YENİ © tərcümə – aihmaz.org – yüklə_Xalid Bağırov Azərbaycana qarşı
BİRİNCİ BÖLMƏ
XALİD BAĞIROV AZƏRBAYCANA QARŞI
(Ərizə № 81024/12 və 28198/15)
QƏRAR
STRASBURQ
25 iyun 2020
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallar əsasında qəti qüvvəyə minəcək. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.
Bağırov Azərbaycana qarşı (№3),
Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Şöbə) Palatasının iclası ibarətdir:
Síofra O’Leary, Prezident,
Gabriele Kuçsko-Stadlmayer,
Yonko Grozev
Mārtiņš Mits,
Yonko Qrozev,
Lәtif Hüseynov,
Lado Chanturia,
Angelika Nußberger, hakimlər,
və Victor Soloveytchik, İclas Katibi,
Məhkəmə işi 2 iyun 2014-cü il tarixində xüsusi müşavirə keçirilərək,
Həmin tarixdə bu qərarı qəbul edir:
1 PROSEDUR
1. Məhkəmə işi 15 oktyabr 2015-ci il tarixində Azərbaycan vətəndaşı, cənab Xalid Zakir oğlu Bağırov (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasını məhkəməyə verdiyi iki ərizə nəticəsində başlayıb.
2. Azərbaycanda vəkil olan cənab İ.Əliyev və Londonda fəaliyyət göstərən vəkillər xanım R. Remezaite, K. Levine və cənab P. Leich Ərizəçini 81024/12 nömrəli işdə təmsil etdilər. Londonda fəaliyyət göstərən vəkillər xanım R. Remezaite, K. Levine və J. Evans, Ərizəçini 28198/15 Nömrəli işdə təmsil etdilər. Azərbaycan Hökumətini onların nümayəndəsi cənab Ç. Əsgərov təmsil etdi.
3. Ərizəçi, ifadə azadlığı və şəxsi həyata hörmət etmək hüquqlarının pozulduğunu iddia etdi. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası (bundan sonra “ARVK”) onu bir il müddətinə vəkilliklə məşğul olmasını qadağan etdi və sonradan onun polis vəhşiliyi və ölkədə məhkəmə sisteminin fəaliyyətinə dair verdiyi ifadələrə görə kollegiyadan xaric elədi. Ərizəçi 28198/15 nömrəli ərizəsində onun Konvensiyonal hüquqlarının Konvensiyada göstərilməmiş başqa məqsədlər üçün məhdudlaşdırılmasından şikayət etdi.
4. 6 iyul 2015-ci il və 24 iyun 2016-cı il tarixlərində Hökumətə ərizəçinin şəxsi həyatına hörmət hüququnun (Konvensiyanın 8-ci maddəsi) və ifadə azadlığının (Konvensiyanın 10-cu maddəsi) pozulmasına dair iki şikayət barədə və eləcə də, Konvensiyanın 8 və 10-cu maddələri ilə birgə Konvensiyanın 18-ci maddəsinin pozulmasına dair 28198/15 nömrəli ərizə barədə bildiriş verildi; ərizələrin qalan hissəsi Məhkəmə Qaydalarının 54-cü Qaydasının 3-cü bəndinə əsasən qəbuledilməz elan edildi. 28198/15 nörmrəli ərizənin Məhkəmə Qaydalarının 41-ci Qaydasına əsasən prioritet qaydada baxılması ilə bğalı qərar qəbul edildi. Bundan əlavə, Avropa Şurası İnsan Hüquqları üzrə Komissarlığı üçüncü tərəf kimi Məhkəmə prosesinə qoşulmaq hüququndan istifadə edərək, 28198/15 nörməli ərizəsi ilə bağlı yazılı rəyini təqdim etdi (Konvensiyanın 36-cı maddəsinin 3-cü bəndi və Məhkəmə Qaydalarının 44-cü maddəsinin 2-ci bəndi). Beynəlxalq Hüquqşünaslar Komissiyasına, üçüncü tərəf kimi hər iki ərizə ilə əlaqədar prosesə müdaxilə etmək hüququ verildikdən sonra onların təqdimatları da qəbul edildi (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Qaydaların 44-cü maddəsinin 3-cü bəndi).
2 FAKTLAR
I. İŞIN HALLARI
5. Ərizəçi 1976-cı ildə anadan olub və Bakıda yaşayır.
6. Ərizəçi aşağıda təsvir olunan hadisələr zamanı ARVK-nın üzvü idi və vəkilliklə məşğul idi. Bakıdakı 6 nömrəli Hüquq Bürosuna bağlı idi. Ərizəçi insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış və Məhkəmədə 100-dən çox işdə təmsilçi olmuşdu.
A. Ərizəçinin hüquq praktikasından kənarlaşdırılması (Ərizə № 81024/12)
1. Polis nəzarətində şübhəli ölüm barədə ərizəçinin şərhləri
7. 12-13 yanvar 2011-ci il tarixində gecə saatlarında tutulan E.A. ertəsi gün polis nəzarətində ölü tapılıb.
8. E.A.-nın ölümü mediada geniş işıqlandırıldı və bədənində pis rəftarın izləri olan bir fotoşəkili də mediada yayımlandı.
9. 25 yanvar 2011-ci ildə E.A.-nın anası (R.R.) mətbuat konfransı keçirərək, oğlunun polis tərəfindən öldürüldüyünü bildirdi. O, hüquq mühafizə orqanlarının oğlunun polis nəzarətində ölümü ilə bağlı istintaq işini apara bilməməsindən də şikayətləndi.
10. 28 Fevral 2011-ci ildə ərizəçi vəkillərin qarşılaşdıqları problemlərə həsr olunmuş iclasda iştirak etdi. Azərbaycanda hüquq peşəsinin problemləri ilə bağlı düşüncələrini bölüşəndə belə bir fikir ifadə etdi:
“Bu yaxınlarda, E.A. polis nəzarətində öldürüləndə, Elçin [başqa bir vəkil] və mən vəkil mantiyamızın üzərinə “Biz ölüləri müdafiə edə bilmərik” cümlənsini yazıb etiraz aksiyası keçirmək istədik. Təəssüf ki, bu etiraza qoşulacaq başqa vəkil tapa bilmədik … Bu da bizim mövzumuzdur. Əslində, [onlar] tutulanları sağ saxlamalıdırlar ki, biz onları müdafiə edə bilək. Onlar tutulduğu andan vəkilə ehtiyacı olsa da, əvəzində onlara zopa verilir ”.
11. 1 Mart 2011-ci ildə “Bizim Yol” qəzetində “Tutulanlara vəkil yox, zopa lazımdır” adlı məqalə dərc olundu. Məqalədə ərizəçinin E.A.-nı polis nəzarətində öldürməsi və polis vəhşiliyinə qarşı etiraz aksiyası təşkil etmək istəyi ilə bağlı fikirlərinə toxunuldu.
12. 7 Mart 2011-ci ildə R.R. ərizəçiyə E.A.-nın ölümü ilə bağlı məhkəmə prosesində onun hüquqlarını müdafiə etməyi tapşırdı və aralarında müqavilə bağlandı. Eyni tarixə aid 013912 nömrəli orderdə, R.R.-nin ərizəçi tərəfindən təmsil olunduğu təsdiq edildi.
13. İşin materiallarından görünür ki, Nizami Rayon Prokuroru 7 noyabr 2013-cü il tarixli bir məktubla ərizəçiyə məlumat verib ki, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə E.A-ya cinayət işi açılıb. Cinayət işinin açılmasına səbəb E.A-nın 13 yanvar 2011-ci ildə tutularkən etdiyi hərəkətlərlə əlaqədar olub, ancaq 1 Avqust 2011-ci ildə Cinayət Prosesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda) istintaq dayandırılıb. İş materiallarında polisin nəzarətində olan E.A-nın ölümü ilə əlaqədar aparılan istintaq barədə isə məlumat yoxdur.
2. Ərizəçiyə qarşı qaldırılmış cinayət işi
14. 18 Mart 2011-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi (R.A.) Yasamal Rayon Məhkəməsində ərizəçinin böhtan atması ilə bağlı cinayət işi qaldırdı.
15. 15 aprel 2011-ci il tarixində Yasamal Rayon Məhkəməsi ərizəçinin R.A. haqqında heç bir böhtan xarakterli rəy vermədiyini və sonuncunun zərərçəkmiş şəxs qismində tanına bilməyəcəyini əsas gətirərək cinayət işi açmaqdan imtina etdi.
3. Ərizəçi barəsində başlanmış intizam icraatı
16. 27 aprel 2011-ci ildə R.A. ARVK-a ərizəçinin intizam məsuliyyətinə cəlb olunmasını ilə bağlı məktub göndərdi. O iddia etdi ki, ərizəçi E.A.-nın polis tərəfindən öldürülməsi, işgəncə və pis rəftara və digər qanunazidd hərəkətlərlə məruz qalması ilə bağlı əlində heç bir sübut olmasa da polisə böhtan atıb.
17. 16 iyun 2011-ci il tarixində ARVK İntizam Komissiyası rəyini açıqlayaraq, ərizəçiyə qarşı verilən şikayəti Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinə (bundan sonra “Rəyasət Heyəti”) göndərməyə qərar verdi. Rəyin mətninə əsasən, ərizəçi İntizam Komissiyası qarşısında çıxışında bildirib ki, o yalnız E.A.-nın ailəsinin mövqeyini ifadə edib. E.A-nın ailəsi isə onun polis tərəfindən öldürülməsinə inanırdı. Ərizəçi Yasamal Rayon Məhkəməsinin 15 aprel 2011-ci il tarixli qərarına da istinad edərək, R.A-a haqqında heç bir açıqlama vermədiyi üçün R.A-nın ona qarşı hər hansı bir şikayət verə bilməyəcəyini bildirdi.
18. 24 Avqust 2011-ci il tarixdə Rəyasət Heyəti iclas keçirərək şikayətə baxdı və ərizəçinin bir il müddətinə vəkillik praktikasından məhrum edilməsi barədə qərar qəbul etdi. Ərizəçinin vəkil sirri təşkil edən məxfi məlumatları açıqladığı üçün “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun müddəalarına əməl etmədiyi qənaətinə gəldi. Qərarın müvafiq hissəsi deyilir:
“Əslində, “Vəkillər və Vəkillik Fəaliyyəti haqqında ”qanunun 17.1-ci maddəsinə əsasən vəkilin peşə fəaliyyətini həyata keçirərkən əldə etdiyi bütün məlumatlar vəkil sirrinin altına düşür. Eyni maddənin 4-cü bəndinə əsasən, vəkil ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır. Lakin vəkil Xalid Bağırov 28 fevral 2011-ci ildə keçirilmiş vəkillərin işçi qrupunun iclasında, prosedur qaydasına uyğun xüsusi araşdırma tələb olunan məlumatları qanunla müəyyən edilmiş qaydada müvafiq səlahiyyətli orqanlara təqdim etmək əvəzinə, heç bir rəsmi sübuta və ya etibarlı mənbəyə əsaslanmadan hüquq-mühafizə orqanları tərəfindən həbs olunanların dəhşətli işgəncələr nəticəsində öldüyünü, təqsirləndirilən şəxslərin polis nəzarətində vəkillə təmin olunmadığını, şübhəli və təqsirləndirilən şəxslərin zopa ilə döyüldüyünü və 5 saylı Nizami Polis bölməsində şübhəli şəxs olaraq saxlanılan E.A-nın da döyülmə nəticəsində həyatını itirdiyini bildirib. O [ərizəçi] “Tutulanlara vəkil yox, zopa lazımdır” adlı etiraz aksiyalarının keçirilməsini təklif edib və “bu vəziyyətdə zorakılığın müəyyən dərəcədə qarşısını almaq olar” kimi ifadələri istifadə edərək polis işçilərinin nüfuzuna və ləyaqətinə xələl gətirib. Bizim Yol qəzetinin əməkdaşı H.Z. bu ifadələri qəzetin 1 mart 2011-ci il tarixli 5-ci səhifəsində dərc olunan ” Tutulanlara vəkil yox, zopa lazımdır ” başlığı və “vəkil Xalid Bağırov bu şüarla etiraz aksiyaları keçirməyi təklif edir ” altbaşlığı altında yayaraq polis orqanlarını etibardan salıb. Buradan belə çıxır ki, o [ərizəçi] “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 14, 16-cı maddənin 1-ci və 2-ci bəndləri və 17-ci maddəsinin 1-ci və 4-cü bəndlərinin tələblərini pozmuşdur”.
19. Müəyyən edilməmiş bir tarixdə ərizəçi Rəyasət Heyətinin 24 avqust 2011-ci il tarixli qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət verdi. O, mübahisə edilən qərarın, onun Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığı hüququna qanunsuz müdaxilə olduğunu iddia etdi. Daha sonra o, vəkil sirrinə aid hər hansı bir məxfi məlumatı açıqlamadığını vurğuladı, çünki E.A-nın polis tərəfindən öldürülməsi ilə bağlı iddia artıq R.R tərəfindən 25 yanvar 2011-ci il tarixində, yəni onunla R.R arasında 7 mart 2011-ci il tarixi müqavilə bağlanmazdan əvvəl mətbuat konfransında irəli sürülmüşdü. Hər halda, R.R heç vaxt vəkil sirrinin onun tərəfindən pozulmasından şikayət etməmişdi.
