin həyatdan məhrum edilməsi yaşamaq hüququnun pozulması kimi qiymətləndirilə bilməz (maddə 26.VI). Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiqinin qanuna uyğunluğu barədə rəy verilməlidir (maddə 26.VII). Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqi müvafiq qanunvericiliyə əsasən məsuliyyətə səbəb olur (maddə 26.IX).

57. Polis əməkdaşı fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edə bilər (maddə 27.I.1). Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilməlidir (maddə 27.I.5). Fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı müvafiq polis orqanına yazılı məlumat verməlidir (maddə 27.I.7). Bu cür güc tətbiqi barəsində 24 saat ərzində müvafiq prokurora da məlumat verilməlidir (maddə 27.I.8).

2. Daxili qoşunların statusu haqqında 8 fevral 1994-cü il tarixli Qanun

58. Hərbi qulluqçular fiziki qüvvədən, xüsusi vasitələrdən, odlu silahdan və ya döyüş texnikasından istifadə etmək niyyəti barəsində xəbərdarlıq etməli və bu cür güc tətbiqinə əl atmazdan əvvəl öz tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər vaxt verməlidirlər. Fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın və ya döyüş texnikasının tətbiqində ləngiməyin insanların həyatı və sağlamlığı üçün təhlükə törətdiyi, digər ağır nəticələr törədə biləcəyi və ya yaranmış vəziyyətdə bu cür xəbərdarlığın yersiz və qeyri-mümkün olduğu hallar istisna təşkil edir. Hərbi qulluqçular xəsarət almış şəxslərə ilk yardım göstərməli və bütün yaralanma və ya ölüm halları barəsində müvafiq prokurora məlumat verməlidirlər. Hərbi qulluqçuların öz səlahiyyətlərini aşmaqla güc tətbiq etmələri müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur (maddə 19).

59. Zərurət olduqda kütləvi iğtişaşlar zamanı aşağıdakı xüsusi vasitələr tətbiq edilə bilər: rezin dəyənəklər, gözyaşardıcı qaz, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, suvuranlar, zirehli maşınlar və xidmət itləri (maddə 21).

B. Cinayət prosesi

60. 2000-ci il tarixli Cinayət Prosessual Məcəlləsinin (“CPM”) 39.1.1 və 41.1-ci maddələrinə əsasən, cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə məhkəməyə qədər istənilən mərhələdə xitam verilməlidir.

61. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulduğunu hesab etmək üçün kifayət qədər əsaslar olduqda həmin şəxs “zərər çəkmiş şəxs” qismində tanınır (maddə 87.1). Cinayət işi başlanan anda şəxsi “zərər çəkmiş şəxs” qismində tanımağa əsaslar kifayət deyilsə, kifayət qədər əsaslar müəyyən edilən kimi şəxsə “zərər çəkmiş şəxs” statusu verilməsi barədə qərar (təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən) qəbul olunur (maddə 87.4).

62. “Zərər çəkmiş şəxs” qismində tanınan şəxs digər hüquqlarla yanaşı aşağıdakı prosessual hüquqlara malikdir: cinayət işinə əlavə olunması üçün materiallar təqdim etmək; məhkəməyə qədər istənilən mərhələdə xüsusi ittihamçı statusunu tələb etmək; cinayət təqibi orqanının hərəkətlərinə etirazlarını bildirmək; vəsatətlər vermək; məhkəmə iclasının protokolları və işin materialları ilə tanış olmaq; cinayət təqibi orqanının prosessual qərarları barədə məlumatlandırılmaq və onların surətlərini almaq (cinayət prosesinə xitam verilməsi barədə qərar da daxil olmaqla); prosessual hərəkətlərə və ya qərarlara qarşı şikayətlər vermək və s. (maddə 87.6). Əksinə, prosesdə şahid qismində iştirak edən şəxs yalnız məhkəmə iclası protokolunun və iş üzrə sənədlərin ona aid olan hissəsi ilə tanış olmaq hüququna malikdir (maddə 95.6.8).

63. Cinayət prosesinin tərəfləri (və CPM-də nəzərdə tutulmuş hallarda bu prosesdə iştirak edən digər şəxslər) cinayət təqibi orqanının prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. Təhqiqatçının və ya müstəntiqin hərəkətlərindən və ya qərarlarından ibtidai araşdırmaya rəhbərlik edən prokurora, sonuncunun hərəkətlərindən və ya qərarlarından isə yuxarı prokurora şikayət verilə bilər (maddələr 122.2.1 və 122.2.2). CPM-in 449.3-cü maddəsində nəzərdə tutulmuş müəyyən növ prosessual hərəkətlərdən və ya qərarlardan birbaşa məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər (maddə 122.2.3).

64. Cinayət təqibi orqanının prosessual hərəkətlərindən və ya qərarlarından birbaşa məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna aşağıdakı şəxslər malikdirlər: 1) təqsirləndirilən (və ya şübhəli) şəxs və onun müdafiəçisi; 2) zərər çəkmiş şəxs (cinayət qurbanı) və onun qanuni nümayəndəsi; 3) etiraz edilən hərəkət və ya qərar vasitəsilə hüquqları pozulmuş digər şəxslər (maddə 449.2). Cinayət prosesinə xitam verilməsi barədə qərardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər (maddə 449.3.5).

65. CPM-in 264-272-ci maddələrində ekspertizaların aparılması qaydası nəzərdə tutulur. Konkret olaraq, 268.1.4-cü maddədə nəzərdə tutulur ki, cinayət əməli törətməkdə şübhəli bilinən və ya təqsirləndirilən şəxs digər hüquqlarla yanaşı “alternativ ekspertiza aparmaq” və həmin ekspertizanın nəticələrinin cinayət işinin materiallarına əlavə edilməsini tələb etmək hüququna malikdir.

C Mülki proses

66. 2000-ci il tarixli Mülki Prosessual Məcəllənin (“MPM”) 77.1-ci maddəsinə əsasən, mülki prosesdə mülki prosesdəki hər bir tərəf müvafiq tələblərinin və etirazlarının əsaslarını sübut etmək vəzifəsini daşıyır.

67. MPM-in 254.1.4-cü maddəsinə əsasən, konstitusiya icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim mülki iş üzrə icraatı dayandırmalıdır.

68. MPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə mülki işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət elementlərinin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

III. MÜVAFİQ BEYNƏLXALQ HESABATLAR VƏ SƏNƏDLƏR

A. BMT tərəfindən qəbul edilmiş “Güc tətbiqinə dair əsas prinsiplər”

69. Hüquq-mühafizə orqanları əməkdaşlarının davranış məcəlləsindən (BMT Baş Assambleyasının 17 noyabr 1979-cu il tarixli 34/169 saylı qətnaməsi ilə qəbul edilib) müvafiq çıxarışlarda deyilir:

Maddə 3
“Hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız ciddi zərurət olduqda və vəzifələrinin icrası üçün tələb olunan dərəcədə güc tətbiq edə bilərlər.

Maddə 5
“Hüquq-mühafizə orqanlarının heç bir əməkdaşı hər hansı işgəncə aktını, yaxud digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı törədə, buna təhrik edə və ya dözümlü yanaşa bilməz, həmçinin hüquq-mühafizə orqanlarının heç bir əməkdaşı rəisin əmrlərini, yaxud müharibə vəziyyəti, müharibə təhlükəsi və ya milli təhlükəsizliyə təhdid, daxili siyasi qeyri-sabitlik və ya hər hansı digər fövqəladə ictimai hadisə kimi müstəsna halları işgəncəyə, yaxud digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya haqq qazandıran səbəb kimi göstərə bilməz”.

70. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güc və odlu silah tətbiqinə dair əsas prinsiplərdən (Cinayətkarlığın qarşısının alınmasına və hüquqpozanlarla rəftara dair BMT-nin Səkkizinci Konqresi tərəfindən qəbul edilib, 27 avqust-7sentyabr 1990, Havana, Kuba) müvafiq çıxarışlarda deyilir:
“… 2. Hökumətlər və hüquq-mühafizə orqanları mümkün qədər geniş çeşidli müxtəlif vasitələr hazırlamalı və hüquq-mühafizə orqanları əməkdaşlarını gücün və odlu silahın fərqli qaydada tətbiqinə imkan verən müxtəlif növ silah və sursatlarla təchiz etməlidirlər. Bunlar insanların ölümünə və ya xəsarət almasına səbəb ola biləcək vasitələrin tətbiqini getdikcə daha çox məhdudlaşdırmaq məqsədi ilə müvafiq vəziyyətlərdə tətbiq edilmək üçün hazırlanan, ölümlə nəticələnməyən zərərsizləşdirici silahları özündə ehtiva etməlidir. Həmçinin eyni məqsəd üçün hüquq-mühafizə orqanları əməkdaşlarının qalxanlar, dəbilqələr, güllə keçirməyən gödəkçələr və güllə keçirməyən nəqliyyat vasitələri kimi özünümüdafiə vasitələri ilə təchiz edilməsi mümkün olmalıdır ki, hər hansı növ silahların tətbiqinə ehtiyac azalsın.
3. Müvafiq şəxslərin təhlükəyə düşməsi riskini minimuma endirmək üçün ölümlə nəticələnməyən zərərsizləşdirici silahların hazırlanması və tətbiqi diqqətlə qiymətləndirilməli və belə silahların tətbiqinə ciddi nəzarət edilməlidir.
4. Vəzifələrini icra edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları güc və odlu silah tətbiqinə əl atmazdan əvvəl mümkün qədər qeyri-zorakı vasitələrdən istifadə etməlidirlər. Yalnız digər vasitələr səmərəsiz olduqda və ya arzu edilən nəticəyə nail olmaq ehtimalı olmadıqda onlar güc və odlu silah tətbiq edə bilərlər.
5. Güc və odlu silahın qanuni tətbiqi qaçılmaz olduqda hüquq-mühafizə orqanlarının əməkdaşları:
a) onu məhdud şəkildə tətbiq etməli və hüquq pozuntusunun ciddiliyinə və qarşıya qoyulan qanuni məqsədə mütənasib hərəkət etməlidirlər;
b) zərəri və xəsarəti minimuma endirməli, insan həyatına hörmət etməli və onu qorumalıdırlar;
c) xəsarət alan və ya zərər çəkən hər hansı şəxslərə mümkün qədər tez bir zamanda köməyin və tibbi yardımın göstərilməsini təmin etməlidirlər; …
6. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güc və odlu silah tətbiqi xəsarətə və ya ölümə səbəb olduqda onlar 22-ci prinsipə uyğun olaraq insident barədə dərhal rəislərinə məlumat verməlidirlər.
7. Hökumətlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən gücün və odlu silahların özbaşına tətbiqinin və ya onlardan sui-istifadə edilməsinin qanunvericiliyə əsasən cinayət əməli kimi cəzalandırılmasını təmin etməlidirlər.
8. Müstəsna hallar, məsələn, siyasi qeyri-sabitlik və ya hər hansı digər fövqəladə ictimai hallar bu əsas prinsiplərdən kənara çıxmağa haqq qazandırmaq üçün səbəb kimi göstərilə bilməz. …
… 22. Hökumətlər və hüquq-mühafizə orqanları 6 və 11(f) prinsiplərində qeyd edilən bütün insidentlərlə bağlı səmərəli hesabat və yoxlama prosedurlarını təsis etməlidirlər. Hökumətlər və hüquq-mühafizə orqanları bu prinsiplərə uyğun olaraq barəsində məlumat verilmiş insidentlərlə bağlı səmərəli yoxlama prosesinin mümkün olmasını və müstəqil inzibati və ya prosessual orqanların müvafiq hallarda öz səlahiyyətlərini tətbiq etmək imkanına malik olmalarını təmin etməlidirlər. Ölüm və ya ciddi xəsarət hallarında və ya digər ağırlaşdırıcı hallarda inzibati yoxlama və məhkəmə nəzarəti üçün cavabdeh olan səlahiyyətli orqanlara dərhal təfsilatlı hesabat göndərilməlidir.
23. Güc və odlu silah tətbiqindən zərər çəkmiş şəxslər və ya onların hüquqi nümayəndələri məhkəmə prosesi də daxil olmaqla müstəqil araşdırma prosesində iştirak etmək imkanına malik olmalıdırlar. Belə şəxslər öldükdə bu müddəa müvafiq surətdə onların himayəsində olan şəxslərə şamil olunur.
24. Rəislər tabeliklərində olan hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz olaraq güc və odlu silah tətbiq etməkdə olduqlarını və ya etdiklərini bilirdilərsə və ya bilməli idilərsə və bunun qarşısını almaq və ya bu barədə məlumat vermək üçün səlahiyyətləri daxilində tədbir görməyiblərsə, hökumətlər və hüquq-mühafizə orqanları rəislərin məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər”.

