№19853/03 VALENTİNA AKİMOVA AZƏRBAYCANA QARŞI – 27 SENTYABR 2007-Cİ İL

 

BİRİNCİ BÖLMƏ

Akimova Azərbaycana qarşı

Qərar

(Ərizə №19853/03)

 

Strasburq
27 sentyabr 2007-ci il

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, hakimlər:
cənab X.L. Rozakis, Sədr
cənab L. Lukaydes,
cənab A. Kovler,
xanım E. Steyner,
cənab X. Hacıyev,
cənab D. Spilman,
cənab S.E. Jebens və
Bölmənin katibi cənab S. Nilsendən ibarət Palatada iclas keçirərək,
06 sentyabr 2007-ci ildə qapalı müşavirə keçirərək, həmin tarixdə aşağıdakı qərarı qəbul etmişdir.

Prosedur

1. İş 2003-cü il aprelin 25-də Azərbaycan Respublikasının vətəndaşı Valentina Akimova (bundan sonra — «ərizəçi») tərəfindən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 34-cü maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasına qarşı irəli sürdüyü şikayətə (№ 19853/03) əsaslanır.

2. Ərizəçini Bakıda çalışan hüquqşünas xanım N. Hüseynova, Azərbaycan Hökumətini (bundan sonra — «Hökumət») isə, onun nümayəndəsi Ç. Əsgərov təmsil edirdi.

3. Ərizəçi ilk əvvəl ona istinad edir ki, onun mənzilini qanunsuz zəbt etmiş məcburi köçkünlərin məhkəmə qətnaməsi əsasında mənzildən çıxarılmasının icrasının təxirə salınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyətindən maneəsiz istifadə hüququnu və Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşlar.

4. 12 yanvar 2006-cı il tarixdə çıxarılmış qərarla Məhkəmə tərəfindən şikayət qismən məqbul elan olunmuşdur.

5. Ərizəçi və Hökumət hər biri işin mahiyyətinə dair izahatlar təqdim etmişlər (59-cu qaydanın 1-ci bəndi).

Faktlar

I. İşin halları

6. Ərizəçi 1950-ci ildə anadan olmuşdur və Bakı şəhərində yaşayır.

7. Dövlətin mənzil siyasətinə əsasən, Nərimanov rayon İcra Hakimiyyətinin (bundan sonra — NRİH) 02 iyun 1993-cü il tarixli sərəncamı ilə ərizəçiyə Bakı şəhərində yerləşən və dövlət mülkiyyətində olan 3 otaqlı mənzilə order verilmişdir. Həmin vaxt binanın tikintisi başa çatmadığından kirayəçilər mənzillərində təmir işlərinin başa çatdırılmasının öz hesablarına aparılmasını üzərlərinə götürmüş və bu səbəbdən də ərizəçi yeni mənzilə köçməmişdir.

8. 1997-ci ildə şifahi razılaşmaya əsasən, ərizəçi öz tanışı olan R.-nın həmin mənzildən müvəqqəti və pulsuz olaraq istifadə etməsinə icazə vermişdir. Tərəflərin razılaşmasına əsasən, R. mənzildən istifadə etməsi müqabilində və ərizəçinin təqdim edəcəyi tikinti materialları hesabına bu mənzildə təmir işlərinin aparılmasını üzərinə götürmüşdür. Həmçinin, R. ərizəçinin tələb edəcəyi anda mənzilin boşaldılmasını üzərinə götürmüşdür.

9. Bir müddətdən sonra mövcud şifahi razılaşmaya zidd olaraq R. qohumları olan H. və onun ailə üzvlərinin (bundan sonra — H.) həmin mənzilə köçmələrinə icazə vermişdir. H. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi zamanı Ermənistanın hərbi qüvvələrinin nəzarəti altında qalan Ağdam rayonundan olan məcburi köçkündür.

10. Ərizəçi mənzilinə tammadığı adamların girdiyini gördükdə, onlardan mənzili tərk etməyi tələb etmişdir. Buna baxmayaraq, H. başqa yaşayış yerinin olmadığını bildirərək, mənzili tərk etməkdən imtina etmişdir. Ərizəçi H.-nın mənzili boşaltması təbbi ilə məhkəməyə müraciət etmişdir.

