22 noyabr 2021-ci il tarixdə bilgi dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə no: 17359/16
Məmməd Əziz oğlu İBRAHİM Azərbaycana qarşı
16 mart 2016-cı il tarixdə daxil olub
2 noyabr 2021-ci il tarixdə kommunikasiyaya başlanılıb
Məhkəmə işinin mövzusu
Bu ərizə ərizəçinin xuliqanlıq cinayətini törətməkdə şübhəli bilinərək qanunsuz həbsi ilə bağlıdır. Ərizəçiyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), daha sonra isə 221.2.2-ci (xuliqanlıq vəzifəli şəxsə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə söykənərək, şikayət edib ki, onun cinayət törətməsinə əsaslı şübhələr mövcud olmayıb və azadlıqdan məhrum edilməsi qanunsuz olub. Xüsusilə, o, iddia edib ki, hakim qarşısına çıxarılmazdan əvvəl daxili qanunvericiliyin icazə verdiyi maksimum qırx səkkiz saatlıq müddətdən artıq həbsdə saxlanılıb. Ərizəçi daha sonra iddia edir ki, onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı ilkin məhkəmə qərarı daxili qanunvericiliyin tələblərinə zidd idi, çünki, həbs qətimkan tədbiri yalnız iki ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu cinayətdə ittiham olunan şəxslər barəsində seçilə bilər. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdü və bu maddə altında törədilən cinayətlərə görə, bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Tərəflərə suallar
Ərizəçinin azadlıqdan məhrum edilməsi zamanı Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulubmu?
Ərizəçinin həbs edilməsi əsaslı olması və ağlabatan şübhəyə əsaslanması baxımından 5-ci maddənin 1-ci bəndinin (c) bəndinə uyğundurmu?
Ərizəçinin həbs edilməsi daxili prosessual qaydalara uyğun idimi? Xüsusilə, ərizəçi 30 sentyabr 2015-ci il tarixində həbs edildikdən sonra hakim qarşısına çıxarılmazdan əvvəl daxili qanunvericilikdə icazə verilən maksimum qırx səkkiz saatlıq müddət daxilindəmi həbs edilmişdi?
3 oktyabr 2015-ci il tarixdə ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi daxili qanunvericiliyə uyğun idimi, çünki o, həmin vaxta qədər iki ildən artıq cəza nəzərdə tutan cinayət əməlində ittiham olunmurdu?