№10952/17 XƏDİCƏ İSMAYILOVA AZƏRBAYCANA QARŞI – 5 İYUN 2023-CÜ İL

 

5 iyun 2023-cü il tarixdə dərc edilib

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 10952/17

Xədicə İSMAYILOVA Azərbaycana qarşı

28 yanvar 2017-ci il tarixdə təqdim edilib
15 may 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Məhkəmə işi araşdırmaçı jurnalist olan ərizəçiyə qarşı 2011-ci ildə Facebook-da yaydığı böhtan məzmunlu olduğu iddia edilən paylaşıma görə onun məsuliyyətə cəlb edilməsi ilə nəticələnən cinayət işi ilə bağlıdır.

28 iyun 2016-cı il tarixli yekun qərarı ilə (ərizəçiyə 28 iyul 2016-cı il tarixdə bildirilib) Ali Məhkəmə birinci instansiya məhkəməsinin ərizəçini Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) maddəsi ilə məhkum edən hökmünü qüvvədə saxlayıb. Məhkəmə, E.H.-nin başlatdığı xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən ərizəçinin üzərinə 2500 Azərbaycan manatı (həmin vaxta yaxın 1500 avro) məbləğində cərimə ödəmək vəzifəsi qoyan hökm çıxarıb. Yerli məhkəmələr qərarlarında göstəriblər ki, ərizəçi,sonradan silindiyi iddia edilən paylaşımında xüsusi ittihamçını 1992-ci ildə baş vermis zorlama cinayətində ttiham etməklə ona böhtan atıb.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3(d) bəndlərinə və Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq qəbuledilməz sübutlar əsasında mühakimə və məhkum olunmasından və konkret şahidin dindirilməsi üçün verdiyi vəsatətlərin rədd edilmsindən və yerli məhkəmələrin qərarlarının onun ifadə azadlığı hüququnu pozmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü (d) bəndlərinə uyğun olaraq ona qarşı irəli sürülən cinayət ittihamlarının müəyyən edilməsi zamanı açıq və ədalətli məhkəmə dinləmələri imkanına malik idimi? Xüsusilə, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə riayət olunubmu? Ərizəçiyə ona qarşı olan sübutlara etiraz etmək və konkret şahidin dindirilməsi üçün adekvat imkan yaradılıbmı?

2. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olubmu? Əgər belədirsə, qanunla nəzərdə tutulmuş müdaxilə 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi? Ərizəçiyə qarşı tətbiq edilən sanksiya qarşıya qoyulan məqsədlərə mütənasib olubmu?

3. Tərəflərdən məhkəmə iclaslarının stenoqramları və ərizəçi tərəfindən dərc edilmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olan mübahisəli mətnin ingilis və ya fransız dilinə tərcüməsi də daxil olmaqla, öz cavablarını və təqdimatlarını təsdiq edən sənədli sübutları təqdim etmələri xahiş olunur.