B. Beynəlxalq qurumların və insan hüquqları sahəsindəki QHT-lərin hesabatları

71. Avropa Şurasının üzvü olan dövlətlərin vəzifə və öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi üzrə Komitənin (Monitorinq Komitəsi) həmməruzəçilər cənab Qross və cənab Martines Kasan tərəfindən hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatından (12 yanvar 2004-cü il, 10030 saylı sənəd) müvafiq çıxarışlarda deyilir:
“D. Seçkidən sonrakı hadisələr
34. Müsavat qərargahı ətrafında seçki günü səhərdən çoxsaylı təhlükəsizlik qüvvələri yerləşdirildi. Axşam Müsavat Partiyasının tərəfdarları partiyanın qarşısına toplaşdılar və bu mitinq, hakimiyyət orqanları tərəfindən icazə verilməsə də, kifayət qədər dinc mitinq kimi təsvir edildi. Seçki məntəqələri bağlandıqdan az sonra Müsavat tərəfdarları partiya rəhbərinin qələbəsini elan etdilər. Müəyyən qarışıqlıq yarandı və nümayiş polislər tərəfindən ciddi şəkildə sıxışdırıldı. Təhlükəsizlik qüvvələri partiya rəhbərlərini həbs etmək üçün partiyanın ofisinə girməli olduqlarını iddia edərək etirazçılara qarşı güc tətbiq etməyə başladılar və zorakı mübarizə başlandı.
35. Ertəsi gün ilkin yekun nəticələr elan edilən kimi Müsavat Partiyası onları qeyri-real və saxtalaşdırılmış nəticələr kimi pislədi və insanları paytaxtın əsas meydanında nümayişə çağırdı. Nümayiş nümayişçilər polis maşının oğurladılar və polis qüvvələrinin üstünə sürərək bir polis nəfərini öldürdülər. Bundan sonra baş verən toqquşmalarda nümayişçilərdən və polislərdən bir neçə nəfər ciddi şəkildə yaralandı. Digər bir neçə mənbədə göstərilib ki, toqquşmalar zamanı dörd nəfər ölüb”.

72. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) “Azərbaycanda 2003-2004-cü illərdə məhkəmə araşdırmalarının monitorinqi” layihəsi üzrə hesabatından (4 fevral 2005-ci il) müvafiq çıxarışlarda deyilir:
“Seçkilərdən dərhal sonra 15 və 16 oktyabrda nümayişlər baş verdi, onlar Bakıda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında zorakı toqquşmalarla nəticələndi.
Oktyabrın 15-də axşam Müsavat Partiyasının qərargahı qarşısında ATƏT/DTİHB-nin Seçkini Müşahidə Missiyasının üzvləri polisin müxalifəti dinc şəkildə dəstəkləyənlərə hücum etdiyinin şahidi oldular. Oktyabrın 16-da bir neçə min nümayişçi və müxalifət tərəfdarı qalibiyyətin oğurlandığını hesab etdikləri seçkiyə etiraz etmək üçün Bakının mərkəzindəki Azadlıq Meydanına toplaşdı.
Meydana doğru yolda nümayişçilərin binaları və nəqliyyat vasitələrini vəhşicəsinə dağıtdıqları və metal çubuqlarla və daşlarla polis qüvvələrinə hücum etdikləri müşahidə edildi. Meydanda nümayişçilər polis və təhlükəsizlik qüvvələri tərəfindən sürətlə mühasirəyə alındı, onlar kütləni dağıtmaq üçün həddən artıq güc tətbiq etdilər. Nümayişçilər həbs edildiklərinə və ya qaçaraq ərazini tərk etdiklərinə görə daha təhlükə yaratmadıqdan sonra təhlükəsizlik qüvvələrinin nümayişçiləri dəyənəklərlə döydüyü müşahidə edildi. Çəkilmiş videolentlər nümayişçiləri dağıtmaq üçün hökumət qüvvələri tərəfindən həddən artıq güc tətbiqinin və qəddarlığın miqyasını sübut edir.
Zorakılıqdan sonra həbslər dalğası başladı. Rəsmilərin sözlərinə görə, tutulanlar zorakılıq fəaliyyətlərində iştirak edən və ya zorakılığın təşkilinə görə cavabdeh olan şəxslər idi. … Daxili işlər naziri məlumat verdi ki, zorakı toqquşmalardan sonra 600-dən artıq şəxs tutulub. …
Seçkilərlə bağlı tutulmuş insanların çoxu sonradan ittiham edilmədən buraxıldı. Ümumilikdə 129 şəxs seçkidən sonrakı toqquşmalarla bağlı cinayət əməlində ittiham olundu, bu hesabat hazırlanan zaman onlardan 125-i məhkəmə qarşısına çıxarılmışdı. …
Bu hesabat yazılan zaman nümayişçilərə qarşı qəddarlığa və ya həddən artıq güc tətbiqinə görə polis əməkdaşlarına və ya digər rəsmi şəxslərə qarşı hər hansı ittiham irəli sürülməsi halları barədə ATƏT/DTİHB-də məlumat yox idi”.

73. İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyasının 2003-cü il tarixli hesabatından müvafiq çıxarışda deyilir:
“Oktyabrın 15-də axşam və ertəsi gün polislə (və hərbçilərlə) etirazçılar arasında toqquşmalar zorakı xarakterli kütləvi qarşıdurmaya keçdi, çünki müxalifət qüsurlu seçkilərə etiraz edirdi. Polis və hərbçilər nümayişçilərə qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən, polis itlərindən və dəyənəklərdən istifadə edərək Azadlıq Meydanını mühasirəyə aldılar. Onlar etirazçıları hətta etirazçılar yerə yıxılandan sonra da qəddarcasına döyərək çoxlu sayda insana, habelə mətbuat nümayəndələrinə xəsarət yetirdilər. Bir çox polis əməkdaşları da xəsarət aldı. Bu hesabat yazılan zaman zərərçəkənlərin sayı hələ tam aydın deyildi: mənbələrdən asılı olaraq iki və ya dörd ölüm halları barədə məlumat verilirdi, həmçinin beş yaşlı uşaq da daxil olmaqla onlarla xəsarət alan vardı. Azərbaycanın hakimiyyət orqanları iddia etdilər ki, Azərbaycanda sabitliyi pozmaq üçün insanlar kütləvi iğtişaşa müxalifət liderləri tərəfindən təhrik edilib, amma çoxsaylı rəylərə əsasən, polisi hərəkətləri üçün təhrikedici səbəb olmayıb”.

74. İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyasının 2004-cü il tarixli hesabatından müvafiq çıxarışda deyilir:
“Oktyabrın 16-da müxalifət fəalları Bakıdakı mərkəzi meydanda – Azadlıq Meydanında icazəsiz mitinq keçirməyə cəhd etdilər. Onlar polislər tərəfindən döyüldülər. Fəallardan biri, 52 yaşı Həmidağa Zahidov polis tərəfindən ölənəcən döyüldü, eyni zamanda yüzlərlə digərləri xəsarət aldı. Etirazçılar polislərə daş atmaqla və xəsarət yetirməklə müqavimət göstərdilər. Bunun ardınca aparılan cinayət istintaqında polisin qəddarlığı ümumiyyətlə araşdırılmadı. Üstəlik, Daxili İşlər Nazirliyi ilə prokurorluğun birgə bəyanatında etirazçının ölümünə görə müxalifət məsuliyyətli hesab edilərək təqsirləndirildi”.

75. 25 fevral 2004-cü ildə Demokratiya, İnsan Hüquqları və Əmək Bürosu tərəfindən açıqlanmış ABŞ Dövlət Departamentinin ölkələr üzrə insan hüquqlarına və bu sahədəki praktikaya dair 2003-cü il tarixli hesabatından müvafiq çıxarışda deyilir:
“Oktyabrın 16-da çoxsaylı kütlə Bakının mərkəzində icazəsiz nümayişə toplaşdı, nümayiş zorakı forma aldı. Etirazçılar Müsavat qərargahından Azadlıq Meydanına qədər yürüş edərək təhlükəsizlik qüvvələrinin nəqliyyat vasitələrini məhv etdilər və hökumət binalarına ziyan vurdular. Bir neçə min nəfərlik təhlükəsizlik qüvvələri meydanı mühasirəyə aldığına görə etirazçılar qrupu gözyaşardıcı qazla və dəyənəklərlə nümayişçilərə hücum edən təhlükəsizlik qüvvələrinə hücum etdi, eyni zamanda naməlum nümayişçilər oğurlanmış hərbi yük maşınını polis sıralarına doğru sürdülər. Təhlükəsizlik qüvvələri buna həddən artıq güc tətbiqi ilə cavab verərək bir çox nümayişçiləri bəzi hallarda huşlarını itirənə qədər vurmaqla döydülər və hətta onlar ərazini tərk etməyə cəhd etdikdən və ya həbsə alındıqdan sonra da onları döyərək bir nəfəri öldürdülər, ən azı 300 şəxsə xəsarət yetirdilər”.