11. 29 mart 2000-ci il tarixdə Nizami Rayon Məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə müəyyən etmişdir ki, H. mübahisəli mənzilə köçməzdən əvvəl Bərdə şəhərində və məcburi köçkün kimi qeydiyyata alındığı Bakı şəhəri Xətai rayonunda yaşamışdır. Onlar mənzilə 1997-ci ildə daxil olduqlarını təkzib etməmişlər. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, ərizəçi mübahisəli mənzilin qanuni kirayəçisidir və müvafiq olaraq H.-nın mənzildən çıxarılmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə H.-nın mənzildən çıxarılmasına dair qətnamə qəbul etmişdir. H. apellyasiya şikayəti vermişdir.

12. 30 sentyabr 2002-ci il tarixdə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini ləğv etmişdir. Məhkəmə NRİH tərəfindən yarımçıq tikilmiş evə verilən orderin qanunvericiliyin tələblərinə cavab vermədiyini müəyyən etmişdir. Eyni zamanda, məhkəmə ərizəçinin yaşayış sahəsinə dair icarə müqaviləsi bağlamadığını və müvafiq olaraq mənzili tələb etmək hüququnun olmadığını müəyyən etmişdir. Beləliklə, məhkəmə birinci instansiya məhkəməsinin mənzildən çıxarılmaya dair qətnaməsini ləğv etmişdir.

13. Ərizəçi kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 13 dekabr 2002-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və şikayətçinin tələbi qismən təmin edilmişdir. Ali Məhkəmə müəyyən etmişdir ki, işə baxan Apellyasiya Məhkəməsi mənzilə dair şikayətçinin orderinin qanuniliyinin qiymətləndirilməsində səhvə yol vermişdir. Məhkəmə göstərmişdir ki, ərizəçinin sahiblik hüququna malik olması mübahisəsizdir və məsələ yalnız H.-nın ərizəçinin mənzilində qalmaq hüququndan gedir. Ali Məhkəmə bu hissədə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib.

14. Daha sonra Ali Məhkəmə H.-nın mənzildən çıxarılmasını qərara almışdır. Lakin məhkəmə H.-nın Ağdam rayonunda yerləşən daimi yaşadığı mənzilə qayıtmağın mümkünsüzlüyünü və başqa yaşayış yerinin olmadığını nəzərə alaraq, qərarın icrasının Ağdama qayıtmaq mümkün olana qədər təxirə salınmasını qərara almışdır.

15. Ərizəçinin əlavə kassasiya qaydasında verdiyi şikayətinə əsasən, Ali Məhkəmənin 27 yanvar 2005-ci il tarixli Plenumunun qərarı ilə Ali Məhkəmənin 13 dekabr 2002-ci il tarixli qərarı ləğv edilmişdir. Plenum onu qeyd etmişdir ki, Apellyasiya Məhkəməsinin qərarında səhvlər müəyyən edərkən, Ali Məhkəmə mülki-prosessual qanunvericiliyə əsasən, işin mahiyyətinə dair yeni qərar çıxara bilməz və bunun əvəzinə Apellyasiya Məhkəməsinin qərarını ləğv etməli və işi yenidən baxılmaq üçün Apellyasiya Məhkəməsinə göndərməlidir. Beləliklə, Plenum müəyyən etmişdir ki, Ali Məhkəmənin gəldiyi nəticə əsasən düzgün olsa da, o, mahiyyəti üzrə işə baxmaqla prosessual qaydaları pozmuşdur. Plenum işi Apellyasiya Məhkəməsinə göndərmişdir.

16. 07 aprel 2005-ci il tarixdə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin 13 dekabr 2002-ci il tarixli qərarı ilə identik olan qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən qət edilmişdir ki, H. zəbt etdiyi mənzili boşaltmalıdır. Həmçinin, qərara alınmışdır ki:

«…Akimovanın iddiası təmin edilməlidir; lakin cavabdehlərin Ağdam rayonundan məcburi köçkün olduqlarını və yaşamağa başqa yerin olmadığını nəzərə alaraq, qətnamənin icrası Ağdam rayonu işğaldan azad olunana qədər təxirə salınmalıdır».