20. 3 noyabr 2011-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi Rəyasət Heyətinin 24 avqust 2011-ci il tarixli qərarının qanuni və əsaslı olduğu qənaətinə gələrək ərizəçinin iddiasını rədd etdi. Birinci instansiya məhkəməsi qərarında ərizəçinin ifadə azadlığı hüququnun pozulmasına dair şikayətindən bəhs etməyib. Qərarın müvafiq hissəsi deyilir:
“Məlum oldu ki, məhkəmə iclasında iddiaçı vəkil qismində çıxış edən Xalid Bağırovun 28 fevral 2011-ci ildə keçirilmiş vəkillərin işçi qrupunun iclasında, heç bir rəsmi dəlil və ya etibarlı mənbəyə istinad etmədən, hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş insanların saxlanıldığı yerlərdə dəhşətli işgəncələr nəticəsində öldüyünü bildirdi. Şübhəli bilinən şəxslərin polis nəzarətində olarkən vəkil ilə təmin olunmadığını, şübhəli bilinən və təqsirləndirilən şəxslərin çubuqlarla döyüldüyünü və 25 saylı Nizami Rayon Polis Bölməsi tərəfindən tutulan E.A.-nın da döyülmə nəticəsində öldüyünü qeyd etdi. O [ərizəçi] “Tutulanlara vəkilə yox, zopaya ehtiyacı var” adlı etiraz aksiyalarının keçirilməsini təklif edib və “bu halda zorakılığın qarşısını müəyyən dərəcə almaq olar” kimi ifadələri istifadə edərək polis işçilərinin nüfuzuna və ləyaqətinə xələl gətirib. Bizim Yol qəzetinin əməkdaşı H.Z. bu ifadələri qəzetin 1 mart 2011-ci il tarixli 5-ci səhifəsində dərc olunan ” Tutulanlara vəkil yox, zopa lazımdır ” başlığı və “vəkil Xalid Bağırov bu şüarla etiraz aksiyaları keçirməyi təklif edir ” altbaşlığı altında nəşr edib. Eyni zamanda, iddiaçı Xalid Bağırov belə bir açıqlama verdiyini və bu məlumatı R.R. [E.A.-nın anasından] əldə etdiyini etiraf etsə də, məhkəmə hesab edir ki, iddiaçı Xalid Bağırov peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə etdiyi məlumatların məxfiliyini bir vəkil kimi qorumalı idi, lakin o bunu etməmiş və ya məlumatı araşdırmaq üçün müvafiq səlahiyyətli orqana təqdim etməmişdir.”
21. 19 Noyabr 2011-ci ildə ərizəçi, əvvəlki şikayətlərini təkrarlayaraq, vəkil praktikasından kənarlaşdırılmasının Konvensiyanın 8-ci və 10-cu maddələri ilə qorunan hüquqlarını pozulduğunu iddia edərək bu qərardan şikayət verib.
22. 11 yanvar 2012-ci ildə Bakı Apelyasiya Məhkəməsi şikayəti rədd etdi. Apellyasiya Məhkəməsi Rəyasət Heyətinin 24 avqust 2011-ci il tarixli qərarının qanuni və əsaslı olduğunu bildirdi. Ərizəçinin, R.R-nin əvvəllər mediada bənzər bir bəyanat ilə çıxış etməsini və ərizəçinin R.R-nin vəkili olmadığı zaman onun bu ifadələrini təkrarladığını məhkəmə də qeyd etsə də, məhkəmə müəyyən etdi ki, ərizəçi peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əldə edilmiş məlumatların məxfiliyini qorumalı idi. Ancaq o bunu etməyib və ya məlumatı araşdırmaq üçün müvafiq səlahiyyətli orqana təqdim etməyib. Apellyasiya məhkəməsinin qərarında ərizəçinin ifadə azadlığı hüququnun pozulmasına dair xüsusi şikayətindən bəhs edilməyib.
23. 11 may 2012-ci ildə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladı. 11 iyun 2012-ci ildə ərizəçiyə Ali Məhkəmənin qərarının surəti təqdim edilib.
B. Ərizəçinin vəkillikdən xaric olunması (ərizə № 28198/15)
1. Məhkəmə iclasında ərizəçinin şərhləri
24. 2014-cü ilin avqust və sentyabr aylarında Şəki Apelyasiya Məhkəməsində gedən cinayət işi prosesində ərizəçi cənab İlqar Məmmədovu təmsil edən iki vəkildən biri idi. İlqar Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ölkədaxili məhkəmə prosesi İlqar Məmmədov Azərbaycana qarşı (2 №) işində (№ 919/15, 16 noyabr 2017) Məhkəmə qərarının predmeti olub.
25. 25 sentyabr 2014-cü il tarixində Şəki Apelyasiya Məhkəməsinin hakimi M.H, ərizəçinin 2014-cü ilin sentyabr ayında Şəki Apelyasiya Məhkəməsində cənab İlqar Məmmədovun cinayət işinin iclasları zamanı işlətdiyi ifadələrə görə ərizəçiyə qarşı intizam icraatını başladılması üçün ARVK-na məktub göndərdi. Xüsusilə, M.H. qeyd etdi ki, 2014-cü ilin sentyabr ayında keçirilmiş məhkəmə iclaslarının birində ərizəçi məhkəmə sistemi və cənab İlqar Məmmədovun işində iştirak etmiş birinci instansiya məhkəməsinin hakimi haqqında aşağıdakı fikirləri səsləndirib: “Belə dövlətdə belə də məhkəmə olacaq … Azərbaycanda ədalət olsaydı, hakim R.H. ədalətsiz və qərəzli hökm çıxarmazdı, nə də onun kimisi hakim işləməzdi”.
2. Ərizəçiyə qarşı intiazm icraatının başladılması
26. 19 Noyabr 2014-cü ildə ARVK-nın İntizam Komissiyası rəy verərək ərizəçiyə qarşı verilmiş şikayəti Rəyasət Heyətinə göndərməyi qərara aldı. İş materialındakı sənədlərdən görünür ki, ərizəçi intizam icraatı çərçivəsində yazılı izahat verib. O, “Belə dövlətdə belə də məhkəmə olacaq” ifadəsini istifadə etdiyini xatırlamadığını bildirdi. Bununla birlikdə, o, qeyd olunan atmacanın “hər məhkəmə öz dövlətinin məhkəməsidir” ifadəsinin davamı olaraq söyləndiyi üçün bunu müdafiə tərəfinin məhkəmə sistemini qiymətləndirməsi hesab edir. Hakim R.H. haqqında ifadələrə gəlincə, o, birinci instansiya məhkəməsində işə baxan hakimin fəaliyyəti barədə rəyini bildirdiyini, müdafiəyə və ittiham tərəfinə fərqli yanaşdığını, bərabər standartları tətbiq etmədiyini, hakimin ədalətsiz və qərəzli qərar verdiyini vurğulayıb.
27. 10 dekabr 2014-cü ildə Rəyasət Heyəti ərizəçinin Şəki Apelyasiya Məhkəməsindəki məhkəmə iclasında işlətdiyi ifadələri nəzərə alaraq vəkillər üçün etik davranış qaydalarını pozduğunu bildirdi. Rəyasət Heyəti, Qanunun 22-ci maddəsinin 8-ci bəndinə əsaslanaraq, ərizəçinin vəkillikdən xarci edilməsi işini məhkəməyə göndərmək qərarına gəldi. Məhkəmə qərarına qədər ərizəçinin vəkil kimi fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdi. Qərarın müvafiq hissəsində deyilir:
“Məhkəmə iclasında vəkil Xalid Bağırovun verdiyi “Belə dövlətdə belə də məhkəmə olacaq … Azərbaycanda ədalət olsaydı, hakim R.H. ədalətsiz və qərəzli hökm çıxarmazdı, nə də onun kimisi hakim işləməzdi” ifadəsinə gəldikdə, Rəyasət Heyəti hesab edir ki, vəkil Xalid Bağırov məhkəmə iclasında bu ifadələrdən istifadə edərək bütövlükdə dövlətə və dövlətçiliyimizə, hakimin nüfuzuna, həmçinin hakimi seçən və təyin edən qanunverici və icra hakimiyyətlərinə hörmətsizlik nümayiş etdirmişdir. Onun bu davranışı vəkil etikasının kobud şəkildə pozulması və hüquq peşəsinin nüfuzuna hörmətsizlik kimi qiymətləndirilməlidir.
Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 6.1-ci maddəsinə uyğun olaraq vəkil peşə fəaliyyətini həyata keçirərkən hüquq peşəsinin nüfuzuna xələl gətirə biləcək davranışdan çəkinməlidir.
Eyni Əsasnamənin 4.2-ci maddəsinə uyğun olaraq, peşə fəaliyyətini həyata keçirən vəkil hər kəs üçün vicdan nümunəsi olmalıdır.
Əsasnamənin tələblərində göstərildiyi kimi, vəkil hər kəs üçün nümunə olacaq şəkildə öz vəzifələrini icra etməlidir.
Bununla belə, vəkil Xalid Bağırov məhkəmə iclasında çıxış edərəkən “Belə dövlətdə belə də məhkəmə olacaq” ifadəsini işlətməklə təkcə Azərbaycan məhkəmə sisteminə deyil, ən əsası hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs olan dövlətə və dövlətçiliyimizə kölgə salıb. Xalid Bağırovun vəkil kimi dövlətimizə və dövlətçiliyimizə şübhəli yanaşması, vətəndaş vicdanlılığına zidd bir hərəkət kimi başqalarına pis bir nümunə təşkil edib. Üstəlik, “Azərbaycanda ədalət olsaydı, hakim R.H. ədalətsiz və qərəzli hökm çıxarmazdı, nə də onun kimisi hakim işləməzdi” ifadəsi ilə vəkil Xalid Bağırov ümumilikdə Azərbaycan Ədalət Mühakiməsinin nüfuzuna xələl gətirib.”
28. 18 dekabr 2014-cü ildə Rəyasət Heyəti Nizami Rayon Məhkəməsinə ərizəçinin vəkillikdən xaric edilməsi üçün müraciət etdi.
29. 10 iyul 2015-ci ildə Nizami Rayon Məhkəməsi mahiyyəti üzrə qərar qəbul etdi və ərizəçinin vəkillikdən xaric edilməsi göstərişi verdi. Məhkəmə qərara gəldi ki, ərizəçi Şəki Apelyasiya Məhkəməsinin iclaslarında hakimə, məhkəmə sisteminə və xüsusən dövlət orqanlarına və ölkənin dövlətçiliyinə hörmətsiz ifadələr işlətdiyinə görə vəkillərin davranış qaydalarına əməl etməyib. Ərizəçinin vəkillikdən xaric edilməsinin hüquqi əsasına gəldikdə, məhkəmə qərara gəldi ki, ölkədaxili qanunvericiliyin vəkillikdən xaric edilmə ilə bağlı əsasları göstərməməsi vəkillərin Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş intizam tədbirlərinə məruz qalmayacağı anlamına gəlmir. Məhkəmə daha sonra müəyyən etdi ki, Konvensiyanın 10-cu maddəsinə əsasən ərizəçinin hüququna müdaxilə edilməsi əsaslıdır. Qərarın Konvensiyanın 10-cu maddəsinə aid hissəsində deyilir:
“Məhkəmə, eyni zamanda, Avropa Konvensiyasının 10-cu maddəsi ilə qorunan hüquqlarına müdaxilə əlaqədar qeydlərini bölüşür. Müdafiə tərəfi öz etirazında həmin maddənin birinci bəndinə əsasən hər kəsin ifadə azadlğı hüququnun olduğunu iddia edir. Göstərilən Konvensiyanın 10-cu maddəsinin ikinci abzası həmin azadlıqların məhdudlaşdırılması və onlara müdaxilə üçün əsasları da müəyyən edir. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Məhkəmə qeyd edir ki, hər hansı bir hüquq kimi, ifadə azadlığı hüququ da mütləq deyil və ona müdaxilə mümkündür. Belə bir müdaxilə Azərbaycan Respublikasının Vəkillər və Vəkillik Fəaliyyəti haqqında Qanunun 22 (VIII) maddəsində nəzərdə tutulduğundan müdafiə olunan tərəfə münasibətdə qeyd olunan Konvensiyanın 10-cu maddəsi pozulmamışdır. Məhkəmə hesab edir ki, hər kəsin ifadə azadlığı hüququ ölkədaxili və beynəlxalq hüquqla təmin olunsa da, bu hüquqdan sui-istifadə edərək hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs olan dövlətimizə və dövlətçiliyimizə kölgə salmaq və məhkəmə sisteminin nüfuzuna xələl gətirmək tamamilə yolverilməzdir. Dövlətimizin qanunvericiliyi bu cür sui-istifadənin qarşısını alır.”