76. “Human Rayts Votç” (Human Rights Watch) təşkilatının 17 oktyabr 2003-cü il tarixli press-relizindən (“Azərbaycan: Seçkidən sonrakı toqquşmalar ölümlə nəticələndi”) müvafiq çıxarışda deyilir:
“Müxalifətdən olan minlərlə etirazçı dünən gündüz saat 2-də paytaxt Bakının küçələrinə axışdı. Nümayiş tezliklə zorakı aksiyaya çevrildi, qismən ona görə ki, nümayişçilər toplaşmağa başlayarkən polis və hərbi qüvvələr dərhal onları mühasirəyə aldılar. Nümayişçilər oradakı təhlükəsizlik qüvvələrinin nümayəndələrini yollarından kənara atdılar və Bakının Azadlıq Meydanına yürüş etdilər. Bu yürüş zamanı etirazçılar bəzi polis əməkdaşlarını və əsgərləri qəddarcasına döydülər, onlar xəstəxanada yatırlar. Etirazçılar həmçinin polislərin və hərbçilərin bir neçə nəqliyyat vasitəsini məhv etdilər və yol boyunca hökumət binalarına ziyan vurdular.
Müxalifətdən olan etirazçılar Azadlıq Meydanına çatdıqdan az sonra bir neçə min nəfər asayiş polisi və hərbçilər bütün meydanı mühasirəyə aldılar. Asayiş polisi və hərbçilər gözyaşardıcı qazdan, rezin güllələrdən, polis itlərindən və dəyənəklərdən istifadə edərək müxalifətdən olan etirazçılara hücum etdilər. Yaxınlıqdakı binanın damından “Human Rights Watch” təşkilatının araşdırıcısı polislərin və hərbçilərin etirazçı ovuna çıxdığını, onları mühasirəyə aldığını və onları dəhşətli şəkildə vurduğunu gördü. Etirazçıların çoxu yerə yıxıldıqdan sonra da onların döyülməsi davam edirdi. “Human Rights Watch” təşkilatı hökumət tərəfdarı olan bir neçə mülki şəxsin bu döymədə təhlükəsizlik qüvvələri ilə birlikdə iştirak etdiyini müşahidə etdi.
Polislər ən azı bir nəfəri – 52 yaşlı Həmidağa Zahidovu ölənəcən döydülər, “Human Rights Watch” təşkilatı etirazlardan sonra onun cəsədini gördü. Onun cəsədi tamamilə qaralmış və göyərmişdi, başı dağıdılmışdı və qanlı idi…
Yerli xəstəxana işçilərinin və digər mənbələrin məlumatlarına əsasən, hesablamalara görə indiyə qədər toqquşmalar zamanı 300 şəxs ciddi xəsarət alıb. Yaralananların çoxu yeriyə bilmir və onları meydandan aparmağa ehtiyac var. “Human Rights Watch” təşkilatı onlarla yaralı ilə söhbət edib, onların hamısı onları qəddarcasına döymüş və çoxunu huşsuz halda buraxmış asayiş polisinin və hərbçilərin qrupları tərəfindən mühasirəyə alındıqlarını təsvir ediblər. … Xəsarət alanlar arasında onlarla polis və hərbçi də olub”.

77. “Human Rights Watch” təşkilatının dünya üzrə 2005-ci il tarixli hesabatından (“2004-cü il hadisələri, Ölkələr üzrə icmal: Azərbaycan”) müvafiq çıxarışda deyilir:
“Seçkidən sonrakı məhkəmə araşdırmaları
Müxalifət partiyalarının yüzdən artıq üzvlərinin və tərəfdarlarının seçkidən sonrakı zorakılığa aid ittihamlarla bağlı məhkəməsi keçirildi. Yalnız dörd nəfər zaminliyə buraxıldı, qalanları altı ayadək ibtidai həbsdə qaldılar. Azərbaycan məhkəmələri müttəhimlərin hamısını təqsirkar sayaraq qırx altı şəxsi iki ildən altı ilədək azadlıqdan məhrum etdilər. Qalanları üç ildən beş ilədək azadlıqdan şərti məhrum edilərək azadlığa buraxıldılar. Oktyabrın 22-də Ağır cinayətlərə dair işlər üzrə məhkəmə yeddi müxalifət liderini seçkidən sonrakı zorakılıqdakı rollarına görə iki il yarımdan beş ilədək azadlıqdan məhrum etdi.

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 3-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

78. Ərizəçi şikayət etdi ki, o, polisin qəddar hərəkətinə məruz qalıb, hansı ki, ona ciddi fiziki və mənəvi iztirab verib və insidentlə əlaqədar olaraq dövlət orqanları, o cümlədən istintaq orqanları və məhkəmələr məsuliyyət daşıyan polis əməkdaşlarının müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnə bilən səmərəli araşdırma aparmayıblar, baxmayaraq ki, onun iddiaları bir neçə hal şahidinin ifadələri ilə açıq-aydın təsdiq edilib. Bu şikayət mahiyyətinə görə Konvensiyanın 3-cü maddəsi üzrə araşdırılmalıdır, həmin maddədə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.

A. Şikayətin qəbul edilənliyi

1. Tərəflərin arqumentləri

79. Hökumət bildirdi ki, ərizəçi ixtiyarında olan bütün daxili hüquqi müdafiə vasitələrini tükəndirməyib.

80. Birincisi, Hökumət iddia etdi ki, ərizəçi Ali Məhkəmənin 2 fevral 2005-ci il tarixli yekun qərarına qarşı konstitusiya şikayəti verməyib.

81. İkincisi, Hökumət qeyd etdi ki, ərizəçi CPM-in 122-ci və 449-cu maddələri ilə nəzərdə tutulan qaydada müstəntiqin 26 noyabr 2004-cü il tarixli qərarından şikayət verməyib. Hökumət iddia etdi ki, ərizəçi bu qərar barədə vaxtında məlumatlandırılıb və bu iddiasının təsdiqi kimi müstəntiq tərəfindən imzalanan, ərizəçiyə ünvanlanmış 26 noyabr 2004-cü il tarixli məktubun surətini təqdim etdi.

82. Ərizəçi bildirdi ki, Konstitusiya Məhkəməsinə şikayət müstəsna hüquqi müdafiə vasitəsidir və ərizəçinin Strasburqa müraciət etməzdən əvvəl onu tükəndirilməsi tələb olunmur.

83. Ərizəçi daha sonra bildirdi ki, müstəntiqin 26 noyabr 2004-cü il tarixli qərarı barədə ona heç vaxt məlumat verilməyib. O, iddia etdi ki, bu qərarın mövcudluğundan yalnız Hökumətin hazırkı iş üzrə izahatları ona təqdim edildikdə xəbər tutub. Buna görə də onun həmin qərardan şikayət verməsini gözləmək olmazdı.

2. Məhkəmənin qiymətləndirməsi

84. Məhkəmə bir daha bildirir ki, yalnız səmərəli olan hüquqi müdafiə vasitələri tükəndirilməlidir. Sözügedən vaxtda hüquqi müdafiə vasitəsinin həm nəzəri, həm də praktiki cəhətdən səmərəli olduğuna, yəni onun əlçatan olduğuna, ərizəçinin şikayətlərinin həllini və uğur qazanması üçün ağlabatan perspektivi təmin etmək iqtidarında olduğuna Məhkəməni inandırmaq vəzifəsi onların tükəndirilmədiyini iddia edən Hökumətin üzərinə düşür. Bu sübutetmə vəzifəsi yerinə yetirildikdən sonra Hökumətin təqdim etdiyi hüquqi müdafiə vasitəsinin həqiqətən tükəndirildiyini, yaxud işin konkret halları baxımından müəyyən səbəblərə görə qeyri-adekvat və səmərəsiz olduğunu, yaxud da onu bu tələbi yerinə yetirməkdən azad edən xüsusi halların mövcud olduğunu sübut etmək vəzifəsi ərizəçinin üzərinə düşür (bax: Akdivar və başqaları Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il, b. 68, Qərar və qərardadlar toplusu, 1996-IV).

85. Bundan başqa, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında qayda müəyyən çeviklik dərəcəsi ilə və həddən artıq formalizmə yol verilmədən tətbiq edilməlidir. Bu qayda nə mütləqdir, nə də avtomatik tətbiq edilə bilər. Ona riayət edilib-edilmədiyini yoxlayarkən təkcə müvafiq dövlətin hüququ sistemində formal hüquqi müdafiə vasitələrinin mövcudluğunu deyil, həm də həmin vasitələrin fəaliyyət göstərdiyi ümumi hüquqi və siyasi konteksti, habelə ayrıca işin konkret hallarını nəzərə almaq önəmlidir. Bu həmçinin o deməkdir ki, Məhkəmə işin bütün halları baxımından ərizəçinin mümkün daxili hüquqi müdafiə vasitələrini tükəndirmək üçün ondan əsaslı olaraq gözlənilə bilən hər şeyi edib-etmədiyini araşdırmalıdır (bax: Melnik Ukraynaya qarşı, ərizə N 72286/01, b. 67, 28 mart 2006-cı il; və Hümmətov Azərbaycana qarşı, ərizələr N 9852/03 və 13413/04, b. 91, 29 noyabr 2007-ci il).

86. Ərizəçinin Konstitusiya Məhkəməsinə şikayət vermədiyinə gəldikdə, Məhkəmə əvvəlki işlərdə gəldiyi belə bir rəyi bir daha xatırladır ki, bu cür şikayətin verilməsi Məhkəməyə ərizə verməzdən əvvəl tükəndirilməli olan hüquqi müdafiə vasitələrindən biri deyildi. Konstitusiya Məhkəməsi yetərincə əlçatan deyildi, çünki Konstitusiya Məhkəməsinə fərdi şikayət vermək hüququnu həyata keçirmək üçün fərdlərdən dövlətdaxili səviyyədə digər hüquqi müdafiə vasitəsinə (Ali Məhkəmənin Plenumunda əlavə kassasiya proseduruna) müraciət etmələri tələb olunurdu, o isə Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada səmərəli deyildi (bax: İsmayılov Azərbaycana qarşı, ərizələr N 4439/04, b. 39-40, 17 yanvar 2008-ci il). Məhkəmə hazırkı işdə bu rəydən kənara çıxmaq üçün heç bir səbəb görmür, buna görə də Hökumətin etirazının bu hissəsini rədd edir.

87. Cinayət istintaqına xitam verilməsi barədə müstəntiqin qərarına CPM-in 122-ci və 449-cu maddələri əsasında ərizəçinin etiraz etmədiyi barədə iddiaya gəldikdə, Məhkəmə hesab edir ki, Hökumətin etirazının bu hissəsi cinayət istintaqının səmərəliliyi ilə bağlı məsələləri qaldırır, həmin məsələlər şikayətin mahiyyəti ilə sıx əlaqədardır. Buna görə də o, hesab edir ki, bu məsələlər işin mahiyyətinə aid məsələlərlə birləşdirilməli və aşağıda Konvensiyanın maddi-hüquqi normaları əsasında araşdırılmalıdır.

88. Məhkəmə daha sonra qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada hər hansı digər baxımdan açıq-aydın əsassız deyil və hər hansı başqa səbəblərə görə qəbul olunmayan sayıla bilməz. Buna görə də o, qəbul olunan elan edilməlidir.

B. Şikayətin mahiyyəti

1. Tərəflərin arqumentləri

89. Hökumət ərizəçinin xəsarət aldığını təkzib etmədi, amma iddia etdi ki, o, qəddar rəftara məruz qalmayıb. Hökumət dövlətdaxili istintaqın gəldiyi bu nəticələrlə razılaşdı ki, ərizəçinin polisin hərəkətləri nəticəsində xəsarət aldığını müəyyən etmək mümkün deyil.

90. Hökumət iddia etdi ki, ərizəçi öz iddialarını əsaslandıra bilməyib. Konkret olaraq, ərizəçi onu vurduğunu bildirdiyi polis əməkdaşını tanıya bilməyib. Cinayətə dair şikayətlə bağlı müstəntiq tərəfindən dindirilərkən o, qeyd edib ki, insidentin şahidi olmuş adamların olub-olmadığını bilmir.

91. Lakin sonradan daxili məhkəmələrdə mülki iddiası araşdırılarkən o, “qəflətən” iki hal şahidini (A.A. və G.G.) təqdim edə bilib, iddia edildiyinə görə onlar insidenti bütünlüklə görüblər. Hökumətin sözlərinə görə, A.A. ilə G.G.-nin ifadələri arasında, habelə bu ifadələrlə ərizəçinin hadisələr barədə versiyası arasında uyğunsuzluqlar olub. Konkret olaraq, ərizəçinin və iki şahidin müvafiq ifadələri polis əməkdaşının guya ərizəçini birinci dəfə vurmasından sonra nələrin baş verməsi və ərizəçinin aptekə necə aparılması məsələsində fərqlənir. Bəzi ifadələrə əsasən ərizəçi ikinci zərbədən özü yayındığı halda, başqalarının sözlərinə əsasən guya digər polis əməkdaşları həmin polis əməkdaşına deyiblər ki, onu vurmaqdan vaz keçsin. Həmçinin ifadələr ərizəçinin aptekə “qoca bir kişinin”, yaxud A.A. ilə G.G. daxil olmaqla bir qrup insanın müşayiəti ilə getməsi məsələsində də fərqlənib. Buna görə də Hökumət iddia etdi ki, ərizəçinin xeyrinə verilmiş şahid ifadələrinə güvənmək olmaz və “sübutların qiymətləndirilməsində daha yaxşı mövqedə olan” daxili mülki məhkəmələrin gəldiyi nəticə də belədir. Hökumət həmçinin qeyd etdi ki, MPM-in 77.1-ci maddəsinə əsasən mülki iddiasının əsaslarını sübut etmək vəzifəsi ərizəçini ərizəçinin üzərinə düşür, o isə bunu edə bilməyib.

