11 aprel 2023-cü il tarixdə dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizələrin nömrələri: 21807/18 və 38997/22
Eldəniz HACIYEV və Salman ABDULLAYEV Azərbaycana qarşı
Müvafiq olaraq 27 aprel 2018 və 21 iyul 2022-ci il tarixlərində daxil olub
20 mart 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb
MƏHKƏMƏ İŞLƏRİNİN MÖVZUSU
Ərizəçilər İslam dininə aid nurçu təriqətinin tərəfdarlarıdır. Onların şikayətləri ərizəçilərin müvafiq orqanların əvvəlcədən icazəsi olmadan şəxsi mənzillərdə keçirilən dini toplantılarda iştirak etdiklərinə görə yerli qurumlar tərəfindən saxlanılmaları və sonradan inzibati qaydada məhkum edilmələri ilə bağlıdır. Ərizəçilər İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən, dini məclislərin təşkili və keçirilməsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasında təqsirli biliniblər və 1500 Azərbaycan manatı (həmin vaxtda təqribən 850 avro) məbləğində cərimələniblər.
Ərizəçilər əsasən Konvensiyanın 5, 6 və 9-cu maddələrinə əsaslanaraq iddia edirlər ki, onların saxlanılmaları və inzibati qaydada mühakimə olunmaları Konvensiya ilə qorunan hüquqlarının pozulması deməkdir, çünki onlar heç bir inzibati xəta törətməyiblər, əksinə dini etiqadlarına görə cəzalandırılıblar.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçilər müvafiq olaraq 4 mart 2017-ci il və 3 sentyabr 2021-ci il tarixlərində Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulması ilə azadlıqlarından məhrum ediliblərmi? Xüsusilə, azadlıqdan məhrum etmə bu müddəanın (a)-(e) yarımbəndlərinin çərçivəsinə düşürmü? Saxlama haqqında protokol tərtib edilibmi? Əgər belədirsə, Hökumətdən hər bir ərizəçinin saxlanma protokolunun surətlərini, habelə onların həbsi ilə bağlı hər hansı digər sənədləri təqdim etməsi xahiş olunur.
2. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, onlara qarşı ittihamların müəyyən edilməsi zamanı ədalətli dinləmə imkanlarına sahib olubmu? Xüsusilə, daxili məhkəmələr öz qərarları üçün adekvat və müvafiq səbəblər göstərdilərmi?
3. 38997/22 №-li ərizədə Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3(b)-cü bəndində tələb olunduğu kimi, müdafiəni hazırlamaq üçün adekvat vaxt və imkanlara malik idimi? O cümlədən, 3 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolun surəti ona təqdim olunubmu? Əgər belədirsə, Hökumətdən protokolun surətinin ərizəçiyə təqdim edildiyini göstərən müvafiq sənədləri təqdim etməsi xahiş olunur.
4. 21807/18 №-li ərizədə Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3-cü (c) bəndində tələb olunduğu kimi, saxlanılması zamanı və ondan sonrakı müddətdə öz seçdiyi hüquqi yardım vasitəsilə müdafiə olunmaq imkanına shib olubmu və birinci instansiya məhkəməsindəki dinləmələr zamanı lazımi pulsuz hüquqi yardımla təmin edilibmi?
5. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin işığında 38997/22 №-li ərizədə ərizəçinin evinə hörmət hüququna müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun idimi və Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndi baxımından zəruri idimi?
6. Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin işığında ərizəçilərin dini etiqad azadlığına müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndi baxımından zəruri idimi?