30. Qeyri-müəyyən bir tarixdə ərizəçi qərara etiraz edərək Konvensiyanın 8 və 10-cu maddələrində qorunan hüquqlarına əsassız müdaxilə olduğunu iddia edib. Konvensiyanın 18-ci maddəsinə əsaslanaraq, o, ölkədə insan hüquqlarının qorunmasında fəal iştirak etdiyinə görə vəkillikdən xaric olunduğunu iddia edib.
31. 11 sentyabr 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətini rədd etdi və Nizami Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli qərarını qüvvədə saxladı.
32. 26 oktyabr 2015-ci ildə ərizəçi əvvəlki şikayətlərini təkrarlayaraq kassasiya şikayəti verdi.
33. 12 yanvar 2016-cı ildə Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli qərarını qüvvədə saxladı.
C. Ərizəçinin vəkillikdən xaric edilməsinə ictimai reaksiya
34. Ərizəçinin vəkillikdən xaric edilməsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ictimaiyyətin və medianın diqqətini cəlb etdi. Bir sıra yerli və beynəlxalq QHT-lər ərizəçinin vəkillikdən xaric edilməsini pisləyib.
35. 10 dekabr 2014-cü il tarixində Avropa Şurası Parlament Assambleyasının Prezidenti Rəyasət Heyətinin 10 dekabr 2014-cü il tarixli qərarı ilə bağlı bildirdi ki, “Azərbaycanda hüquq müdafiəçilərinin artan hədə-qorxusu fonunda vətəndaş cəmiyyətini müdafiə edən müstəqil vəkillərə bu qədər açıq təzyiq qəbuledilməzdir ”.
36. 22 sentyabr 2016-cı ildə, Azərbaycana etdiyi səfərdən sonra BMT-nin İnsan Hüquqları Müdafiəçilərinin Vəziyyəti üzrə Xüsusi Məruzəçisi Mişel Forst, missiyasının sonunda ərizəçinin vəkillikdən xaric edilməsi işinə istinad edərək, onun əsassız şəkildə vəkillikdən xaric edildiyini qeyd etdi. İnsan hüquqları üzrə vəkillərin vəziyyətinə gəldikdə, BMT-nin Xüsusi Məruzəçisi bildirib ki, “insan hüquqları üzrə vəkillərin vəkillikdən xaric edilməsi, cinayət təqibləri, axtarışlar və əmlaklarının dondurulması ölkədə insan hüquqları müdafiəçilərinin məruz qaldıqları daha geniş təzyiqin bir hissəsidir”. O həmçinin bildirdi ki, “Vəkillər Kollegiyasının üzvü olan vəkillər üçün intizam cəzaları onlardan insan hüquqları müdafiəsinə və peşə fəaliyyətlərinə görə qisas almaq üçün əsas vasitələrdən birinə çevrilib”.
II. MÜVAFIQ YERLI QANUN
A. Azərbaycan Respublikasının Konistitusiyası
37. Konistitusiyanın 47-ci maddəsinin birinci bəndində deyilir:
“Hər kəsin fikir və söz azadlığı vardır.”
B. Vəkillik və vəkillik fəaliyyəti haqqında 28 dekabr 1999-ci il Qanunu (bundan sonra “Qanun”)
38. Qanunun qüvvədə olduğu müddətdə müvafiq hissəsi aşağıdakı kimi olub:
Maddə 14. Vəkilin andı
I. Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir:
“Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm”.
…
Maddə 16 Vəkilin vəzifələri
I. Peşə fəaliyyətini həyata keçirərkən vəkil:
qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir;
vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir;
…
Maddə 17 Vəkil sirri
I. Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir.
II. Peşə vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaqın sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız prokurorun və yaxud müstəntiqin icazəsi ilə ola bilər.
III. İbtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında təqsirli olan vəkillər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
IV. Müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq vəkilə məlum olmuş hallar barədə o, şahid kimi çağırıla və dindirilə bilməz. Vəkil göstərilən hallar barədə izahat verməməli və ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır.
…
Maddə 21. Vəkillərin İntizam Komissiyası
I. Vəkillər tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır.
…
Maddə 22. Vəkillərin intizam məsuliyyəti
I. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun müddəalarına və digər qanunvericlik aktlarına, vəkillərin davranış qaydaları haqqında Əsasnaməyə və vəkil etikası normalarına zidd hərəkət edilməsində təqsiri aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir.
…
VI. Vəkilər Kollegiyasının Rəyasət Heyəti intizam komissiyasının rəyi əsasında vəkilə qarşı aşağıdakı intizam tədbirləri tətbiq edə bilər:
irad tutma;
töhmət;
üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması
…
VIII. Vəkillər Kollegiyasından vəkilin xaric edilməsinə səbəb ola biləcək əsaslar olduqda (intizam komissiyasının rəyi əsasında) Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar üçün məhkəməyə müraciət edə bilər və məsələyə dair məhkəmə qərarı qüvvəyə minənə qədər vəkilin fəaliyyətini dayandıra bilər.”
III. MÜVAFIQ BEYNƏXALQ SƏNƏDLƏR
39. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə vəkillik peşəsini həyata keçirmək azadlığı ilə bağlı R (2000) 21-ci Tövsiyəsində (25 oktyabr 2000-ci ildə qəbul edilmişdir) deyilir:
“Nazirlər Komitəsi …
… Vəkillərin və vəkillərin peşə birliklərinin insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsinin təmin olunmasında oynadığı əsas rolu vurğulayaraq;
Hüququn aliliyinin təmin edilməsi üçün vəkillərin peşə fəaliyyətində azadlıqlarını gücləndirməyi, xüsusən də fərdi azadlıqların müdafiəsində vəkillik peşəsinin rolunu təşviq edir;
Hər hansı bir səbəbdən birbaşa və ya dolayı yolla uyğunsuz məhdudlaşdırma tətbiq etmədən, təsir və təzyiq göstərmədən, təhdid etmədən və ya müdaxilə etmədən vəkillərin peşə vəzifələrini yerinə yetirməsi üçün müstəqil olmasını təmin edən ədalət mühakiməsi sisteminin özünün ədalətli olması ehtiyacını nəzərə alaraq;
… Üzv dövlətlərin hökumətlərinə, bu Tövsiyədə göstərilən prinsiplərin həyata keçirilməsi üçün zəruri hesab etdikləri bütün tədbirləri görmək və gücləndirmək tövsiyə edir.
…
Prinsip I – Vəkil fəaliyyətini həyata keçirmək azadlığına dair ümumi prinsiplər
1. Vəkil peşəsinin ayrı-seçkilik olmadan və hakimiyyət və ya ictimaiyyət tərəfindən qeyri-qanuni müdaxilə olmadan, xüsusən Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq müddəaları nəzərə alınmaqla hörmət edilməsi, qorunması və təşviqi üçün bütün zəruri tədbirlər görülməlidir.
2. Vəkil kimi fəaliyyət göstərmək və ya bu peşəyə qoşulmaq icazəsi ilə bağlı qərarlar müstəqil qurum tərəfindən qəbul edilməlidir. Bu cür qərarlar, müstəqil bir qurum tərəfindən qəbul edilib edilməməsindən asılı olmayaraq, azad və qərəzsiz məhkəmə tərəfindən araşdırılmalıdır.
3. Vəkillər etiqad, ifadə, hərəkət, birləşmə və sərbəst toplaşmaq azadlığından istifadə etməlidirlər. Xüsusən də qanun və ədalət mühakiməsi ilə bağlı məsələlərlə bağlı ictimai müzakirələrdə iştirak etmək və qanunvericilik islahatları ilə bağlı təklif etmək hüququna sahib olmalıdırlar.
4. Vəkillər öz peşə standartlarına uyğun hərəkət edərkən hər hansı bir cəza və ya tənbeh ilə təhdid edilməməlidirlər.
…
Prinsip III – Vəkillərin rolu və vəzifəsi
1. Vəkil Kollegiyaları və ya digər hüquqşünasların peşə birlikləri peşəkar standartlar və davranış kodeksləri hazırlamalı və müştərilərin qanuni hüquq və mənafelərini müdafiə etməkdə vəkillərin müstəqil, səylə və ədalətli fəaliyyət göstərmələrini təmin etməlidirlər.
2. Peşə sirri daxili qanunlara, qaydalara və peşə standartlarına uyğun olaraq vəkillər tərəfindən hörmət edilməlidir. Bu sirrin hər hansı bir formada pozulması, müştərinin razılığı olmasa da, müvafiq cəzalara məruz qalmalıdır. … ”
40. Vəkillərin Rolu ilə bağlı Əsas Prinsiplər (Kubanın Havana şəhərində 27 avqust – 7 sentyabr 1990-cı il tarixlərində keçirilmiş Cinayətlərin arşısının alınması və cinayətkarlarla rəftara dair BMT-nin Səkkizinci Konqresi tərəfindən qəbul edilib) xüsusi olaraq qeyd edir ki:
“İxtisas və təlim
…
10. Hökumətlər, vəkillərin peşə birlikləri və təhsil müəssisələri, bir şəxsin hüquq peşəsi daxilində irqinə, rənginə, cinsinə, etnik mənşəyinə, dini inancına, siyasi və ya digər fikirlərinə, milli və ya sosial mənşəyinə, mülkiyyət vəziyyətinə, doğum yerinə, iqtisadi və ya digər statusuna görə, vəkilin müvafiq ölkənin vətəndaşı olması tələbini çıxmaq şərti ilə, ayrı-seçkiliyə məruz qalmamasını təmin etməlidirlər.
…
Vəzifə və öhdəçiliklər
16. Hökumət vəkillərin (a) bütün peşə fəaliyyətlərini hədə-qorxu, əngəl, təzyiq və ya müdaxilə olmadan həyata keçirə bilməsini təmin etməli; (b) həm öz ölkəsi daxilində, həm də xaricə sərbəst səyahət etməsini və müştəriləri ilə məsləhətləşə bilməsini təmin etməli; və (c) peşəsindən irəli gələn öhdəçiliyə, standartlara və etikaya uyğun davranışa görə cinayət məsuliyyətinə cəlb edilməməli və ya bununla təhdid edilməməli, inzibati, iqtisadi və ya digər sanksiyalara məruz qalmamlıdır
…
İfadə və birləşmə azadlığı
23. Digər vətəndaşlar kimi vəkillər də ifadə, etiqad, birləşmə və sərbəst toplaşmaq azadlığına malikdirlər. Xüsusilə, qanun, ədalət mühakiməsi və insan hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı məsələlərin ictimai müzakirəsində iştirak etmək, qanuni fəaliyyətinə və ya qanuni bir təşkilata üzvlüyünə görə peşə məhdudiyyətlərinə məruz qalmadan yerli, milli və ya beynəlxalq təşkilatlara qoşulmaq və ya yaratmaq və onların iclaslarında iştirak etmək hüququna malikdirlər. Bu hüquqlardan istifadə edərkən vəkillər özlərini həmişə qanuna və hüquq peşəsinin standartlarına və etikasına uyğun aparmalıdırlar. … ”
41. İnsan Hüquqları Şurasının Xüsusi Məruzəçisi Mónica Pinto hakim və vəkillərin müstəqilliyi ilə bağlı, BMT Baş Assambleyasına (2016, 71-ci sessiya) (A / 71/348) illik məruzəsindən (A / 71/348) müvafiq hissələrdə deyir:
“E. Etika, hesabatlılıq və intizam tədbirləri
…
96. Vəkilin peşəsindən, bəlkə də ömür boyu görəcəyi işdən, məhrum edilməsi – adətən lisenziyası əlindən alınaraq edilir – etik davranış kodeksinin və peşə standartlarının ən ciddi pozuntusu halında baş vurulan ən son tədbiridir. Bir çox ölkələrdə vəkillər tez-tez vəkillik fəaliyyətindən uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşirlər. Bu cür təhdidlər vəkilin müstəqilliyinə müdaxilə etmək, vəkilin peşə vəzifələrinin icrasına mane olmaq üçün qorxutmaq və ya vəkilin öz peşə vəzifələrini qanuni şəkildə həyata keçirə biləcəyi fəaliyyətə görə qisas almaq məqsədi ilə ola bilər. Xüsusi Məruzəçi, vəkillik fəaliyyətindən uzaqlaşdırmanın yalnız peşə davranış kodeksində göstərildiyi kimi ən ciddi pozuntu hallarında və yalnız təqsirləndirilən vəkilə bütün təminatları verən müstəqil və qərəzsiz bir qurumun qarşısında ədalətli prosesdurdan keçirildikdən sonra mümkün olacağını vurğulamaq istəyir. … ”
QANUN
I. ƏRİZƏYƏ QOŞULMA
42. Məhkəmə hesab edir ki, Məhkəmə Qaydalarının 42-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, ərizələrin oxşar faktiki və hüquqi əsasları nəzərə alınmaqla birləşdirilməlidir.
II. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA OLUNAN POZULMASI İLƏ BAĞLI
43. Ərizəçi bir il müddətinə vəkillik praktikasından kənarlaşdırılması və sonradan polis vəhşiliyi və ölkədəki məhkəmə sisteminin fəaliyyəti haqqında verdiyi ifadələr səbəbindən vəkillik fəaliyyətinə xitam verilməsinin Konvensiyanın 10-cu maddəsinə əsasən ifadə azadlığı hüququnu pozduğunu bildirdi. Konvensiyanın 10-cu maddəsində deyilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”
A. Qəbuledilənlik
44. Məhkəmə qeyd edir ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) bəndinə əsasən açıq-aşkar əsassız deyildir. Daha sonra qeyd edir ki, başqa səbəblərə görə də qəbuledilməz deyil. Buna görə də onlar qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Ərizəçinin vəkillik praktikasından kənarlaşdırılması
(a) Tərəflərin təqdimatları
(i) Ərizəçi
45. Ərizəçi bir il müddətinə vəkillik fəaliyyətinin dayandırlmasının onun ifadə azadlığı hüququnu pozduğunu bildirdi. Xüsusilə, o, ifadə azadlığı hüququna müdaxilənin qanunla nəzərdə tutulmadığını və heç bir qanuni məqsəd daşımadığını qeyd etdi. Ərizəçi vəkil sirrinə aid hər hansı bir məlumat açıqlamadığını bildirdi. E.A.-nın işgəncələr nəticəsində polis nəzarətində öldüyü ilə bağlı iddianı R.R. 25 yanvar 2011-ci ildə keçirdiyi mətbuat konfransında bildirmişdi və o, sadəcə bu ifadəyə istinad etmişdi. İstənilən bir halda, R.R ilə müqaviləni 7 Mart 2011-ci ildə bağladığından, 28 Fevral 2011-ci ildə müştərisindən alınan hər hansı bir məxfi məlumatın sahibi ola bilməzdi. Ərizəçi daha sonra qeyd etdi ki, Qanun qanunun keyfiyyət tələblərinə cavab vermir, çünki Qanunda vəkillərin intizam məsuliyyətinə dair bir sıra cəzalar nəzərdə tutulsa da, bu cəzaların hansı şəraitdə tətbiq olunacağını göstərməyib.
46. Məhkəmənin presedent hüququna əsaslanaraq ərizəçi daha sonra bildirdi ki, vəkillik fəaliyyətinin dayandırılması heç bir halda demokratik cəmiyyətdə zəruri və proporsional sayıla bilməz. O, polis zorakılığı ilə bağlı ümumi məsələnin Azərbaycanda ictimai maraq kəsb edən vacib bir mövzu olduğunu və bunun hələ də davam etdiyini qeyd etdi. Onun məqsədi polisin nüfuzuna xələl gətirmək yox, E.A.-nın polis nəzarətində zorakılıqla öldürülməsi hadisəsi nümunəsində bu məsələləri ictimaiyyətə çatdırmaq və bu cəzasızlığı aradan qaldırmaq üçün yeni metodlar təklif etmək idi. Buna görə ərizəçi qanuni və zorakı olmayan etiraz üsulu, paltar geyərək vəkillərin etiraz aksiyası keçirtməsini təklif edib. O, ölkədə polis vəhşiliyinə qarşı ümumi cəzasızlıq vəziyyətinin olduğunu da vurğulayaraq, E.A.-nın polis nəzarətində ölümü ilə əlaqədar heç kimin məsuliyyətə cəlb olunmadığını qeyd etdi. Bununla əlaqədar olaraq, ərizəçi yüksək vəzifəli məmurların Azərbaycanda polis işçilərinin cəzalandırılmayacağını qeyd edən müxtəlif ifadələrə də istinad etdi.
(ii) Hökumət
47. Hökumət ərizəçinin vəkillik fəaliyyətinin dayandırlımasının onun ifadə azadlığına müdaxilə olduğunu qəbul etdi. Hökumət hesab edir ki, bu müdaxilə Qanunun 22-ci maddəsi ilə nəzərdə tutulmuşdu və məxfi şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya məhkəmə orqanlarının səlahiyyətlərini və qərəzsizliyini qorumaq kimi legitim məqsəd daşıyırdı.
48. Demokratik cəmiyyətdə zəruriliyinə gəldikdə, Hökumət məhkəmə prosesləri kontekstində vəkilin ifadəsi ilə bu məhkəmə prosesinin kontekstindən kənarda verilən ifadə arasında fərq qoyulmalı olduğunu bildirdi. Ərizəçi müvəkkilinin oğlunun polis tərəfindən işgəncələr nəticəsində öldürüldüyünü iddia edərək şikayətlərini şişirdib. Bəyanat yalnız vəkillər toplantısında səsləndirlməyib, mətbuata da verilib. Ərizəçi mövcud və əlçatan müdafiə vasitələrdən istifadə etmədən və cinayət işi hələ davam edərkən bu açıqlama ilə çıxış edib. Hökumətin fikrincə, bu istintaq orqanlarına təzyiq göstərmək və ümumiyyətlə, məhkəmə sisteminin müstəqilliyinə xələl gətirmək cəhdi kimi qiymətləndirilə bilər.
49. Hökumət daha sonra bildirdi ki, ərizəçinin əvvəlcə Azərbaycanda ədalət mühakiməsini açıq şəkildə tənqid etməsi və sonradan şikayətlə bağlı hüquqi vasitədən istifadəsi, vəkillərin məhkəmə orqanlarına ictimai etimadın qorunmasına töhfə verməsi ilə bağlı legitim marağına uyğun gəlmir. Bu, ərizəçi tərəfindən səsləndirilən tənqidlərin ciddiliyi və ümumi təbiəti və onları ifadə etmək üçün seçdiyi ton ilə daha da gücləndirildi. Məsələn, nümayiş keçirməyi son tədbir taktikası hesab edirdi, çünki onun fikrincə qanunlar və insan hüquqları kobud şəkildə pozulurdu. Nəhayət, Hökumət ərizəçiyə tətbiq olunan cəzaya gəldikdə, hesab etdi ki, hakimiyyət ərizəçini cəzalandırmaqda həddi aşmayıb.
(iii) Üçüncü tərəf
50. Beynəlxalq Hüquqşünaslar Komissiyası ədliyyə işinin aparılmasında vəkillərin xüsusi rolunu qeyd edərək bildirir ki, dövlətlər tərəfindən onların hüquqlarına qoyulan hər hansı bir məhdudiyyətə ciddi nəzarətin tətbiq edilməsi təkcə vəkillərin hüquqlarına hörmət edilməsi ilə deyil, eləcə də, peşə fəaliyyətini səmərəli şəkildə yerinə yetirə bilmələrini təmin etmək məqsədi ilə həyata keçirilməlidir. Üçüncü Tərəf qeyd etdi ki, bəzi dövlətlərdə insan hüquqlarının müdafiəsi üçün məhkəmə prosesləri əlçatmaz və ya səmərəsiz ola bilər. Belə bir şəraitdə vəkillərin müştərilərinin hüquqlarının qorunmasında uğurlu olması üçün məhkəmə icraatlarının sərt nəzarətindən kənarda digər hərəkətlər, müxtəlif bəynatlar vermək və çıxışlar etmək kimi, etmək ehtiyacı yarana bilər. Bu cür fəaliyyət müxtəlif səbəblərdən, məsələn ictimaiyyətin diqqətini bir işə yönəltmək və ya bu işə dair araşdırma aparmaq və faktları toplamaq kimi, lazımlı və ya faydalı hesab edilə bilər. Bu cür fəaliyyətlər vəkilin peşə fəaliyyətinin tərkibi və bir hissəsi olduğundan, məhkəmədən kənar vəkillərin ifadə azadlığına qoyulan məhdudiyyətə ciddi nəzarət edilməlidir. Bundan əlavə, peşələrinin mahiyyətinə görə vəkillər ədliyyə sistemində olan problemlərə diqqət cəlb etməkdə daha geniş ictimai rol və məsuliyyət daşıyırlar.
51. Üçüncü tərəf daha sonra bildirdi ki, vəkilin həbsdə olan insana qarşı pis rəftar və ya onun ölümü ilə bağlı dövlətin məsuliyyəti barədə şərhlər verməsi, bu şərhlərin verilməsində pis niyyətin olduğu sübut olunmayana qədər, ifadə azadlığının bir forması kimi qorunur. Bundan əlavə, bu cür məsələlər müzakirə edildiyi zaman məhkəmə proseslərinin məxfiliyinə görə vəkillərin ifadə azadlığına qoyulan hər hansı bir məhdudiyyət, bu məsələlər haqqında məlumat almaqda ictimai marağın vacibliyini də nəzərə almaqla, zərurilik və mütənasiblik prinsipləri işğında xüsusilə ciddi şəkildə yoxlanılmalıdır. Məlumat və ya iddialar artıq ictimaiyyətə məlumdursa və vəkil bu məsələlərə münasibət bildiribsə, məhkəmə prosesinin məxfiliyi və sirri əsas gətirilərək onu cəzalandırmaq olmaz. Üstəlik, aydındır ki, əgər müştərinin özü məlumatın ictimai olaraq yayılmasına dəstək olursa, vəkil-müştəri sirri prinsipi əsas gətirilərək vəkilin bu məlumatları yaymasına qadağa qoyula bilməz. Həqiqətən də, vəkilin, müştərinin istəyinə zidd olaraq, müştərisinin insan hüquqlarının pozulması barədə açıq danışmaqdan imtina etməsi, müştərisinin maraqlarını canfəşanlıqla müdafiə etmədiyi mənasına gəlir.
(b) Məhkəmənin dəyərləndirməsi
(i) Müdaxilə varmı
52. Məhkəmə qeyd edir ki, ərizəçinin vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırlmasının Konvensiyanın 10-cu maddəsi ilə qorunan ifadə azadlığı hüququnun həyata keçirilməsinə müdaxilə olması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Məhkəmə də eyni rəydədir.
(ii) Müdaxilə əsaslandırılıbmı
53. Belə müdaxilə, “qanunla nəzərdə tutulmalı”, bir və ya daha çox qanuni məqsəd güdməli və bu məqsədlərə çatmaq üçün “demokratik cəmiyyətdə zəruri” olmalıdır. Əgər müdaxilə 2-ci bənddə göstərilən bu testlərə cavab vermirsə, o zaman 10-cu maddə pozulubdur. (bax: Hacıbəyli və Əliyev Azərbaycana qarşı, № 6477/08 və 10414/08, § 54, 19 aprel 2018). Bundan əlavə, Məhkəmə öz nəzarət yurisdiksiyasını həyata keçirərkən, mübahisə doğuran müdaxiləyə işi bütövlükdə nəzərdən keçirtməklə, o cümlədən qeyd olunan bəyənatın məzmununa və ərizəçinin onu hansı kontekstdə istifadə etdiyinə və ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin cəmiyyət və məhkəmələr arasında vasitəçi olduğunu ağlında tutaraq baxmalıdır (bax Nikula qarşı Finlandiya qarşı, № 31611/96, §§ 44-45, AİHM 2002 II).
54. 10-cu maddənin ikinci abzasındakı “qanunla nəzərdə tutulmuş” ifadəsi mübahisə doğuran tədbirin yalnız daxili qanunvericilikdə hüquqi əsasa malik olmasını tələb etmir, eyni zamanda qanunun keyfiyyətinə də aiddir. Belə ki, qanun təsir etdiyi insan üçün əlçatan olmalı və doğuracağı nəticəni öncədən görmək mümkün olmalıdır. Bununla əlaqədar, Məhkəmə bir daha bildirir ki, qanun, vətəndaşın öz davranışını tənzimləməsi üçün kifayət qədər dəqiqliklə ifadə edilmədiyi müddətcə, 10-cu maddənin 2-ci bəndinin mənasında “qanun” kimi qəbul edilə bilməz; şəxs, lazım olduqda – əlavə məsləhət almaq da daxil – və müvafiq şəraiti nəzərə almaq şərti ilə hərəkətin səbəb ola biləcəyi nəticəni öncədən görə bilməlidir. Bu nəticələrin mütləq müəyyənliklə öncədən görünməsi anlamına gəlmir. Qanun üçün müəyyənlik arzu olunan olsa da, bu qanuna həddi aşan sərtlik verə bilər. Bu halda isə qanunun dəyişən şərtlərə uyğunlaşması çətinləşir. Ancaq qanun dəyişən şərtlərlə ayaqlaşmağı bacarmalıdır. Buna görə də, bir çox qanunlar, az və ya çox dərəcədə, qeyri-müəyyən dilə sahibdir və onların şərhi və tətbiqi praktika ilə qaçılmaz şəkildə birləşmişdir (bax: The Sunday Times Birləşmiş Krallıq qarşı (№ 1), 26 aprel 1979) § 49, A seriyası № 30 və Medžlis Islamske Zajednice Brčko və başqaları Bosniya və Herseqovinaya qarşı [GC], № 17224/11, §§ 68 və 70, 27 iyun 2017).
55. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, Hökumət Qanunun 22-ci maddəsini ərizəçinin vəkillik fəaliyyətinin dayandırlması üçün hüquqi əsas kimi göstərsə də, ərizəçi müdaxilənin qanunda nəzərdə tutulmadığını iddia etdi. Bunun üçün ərizəçi iki arqument irəli sürdü: birincisi, vəkil sirrinə aid hər hansı bir məlumatı açıqlamadığı üçün Qanunun heç bir müddəasını pozmamışdı. İkincisi, Qanun, vəkillər üçün bir sıra intizam tənbehlərini nəzərdə tutsa da, bu tənbehlərin hansı şəraitdə tətbiq olunacağını göstərmədi. Beləliklə, Qanun keyfiyyət tələblərinə cavab vermirdi.
56. Məhkəmə, Qanunun 22-ci maddəsinin 1-ci bəndinin həm vəkillərin intizam məsuliyyətini tənzimlədiyini və həm də vəkillərin intizam məsuliyyətinə cəlb edilməsinə səbəb ola biləcək halların siyahısını (Bu qanunun və digər qanunvericilik normalarının, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin və vəkillərin etik normalarını pozmağını) müəyyən etdiyini müşahidə edir (yuxarıdakı 38-ci bəndə bax). Qanunun 22-ci (VI) maddəsi Rəyasət Heyətinə, intizam komissiyasının rəyi əsasında vəkilə Qanunun eyni hissəsində nəzərdə tutulmuş intizam tənbehini tətbiq etmək səlahiyyəti verir. Vəkillik fəaliyyətinin dayandırlması bu sanksiyalardan biridir. Qanunun yuxarıda göstərilən müddəalarından da aydın olduğu kimi, vəkilə hər hansı bir intizam tənbehinin tətbiq edilməsinin birinci şərti yuxarıda qeyd olunan hallardan birinin olmasıdır.
57. Rəyasət Heyətinin 24 Avqust 2011-ci il tarixli qərarından görünür ki, bu işdə ərizəçinin Qanunun müddəalarını, ələxsus vəkil sirrini pozması əsas gətirilərək intizam məsuliyyətinə cəlb edilib. Rəyasət Heyəti qərarında ərizəçinin polis zorakılığının qarşısının alınması ilə bağlı etiraz təşkil etmək təklifinə də istinad edib (yuxarıdakı 18-ci bəndə bax).
58. Məhkəmə ilk olaraq bunu qeyd etməyi vacib bilir ki, Rəyasət Heyəti 24 Avqust 2011-ci il tarixli qərarında ərizəçinin polis zorakılığının qarşısını almaq məqsədi ilə etiraz təşkil etmək təklifinə istinad etməsinə baxmayaraq, ərizəçinin bu hərəkəti ilə hansı daxili qanunverciliyi pozduğunu və nəticədə intizam məsuliyyətinə cəlb olunduğunu izah edə bilməyib. Məhkəmə, hər hansı bir vəkilin polis zorakılığının qarşısını almaq məqsədi ilə dinc etiraz aksiyasına çağırmasına mane olan hər hansısa bir daxili qanun norması ilə qarşılaşmayıb.
59. Vəkil sirrinin pozulması ilə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, bu işdə ərizəçi istintaqla əlaqəli hər hansı bir sənədi şərh etmək və ya açıqlamaqla məhkəmə istintaqının sirrini pozduğu üçün yox (digər işlər ilə müqayisə edin, Mor Fransaya qarşı, No. 28198/09, 15 dekabr 2011 ve Bédat İsveçrəyə qarşı [GC], 56925/08, 29 Mart 2016), əksinə oğlu ölmüş ananın ictimai şəkildə ifadə etdiyi mövqeyini təkrarladığı və ana tərəfindən ərizəçinin bu hərəkəti ilə bağlı heç bir şikayət olmadığı halda, intizam məsuliyyətinə cəlb olunub. Bununla əlaqədar olaraq, Məhkəmə qeyd edir ki, Qanunun 17-ci maddəsinin 1-ci bəndinə əsasən vəkil tərəfindən əldə edilmiş məlumatlar, habelə vəkilin peşə fəaliyyətini davam etdirməsi üçün verdiyi tövsiyələr və məlumatlar vəkil sirrinə aiddir. 17-ci maddənin 1-ci bəndində görüldüyü kimi, ictimai məkanda mövcud olan məlumatların istifadəsinin vəkil sirrinə aidiyyatı yoxdur. Əksinə, yuxarıda göstərilən müddəaların mətnlərindən aydın olur ki, vəkil sirrinə daxil olan məlumatlar vəkil tərəfindən işin davam etdirilməsi zamanı əldə edilməlidir. İndiki işdə, işin materiallarından aydın olur ki, E.A-nın işgəncə nəticəsində polis nəzarətində öldüyü iddiası R.R tərəfindən 25 yanvar 2011-ci il tarixdə açıqlanıb və ərizəçi bu iddianı yalnız 28 fevral 2011-ci ildə təkrarlayıb. Qeyd edək ki, bu faktlar tərəflər tərəfindən mübahisələndirilmir. Hər bir halda, ərizəçi peşəkar fəaliyyətini həyata keçirməsi ilə əlaqədar sözügedən məlumatları əldə edə bilməzdi, çünki E.A-nın ölümü ilə əlaqəli məhkəmə prosesində R.R-i təmsil etməyə o, daha sonra yəni 7 Mart 2011 tarixində başlamışdı.
60. Məhkəmə bir daha təkrarlayır ki, o öz şərhini daxili hakimiyyət orqanlarının və xüsusən də yerli məhkəmələrin şərhi ilə əvəz edə bilməz, çünki daxili qanunvericiliyi şərh etmək və tətbiq etmək ilk növbədə onların işidir (bax Seyidzadə Azərbaycana qarşı, No. 37700/05, § 35, 3 dekabr 2009; İslam-İttihad Dərnəyi və Başqaları Azərbaycana qarşı, say 5548/05, § 49, 13 Noyabr 2014; və Karacsony və Başqaları Macaristana qarşı [GC], 42461/13 saylı və 44357/13, § 123, 17 May 2016). Bununla birlikdə, indiki işdə yerli məhkəmələr, Rəyasət Heyətinin ərizəçinin vəkil sirrini pozduğu barədə qərarını təsdiqləyərkən, ərizəçinin vəkil sirrinə aid ola biləcək hər hansı bir məlumatı açıqlamadığına dair arqumentinə cavab verə bilməyiblər. Xüsusilə, verdikləri qərarlarda Qanunun 17-ci maddəsinin 1-ci bəndində vəkil sirrinə daxil olan məlumatların vəkilin peşə fəaliyyətinin davam etdirilməsi zamanı əldə edilməli olduğunu və ərizəçinin mübahisə doğuran çıxışının E.A-nın vəkilli olmamışdan əvvəl, yəni 28 fevral 2011-ci ildə baş tutduğunu nəzərə almayıblar.
61. Bu şərtlərdə Məhkəmə, sözügedən müdaxilənin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin mənası daxilində “qanunla müəyyənləşdirilmədiyi” qənaətinə gəlməyə bilməz və bu işin məqsədləri üçün ərizəçinin ikinci arqumenti, yəni Qanunun keyfiyyəti tələbli ilə bağlı araşdırmanı zəruri hesab etmir.
62. Məhkəmə bu nəticəyə gəldikdən sonra, 10-cu maddənin 2-ci bəndinin digər tələblərinin (“qanuni məqsədin” olması və “müdaxilənin zəruriliyi” ilə) pozulub-pozulmammasını arşıdırmağa ehtiyac görmür.
63. Beləliklə, ərizəçinin bir il müddətinə vəkillik fəaliyyətinin dayandırlması Konvensiyanın 10-cu maddəsini pozub.
2. Ərizəçinin vəkillikdən xaric edilməsi
(a) Tərəflərin təqdimatları
(i) Ərizəçi
64. Ərizəçi iddia etdi ki, vəkillikdən xaric edilməsi onun ifadə azadlığı hüququnun pozub. O, ifadə azadlığı hüququna müdaxilənin qanunla nəzərdə tutulmadığını bildirdi, çünki Qanunun 22-ci maddəsinin 8-ci bəndi qanunun keyfiyyəti tələbinə cavab vermir. Xüsusilə, Qanunun 22-ci maddəsinin 8-ci bəndi vəkillikdən “xaric edilməyə səbəb ola biləcək əsaslar” anlayışının tərifini nəzərdə tutmur və bu anlayış kifayət qədər aydın və dəqiq deyil. Bundan əlavə, o müdaxilənin heç bir qanuni məqsəd güdmədiyini iddia etdi.
65. Müdaxilənin əsaslandırılmasına gəldikdə, ərizəçi Məhkəmənin presedent hüququna istinad edərək vəkillərin ifadə azadlığının vacibliyini vurğuladı. O, həmçinin mübahisəli açıqlamanı məhkəmə salonunda verildiyini və kifayət qədər faktik əsasları olan qiymətləndirici mülahizə olduğunu qeyd etdi. Daha sonra bu açıqlamanın ictimai maraq kəsb edən bir mövzuda və cənab İlqar Məmmədova qarşı siyasi motivli cinayət işi davam etdiyi zaman verildiyini qeyd etdi. Son olaraq, ərizəçi bildirdi ki, ifadə azadlığına müdaxilənin mütənasibliyini qiymətləndirərkən ona tətbiq olunan cəzanın mahiyyəti və şiddəti, habelə Azərbaycanda vəkillərə qarşı aparılan repressiyaların ümumi konteksti nəzərə alınmalıdır.
(ii) Hökumət
66. Hökumət, ərizəçinin vəkillikdən xaric edilməsinin onun ifadə azadlığı hüququna müdaxilə olduğunu qəbul etdi. Bu müdaxilənin Qanunun 22-ci maddəsində nəzərdə tutulduğu və ictimai asayiş və ya cinayətin qarşısını almaq kimi legitim məqsədi daşıdığını vurğuladı.
67. Demokratik cəmiyyətdə zəruriliyə gəldikdə, Hökumət, ərizəçinin vəkillik fəaliyyətinin dayandırlması ilə əlaqədar təqdim etdiyi arqumentləri bu hissədə böyük ölçüdə təkrarladı (yuxarıdakı 48 və 49-cu bəndlərə baxın). Bundan əlavə, ərizəçinin məhkəmə iclasında şahidləri və hakimi qəbuledilməz və alçaldıcı ifadələrlə təhqir etdiyini və vəkillərin etik davranış qaydalarını pozduğunu bildirdi. Hökumət həmçinin qeyd etdi ki, yerli hakimiyyət orqanları ərizəçini cəzalandırarkən mülahizə sərbəstliyindən kənara çıxmayıblar, çünki ərizəçinin vəkillərin etik davranış qaydalarını pozması ilk dəfə deyildi.
(iii) Üçüncü tərəflər
68. Avropa Şurası İnsan Hüquqları Komissarının üçüncü tərəf kimi təqdim etdiyi şərhlər Azərbaycandakı insan hüquqları müdafiəçilərinin vəziyyətinə aiddir. Xüsusilə Komissar, Azərbaycanda hüquq müdafiəsi ilə məşğul olan vəkillərin işindəki maneələrə diqqət çəkərək, vəkillikdən xaric edilməni və ya xaric edilmə təhdidlərinin xüsusilə həssas işlərə çıxan vəkillərin cəzalandırılması və ya bunu etmələrinin qarşısını almaq üçün bir vasitə kimi istifadə edilə biləcəyini bildirdi. Bu kimi işlərə görə vəkillikdən xaric edilmə peşə vəzifələrini legitim şəkildə həyata keçirdən vəkilə qarşı qisas məqdəsi daşıdığını qeyd etdi.
69. Beynəlxalq Hüquqşünaslar Komissiyası tərəfindən təqdim olunan üçüncü tərəf şərhləri haqqında ətraflı məlumatı Məhkəmənin Hacıbəyli və Əliyev qərarında (Ərizə nömrəsi: 28198/15) tapa bilərsiz (yuxarıda istinad edilib, § 48).
(b) Məhkəmənin qiymətləndirməsi
(i) Müdaxilə olubmu
70. Məhkəmə qeyd edir ki, ərizəçinin vəkillikdən xaric edilməsinin Konvensiyanın 10-cu maddəsi ilə qorununa ifadə azadlığı hüququnun həyata keçirilməsinə müdaxilə təşkil etməsi tərəflər tərəfindən mübahisələndirilmir. Məhkəmə də eyni rəyi bölüşür.
(ii) Müdaxilə əsaslandırılıbmı
71. Belə müdaxilə, “qanunla nəzərdə tutulduğu”, Kovensiyanın 2-ci bəndində nəzərdə tutulmuş bir və ya daha çox qanuni məqsəd güdməsi və bu məqsədlərə çatmaq üçün “demokratik cəmiyyətdə zəruri” olması testlərinə cavab vermədiyi təqdirdə 10-cu maddənin pozulmasına səbəb olacaqdır (bax: Hacıbəyli və Əliyev, yuxarıda istnad edilən, § 54).
(α) Qanunla nəzərdə tutulmuş
72. Məhkəmə yuxarıda 54-cü bənddə yer alan məhkəmənin presedent hüququnun hazırkı şikayətin araşdırılmasına eyni dərəcədə aid olan xülasələrinə istinad edir.