92. Hökumət daha sonra bildirdi ki, dövlətdaxili səviyyədə cinayət işi üzrə səmərəli istintaq aparılıb və baş prokurorluğun müstəntiqi ərizəçinin iddialarını araşdırmaq üçün bütün zəruri addımları atıb. Müstəntiq “hadisənin mümkün şahidlərini”, o cümlədən 16 oktyabr 2003-cü ildə Azadlıq Meydanında “növbədə” olan polis əməkdaşlarını və ərizəçinin insidentdən dərhal sonra aparıldığı iddia edilən aptekin işçilərini dindirib. Bütün bu şahidlər ifadələrində bildiriblər ki, ərizəçini görməyiblər.

93. Bundan başqa, müstəntiq ərizəçi üzərində iki məhkəmə-tibb ekspertizasının aparılması barədə qərar çıxarmış, ərizəçi bu barədə vaxtında məlumatlandırılmış və şəxsən ekspertizaya gəlmişdi. Məhkəmə-tibb ekspertləri bu nəticəyə gəldilər ki, ərizəçinin sifətindəki xəsarətlər dəyənəklə yetirilə bilməzdi. Ərizəçi CPM-in 268.1.4-cü maddəsinə uyğun olaraq “alternativ tibbi müayinə” tələb etməklə dövlətin məhkəmə-tibb ekspertlərinin rəyinə etiraz etmək imkanına malik idi, amma bunu etmədi.

94. Hökumət yekun olaraq bildirdi ki, istintaqa düzgün olaraq xitam verilib, çünki cinayət hadisəsinin olmadığı müəyyən edilib. Eyni səbəblərə görə istintaq zamanı ərizəçi “zərər çəkmiş şəxs” kimi tanınmadı.

95. Ərizəçi bildirdi ki, o, polisin qəddar hərəkətinə məruz qalıb və o, polisi bu hərəkətə təhrik etməyib. Onun dəyənək zərbələri alması Konvensiyanın 3-cü maddəsi üzrə qeyri-insani və ləyaqəti alçaldan rəftara bərabərdir. O, daha sonra bildirdi ki, dövlət orqanları məsuliyyət daşıyan polis əməkdaşlarının müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnə bilən təcili, hərtərəfli və səmərəli araşdırma aparmayıblar.

96. Ərizəçi üç şahidin (A.A., G.G. və İ.G.-nin) ifadələrini təqdim etdi, bu ifadələrdə sonuncular mahiyyət etibarı ilə daxili məhkəmə proseslərindəki ifadələrini təkrar edirlər və həmin ifadələr insident barədə ərizəçinin versiyasını təsdiq edir (yuxarıda 50-52-ci bəndlərə bax). Ərizəçi bu üç şahidin ifadələri arasında hər hansı ziddiyyətlər olduğunu inkar etdi. Digər tərəfdən, istintaq orqanları müvafiq şahidləri dindirməyiblər və ona qarşı qəddarlıq etmiş polis əməkdaşını aşkara çıxarmaq üçün həqiqi səy göstərməyiblər. Bundan başqa, ərizəçi Məhkəmədəki icraatdan qabaq Hökumət tərəfindən təqdim edilmiş iki məhkəmə-tibb ekspertizasının rəyini nə vaxtsa gördüyünü inkar etdi. O, iddia etdi ki, istintaqda effektiv iştirakının qarşısı alınıb və ilkin dindirmədən sonra dəfələrlə müstəntiqlə şəxsən görüşməyə cəhd etdiyinə baxmayaraq, buna imkan verilməyib. Yuxarıda qeyd edildiyi kimi, o, həmçinin israr etdi ki, Məhkəmədəki icraatdan qabaq o, cinayət istintaqına xitam verilməsi barədə 26 noyabr 2004-ü il tarixli qərarın mövcudluğu barədə heç vaxt məlumatlandırılmayıb və həmçinin Hökumət tərəfindən Məhkəməyə təqdim edilmiş bu qərarın surətinin həqiqiliyini şübhə altına aldı.

2. Məhkəmənin qiymətləndirməsi

a) Ümumi prinsiplər

i) 3-cü maddənin maddi-hüquqi aspekti barədə

97. Məhkəmənin dəfələrlə bildirdiyi kimi, 3-cü maddə demokratik cəmiyyətin əsas dəyərlərindən birini mühafizə edir. Hətta mütəşəkkil terrorçuluğa və cinayətkarlığa qarşı mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncələri və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir. Konvensiyanın və 1 və 4 saylı Protokollarının bir çox maddi-hüquqi müddəalarından fərqli olaraq, 3-cü maddədə istisnalar nəzərdə tutulmur və onun müddəaları hətta millətin mövcudluğunu təhdid edən fövqəladə vəziyyət şəraitində belə 15-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş geri çəkilmələrə yol vermir: (bax: Selmuni Fransaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 25803/94, b. 95, AİHM 1999-V; və Assenov və başqaları Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, b. 93, Qərar və qərardadlar toplusu, 1998-VIII).

98. Lakin 3-cü maddənin əhatə dairəsinə düşmək üçün pis rətfar minimal qəddarlıq səviyyəsinə çatmalıdır. Bu minimum səviyyənin qiymətləndirilməsi işin bütün hallarından, məsələn həmin rəftarın davam etmə müddətindən, onun fiziki və ya ruhi təsirlərindən, eləcə də bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, b. 162, A seriyaları, c. 25; Kudla Polşaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 30210/96, b. 91, AİHM 2000-XI; və Pirs Yunanıstana qarşı, ərizə N 28524/95, b. 67, AİHM 2001-III). Məhkəmə hesab edir ki, rəftarın “qeyri-insani” olması üçün o, digər əlamətlərlə yanaşı, düşünülmüş olmalı, saatlarla tətbiq edilməli, habelə ya faktiki bədən xəsarəti, ya da fiziki və ruhi əzab yetirməlidir. O, rəftarı ona görə “ləyaqəti alçaldan” hesab edir ki, o, qurbanlarda təhqiredici və alçaldıcı olan qorxu, əzab və acizlik hisslərini yaradır (bax: Kudlanın işi üzrə yuxarıda adı çəkilən qərar, b. 92).

99. Məhkəmə öz rolunun subsidiar (yardımçı) xarakterli olduğunu dərk edir və etiraf edir ki, faktların müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin funksiyasını öz üzərinə götürməsi konkret işin halları baxımından qaçılmaz olan hallarda bunu ehtiyatla etməlidir (misal üçün bax: Makkerr Birləşmiş Krallığa qarşı (qərardad), ərizə N 28883/95, 4 aprel 2000-ci il). Bununla belə, Konvensiyanın 3-cü maddəsi üzrə iddialar irəli sürüldükdə, hətta artıq müəyyən daxili məhkəmə prosesləri və istintaqlar aparılmış olsa da, Məhkəmə məsələni xüsusi diqqətlə hərtərəfli araşdırmalıdır (müvafiq dəyişikliklərlə bax: Ribiç Avstriyaya qarşı, 4 dekabr 1995-ci il, b. 32, A seriyaları, c. 336; və Akdivar Türkiyəyə qarşı, ərizə N 25657/94, b. 283-284, AİHM 2001-VII, çıxarışlar).
ii) 3-cü maddənin prosessual aspekti barədə

100. Fərd polis və ya digər dövlət nümayəndələri tərəfindən qanunsuz şəkildə və 3-cü maddə pozulmaqla ciddi dərəcədə pis rəftara məruz qalması barədə əsaslı iddia irəli sürdükdə, bu maddə Konvensiyanın 1-ci maddəsi üzrə dövlətin ümumi öhdəliyi ilə, yəni “yurisdiksiyasında olan hər kəs üçün [bu] Konvensiyanın 1-ci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” öhdəliyi ilə birgə götürülməklə, dolayısı ilə tələb edir ki, səmərəli rəsmi araşdırma aparılsın. Bu araşdırma məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və cəzalandırılması ilə nəticələnmək iqtidarında olmalıdır Belə olmadıqda, işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və cəzaya qoyulan ümumi hüquqi qadağanın olduqca mühüm olmasına baxmayaraq, həmin qadağa praktikada səmərəsiz ola bilər və dövlət nümayəndələri faktiki olaraq cəzalandırılmadan nəzarətləri altında olan şəxsləri bir sıra hallarda pis rəftara məruz qoya bilərlər (bax: Assenov və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 102; və Labita İtaliyaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 26772/95, b. 131, AİHM 2000-IV).

101. Qəddar rəftar barədə ciddi iddialarla bağlı araşdırma hərtərəfli olmalıdır. Bu o deməkdir ki, dövlət orqanları nəyin baş verdiyini müəyyən etmək üçün ciddi səy göstərməli və istintaqı bitirmək və ya qərarlarını əsaslandırmaq üçün tələsik və ya əsassız nəticələrə güvənməməlidirlər (bax: Assenov və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, 103-cü və sonrakı bəndlər). Onlar hadisəyə dair sübutları, o cümlədən hal şahidlərinin ifadələrini və məhkəmə ekspertizasının sübutlarını təmin etmək üçün mümkün olan bütün zəruri addımları atmalıdırlar (bax: Tanrıqulu Türkiyəyə qarşı [Böyük Palatanın qərarı], ərizə N 23763/94, AİHM 1999-IV, 104-cü və sonrakı bəndlər; və Gül Türkiyəyə qarşı, ərizə N 22676/93, b. 89, 14 dekabr 2000-ci il). İstintaq zamanı xəsarətlərin səbəbini və ya məsuliyyət daşıyan şəxslərin kimliyini müəyyən etmək imkanına xələl gətirən hər hansı qüsur araşdırmanın bu standartına xələl gətirmək riskini daşıyır.

b) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi

102. Məhkəmə qeyd edir ki, 16 oktyabr 2003-cü ildə ərizəçinin sağ gözü və sağ göz orbitinin kənarı ciddi xəsarətlər alıb. İşin içərisindəki materiallar bunu müəyyən etmək üçün yetərlidir ki, həmin gün icazəsiz nümayişin baş verdiyi vaxt və nümayiş hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmaya səbəb olmuş iğtişaşa keçən vaxt ərizəçi Azadlıq Meydanında olub. Bu nəticə konkret olaraq ərizəçinin ifadələri ilə, tibbi müayinəyə dair 16 oktyabr 2003-cü il tarixli qeydlərlə və şahid ifadələri ilə təsdiqlənir (aşağıda 108-ci bəndə bax), bu barədə Hökumətlə dövlət orqanları mübahisə açmayıblar, onlar 16 oktyabr 2003-cü il hadisələri zamanı ərizəçinin Azadlıq Meydanında olduğunu heç vaxt açıq-aydın şübhə altına almayıblar.

