№ 53688/08 ŞAİQ QARAYEV AZƏRBAYCANA QARŞI – 10 İYUN 2010-CU İL

 

BİRİNCİ BÖLMƏ

QARAYEV AZƏRBAYCANA QARŞI

(Ərizə № 53688/08)

QƏRAR

STRASBURQ

10 iyun 2010-cu il

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Qarayev Azərbaycana qarşı məhkəmə işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci BÖLMƏ),

hakimlər:
Kristos Rozakis (Christos Rozakis), sədr,
Nina Vayiç (Nina Vajić),
Xanlar Hacıyev (Khanlar Hajiyev),
Din Spilmann (Dean Spielmann),
Sverre Erik Yebens (Sverre Erik Jebens),
Corcio Malinverni (Giorgio Malinverni),
George Nikolau (George Nicolaou),
habelə Seksiyanın katibi Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə Palatada iclas keçirərək, 20 may 2010-cu ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

 

PROSEDUR

İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Özbəkistan vətəndaşı cənab Şaiq Qarayev (“ərizəçi”) tərəfindən 7 noyabr 2008-ci ildə Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasına qarşı ərizə (№ 53688/08) əsasında başlanmışdır.

2. Ərizəçini Bakıda vəkillik fəaliyyəti ilə məşğul olan xanım L. Mədətli, cənab Ə. Əliyev və cənab M. Baxışov təmsil etmişlər. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab Ç. Əsgərov təmsil etmişdir.

3. Ərizəçi konkret olaraq iddia etmişdir ki, onun Özbəkistana ekstradisiyası Konvensiyanın 3-cü maddəsinin pozulmasına səbəb olacaq və o, işgəncə və ya pis rəftar riski ilə əlaqədar olaraq ekstradisiyasına etiraz etmək üçün səmərəli hüquqi müdafiə vasitələrinə malik olmayıb. O, həmçinin iddia etmişdir ki, ekstradisiya olunana qədər həbsdə saxlanılması qanunsuz olub və həbsdə saxlanılmasının qanuniliyinə məhkəmə tərəfindən baxılması imkanı mövcud olmayıb, bununla da Konvensiyanın 5-ci maddəsinin 1 (f) və 4-cü bəndləri pozulub.

4. 7 noyabr 2008-ci ildə Palatanın sədri cavabdeh Hökumətə bildirmişdir ki, ərizəçi əlavə məlumat verilməyənə qədər Özbəkistana ekstradisiya olunmamalıdır (Məhkəmə Reqlamentinin 39-cu Qaydası).

5. 8 iyun 2009-cu ildə Birinci Seksiyanın sədri ərizə barədə Hökumətə məlumat verməyi qərara almışdır. Həmçinin qərara alınmışdır ki, ərizəyə mahiyyəti üzrə baxılması onun qəbuledilənliyinə baxılması ilə eyni vaxtda keçirilsin (29-cu maddənin 3-cü bəndi).

FAKTLAR

I. İŞİN HALLARI

6. Ərizəçi 1981-ci ildə Buxarada (Özbəkistan) anadan olub və hazırda Özbəkistana ekstradisiya olunacağını gözlədiyi müddətdə Bakıdakı saxlanma müəssisində saxlanılır. Onun həqiqi (etibarlı) Özbəkistan pasportu var və həm Azərbaycanın, həm də Özbəkistanın hakimiyyət orqanları tərəfindən Özbəkistan vətəndaşı sayılır. Lakin ərizəçi Azərbaycan vətəndaşı olduğunu da iddia edir (aşağıya bax).

7. Ərizəçinin atası, etnik mənşəcə azərbaycanlı olan Firudin Qarayev 1953-cü ildə Beyləqanda (Azərbaycan) anadan olub. Ərizəçinin anası, etnik mənşəcə özbək olan Olima Qarayeva 1960-cı ildə Buxarada (Özbəkistan) anadan olub. Ərizəçinin Ceyhun Qarayev adlı böyük qardaşı və Nərgiz Qarayeva adlı kiçik bacısı var. Aşağıda təsvir edilən hadisələr baş verən zaman ailə Buxarada (Özbəkistan) yaşayırdı.

A. Ərizəçi və ailəsi ilə bağlı ilkin cinayət icraatı

1. İlkin həbs və pis rəftar

8. 21 dekabr 2000-ci ildə ərizəçinin bütün ailəsi, o cümlədən özü və o vaxt on iki yaşında olan qızı Buxarada altı nəfəri öldürməkdə və cəsədlərini hissələrə bölməkdə şübhəli bilinərək həbs olundular. Belə görünür ki, həbsdən əvvəl Özbəkistanın hüquq-mühafizə orqanları ərizəçinin ailəsinin evində və evin yaxınlığındakı zibillikdə hissələrə bölünmüş insan cəsədlərinin qalıqlarını tapıblar. Ərizəçinin anası əsas şübhəli şəxs sayıldığı halda, digər ailə üzvləri iştirakçılıqda şübhəli bilinirdilər. Ərizəçi iddia edilən cinayətlər törədilən vaxt şəhərdən kənarda olduğunu iddia etdi.

9. İşin materiallarından görünür ki, onların həbsi Özbəkistanda kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Mediadakı məlumatlar ərizəçinin ailəsinin insan orqanlarının oğurluğu ilə və hətta adamyeyənliklə məşğul olduğu barədə yalan şayiələri də özündə ehtiva edib. Ərizəçinin atasının və uşaqlarının etnik mənşəyi də bir qayda olaraq qeyd edilib.

10. Ərizəçinin sözlərinə görə, həbsdə olduğu müddətdə o və ailəsinin bütün üzvləri onlardan etirafların alınması məqsədi ilə daim işgəncəyə və digər pis rəftar formalarına məruz qalıblar. Onlar əksər vaxtlarda ayrı-ayrı kameralarda saxlanılıblar. Ərizəçi məruz qaldığı pis rəftar növlərinin təfsilatlarını təqdim edib, buraya digər pis rəftar növləri ilə yanaşı döymə, yeməkdən və içkidən məhrum etmə və boğma da daxil idi.

11. Belə görünür ki, ilk vaxtlar adamöldürmə ilə bağlı ərizəçiyə və ya onun ailə üzvlərinin çoxuna qarşı heç bir ittiham irəli sürülməyib və anası istisna olmaqla onların hamısı sübutların olmaması səbəbindən müxtəlif tarixlərdə azad edilib. Lakin azad edildikdən sonra ailənin bütün üzvləri (ərizəçinin qızı istisna olmaqla) müxtəlif əsaslarla yenidən həbs olunublar.

2. Ərizəçinin işi

12. Bir neçə gün həbsdə qaldıqdan sonra ərizəçi adamöldürmədə iştirakı ilə bağlı sübutların olmaması səbəbindən 26 dekabr 2000-ci ildə azad edilib. Lakin azad edildikdən cəmi bir neçə dəqiqə sonra ərizəçi küçədə digər polis əməkdaşları tərəfindən saxlanılıb və onlar onun şəxsiyyət sənədlərini istəyiblər. Ərizəçi polis məntəqəsinə aparılıb və orada bədənində axtarış aparıldıqdan sonra polislərin iddiasına görə ayaqqabılarında gizlədilmiş heroin tapıblar. Ərizəçi iddia etdi ki, narkotik vasitələr oraya polis tərəfindən atılıb, çünki o, cəmi bir neçə dəqiqə əvvəl azad edilmişdi və bu qədər qısa müddətdə, xüsusən də polisin törətdiyi pis rəftarın nəticələrindən əziyyət çəkdiyi və ilkin həbs zamanı ona yeməyə və içməyə heç nə verilmədiyi bir vəziyyətdə heroin alıb ayaqqabılarının altlığında gizlədə bilməzdi.

13. 30 aprel 2001-ci ildə Buxaranın Toxuculuq rayon məhkəməsi ərizəçini qanunsuz narkotik vasitələr saxlamaqda təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Bu icraat zamanı o, hüquqi yardımla təmin edilmədi.

14. Ərizəçi 2 avqust 2001-ci ildə prezidentin əfv fərmanından sonra azad edildi.

15. 27 noyabr 2001-ci ildə o, bacısı ilə Özbəkistanı tərk etdi və o vaxtdan Azərbaycanda yaşayır.

16. Bu arada Buxara vilayət məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarı ilə ərizəçi Özbəkistan Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə (ağırlaşdırıcı hallarla adamöldürmə) və 134-cü maddəsinə (cəsədi təhqir etmə) əsasən altı nəfəri öldürməkdə və onların cəsədlərini hissələrə bölməkdə ittiham edildi. Bundan başqa, həmin qərarı ilə Buxara vilayət məhkəməsi həbs müddətini göstərmədən ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə göstəriş verdi.

17. 6 avqust 2002-ci ildə Buxara vilayət prokurorluğu ərizəçinin yaşadığı yeri tərk etdiyini müəyyən edərək ibtidai istintaqı dayandırdı və ərizəçinin istintaqın aparıldığı yerə gətirilməsini təmin etmək üçün onun barəsində axtarış elan etdi.

3. Ərizəçinin ailə üzvlərinin işləri

18. Ərizəçinin atası 29 dekabr 2000-ci ildə həbsdən azad edildi, amma elə həmin gün ərizəçinin ikinci həbsinin hallarına oxşar şəraitdə üstündə heroin olduğu iddia edilərək yenidən həbs edildi. 20 noyabr 2001-ci ildə Buxara vilayət məhkəməsi onu narkotik vasitə saxlamaqda və bəzi digər cinayətlərdə təqsirli bilərək on bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi.

19. Həmin gün, 20 noyabr 2001-ci ildə Buxara vilayət məhkəməsi ərizəçinin anasını və qardaşını altı nəfəri öldürməkdə və cəsədlərini hissələrə bölməkdə təqsirli bilərək Özbəkistan Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə və 134-cü maddəsinə əsasən on beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Məhkəmə bu qənaətə gəldi ki, ərizəçinin anası, böyük oğlunun köməyi ilə, qurbanların hesabına varlanmaq məqsədi ilə tanışının ailəsini evinə dəvət edib, zəhərləyib və öldürüb, sonra isə onlardan yaxa qurtarmaq asan olsun deyə cəsədləri doğrayıb və ya digər formada hissələrə ayırıb.