73. Məhkəmə qeyd edir ki, Qanunun 22-ci maddəsinin 8-ci bəndində vəkilin Vəkillər Kollegiyasından xaric edilməsinə səbəb olan əsaslar olduğu təqdirdə Rəyasət Heyəti, intizam komissiyasının rəyi əsasında, məsələnin həlli üçün məhkəməyə müraciət edə və məhkəmə qərarı qüvvəyə minənə kimi vəkilin fəaliyyətini dayandıra bilər (yuxarıdakı 38-ci bəndə bax). Buna görə Məhkəmə hesab edir ki, ərizəçiyə tətbiq olunan sanksiyanın daxili qanunvericilikdə əsasları vardı və qanun əlçatan idi.
74. Ərizəçinin Qanunun 22-ci maddəsinin 8-ci bəndinin qanunun keyfiyyəti tələbinə cavab vermədiyi çünki, “xaric edilməyə səbəb ola biləcək əsaslar” anlayışının kifayət qədər aydın və dəqiq olmadığı iddiasına gəldikdə, – baxmayaraq ki, bu məsələ ilə bağlı da ciddi suallar ola bilər – Məhkəmə hazırkı işdə Qanunun müvafiq müddəalarını araşdırmağın lazım olduğunu düşünmür, çünki onun fikrincə ərizəçinin şikayəti müdaxilənin mütənasibliyi baxımından araşdırılır (bax İbrahim İbrahimov və başqaları Rusiyaya qarşı, 1413/08 və 28621/11, § 86, 28 Avqust 2018). Bu səbəbdən Məhkəmə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin mənası daxilində ərizəçinin ifadə azadlığına müdaxilənin “qanunla müəyyən edilib-edilmədiyi” sualını açıq buraxacaqdır.
(β) Legitim məqsəd
75. Məhkəmə, müdaxilənin legitim məqsəd güdməsi ilə bağlı tərəflərin fikir ayrılığı yaşadığını müşahidə edir (yuxarıdakı 64 və 66-cı bəndlərə baxın). Məhkəmə mübahisəyə səbəb olan açıqlamanın məzmunu nəzərə alaraq, müdaxilənin birinci instansiya məhkəməsi hakimini ərizəçinin açıqlamasından qorunmasına yönəldiyini və nəticədə Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin mənası daxilində “məhkəmə hakimiyyətinin qorunması” kimi qanuni məqsəd güddüyü qənaətindədir (baxın, bir çox digər işlər arasında İgor Kabanov Rusiyaya qarşı, nöm. 8921/05, § 51, 3 Fevral 2011; Žugić Xorvatiyaya qarşı, No. 3699/08, § 42, 31 May 2011; Kincses Macaristan qarşı, nöm.66232 / 10, § 27, 27 yanvar 2015; Rodriguez Ravelo İspaniyaya qarşı, nöm. 48074/10, § 37, 12 Yanvar 2016; and Radobuljac Xorvatiyaya qarşı, nöm. 51000 / 11, § 53, 28 iyun 2016).
(γ) Demokratik cəmiyyətdə zərurilik
76. Məhkəmə, Morice-Fransaya qarşı ([GC], nöm. 29369/10, §§ 124-39, AİHM 2015) işində müəyyən edilmiş və bu işə də eyni dərəcədə aid edilə biləcək məhkəmənin presedentində göstərilən ümumi prinsiplərə istinad edir.
77. Bu işin hallarına gəldikdə, Məhkəmə ilk əvvəl qeyd edir ki, Hökümətin ərizəçinin məhkəmə iclasında şahidləri təhqir etdiyi barədə arqumentlərini qəbul edə bilməz, çünki yerli məhkəmələr ərizəçinin vəkillikdən xaric edilməsinin əsası kimi öz qərarlarında bu faktda istinad etməmişdilər. Məhkəmə, Nizami Rayon Məhkəməsi 10 iyul 2015-ci il qərarında ərizəçinin vəkillik fəaliyyətinə xitam verilməsi əsası kimi ərizəçinin ifadəsinin “Dövlətə və dövlətçiliyə kölgə saldığını” və “mühakimənin nüfuzuna xələl gətirdiyini” aşkar etmişdi. Bu qərar 11 Aprel 2015-ci ildə Bakı Apellyasiya Məhkəməsi və 12 Yanvar 2016-cı ildə isə Ali Məhkəmə tərəfindən təsdiqlənmişdi.
78. Hüquq peşəsinin tənzimlənməsinə gəldikdə, Məhkəmə, ədliyyə sistemində fəaliyyət göstərən maraqlı tərəflərin, xüsusilə də bu məsələdə ön cərgələrdə yer alan hakim və vəkillərin, qarşılıqlı anlaşma və hörmətə əsaslanan münasibətləri olmadan məhkəmələrin düzgün fəaliyyət göstərməsinin mümkün olmadığını bir daha təkrar etməyi lazım bilir. (bax: Bono Fransaya qarşı, nöm. 29024/11, § 51, 15 dekabr 2015 və Ottan Fransaya qarşı, nöm. 41841/12, § 72, 19.04.2018). Vəkillərin konkret statusu, onlara ədalət mühakiməsinin icrasında cəmiyyət və məhkəmələr arasında vasitəçi kimi mərkəzi bir mövqe verir. Müstəqil peşəkarlar kimi vəkillərin ədalət mühakiməsindəki xüsusi rolu, onlar üçün bir sıra öhdəçiliklər müəyyən edir. Bu öhdəçiliklər xüsusilə onların davranışı ilə bağlıdır. Peşəkar davranışlarında diqqətçil, dürüst və ləyaqətli olmaq kimi tələblərlə çərçivələnsələr də, hər bir yurisdiksiyada fərqlilik göstərə bilən müstəsna hüquq və imtiyazlardan da istifadə edirlər – bunların arasında, adətən, məhkəmə proseslərində arqument seçimindəki sərbəstlikləridir ( yuxarıda istinad edilən Morice’ye baxın, §§ 132 33). Bundan əlavə, hüquqşünasların peşə birlikləri insan hüquqlarının təmin edilməsində əvəsiz rol oynayır və bu səbəbdən müstəqil fəaliyyət göstərməli və peşə həmkarlarına hörmət etməlidirlər. Hüquq peşəsinin özünütənzimlənməsi vacibdir (bax: Jankauskas Litvaya qarşı (Nöm. 2), Nöm. 50446/09, § 78, 27 iyun 2017 və Namazov Azərbaycana qarşı, Nöm. 74354/13, § 46, 30 yanvar 2020). Tərəflər öz hüquqlarını qorumaq üçün ədalət mühakiməsi ilə bağlı şərh vermək hüququna sahib olsalar da, tənqidləri müəyyən hədləri aşmamalıdır (bax Saday Türkiyəyə qarşı, Nöm 32458/96, § 34, 30 Mart 2006). Xüsusilə, tənqid və təhqir arasında açıq bir fərq qoyulmalıdır. Hər hansı bir ifadə formasının yeganə məqsədi məhkəməni və ya həmin məhkəmə üzvlərini təhqir etməkdirsə, buna müvafiq olaraq verilən cəza, prinsipcə, Konvensiyanın 10-cu maddəsinin pozulmasına səbəb olmayacaq (bax Kincses, yuxarıda istinad edilən, § 33).
79. Məhkəmə, bu işdə mübahisəyə səbəb olan ifadənin yalnız Azərbaycanda məhkəmə sisteminin fəaliyyətinə dair ümumi bir tənqid deyil, həm də birbaşa birinci instansiya məhkəməsinin hakimini hədəf aldığını müşahidə edir. Həmin hakim artıq cənab İlqar Məmmədovun işində hakim kimi çıxırş ediridi. Məhkəmə, hakimin hakim kimi bacarığının olmaması ilə günahlandıran ifadələri hakimə hörmətsizlik olduğunu və təhqiramiz ola biləcəyini qəbul edir (məsələn, yuxarıda istinad edilən Žugić ilə müqayisə edin, § 47. Həmin işdə ərizəçi işinə baxan hakimin cahil və səriştəsiz olduğunu iddia etmişdi; Yuxarıda istinad edilən Kincses, §§ 39-40, işində vəkil işi baxan hakimin peşəkar səriştəsini şübhə altına almışdı; Yuxarıda adı çəkilən Rodriguez Ravelo, § 46, işində bir vəkilin hakimi qınanılacaq davranışda günahlandıraraq, onun bilərəkdən həqiqəti təhrif etdiyini, çəkinmədən yalan danışdığını və çoxlu yalan və zərərli məlumatları ehtiva edən etibarsız hesabat təqdim etdiyini bildirmişdi; və, Mixaylova Ukraynaya qarşı, Nöm. 10644/08, § 89, 6 Mart 2018, işdə ərizəçinin çıxışı hakimə şəxsi hücum halına gəlmişdi. Ərizəçi hakimi hakim vəzifələrinə tamamilə zidd davranmaqda ittiham edirdi). Buna baxmayaraq, yerli məhkəmələr tərəfindən ərizəçiyə tətbiq olunan cəzanın məhkəmə hakimiyyətinin nüfuzunu qorumaq ilə ərizəçinin ifadə azadlığı hüququnu qorumaq zərurəti arasında ədalətli bir tarazlıq yaratdığına əmin olmaq lazımdır (yuxarıda istinad edilən İqor Kabanova baxın), § 54; yuxarıda istinad edilən Bono, § 51; və Čeferin Sloveniyaya qarşı, Nöm 40975/08, § 47, 16 yanvar 2018).
80. Məhkəmə bununla da daxili məhkəmələrin ərizəçinin qeydlərinin qiymətləndirilməsində diqqətə alınmalı olan bir sıra elementləri nəzərdən keçirmədiyini düşünür. Xüsusilə, sözügedən açıqlamanı ərizəçinin müdafiə etdiyi şəxsin vəkili qismində məhkəmə salonunda iclas zamanı verməsi faktını nəzərə almayıblar. Bu ifadələr, məhkəmə salonundan kənarda başqa vasitələrlə, məsələn məhkəmə orqanları ilə bağlı mediada səslənən tənqidlərin əksinə olaraq, məhkəmə salonu daxilində səsələndirilmişdi (bax yuxarıda istinad edilən Nikula, § 52, və Ceferin, § 54). Məhkəmə salonunda ədalət prinsipi tərəflər arasında qarşılıqlı olaraq sərbəst və hətta şiddətli arqument və əks arqumentlərin səsləndirilməsini təşviq edir; mübahisəyə səbəb olan ifadələr məhkəmə salonundan kənarda təkrarlanmayıb (yuxarıda istinad edilən Morice, § 137 və Mixaylova, § 93).
81. Üstəlik, ola bilsin ki, ərizəçinin birinci instansiya məhkəməsinin hakimi haqqında söylədiyi fikirlər təhqiredici qəbul olunsun ancaq bu fikirlər, əsasən, ərizəçinin cənab İlqar Məmmədovun cinayət işində yerli məhkəmələrin verdiyi qərarlara etirazını ifadə edirdilər. Bununla bağlı, Məhkəmə, həmin ifadələr Şəki Apellyasiya Məhkəməsi qarşısında səslənərkən, İlqar Məmmədov Azərbaycana qarşı (Nöm. 15172/13, 22 may 2014-cü il) işində artıq qərar çıxartması faktına diqqət çəkir. Həmin qərarda Məhkəmə Konvensiyanın 5-ci və 18-ci maddələrinin pozulduğunu və cənab İlqar Məmmədovun azadlığının məhdudlaşdırılmasının Konvensiyaya görə heç bir əsasının olmadığını aşkar etmişdi. Bundan başaq, Məhkəmə, cənab İlqar Məmmədova qarşı açılan cinayət işində bir sıra ciddi çatışmazlıqların olduğunu təsbit etmişdi (bax İlqar Məmmədov Azərbaycana qarşı (No. 2), No 919/15, 16 Noyabr 2017).
82. Məhkəmə, həmçinin Nizami Rayon Məhkəməsinin işlətdiyi “dövlətimizə və dövlətçiliyimizə kölgə salmaq məqsədi ilə bu hüquqdan (ifadə azadlığından) sui-istifadə tamamilə yolverilməzdir” ifadələrinə diqqət çəkməyi lazım bilir (yuxarıdakı 29-cu bəndə bax) ). Məhkəmə hesab edir ki, yerli məhkəmənin ərizəçinin vəkillik fəaliyyətinə xitam verilməsi üçün əsaslandığı həmin səbəblər Konvensiyanın 10-cu maddəsinin məqsədləri baxımından uyğunsuzdur və plüralizm, tolerantlıq və geniş düşüncə tələb edən demokratik cəmiyyətdə ifadə azadlığının məhdudlaşdırılması üçün əsas götürülə bilməz.
