№16528/05 VAQİF HACIBƏYLİ AZƏRBAYCANA QARŞI – 10 İYUL 2008-Cİ İL

 

BİRİNCİ BÖLMƏ

HACIBƏYLİ AZƏRBAYCANA QARŞI
(Ərizə № 16528/05)

QƏRAR

 

 

Strasburq

10 iyul 2008-ci il

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Hacıbəyli Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Anatoli Kovler,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Jebens,
Ciorcio Malinverni, hakimlər,
və Andre Uampaş, Bölmə Katibinin müavini,
19 iyun 2008-ci ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

 

PROSEDUR

1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Vaqif Mustafa oğlu Hacıbəylinin (“ərizəçi”) Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 16528/05) iş 18 aprel 2005-ci ildə başlanılmışdır.

2. Ərizəçi Bakıda işləyən vəkil xanım N. Hüseynova tərəfindən təmsil olunmuşdur. Azərbaycan Hökuməti (“Hökumət”) onun nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.

3. Ərizəçi xüsusilə iddia etdi ki, ona qarşı cinayət araşdırmaları əsassız olaraq davamlı olub, o, polis tərəfindən pis rəftara məruz qalıb, onun hərəkət etmək azadlığı məhdudlaşdırılıb və siyasi baxışlarına görə təqib olunub.

4. Palatanın sədri 26 sentyabr 2006-cı il tarixdə Hökuməti şikayət barədə məlumatlandırmağı qərara almışdır. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən Məhkəmə qərara gəldi ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxsın.

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1960-cı ildə anadan olub və Bakıda yaşayır. 29 aprel 2005-ci ildə “Hacıbəyli”yə dəyişməsindən əvvəl ərizəçinin soyadı “Hacıyev” olub.

6. Ərizəçi siyasətçi və müxalifətin üzvü olub. 29 aprel 2000-ci ildə bir neçə müxalifət partiyalarını birləşdirən siyasi blok — Azərbaycan Demokratik Konqresi Bakıda Füzuli meydanında nümayiş keçirib. Bundan əvvəl Bakı şəhər İcra Hakimiyyəti (“BŞİH”) nümayişin Füzuli meydanında keçirilməsinə icazə verilməsindən imtina edərək, onun şəhərin mərkəzindən kənarda yerləşən başqa yerdə keçirilməsini təklif etdi. Lakin BŞİH-in qərarına zidd olaraq nümayişin təşkilatçıları öz planlarını dəyişməkdən imtina etdi və öz tərəfdarlarını Füzuli meydanında toplamağa qərara gəldilər.

7. Nümayişin başlamasından bir az keçdikdən sonra kütlənin qovulması məqsədi ilə polis bölmələri meydana gəlməyə başlamışlar. Görünür ki, polislə kütlə arasında bir neçə zorakı toqquşmalar baş verib. Ərizəçinin özü polis tərəfindən meydanda döyülüb və polis bölməsinə aparılıb.

8. 30 aprel 2000-ci ildə ərizəçi polisə müqavimət göstərməyə dair inzibati xətanı törətməkdə ittiham olunub və həmin gün Nəsimi rayon məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 174-cü maddəsinə əsasən ona on günlük “inzibati həbs” tənbeh tədbirini verib.

9. Təxminən həmin vaxt Nəsimi və Yasamal rayon prokurorluqları nümayişçilərin polisə müqavimət göstərmələri ilə əlaqədar cinayət işləri başlamışlar. 02 may 2000-ci ildə iş Bakı şəhər prokurorluğuna göndərilib.

10. 04 may 2000-ci ildə Bakı şəhər prokurorluğu başqa on şəxslə birgə ərizəçini dövlət rəsmilərinə qarşı faktiki və ya hədə-qorxu gəlməklə zordan istifadə etməyə görə həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 189-1-ci maddəsinin 2-ci hissəsi ilə ittiham edib.

11. Həmin gündə müstəntiq bu cinayət ittihamı ilə bağlı ərizəçi barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar verdi. Əvvəlki Cinayət-Prosessual Məcəlləsinə əsasən, belə qərarı məhkəmə deyil, müstəntiq çıxara bilərdi.

12. 23 may 2000-ci ildə ərizəçi barəsində həbs qərarı başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilib. Buna görə, o, həbsdən azad olunub.

13. 2000-ci ilin aprel və iyun ayları arasında müstəntiqlər bu işlə bağlı bir neçə şahidləri dindiriblər. Görünür ki, sonradan hər hansı əsas istintaq hərəkətləri aparılmayıb.

14. 25 yanvar 2001-ci ildə Bakı şəhər prokurorluğu ərizəçinin işi üzrə istintaqı dayandırmaq qərarına gəlib, ona görə ki, təqsirləndirilən şəxslərdən biri, S.H. gizlənib, onun yeri müəyyən edilməyib və ifadəsi alınmayıb. Bundan başqa, qeyd olunub ki, istintaqın bu mərhələsində “cinayət iştirakçılarının” bir neçəsi müəyyən olunmayıb. Prokuror hesab edib ki, S.H. və müəyyən olunmamış başqa iştirakçılar olmadan istintaqı yekunlaşdırmaq və ərizəçi daxil olmaqla, təqsirləndirilən şəxslərin hərəkətlərinə hüquqi qiymət vermək mümkün deyildir. Buna görə, prokuror qərara gəlib ki, S.H. və başqa iştirakçılar tapılana və istintaq orqanları qarşısına gətirilənə kimi istintaqı dayandırsın.

15. Ərizəçiyə görə, o, icraatı dayandırmağa dair qərar barədə məlumatlandırılmayıb və bu haqda sonradan qeyri-müəyyən tarixdə xəbər tutub.