17. Hazırda Ağdam Ermənistanın silahlı qüvvələrinin nəzarəti altındadır və Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Tərəflərlə son əlaqə zamanı H. hələ də ərizəçinin mənzilində yaşamaqda davam edirdi.

II. Müvafiq daxili qanunvericilik

A. Mənzil Məcəlləsi

18. Mənzil Məcəlləsi nəzərdə tutur ki, Azərbaycan vətəndaşları icarə müqaviləsinin şərtləri ilə dövlət və ya digər ictimai orqanların mülkiyyətində olan mənzillərdən istifadə hüququnu əldə etmək hüququna malikdirlər (10 və 28-ci maddələr).

19. Mənzilin verilməsi haqqında qərar vətəndaşı yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi orderi ilə təmin etməklə həyata keçirilir (48-ci maddə). Order orada göstərilən mənzilə sahib olmaq (48-ci maddə) və kirayəçi ilə mənzil istismar təşkilatı arasında yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlamaq (51-ci maddə) üçün yeganə hüquqi əsasdır.

20. Mənzildən istifadə etmək hüququ müddətsiz verilir (10-cu maddə). Kirayəçi ailə üzvlərinin razılığı ilə istənilən vaxt kirayə müqaviləsinə xitam verə bilər (87-ci maddə). Kirayəyə verən (mənzil istismar təşkilatı) müqaviləyə yalnız qanunla nəzərdə tutulmuş əsaslarla və məhkəmə qərarı əsasında xitam verə bilər (88-89-cu maddələr). Əgər müqaviləyə mənzilin daha yaşayış üçün yararlı olmaması səbəbindən xitam verilirsə, kirayəçi və ailəsi onun əvəzində tam şəraiti olan digər mənzillə təmin edilməlidirlər (90 və 96-cı maddələr). Kirayəçi və ya onun ailə üzvləri yalnız «mənzili mütəmadi olaraq dağıtdıqda və ya korladıqda», «təyinatı üzrə istifadə etmədikdə» və ya «birgə yaşayış qaydalarını mütəmadi olaraq pozduqda və bununla da digər sakinlərlə birgə yaşayışı mümkünsüz etdikdə», digər mənzil verilmədən mənzildən çıxarıla bilərlər (97-ci maddə).

B. Mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli Qanun

21. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). Dövlət mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər (7-ci maddə).

C. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanun

22. Qanunun 2-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

«Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar.»

23. Qanunun 5-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

«Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətlri daxilində). Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. …

Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər…»

D. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydaları («Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»)

24. 4-cü maddə aşağıdakıları nəzərdə tutur:

«Məcburi köçkünlərin 1992 — 1994-cü illərdə məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır…»

E. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları («Məcburi köçkünlərin köçürülməsi Qaydaları»)

25. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar (4-cü maddə).

F. 1 sentyabr 2000-ci il tarixli Mülki Prosessual Məcəllə («MPM»)

26. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (231-ci maddə).

Hüquqi məsələlər

I. Hökumətin ilkin etirazı

27. 23 mart 2006-cı il tarixli bəyanatında Hökumət ilkin olaraq daxili müdafiə vasitələrinin tükənmədiyi ilə bağlı etirazını ona görə bildirmişdir ki, ərizəçi Apellyasiya Məhkəməsinin 07 aprel 2005-ci il tarixli qətnaməsindən yeni kassasiya şikayəti verməmişdir. Hökumətin mövqeyinə əsasən, 21 yanvar 2007-ci il tarixdə icraatın təzələnməsi nəticəsində ərizəçi bu hüquqi müdafiə vasitəsindən istifadə etmək imkanına malik olmuşdur.

28. Məhkəmə xatırladır ki, Məhkəmə Reqlamentinin 55-ci Qaydasına müvafiq olaraq, şikayətin qəbul edilənliyi ilə bağlı istənilən etiraz, şikayətin xarakteri və işin halları imkan verdiyi qədər, cavabdeh Dövlətin şikayətin məqbuliyyətinə dair təqdim etdiyi izahatlarda qeyd edilməlidir.