20. 2004-cü ilin aprelində ərizəçinin atası həmçinin Özbəkistan Cinayət Məcəlləsinin 97-ci maddəsinin 2-ci bəndinə və 134-cü maddəsinə əsasən məhkum edildi. Müəyyən edildi ki, o, qurbanların öldürülməsində və cəsədlərinin hissələrə bölünməsində arvadına və böyük oğluna kömək edib. Bir sıra apellyasiya şikayətlərindən sonra onun barəsində 97-ci maddənin 2-ci bəndi üzrə çıxarılmış ittiham hökmü ləğv olundu, 134-cü maddə üzrə çıxarılmış ittiham hökmü isə qüvvədə saxlanıldı və əvvəlki məhkumluğu nəzərə alınaraq, o, ümumilikdə on iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi.

21. Ərizəçinin qardaşı 12 fevral 2008-ci ildə həbsxanada ürək və ağciyər nasazlığından öldü. Ərizəçinin sözlərinə görə, qardaşının ölümü uzun illər məruz qaldığı pis rəftarın nəticəsi idi.

22. Ərizəçinin atası prezidentin əfv fərmanından sonra 2008-ci ilin mayında həbsxanadan azad edildi və Azərbaycana köçdü.

23. Ərizəçinin anası da prezidentin əfv fərmanından sonra 2008-ci ilin oktyabrında həbsxanadan azad edildi və 2008-ci ilin noyabrında Azərbaycana köçdü.

B. Ərizəçinin ekstradisiyası ilə bağlı icraat

24. Yuxarıda qeyd edildiyi kimi, ərizəçi 27 noyabr 2001-ci ildən Azərbaycanda yaşayırdı. İşin materiallarından belə görünür ki, ərizəçi Azərbaycan ərazisinə Özbəkistan pasportu ilə qanuni şəkildə daxil olub. Lakin onun Azərbaycanda yalnız doxsan gün müddətində qalmaq hüququ olub və belə görünür ki, bundan sonra o, yaşayış icazəsi olmadan orada yaşamaqda davam edib.

25. 9 aprel 2008-ci ildə ərizəçi Özbəkistanın hakimiyyət orqanlarının qəbul etdiyi axtarış orderi əsasında Beyləqanda polis tərəfindən həbs edildi.

26. 10 aprel 2008-ci ildə Beyləqan rayon məhkəməsi ərizəçinin ekstradisiya olunması məqsədi ilə onun həbsi barədə qərar çıxardı. Beyləqan rayon məhkəməsi bu qərarında Buxara vilayət məhkəməsinin 20 noyabr 2001-ci il tarixli həbs qərarına istinad etdi və həmin məhkəmənin gəldiyi nəticələri təsdiq etdi. Həbsdə saxlanmanın konkret müddəti göstərilmədi və qeyd edildi ki, ekstradisiya qərarı qəbul edilənə qədər ərizəçi həbsdə saxlanılacaq. Beyləqan rayon məhkəməsinin qərarı çıxarılandan sonra üç gün ərzində həmin qərardan şikayət verilə bilərdi. Lakin ərizəçi bu qərardan şikayət vermədi.

27. 2 may 2008-ci ildə Özbəkistan Respublikası baş prokurorunun müavini Mülki, ailə və cinayət işlərində hüquqi yardım və hüquqi münasibətlər haqqında 22 yanvar 1993-cü il tarixli MDB Konvensiyasına (“1993-cü il tarixli Minsk Konvensiyası”) istinad edərək ərizəçinin ekstradisiyası barədə rəsmi müraciət etdi.

28. 18 iyun 2008-ci ildə Azərbaycan Respublikasının baş prokuroru 1993-cü il tarixli Minsk Konvensiyası əsasında ərizəçinin Özbəkistana ekstradisiyası barədə qərar qəbul etdi. Qərarda digər məsələlərlə yanaşı deyilirdi ki, Özbəkistan hakimiyyət orqanlarının təqdim etdiyi məlumatlara görə, ərizəçi Özbəkistan vətəndaşı idi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aldığı məlumatlara görə, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna əsasən, o, Azərbaycan vətəndaşı sayılmırdı.

29. 29 iyul 2008-ci il tarixli məktubla Azərbaycan Respublikasının baş prokurorluğu Özbəkistanın hakimiyyət orqanlarından xahiş etdi ki, ərizəçinin cinayət işi ilə bağlı zəmanətlər versinlər. Özbəkistan baş prokurorunun müavini tərəfindən imzalanmış 29 iyul 2008-ci il tarixli məktubla Özbəkistanın hakimiyyət orqanları zəmanət verdilər ki, ərizəçinin cinayət işində hər hansı siyasi və ya milli motiv yoxdur, ərizəçi işgəncəyə və ya hər hansı digər formada qeyri-insani rəftara məruz qalmayacaq və ərizəçinin müdafiə hüquqları təmin ediləcək. Məktubda deyilirdi ki, 1 yanvar 2008-ci ildə qüvvəyə minmiş 11 iyul 2007-ci il tarixli qanunla Özbəkistanda ölüm cəzası ləğv olunub. Həmçinin əlavə edilirdi ki, cəzasını çəkdikdən ərizəçinin Özbəkistanı tərk etməsinə icazə veriləcək və o, Azərbaycan Respublikasının razılığı olmadan üçüncü dövlətə təhvil verilməyəcək.

30. Daha sonra ərizəçi iki ayrıca məhkəmə icraatına başladı və onların vasitəsilə ekstradisiya qərarının ləğvinə nail olmağa cəhd etdi.

1. Ərizəçinin vətəndaşlığı ilə bağlı mülki icraat

31. Azərbaycana qayıtdıqdan sonra ərizəçinin atası Beyləqanda (Azərbaycan SSR-də) doğulması və 1975-ci ilədək Azərbaycan SSR-də yaşaması faktı əsasında Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün müraciət etdi. 9 avqust 2008-ci ildə ərizəçinin atasına onun vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi verildi.

32. 9 aprel 2008-ci ildə həbs olunduqdan sonra öz nümayəndəsi vasitəsilə ərizəçi atasının Azərbaycan vətəndaşı olması əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün müraciət etdi. Onun ərizəsi rədd edildi, çünki o, şəxsiyyət vəsiqəsi almaq üçün şəxsən müraciət etməli idi.

33. Naməlum tarixdə ərizəçi Abşeron rayon məhkəməsində iddia qaldıraraq xahiş etdi ki, məhkəmə Abşeron rayon polis idarəsinə ona Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi barədə göstəriş versin. 26 sentyabr 2008-ci ildə Abşeron rayon məhkəməsi ərizəçinin xahişini təmin edərək qeyd etdi ki, daxili qanunvericiliyə əsasən ərizəçi qan qohumluğu əsasında Azərbaycan vətəndaşı sayılır və Abşeron rayon polis idarəsinə tapşırıq verdi ki, ona şəxsiyyət vəsiqəsi versin.

34. Bu qətnamənin əsasında və onun qanuni qüvvəyə minməsinə qədər 2 oktyabr 2008-ci ildə ərizəçiyə 2 noyabr 2008-ci ilədək qüvvədə olan müvəqqəti şəxsiyyət sənədi verildi. Belə görünür ki, aşağıda qeyd edilən şikayətlərdən sonra bu müvəqqəti şəxsiyyət sənədinin qüvvədə olma müddəti uzadılmayıb və ərizəçiyə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi verilməyib.

35. Abşeron rayon polis idarəsi 26 sentyabr 2008-ci il tarixli qətnamədən şikayət verərək qeyd etdi ki, ərizəçi Özbəkistan vətəndaşıdır və Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün onun müraciətinin yeganə səbəbi ekstradisiyadan yaxa qurtarmaqdır.

36. 28 noyabr 2008-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron rayon məhkəməsinin 26 sentyabr 2008-ci il tarixli qətnaməsini ləğv edərək müəyyən etdi ki, ərizəçi xarici vətəndaşdır və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanuna əsasən ərizəçiyə Azərbaycan Respublikasının prezidenti tərəfindən Azərbaycan vətəndaşlığı verilməyənə qədər ona Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi verilə bilməz.

37. 19 yanvar 2009-cu ildə ərizəçi Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli qərarından kassasiya şikayəti verdi. 11 mart 2009-cu ildə Ali Məhkəmə bu şikayəti rədd etdi və 28 noyabr 2008-ci il tarixli qərarı qüvvədə saxladı.

2. 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarından şikayətlər və ərizəçinin ekstradisiya olunana qədər həbsdə saxlanılması

38. 1 avqust 2008-ci ildə (əlavə sənədlərlə birlikdə 11 avqust 2008-ci ildə) ərizəçi 10 aprel 2008-ci il tarixli həbs qərarından və 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarından Səbail rayon məhkəməsinə şikayət etdi. Bu şikayətində o, digər məsələlərlə yanaşı iddia etdi ki: a) daxili qanunvericiliyə əsasən onun həbsdə saxlanmasının heç bir əsası yoxdur və 10 aprel 2008-ci il tarixli həbs qərarı ilə onun qeyri-müəyyən müddətə həbsdə saxlanılmasına qanunsuz olaraq sanksiya verilib; b) Özbəkistana ekstradisiya olunacağı təqdirdə bilavasitə işgəncəyə və digər pis rəftar formalarına məruz qalma riski ilə üzləşəcək; c) hakimiyyət orqanlarının ona vətəndaşlıq sənədləri verməkdən qanunsuz olaraq imtina etdiklərinə baxmayaraq, o, daxili qanunvericiliyə əsasən qan qohumluğuna görə (Azərbaycan vətəndaşının oğlu olaraq) Azərbaycan vətəndaşıdır və buna görə də onun xarici ölkəyə ekstradisiyası Azərbaycan qanunvericiliyinə və Minsk Konvensiyasına ziddir.