16. 07 iyul 2004-cü ildə ərizəçi prokurorun hərəkətlərinin qanunsuzluğundan şikayət və icraata xitam verilməsini məhkəmədən xahiş edərək, Səbail rayon məhkəməsinə müraciət etdi. O, şikayət edib ki, ona qarşı cinayət təqibi əsassız olub və yalnız polis işçilərinin ifadələrinə əsaslanıb. O, həmçinin şikayət edib ki, cinayət icraatının dörd il əvvəl başlanılmasına baxmayaraq, onun işi hələ də ibtidai istintaq mərhələsində olub. Bu müddət ərzində hər hansı prosessual hərəkət aparılmayıb. O vurğulayıb ki, başqa yerə getməmək barədə iltizam altındadır və nəticədə xarici pasportu əldə edə və ya şəxsi işlə bağlı xaricə səyahət edə bilməyib.

17. 23 avqust 2004-cü ildə Səbail rayon məhkəməsi ərizəçinin şikayətini rədd etdi və prokurorun qərarını qüvvədə saxladı. O, əsasən icraatın dayandırılması üçün prokurorun səbəblərini təkrarladı və onları qanuni hesab etdi. Məhkəmənin qərarı ərizəçinin başqa yerə gedə və pasport ala bilməməsinə dair şikayətinə toxunmayıb. 14 oktyabr 2004-cü ildə Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Daxili cinayət prosessual qaydalarına əsasən, Apellyasiya Məhkəməsi istintaq orqanlarının prosessual qərarlarından şikayət verilməsi üçün ən yuxarı instansiya olub.

18. İcraata xitam verilməsi üçün ərizəçinin Bakı şəhər prokurorluğuna şikayətlərindən sonra 24 avqust 2005-ci ildə cinayət işinin istintaqı bərpa edilib. 06 sentyabr 2005-ci ildə prokuror qərara gəlib ki, ərizəçinin əvvəlki Cinayət Məcəlləsinin 189-1-ci maddəsinin 2-ci hissəsinə əsasən təqsirləndirildiyi cinayət 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş yeni Cinayət Məcəlləsinin 315.1-ci maddəsinə yenidən tövsif edilməlidir. Müvafiq olaraq, prokuror yeni Cinayət Məcəlləsinin 315.1-ci maddəsinə əsasən yeni ittiham aktını təsdiq etdi.

19. 14 sentyabr 2005-ci ildə Bakı şəhər prokurorluğunun prokuroru ərizəçi barəsində cinayət təqibinə xitam verdi, ona görə ki, əvvəlki Cinayət Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, ona qarşı cinayət ittihamı iddia olunan cinayətə görə məsuliyyətə cəlb etmə müddəti onun törədilməsindən beş il keçdikdə keçmiş olur. Prokuror qeyd edib ki, yeni Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən həmin ittihamlar üzrə cəlb etmə müddətinin yalnız cinayətin törədilməsindən yeddi il keçdikdə bitməsinə baxmayaraq, bu müddəalar hazırkı işdə geriyə tətbiq edilə bilməz, ona görə ki, onlar ərizəçinin vəziyyətini pisləşdirir. Prokuror, həmçinin başqa yerə getməmək barədə iltizam qətimkan tədbirini götürdü.

20. Ərizəçi prokurorun 14 sentyabr 2005-ci il tarixli qərarından Səbail rayon məhkəməsinə şikayət verdi. O, işin icraatına hərəkətlərində cinayət elementinin olmamasına görə xitam verilməli olduğunu iddia edərək, işə xitam verilməsi üçün edilmiş formal əsasla razılaşmayıb.

21. 24 oktyabr 2005-ci ildə Səbail rayon məhkəməsi ərizəçinin şikayətini rədd etdi. Ərizəçi bundan şikayət etdi. 13 dekabr 2005-ci ildə Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxladı.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

A. Cinayət Məcəllələri

22. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş əvvəlki 1960-cı il tarixli Cinayət Məcəlləsinə müvafiq olaraq, zordan faktiki istifadə etməklə və ya hədə-qorxu — gəlməklə dövlət rəsmilərinə müqavimət göstərmə beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı (əvvəlki Cinayət Məcəlləsinin 189-1-ci maddəsinin 2-ci hissəsi). Beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılan ittihamlara aid cinayətlər üzrə məsuliyyətə cəlb etmə müddəti beş il təşkil edir (əvvəlki Cinayət Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsi).

23. 01 sentyabr 2000-ci il tarixli yeni Cinayət Məcəlləsinə müvafiq olaraq, cinayət törətmiş şəxsin vəziyyətini pisləşdirən cinayət qanunun müddəası geriyə şamil olunmur (10.4-cü maddə).
24. Cinayətlərin ağırlığına görə dörd dərəcəsi müəyyən olunub: böyük ictimai münaqişə törətməyən cinayətlər, az ağır cinayətlər, ağır cinayətlər və xüsusilə ağır cinayətlər (yeni Cinayət Məcəlləsinin 15-ci maddəsi). İki ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayətlər “az ağır cinayət” kimi qiymətləndirilir (yeni Cinayət Məcəlləsinin 15.3-cü maddəsi). “Az ağır cinayətlər”ə aid ittihamlara cəlb etmə müddəti cinayətin törədilməsindən sonra yeddi il təşkil edir (yeni Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi).

25. Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (yeni Cinayət Məcəlləsinin 315.1-ci maddəsi).

B. Cinayət-Prosessual Məcəlləsi

26. 01 sentyabr 2000-ci il tarixli Cinayət-Prosessual Məcəlləsinə (“CPM”) müvafiq olaraq, müstəntiq cinayət işinin icraatını dayandıra bilər, əgər, inter alia, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda və ya gizləndikdə (51.1.1, 51.1.3* və 277.1-ci maddələr). Cinayət təqibi üzrə iki və ya daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır (53.4-cü maddə).

27. Cinayət təqibi üzrə icraat dayandırılanadək cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri yerinə yetirməlidir (53.5 və 277.5-ci maddələr). İcraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır (53.6-cı maddə). Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutan cinayətin törədilməsi və ya bəşəriyyətə qarşı və hərbi cinayətlər kimi ağır cinayətlərdə ittiham olunması halları istisna olunmaqla, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir (53.7-ci maddə).
* Bu müddəalar CPM-in 53.1.1 və 53.1.3-cü maddələrində əks olunduğuna görə qərarın mətnində texniki səhvə yol verildiyi güman olunur.