103. Bundan başqa, hazırkı işdə etirazçıları dağıtmaq və iğtişaşı yatırmaq üçün dövlət orqanlarının dəyənəklərdən, gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə etməklə güc tətbiqinə əl atdığı şübhə altına alınmır. Eyni ilə, o da şübhə altına alınmır ki, bu hadisələrin gedişinə bir sıra etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıblar. Lakin söhbət ərizəçidən getdikdə, Hökumət onun xəsarətinin güc tətbiqi nəticəsində baş verdiyini şübhə altına alır.

104. Buna görə də onu müəyyən zəruridir ki, ərizəçinin xəsarətinə görə dövlət orqanları məsuliyyət daşıyırlarmı və əgər daşıyırlarsa, bu, rəftar Konvensiyanın 3-cü maddəsi üzrə qəddar rəftara bərabərdirmi? Məhkəmə hər şeydən əvvəl hazırkı işdə tətbiq edilə bilən sübutetmə standartını nəzərə alacaq.

i) Sübutetmə yükünün bölüşdürülməsi

105. Məhkəmə bir daha xatırladır ki, qəddar rəftar barədə iddialar müvafiq sübutla təsdiq edilməlidir. Bu sübutu qiymətləndirərkən Məhkəmə adətən “əsaslı şübhə yeri qoymayan” sübutetmə standartını tətbiq edir. Lakin bu cür sübut yetərincə güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair təkzibolunmaz analoji ehtimalların birgə mövcudluğundan irəli gəlməlidir (bax: İrlandiya Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 161).

106. Məhkəmə qeyd edir ki, ərizəçi 16 oktyabr 2003-cü il hadisələri zamanı və ya ondan sonra həbsə alınmayıb. Bu baxımdan hazırkı işdə vəziyyət insanların həbsxanada olarkən və ya hər hansı digər formada polisin nəzarəti altında olarkən xəsarətə məruz qaldığı işlərdən fərqlənir, həmin işlərdə xəsarətlərin səbəbi barədə qaneedici və inandırıcı izahat təqdim etmək üzrə sübutetmə yükü açıq-aydın dövlət orqanlarının üzərinə düşür (bir çox qərarlar arasında bax: Selmuni Fransaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 25803/94, b. 87, AİHM 1999-V; Salman Türkiyəyə qarşı [Böyük Palatanın qərarı], ərizə N 21986/93, b. 100, AİHM 2000-VII; Pruneanu Moldovaya qarşı, ərizə N 6888/03, b. 44, 16 yanvar 2007-ci il; və Məmmədov Azərbaycana qarşı, ərizə N 34445/04, b. 60, 11 yanvar 2007-ci il).

107. Bundan başqa, hazırkı işi o işlərdən fərqləndirmək lazımdır ki, orada ərizəçilərin xəsarətlərinin həbsə müqavimət göstərən şəxslərlə, tabesizlik göstərən məhbuslarla və ya icazəsiz nümayiş iştirakçıları ilə bağlı konkret təhlükəsizlik əməliyyatının gedişində dövlət nümayəndələri tərəfindən güc tətbiqi nəticəsində yetirildiyi şübhə altına alınmayıb. Həmin işlərdə Məhkəmə qərara alıb ki, sadəcə bu cür güc tətbiqinin həddən artıq olmadığını sübut etmək vəzifəsi Hökumətin üzərinə düşür (misal üçün bax: Zelilof Yunanıstana qarşı, ərizə N 17060/03, b. 46-47, 24 may 2007-ci il; Kurnaz və başqaları Türkiyəyə qarşı, ərizə N 36672/97, b. 53-55, 24 iyul 2007-ci il; Vladimir Romanov Rusiyaya qarşı, ərizə N 41461/02, b. 60-61, 24 iyul 2008-ci il; Saya və başqaları Türkiyəyə qarşı, ərizə N 4327/02, b. 20, 7 oktyabr 2008-ci il; Balçık və başqaları Türkiyəyə qarşı, ərizə N 25/02, b. 30-31, 29 noyabr 2007-ci il; və Matko Sloveniyaya qarşı, ərizə N 43393/98, b. 101-104, 2 noyabr 2006-cı il). Hazırkı işdə xəsarətlərin polis tərəfindən güc tətbiqi nəticəsində yetirilməsi faktı şübhə alına alınır (müqayisə et: Stoitsa Rumıniyaya qarşı, ərizə N 42722/02, b. 48 və 66, 4 mart 2008-ci il).

108. Lakin Məhkəmə hesab edir ki, ərizəçi insident barədə öz versiyasını təsdiq edən və polis tərəfindən qəddar rəftara məruz qaldığı barədə ehtimal yürütməyə əsas verən kifayət qədər güclü sübut təqdim edə bilib. Konkret olaraq, onun müayinəsinə dair 16 və 17 oktyabr 2003-cü il tarixli tibbi qeydlər bu iddianı təsdiq edir ki, o, 16 oktyabr 2003-cü ildə Azadlıq Meydanındakı iğtişaş zamanı ciddi xəsarətlər alıb. O, həmçinin iki şahid ifadəsi təqdim edib və onlar onun polis dəyənəyindən aldığı zərbə nəticəsində xəsarət aldığı barədə iddiasını birbaşa təsdiq edir (yuxarıda 51-52-ci bəndlərə bax), həmçinin digər bir ifadə də onun iddiasını təsdiq edir və hadisəyə dair onun versiyasına uyğun gəlir (yuxarıda 50-ci bəndə bax). Hökumətin belə bir arqumenti Məhkəməni inandırmadı ki, A.A. və G.G.-nin ifadələri bir-birinə və ərizəçinin iddialarına uyğun gəlmir. Konkret olaraq, hər iki şahid aydın şəkildə və təkrar-təkrar bildiriblər ki, polis əməkdaşının dəyənəklə ərizəçinin sifətindən vurduğunu görüblər. Bu məsələdə Məhkəmə ərizəçinin iddiasının əsas məğzi ilə, yəni xəsarətin polis tərəfindən yetirilməsi ilə hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Hətta hadisələrin iddia edilən dəyənək zərbəsindən sonrakı hissəsi ilə bağlı şahidlərin yaddaşındakılarda müəyyən fərqlər olsa belə, bu fərqlər bir-birini qarşılıqlı surətdə təkzib etmir və onlar özlüyündə bu ifadələri etibarsız edə biləcək qədər önəmli deyil və sübutların ümumi qiymətləndirilməsinə təsir göstərə bilməz. Bu şahidlərin insidentdən bir neçə ay sonra dövlət orqanları qarşısında ifadə verməsi faktını nəzərə alaraq, Məhkəmə qeyd edir ki, arada ötmüş zaman qaçılmaz olaraq şahidlərin hadisələri təfsilatı ilə və dəqiqliklə xatırlamaq qabiliyyətinə təsir göstərir (müqayisə et: İpək Türkiyəyə qarşı, ərizə N 25760/94, b. 116, AİHM 2004-II, çıxarışlar). İstənilən halda, bu şahidlərin müstəqilliyi və etibarlılığı dövlətdaxili səviyyədə şübhə altına alınmayıb və bu şahidlərin hər hansı birinin məhkəmədə yalan ifadə verdiyi müəyyən edilməyib (həmçinin aşağıda 122-ci bəndə bax). Belə olan halda Məhkəmə bu ifadələri qəbul etməmək üçün heç bir səbəb görmür.

109. Bundan başqa, hazırkı işin konkret halları baxımından belə bir fakta xüsusi diqqət yetirilməlidir ki, ərizəçi hüquq mühafizə orqanlarının əməliyyat apardığı ərazidə olduğu zaman ona xəsarət yetirilib, həmin əməliyyatda onlar kütləvi iğtişaşı yatırmaq məqsədi ilə güc tətbiqinə əl atıblar. Bununla bağlı Məhkəmə qeyd edir ki, 3-cü maddə dəqiq göstərilmiş müəyyən hallarda güc tətbiqini qadağan edir. Lakin bu cür güc yalnız zərurət olduqda tətbiq edilməli və həddən artıq olmamalıdır (bax: Kurnaz və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 52; və İvan Vasilyev Bolqarıstana qarşı, ərizə N 48130/99, b. 63, 12 aprel 2007-ci il). Şəxsin öz davranışının buna ciddi zərurət yaratmadığı halda fiziki gücə əl atılması insan ləyaqətini alçaldır və prinsipcə Konvensiyanın 3-cü maddəsində əks olunmuş hüququn pozuntusudur.

110. İşin içərisindəki materialları və 16 oktyabr 2003-cü il hadisələrini təsvir etmiş ictimaiyyət üçün açıq mənbələri nəzərə alaraq (yuxarıda 71-77-ci bəndlərə bax), Məhkəmə hər şeydən əvvəl qeyd edir ki, ixtiyarındakı informasiya kifayət qədər azdır və orada təfsilatlar yoxdur, bunun nəticəsində hadisələrin dəqiq və təfsilatlı ardıcıllığını bərpa etmək çətindir. Lakin müəyyən faktları hazırkı işdə analiz məqsədləri üçün kifayət edən dərəcədə ayırd etmək olar. Konkret olaraq, belə görünür ki, bəzi nümayişçilər həqiqətən dövlət mülkiyyətini və özəl mülkiyyəti dağıdıblar və artıq əraziyə cəlb olunmuş polis bölmələrinə hücum ediblər. Məhkəmə razılaşır ki, belə davranış çox tezliklə təhlükəsizlik qüvvələri tərəfindən müdaxiləni zəruri edən qiyama keçə bilərdi. Bununla belə, həmçinin görünür ki, bəzi etirazçılar zorakılığa qatılmayıblar və dövlət orqanlarına müqavimət göstərməyiblər və ya hər hansı digər zorakılıq aktlarında iştirak etməyiblər. Sonuncu qeyd belə bir məlumatlarla təsdiqlənir ki, hesablamalara görə minlərlə etirazçıdan təxminən 600-ü həbs edilib və nəticə etibarı ilə onların təxminən 125-i zorakılıqla bağlı cinayət ittihamları ilə məhkəmə qarşısına çıxarılıb (yuxarıda 72-ci və 76-77-ci bəndlərə bax).

111. Həmçinin belə görünür ki, dövlət orqanları dəstəkləyici qüvvələr gətiriblər və etirazçıları mühasirəyə almazdan və iğtişaşı dağıtmaq üçün əməliyyata başlamazdan əvvəl etirazçıların Azadlıq Meydanına toplaşmasına imkan veriblər. Beləliklə, dövlət orqanları güc tətbiqinə əl atarkən onların əməliyyatı mahiyyət etibarı ilə şəhərin məhdud bir ərazisi ilə məhdudlaşırdı. Məhkəmə həmçinin qeyd edir ki, əməliyyata təkcə asayiş polisi deyil, həm də hərbi qüvvələr cəlb olunmuşdu. Onların hamısı dəbilqələrlə, qalxanlarla, dəyənəklərlə və digər xüsusi vasitələrlə tam təchiz olunmuşdu. Dövlət orqanları kifayət qədər qısa vaxt ərzində bu çoxsaylı (müxtəlif məlumatlara əsasən bir neçə min) qüvvələri cəlb etmək iqtidarında idilər. Məhkəmə hesab edir ki, dövlət orqanlarının bu tərzdə müdaxilə etmək qabiliyyəti müəyyən hazırlıq dərəcəsi tələb edirdi. Bundan başqa, 16 oktyabr hadisələrindən əvvəlki axşam etirazçılarla polislər arasında artıq bəzi mübahisələrin və toqquşmaların olması faktını nəzərə alsaq, dövlət orqanları qarşıdakı çətinliklərlə və zorakılığın kəskinləşəcəyi ehtimalı ilə bağlı müəyyən ilkin ehtiyat tədbirləri görməli idilər. Buna görə də, heç də belə görünmür ki, dövlət orqanları məsələyə tam təsadüfi və hazırlıqsız tərzdə reaksiya verməyə məcbur idilər (bax: Rebok Sloveniyaya qarşı, ərizə N 29462/95, b. 72, AİHM 2000-XII), onlar hadisələrin sonrakı gedişatını öncədən görə bilər və lüzumsuz riskləri qiymətləndirmək və onlardan qaçmaq üçün, habelə fərq qoymadan və nizamsız tərzdə güc tətbiqindən çəkinmək üçün ən azı müəyyən tədbirlər görə bilərdilər.