39. 3 oktyabr 2008-ci ildə Səbail rayon məhkəməsi ərizəçinin Azərbaycan vətəndaşlığı almaq barədə iddiasını təmin etmiş Abşeron rayon məhkəməsinin 26 sentyabr 2008-ci il tarixli qətnaməsini nəzərə alaraq (baxmayaraq ki, Abşeron rayon məhkəməsinin qətnaməsi qüvvəyə minməmişdi, həmin vaxt o, hələ Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmamışdı), baş prokurorun 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarını ləğv etdi. Səbail rayon məhkəməsi qeyd etdi ki, baş prokurorluq bu qərardan üç gün müddətində şikayət verə bilər və həmin şikayətin verilməsinə vaxt cəhətdən imkan yaratmaq üçün qərara aldı ki, ərizəçi qərar çıxarıldıqdan yeddi gün sonra (10 oktyabr 2008-ci ildə) azad edilsin.

40. Ərizəçi 3 oktyabr 2008-ci il tarixli qərar çıxarıldıqdan yeddi gün sonra, 10 oktyabr 2008-ci ildə azad edilmədi.

41. 10 oktyabr 2008-ci ildə baş prokurorluq Səbail rayon məhkəməsinin 3 oktyabr 2008-ci il tarixli qərarından şikayət verdi. Şikayətlə birlikdə üç günlük şikayət müddətinin bərpası barədə vəsatət də verilmişdi, çünki baş prokurorluq 8 oktyabr 2008-ci ilədək qərarı almamışdı. Ərizəçi etiraz edərək bildirdi ki, həbs qətimkan tədbiri barədə məhkəmə qərarlarından cinayət təqibi orqanının verdiyi şikayətlərə münasibətdə cinayət prosessual qanunvericiliyi buraxılmış üç günlük müddətin bərpasına icazə vermir. Ərizəçi həmçinin iddia etdi ki, üç günlük şikayət müddətinin bərpası barədə vəsatət əsassız idi, çünki 3 oktyabr 2008-ci il tarixli qərar elan olunan vaxt baş prokurorluğun nümayəndəsi məhkəmə zalında idi.

42. 13 oktyabr 2008-ci ildə şikayət müddətinin bərpası barədə vəsatət təmin edildi və baş prokurorluğun şikayəti qəbul olundu.

43. 23 oktyabr 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin 3 oktyabr 2008-ci il tarixli qərarını ləğv etdi. Bakı Apellyasiya Məhkəməsi qərara aldı ki, ərizəçi Özbəkistan vətəndaşıdır və formal olaraq ona Azərbaycan vətəndaşlığı verilə bilməz. O, qeyd etdi ki, ərizəçinin vətəndaşlıq barədə aşağıda məhkəmələrə verdiyi iddialarda Abşeron rayon məhkəməsinin 26 sentyabr 2008-ci il tarixli qətnaməsinə istinad edilməsi düzgün deyil, həmin qətnamə qüvvəyə minməyib. Buna görə də Bakı Apellyasiya Məhkəməsi 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarını qüvvədə saxladı və ərizəçinin azad edilməsi barədə Səbail rayon məhkəməsinin qərarını ləğv etdi. Lakin Apellyasiya Məhkəməsinin qərarında ərizəçinin ekstradisiya olunacağı təqdirdə ona qarşı işgəncə və ya pis rəftar riskinin mövcudluğu barədə və ekstradisiya məqsədi ilə həbsdə saxlanmasının qanuniliyi haqqında bir söz deyilmədi.

44. Daxili qanunvericiliyə əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli qərarından şikayət verilə bilməzdi.

45. İşin materiallarından belə görünür ki, 28 noyabr 2008-ci ildə ərizəçi qaçqın statusu almaq üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı ofisinə müraciət edib. Lakin görünür, bu müraciətinə heç bir cavab almayıb.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

A. Azərbaycan Respublikasının Konstitusiyası

46. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində (III bənd) deyilir:
“Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. …”
B. Cinayət Prosessual Məcəlləsi (CPM)
1. Cinayət prosesində müttəhimlərə tətbiq edilən həbs qətimkan tədbiri ilə və cinayət təqibi orqanlarının hərəkətlərindən və qərarlarından şikayətlərlə bağlı CPM-in ümumi müddəaları

47. Həbs qətimkan tədbiri barədə qərar məhkəmə tərəfindən çıxarılır. Məhkəmənin həbs qətimkan tədbiri barədə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verə bilər və sonuncunun bu məsələ barədə qərarı qətidir (157.6-cı maddə). Cinayət prosesində müttəhimlərin həbsdə saxlanma müddətlərinə avtomatik olaraq yenidən baxılır və həmin müddətlər ittihamların ağırlığından asılı olaraq müəyyən edilmiş konkret həddi aşa bilməz (158-159-cu maddələr).

48. CPM-in LII fəslində cinayət təqibi orqanlarının hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçılarının məhkəməyə şikayət etməsi qaydası təsbit olunur. 449-cu maddədə nəzərdə tutulur ki, təqsirləndirilən (və ya şübhəli) şəxs, yaxud onun vəkili cinayət təqibi orqanlarının digər hərəkətləri və ya qərarları ilə yanaşı tutulma və ya həbsdə saxlanılma barədə hərəkətlərindən və ya qərarlarından şikayət edə bilərlər. Cinayət təqibi orqanlarının hərəkətlərinin və ya qərarlarının qanuniliyini araşdıran hakim onları qanunsuz hesab etdiyi təqdirdə ləğv edə bilər (451-ci maddə).

2. CPM-in ekstradisiya ilə bağlı müddəaları

49. CPM-in LVII fəslində cinayət işlərində hüquqi yardım məsələsinə toxunulur. 495.1-ci maddədə nəzərdə tutulur ki, xarici dövlətin səlahiyyətli hakimiyyət orqanından hər hansı şəxsin verilməsi barədə xahişi və onun həbsə alınması haqqında qərarın surətini aldıqdan sonra Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı zərurət olduqda şəxsin verilməsi haqqında qərar qəbul edilənədək onun tutulması və həbsə alınması üçün tədbirlər görə bilər. 496.1-ci maddədə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının ərazisində olan şəxs onun cinayət məsuliyyətinə cəlb edilməsi və ya hökmün icra edilməsi üçün CPM-in 496.2-496.7-ci maddələrində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinin zəruriliyi nəzərə alınmaqla Azərbaycan Respublikasının cinayət təqibi orqanı tərəfindən xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının həmin şəxsin verilməsi xahişi ilə rəsmi müraciəti əsasında verilir.

50. Ekstradisiya məqsədi ilə həbsə alınmış şəxs cinayət təqibi orqanlarının hərəkətlərindən məhkəmələrə şikayət edə bilər. Bu şikayətə CPM-in 442-454-cü maddələrində nəzərdə tutulan qaydada (LII fəsil, yuxarıya bax) baxılır (495.5-ci maddə). 497.2-ci maddədə nəzərdə tutulur ki, “verilməsi haqqında qərar qəbul edilənədək həbsə alınmış” şəxs Azərbaycan Respublikasının cinayət təqibi orqanı onun verilməsinin qeyri-mümkünlüyü və ya verilməsindən imtina haqqında qərar qəbul etdikdə dərhal azad edilməlidir.

C. Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında 15 may 2001-ci il tarixli Qanun

51. Ekstradisiya haqqında 15 may 2001-ci il tarixli Qanunda şəxsin xarici dövlətə ekstradisiyası ilə bağlı məsələlərə toxunulur. Bu Qanuna əsasən, Ağır cinayətlərə dair işlər üzrə məhkəmə xarici dövlətin sorğusu əsasında şəxsin verilməsi məsələsinə baxır (8.1-ci maddə). Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin şəxsin verilməsi haqqında qərarından cinayət prosessual qanunvericiliyinin müddəalarına uyğun olaraq şikayət verilə bilər (8.2-ci maddə).

III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR

A. Mülki, ailə və cinayət işlərində hüquqi yardım və hüquqi münasibətlər haqqında 22 yanvar 1993-cü il tarixli MDB Konvensiyası (“1993-cü il tarixli Minsk Konvensiyası”)

52. Bu Konvensiya 22 yanvar 1993-cü ildə Minskdə imzalanıb və həm Azərbaycan, həm də Özbəkistan onun iştirakçılarıdır.

53. 1993-cü il tarixli Minsk Konvensiyasının 58-ci maddəsində nəzərdə tutulur ki, ekstradisiya barədə müraciətə, digər sənədlərlə yanaşı, həbs haqqında qərar əlavə edilməlidir (58-ci maddənin 2-ci bəndi). Ekstradisiya barədə müraciəti aldıqdan sonra müraciət edilən dövlət dərhal barəsində ekstradisiya müraciətinin edildiyi şəxsin axtarılması və həbsi üçün tədbirlər görməlidir, ekstradisiyanın mümkün olmadığı hallar istisna təşkil edir (60-cı maddə).

54. Müvafiq vəsatət olarsa, barəsində ekstradisiya müraciətinin edildiyi şəxs ekstradisiya müraciəti alınmazdan əvvəl də həbs oluna bilər. Vəsatətdə həbs qərarına istinad edilməli və sonradan şəxsin verilməsi barədə müraciət ediləcəyi göstərilməlidir (61-ci maddənin 1-ci bəndi). Şəxs ekstradisiya müraciəti alınmazdan əvvəl həbs edildikdə, müraciət etmiş dövlətə dərhal məlumat verilməlidir (61-ci maddənin 3-cü bəndi).
55. Həbsdən sonra qırx gün ərzində ekstradisiya barədə müraciət alınmadıqda 61-ci maddə əsasında həbs olunmuş şəxs azad edilməlidir (62-ci maddənin 1-ci bəndi).

56. Ekstradisiya və cinayət təqibinə aid məsələlərlə bağlı əlaqələrə görə iştirakçı dövlətlərin baş prokurorları məsuliyyət daşıyırlar (80-ci maddə).