28. CPM-in 154-cü maddəsi, inter alia (digərləri ilə yanaşı), başqa yerə getməmək barədə iltizam daxil olmaqla, on qətimkan tədbiri növünü nəzərdə tutur (154.2.4-cü maddə). Qətimkan tədbirləri təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən prokuror və ya məhkəmə tərəfindən tətbiq oluna bilər.

29. Başqa yerə getməmək haqqında iltizam, qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə (şəhər, kənd və başqa yaşayış yeri) getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, istintaqa və ya məhkəmə baxışına maneçilik törətməyəcəyi, istintaq orqanlarının və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi barədə onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir (165.1-ci maddə). Başqa yerə getməmək haqqında iltizamı şübhəli və ya təqsirləndirilən şəxsdən cinayət prosesini həyata keçirən orqan alır (165.2-ci maddə).

30. “Az ağır cinayətdə” ittiham olunan şəxsə aid ibtidai istintaqın yol verilən maksimum davamiyyəti ilkin üç aylıq istintaq müddətinin bütün mümkün uzadılmaları daxil olmaqla, doqquz ay təşkil edir (218.2.2, 218.6.2, 218.7.2, 218.8.2 və 218.10.2-ci maddələr).

31. İstintaq orqanının prosessual hərəkətlərindən və qərarlarından şikayətlərə müvafiq birinci instansiya məhkəməsinin tək hakimi tərəfindən yenidən baxılır (442.2.2, 442.2.3 və 449-cu maddələr). Birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya məhkəməsinə şikayət verilə bilər (442.4-cü maddə). Apellyasiya məhkəməsinin qərarı qətidir və ondan şikayət verilə bilməz (453.10 və 454-cü maddələr).

C. Başqa

32. “Ölkəyə gəlmək və ölkədən getmək və pasportlar haqqında” 14 iyun 1994-cü il tarixli Qanunun 1-ci fəslinə müvafiq olaraq, cinayətdə ittiham olunan şəxsin ölkədən getmək hüququ cinayət icraatının sonunadək müvəqqəti dayandırıla bilər.

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN VƏ 4 SAYLI PROTOKOLUNUN 2-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTULARI

33. Ərizəçi şikayət edib ki, cinayət təqibinin davamiyyəti Konvensiyanın aşağıdakıları nəzərdə tutan 6-cı maddəsinin 1-ci bəndinin “ağlabatan müddət” tələbinə uyğun deyildir:
“Hər kəs, … ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən … məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin … araşdırılması hüququna malikdir.”

34. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə və Konvensiyanın 8-ci maddəsinə istinadən, ərizəçi, həmçinin şikayət etdi ki, başqa yerə getməyini qadağan edən qətimkan tədbiri cinayət təqibinə xitam verilənədək qüvvədə qalıb. İddia olunur ki, bu, onun hərəkət etmək azadlığını və şəxsi həyata hörmət hüququnu pozub. Məhkəmə hesab edir ki, hazırkı işdə bu şikayət Konvensiyanın 8-ci maddəsinə əsasən hər hansı ayrı məsələni qaldırmır və daha düzgün olaraq 4 saylı Protokolun aşağıdakıları nəzərdə tutan 2-ci maddəsinə əsasən araşdırılmasına aiddir:
“1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətlərin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.

4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq ediləndə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər.”

A. Qəbuledilənlik

35. Hökumət iddia etdi ki, ərizəçi bu şikayətləri daxili məhkəmələr qarşısında qaldırmayıb. Onlar qeyd etdilər ki, Konvensiya Azərbaycan Respublikasının hüquqi sisteminin daxili hissəsini təşkil edir və Konvensiyanın müddəaları birbaşa tətbiq edilən olub. Buna görə, ərizəçi daxili məhkəmələrdə bu müddəalara əsaslana və pozuntudan şikayət edə bilərdi.

36. Ərizəçi, daxili məhkəmələr daxil olmaqla, müvafiq milli orqanlarda qaldırdığı bütün şikayətlərin mahiyyət etibarilə Məhkəməyə verdiyi şikayətlə eyni olduğunu qeyd edərək, razılaşmadı. Daxili vasitələrin tükənməsi qaydası nəzərdə tutmur ki, ərizəçi daxili orqanlara şikayətlərində xüsusi olaraq Konvensiyaya istinad etsin.

37. Məhkəmə xatırladır ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndindəki daxili vasitələr qaydasının məqsədi Məhkəməyə təqdim edilməzdən əvvəl iddia olunan pozuntuların qarşısının alınması və ya onların düzəldilməsi imkanının Razılığa gələn Yüksək Tərəflərə verilməsindən ibarətdir. Lakin tükənməli olan yeganə vasitələr onlardır ki, iddia olunan pozuntulara aid və eyni zamanda əlçatan və səmərəli olsunlar. Belə vasitələrin mövcudluğu yalnız nəzəriyyədə deyil, həm də təcrübədə kifayət qədər aydın olmalıdır, əks halda, əlçatanlıq və səmərəlilik tələbinə nail olmazlar; cavabdeh Dövlətin üzərinə düşür ki, bu müxtəlif şərtlərə cavab verilsin (bax, məsələn, Vernillo Fransaya qarşı, 20 fevral 1991-ci il tarixli qərar, A Seriyaları, № 198, s. 11-12, § 27).