112. Bütün bu halları və ərizəçinin dövlət orqanları tərəfindən güc tətbiq edilmiş ərazidə olarkən xüsusilə ciddi xəsarətə məruz qaldığını nəzərə alaraq və konkret olaraq onun iddialarının kifayət qədər güclü və uzlaşan sübutlarla təsdiq edildiyini vurğulayaraq, Məhkəmə hesab edir ki, ərizəçi polis tərəfindən qəddar rəftara məruz qaldığı barədə ehtimal yürütməyə əsas verən elə dəlillər təqdim edib ki, onlar onun iddiaları ilə bağlı səmərəli araşdırma aparılmasını tələb edirdi. Buna görə də ərizəçinin xəsarətlərinin səbəbi barədə qaneedici və inandırıcı izahat təqdim etmək üzrə sübutetmə yükü Hökumətin üzərinə düşür.

ii) Ərizəçinin xəsarətlərinin səbəbinin müəyyən edilməsi və pis rəftarın qəddarlıq dərəcəsinin qiymətləndirilməsi

113. Məhkəmə bir daha bildirir ki, dövlət orqanları güc tətbiqinə əl atarkən həmin güc tətbiqinə görə cavabdehliyi, o cümlədən onun mütənasibliyi məsələsini təmin etmək üçün bu tədbirin müəyyən formada müstəqil monitorinqi aparılmalıdır (müvafiq dəyişikliklərlə bax: Satık və başqaları Türkiyəyə qarşı, ərizə N 31866/96, b. 58, 10 oktyabr 2000-ci il). Belə cavabdehliyi təmin etmək üçün yoxlamaq lazımdır ki, əməliyyat düzgün tənzimlənibmi və fərdlərin hər hansı ciddi bədən xəsarəti riskini mümkün qədər minimuma endirə biləcək tərzdə təşkil edilibmi? (bax: Kurnaz və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 56).

114. Nümayişə cəlb olunan və xəsarət alan insanların ümumi sayından çıxış etsək, bu inkaredilməzdir ki, 16 oktyabr 2003-cü ildə çoxlu sayda etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında xüsusilə iri miqyaslı qarşıdurma baş verib və hər iki tərəfdən yüksək dərəcədə zorakılıqla müşayiət olunub. Buna görə də situasiya təkcə zorakı hərəkətlər edən etirazçıların hərəkətləri üzərində deyil, həm də hüquq-mühafizə orqanlarının hərəkətləri üzərində xüsusilə hərtərəfli nəzarət tələb edirdi. Lakin öz qeydlərində Hökumət sadəcə bildirdi ki, onlar etirazçılara qarşı güc tətbiq etmək məcburiyyətində qalıblar, amma tətbiq edilmiş gücün dəqiq xarakterinə və miqyasına işıq salan hər hansı izahat və ya sənəd təqdim etməyiblər. Onlar ölkədaxili səviyyədə dövlət orqanlarının hərəkətlərinin hər hansı monitorinqinin aparıldığını göstərən hər hansı sübut təqdim etməyiblər. Onlar insidentlə bağlı hər hansı rəsmi hesabat təqdim etməyiblər, elə hesabat ki, orada hadisələrin ardıcıllığı əks etdirilsin, tətbiq edilmiş gücün zəruriliyi və mütənasibliyi qiymətləndirilsin və daha az zorakılıqdan və ya qeyri-zorakı vasitələrdən istifadənin mümkünlüyü (və ya mümkünsüzlüyü) təhlil edilsin. Etirazçıların zorakı hərəkətlərini araşdırmaq üçün rəsmən cinayət istintaqına başlanıldığı halda tərəflərin təqdim etdiyi materiallardan aydın deyil ki, hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı hər hansı rəsmi araşdırma aparılıbmı? Hazırkı işlə bağlı Məhkəmə hesab edir ki, bu cür araşdırma ərizəçinin fərdi şikayəti üzrə istintaqın səmərəliliyini artırmış olar və istintaq orqanlarının onun iddialarını daha düzgün kontekstdə nəzərdən keçirməsinə imkan verərdi.

115. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin xəsarətləri ilə bağlı Hökumətin izahatı mahiyyət etibarı ilə dövlət orqanlarının gəldiyi nəticələrin təkrarlanması ilə məhdudlaşıb. Konkret olaraq, o, iddia edib ki, ərizəçinin iddiaları nəticə etibarı ilə ölkədaxili istintaqın gedişində etibarsız sayılıb.

116. Ərizəçinin xəsarətinin səbəbinə gəldikdə, Hökumət iddia etdi ki, daxili məhkəmə-tibb ekspertləri bu qənaətə gəliblər ki, bu xəsarət polis dəyənəyi ilə yetirilməyib. Məhkəmə qeyd edir ki, ərizəçinin həqiqətən dövlət orqanlarının təyin etdiyi məhkəmə-tibb ekspertləri tərəfindən şəxsən müayinə olunub-olunmaması məsələsində tərəflər arasında fikir ayrılığı var. İşin materiallarındakı sənədlərdə ərizəçinin ən azı birinci məhkəmə-tibb ekspertizasının keçirilməsinə dair müstəntiqin qərarı barədə məlumatlandırıldığı göstərildiyi halda istə birinci, istərsə də ikinci məhkəmə-tibb ekspertizasının rəylərinin surətlərindən aydın olmur ki, hər iki halda ekspertlər ərizəçini şəxsən müayinə ediblər, yoxsa sadəcə olaraq ərizəçinin müayinəsinə dair əvvəlki tibbi qeydlərə əsaslanıblar? Amma bu məsələnin müəyyən edilməsi aşağıdakıların işığında heç də zəruri deyil.

117. Məhkəmə bir daha bildirir ki, ərizəçinin xəsarət alması və onun ciddiliyi faktı ərizəçinin müayinəsinə dair 16 və 17 oktyabr 2003-cü il tarixli tibbi qeydlərlə təsdiq edilib. Sonrakı məhkəmə-tibbi müayinələrin aparılması üçün müraciətin yeganə rəsmi məqsədi xəsarətin polis dəyənəyi ilə yetirilib-yetirilmədiyi barədə ekspert rəyi almaq idi. Məhkəmə qeyd edir ki, birinci məhkəmə-tibb ekspertizası xəsarət baş verdikdən doqquz aydan artıq vaxt keçdikdən sonra, ikinci məhkəmə-tibb ekspertizası isə bir ildən artıq vaxt keçdikdən sonra və müvafiq olaraq, ərizəçi cinayətə dair şikayət təqdim etdikdən beş və səkkiz ay sonra aparılıb. Bu gecikdirmələrə dair heç bir izahat verilməyib. Məhkəmə bir daha bildirir ki, məhkəmə ekspertizası sübutlarının vaxtında təmin edilməməsi qəddar rəftara dair iddiaların araşdırılmasının ümumi səmərəliliyinin qiymətləndirilməsində mühüm amillərdən biridir (bax: Məmmədovun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 74).

118. Məhkəmə daha sonra qeyd edir ki, birinci məhkəmə-tibb ekspertizasının rəyi xəsarətin “ərizəçi tərəfindən təsvir edilən şəraitdə … ensiz formalı bərk küt əşya” ilə yetirilməsi ehtimalını istisna etməyib. Polis dəyənəyinin “ensiz formalı bərk küt əşya” anlayışına yetərincə uyğun gəldiyini qeyd edərək, Məhkəmə yuxarıdakı nəticəni xəsarətin bu cür dəyənəklə yetirilməsinin mümkünlüyünü nəzərdə tutan nəticə kimi şərh edir. Lakin məlumatlara görə ekspert xəsarətin səbəb ilə bağlı daha dəqiq qiymətləndirmə aparmaq imkanına malik olmayıb, buna görə də başqa bir məhkəmə-tibb ekspertizası tələb olunub.

119. Hökumətin və ölkədaxili istintaq orqanlarının sözlərinə görə, ikinci məhkəmə-tibb ekspertizasının rəyi xəsarətin polis dəyənəyi ilə yetirilməsi ehtimalını qəti şəkildə istisna edib. Lakin Məhkəmə bu fikri paylaşmır. O, qeyd edir ki, verilmiş konkret suallara ikinci məhkəmə-tibb ekspertizasının rəyi qısa və eyni zamanda qeyri-müəyyən və qeyri-dəqiq cavablar verib. Konkret olaraq, xəsarətin səbəbinə gəldikdə, rəydə deyilir ki, onun səbəbi ərizəçinin “məruz qaldığı zədədir”, bu zədənin səbəbi isə izah edilmir. Bundan başqa, “onun gözünə konkret xəsarət polis dəyənəyi ilə yetirilə bilərdimi?” kimi konkret suala rəydə kifayət qədər qeyri-müəyyən cavab verilir: “[ərizəçinin] bədənində adətən polis dəyənəyinin adına yazıla bilən heç bir zədə aşkar edilmədi”. Lakin rəydə bu cavab heç nə ilə əsaslandırılmır və məhkəmə təbabəti elminə əsaslanan hər hansı təhlil və ya arqumentasiya ilə təsdiqlənmir. Məhkəmənin fikrincə, bu cür əsaslandırmanın olmaması məhkəmə-tibb müayinəsinin məqsədini heçə endirib və onun gəldiyi nəticələri əsassız edib. Bu səbəblərə görə Məhkəmə hesab edir ki, ikinci məhkəmə-tibb ekspertizasının rəyi ərizəçinin xəsarətləri ilə bağlı inandırıcı izahatları təmin edən mötəbər sübut sayıla bilməz.

120. Bundan başqa, ərizəçinin “alternativ ekspert müayinəsi” tələb etmək imkanına malik olduğu barədə Hökumətin arqumentinə gədikdə, Məhkəmə qeyd edir ki, CPM-in 268.1.4-cü maddəsi cinayət prosesində bunu tələb etmək hüququnu yalnız şübhəli və təqsirləndirilən şəxslərə verir (yuxarıda 65-ci bəndə bax). Hazırkı işdə ərizəçi nə şübhəli, nə də təqsirləndirilən şəxs idi, buna görə də bu arqument yersiz görünür. Məhkəmə həmçinin qeyd edir ki, bu arqumentin müdafiəsi üçün Hökumət sözügedən vaxtda bu cür “alternativ ekspert müayinəsi” üçün zəruri imkanların praktiki cəhətdən mövcud olduğunu göstərən hər hansı sübut və ya sənədlər təqdim etməyib və ən önəmlisi, bu cür müayinənin gəldiyi nəticələrin mötəbər məhkəmə-tibbi sübut qismində cinayət təqibi orqanları tərəfindən cinayət işinin materiallarına daxil edildiyinə dair hər hansı misal göstərməyib. İstənilən halda, Məhkəmə bir daha bildirir ki, qəddar rəftarın baş verdiyi iddia edildikdə müstəqil və mötəbər məhkəmə-tibb ekspertizasının sübutlarını təmin etmək vəzifəsi ərizəçinin deyil, istintaq orqanlarının üzərinə düşür (yuxarıda 101-ci bəndə bax).