29. Məhkəmə işi 01 sentyabr 2004-cü il tarixdə Hökumətə göndərmiş və Hökumətdən məqbiliyyətlə əlaqədar izahatlarının 02 dekabr 2004-cü il tarixə qədər təqdim edilməsini tələb etmişdir. Hökumətin tələbinə uyğun olaraq, bu müddət 30 dekabr 2004-cü il tarixə qədər uzadılmışdır. Şikayətin göndərilən və işin məqbuliyyətinə dair Hökumətin izahatları təqdim edilən zaman dövlətdaxili məhkəmə icraatı təzələnməmiş və Ali Məhkəmənin 13 dekabr 2002-ci il tarixli qərarı bu işdə yekun dövlətdaxili qərar olaraq qalmışdır.

30. 28 yanvar 2005-ci il tarixdə Hökumət icraatın təzələnməsi və Ali Məhkəmə Plenumunun 27 yanvar 2005-ci il tarixli Qərarı barədə Məhkəməyə məlumat verdi. Bu məlumat iş materiallarına əlavə edildi. Lakin nə bu halda, nə də Apellyasiya Məhkəməsi 07 aprel 2005-ci il tarixli qərarını qəbul etdikdən sonra Hökumət ərizənin məqbuliyyətinə dair Məhkəmənin qərarından əvvəl daxili hüquqi müdafiə vasitələrinin tükənməməsi ilə bağlı hər hansı izahatını açıq-aydın və ya dolayısı ilə bildirməyə çalışmışdır. Məhkəmə 12 yanvar 2006-cı il tarixdə ərizəni qismən qəbul olunan elan etmişdir.

31. Yalnız şikayətin qəbul edilənliyinə dair qərar çıxarıldıqdan və şikayətin mahiyyəti üzrə izahatlarını təqdim etməyə dəvət edildikdən sonra Hökumət, 23 mart 2006-cı il tarixdə, daxili hüquqi müdafiə vasitələrinin tükənməməsi ilə bağlı etirazını bildirdi.

32. Məhkəmə müəyyən etmişdir ki, bu iş üzrə dövlətdaxili məhkəmə icraatının təzələnməsindən və ya ən azı Məhkəmənin məqbuliyyət barədə 12 yanvar 2006-cı il tarixli qərardadından xeyli əvvəl qəbul olunmuş Apellyasiya Məhkəməsinin 07 aprel 2005-ci il tarixli qərarından sonra Hökumət tərəfindən daxili hüquqi müdafiə vasitələrinin tükənmədiyi barədə məsələnin qaldırılması gözlənilən ola bilərdi. Ərizənin qəbul edilənliyi araşdırılarkən, Hökuməti öz etirazını bildirməkdən azad edən hər hansı xüsusi səbəb olmadığından, o bunu hazırda da edə bilməz (bax: Maurer Avstriyaya qarşı, № 50110/99, § 16 17yanvar2002-ci il).

33. Müvafiq olaraq Hökumətin ilkin etirazı rədd edilməlidir.

II. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu iddiası

34. Ərizəçi şikayət edir ki, o, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə zidd olaraq öz mülkiyyət hüquqlarından məhrum edilmişdir; həmin maddədə göstərilir:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»

A. Tərəflərin arqumentləri

35. Hökumət ərizəçinin əmlak hüquqlarına müdaxilə olunma halını təsdiqlədi, lakin iddia etdi ki, bu müdaxilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından haqlı olmuşdur. Hökumət müdaxilənin müvəqqəti olduğunu və bunun qanun əsasında baş verdiyini bildirdi. Hökumət xüsusi olaraq iddia etdi ki, «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları» (bax, yuxarıda 24-cü paraqraf) məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasını təxirə salmağı mümkün edir.