38. Məhkəmə vurğulayır ki, daxili vasitələrin tükəndirilməsi qaydası müəyyən çevikliklə və həddən artıq formalizmə yol verilmədən tətbiq edilməlidir. Bu qayda nə mütləq, nə də avtomatik tətbiq edilə biləndir. Ona riayət olunub-olunmamasının araşdırılması üçün fərdi işin hallarına nəzər yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu onu nəzərdə tutur ki, başqa məsələlərlə yanaşı, Məhkəmə Razılığa gələn müvafiq Yüksək Tərəfin hüquqi sistemində formal vasitələrin yalnız mövcudluğuna deyil, həmçinin, onların fəaliyyət göstərdiyi ümumi kontekstə, eləcə də ərizəçinin şəxsi hallarına real nəzər yetirməlidir (bax, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-IV, s. 1211, § 69).

39. İşin davamiyyəti barədə şikayətə aid vasitəyə gəldikdə, onun səmərəliliyinin qiymətləndirilməsində həlledici elementi ərizəçi tərəfindən bu şikayəti spesifik bərpa etməni tələb etməklə daxili məhkəmələrdə qaldıra bilib-bilməməsi, başqa sözlə, Konvensiyanın 6-cı maddəsində təmin olunmuş hüquqların sadəcə olaraq dolayı yolla müdafiəsini deyil, birbaşa və sürətli bərpa etməni təmin etməklə onun şikayətlərinə cavab verən vasitənin mövcud olub-olmaması təşkil edir. Xüsusən, bu növ vasitə “səmərəli” olar, əgər, o, işə baxan məhkəmələrin qərarını sürətləndirə və ya artıq baş vermiş gecikmələrə görə iş üzrə tərəfə adekvat kompensasiyanı təqdim edə bilərsə (bax, Merit Ukraynaya qarşı, № 66561/01, § 59, 30 mart 2004-cü il, sonrakı istinadlarla).

40. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi 07 iyul 2004-cü ildə istintaqın dayandırılmasına dair prokurorun qərarını mübahisələndirən şikayəti məhkəməyə verdi. Məhkəmə hesab edir ki, başqa məsələlərlə yanaşı, ərizəçi, həmçinin mahiyyət etibarilə cinayət təqibinin davamiyyətindən, eləcə də hərəkət etmək azadlığının davamlı məhdudiyyətindən şikayət edib. Lakin bu şikayət Səbail rayon məhkəməsi tərəfindən 23 avqust 2004-cü il tarixdə və sonradan Apellyasiya Məhkəməsində 14 oktyabr 2004-cü il tarixdə rədd olunub (bax, yuxarıda 16-17-ci bəndlər).

41. Yuxarıda göstərilənlərə baxmayaraq, Hökumət çox ümumi şəkildə iddia etdi ki, “ərizəçi oxşar dəlilləri daxili məhkəmələr qarşısında qaldırmayıb”. Bununla bağlı, Məhkəmə xatırladır ki, Razılığa gələn Yüksək Tərəf vasitələrin tükənməsi öhdəliyi arxasında qorunmağa çalışdıqda, istifadə olunmamış əlçatan daxili vasitələrin mövcudluğunun müəyyən olunması Dövlətin üzərinə düşür. Lakin Hökumətin qeydlərindən yuxarıda qeyd olunan qısa çıxarış qeyri-dəqiq dəlillərdən başqa heç bir şeyi əks etdirmirdi; o, Hökumətə görə, ərizəçinin üz tutmadığı bərpa etmə vasitələrini aydın surətdə göstərmirdi. Konkret olaraq hansı vasitələrə istinad edilməsinin müəyyən edilməsi Məhkəməyə aid deyildir (bax, mutatis mutandis (müvafiq dəyişikliklərlə), Foti və digərləri İtaliyaya qarşı, 10 dekabr 1982-ci il tarixli qərar, A Seriyaları, № 56, s. 17, § 48).

42. Buna baxmayaraq, Hökumətin zərərə görə ayrı mülki iddianın qaldırılması mümkünlüyünə istinad etdiyini güman etsək belə, Məhkəmə aşağıdakı səbəblərə görə belə vasitənin səmərəliliyinə dair şübhələrə malikdir.

43. Əvvəla, Məhkəmə xatırladır ki, bir neçə bərpa etmə ünvanları əlçatan olduqda, şəxsdən onların birindən artıq istifadə edilməsi tələb olunmur. İşin halları baxımından ən müvafiq hüquqi vasitənin seçilməsi ərizəçiyə aiddir (bax, başqa mənbələrlə yanaşı, Erey İrlandiyaya qarşı, 09 oktyabr 1979-cu il tarixli qərar, A Seriyaları, № 32, s. 12, § 23 və Boyçenko Moldovaya qarşı, № 41088/05, § 80, 11 iyul 2006-cı il). Hökumət CPM-in 442 və 449-cu maddələrinə əsasən prokurorluq orqanlarının prosessual hərəkətlərinə məhkəmə qaydasında yenidən baxılması adlanan, ərizəçinin hazırkı işdə istifadə etdiyi bərpa etmə ünvanının səmərəliliyini mübahisələndirmədi. Məhkəmə hesab edir ki, sözügedən cinayət təqibi çərçivəsində ona əlçatan olan bütün şikayət etmə imkanlarını tükəndirən ərizəçidən zərərə görə mülki iddia qaldırmaqla bərpa etməni əldə etmək üçün başqa cəhd etmək tələb edilə bilməz (bax, mutatis mutandis, Assenov və digərləri Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il tarixli qərar, Hesabatlar, 1998-VIII, s. 3286, § 86).

44. Hər bir halda Məhkəmə qeyd edir ki, Hökumət zərərə görə mülki iddianın hazırkı şikayətlərlə bağlı ərizəçini “birbaşa və sürətli bərpa etmə” ilə təmin edə bilib-bilməməsini göstərmədi (bax, yuxarıda 39-cu bənd). Məhkəmə hesab edir ki, bu vasitə sözügedən araşdırmaları sürətləndirə bilməzdi. Bundan başqa, Hökumət belə iddianın artıq baş vermiş gecikməyə görə bərpa etmənin hər hansı əsaslı gözləntiləri təqdim etdiyini göstərmədi. Keçmiş gecikməyə görə ərizəçinin kompensasiyanı əldə edə bildiyini güman etsək belə, Hökumət belə araşdırmaların illər ərzində davam edə və bir neçə yurisdiksiyadan keçə bilən hər hansı “adi” mülki araşdırmadan daha sürətli olacağını göstərmədi (V.A.M. Serbiyaya qarşı, № 39177/05, § 86, 13 mart 2007-ci il və Skordino İtaliyaya qarşı (№ 1), (Böyük Palata), № 36813/97, § 195, İHAM 2006-…).

45. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə belə nəticəyə gəlir ki, Hökumət istinad etdiyi vasitənin ərizəçinin tükənməsi tələb olunan səmərəli vasitə olduğunu sübut edə bilməyib. Onlar, həmçinin cinayət təqibinin davamiyyəti kontekstində ərizəçinin hərəkət etmək azadlığının davamlı məhdudlaşdırılmasına aid hər hansı ayrı səmərəli vasitənin mövcudluğunu göstərə bilməyiblər. Buna görə, bu şikayətlər daxili vasitələrin tükəndirilməməsinə görə rədd oluna bilməz.

46. Məhkəmə daha sonra qeyd edir ki, bu şikayətlər hər hansı başqa səbəblərə görə qeyri-məqbul və Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə açıq-aşkar əsassız deyildir. Buna görə, onlar məqbul elan edilməlidir.

B. Mahiyyət

47. Hökumət mahiyyəti üzrə hər hansı xüsusi dəlillər irəli sürməyib. Ərizəçi öz şikayətlərini yenidən təkrarladı.

1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi

48. Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı cinayət təqibi 04 may 2000-ci ildə başladı və icraata xitam verilməsinə dair qərarla 14 sentyabr 2005-ci ildə sona yetdi. Beləliklə, ümumilikdə araşdırmalar beş il dörd aydan artıq davam edib və hələ istintaq mərhələsində olarkən bitib.

49. Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə mindiyinə görə hazırkı işdə nəzərə alınmalı olan müddət post-ratifikasiya dövründə təxminən üç il beş ay təşkil edib. Buna baxmayaraq, sözügedən vaxt davamiyyətinin əsaslılığını müəyyən etmək üçün baxılan müddətin əvvəlində mövcud olan işlərin vəziyyətinə də nəzər yetirilməlidir (bax, məsələn, Proszak Polşaya qarşı, 16 dekabr 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-VIII, s. 2772, § 31).

50. Araşdırmaların davamiyyətinin əsaslılığı işin konkret halları baxımından qiymətləndirilməlidir, Məhkəmənin presedent-hüququnda müəyyən olunmuş meyarlar, o cümələdən işin mürəkkəbliyi, ərizəçinin və səlahiyyətli orqanların davranışı və ərizəçi üçün nəyin təhlükə altında olduğu nəzərə alınmalıdır (bax, başqa mənbələrlə yanaşı, Pelisye və Sassi Fransaya qarşı (Böyük Palata), № 25444/94, § 67, İHAM 1999-II və Kominqersol S.A. Portuqaliyaya qarşı (Böyük Palata), № 35382/97, § 19, İHAM 2000-IV).

51. Məhkəmə hesab edir ki, cinayət ittihamı təhlükəsi və başqa yerə getməmək haqqında iltizam altında olduğunu düşünərək, gələcəyi barədə qeri-müəyyənlik hissiyyatındən əziyyət çəkdiyinə görə ərizəçi üçün çoxlu təhlükələr vardır. Məhkəmə, bununla bağlı xatırladır ki, cinayət araşdırmalarında təqsirləndirilən şəxs onun işinə xüsusi diqqətlə baxılması hüququna malik olmalı və cinayət məsələlərində Konvensiyanın 6-cı maddəsi ittiham olunmuş şəxsin araşdırmaların nəticəsi barədə uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmamasına yönəlib (bax, Naxmanoviç Rusiyaya qarşı, № 55669/00, § 89, 02 mart 2006-cı il).

52. Daha sonra, Məhkəmə hesab edir ki, araşdırmaların ümumilikdə on bir təqsirləndirilən şəxsə aid olmasına baxmayaraq, iş xüsusilə mürəkkəb olan kimi görünmür. Hökumət də işin müəyyən olunması üçün xüsusilə çətin olduğunu iddia etmədi. Hər bir halda Məhkəmə hesab edir ki, Konvensiyanın qüvvəyə minməsindən sonra işin istintaq mərhələsində qaldığı üç il beş ay tam müddət sadəcə olaraq işin mürəkkəbliyi ilə izah edilə bilməz.

53. Məhkəmə, həmçinin qeyd edir ki, işin faktlarında heç bir şey ərizəçinin davranışının araşdırmada gecikmələrə səbəb olmasını göstərmir. Hakimiyyət orqanlarının davranışına gəldikdə isə, Məhkəmə qeyd edir ki, icraat 25 yanvar 2001-ci ildə dayandırılıb, ona görə ki, istintaqdan gizlənən S.H. və başqa müəyyən olunmamış “iştirakçılar” olmadan istintaq davam edə bilməz. İstintaq dörd ildən sonra, artıq 24 avqust 2005-ci ildə yenidən başlanılıb. Bu müddətdən üç il dörd aydan artıq Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi müddət daxilinə düşür. İşin materiallarında heç bir şey bu müddət ərzində hər hansı prosessual hərəkətlərin görülməsini göstərmir. Prokurorluğun CPM-in 53.5 və 277.5-ci maddələrinə əsasən öz vəzifələrinə riayət edib-etməməsinə və S.H.-nı və başqa axtarılan şəxsləri tapmaq və bununla da, araşdırmanın davamlı dayandırılmasına əsası aradan qaldırmaq üçün zəruri tədbirləri görüb-görməməsinə dair hər hansı məlumat Hökumət tərəfindən təqdim edilməyib.

