№19201/13 PAŞA DADAŞOV AZƏRBAYCANA QARŞI – 17 İYUL 2023-CÜ İL

 

17 iyul 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 19201/13

Paşa DADAŞOV Azərbaycana qarşı

27 fevral 2013-cü il tarixdə təqdim edilib
27 iyun 2023-cü il tarixdə tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu iş ərizəçinin vərəqələr yaydığına və polis əməkdaşlarına tabe olmadığına görə saxlanılması və inzibati qaydada məhkum edilməsinə aiddir.

Ərizəçi 21 yanvar 2013-cü ildə həbs olunub. Rəsmi məlumatlara görə, ərizəçi qanunsuz olaraq vərəqələr yaymaqla ictimai asayişi pozduğuna və dayanması tələb edildikdə polisə qarşı kobud davrandığına görə həbs edilib. Hadisə zamanı o həm də sərxoş olub.

Ərizəçinin sözlərinə görə, onun yaydığı vərəqələrdə “Azərbaycan saatı” adlanan internet televiziya və radioları təbliğ edilirdi, həmin vərəqələrin yayılması ilə heç bir qanun pozuntusuna yol vermirdi, o, polis əməkdaşlarına qarşı kobudluq etmir və onların göstərişlərinə əməl edirdi. Belə ki, polis idarəsinə getməsi əmr edilmiş, o da buna əməl etmişdi. Ərizəçi həmin gün ad günü olduğunu və az miqdarda spirtli içki qəbul etdiyini də ifadə edib.

Yanvarın 22-də rayon məhkəməsi ərizəçini İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə polis əməkdaşının qanuni göstərişinə tabe olmamaqda təqsirli bilib və ona 7 sutka inzibati həbs cəzası verib. Apellyasiya məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib və qərarı qüvvədə saxlayıb.

Ərizəçi 5 və 7-ci maddələrə əsasən, onun həbsinin və məhkum edilməsinin qanunsuz olmasından şikayət edib, iddia edib ki, digər məsələlərlə yanaşı, vərəqələrin yayılması İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hüquqpozma sayıla bilməzdi. O, həmçinin 6-cı maddənin 1-ci bəndinə əsasən, ona qarşı icraatın müxtəlif ədalətli məhkəmə təminatlarını pozmasından şikayət edib, yerli məhkəmələrin qərarlarının adekvat əsaslandırılmadığını iddia edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla azadlıqdan məhrum edilibmi? Ərizəçinin həbsinə “qanunla müəyyən edilmiş prosedura uyğun olaraq” qərar verilibmi?

2. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı irəli sürülən ittihamların müəyyən edilməsində ədalətli məhkəmə dinləmələri imkanına malik olubmu? Bütövlükdə baxdıqda, proses ədalətli olubmu? Ərizəçinin əsaslandırılmış qərara olan hüququna hörmət edilibmi?

3. Ərizəçinin mühakimə olunduğu əməl Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulduğu kimi, törədildiyi zaman milli qanunvericiliyə görə cinayət təşkil edirdimi?