№18466/15 ƏLİ ABDULLAYEV və BAŞQA 2 ƏRİZƏÇİ AZƏRBAYCANA QARŞI – 27 mart 2023-cü il

 

27 mart 2023-cü il tarixdə dərc edilib

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi 18466/15

Əli ABDULLAYEV və başqa iki ərizəçi Azərbaycana qarşı
(detallı əlavə edilmiş siyahıda göstərilib)

10 mart 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

İŞİN FAKTLARI

Ərizələr bəzi siyasi məhbusların azad edilməsinə çağırışların yer aldığı posterləri asmalarına görə ərizəçilərin cəzalandırılması məqsədi ilə həbsi və məhkum edilməsi ilə bağlıdır.

Ərizəçilər 2015-ci ilin yanvar ayı ərzində müxtəlif tarixlərdə həbs ediliblər və İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisin qanuni tələblərinə tabe olmama) maddələrinə əsasən inzibati həbs cəzasına məhkum olunublar (birinci və ikinci ərizəçi bir ay, üçüncü ərizəçi isə iyirmi gün).

Rəsmi məlumatlara görə, ikinci və üçüncü ərizəçilər Şəki şəhərinin küçələrində asdıqları plakatlarla əlaqədar polis idarəsinə çağırılıblar, lakin onlar küçədə ucadan qışqırmağa, söyüş söyməyə başlayıblar və polis əməkdaşlarının çəkindirici xahişlərinə tabe olmayıblar. Birinci ərizəçi ikinci ərizəçi haqqında məlumat almaq üçün polis bölməsinə gedərkən saxlanılıb və sonuncunun həbsi barədə məlumat aldıqdan sonra qışqırmağa, söyüş söyməyə başlayıb, polis əməkdaşları ondan söyüş söyməyi dayandırmağı xahiş edib, ancaq sonuncu bu çağırışa tabe olmayıb.

Ərizəçilərin bildirməsinə görə, onların hər üçü bəzi siyasi məhbusları azad etməyə çağıran posterlər asıblar. Lakin onların heç biri qışqırmayıb, söyüş söyməyib, polisə tabesizlik etməyib.

Ərizəçilər Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi, 10 və 18-ci maddələrinə əsasən şikayət edirlər ki, onların həbsi və məhkum edilməsi qanunsuz olub, rəsmi əsaslarla əlaqəsi olmayan məqsəd güdülüb – həbs və məhkum edilmələrinin əsas məqsədi sözügedən siyasi məzmunlu posterlərin asılmasına görə onları cəzalandırmaq olub.

Ərizəçilər həmçinin 6-cı maddənin 1-ci və 3-cü (b) və (d) bəndinə söykənərək onlara qarşı ölkədaxili icraatların ədalətsiz olmasından, xüsusən də müdafiələrini hazırlamaq üçün onlara lazımi vaxtın və şəraitin verilməməsindən, yerli məhkəmələrin qərarlarının adekvat əsaslandırılmamasından, məhkəmələrin gəldiyi nəticələrin yalnız ittiham tərəfinin sübutlarına əsaslanmasından, ərizəçilərin şahidləri və ya hadisələri görən şəxsləri çağırıb dindirə bilməməsindən, məhkəmə dinləmələrinin açıq keçirilməməsindən şikayət ediblər.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçilər azadlıqlarından Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla məhrum ediliblər? Ərizəçilərin həbsinə “qanunla müəyyən edilmiş qaydada” qərar verilibmi?

2. Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 1 və 3-cü bəndlərinə uyğun olaraq ittihamların müəyyən edilməsi zamanı ədalətli və açıq dinləmə imkanı verilibmi? Xüsusilə, ərizəçilərə müdafiələrini hazırlamaq üçün kifayət qədər vaxt və şərait yaradılıbmı və onların adından şahidlərin iştirakı təmin edilibmi?Ərizəçilərin əsaslandırılmış qərar əldə etmək hüququna hörmət edilibmi?

3. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığına, xüsusən də məlumat və ideyaları yaymaq hüququna müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

4. Hazırkı işdə Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq dövlət tərəfindən qoyulmuş məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulanlardan fərqli məqsədlər üçün tətbiq edilibmi?

 

CƏDVƏL

Ərizəçilərin siyahısı

No. Ərizənin nömrəsi İşin adı Daxil olub Ərizəçinin doğum tarixi,

iqamət yeri,

milliyəti

Təmsil edən
1. 18466/15 Abdullayev Azərbaycana qarşı 07/04/2015 Əli

Veysəl oglu ABDULLAYEV
1962
Şəki
Azərbaycan

Xalid Bağırov
2. 18492/15 Abdulkərimov

Azərbaycana qarşı

07/04/2015 Mübariz

Əsabəli oglu ABDULKƏRIMOV
1971
Şəki
Azərbaycan

Xalid Bağırov
3. 18536/15 Abdurəhmanlı Azərbaycana qarşı 07/04/2015 Rauf

Şəfayət oglu ABDURƏHMANLI
1977
Şəki
Azərbaycan

Xalid Bağırov