83. Məhkəmə müdaxilənin mütənasibliyini qiymətləndirərkən verilmiş cəzaların mahiyyəti və şiddətinin də nəzərə alınmalı amillər olduğunu qeyd edir (baxın yuxarıda istinad edilən Mor, § 61 Morice, § 175 ) və vəkillik fəaliyətinə xitam verilməsinin vəkil üçün artıq çox ağır cəza olduğu, onun müdafiə tərəfi kimi öz vəzifələrini yerinə yetirməsinə imkan vermədiyini artıq müəyyən edib (baxın yuxarıda istinad edilən İqor Kabanov, §§ 55 və 57). Bununla əlaqədar olaraq, Məhkəmə ərizəçiyə qarşı əvvələr edilmiş intizam tədbirlərinin mövcud olması faktına əsaslanan Hökumətin ərizəçinin vəkillik fəaliyyətinin dayandırlmasına haqq qazandıra bilməz, çünki ərizəçinin bir il müddətinə vəkillik fəaliyyətinin dayandırlması qanunla nəzərdə tutulmamışdı və Məhkəmə bu işdə ifadə azadlığı hüququnun pozulduğunu artıq aşkar etmişdi (yuxarıdakı 52-63-cü bəndlərə bax).
84. Yuxarıda göstərilənlərin işığında, Məhkəmə, yerli məhkəmələr tərəfindən ərizəçinin vəkillik fəaliyyətinə xitam verərəkən əsaslandıqları səbəblərin uyğun və yetərli olmadığı, ərizəçiyə tətbiq olunan cəzanın güdülən qanuni məqsədə mütənasib olmadığı rəyindədir.
85. Müvafiq olaraq, ərizəçinin vəkillik fəaliyyətinə xitam verilərkən Konvensiyanın 10-cu maddəsini pozulub.
III. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
86. Ərizəçi Konvensiyanın 8-ci maddəsinə əsasən bir il müddətinə vəkillik fəaliyyətinin dayandırılmasının və sonradan ona xitam verilməsinin şəxsi həyata hörmət etmək hüququnun pozulması ilə nəticələndiyini iddia edərərək şikayət etdib. Konvensiyanın 8-ci maddəsində belə deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.”
A. Qəbuledilənlik
87. Məhkəmə Hökümətin 8-ci maddənin bu işə tətbiq olunmasına dair heç bir etiraz etmədiyini müşahidə edir. Bununla əlaqədar olaraq, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan “şəxsi həyat” anlayışının tam tərifə sığmayan geniş bir termin olmasını təkrarlayır. Şəxsi həyat insanın fiziki və sosial kimliyinin bir çox aspektini əhatə edə bilər. 8-ci Maddə ayrıca fərdin inkişaf hüququnu, digər insanlarla və xarici dünya ilə, o cümlədən peşəkar və ya işgüzar münasibətlər qurmaq və inkişaf etdirmək hüququnu qoruyur. Nəticə olaraq, insanların böyük bir kəsimi üçün iş həyatları onların xarici dünya bilə münasibətlərini inkişaf etdirməsinə imkan yaradır (bax Denisov Ukraynaya qarşı [GC], No. 76639/11, §§ 95-96) , §§ 100-09, §§ 115-17, 25 sentyabr 2018). İndiki işdə ərizəçinin bir il müddətinə vəkillik fəaliyyətinin dayandırılması və peşə fəaliyyətində uyğunsuz davranışına görə vəkillik fəaliyyətinə xitam verilməsi, onun öz peşəsi ilə məşğul olmasına mane olub və bu səbəbdən onun digər işlərinə və münasibətlərinə mənfi təsir edib, peşə və sosial nüfuzna ziyan vurub. Ərizəçinin vəkillik fəaliyyətinin dayandırlması və sonra bu fəaliyyətə xitam verilməsi onu böyük miqdarda qazancdan məhrub edib (aşağıda 116-cı maddəyə bax). Bunun onun şəxsi həyatına da ciddi mənfi təsirləri olmalı idi. Beləliklə, Məhkəmə mübahis doğuran tədbirlərin ərizəçi üçün olduqca ciddi nəticələrə səbəb olduğunu və onun şəxsi həyatını əhəmiyyətli dərəcədə təsir etdiyini düşünür (yuxarıda istinad edilən Denisovu, §§ 123 və 125 Namazovu, § 34). Buna görə də 8-ci maddə tətbiq edilir.
88. Məhkəmə qeyd edir ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3 (a) bəndinə əsasən açıqca əsassız deyildir. Əlavə olaraq qeyd edir ki, digər əsaslara görə də qəbuledilməz deyil. Bu səbəbdən onlar qəbuledilən elan edilməlidir.
B. Mahiyyət
1. Tərəflərin təqdimatları
89. Ərizəçi bir il müddətinə vəkillik fəaliyyətinin dayandırlmasının və vəkillik fəaliyyətinə xitam verilməsini şəxsi həyatına hörmət hüququna müdaxilə olduğunu iddia edib. Ərizəçi, əsasən Konvensiyanın 10-cu maddəsi ilə bağlı təqdimatlarına istinad edərək, yuxarıda göstərilən müdaxilələrin qanuna uyğun olmadığını, demokratik cəmiyyətdə zəruri hesab edilə bilinməyəcəyini və mütənasib olmadığını bildirdi.
90. Hökumət, ərizəçinin vəkillik fəaliyyətinin dayandırlmasının və ona xitam verilməsinin, onun şəxsi həyatına hörmət hüququna müdaxilə təşkil etdiyini qəbul edib. Hökumət Konvensiyanın 10-cu maddəsi ilə əlaqədar verdikləri təqdimatlara istinad edərək, Konvensiyanın 8-ci maddəsi ilə bağlı əsasən ərizəçinin şikayətinin Konvensiyanın 10-cu maddəsi altında verdiyi şikayət ilə sıx əlaqəli olduğunu qeyd etdi.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Ərizəçinin vəkillik fəaliyyətinin dayandırlması ilə bağlı
91. Məhkəmə, ərizəçinin bir il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılmasının Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyata hörmət hüququna müdaxilə olduğu ilə bağlı tərəflər arasında mübahisə olmadığını qeyd edir.
92. Belə müdaxilə, 8-ci maddənin 2-ci bəndinin tələblərinə cavab vermədiyi təqdirdə, yəni qanuna uyğun olmadıqda, həmin bənddə göstərilən məqsədlərdən birini güdmədikdə və demokratik cəmiyyətdə zəruri olmadıqda, 8-ci Maddə pozulmuş sayılacaq.
93. Məhkəmə qeyd edir ki, ərizəçinin vəkillik fəaliyyətinin bir il müddətində dayandırılması nəticəsində ifadə azadlığına müdaxilənin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən “qanunla nəzərdə tutulmadığı” qənaətinə gəlmişdi (yuxarıdakı 61-ci bəndə bax). Məhkəmə bu nəticəni nəzərə alaraq, eyni şəkildə, ərizəçinin vəkillik fəaliyyətinin dayandırılması nəticəsində şəxsi həyatına hörmət etmək hüququna müdaxiləni Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinə əsasən qanuna uyğun hesab edilə bilməyəcəyini düşünür. Beləliklə, ərizəçinin bir il müddətinə vəkillik fəaliyyətininin dayandırılması Konvensiyanın 8-ci maddəsini pozub.
(b) Ərizəçinin vəkillik fəaliyətinə xitam verilməsi (Kollegiyaya üzvlükdən xaric edilməsi)
94. Məhkəmə qeyd edir ki, tərəflər ərizəçinin vəkillik fəaliyyətinə xitam verilməsinin onun Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi həyatına hörmət hüququna müdaxilə təşkil etməsini mübahisələndirmirlər. Məhkəmə bu fikri bölüşür.
95. Belə müdaxilə, 8-ci maddənin 2-ci bəndinin tələblərinə cavab vermədiyi təqdirdə, yəni qanuna uyğun olmadıqda, həmin bənddə göstərilən məqsədlərdən birini güdmədikdə və demokratik cəmiyyətdə zəruri olmadıqda, 8-ci Maddə pozulmuş sayılacaq.
96. Məhkəmə yuxarıdakı 74-cü bənddəki aşkarladıqlarına istinad edərək Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinə əsasən sözügedən müdaxilənin qanuna uyğun olub-olmaması sualını açıq saxlayır.
97. Məhkəmə, müdaxilənin Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinə əsasən “nizamsızlığın qarşısının alınması” kimi qanuni məqsədi güddüyünü qəbul edir, çünki hazırki iş ədalət mühakiməsinin yaxşı şəkildə həyata keçirilməsində iştirak edən vəkilin peşə fəaliyyətinin tənzimlənməsinə aiddir (bax Bigaeva Yunanistana qarşı, no. 26713/05, § 31, 28 May 2009 və Namazov, § 44).
98. Bu cür müdaxilə, “kəskin sosial ehtiyac”-dan irəli gəlirsə və xüsusən də, qanuni güdülən məqsədlə mütənasibdirsə və milli hakimiyyət orqanlarının müdaxiləni əsaslandırmaq üçün irəli sürdükləri səbəblər “uyğun və yetərlidir”-sə, demokratik cəmiyyətdə zəruri sayılacaq (bax: Fernández Martínez İspaniyaya qarşı [GC], No. 56030/07, § 124, AİHM 2014 (çıxarışlar)).
99. Məhkəmə artıq 78-ci bənddə vəkillərin konkret statusu və rolunu, ədalət mühakiməsinin həyata keçirilməsindəki mərkəzi mövqeyini və fundamental hüquqların qorunmasında oynaya biləcəkləri əsas rolu vurğulayıb.
100. Məhkəmə bu işin hallarına geri qayıdaraq qeyd edir ki, Konvensiyanın 10-cu maddəsinə əsasən ərizəçinin şikayətinə baxılması nəticəsində aşkar olunanların kontekstində, yəni ərizəçinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli məhkəmələrin gətirdiyi əsasların uyğun və yetərli olmamasına və ərizəçiyə tətbiq olunan cəzanın qanuni güddülən məqsədə mütənasib olmamasına, (bax: yuxarıda 82-84-cü bəndlər), Konvensiyanın 8-ci maddəsi altında da baxılmasına eyni dərəcədə uyğundur və əhəmiyyətlidir.
101. Xüsusilə, ərizəçinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmə icraatında ölkədaxili məhkəmələr müdaxilənin mütənasibliyini yetərincə doğru qiymətləndirə bilməyiblər. Belə ki, vəkillik fəaliyyətinə xitam verilməsi cəzası bu peşə sahəsində ən ağır intizam cəzasıdır və peşə həyatında düzəldilməsi mümkünsüz nəticələrə səbəb olur. Məhkəmə, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə vəkillik peşəsini həyata keçirmə azadlığına dair R (2000) 21 saylı Tövsiyəsinə diqqət etməsini zəruri hesab edir. Həmin Tövsiyyəyə əsasən vəkillərin törətdikləri intizam pozuntularına görə cəzalar seçilərkən mütənasiblik prinsipinə əməl olunmalıdır (yuxarıdakı 39-cu bəndə bax). İnsan Hüquqları Şurasının hakimlərin və vəkillərin müstəqilliyi üzrə Xüsusi Məruzəçisi, BMT Baş Assambleyasına illik hesabatında da (A/71/348) bildirir ki, vəkillik fəaliyyətinə xitam verilməsi “etik davranış qaydalarının və peşə standartlarının ən ciddi pozuntularına görə tətbiq edilən ən son cəzadır və “yalnız peşə davranış qaydalarında göstərildiyi kimi ən ciddi sui-istifadə hallarında və yalnız müstəqil və qərəzsiz bir qurumun qarşısında təqsirləndirilən vəkilin bütün prosesual təminatları olduqdan sonra tətbiq olunmalıdır ”( yuxarıdakı 41-ci bəndə baxın). Ölkədaxili məhkəmələr ərizəçinin məhkəmə salonundakı ifadəsinin niyə ən sərt intizam cəzasına məruz qalacaq qədər ciddi davranış qaydası pozuntusu olduğunu izah etməyib.
102. Yuxarıda göstərilən mülahizələri nəzərə alaraq, Məhkəmə, ölkədaxili məhkəmələrin ərizəçinin vəkillik fəaliyyətinə xitam verməsi ilə bağlı göstərdikləri səbəblərin uyğun və yetərli olmadığına və ərizəçiyə tətbiq edilən cəzanın güdülən legitim məqsədə münasibətdə mütənasib olmadığı qənaətinə gəlib.
103. Bununla bağlı, Məhkəmə bir sıra işlərdə hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və insan hüquqları müdafiəçilərinin özbaşına həbs, tutulma və ya digər cəza tədbirlərinə məruz qalması ilə bağlı tendesiya müşahidə edir (bax, digərləri ilə birgə, Əliyev Azərbaycana qarşı, Nöm. 68762/14 ve 71200/14, § 223, 20 sentyabr 2018 və Natiq Cəfərov Azərbaycana qarşı, Nöm. 64581/16, § 64, 7 Noyabr 2019). Bütün bu deyilənlərin fonunda, Məhkəmə, bütün vəkillərin davranışları ilə bağlı əməl etməli olduqları öhdəçiliklərinə baxmayaraq, demokratik cəmiyyətdə bir vəkilin vəkillik fəaliyyətinə xitam verililərkən, bunun üçün çox ciddi səbəblərin göstərilməli olduğunu vurğulayır.
