BİRİNCİ BÖLMƏ
Akimova Azərbaycana qarşı
Qərar
(Ərizə №19853/03)
Strasburq
09 oktyabr 2008-ci il
Akimova Azərbaycana qarşı işi üzrə,
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Anatoli Kovler,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Jebens, hakimlər,
və Andre Uampaş, Bölmə Katibinin müavini,
18 sentyabr 2008-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:
Prosedur
1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın («Konvensiya») 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan xanım Valentina Akimovanın («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 19853/03) iş 25 aprel 2003-cü ildə başlanılmışdır.
2. 27 sentyabr 2007-ci ildə qəbul olunmuş qərarda («əsas qərar») Məhkəmə belə qənaətə gəlib ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş verib və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə ərizəçinin şikayətinin ayrıca araşdırılması tələb olunmur. Məhkəmə müəyyən edib ki, ərizəçinin mənzilini qanunsuz zəbt etmiş məcburi köçkün şəxslərin çıxarılmasını qərara alan daxili qərarın icrasının qeyri-müəyyən müddətə rəsmi təxirə salınması ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxiləni təşkil edib (bax, Akimova Azərbaycana qarşı, № 19853/03, § § 39-51, 27 sentyabr 2007-ci il).
3. Konvensiyanın 41-ci maddəsinə əsasən, ərizəçi sözügedən əmlakın restitusiyasının olmadığı yerdə 51.525 ABŞ dolları (USD) əsas məbləğin kompensasiyasının əldə olunmasına çalışıb. Onun qənaətinə görə, bu məbləğ ədalətli kompensasiya tələbini təqdim etdiyi gündən ədalətli kompensasiya barədə Məhkəmənin qərarı tarixinədək hər ay üçün 1,3 % üstünə gəlməklə, ədalətli kompensasiya tələbini təqdim etdiyi gündə mənzilin bazar dəyərini təşkil edib. O, həmçinin mənəvi zərərə görə 30.000 USD əldə etməyə çalışıb.
4. Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsi həll olunma üçün hazır olmadığına görə, Məhkəmə onu saxlayıb və Hökumətlə ərizəçini bu məsələ üzrə öz yazılı qeydlərini təqdim etməyə, xüsusən, nail ola bildikləri hər hansı razılaşma barədə Məhkəməni məlumatlandırmağa dəvət edib (həmin yerdə, § 59 və nəticə hissəsinin 3-ci paraqrafı).
5. 17 aprel 2008-ci il tarixli məktubla Hökumət Məhkəməni məlumatlandırıb ki, tərəflər dostcasına sazişə nail olublar. Azərbaycan Respublikasının Məhkəmə qarşısındakı nümayəndəsi cənab Çingiz Əsgərovun və ərizəçinin imzaladığı aşağıdakı bəyanat məktuba əlavə edilib:
«Nail olduqları hər hansı razılıq barədə Məhkəməni məlumatlandırmaq haqqında Hökumət və ərizəçiyə Məhkəmənin dəvətindən sonra, Hökumət məsələnin dostcasına həllinin təmin edilməsi üçün keçmiş həftələrdə tərəflər arasında birbaşa əlaqələr saxlayıb. Bununla bağlı, Hökumət ərizəçinin cəlb olunduğu daxili araşdırmaların davamiyyətinin əsassızlığını təsdiq etmək niyyətini ifadə edir.
Bu qənaət həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 yanvar 2008-ci il tarixli qərarında qəbul olunub. Belə ki, bu qərarla Ali Məhkəmənin Plenumu məhkəmə qərarının icrasında gecikmələrə aid hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edib.
Nəticə etibarilə, Azərbaycan Respublikasının Hökuməti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin icraatında olan yuxarıda qeyd olunmuş işdə dostcasına həll olunmaya nail olmaq üçün xanım Valentina Akimovaya 10.000 Yeni Azərbaycan manatı (AZN) ödəməyə hazırdır.
Hər hansı maddi və mənəvi zərəri, eləcə də xərc və məsrəfləri əhatə edən bu məbləğ tətbiq oluna bilən hər hansı məbləğdən azad olacaq. Bu məbləğ İnsan hüquqları haqqında Avropa Konvensiyasının 37-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, Məhkəmənin qəbul etdiyi qərar barədə məlumatlandırma tarixindən üç ay müddətində ödəniləcək. Qeyd olunmuş üç ay müddətində bu məbləğin ödənilmədiyi halda, Hökumət, həmin müddətin bitməsindən həll olunmayadək, üstünə üç faiz gəlməklə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddində adi marağı ödəməyi üzərinə götürür. Ödəmə işin son həllini təşkil edəcək.»