36. Hökumət, həmçinin, Azərbaycanda Ermənistanın işğalı altında olan ərazilərdən 700.000-dən çox məcburi köçkün olduğunu bildirmişdir. Məcburi köçkünlərin yaşayış yeri ilə təmin olunmasına ciddi ictimai ehtiyac vardır. Məcburi köçkünlərin əksəriyyəti keçmiş inzibati binalarda, mehmanxana və xəstəxanalar kimi dövlət binalarında, eləcə də qaçqın düşərgələrində yerləşmişlər. Müəyyən sayda məcburi köçkünlər ayrı-ayrı şəxslərə məxsus olan mənzillərdə məskunlaşmışlar. Hökumətin bildirdiyinə görə məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən çıxarılması nəticə etibarı ilə onları evsiz qoya, «sosial gərginliyə və partlayışa gətirib çıxara» və «ictimai asayişə təhlükə yarada» bilər. Buna görə də, ərizəçinin mülkiyyətdən istifadə hüququnun məhdudlaşdırılması ictimai maraqlar baxımından qanuni məqsəd daşıyıb və həmin məqsədə mütənasib olub.

37. Ərizəçi bildirdi ki, onun mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmayıb. O iddia etdi ki, «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları» 1992-1994-cü illərdə müvəqqəti yaşayış yerlərində məskunlaşmış məcburi köçkünlərin çıxarılmasının qarşısının alınması ilə əlaqədardır. Halbuki, onun işində məcburi köçkünlər 1997-ci il tarixdə onun mənzilində məskunlaşdıqlarına görə «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nda nəzərdə tutulmuş müdafiə hüququna malik deyillər. Bundan başqa, ərizəzi iddia etdi ki, istənilən halda «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları» bu işə ona görə aid deyil ki, onlar məhkəmə qərarlarının təxirə salınması üçün hər hansı əsas nəzərdə tutmur, lakin, yalnız 1992-1994-cü illərdə məcburi köçkünlər tərəfindən zəbt olunmuş yaşayış binalarının yaşayış orderlərinin hüquqi qüvvəsinin təxirə salınması prosedurunu nəzərdə tutur.

38. Ərizəçi, həmçinin, iddia etdi ki, istənilən halda, hətta onun mülkiyyət hüququnun qanuna müvafiq olaraq məhdudlaşdırıldığını və bunun qanuni məqsəd daşıdığını fərz etsək belə, məhkəmələr ictimai maraqlarla fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığa riayət etməyiblər. Ərizəçi iddia etdi ki, hər hansı kompensasiya ödənilmədən məcburi köçkünlərin maraqları naminə onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması ucbatından o, «həddən artıq ağır fərdi yükə» məruz qalıb. Müvafiq olaraq, məhkəmələrin tətbiq etdiyi vasitələr qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmayıb.

B. Məhkəmənin dəyərləndirməsi

39. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.

40. Bu işdə Məhkəmə qeyd edir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi.

41. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır.

42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).

43. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin ərizəçinin mənzilindən çıxarılması barədə qətnamənin mövcud olmasına baxmayaraq, qətnamənin icrası qeyri-müəyyən müddətə təxirə salındığına görə ərizəçi bir neçə ildir ki, mənizilinə sahiblik edə bilmir. Belə ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür.

44. Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-II). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir (bax, yuxarıda adı çəkilən Ceyms və digərləri, s. 41, § 67).

45. Məhkəmə qeyd edir ki, daxili məhkəmələrin qərarları, xüsusən də Apellyasiya Məhkəməsinin 07 aprel 2005-ci il tarixli qətnaməsi mənzildən çıxarılmaya dair qərarın icrasının təxirə salınmasına əsas ola bilən hər hansı daxili hüquq normasına əsaslanmayıb. Beləliklə, daxili məhkəmələr məcburi köçkünlərin ərizəçiyə məxsus olan mənzildə məskunlaşmaqda davam etməsinə icazə verərkən, bu qərarın hüquqi əsaslandırılmasını təmin edə bilməyiblər, baxmayaraq ki, onlar bunun qanunsuz olduğunu müəyyən ediblər.