B. Özbəkistanda insan hüquqlarının vəziyyətinə dair müvafiq sənədlər

57. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Komissiyasının 2002/38 saylı qətnaməsinə uyğun olaraq təqdim etdiyi hesabatında (E/CN.4/2003/68/Add.2) İşgəncələr üzrə Xüsusi Məruzəçi Teo van Boven Özbəkistandakı vəziyyəti aşağıdakı kimi təsvir edib:
“68. Xüsusi Məruzəçi öz missiyası zamanı xüsusən aşkar qorxuları ucbatından anonim qalmalarını xahiş edən və bununla da bu iddiaları irəli sürməkdə heç bir şəxsi mənfəət güdməyən şəxslərdən aldığı çoxsaylı ifadələrin (həbsxanada bir sıra ölüm halları da daxil olmaqla) əsasında hesab edir ki, işgəncə və ya buna bənzər pis rəftar növləri, İşgəncələr Əleyhinə Komitənin verdiyi anlayışda göstərildiyi kimi, sistematik hal alıb. Baxmayaraq ki, yalnız az sayda işgəncə halları tam əminliklə sübut edilə bilər, toplanmış çoxsaylı ifadələrdə işgəncə metodlarının və işgəncələrin törədildiyi yerlərin və şəraitin təsviri o qədər üst-üstə düşür ki, istintaq prosesində işgəncənin geniş yayıldığı və davamlı xarakter aldığı inkar edilə bilməz. Xüsusi Məruzəçi həmçinin qeyd edir ki, işgəncə və digər pis rəftar formaları, görünür, heç bir fərq qoyulmadan, ciddi cinayətlər kimi tövsif olunan fəaliyyətlərdə, məsələn, dövlət maraqlarına qarşı hərəkətlərdə ittiham olunan şəxslərə, habelə xırda cinayətkarlara və digərlərinə qarşı tətbiq edilir.

58. 2005-ci ilin martında BMT-nin İnsan Hüquqları Komitəsi Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt əsasında təqdim edilmiş Özbəkistanın ikinci dövri hesabatını nəzərdən keçirdi və aşağıdakı qeydləri (CCPR/CO/83/UZB) qəbul etdi:
“11. Komitə tutulmuş şəxslərə qarşı işgəncə və pis rəftardan geniş istifadə olunması ilə və belə hərəkətlərə görə az sayda rəsmi şəxslərin ittiham olunması, cinayət təqibinə məruz qalması və məhkum olunması ilə bağlı məlumatlardan narahatdır. O da əlavə narahatlıq doğuran məsələdir ki, nümayəndə heyətinin qeyd etdiyi kənar şəxslərin iştirakı ilə aparılan az sayda təhqiqatlar istisna olmaqla, işgəncənin və ya pis rəftarın baş verməməsini təmin etmək üçün polis məntəqələrində və digər saxlanma yerlərində müstəqil araşdırmalar aparılmır…
15. Komitə qeyd edir ki, daxili qanunvericiliyə əsasən fərdlər tutulan zaman vəkillə görüşmək hüququna malik olsalar da, təcrübədə bu hüquqa çox vaxt əməl olunmur…
16. Komitənin bu məsələdə də narahatlığı qalır ki, məhkəmə hakimiyyəti tam müstəqil deyil və hər beş ildən bir hakimlərin təyin olunmasına hakimiyyətin icra qanadı tərəfindən nəzarət edilir…”

59. 2006-cı ildə “Özbəkistanda insan hüquqlarının vəziyyəti” adlı hesabatında (A/61/526) BMT-nin Baş katibi Özbəkistandan ekstradisiya olunan və ya xaric edilən şəxslərin taleyi ilə bağlı narahatlığını ifadə edib:
“48. İnsan Hüquqları Komitəsi 31 mart 2005-ci il tarixli yekun qeydlərində (CCPR/OP/83/UZB) belə bir narahatlığını yenə də ifadə edib ki, məhkəməyə qədər həbsdə saxlanma zamanı alınan etiraflar əsasında məhkum olunma hallarının sayı çoxdur, iddia edildiyinə görə, həmin etiraflar Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə zidd olaraq alınır. Komitə Özbəkistanın Cinayət Məcəlləsində işgəncəyə verilən anlayışdan narahatlığını ifadə edib. Bundan əlavə, Komitə tutulmuş şəxslərə qarşı işgəncə və pis rəftardan geniş istifadə olunması ilə və belə hərəkətlərə görə az sayda rəsmi şəxslərin ittiham olunması, cinayət təqibinə məruz qalması və məhkum olunması ilə bağlı məlumatlardan narahat olduğunu qeyd edib. Özbəkistan Hökuməti Komitənin sorğusu əsasında 26 aprel 2006-cı ilədək bu məsələlərlə bağlı tədbirlərə dair informasiya təqdim etməli idi. İndiyə qədər İnsan Hüquqları Komitəsinə belə informasiya hələ də təqdim edilməyib”.

60. 2007-ci ilin noyabrında BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Özbəkistanın üçüncü dövri hesabatını (CAT/C/UZB/3) nəzərdən keçirdi və digər rəylərlə yanaşı aşağıdakı yekin rəylərini (CAT/C/UZB/CO/3) qəbul etdi:
“6. Aşağıdakılar Komitədə narahatlıq doğurur:
a) çox vaxt cinayət prosesində istifadə etmək üçün etiraflar və ya məlumatlar almaqdan ötrü hüquq-mühafizə və istintaq əməkdaşları tərəfindən, yaxud onların təhriki və ya razılığı ilə törədilən işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərindən gündəlik fəaliyyətlərdə istifadə barədə çoxsaylı, davamlı və ziddiyyətsiz məlumatlar;
b) belə aktların adətən formal ittihamlar irəli sürülməzdən əvvəl və tutulmuş şəxsin fundamental təminatlardan, xüsusən vəkillə görüşmək hüququndan məhrum olduğu məhkəməyəqədər həbs müddətində baş verdiyi barədə mötəbər hesabatlar. Məlumatlara görə, dərc olunmuş qanunlara zidd olan prosedurlara icazə verən daxili normativ aktlardan istifadə praktikada bu vəziyyəti daha da kəskinləşdirir;
c) Konvensiyanı pozuntuları barədə bu cür məlumatlarla bağlı dərhal və qərəzsiz araşdırmaların aparılmaması…
9. Komitə həmçinin mötəbərə məlumatlar alıb ki, xaricdə sığınacaq axtaran və ölkələrinə qaytarılan bəzi şəxslər naməlum yerlərdə həbsdə saxlanılır və ola bilsin ki, Konvensiyanın pozuntularına məruz qalırlar…
11. Komitə hələ də narahatdır ki, vəziyyətin yaxşılaşdırılması barədə məlumatlara baxmayaraq, həbsxanada pis rəftar və çoxlu ölüm halları barədə çoxsaylı məlumatlar var, iddialara görə, ölüm hallarının bəziləri işgəncə və ya pis rəftardan sonra baş verib…”

61. “Geriyə yol yoxdur: Özbəkistanda işgəncə və pis rəftar” adlı noyabr 2007-ci il tarixli hesabatında “Human Rayts Votç” (Human Rights Watch) təşkilatı aşağıdakı təhlili təqdim edir:
“Məhbusları qorxutmaq, onların idarəsini qırmaq və onları etirafa və ya ifadə verməyə məcbur etmək üçün uzunmüddətli döymə halları polis və təhlükəsizlik qüvvələrinin nümayəndələri tərəfindən istifadə edilən adi metodlardan biridir. Onlar çox vaxt tutulmuş şəxsləri əlləri, yumruqları və ayaqları ilə vurmağa başlayır, sonra isə dəyənəklərdən, dolu su butulkalarından və müxtəlif digər vasitələrdən istifadə etməklə bu işi davam etdirirlər…
Bir neçə şəxs məlumat verdi ki, onlara elektroşoklar vasitəsilə işgəncə verilib, yaxud onlar polis tərəfindən məcbur ediliblər ki, başqalarına bu cür işgəncə verilməsinə baxsınlar…
Polis və təhlükəsizlik qüvvələrinin əməkdaşları bəzən məhbusların boğulması effektini yaratmaq üçün əleyhqazlardan və ya plastik kisələrdən istifadə edirlər. Köhnə üslublu əleyhqazı zorla qurbanın (bəzi hallarda qurban qandallarla stula bağlanır) başına keçirəndən sonra oksigen təchizatı kəsilir…”

62. ABŞ Dövlət Departamentinin ölkələrdə insan hüquqları ilə bağlı mövcud praktikaya dair 2008-ci il tarixli hesabatında (25 fevral 2009-cu ildə dərc olunub) Özbəkistanla bağlı aşağıdakı informasiya təqdim edilir:
“Konstitusiya və qanunvericilik bu cür praktikaları qadağan etsə də, hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin əməkdaşları tutulmuş şəxslərdən etiraflar və ya ittihamedici məlumatlar almaq üçün onları bir qayda olaraq döyür və ya onlarla başqa formada pis rəftar edirlər. İşgəncə və pis rəftar həbsxanalarda, məhkəməyə qədər saxlanma yerlərində, yerli polis və təhlükəsizlik xidməti məntəqələrində adi haldır. Məlumat mənbələri məcburi psixiatriya müalicəsi də daxil olmaqla bir neçə tibbi xarakterli pis rəftar barədə məlumat veriblər.
“Human Rayts Votç” (HRV) təşkilatının və BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin (İƏK) noyabr 2007-ci il tarixli hesabatlarında bu qənaətə gəlinib ki, işgəncə və pis rəftar istintaq prosesində sistematik haldır və BMT-nin Xüsusi Məruzəçisinin eyni nəticələrə gəldiyi işgəncələr barədə 2003-cü il tarixli hesabatından bəri vəziyyət yaxşılaşmayıb. İƏK-in hesabatında deyilir ki, işgəncə anlayışının elementlərinə aid olan Cinayət Məcəlləsinin 235-ci maddəsinə dəyişiklik edildiyinə baxmayaraq, pozuntulara görə cəzalar nadir hal olaraq qalır və cinayətlərin ağırlığını əks etdirmir…”

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

63. Ərizəçi şikayət etdi ki, ekstradisiya olunacağı təqdirdə Özbəkistanın hüquq-mühafizə orqanları tərəfindən işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalma riski ilə üzləşəcək, bu isə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edir. 3-cü maddədə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır”.