54. Belə olan halda, sadəcə olaraq S.H.-nın və başqa müəyyən olunmamış “iştirakçılar”ın daxili məhkəmələr qarşısına gətirilməsinin mümkünsüz olması faktı işin istintaqında əhəmiyyətli fəaliyyətsizlik müddətinə inandırıcı izahat ola bilməz. Bununla bağlı, Məhkəmə, həmçinin qeyd edir ki, CPM-in 53.4-cü maddəsinə müvafiq olaraq, S.H.-ya qarşı araşdırmalar ayrıla və dayandırıla, ərizəçi barəsində araşdırmalar isə davam etdirilə bilərdi. Nə daxili orqanlar (özlərinin müvafiq qərarlarında), nə də Hökumət bu prosessual alternativin seçilməməsinin səbəbləri üçün hər hansı inandırıcı izahatlar təqdim etməyib.

55. Bundan başqa, ərizəçi barəsində araşdırmalar ona qarşı cəlb etmə müddəti keçdikdə də davam edib. Xüsusən, ərizəçi 29 aprel 2000-ci ildə baş verdiyi iddia olunan “az ağır cinayət” törətməkdə ittiham olunub. Tətbiq edilən daxili qanunvericiliyə müvafiq olaraq (əvvəlki Cinayət Məcəlləsinin 44-cü maddəsinin 3-cü bəndi), ona qarşı ittihamlar üzrə cəlb etmə müddəti iddia olunan cinayətin törədilməsindən beş il sonra, yəni 30 aprel 2005-ci ildə bitir. Buna baxmayaraq, icraata yalnız 14 sentyabr 2005-ci ildə xitam verilib.

56. Göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə araşdırmaların davamiyyəti həddən artıq olub və “ağlabatan müddət” tələbinə cavab verməyib. Hökumət Məhkəmənin fərqli qənaətə gəlməsi üçün hər hansı inandırıcı fakt və ya dəlil irəli sürməyib.

57. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusuna yol verilib.

2. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi

58. Məhkəmə qeyd edir ki, başqa yerə getməmək haqqında iltizam altında olduğu üçün ərizəçi yalnız yaşadığı şəhər daxilində hərəkət etməkdə azad olub və yaşamaq yerini dəyişmək və ya prokurorluq orqanın icazəsi olmadan şəhəri tərk etmək ona qadağan edilib. Məhkəmə hesab edir ki, bu, onun hərəkət etmək azadlığına məhdudiyyəti təşkil edib (bax, məsələn, İvanov Ukraynaya qarşı, № 15007/02, § 85, 07 dekabr 2006-cı il). 4 saylı Protokolun 2-ci maddəsinə cavab vermək üçün belə məhdudlaşdırma “qanuna müvafiq” olmalı, həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş bir və ya daha çox qanuni məqsəd güdməli və “demokratik cəmiyyətdə zəruri” olmalıdır (bax, Raymondo İtaliyaya qarşı, 22 fevral 1994-cü il tarixli qərar, A Seriyaları, № 281-A, s. 19, § 39).

59. Ən azı 30 aprel 2005-ci ilədək olan müddətə gəldikdə isə (bax, yuxarıda 68-ci bəndə), Məhkəmə müdaxilənin qanuna müvafiq olması ilə qanedir (CPM-in 154, 155 və 165-ci maddələri). Məhkəmə, həmçinin hesab edir ki, onun məqsədi istintaqın aparıldığı yerdə və məhkəmə iclasında ərizəçinin olmasını təmin etmək olub. Müvafiq olaraq, məhdudiyyət 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qanuni məqsəd güdüb, xüsusən, cinayətin qarşısını alma və başqalarının hüquq və azadlıqlarının müdafiəsi. Tədbirin demokratik cəmiyyətdə zəruri olub-olmamasının müəyyən edilməsi qalır.

60. Məhkəmə qeyd edir ki, ərizəçi icazə verilməmiş nümayişdə polisə müqavimət göstərməkdə ittiham edilib. Bu növ işdə başqa yerə getməmək haqqında iltizamın per se (özlüyündə) düzgün qətimkan tədbiri olmasının müəyyən edilməsi Məhkəmənin vəzifəsi deyildir. Daxili qanunvericiliyə görə, qətimkan tədbirinin dairəsi, inter alia, cinayətdə təqsirləndirilən şəxsin istintaqın aparıldığı yerdə iştirakının təmin olunması üçün onun üzərinə qoyula bilməz. Cinayət təqibinin səmərəli həyata keçirilməsini təmin etmək üçün Dövlətin təqsirləndirilən şəxsin azadlığını məhdudlaşdıran müxtəlif qətimkan tədbirlərini tətbiq edə bilməsi özlüyündə mübahisə doğurmur; belə tədbirlər azadlıqdan məhrum edilməni daxil edə bilər. Bir kəsin yaşadığı yeri tərk etməməsi barədə iltizam şəxsin azadlığını məhdudlaşdıran tədbirlərin minimal müdaxilə edənidir (bax, mutatis mutandis, Naqi Macarıstana qarşı (qərardad), № 6437/02, 06 iyul 2004-cü il).

61. Məhkəmə İtaliyaya qarşı bir neçə işlər üzrə əvvəllər müəyyən edib ki, ərizəçilərin üzərinə qoyulan belə öhdəlik araşdırmaların on üç il altı ay və iyirmi dörd il beş ay davam etdiyi işlərə qeyri-müvafiq olub (bax, Qoffi İtaliyaya qarşı, № 55984/00, § 20, 24 mart 2005-ci il; Luordo İtaliyaya qarşı, № 32190/96, § 96, İHAM 2003-IX və Bassani İtaliyaya qarşı, № 47778/99, § 24, 11 dekabr 2003-cü il). Digər tərəfdən, bu öhdəliyin dörd il üç ay və dörd il on ay müddətə davam etdiyi işlərdə, Məhkəmə hər bir işin xüsusi hallarını da nəzərə alaraq, ərizəçilərin hərəkət etmək azadlığında məhdudiyyəti qeyri-müvafiq hesab etməyib (bax, Fyodorov və Fyodorova Rusiyaya qarşı, № 31008/02, §§ 42-47, 13 oktyabr 2005-ci il vəAntonenkov və digərləri Ukraynaya qarşı, № 14183/02, §§ 62-67, 22 noyabr 2005-ci il).

