№22684/05 / №34445/04 / №4762/05 Muradova, Məmmədov (Cəlaloğlu), M.Məmmədov Qrupları Azərbaycana qarşı – 5-7 dekabr 2023-cü il

 

Avropa Şurası Nazirlər Komitəsi

1483-cü toplantı, 5-7 dekabr 2023 (DH)

H46-5 Muradova (№22684/05), Məmmədov (Cəlaloğlu) (№34445/04) və Mikayıl Məmmədov qrupları (№4762/05) Azərbaycana qarşı

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

Qətnamə

 

Təmsilçilər,

1. İncələnən məhkəmə işlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları və ya fiziki şəxslər tərəfindən törədilmiş işgəncələr, qeyri-insani və ləyaqəti alçaldan rəftarla və ya ölüm halları ilə bağlı olduğunu və belə hallarla əlaqəli səmərəli araşdırmaların aparılmadığını diqqətə alaraq;

Fərdi tədbirlərlə bağlı

2. Müvafiq araşdırmaların təqsirkarın cəzalandırılması ilə nəticələnməsi səbəbindən Əliyeva və Əliyev işinə nəzarətin dayandırılması, habelə, Üzeyir Cəfərov işində müddətinin başa çatması ilə əlaqədar təəssüflə nəzarətin başa çatdırılması haqda qərar (Yekun Qərar CM/ ResDH(2023)480) qəbul edilir;

3. ərizəçilərlə bağlı müəyyən edilmiş təzminat məbləğlərinin qeyd-şərtsiz ödənilməli olması öhdəliyini xatırladır və səlahiyyətli orqanları Badalyan, Xocoyan və Vardazaryan, Petrosyan, Emin Hüseynov, Lapşin və Sarıbekyan və Balyanın işləri üzrə ödənilməmiş məbləğləri gecikdirmədən ödəməyə çağırır;

4. səlahiyyətli orqanlar tərəfindən verilən məlumatları qeyd edir və onları, qalan işlərdə hələ də hansı istintaq hərəkətlərinin aparıla biləcəyini, prosessual səbəblərdən araşdırmalar artıq mümkün olmadıqda hansı alternativ həll yollarının ola biləcəyini aydınlaşdırmağa dəvət edir;

5. ciddi insan hüquqları pozuntularına görə cəzasızlıqdan qaçmaq üçün təhqiqatların sürətlə aparılmasının vacibliyinin altını cızaraq, operativliyin olmamasından təəssüfləndiyini və səlahiyyətliləri sözügedən araşdırmaların yenidən açılmasını və Konvensiyaya uyğun şəkildə aparılmasını təmin etmək üçün səylərini ikiqat artırmağa qətiyyətlə təşviq edir;

6. səlahiyyətlilərdən, etnik nifrətin rol oynayıb-oynamadığını araşdırmaq məqsədi ilə Xocoyan və Vardazaryan, Petrosyan və Sarıbekyan və Balyan işlərində Məhkəmənin çıxardığı nəticələr əsasında istintaqın yenidən başlanmasının mümkünlüyünü qiymətləndirməyi səlahiyyətli orqanlardan xahiş edir;

7. səlahiyyətli orqanları icrasını gözləyən bütün fərdi tədbirlər haqqında məlumat verməyə çağırır;

Ümumi tədbirlərlə bağlı

8. hüquq-mühafizə orqanlarında pis rəftarın cavabdeh Dövlətdə təkrarlanan problem olaraq qaldığını təəssüflə xatırladır;

Təhqiqatların effektivliyini artırmaq məqsədi daşıyan tədbirlər

9. səlahiyyətliləri pis rəftar iddialarını dərhal araşdırmağa, bu cür araşdırmaların daha yüksək müstəqil prokuror tərəfindən aparılmasını, onun günahlandırılan hüquq-mühafizə orqanlarının hər hansı faktı aşkarlamasından və ya sübutları toplamasından asılı olmamasını təmin etmək üçün Cinayət Prosessual Məcəlləsinə nəzərdə tutulan düzəlişləri tez bir zamanda qəbul etməyə dəvət edir;

10. pis rəftar hallarının araşdırılmasına nəzarətin artırılması üçün görülən tədbirləri maraqla qeyd edir, lakin İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan Rəftar və Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsinin hesabatının və vətəndaş cəmiyyəti qurumlarının təqdimatlarının fonunda, vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasının zəruri olduğunu vurğulayır və buna görə ümumi mənzərəni əhatə edən də bütün bilgiləri – pis rəftarla bağlı şikayətlərin ümumi sayı, o cümlədən başlanmış cinayət təhqiqatlarının sayı, məhkumluqların sayı və təyin edilmiş cəzaların təfərrüatları haqqında statistik məlumatların təqdim edilməsi haqda çağırışını təkrarlayır;

11. səlahiyyətli orqanları, işgəncələrə görə təqib üçün qanunla müəyyən edilmiş müddətlərin aradan qaldırılması məsələsini nəzərdən keçirməyə, təhqiqatların effektivliyini artırmaq üçün Konvensiyanın gərəkliliklərinə uyğunluğu təmin etmək məqsədilə digər üzv dövlətlərin ən yaxşı təcrübələrindən ilham almağı düşünməyə təşviq edir;

12. səlahiyyətlilərdən, bütün müvafiq hallarda polis və prokurorluğun, etnik ədavətin qurbanlarla pis rəftara səbəb olub-olmadığını araşdırmasını təmin etmək üçün tədbirləri nəzərdən keçirməyi xahiş edir;

Pis rəftarın qarşısının alınmasına yönəlmiş tədbirlər

13. İnsan Hüquqları üzrə Müvəkkil aparatı yanında Milli Preventiv Qrupun və Müstəqil Monitorinq Qrupunun monitorinq rolunu maraqla qeyd edir və hakimiyyət orqanlarını “İctimai Komitənin”, onun hesabatlarının Ədliyyə Nazirliyindən kifayət qədər müstəqil olub-olmamasını, monitorinq orqanlarının ictimaiyyətə açıq olub-olmaması barədə aydınlaşdırmağa dəvət edir;

14. səlahiyyətli orqanları dindirmələr zamanı audio və video yazılardan istifadəni genişləndirməyə və özəl məhkəmə ekspertizasının rəylərinin hüquqi durumunu və sübut dəyərini aydınlaşdırmağa dəvət edir;

Məhbusların qeyri-vəkil olan Avropa Məhkəməsindəki nümayəndələrinə çıxışı

15. səlahiyyətliləri, vəkil olmayan hüquqşunasların hüquqi yardım göstərmək hüququnun olub-olmadığını, onların həbs yerlərində hansı şərtlərdə çalışdığını, vəkil-müştəri konfidensiallığının və senzurasız yazışmaların praktiki olaraq təcridxanalarda təmin edilib-edilmədiyini aydınlaşdırmağa dəvət edir;

16. səlahiyyətli orqanları, yuxarıda göstərilən bütün suallar üzrə 30 iyun 2024-cü il tarixinədək məlumat təqdim etməyə dəvət edir və bu qruöun yoxlanılmasının ən geci 1514-cü iclasında (dekabr 2024) (DH) davam etdirilməsinə qərar verir.