A. Şikayətin qəbuledilənliyi

64. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O daha sonra qeyd edir ki, şikayət hər hansı başqa səbəblərə görə qəbul olunmayan sayıla bilməz. Buna görə də o, qəbul olunan elan edilməlidir

B. Şikayətin mahiyyəti

1. Tərəflərin arqumentləri

65. Hökumət iddia etdi ki, ərizəçinin ekstradisiya olunacağı təqdirdə işgəncəyə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalacağına dair real risklə üzləşəcəyini düşünmək üçün əsaslı səbəblər yoxdur. Hökumət həmçinin bildirdi ki, Özbəkistanın hakimiyyət orqanlarından zəmanətlər alıb ki, ərizəçi işgəncəyə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayacaq, yaxud ölüm cəzasına məhkum olunmayacaq. O, hesab etdi ki, bu zəmanətlərə güvənmək olar. Üstəlik, Hökumət bildirdi ki, Özbəkistanın hakimiyyət orqanları müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş bütün zəruri zəmanətləri veriblər. Hökumət iddia etdi ki, işgəncə və pis rəftar Özbəkistanın daxili qanunvericiliyi ilə və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktla qadağan olunub, Özbəkistan isə həmin Paktın iştirakçısıdır.

66. Ərizəçi Özbəkistana ekstradisiya olunacağı real işgəncə və pis rəftar riski ilə üzləşəcəyini bildirərək iddia etdi ki, bu cür praktika Özbəkistanın hüquq-mühafizə orqanları tərəfindən geniş istifadə olunur. Bu məsələ ilə bağlı o, BMT təsisatlarının və beynəlxalq QHT-lərin müxtəlif hesabatlarına istinad etdi. Ərizəçi Özbəkistanın hakimiyyət orqanlarının zəmanətlərinin mötəbərliyinə güvənilməsinə etiraz etdi. Ərizəçi həmçinin bildirdi ki, o və ailəsinin bütün üzvləri əvvəllər Özbəkistanın hakimiyyət orqanları tərəfindən təqib olunublar və işgəncələrə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıblar. Bu iddiasının təsdiqi olaraq, o, Özbəkistanda pis rəftara məruz qaldıqları ilə bağlı ailə üzvlərinin təfsilatlı məlumatlarını təqdim etdi.

2. Məhkəmənin qiymətləndirməsi

67. Məhkəmənin oturuşmuş presedent hüququ göstərir ki, iştirakçı dövlətin ekstradisiya haqqında qərarı, şəxsin ekstradisiya olunacağı təqdirdə göndəriləcəyi ölkədə 3-cü maddəyə zidd olan rəftara məruz qalacağına dair real risklə üzləşəcəyini düşünmək üçün əsaslı səbəblər olarsa, 3-cü maddədə nəzərdə tutulmuş məsələni doğura və Konvensiya əsasında həmin dövlətin məsuliyyətinə səbəb ola bilər. Belə məsuliyyətin müəyyən edilməsi ekstradisiya üçün müraciət etmiş ölkədəki şəraitin Konvensiyanın 3-cü maddəsinin standartları baxımından qiymətləndirilməsini özündə ehtiva edir. Bununla belə, şəxsi qəbul edən ölkənin məsuliyyəti məsələsi nə beynəlxalq hüquq normaları, nə də Konvensiya və ya digər sənədlər əsasında yaranmır. Konvensiya əsasında yaranan və ya yarana bilən məsuliyyətə gəldikdə, söhbət şəxsi təhvil verən iştirakçı dövlətin məsuliyyətindən söhbət gedə bilər, bunun səbəbi ondan ibarətdir ki, şəxsin qadağan olunmuş pis rəftara məruz qalması həmin dövlətin gördüyü tədbirin birbaşa nəticəsidir (bax: Sörinq Birləşmiş Krallığa qarşı, 7 iyul 1989-cu il, 90-91-ci bəndlər, A seriyaları, № 161).

68. Ərizəçinin ölkədən çıxarılacağı təqdirdə 3-cü maddə ilə qadağan olunan rəftara məruz qalacağına dair real risklə qarşılaşacağının sübut edilib-edilmədiyini müəyyən edərkən, Məhkəmə bu məsələni ona təqdim edilmiş bütün materialların, yaxud zərurət olduqda öz təşəbbüsü ilə əldə etdiyi materialların işığında qiymətləndirir (bax: Kruz Varas və başqaları İsveçə qarşı, 20 mart 1991-ci il, 75-ci bənd, A seriyaları, № 201). Hazırkı işə bənzər işlərdə Məhkəmə ərizəçini qəbul edən ölkədəki ümumi vəziyyəti və ərizəçinin şəxsi keyfiyyətlərini nəzərə almaqla ərizəçinin oraya göndərilməsinin öncədən görülə bilən nəticələrini qiymətləndirməlidir (bax: Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il, 108-ci bənd, A seriyaları, № 215). Konkret ölkədəki ümumi vəziyyətin qiymətləndirilməsinə gəldikdə, bu məqsədlə Məhkəmə çox vaxt Birləşmiş Millətlər Təşkilatının insan hüquqları təsisatlarının və ya insan hüquqlarının müdafiəsi ilə məşğul olan müstəqil beynəlxalq assosiasiyaların son dövrlərdəki hesabatlarında yer alan informasiyalara mühüm əhəmiyyət verir (misal üçün bax: Çahal Birləşmiş Krallığa qarşı, 15 noyabr 1996-cı il, 99-100-cü bəndlər, Qərar və qərardadlar toplusu, 1996-V; Saadi İtaliyaya qarşı [Böyük Palatanın qərarı], ərizə № 37201/06, 143-146-cı bəndlər, AİHM 2008-…; və İsmoylov və başqaları Rusiyaya qarşı, ərizə № 2947/06, 117-123-cü bəndlər, 24 aprel 2008-ci il).

69. Məhkəmə bir daha bildirir ki, barəsində şikayət edilən tədbir icra olunacağı təqdirdə ərizəçinin 3-cü maddəyə zidd olaraq işgəncəyə məruz qalacağına dair real risklə qarşılaşacağını düşünmək üçün əsaslı səbəblərin olduğunu təsdiq edə bilən sübutları təqdim etmək prinsipcə ərizəçinin vəzifəsidir. Belə sübutlar təqdim edildiyi halda onların yaratdığı hər hansı şübhələri dağıtmaq Hökumətin vəzifəsidir (bax: Nnyanzi Birləşmiş Krallığa qarşı, ərizə № 21878/06, 53-cü bənd, 8 aprel 2008-ci il).

70. Özünün yuxarıda qeyd edilmiş presedent hüququna uyğun olaraq, Məhkəmə ərizəçinin Özbəkistana ekstradisiya olunacağı təqdirdə məlum faktlarla əlaqədar olaraq işgəncəyə məruz qalacağına dair real riskin mövcud olub-olmadığını müəyyən etməlidir.

71. Hazırkı işdə Məhkəmə, birincisi, Özbəkistanda insan hüquqlarının vəziyyəti ilə bağlı BMT-nin insan hüquqları təsisatlarının hesabatlarını və digər sənədləri nəzərə alır (yuxarıda 57-62-ci bəndlərə bax). Bu materiallara əsasən, cinayətdə şübhəli bilinən şəxslərdən və ya məhbuslardan etiraflar almaq üçün onlara qarşı Özbəkistanın hüquq-mühafizə orqanları tərəfindən işgəncə, mütəmadi döymə və güc tətbiqi halları barədə çoxlu sayda mötəbər məlumatlar var. Həmçinin məlumat verilir ki, işgəncə və pis rəftar barədə iddialar Özbəkistanın səlahiyyətli orqanları tərəfindən araşdırılmır. Bu hesabatların müəlliflərinin nüfuzunu və etibarlılığını, həmin hesabatların tərtib edilməsi üçün aparılmış araşdırmaların ciddiliyini və sözügedən məsələlərlə bağlı onların gəldiyi nəticələrin bir-birinə uyğun olduğunu nəzərə alaraq, Məhkəmədə onların etibarlılığına şübhə etmir.

72. Ərizəçinin şəxsi situasiyasına gəldikdə, Məhkəmə qeyd edir ki, sərəncamındakı materiallarda cinayət törətməkdə şübhəli bilinən etnik özbəklərlə müqayisədə cinayət törətməkdə şübhəli bilinən qeyri-özbək etnik mənşəli şəxslərlə fərqli rəftar edildiyini düşünməyə əsas verən hər hansı sübut yoxdur. Lakin görünür, həbsdə saxlanılan, cinayətdə şübhəli bilinən istənilən şəxs istər ondan etiraflar alınması üçün, istərsə də cinayətkar olduğuna görə cəzalandırılması üçün işgəncəyə, yaxud qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalacağına dair ciddi risklə üzləşir. Bundan başqa, Məhkəmə belə bir faktı görməyə bilməz ki, ərizəçinin bütün ailəsi Özbəkistanda həbsə alınıb və ya təzyiqə məruz qalıb, onların pis rəftar barədə məlumatları üst-üstə düşür və etibarlı görünür və bundan əvvəl ərizəçi şəxsən şübhəli şəraitdə həbsə alınıb və məhkum edilib. Məhkəmə qeyd edir ki, bundan əvvəl 2000-2001-ci ildə baş vermiş pis rəftarla bağlı ərizəçinin təsvir etdiyi mənzərə olduqca təfsilatlı və inandırıcıdır. Ərizəçinin siyasi motivli olmayan hüquq pozuntusuna görə axtarışda olduğuna baxmayaraq, Məhkəmə hesab edir ki, cinayətdə şübhəli bilinən şəxsin belə vəziyyətdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qalacağına dair ciddi risklə üzləşəcəyindən ehtiyatlanmaq üçün kifayət qədər əsaslar var (müqayisə et: Soldatenko Ukraynaya qarşı, ərizə № 2440/07, 72-ci bənd, 23 oktyabr 2008-ci il).