62. Hazırkı işdə, yaşayış yerini tərk etməmək barədə iltizam ərizəçinin üzərinə təxminən beş il dörd ay müddətinə qoyulub ki, bu müddətdən təxminən üç il beş ay Məhkəməninratione temporis (zamana görə) səlahiyyəti daxilinə düşür. Bu hesablamalardan göründüyü kimi, məhdudiyyətin davamiyyəti yuxarıda göstərilən bütün işlərdən qısa olub.

63. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə məhdudiyyətin müqayisəli davamiyyəti özlüyündə cinayət araşdırmalarının düzgün həyata keçirilməsində ümumi maraqla hərəkət etmək azadlığından istifadə etməkdə ərizəçinin şəxsi marağı arasında ədalətli tarazlığa nail olub-olmamasının müəyyən edilməsi üçün yeganə əsas ola bilməz. Bu məsələ işin bütün spesifik məqamlarına müvafiq olaraq qiymətləndirilməlidir. Hazırkı işdə məhdudiyyət əsaslı ola bilər, yalnız o halda ki, şəxsin hərəkət etmək azadlığı hüququna üstün gələn həqiqi ictimai marağa aydın işarələr olsun.

64. Hazırkı işdə, ərizəçinin hərəkət etmək azadlığına məhdudiyyət ona qarşı cinayət təqibinin tərkib hissəsi kimi qoyularkən məhdudiyyətin bütün davamiyyətində icraat istintaq mərhələsində qalıb və iş heç zaman məhkəməyə verilməyib. 15 aprel 2002-ci ildə Konvensiyanın qüvvəyə minməsi və 14 sentyabr 2005-ci ildə məhdudiyyətin aradan qaldırılması arasındakı təxminən bütün müddət ərzində cinayət araşdırılması dayandırılmış qalıb və hər hansı prosessual addımlar atılmayıb.

65. İşin materiallarında yaşayış yerini həqiqətən tərk etməyə çalışdığı barədə və ya belə etdikdə, ona bununla bağlı prokuror tərəfindən imtinanın verildiyi haqqında ərizəçinin dəlilini təsdiq edən hər hansı sübut yoxdur. Lakin Məhkəmə qeyd edir ki, əvəzində ərizəçi qətimkan tədbirinin davamlı tətbiqini məhkəmələr vasitəsilə mübahisələndirməyə çalışmışdır. Beləliklə, 2004-cü ilin mayında o, Səbail rayon məhkəməsinə şikayət etdi ki, istintaq əsassız müddətə dayandırılıb və hər hansı prosessual addımlar atılmayıb. O, həmçinin, qısa, lakin aydın şəkildə şikayət edib ki, əsassız davamlı istintaqın mümkün bitməsini gözləyərkən, yaşayış yerini tərk etməmək barədə öhdəlik altında qalıb. Lakin Səbail rayon məhkəməsi sadəcə olaraq istintaqın dayandırılmasının əsaslarının qanuniliyinin yoxlanılması ilə kifayətlənib və ərizəçinin hərəkət etmək azadlığının davamlı məhdudlaşdırılmasının əsaslı olub-olmamasını yoxlamayıb.

66. Məhkəmənin yuxarıda müəyyən etdiyi kimi, hazırkı işdə cinayət araşdırmaları əsassız olaraq davamlı olub, halbuki, iş xüsusilə mürəkkəb olmayan kimi görünür. Nəzərə alaraq ki, prokurorluq orqanları beş ildən artıq müddətdə istintaqda hər hansı irəliləyişə nail olmayıb, hazırkı işin hallarında ərizəçinin hərəkət etmək azadlığının davamlı məhdudiyyəti üçün hər hansı inandırıcı əsaslandırmanı görmək, xüsusən, istintaqın dayandırıldığı və ya ərizəçinin 2004-cü ilin iyulunda xüsusi olaraq məhdudiyyətdən şikayət etdiyi vaxtda zəruriliyə yenidən baxılmadan, çətindir.

67. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın qüvvəyə minməsindən sonra üç il beş ay müddətinə ərizəçinin hərəkət etmək azadlığının məhdudlaşdırılması qeyri-müvafiq olub (ümumilikdə beş il dörd ay), xüsusən, istintaq hər hansı nəticələrə nail ola bilmədikdə, iş cəlb etmə müddətinin bitməsinə görə xitam verilməklə yekunlaşıb. Buna görə, Məhkəmə bütövlükdə məhdudiyyətə aid hesab edir ki, ümumi marağın tələbləri ilə ərizəçinin hüquqları arasında ədalətli tarazlığa nail olunmayıb.

68. Bundan başqa, Məhkəmə qeyd edir ki, ərizəçiyə qarşı ittiham üzrə cəlb etmə müddəti 30 aprel 2005-ci ildə bitib, qətimkan tədbiri isə 14 sentyabr 2005-ci ilədək aradan qaldırılmayıb. Nəticədə, Məhkəmə əvvəlki bənddə gəldiyi qənaətə əlavə olaraq hesab edir ki, 30 aprel 2005-ci ildən sonra təxminən dörd ay yarım müddətdə ərizəçinin hərəkət etmək azadlığına davamlı məhdudiyyət üçün qanuni əsaslar olmayıb və buna görə, bu müddət ərzində məhdudiyyət “qanuna müvafiq olmayıb”.

69. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi pozulub.

II. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI

A. Polis tərəfindən iddia olunan pis rəftar

70. Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçi şikayət etdi ki, 29 aprel 2000-ci il tarixdə nümayiş zamanı o, polis tərəfindən döyülüb və döyülmədən sonra ciddi zədələnməsinə baxmayaraq, adekvat tibbi yardım göstərilmədən həbsdə saxlanılıb.