121. Məhkəmə bir daha vurğulayır ki, sərəncamında olan tibbi qeydlərə əsasən, ərizəçinin sağ gözü və sağ göz orbitinin kənarı bərk küt əşya tərəfindən yetirilmiş geniş zədə alıb. Belə xəsarətlərin dəyənəklə yetirilməsinin mümkün olmadığı iddia edilə bilməz, bunu o halda iddia etmək olar ki, ekspert məhkəmə təbabəti elmi üzrə konkret bilikləri vasitəsilə əsaslandırmaqla bunun əksinə inandırıcı arqumentlər ortaya qoysun. Yuxarıda qeyd edildiyi kimi, hazırkı işdə belə olmayıb. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçinin aldığı xəsarətlər həqiqətən dəyənəklə yetirilə bilərdi.

122. Bundan başqa, ərizəçi daxili mülki icraatda iki şahidi çağıra bilib, onlar onun iddialarını birbaşa təsdiq edən ifadələr veriblər. Yuxarıda qeyd edildiyi kimi, Məhkəmə bu ifadələrdə hər hansı mühüm uyğunsuzluqlar tapmayıb (yuxarıda 108-ci bəndə bax). Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin xeyrinə ifadə vermiş şahidlərin heç biri məhkəmədə yalan ifadə verməyə görə heç vaxt təqsirləndirilməyib. Onların ifadələrinin yalan və ya aldadıcı olduğu sübut edilməyib və onların şəxsi vicdanlılığı və etibarlılığı daxili məhkəmə proseslərində şübhə altına alınmayıb. Buna diqqət yetirərək, habelə bu sübuta daxili məhkəmənin verdiyi qiyməti nəzərə alaraq Məhkəmə daxili məhkəmənin qərarına hüquqi əsaslandırmanın olmamasından və hazırkı işdə bu ifadələrlə bağlı onun hər hansı qiymətləndirmə apara bilməməsindən heyrətə gəlir. Mülki məhkəmə bu ifadələri bircə cümlə ilə əsassız ifadələr kimi rədd edib və ərizəçinin iddiasının təmin edilməsi üçün onların “əsas qismində götürülə bilməsini” nə üçün mümkünsüz hesab etməsi ilə bağlı (yuxarıda 53-cü bəndə bax) azacıq da olsa təhlil aparmayıb və ya bu məsələnin mahiyyətinə varmayıb. Mülki işlərdə fərqli sübutetmə standartının tətbiq edildiyi barədə Hökumətin arqumenti işin faktiki hallarını qiymətləndirmək və qərarlarını hüquqi cəhətdən əsaslandırmaq üçün hazırkı işdə mülki məhkəmənin səy göstərməməsi ilə bağlı verilən namünasib izahatdır.

123. Ərizəçinin cinayət istintaqı orqanlarını bu şahidlərin (konkret olaraq A.A. və G.G.-nin) mövcudluğu barədə məlumatlandırmadığı ilə bağlı Hökumətin arqumentinə gəldikdə, Məhkəmə qeyd edir ki, mülki iddiaya ərizəçinin müstəntiq tərəfindən 16 mart 2004-cü ildə dindirilməsindən təxminən üç ay sonra baxılıb, ola bilər ki, ərizəçi bu sübutun mövcudluğundan həmin dövrdə xəbər tutub. Bundan başqa, müstəntiqin apardığı ilkin dindirmədən sonra ərizəçi, iddia edildiyinə görə, cinayət istintaqında səmərəli surətdə iştirak etmək və əlavə sübutlar təqdim etmək imkanına malik olmayıb (aşağıda 130-131-ci bəndlərə bax). Məhkəmə həmçinin qeyd edir ki, Konvensiyanın 2-ci maddəsi üzrə işlərdə olduğu kimi, 3 maddə üzrə şikayətlərdə də ölkədaxili səviyyədə hansı istintaq üsulu və ya forması tətbiq edilirsə-edilsin, məsələ dövlət orqanlarının diqqətinə çatdırılan kimi onlar öz təşəbbüsləri ilə hərəkət etməli və istintaq prosedurunun həyata keçirilməsinə görə məsuliyyəti ərizəçinin öhdəsinə buraxmamalıdırlar (müvafiq dəyişikliklərlə bax: Qonqadze Ukraynaya qarşı, ərizə N 34056/02, b. 175, AİHM 2005-XI). Hazırkı işin konkret halları baxımından Məhkəmə hesab edir ki, ərizəçi mülki proses zamanı əlavə sübut təqdim etmək imkanına malik olan kimi bu məsələni dövlətin diqqətinə çatdırıb. Məhkəmə qeyd edir ki, Hökumət tərəfindən etiraf edildiyi kimi, CPM-in 254.1.4-cü maddəsi tələb edir ki, iddia tələbinin araşdırılmasından qabaq aparılan cinayət icraatı başa çatmayana qədər həmin tələbi araşdırmaq mümkün olmadıqda mülki məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Buna baxmayaraq, hazırkı işdə məhkəmə faktiki olaraq iddia tələbinə baxmaqda davam edib və işin mahiyyəti üzrə qətnamə çıxarıb. CPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə mülki işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət elementlərinin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Baxmayaraq ki, ərizəçinin cinayət əməlindən zərər çəkməsi iddia tələbindən açıq-aydın görünürdü və mülki məhkəmə eyni insidentlə bağlı cinayət istintaqının davam etdiyi barədə faktiki olaraq məlumatlandırılmışdı, həmin məhkəmə MPM-in 254.1.4 və 265.4-cü maddələri üzrə öhdəliklərinə əməl etmədi. Hazırkı işdə mülki məhkəmənin digər məsələlərlə yanaşı iş üzrə yeni şahidlərin mövcudluğu barədə istintaq orqanlarını məlumatlandıra biləcək xüsusi qərardadı nə üçün çıxarmaması ilə bağlı Hökumət tərəfindən heç bir izahat verilmədi.

124. Bundan başqa, Məhkəmə qeyd edir ki, 18 may 2004-cü il tarixli məktubla baş prokurorluq ərizəçinin mülki prosesdə irəli sürdüyü iddialarla eyni iddialar üzrə cinayət prosesinin davam etməsi faktı barədə Nəsimi rayon məhkəməsinə məlumat verib. Müvafiq olaraq, həm mülki məhkəmə, həm də cinayət istintaqı orqanları onların hər ikisinin qəddar rəftar barədə eyni iddialar üzrə ayrı-ayrı icraatlar apardıqları barədə məlumatlandırılmışdılar. Xüsusən istintaq orqanlarının lazımi səy göstərməməsi heyrətləndiricidir, onlar qəddar rəftar barədə iddialar üzrə bütün mümkün sübutları təmin etmək üçün bacardıqları bütün ağlabatan tədbirləri görmək öhdəliyini daşıyırlar (bax: Məmmədovun işi üzrə yuxarıda adı çəkilən qərar, b. 74). Əgər müstəntiq mülki prosesin nəticəsi barədə sorğu göndərsəydi, belə bir faktdan xəbərdar olardı ki, ərizəçi öz iddialarını təsdiqləyən yeni sübut təqdim edib.

125. Ölkədaxili istintaq orqanlarının lazımi səy göstərməməsinin işığında ərizəçinin A.A. və GQ.-nin ifadələri barədə müstəntiqə məlumat verməməsi ona qarşı əsas kimi götürülə bilməz, çünki onun etdikləri bu sübutun dövlət orqanlarının diqqətinə çatdırılması üçün yetərli idi. Dövlət orqanlarının cinayət istintaqı çərçivəsində bu şahid ifadələrinə lazımi əhəmiyyət verməməsi istintaqın səmərəsizliyinə xeyli dərəcədə şərait yaradıb.

126. Bundan başqa, 13 və 16 mart 2004-cü il tarixli ifadələrində (yuxarıda 25-ci bəndə bax) ərizəçi tərəfindən açıq-aydın həm adları göstərilən, həm də təsvirləri verilən həmin şəxsləri, yəni İ.G.-ni (o həmçinin sonradan mülki iş üzrə icraat zamanı ifadə verdi) və 259 saylı aptekin işçisi olan saçları ağarmış yaşlı qadını axtarmaq və onlardan ifadə almaq üçün istintaq orqanları heç bir cəhd göstərməyiblər. Üstəlik, ərizəçi konkret olaraq aptekdən təcili yardım klinikasına aparıldığını bildirsə də, istintaq orqanları nə təcili yardım klinikasından 16 oktyabr 2003-cü ildəki təcili yardım çağırışları barədə qeydləri istəyiblər, nə də ərizəçini klinikaya gətirmiş təcili yardım həkimlərindən, yardımçı tibb personalından və sürücüdən ifadə almağa cəhd ediblər. Dövlət orqanları tərəfindən bunların edilməməsi ilə bağlı Hökumət heç bir izahat verməyib. Bu şahidlərin ifadələri ərizəçinin iddialarını həqiqətə uyğunluğunun müəyyən edilməsinə çox kömək edə bilərdi.

127. Bunun əvəzinə istintaq orqanları səkkiz başqa şahidi dindirməklə kifayətləniblər, hansıların ki, Məhkəmənin fikrincə, iddia edilən insidentlə yaxından əlaqəsi olmayıb. Sərəncamda olan sənədlər əsasında belə görünür ki, bu şahidlər iddia edilən insidentdən təxminən bir il sonra dindiriliblər və onlara sadəcə tanınma məqsədləri üçün ərizəçinin bircə fotoşəkli göstərilib.

128. Bu şahidlərdən altısı 16 oktyabr 2003-cü ildə Azadlıq Meydanında və ya yaxın ərazilərdə olmuş polis əməkdaşları olub. Hər hansı başqa izahat olmadığı üçün belə görünür ki, onları həmin gün orada olmuş çoxsaylı polis əməkdaşları arasından təsadüfi seçim qaydasında seçiblər. Təsadüfi seçilmiş bu polis əməkdaşlarının iş üzrə faktların müəyyən edilməsinə hansı mümkün üsulla yardımçı ola biləcəyi göstərilməyib. İstənilən halda, Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı qəddar rəftarın baş verdiyi barədə nəticə çıxarılması onların və ya həmkarlarının cinayət məsuliyyətinə və ya digər məsuliyyətə cəlb edilməsinə səbəb ola biləcəyi faktını nəzərə alsaq, bu polis əməkdaşlarının təkzibləri dəyərə malik təkziblər kimi nəzərə alınmamalıdır (müqayisə et: yuxarıda adı çəkilən Məmmədovun işi, b. 75; Afanasyev Ukraynaya qarşı, ərizə N 38722/02, b. 76, 5 aprel 2005-ci il; və Akkoç Türkiyəyə qarşı, ərizələr N 22947/93 və 22948/93, b. 89, AİHM 2000-X).

129. Müstəntiq həmçinin 259 saylı aptekin işçiləri olduğu iddia edilən A.V. və R.G.-nin ifadələrinə istinad etdi. Ərizəçinin fotoşəklinin göstərildiyi bu şahidlər onu tanımadılar və 16 oktyabr 2003-cü ildə apteklərində onu gördüklərini inkar etdilər. Onların ifadələri hadisələr barədə ərizəçinin versiyasına və A.A., G.G. and I.G.-nin ifadələrinə zidd idi. Məhkəmə qeyd edir ki, bununla belə A.V. və R.G.-nin şahid kimi etibarlılığını və onların ifadələrinin həqiqətə uyğunluğunu şübhə altına almaq üçün ərizəçiyə onlarla şəxsən üzləşdirilmək imkanı heç vaxt yaradılmayıb. Üstəlik, müstəntiqin A.A., G.G. və I.G.-dən ifadə almaması və digər müvafiq şahidləri müəyyən etməyə və dindirməyə cəhd etməməsi ucbatından (yuxarıda 126-cı bəndə bax) istintaq A.V. və R.G.-nin ifadələrini ərizəçinin iddialarını təsdiqləyən çoxsaylı şahid ifadələrinin işığında qiymətləndirməkdən faydalanmaq imkanından məhrum olub. Bu səbəblərə görə A.V. və R.G.-nin ifadələrinin etibarlılığına Məhkəmədə ciddi şübhələr var və Məhkəmə hesab edir ki, onlar da diqqətlə yoxlanılmayıb.