73. Üstəlik, cavabdeh Hökumət Özbəkistanda insan hüquqlarının vəziyyəti ilə bağlı müxtəlif beynəlxalq hesabatlarda təqdim edilən məlumatları təkzib edə bilən hər hansı sübut və ya hesabat təqdim etməyib. Son illərdə Özbəkistanda işgəncələrə qarşı müdafiə sahəsində hər hansı əsaslı yaxşılaşmanın olduğunu göstərən hər hansı sübut da təqdim edilməyib. İşgəncənin və pis rəftarın Özbəkistanın daxili qanunvericiliyində və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə qadağan olunduğu barədə Hökumətin arqumentinə gəldikdə, Məhkəmə bir daha xatırladır ki, hazırkı işdə olduğu kimi mötəbər mənbələr hakimiyyət orqanlarının Konvensiyadakı prinsiplərə açıq-aşkar zidd olan praktikaları tətbiq etdiyi və ya onlara dözümlülüklə yanaşdığı barədə məlumat verirlərsə, özlüyündə daxili qanunların mövcud olması və təməl hüquqlara hörməti təmin edən beynəlxalq müqavilələrə qoşulma prinsipcə pis rəftar riskinə qarşı adekvat müdafiəni təmin etmək üçün yetərli deyil (bax: Saadinin işi üzrə yuxarıda asdı çəkilən qərar, 147-ci bənd; Muminov Rusiyaya qarşı, ərizə № 42502/06, 96-cı bənd, 11 dekabr 2008-ci il).

74. Ərizəçinin işində Özbəkistanın hakimiyyət orqanlarından konkret zəmanətlərin alındığı barədə Hökumətin arqumentlərinə gəldikdə, Məhkəmə qeyd edir ki, Özbəkistanın baş prokurorunun müavini 31 iyul 2008-ci il tarixli məktubunda yazmışdı ki, ərizəçi ekstradisiyadan sonra işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmayacaq. Lakin Məhkəmə qeyd edir ki, baş prokurorunun müavininin və ya onun təmsil etdiyi qurumun dövlətin adından bu cür zəmanətlər vermək səlahiyyətinə malik olub-olmadığı ümumiyyətlə müəyyən edilməyib (müqayisə et: Soldatenkonun işi üzrə yuxarıda adı çəkilən qərar, 73-cü bənd). İstənilən halda, hətta belə zəmanətlər alınsa belə, onlar özlüyündə pis rəftar riskinə qarşı adekvat müdafiəni təmin etmək üçün yetərli deyil və ərizəçini Konvensiya ilə qadağan olunan rəftara məruz qalma riskindən müdafiə etmək üçün həmin zəmanətlərin praktiki cəhətdən yetərli təminat təşkil edib-etmədiyini araşdırmaq öhdəliyindən Məhkəməni azad etmir (bax: Saadinin işi üzrə yuxarıda adı çəkilən qərar, 148-ci bənd). İnsan hüquqlarına dair nüfuzlu beynəlxalq hesabatlarda təsvir edilmiş işgəncə praktikasının sistematik olduğunu nəzərə alaraq, Məhkəmə əmin deyil ki, Özbəkistanın hakimiyyət orqanlarının zəmanətləri pis rəftar riskinə qarşı güvənilə bilən təminat təşkil edir.

75. Birlikdə götürüldükdə yuxarıdakı mülahizələr Məhkəmənin bu qənaətə gəlməsi üçün yetərlidir ki, ərizəçinin Özbəkistana ekstradisiyası Konvensiyanın 3-cü maddəsini pozmuş olacaq.

II. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

76. Ərizəçi şikayət etdi ki, ekstradisiya olunacağı təqdirdə bu ekstradisiyaya işgəncə və ya pis rəftar riskinin mövcudluğu səbəbindən etiraz etmək üçün səmərəli hüquqi müdafiə vasitəsinə malik olmayıb. 13-cü maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.

A. Şikayətin qəbuledilənliyi

77. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O daha sonra qeyd edir ki, şikayət hər hansı başqa səbəblərə görə qəbul olunmayan sayıla bilməz. Buna görə də o, qəbul olunan elan edilməlidir.

B. Şikayətin mahiyyəti

1. Tərəflərin arqumentləri

78. Hökumət bildirdi ki, ərizəçi CPM-in 449-451-ci maddələrinə əsasən səmərəli hüquqi müdafiə vasitələrinə malik idi, həmin maddələrə görə, cinayət təqibi orqanlarının istənilən qərarından daxili məhkəmələrə şikayət edilə bilər.

79. Ərizəçi bildirdi ki, onun çoxsaylı müraciətlərinə baxmayaraq, işgəncə və ya pis rəftar riski ilə bağlı şikayətlərinin heç biri nə baş prokurorluq, nə də daxili məhkəmələr tərəfindən araşdırılmayıb. O, iddia etdi ki, bu, Azərbaycanda bu cür şikayətlərlə bağlı daxili hüquqi müdafiə vasitələrinin səmərəsizliyini nümayiş etdirib.

2. Məhkəmənin qiymətləndirməsi

80. Məhkəmə bir daha xatırladır ki, Konvensiyanın 13-cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların daxili hüquq sistemində hansı formada nəzərdə tutulmasından asılı olmayaraq, onlara riayət edilməsinə milli səviyyədə nail olmağa imkan verən müdafiə vasitələrinin olmasını təmin edir. Bir qayda olaraq, ayrıca bir müdafiə vasitəsi özlüyündə 13-cü maddənin tələblərinə cavab verməsə belə, daxili qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrinin məcmusu həmin tələblərə cavab verə bilər (bax: Kudla Polşaya qarşı [Böyük Palatanın qərarı], ərizə № 30210/96, 157-ci bənd, AİHM 2000-XI). 13-cü maddənin tətbiqinin mümkünlüyü üçün Konvensiyanın maddi hüquq norması üzrə tələb əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin 3-cü maddə üzrə “tələbi əsaslıdır” və buna görə də, 13-cü maddə hazırkı işə tətbiq edilə bilər.

81. 13-cü maddə ilə tələb olunan hüquqi müdafiə vasitəsi konkret olaraq o mənada praktiki və hüquqi cəhətdən “səmərəli” olmalıdır ki, ondan istifadə cavabdeh dövlətin hakimiyyət orqanlarının hərəkətləri və ya hərəkətsizliyi vasitəsilə əsassız olaraq çətinləşdirilməsin (bax: Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, 95-ci bənd, Qərar və qərardadlar toplusu, 1996-VI). Bununla belə, 13-cü maddədə nəzərdə tutulan mənada “hüquqi müdafiə vasitəsinin” “səmərəliliyi” işin nəticəsinin ərizəçinin xeyrinə olacağı ilə bağlı əminlikdən asılı deyil (bax: Konka Belçikaya qarşı, ərizə № 51564/99, 75-ci bənd, AİHM 2002-I).

82. Məhkəmə daha sonra qeyd edir ki, dövlətin 13-cü maddə üzrə öhdəliyinin hüdudları ərizəçinin Konvensiya üzrə şikayətinin xarakterindən asılı olaraq fərqlidir. Ekstradisiya kontekstində, iddia edilən işgəncə və ya pis rəftar riski reallaşacağı təqdirdə baş verəcək ziyanın düzəldilməsinin mümkün olmayacağını və Məhkəmənin 3-cü maddəyə verdiyi önəmi nəzərə alaraq, 13-cü maddədə nəzərdə tutulan səmərəli hüquqi müdafiə vasitəsi anlayışı tələb edir ki: 1) ərizəçi təyinat ölkəsinə ekstradisiya olunacağı təqdirdə 3-cü maddəyə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin olduğu barədə iddia müstəqil surətdə və ciddi şəkildə yoxlanılsın; və 2) nəticələrini sonradan düzəltmək mümkünsüz olan tədbirlərin tətbiqinin dayandırılması üçün səmərəli vasitələr təmin edilsin (bax: Muminovun işi üzrə yuxarıda adı çəkilən qərar, 101-ci bənd, sonrakı istinadlarla).

83. Hazırkı işin hallarına qayıdaraq, Məhkəmə qeyd edir ki, 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən qəbul edilib. Bununla bağlı Məhkəmə qeyd edir ki, ekstradisiya qərarının çıxarılması proseduru sahəsində Azərbaycanın daxili qanunvericiliyi və Azərbaycanın hüquq-mühafizə orqanlarını praktikası aydın deyil. Ekstradisiya haqqında Qanunun 8.1-ci maddəsinə əsasən, ekstradisiya haqqında qərar çıxarmaq səlahiyyəti Ağır cinayətlərə dair işlər üzrə məhkəməyə verilib və o, əsaslandırılmış qərar çıxarmalıdır (yuxarıda 51-ci bəndə bax), lakin eyni zamanda, CPM-in 496.1-ci maddəsi cinayət təqibi orqanına ekstradisiya haqqında qərar çıxarmaq səlahiyyəti verir (yuxarıda 49-cu bəndə bax). Bu uyğunsuzluq hazırkı işdə izah olunmayıb. İstənilən halda, Məhkəmədən müvafiq qanunvericiliyin və praktikanın Konvensiyaya uyğunluğunu nəzəri (mücərrəd) formada yoxlamaq deyil, ərizəçinin ixtiyarında Konvensiyanın 13-cü maddəsinin tələblərinə uyğun olan, onun maddi-hüquqi şikayəti ilə bağlı hüquqlarını təmin edə bilən hüquqi müdafiə vasitəsinin olub-olmadığını müəyyən etmək tələb olunur (digər qərarlarla yanaşı bax: G.H.H. və başqaları Türkiyəyə qarşı, ərizə № 43258/98, 34-cü bənd, AİHM 2000-VIII).

84. Məhkəmə bir daha xatırladır ki, ölkədən çıxarılma və ekstradisiya tədbirlərindən şikayətlərlə bağlı məhkəmə nəzarəti qaydasında icraat prinsipcə Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan mənada səmərəli hüquqi müdafiə vasitəsidir, bu şərtlə ki, məhkəmələr icra hakimiyyətinin öz səlahiyyəti çərçivəsində çıxardığı qərarların maddi-hüquqi və prosessual əsaslarına səmərəli şəkildə yenidən baxmaq və lazımi hallarda onları ləğv etmək imkanına malik olsunlar (bax: Slivenko Latviyaya qarşı [Böyük Palatanın qərardadı], ərizə № 48321/99, 99-cu bənd, AİHM 2002-II, çıxarışlar). Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi baş prokurorun ekstradisiya barədə qərarından Səbail rayon məhkəməsinə və Baklı Apellyasiya Məhkəməsinə şikayət edib. Lakin Məhkəmə qeyd edir ki, ərizəçi işgəncə və ya pis rəftar riskindən açıq-aydın şikayət etdiyinə və bununla bağlı onun iddialarının kifayət qədər ciddi olduğuna baxmayaraq, daxili məhkəmələr onun arqumentlərinə məhəl qoymayıblar. Daxili məhkəmələrin qərarlarında Özbəkistanda işgəncə və pis rəftar riski ilə bağlı bir söz deyilmir və ərizəçinin ekstradisiya məsələsini araşdırarkən bu məhkəmələrin həmin mülahizələri nəzərə aldıqları görünmür.

85. Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçi işgəncə və ya pis rəftar riski ilə əlaqədar olaraq ekstradisiya qərarına etiraz etmək üçün səmərəli hüquqi müdafiə vasitəsi ilə təmin olunmayıb. Müvafiq olaraq, Konvensiyanın 13-cü maddəsi pozulub.

III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1 (f) VƏ 4-CÜ BƏNDLƏRİNİN POZUNTUSU İDDİASI

86. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1 (f) bəndinə əsasən şikayət etdi ki, onun ekstradisiyaya qədər həbsdə saxlanılması qanunsuz olub. 5-ci maddənin 1 (f) bəndinin müvafiq hissəsində deyilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:

f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması”.

87. O, həmçinin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən şikayət etdi ki, həbsə alınmasının qanuniliyi məsələsindən məhkəməyə şikayət etmək imkanına malik olmayıb. 5-ci maddənin 4-cü bəndində deyilir:
“Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir”.

A. Şikayətlərin qəbuledilənliyi

88. Məhkəmə qeyd edir ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O daha sonra qeyd edir ki, şikayətlər hər hansı başqa səbəblərə görə qəbul olunmayan sayıla bilməz. Buna görə də onlar qəbul olunan elan edilməlidir

B. Şikayətlərin mahiyyəti

1. Tərəflərin arqumentləri

89. Hökumət ərizəçinin iddialarına etiraz etdi. O, qeyd etdi ki, Beyləqan rayon məhkəməsinin 10 aprel 2008-ci il tarixli həbs qərarı qanuni idi və Buxara Beyləqan vilayət məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarına əsaslanmışdı. Hökumət iddia etdi ki, ərizəçinin ittiham edildiyi hüquq pozuntusunun ağırlığı və ərizəçinin gizlənməsi riski həbs qətimkan tədbirinin tətbiqinə haqq qazandırırdı.

90. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə gəldikdə, Hökumət bildirdi ki, ərizəçi həbsinin qanuniliyi məsələsinə etiraz etmək üçün CPM-in 449-451-ci maddələrinə əsasən səmərəli hüquqi müdafiə vasitələrinə malik idi. Hökumət qeyd etdi ki, həmin maddələrə əsasən, cinayət təqibi orqanlarının istənilən qərarlarından daxili məhkəmələrə şikayət edilə bilərdi.

91. Ərizəçi Hökumətlə razılaşmadı və qeyd etdi ki, onun həbsə alınması 5-ci maddəsinin 1 (f) bəndinin tələblərinə uyğun deyildi. Konkret olaraq, ərizəçi bildirdi ki, həbs qərarında həbsdə saxlanma müddəti göstərilməmişdi. Ərizəçi qeyd etdi ki, adi cinayət icraatı çərçivəsində ağır cinayətlərdə ittiham olunan şəxslər barəsində həbsdə saxlanma müddəti on iki aydan artıq ola bilməz (CPM-in 157-159-cu maddələri). Lakin onun həbsdə saxlanıldığı dövr bu müddətdən artıq olub.

92. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi üzrə şikayətə gəldikdə, ərizəçi bildirdi ki, ekstradisiyaya qədər həbsdə saxlanılmasının qanuniliyi məsələsinə məhkəmə tərəfindən baxılması mümkün deyildi və onun həbsdə saxlanılması hər hansı məhkəmə baxışı və ya qərarı olmadan qeyri-müəyyən müddətə davam edib.

2. Məhkəmənin qiymətləndirməsi

a) Konvensiyanın 5-ci maddəsinin 1 (f) bəndi

93. Məhkəmə bir daha bildirir ki, 5-ci maddə təməl insan hüququnu, yəni şəxsin azadlıq hüququna dövlətin əsassız müdaxiləsinə qarşı şəxsin müdafiəsini təsbit edir (bax: Aksoyun işi üzrə yuxarıda adı çəkilən qərar, 76-cı bənd). 5-ci maddənin 1-ci bəndinin (a)-(f) yarımbəndlərində şəxsin azadlıqdan məhrum edilməsinə imkan verən əsasların tam siyahısı verilir və bu əsasların siyahısına düşməyən azadlıqdan məhrumetmə qanuni deyil (bax: Saadi Birləşmiş Krallığa qarşı [Böyük Palatanın qərarı], ərizə № 13229/03, 43-cü bənd, AİHM 2008-…). Hazırkı işdə tərəflər arasında bu məsələdə razılıq var ki, ərizəçi, “barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan” şəxs idi və onun həbsi 5-ci maddənin 1 (f) bəndinin tətbiq dairəsinə düşürdü. Lakin tərəflər arasında fikir ayrılığı ondan ibarətdir ki, bu həbs 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulan mənada “qanuni” idimi?

94. Məhkəmə qeyd edir ki, 5-ci maddənin 1 (f) bəndi tələb etmir ki, barəsində ekstradisiya məqsədi ilə tədbir görülən şəxsin tutulması, məsələn, onun törədəcəyi hüquq pozuntusunun qarşısını almaq və ya gizlənməsinə mane olmaq üçün ağlabatan zəruri tədbir hesab edilsin. Bu baxımdan 5-ci maddənin 1 (f) bəndi 5-ci maddənin 1 (c) bəndindən fərqlənən müdafiə səviyyəsini nəzərdə tutur: (f) yarımbəndinə əsasən tələb olunan yeganə şey bundan ibarətdir ki, “tədbir deportasiya və ya ekstradisiya məqsədi ilə həyata keçirilsin”. Buna görə də, 5-ci maddənin 1 (f) bəndinin məqsədləri baxımından önəmli deyil ki, ölkədən çıxarılma haqqında qərar milli qanunvericiliklə, yoxsa Konvensiya normaları ilə əsaslandırılır (bax: Konkanın işi üzrə yuxarıda adı çəkilən qərar, 38-ci bənd; və Çahalın işi üzrə yuxarıda adı çəkilən qərar, 112-ci bənd).

95. Bununla belə, Məhkəmə bir daha xatırladır ki, 5-ci maddənin 1 (f) bəndinin məqsədləri baxımından ərizəçinin həbsinin “qanuni” olub-olmadığını araşdırmaq onun öhdəsinə düşür və bu zaman o, milli hüquq sistemində nəzərdə tutulmuş təminatlara xüsusi diqqət yetirir. Söhbət həbsin “qanuniliyindən”, o cümlədən qanunla müəyyən olunmuş qaydaya riayət edilməsi məsələsindən gedirsə, Konvensiya mahiyyət etibarı ilə milli qanunvericiliyə istinad edir və milli qanunvericilikdəki maddi-hüquqi və prosessual normalara riayət etmək öhdəliyini nəzərdə tutur, amma bundan əlavə, o, hər hansı azadlıqdan məhrumetmənin 5-ci maddənin məqsədinə uyğun olmasını tələb edir, həmin məqsəd isə şəxsi qanunsuz həbsdən müdafiə etməkdir (bax: Amyur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-III, 50-ci bənd).

96. Buna görə də Məhkəmə müəyyən etməlidir ki, daxili qanunvericiliyin özü Konvensiyaya, o cümlədən orada birbaşa ifadə edilən və ya dolayası ilə nəzərdə tutulan ümumi prinsiplərə uyğundurmu? Bu sonuncunu məsələ ilə bağlı Məhkəmə vurğulayır ki, söhbət azadlıqdan məhrumetmədən getdiyi hallarda xüsusilə vacibdir ki, hüquqi müəyyənlik prinsipinə riayət edilsin. Buna görə də bu hal mühüm əhəmiyyət daşıyır ki, azadlıqdan məhrumetmənin Konvensiyada nəzərdə tutulmuş “qanunilik” standartına cavab verməsi üçün azadlıqdan məhrumetmənin daxili qanunvericilikdə nəzərdə tutulmuş şərtləri kifayət qədər aydın ifadə edilməli və qanunun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır, həmin standart tələb edir ki, bütün qanunlar konkret hərəkətin doğura biləcəyi nəticələri şəxsin mövcud şəraitdə ağlabatan dərəcədə öncədən görə bilməsinə (zərurət olduqda müvafiq hüquqi məsləhət almaqla) imkan vermək üçün kifayət qədər aydın olmalıdır ki, hərəkətin qanunsuz olması riskindən yaxa qurtarmaq mümkün olsun (bax: Yesius Litvaya qarşı, ərizə № 34578/97, 56-cı bənd, AİHM 2000-IX; və Baranovski Polşaya qarşı, ərizə № 28358/95, 50-52-ci bəndlər, AİHM 2000-III).

97. Məhkəmə qeyd edir ki, ərizəçinin həbsə alınması barədə qərar 20 noyabr 2001-ci ildə Buxara vilayət məhkəməsi tərəfindən çıxarılmış qərara əsaslanmışdı, həmin qərarda həbsin müddəti göstərilməmişdi. 10 aprel 2008-ci ildə Beyləqan rayon məhkəməsi Buxara vilayət məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarını təsdiq etdi və göstəriş verdi ki, ekstradisiya qərarı qəbul edilənə qədər ərizəçi həbsdə saxlanılsın. Beyləqan rayon məhkəməsi ərizəçinin həbsdə saxlanılmasının müddətini göstərmədi.

98. Məhkəmə qeyd edir ki, hazırkı şikayətdə əsas məsələ onunla əlaqədardır ki, məhkəmə qərarı ekstradisiya həyata keçirilənə qədər ərizəçinin qeyri-müəyyən müddətə həbsdə saxlanılması üçün yetərli idimi? (müvafiq dəyişikliklərlə bax: Nasrulloyev Rusiyaya qarşı, ərizə № 656/06, 73-cü bənd, 11 oktybar 2007-ci il; və Muminovun işi üzrə yuxarıda adı çəkilən qərar, 120-ci bənd). Bu məsələ ilə bağlı ərizəçi iddia etdi ki, cinayət prosesində məhkəməyəqədər həbsin ümumi şərtləri ilə bağlı CPM-in müddəaları (yuxarıda 47-ci bəndə bax) onun situasiyasına tətbiq edilməli idi. Məhkəmə qeyd edir ki, Hökumət ərizəçinin ekstradisiyaya qədər qeyri-müəyyən müddətə həbsdə saxlanılmasını tənzimləyən konkret hüquq normaları barədə hər hansı informasiya təqdim etməyib.