71. Məhkəmə xatırladır ki, o, yalnız Razılığa gələn müvafiq Yüksək Tərəfə aid Konvensiyanın qüvvəyə minməsindən sonra baş vermiş Konvensiya pozuntuları barədə şikayətlərə baxmaq səlahiyyətinə malikdir (bax, başqa mənbələr arasında, Kazımova Azərbaycana qarşı (qərardad), № 40378/02, 06 mart 2003-cü il). Konvensiya Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə minib. Hazırkı şikayət bu tarixdən əvvəl baş vermiş hadisələrə aiddir.

72. Belə nəticəyə gəlinir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasına görə Konvensiyanın müddəaları ilə ratione temporis uyğun deyilidr və 35-ci maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.

B. Siyasi motivlərə əsaslanması iddia olunan təqib

73. Konvensiyanın 10 və 11-ci maddələrinə əsasən ərizəçi şikayət edib ki, ona qarşı cinayət araşdırmaları yalnız onun siyasi fikirlərinə və anti-hökumət nümayişində iştirakına görə başlanılıb. Əlavə olaraq, Konvensiyanın 14-cü maddəsinə istinadən başqa şikayətləri ilə birgə o bildirib ki, siyasi baxışları səbəbindən ayrı-seçkiliyə məruz qalıb.

74. Hökumət iddia edib ki, ərizəçi daxili vasitələri tükəndirməyib, ona görə ki, o, bu şikayətləri daxili məhkəmələr qarşısında qaldırmayıb. Ərizəçi, Konvensiya müddəalarına əsasən onun hüquqlarının iddia olunan pozuntusuna görə bərpa etməni təmin edə bilən daxili vasitənin mövcud olmadığını iddia edərək, razılaşmadı.

75. Məhkəmə yenə də hesab edir ki, ərizəçinin bu şikayətlər üzrə daxili vasitələri tükəndirməsinin həll olunmasını zəruri hesab etmir, ona görə ki, bunun belə olduğunu güman etsək belə, onlar aşağıdakılara görə qeyri-məqbuldur.

76. Bu şikayətlər əsasən ərizəçinin həbsə alındığı və 2000-ci ilin aprel-may aylarında ona qarşı cinayət təqibinin açıldığı vaxtda baş vermiş hadisələrə aiddir. Bu hadisələr Konvensiyanın Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə mindiyi vaxtdan əvvəl baş verib. Buna görə, bu hadisələrə aid olduğu üçün həmin şikayətlər Məhkəməninratione temporis səlahiyyətindən kənardır.

77. Şikayətlərin 15 aprel 2002-ci ildən sonrakı müddətə təsadüf edən hissəsinə gəldikdə, Məhkəmə hesab edir ki, ərizəçi, Konvensiyanın istinad etdiyi müddəalarına əsasən onun hər hansı hüquq və azadlıqlarının pozuntusunu göstərən hər hansı dəlil və ya sübut təqdim etməyib.

78. Belə nəticəyə gəlinir ki, bu şikayətlər açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

79. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiyanın və onun Protokollarının müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun bu pozuntunun nəticələrinin yalnız qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

1. Maddi zərər

80. Ərizəçi maddi zərərə görə 10.000 avro (EUR) tələb etdi. O bunu polis tərəfindən döyülmə nəticəsində aldığı zədələrə görə gələcəkdə alacağı tibbi müalicənin dəyəri kimi qiymətləndirib.

81. Məhkəmə polis tərəfindən iddia olunan pis rəftara aid şikayətin Konvensiyanın müddəaları ilə ratione temporis uyğun olmadığına dair qənaətinə istinad edir. Buna görə, bununla bağlı hər hansı kompensasiya ödənilə bilməz.

2. Mənəvi zərər

82. Ərizəçi araşdırmanın əsassız davamiyyəti və başqa hüquqların iddia olunan pozuntuları nəticəsində aldığı mənəvi zərərə aid 150.000 EUR tələb edib.

83. Hökumət iddia edib ki, bu tələb həddən artıq və əsassız olub.

84. Hazırkı işdə cinayət araşdırmalarının “ağlabatan müddət” tələbinə cavab vermədiyi və ərizəçinin hərəkət etmək azadlığının hüquqi əsas olmadan məhdudlaşdırıldığı barədə qənaəti nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin aldığı zərər yalnız pozuntunun müəyyən olunması ilə kompensasiya edilə bilməz. Buna baxmayaraq, tələb olunan məbləğ həddən artıqdır. Bərabər əsasla qiymətləndirməni edərək, Məhkəmə bu məbləğə hesablana bilən hər hansı vergi məbləği üstünə gəlməklə, mənəvi zərərə görə ərizəçiyə 1.500 EUR ödənilməsini qərara alır.

B. Xərc və məsrəflər

85. Ərizəçi xərc və məsrəflərlə bağlı hər hansı tələb təqdim etməyib. Buna görə, bununla bağlı hər hansı kompensasiya ödənilə bilməz.

C. Faiz dərəcəsi

86. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.

BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Cinayət araşdırmalarının davamiyyətinə və ərizəçinin hərəkət etmək azadlığının məhdudlaşdırılmasına aid şikayətləri məqbul və şikayətin qalan hissəsini qeyri-məqbul elan edir;

2. Qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;

3. Qərara alır ki, Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi pozulub;

4. Qərara alır ki,

(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində mənəvi zərərə görə Dövlət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq yeni Azərbaycan manatı ilə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla 1.500 EUR (min beş yüz avro) ödənilsin;

(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;

5. Ədalətli kompensasiyaya aid ərizəçinin qalan tələbini rədd edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq qərar barədə məlumat yazılı şəkildə 10 iyul 2008-ci ildə göndərilib.

Andre Uampaş                                  Xristos Rozakis
Katibin müavini                                                   Sədr