130. Bundan başqa, Məhkəmə hesab edir ki, bir sıra digər amillər də olub ki, onlar ölkədaxili istintaqın səmərəsizliyinə şərait yaradıb və Hökumət tərəfindən hazırkı işdə təqdim edilmiş izahatların inandırıcılığına özlüyündə xələl gətirib. Konkret olaraq, qəddar rəftar barədə ciddi iddialara baxmayaraq, ərizəçi “zərər çəkmiş şəxs” kimi tanınmayıb, bu isə onun istintaqda iştirak etmək və müstəntiqin hərəkətlərinə etiraz etmək imkanını ciddi surətdə məhdudlaşdırıb (yuxarıda 61-62-ci bəndlərə bax). Həmçinin istintaq yubadılıb. Aparılması üçün istintaq orqanları tərəfindən müraciət edilmiş məhkəmə-tibb müayinələrinin dövlət məhkəmə-tibb ekspertləri tərəfindən aparılması izahatsız olaraq uzun müddət vaxt aparıb. Yuxarıda qeyd edildiyi kimi, insidentin hallarını araşdırmaq üçün səmərəli addımların atılmamasına baxmayaraq, müstəntiqin istintaqa xitam verməyi qərara alması doqquz aya yaxın vaxt aparıb.

131. Nəhayət, hazırkı işdə Hökumət müstəntiqin ərizəçini istintaqa xitam verildiyi barədə məlumatlandıran 26 noyabr 2004-cü il tarixli məktubunun surətini təqdim etsə də (yuxarıda 81-ci bəndə bax), bu məktubda poçt ştampı olmayıb və Hökumət bu məktubun istintaqa xitam verildiyi barədə 26 noyabr 2004-cü il tarixli qərarla birlikdə həqiqətən ərizəçiyə göndərildiyinə və ya hər hansı başqa formada təqdim edildiyinə dair hər hansı digər sübut ortaya qoymayıb. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçi bu qərar barədə vaxtında məlumatlandırılmayıb. Belə olan halda o, bu qərarın qanuniliyinə baxılması üçün məhkəməyə müraciət etmək imkanından məhrum olub, halbuki bu yolla o, digər məsələlərlə yanaşı iki məhkəmə-tibb ekspertizasının etibarlılığına etiraz edə və istintaq orqanlarının yol verdiyi digər nöqsanlardan, o cümlədən mühüm şahid ifadələrini almamalarından şikayət edə bilərdi.

132. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, dövlət orqanları 16 oktyabr 2003-cü ildə ərizəçinin aldığı xəsarətlərin ətrafındakı hallarla bağlı səmərəli və müstəqil araşdırma aparmayıblar və Hökumət tərəfindən təqdim edilmiş izahatlar qaneedici və inandırıcı sayıla bilməz. Ərizəçinin iddialarının kifayət qədər güclü və uzlaşan sübutlarla təsdiqləndiyini və Hökumət tərəfindən inandırıcı izahatın olmadığını nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin xəsarətləri polis tərəfindən güc tətbiqi nəticəsində, konkret olaraq, kimliyi müəyyənləşdirilməyən polis əməkdaşının əlindəki dəyənəklə vurduğu zərbə nəticəsində yetirilib.

133. Ərizəçiyə tətbiq edilmiş gücün həddən artıq olub-olmadığı məsələsinə gəldikdə, Məhkəmə bu məsələ barədə qəti qərar çıxarmadan razılaşır ki, dövlət orqanlarının asayişi bərpa etmək üçün coşmuş etirazçılara qarşı müəyyən dərəcədə gücdən istifadə etmələrinə müəyyən qədər haqq qazandırmaq olar. Lakin hazırkı işin halları baxımından Məhkəməni maraqlandıran təkcə ərizəçiyə qarşı həddən artıq gücün tətbiq edilib-edilməməsidir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Hökumət ərizəçiyə qarşı tətbiq edilmiş gücün dərəcəsinə haqq qazandıran və ya onu izah edən əsas qismində hər hansı arqumentlər təqdim etməyib. Ərizəçinin nümayiş zamanı hər hansı zorakı davranışda hər hansı şəkildə iştirak etdiyini göstərən heç bir sübut yoxdur. O, 16 oktyabr 2003-cü il hadisələri zamanı dövlət orqanlarına müqavimətə görə heç vaxt həbs edilməyib və ya cinayət təqibinə məruz qalmayıb. İnsident zamanı o, Azadlıq Meydanını tərk etməyə çalışaraq təhlükədən yaxa qurtarmağa açıq-aydın cəhd edib. Onun hərəkətinin polisi ona qarşı güc tətbiq etməyə hər hansı şəkildə təhrik etdiyini və ya bunu zəruri etdiyini göstərən heç nə yoxdur. Müvafiq olaraq, ərizəçiyə qarşı tətbiq edilmiş güc lüzumsuz və həddən artıq olub.

134. Bundan başqa, Məhkəmə hesab edir ki, ərizəçinin məruz qaldığı xəsarətlər ciddi fiziki ağrı və əzabın mövcudluğunu sübut edir. Bu xəsarətlər onun sağlamlığı üçün uzunmüddətli nəticələr doğurub, belə ki, onun sağ gözü həmişəlik kor olub. Qəddar rəftar və onun nəticələri, yəqin ki, ərizəçinin insan ləyaqətini alçaltmaqla ona həm də əhəmiyyətli mənəvi əzab verib. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət edilən qəddar rəftar 3-cü maddənin tətbiq dairəsinə düşən minimal qəddarlıq dərəcəsinə çatmaq üçün və qeyri-insani və ləyaqəti alçaldan rəftar hesab edilmək üçün kifayət qədər ciddi əməl olub.

iii) Nəticə

135. Yuxarıda 131-ci bənddə gəldiyi nəticələrə əsaslanaraq, Məhkəmə Hökumətin etirazının daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi barəsindəki hissəsini rədd edir, bu etiraz işin mahiyyəti üzrə baxışı ilə bir icraatda birləşdirilmişdi. İşin mahiyyətinə gəldikdə, Məhkəmə gəldiyi bu nəticəni xatırladır ki, 16 oktyabr 2003-cü ildə ərizəçi qeyri-insani və ləyaqəti alçaldan rəftar hesab edilə bilən rəftara məruz qalıb və bu qənaətə gəlir ki, ərizəçinin şikayətləri ilə bağlı istintaq yuxarıda göstərilmiş müxtəlif səbəblərə görə Konvensiyanın 3-cü maddəsinin tələbləri baxımından qüsurlu olub.

136. Buna görə də Konvensiyanın 3-cü maddəsinin həm maddi-hüquqi, həm də prosessual pozuntusu baş verib.

II. KONVENSİYANIN 6-cı VƏ 13-cü MADDƏLƏRİNİN İDDİA EDİLƏN POZUNTULARI

137. Ərizəçi şikayət etdi ki, ölkədaxili cinayət istintaqı səmərəsiz olub və onun tərəfindən başlanılmış mülki proses ədalətsiz olub. O, bildirdi ki, məhkəmələr faktların qiymətləndirilməsində obyektiv olmayıblar və onun polis tərəfindən döyülmə nəticəsində qaldırdığı şikayəti həll etməyiblər. O, Konvensiyanın 6-cı maddəsinə və mahiyyət etibarı ilə həm də 13-cü maddəsinə istinad etdi.

138. Konvensiyanın 6-cı maddəsində deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən … məhkəmə vasitəsilə … işinin ədalətli … araşdırılması hüququna malikdir”.

139. Konvensiyanın 13-cü maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.

140. Tərəflərin arqumentləri Konvensiyanın 3-cü maddəsinin prosessual aspekti ilə bağlı bildirdikləri arqumentlərlə ya eynidir, ya da mahiyyət etibarı ilə oxşardır.

141. Məhkəmə qeyd edir ki, bu şikayətlər yuxarıda baxılmış şikayətlərlə əlaqəlidir və buna görə də onlar da qəbul olunan elan edilməlidir.

142. Lakin ölkədaxili istintaq orqanları və məhkəmələr tərəfindən aparılmış araşdırmanın səmərəsizliyi ucbatından 3-cü maddənin prosessual aspektinin pozulduğu barədə gəldiyi nəticənin işığında Məhkəmə hesab edir ki, Konvensiyanın 6-cı və 13-cü maddələri üzrə hər hansı ayrıca məsələ meydana çıxmır və bu qərara gəlir ki, bu şikayətləri ayrıca araşdırmağa ehtiyac yoxdur.

III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ

143. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.

A. Ziyan

144. Ərizəçi mənəvi ziyana görə ümumilikdə 850.000 yeni Azərbaycan manatı (AZN) tələb edərək qeyd etdi ki, ona yetirilmiş və görmə qabiliyyətinin itirilməsi ilə nəticələnmiş xəsarətlər onda qorxu, təlaş və əsəbilik hissləri yaradıb.

145. Hökumət bu tələbə dair şərh bildirmədi.

146. Məhkəmə hesab edir ki, ərizəçi, şübhəsiz, mənəvi ziyana məruz qalıb və onları təkcə pozuntuların müəyyən edilməsi faktı ilə kompensasiya etmək olmaz. Məhkəmə həmçinin belə bir faktı nəzərə alır ki, ərizəçi onun səhhəti üçün daimi nəticələr doğurmuş xüsusilə ciddi xəsarət alıb. İşin konkret hallarını nəzərə alaraq və qərarını ədalət prinsipi əsasında çıxararaq Məhkəmə ərizəçiyə mənəvi ziyana görə 25.000 avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər

147. Ərizəçi həmçinin daxili məhkəmələr və Avropa Məhkəməsi qarşısındakı icraatda çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 1.800 AZN tələb etdi. Bu tələb tərkib elementləri üzrə ətraflı bölünməyib və ya hər hansı sənədlərlə təsdiqlənməyib.

148. Hökumət bu tələbə dair şərh bildirmədi.

149. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna yalnız o halda malik olur ki, həmin xərclərin həqiqətən çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun. Hazırkı işdə Məhkəmə ərizəçinin hər hansı təsdiqedici sənəd təqdim etməməsi faktını nəzərə alaraq məhkəmə xərcləri və digər məsrəflərlə bağlı tələbi rədd edir.

C. İcranın gecikdirilməsinə görə faiz

150. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:

1. Ərizəni qəbuledilən elan edir;

2. Qərara alır ki, Konvensiyanın 3-cü maddəsinin həm maddi-hüquqi, həm də prosessual aspekti pozulub;

3. Qərara alır ki, Konvensiyanın 6-cı və 13-cü maddələri üzrə şikayətləri ayrıca araşdırmağa ehtiyac yoxdur;

4. Qərara alır ki:
a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində mənəvi ziyana görə ərizəçiyə 25.000 (iyirmi beş min) avro ödəməli, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalı və bu məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə yeni Azərbaycan manatına çevrilməlidir;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;

5. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.

Qərar ingilis dilində çıxarılıb və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 2 aprel 2009-cu ildə qərar barədə yazılı məlumat verilib.

 

Søren Nielsen                                            Christos Rozakis
Katib                                                                      Sədr