104. Müvafiq olaraq, ərizəçinin vəkillik fəaliyyətinə xitam verilməsi Konvensiyanın 8-ci maddəsini pozub.
IV. KONVENSİYANIN İDDİA OLUNAN 18-Cİ MADDƏSİNİN, KONVENSİYANIN 8-Cİ VƏ 10-CU MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ, POZULMASI İDDİASI
105. Eyni faktlar əsasında və Konvensiyanın 8-ci və 10-cu maddələri ilə birlikdə götürülməklə Konvensiyanın 18-ci maddəsinə əsaslanaraq, ərizəçi 28198/15 nömrəli ərizəsi əsasında onun Konvensiya ilə qorunan hüquqlarının Konvensiyada göstərilən məqsədlərdən fərqli olaraq, başqa məqsədlər xatirinə məhdudlaşdırıldığından şikayət edib. 18-ci Maddədə deyilir:
“Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.
106. Konvensiyanın 10 və 8-ci maddələrinə əsasən yuxarıda gəlinən nəticələrə (yuxarıdakı 85 və 104-cü bəndlərə baxın) və iş materiallarında mövcud olan elementlərə və hər iki tərəfin əsas götürdüyü arqumentləri nəzərə alaraq, Məhkəmə bu işin konkret şərtləri daxilində verilən şikayətin qəbuledilənliyini və mahiyyətini ayrıca araşdırmaq imkanı yoxdur.
V. KONVENSİYANIN 46-CI MADDƏSİNİN TƏTBİQİ
107. Konvensiyanın 46-cı maddəsi, aidiyyəti olduğu qədər, aşağıdakı kimidir:
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir. …”
108. Ərizəçi 28198/15 nömrəli ərizəsində fərdi kompensasiyanın ən uyğun formasının onun ARVK-na bərpa olunmasın göstərib.
109. Bu məsələ ilə bağlı Hökumətin heç bir təqdimatı olmadı.
110. Məhkəmə, Konvensiyanın 46-cı maddəsinə əsasən, Razılığa gələn Tərəflərin hər bir halda Məhkəmənin qəti qərarlarına riayət etməyi öz öhdələrinə götürdüklərini və icraata Avropa Şurası Nazirlər Komitəsinin nəzarət etdiyini təkrarladı. İndiki işdə, restitutio in integruma nail olmaq üçün mövcud olan müxtəlif vasitələr və məsələlərin mahiyyəti nəzərə alınmaqla, Nazirlər Komitəsi, görüləcək xüsusi tədbirləri qiymətləndirmək üçün Məhkəmədən daha yaxşı vəziyyətdədir. Beləliklə, cavabdeh dövlət tərəfindən verilən məlumatlar əsasında və ərizəçinin dəyişən vəziyyəti nəzərə alınmaqla, peşə fəaliyyətinin bərpasına yönəlmiş tədbirlərin qəbuluna nəzarət etmək Nazirlər Komitəsinə həvalə edilməlidir. Bu tədbirlərin, Məhkəmə tərəfindən aşkar edilmiş pozuntuların maksimum şəkildə aradan qaldırılması üçün icrası mümkün olmalı, vaxtlı vaxtında olmalı, adekvat və yetərli olmalıdır. Bundan başqa, ərizəçinin mümkün qədər vəkillik fəaliyyətinə xitam verilməsindən əvvəlki vəziyyətini bərpa etməlidir (bax Əliyev, yuxarıda istinad edilən, § 228).
VI. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
111. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
112. Ərizəçi, 24 Avqust 2011-ci ildən 23 Avqust 2012-ci il qədər olan tarixdə yəni, vəkillik fəaliyyətindən kənarlaşdırıldığı bir il müddətində itirilmiş qazancına görə 4.000 manat (AZN) tələb etdi. O, dekabr 2014-cü ildə vəkillik fəaliyyətinə xitam verilməsindən sonra itirdiyi qazancına görə dəqiqləşdirmədiyi miqadarda maddi kompensasiya tələb etdi.İddialarını dəstəkləmək üçün ərizəçi, 6 saylı Hüquq Kontorunun müdiri və mühasibi tərəfindən imzalanmış, ərizəçinin illik əmək haqqı olaraq 2013-cü ildə 3.954.24 manat və 2014-cü ildə 3.945.60 manat aldığını təsdiqləyən sənəd təqdim etdi.
113. Ərizəçi, vəkillik fəaliyyətinin dayandırıldığı üçün mənəvi ziyana görə 15.000 avro (EUR) tələb etdi. Bundan əlavə, fəaliyyətinə xitam verildiyi üçün mənəvi ziyana görə 25.000 avro tələb etdi.
114. Hökumət Məhkəmədən ərizəçinin maddi ziyanla bağlı tələblərini rədd etməsini istədi, çünki Azərbaycanda vəkil kontorlarında əmək haqqı ödəmək praktikası yoxdur. Vəkillərin kontorlarda fəaliyyətinin ödəniş praktikasına görə, vəkil, müştərilərinin vəkil kontorlarına ödədiyi məbləğin təxminən 60% -ni alır. Bu səbəbdən, ərizəçinin 2013 və 2014-cü illərdə aldığı məbləğlər müştəriləri tərəfindən vergi və rüsumlar çıxılmaqla vəkil kontorlarına ödədiyi məbləğlərdir. Hökümət daha sonra bildirdi ki, ərizəçinin nə qədər müştərisi olacağını və nə qədər pul qazana biləcəyini təxmin etmək mümkünsüz olduğundan bu başlıq altında hər hansı bir məbləğ tələb edə bilməz.
115. Ərizəçinin mənəvi ziyana görə tələb etdiyi məbləğlərə gəldikdə, Hökümət onların əsassız və həddən artıq olduğunu bildirdi. Hökumət, hər halda, pozuntunun tanınmasının ədalətli əvəz üçün kifayət edəcəyini düşünür.
116. İddianın itirilmiş qazanc hissəsinə gəldikdə, Məhkəmə qeyd etdi ki, tələb olunan ziyanla aşkar edilmiş pozuntular arasında səbəbli əlaqə mövcuddur; ərizəçi iddiasını dəstəkləyən bir sənəd təqdim edib. Bundan əlavə, ərizəçinin Azərbaycan Vəkillər Kolegiyasının üzvü olmayan hüquqşünasları kimi, 1 yanvar 2018-ci il tarixinədək qüvvədə olan daxili qanunlara görə birinci və apellyasiya məhkəmələri qarşısında mülki və inzibati məhkəmələrdə iştirakına icazə verildiyini müşahidə edir. 1 yanvar 2018-ci il tarixində qüvvəyə minmiş daxili qanuna edilən yeni düzəlişlərə əsasən yerli məhkəmələrdə nümayəndə kimi yalnız Azərbaycan Vəkillər Kollegiyasının üzvləri ola bilər. Ərizəçi, Məhkəmədə olan işlərdə ərizəçiləri təmsil edib. Bu şəraitdə maddi ziyanın dəqiq miqdarının hesablanması spekulyativ olardı. Məhkəmə ərizəçi tərəfindən təqdim olunan sənəd əsasında ərizəçinin maddi zərərinin hesablanmasını lazım bilir. Zərər hesabalanarkən, bu dövrdə AZN məzənnəsinin bir neçə dəfə dəyişdiyi nəzərə alınır. Bundan əlavə, ərizəçiyə yalnız pozuntunun tanınması ilə kompensasiya edilə bilməyən mənəvi ziyan dəydiyini və bununla da kompensasiya verilməli olduğunu düşünür. Məhkəmə ədalətli əsasda və sahib olduğu bütün məlumatların işığında qiymətləndirmə apararaq, bütün ziyanları eyni başlıq altında birləşdirərək ümumilikdə 18.000 avro verir (bax, mutatis mutandis, Kayasu Türkiyəyə qarşı, Nöm. 64119/00 ve 76292/01, § 128, 13 Noyabr 2008, ve Baka Macarıstana qarşı / GC], Nöm. 20261/12, § 191, 23 iyun 2016 ).
B. Məhkəmə xərcləri və məsrəflər
117. Ərizəçi Məhkəmə icraatı zamanı verilən hüquqi xidmətlər üçün 2.400 funt sterlinq (GBP), habelə 81024/12. Nömrəli iş nömrəli ərizə ilə əlaqədar tərcüməyə 90 GBP və kargüzarlıq xərcləri üçün 589.57 GBP iddia etdi. Bu iddianı dəstəkləmək üçün nümayəndələrinin verdiyi iki iş vaxtdı cədvəli və tərcümə xərcləri ilə bağlı iki faktura təqdim etdi.
118. Ərizəçi, 28198/15 №-li ərizə ilə bağlı Məhkəmə icraatı zamanı görülən hüquqi xidmətlər, tərcümə və kargüzarlıq xərcləri üçün 3,377,62 GBP tələb etdi. Bu iddianı dəstəkləmək üçün nümayəndələrindən dörd iş cədvəli vərəqəsi və iki faktura və tərcümə xərcləri üçün bir müqavilə təqdim etdi.
119. Hökumət ərizəçinin tələb etdiyi məbləğlərin əsassız və həddindən artıq olduğunu bildirdi. Bununla əlaqədar olaraq, Hökumət Məhkəmədən ərizəçinin tələblərinə münasibətdə ciddi yanaşma tətbiq etməsini istədi. Ərizəçinin nümayəndələri ilə bağladığı hər hansısa bir müqaviləni təqdim edə bilmədiyini və iddia edilən xərclərin və məsrəflərin əsaslandırmadığını qeyd etdi.
120. Məhkəmənin presedent hüququna görə, ərizəçi xərclərin və məsrəflərin həqiqətən, mütləq şəkildə çəkildiyi və miqdar olaraq da ağlabatan olduğunu göstərə bildiyi müddətdə kompensasiya ödənilmək hüququna malikdir. Məhkəmə, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, ədalətli əvəz ilə bağlı hər hansı bir tələbin müvafiq təsdiqedici sənədlər və ya çeklərlə birlikdə yazılı şəkildə təqdim edilməli olduğunu, əksi halda Palatanın tələbi tamamilə və ya qismən rədd edə biləcəyini də qeyd etdi. Malik Babayev Azərbaycana qarşı, № 30500/11, § 97, 1 iyun 2017). İndiki işdə, ərizəçi nümayəndələri ilə hər hansı bir müqaviləni və ya nümayəndələrinə ödədiyi və ya ödəməli olduğu ilə bağlı hüquqi öhdəçilik daşımasını sübut edən heç bir sənəd təqdim etmədi (bax Merabishvili Gürcüstana qarşı [GC], No. 72508 / 13, § 372, 28 Noyabr 2017). Müxtəlif sənədlərin tərcüməsinə dair tələb hissəsinə gəldikdə, Məhkəmə bu sənədlərin tərcüməsinin icraatı üçün zəruri olduğunu düşünmür (bax Allahverdiyev Azərbaycana qarşı, № 49192/08, § 71, 6 mart 2014 və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 70, 12 Noyabr 2015). Bu səbəbdən Məhkəmə xərclər və məsrəflər iddiasını rədd edir.
C. Gecikmə faizi
121. Məhkəmə məbləğin ödənilməsinin gecikməsinə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.
BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ,
1. Ərizələri birləşdirmək qərarı verir;
2. 28198/15 nömrəli ərizədə Konvensiyanın 8-ci və 10-cu maddələri ilə birlikdə Konvensiyanın 18-ci maddəsi altında verilmiş şikayət istisna olmaqla, ərizələri qəbuledilən elan edir;
3. Ərizəçinin bir il müddətinə vəkillik fəaliyyətinin dayandırılmasının Konvensiyanın 10-cu maddəsini pozulduğuna qərar verir;
4. Ərizəçinin vəkillik fəaliyyətinə xitam verilməsinin Konvensiyanın 10-cu maddəsini pozduğuna qərar verir;
5. Ərizəçinin bir il müddətinə vəkillik fəaliyyətinin dayandırılması Konvensiyanın 8-ci maddəsini pozduğuna qərar verir;
6. Ərizəçinin vəkillik fəaliyyətinə xitam verilməsinin Konvensiyanın 8-ci maddəsini pozduğuna qərar verir;
7. 28198/15 nömrəli ərizəyə əsasən Konvensiyanın 8-ci və 10-cu maddələri ilə birlikdə götürülmüş halda Konvensiyanın 18-ci maddəsinə görə şikayətin qəbuledilməsini və mahiyyətini ayrıca araşdırmağa ehtiyac olmadığına qərar verir.
8. Qərara alır,
(a) Cavabdeh dövlətin Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərarın qəti qüvvəyə mindiyi tarixdən etibarən üç ay ərzində ərizəçiyə maddi və mənəvi ziyana görə 18.000 avro (on səkkiz min avro) ödəməli olduğunu, üstəgəl tutula bilən vergilərin əlavə edilməsini, vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun hesablanmasını təmin etməlidir:
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;;
9. Ərizəçinin ədalətli əvəzin ödənilməsinə dair tələblərinin digər hissələri rədd edilir.
Victor Soloveytchik Síofra O’Leary
Katib Prezident