46. Bununla belə, Hökumət ərizəçinin hüquqlarına müdaxilənin «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»na əsaslandığını iddia etdi. Məhkəmə Hökumətin bu dəlilini qəbul edə bilməz. «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nda daxili məhkəmələrə mənzildən çıxarılma barədə məhkəmə qərarının icrasının qeyri-müəyyən müddətə təxirə salmaq səlahiyyətinin verildiyinə dair hər hansı mülki prosessual norma nəzərdə tutulmayıb ki, bu işdə məhz belə oldu. «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları» sadəcə məcburi köçkünlər tərəfindən qanunsuz olaraq tutulmuş mənzillərin yaşayış orderlərinin hüquqi qüvvəsini dayandırıb. Hazırkı işdə ərizəçinin yaşayış orderinin hüquqi qüvvəsinin nə vaxtsa dayandırıldığını göstərən heç bir sübut mövcud deyildir. Əksinə, daxili məhkəmələr ərizəçiyə verilmiş yaşayış orderinin qanuniliyini və onun bu mənzilin qanuni kirayəçisi olduğunu müəyyən etdilər.

47. Bundan başqa, «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsində açıq-aydın və birmənalı şəkildə göstərilir ki, mənzildən çıxarılmaya qarşı müdafiə yalnız 1992-1994-cü illər ərzində digər şəxslərin mənzillərində məskunlaşmış məcburi köçkünlərə aiddir. Məhkəmə bu tədbirin adekvat və mütənasibliyi haqqında ilkin qiymətləndirmə etmədən qeyd edir ki, 1992-1994-cü illəri əhatə edən dövr Dağlıq Qarabağda və ətraf rayonlarda intensiv hərbi əməliyyatların aparıldığı dövrə — yüz minlərlə insanın münaqişə zonasındaki daimi yaşayış yerlərindən didərgin düşməyə məcbur edildiyi vaxta təxminən uyğun gəlir. Hazırkı işdə daxili məhkəmələr qəti şəkildə müəyyən ediblər ki, H. 1997-ci ildə, yəni «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nda nəzərdə tutulmuş «müdafiə dövrü»nün bitməsindən təxminən üç il sonra və Ağdamı tərk etdikdən təxminən dörd il sonra ərizəçinin mənzilində məskunlaşıbdır. Beləliklə, ərizəçinin işi «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tətbiq dairəsinə düşmür.

48. Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır (bax, yuxarıda § 23 və 25). Belə görünür ki, bu işdə mənzildən çıxarılmaya dair məhkəmə qərarının icrasının təxirə salınması barədə qərar həmin maddələrə zidd olub. Lakin daxili məhkəmələr kimi Hökumət də bu işə həmin müddəaların tətbiqinə aid hər hansı dəlil təqdim edə bilməyib.

49. Nəhayət, Məhkəmə qeyd edir ki, MPM-in 231-ci maddəsində nəzərdə tutulub ki, müəyyən hallarda və tərəflərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verilə bilər (bax, yuxarıda § 26). Lakin hazırkı işdə tərəflər belə ərizə verməmiş və daxili məhkəmələrin qərarı MPM-in 231-ci maddəsi ilə müəyyən olunan prosedura uyğun olmamışdır.

50. Belə olan halda, Məhkəmə hesab edir ki, müdaxilə Azərbaycan qanunvericiliyini pozub və ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna zidd olub. Bu nəticə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsini aydınlaşdırmağı lazımsız edir.

51. Odur ki, iş üzrə 1 saylı Protokolun 1-ci maddəsi pozulub.

III. Konvensiyanın 6-cı maddəsinin pozuntusu iddiası

52. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən onun məhkəmə araşdırılması hüququnun pozulmasından ona görə şikayət etdi ki, o, daxili məhkəmələrdən əsaslandırılmış qərar almamış və qərarın icrasının təxirə salınması onun ədalətli məhkəmə araşdırılması hüququnu xəyali etmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir:

«Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən …məhkəmə vasitəsilə, … işinin ədalətli… araşdırılması hüququna malikdir.»

53. Hökumət mübahisəli qərarın əsaslandırıldığını və ərizəçinin şikayətinin əsassız olduğunu bildirmişdir.

54. Ərizəçi iddia etdi ki, daxili məhkəmə onun xeyrinə çıxarılmış qətnamənin icrasının təxirə salınmasına dair qərarının əsaslandığı səbəbləri kifayət qədər aydın şəkildə göstərə bilməmiş və onun əsaslandırılmış qərar əldə etmək hüququnu pozmuşdur. Bundan başqa, ərizəçi iddia etdi ki, məhkəmə qərarının icrasının qeyri-müəyyən müddətədək təxirə salınması Konvensiyaya ziddir, ona görə ki, ərizəçinin ziyanına olaraq məcburi qərarın icrasız qalmasına icazə verməklə, onun ədalətli məhkəmə araşdırılması hüququ xəyali hüquqa çevrilib.