6. Hökumətin 17 aprel 2008-ci il tarixli məktuba həm də ərizəçinin imzaladığı aşağıdakı bəyanat əlavə olunub:
«Mən, Valentina Akimova, Məhkəməni məlumatlandırıram ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 yanvar 2008-ci il tarixli qərarı 14 mart 2008-ci ildə icra olunub.
Mən, həmçinin qeyd edirəm ki, Azərbaycan Respublikasının Hökuməti yuxarıda qeyd olunmuş işdə dostcasına həll olunmaya nail olmaq üçün 10.000 Yeni Azərbaycan manatını (AZN) mənə ödəməyə hazırdır.
Hər hansı maddi və mənəvi zərəri, eləcə də xərc və məsrəfləri əhatə edən bu məbləğ tətbiq oluna bilən hər hansı məbləğdən azad olacaq. Bu məbləğ İnsan hüquqları haqqında Avropa Konvensiyasının 37-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, Məhkəmənin qəbul etdiyi qərar barədə məlumatlandırma tarixindən üç ay müddətində ödəniləcək. Qeyd olunmuş üç ay müddətində bu məbləğin ödənilmədiyi halda, Hökumət, həmin müddətin bitməsindən həll olunmayadək, üstünə üç faiz gəlməklə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddində adi marağı ödəməyi üzərinə götürür. Ödəmə işin son həllini təşkil edəcək.
Mən təklifi qəbul edirəm və bu şikayətə səbəb olmuş faktlara aid Azərbaycana qarşı hər hansı sonrakı tələblərimdən imtina edirəm. Mən bəyan edirəm ki, bu, işin son həllini təşkil edir.»
7. 24 aprel 2008-ci il tarixli məktubla Məhkəmə ərizəçidən tələb etdi ki, Hökumət tərəfindən təqdim olunmuş onun bəyanatının autentikliyini təsdiq etsin.
8. 12 iyun 2008-ci ildə Məhkəmə ərizəçinin nümayəndəsinin imzaladığı aşağıdakı məktubu qəbul etdi:
«Yuxarıdakı işin dostcasına həll olunmasına aid 24 aprel 2008-ci il tarixli məktubunuza cavab olaraq mən Sizi məlumatlandırmaq istərdim ki, ərizəçi Hökumətin Məhkəməyə təqdim etdiyi sazişin şərtlərini qəbul edib.»
Hüquqi məsələlər
9. Əsas qərarından sonra Məhkəmə məlumatlandırılıb ki, Hökumətlə ərizəçi arasında sonuncunun Konvensiyanın 41-ci maddəsinə əsasən tələblərinə aid dostcasına həll olunmaya nail olunub.
10. Əlavə olaraq, Məhkəmə o faktı nəzərə alır ki, Ali Məhkəmə Plenumunun 21 yanvar 2008-ci il tarixli qərarından sonra ərizəçinin öz mənzili üzrə hüquqları 14 mart 2008-ci ildə bərpa olunub.
11. Şərtlərini nəzərə alaraq, Məhkəmə, Məhkəmə Reqlamentinin 75-ci qaydasının 4-cü bəndinin mənasında tərəflərin bağladıqları sazişi ədalətli hesab edir və belə nəticəyə gəlir ki, bu saziş Konvensiyada və onun Protokollarında müəyyən olunduğu kimi insan hüquqlarına hörmətə əsaslanır (Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndi və Məhkəmə Reqlamentinin 62-ci qaydasının 3-cü bəndi). Nəticə etibarilə, Məhkəmə saziş barədə rəsmi məlumatı qəbul edir və bu müddəaya uyğun olaraq işi siyahıdan çıxarmağı düzgün hesab edir.
12. Müvafiq olaraq, iş siyahıdan çıxarılmalıdır.
Bu səbəblərə görə məhkəmə yekdilliklə
İşin siyahıdan çıxarılmasına qərar verir.
İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar yazılı şəkildə 09 oktyabr 2008-ci ildə açıqlanıb.
Andre Uampaş Xristos Rozakis
Katib müavini Sədr