№14962/15 RASİM İSAQOV AZƏRBAYCANA QARŞI – 27 mart 2023-cü il

 

27 mart 2023-cü il tarixində dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi 14962/15

Rasim İSAQOV Azərbaycana qarşı

16 mart 2015-ci ildə daxil olub

10 mart 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏM İŞİNİN MÖVZUSU

Ərizə vərəqələr yayması səbəbindən ərizəçinin həbsi və inzibati qaydada məhkum edilməsi ilə bağlıdır.

Ərizəçi 22 dekabr 2014-cü il tarixdə saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 39.1-ci (seçkiqabağı və ya referendum üzrə təşviqatın aparılması qaydalarını pozma), 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisin qanuni göstərişə tabe olmama) maddələrinə əsasən, beş sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Rəsmi məlumatlara görə, ərizəçi bələdiyyə seçkilərinə bir gün qalmış “Hara gedirik?” yazılmış vərəqələr paylayırmış, o, polis əməkdaşlarının vərəqələrin paylanmasını dayandırması tələbinə tabe olmayıb, xüsusi olaraq kimlərəsə xitab etmədən ucadan ünvansız söyüş söyməyə başlayıb.

Ərizəçi daxili məhkəmələr qarşısında iddia edib ki, onun payladığı vərəqlərdə seçkiqabağı təşviqatla bağlı heç bir məzmun olmayıb, söyüş söyməyib, polisə tabe olmamaq istiqamətində hər hansı hərəkət etməyib.
Ərizəçi Konvensiyanın 5.1-ci və 10-cu maddələrinə əsasən şikayət edir ki, onun həbsi və məhkum edilməsi qanunsuz olub və seçkiqabağı təşviqat məzmunu daşımayan vərəqələrə görə mühakimə olunduğu üçün ifadə azadlığı hüququ pozulub.

Ərizəçi həmçinin 6-cı maddənin 1 və 3-cü (b), (c), (d) bəndlərinə söykənərək, ona qarşı aparılan daxili icraatın ədalətsiz olmasından (müdafiəsini hazırlamağa lazımi vaxt və şərait yaradılmaması, yerli məhkəmələrin vərəqələrin məzmununu təhlil etməməsi, ətrafdakı şəxsləri şahid qismində çağırılıb dindirilməməsi, yerli məhkəmələrin öz qərarlarını adekvat şəkildə əsaslandırmaması) şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi azadlıqdan Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla məhrum edilibmi? Ərizəçinin həbsinə “qanunla müəyyən edilmiş prosedura uyğun olaraq” qərar verilibmi?

2. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq ona qarşı irəli sürülən ittihamların müəyyən edilməsində ədalətli məhkəmə dinləməsi imkanına sahib olubmu? Xüsusilə, ərizəçiyə müdafiəsini hazırlamaq üçün adekvat vaxt və imkanlar, effektiv hüquqi yardım vasitəsilə özünü müdafiə etmək imkanı verilibmi? Ərizəçinin əsaslandırılmış qərar qəbul etmək hüququna hörmət edilibmi?

3. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin işığında ərizəçinin ifadə azadlığına, xüsusən də onun məlumat və ideyalar yaymaq hüququna müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?