55. Məhkəmə hesab edir ki, hazırkı iş məcburi məhkəmə qətnaməsinin icra olunmaması məsələsini ortaya qoymur, ona görə ki, qətnamənin təxirə salınması onun özündə göstərilib və məcburi icra prosesinə başlanıla bilməzdi (bax, a contrario bir çox digər mənbələr arasında, Burdov Rusiyaya qarşı, № 59498/00, §§10 və daha sonra, İHAM 2002-III). İcranın təxirə salınması haqqında qərarın özünün əsaslı və Konvensiyaya uyğun olub-olmamasına gəldikdə, Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə şikayəti və dəlilləri mahiyyətinə görə 1 saylı Protokolun 1-ci maddəsi ilə araşdırılan dəlillərlə eynidir. Buna görə, yuxarıda 50 və 51-ci paraqraflarda əks olunan nəticələri nəzərə alaraq, Məhkəmə şikayətin ayrılıqda 6-cı maddənin 1-ci bəndi ilə bağlı araşdırılmasını zəruri hesab etmir.

IV. Konvensiyanın 41-ci maddəsinin tətbiqi

56. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları əhatə edir:

«Əgər Məhkəmə Konvensiya və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.».

57. Ərizəçi maddi ziyana görə əsas məbləğ qismində 51.525 ABŞ dolları tələb etdi ki, onun fikrinə görə əvəzin ədalətli ödənilməsi barədə tələbin təqdim edildiyi tarixdə bu məbləğ Bakının eyni ərazisində analoji mənzilin qiymətini təşkil edirdi, özü də bu məbləğ əvəzin ədalətli ödənilməsi barədə onun tələbinin təqdim edildiyi tarixdən əvəzin ədalətli ödənilməsi barədə Məhkəmənin qərar çıxaracağı tarixədək ötən hər bir ay üçün 1,3% artırılmalıdır (iddia edilir ki, bu, Azərbaycanda daşınmaz əmlakın qiymətinin orta aylıq artım dərəcəsidir). O, həmçinin mənəvi zərərə görə 30.000 ABŞ dollarında vəsait də tələb edir.

58. Hökumət həmin iddialara şərh verməmişdir.

59. Məhkəmə hesab edir ki, 41-ci maddə üzrə şikayət məsələsi qərar üçün hazır deyil. Müvafiq olaraq, bu məsələ təxirə salınmalı və növbəti prosedur Hökumətlə ərizəçi arasında bağlana bilən hər hansı bir razılığın əldə olunmasının mümkünlüyü nəzərə alınmaqla təyin edilməlidir (Məhkəmə Reqlamentinin 75-ci qaydasının 1-ci bəndi).

Bu əsaslara görə məhkəmə yekdilliklə

1. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi pozulmuşdur;

2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə dair ərizəçinin şikayəti ilə bağlı ayrıca araşdırmaya ehtiyac yoxdur;

3. 41-ci maddənin tətbiq olunması məsələsi qərar çıxarmaq üçün hazır deyil və müvafiq olaraq,

(a) həmin məsələni təxirə salır;

(b) cavabdeh Hökuməti və ərizəçini bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevriləcəyi tarixdən sonra üç ay müddətində bu məsələ ilə bağlı yazılı qeydlərini təqdim etməyə, xüsusən də əldə etdikləri hər hansı razılıq barədə Məhkəməni məlumatlandırmağa dəvət edir;

(c) növbəti proseduru təxirə salır və həmin prosedurun tarixini təyin etmək səlahiyyətini Palatanın sədrinə həvalə edir.

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü qaydalarına müvafiq olaraq 27 sentyabr 2007-ci il tarixdə yazılı olaraq açıqlanıb.

Soren Nilsen                             Xristos Rozakis
Katib                                                   Sədr