99. Məhkəmə qeyd edir ki, daxili qanunvericilik ümumi cinayət icraatı çərçivəsində “istintaq aparıldığı müddətdə” həbsdə saxlanılmanı təfsilatlı şəkildə tənzimləyir və cinayət işi üzrə müttəhimlərin məhkəməyəqədər həbsdə saxlanılmasının konkret müddətlərini müəyyən edir. Lakin daxili qanunvericilikdə konkret olaraq “ekstradisiya məqsədi ilə” həbsə alma hallarına tətbiq edilən müddətlə bağlı heç bir norma yoxdur. Məhkəmə qeyd edir ki, ekstradisiya məqsədi ilə həbsə alma barədə qərarın çıxarılmasını, həbsin müddətini və həmin müddətin uzadılmasını müəyyən edən aydın hüquq normalarının olmadığı bir şəraitdə ərizəçinin məruz qaldığı azadlıqdan məhrumetmə qanunsuzluqlara qarşı adekvat təminatlarla müşayiət olunmamışdı.

100. Məhkəmə daha sonra qeyd edir ki, hətta fərq etsək ki, cinayət icraatında məhkəməyəqədər həbsin ümumi şərtlərini tənzimləyən normalar (CPM-in 158-ci maddəsi) ekstradisiyaya qədər həbsdə saxlanılma hallarına şamil oluna bilər, belə görünür ki, milli hüquq sistemi ərizəçini əsassız həbsdən müdafiə etməyib. CPM-də həbs tədbirinə konkret zaman intervalları ilə yenidən baxılması nəzərdə tutulur və məhkəmələrin tutulmuş şəxsin həbsdə saxlanılmasının davam etməsini əsaslandıran qərarlar çıxarması tələb olunur. Hazırkı işdə bunların heç biri edilməyib. Başqa sözlə, ərizəçinin həbsdə saxlanılması adi şübhəli və ya təqsirləndirilən şəxslərin malik olduqları hər hansı zəmanət və təminatlarla müşayiət olunmayıb (müvafiq dəyişikliklərlə bax: Nasrulloyevin işi üzrə yuxarıda adı çəkilən qərar, 76-cı bənd).

101. Yuxarıdakı mülahizələr Məhkəmənin bu qənaətə gəlməsi üçün yetərlidir ki, ekstradisiya məqsədi ilə tutulan şəxslərin həbsdə saxlanılmasını tənzimləyən Azərbaycan qanunvericiliyinin müddəalarında aydınlıq yoxdur, onların tətbiqinin nəticələrini öncədən görmək mümkün deyil və onlar Konvensiya əsasında tələb olunan “qanunun keyfiyyəti” standartına cavab vermir.

102. Müvafiq olaraq, Konvensiyanın 5-ci maddəsinin 1 (f) bəndinin pozuntusu baş verib.

b) Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi

103. Məhkəmə bir daha xatırladır ki, 5-ci maddənin 4-cü bəndinin məqsədi tutulmuş və həbsə alınmış şəxslərin onlara qarşı görülmüş bu tədbirin qanuniliyinə məhkəmə tərəfindən nəzarət edilməsi hüququnu təmin etməkdir (müvafiq dəyişikliklərlə bax: De Vilde, Ooms və Versip Belçikaya qarşı, 18 iyun 1971-ci il, A seriyaları, № 12). Şəxs həbsdə saxlanıldığı müddətdə həbsinin qanuniliyinə məhkəmə tərəfindən tez bir zamanda baxılması üçün onun ixtiyarında hüquqi müdafiə vasitəsi olmalıdır, elə bir vasitə ki, müvafiq hallarda onun azad edilməsini təmin edə bilsin. 5-ci maddənin 4-cü bəndi ilə tələb olunan hüquqi müdafiə vasitəsinin mövcudluğu təkcə nəzəri cəhətdən deyil, həm də praktiki cəhətdən kifayət qədər aydın olmalıdır, belə olmasa, həmin vasitə bu maddənin məqsədləri üçün tələb olunan əlçatanlıq və səmərəlilik keyfiyyətlərindən məhrum olar (müvafiq dəyişikliklərlə bax: Stoiçkov Bolqarıstana qarşı, ərizə № 9808/02, 66-cı bənd, 24 mart 2005-ci il; və Vaçev Bolqarıstana qarşı, ərizə № 42987/98, 71-ci bənd, AİHM 2004-VIII, çıxarışlar).

104. Hazırkı işin hallarına qayıdaraq Məhkəmə qeyd edir ki, 1993-cü il tarixli Minsk Konvensiyasında ekstradisiyaya qədər həbsdə saxlanılma qərarından şikayət etmək qaydası barədə hər hansı normalar yer almayıb. Müvafiq olaraq, ərizəçi həbsdə saxlanılmasının qanuniliyindən şikayət etmək üçün Konvensiyadan irəli gələn hər hansı hüquqi müdafiə vasitələrinə malik olmayıb (bax: Curayev Rusiyaya qarşı, ərizə № 38124/07, 58-ci bənd, 17 dekabr 2009-cu il).

105. Məhkəmə Hökumətin belə bir arqumentini qəbul edə bilməz ki, CPM-in 449-451-ci maddələri ərizəçiyə həbsdə saxlanılmaqda davam etməsinin qanuniliyinin yoxlanılması üçün məhkəmə icraatına başlamaq imkanı verir. Bu maddələrə diqqət yetirərək Məhkəmə qeyd edir ki, onlar ərizəçinin ümumi hüququnu – cinayət təqibi orqanlarının hərəkətlərindən və qərarlarından daxili məhkəmələrə şikayət etmək hüququnu nəzərdə tutur. Lakin ərizəçinin situasiyası elədir ki, ərizəçini ekstradisiya edib-etməmək məsələsini cinayət təqibi orqanı həll etsə də, ekstradisiya qərarı çıxarılanadək onun həbsdə saxlanılması barədə qərar məhkəmə tərəfindən qəbul edilə bilərdi (və qəbul edilmişdi). Belə olan halda Məhkəmə başa düşmür ki, ərizəçi həbsdə saxlanılmaqda davam etməsinin qanuniliyi məsələsinə baxılması üçün CPM-in 449-451-ci maddələrində nəzərdə tutulmuş prosedurdan necə istifadə edilə bilərdi, axı sadəcə olaraq onun həbsi barədə qərar “cinayət təqibi orqanının hərəkəti və ya qərarı” deyildi. Bu səbəblərə görə Məhkəmə hesab edə bilməz ki, Hökumətin istinad etdiyi normalar Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi ilə tələb olunan məhkəmə nəzarəti növünü təmin edib.

106. Məhkəmə qeyd edir ki, ərizəçi ilkin həbsinə qarşı Səbail rayon məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Lakin ərizəçinin 5-ci maddənin 4-cü bəndi üzrə şikayətinin məğzi onun ilkin həbsinin qanuniliyinə baxılması ilə deyil, həbsdə saxlanılmaqda davam etməsinin qanuniliyinə məhkəmə tərəfindən baxılması imkanına malik olmaması ilə əlaqədar idi (müvafiq dəyişikliklərlə bax: İsmoylov və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, 146-cı bənd). Hökumət sübuta yetirmədi ki, ərizəçi bu məqsədlə məhkəmə icraatına başlamaq imkanına malik idi. Bundan başqa, Məhkəmə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi üzrə gəldiyi qənaətə – ekstradisiyaya qədər həbsdə saxlanılma prosedurunu tənzimləyən, nəticələri öncədən görülə bilən hüquq normalarının olmadığı barədə qənaətə istinad edir. O, hesab edir ki, onun gəldiyi bu qənaət hazırkı işin halları baxımından ərizəçinin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi üzrə şikayətinə də aiddir, çünki Hökumət ərizəçinin ixtiyarında həbsdə saxlanılmaqda davam etməsinin qanuniliyinə məhkəmə tərəfindən baxılmasına imkan verən hər hansı aydın və nəticələri öncədən görülə bilən prosessual hüquqi baza olduğunu sübut edə bilməyib.

107. Buradan belə nəticə çıxır ki, ərizəçi ekstradisiyaya qədər həbsdə saxlanıldığı bütün müddət ərzində onun ixtiyarında həbsdə saxlanılmasının qanuniliyinə məhkəmə tərəfindən baxılması üçün hər hansı prosedur olmayıb. Buna görə də, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulub.

III. KONVENSİYANIN İDDİA EDİLƏN DİGƏR POZUNTULARI

A. Konvensiyanın 6-cı maddəsi

108. Ərizəçi şikayət etdi ki, 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarından onun şikayəti ilə bağlı icraat ədalətsiz olub və məhkəmələr müvafiq qanunvericiliyi yanlış şərh ediblər. 6-cı maddənin bu işə aidiyyəti olan müvafiq hissəsində deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, … işinin ədalətli … araşdırılması hüququna malikdir”.

109. Məhkəmə bir daha xatırladır ki, əcnəbilərin ölkəyə girişi, orada qalması və deportasiyası ilə bağlı qərarların Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada ərizəçinin mülki hüquq və vəzifələrinin müəyyən edilməsinə və ya ona qarşı hər hansı cinayət ittihamının irəli sürülməsinə aidiyyəti yoxdur (bax: Mamatkulov və Askarov Türkiyəyə qarşı [Böyük Palatanın qərarı], ərizələr № 46827/99 və 46951/99, 82-ci bənd, AİHM 2005-I; Maauia Fransaya qarşı [Böyük Palatanın qərarı], ərizə № 39652/98, 40-cı bənd, AİHM 2000-X).

110. Müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi bu işə tətbiq edilə bilməz.

111. Buradan belə nəticə çıxır ki, bu şikayət mahiyyətinə görə (ratione materiae) 35-ci maddənin 3-cü bəndində nəzərdə tutulan mənada Konvensiyanın müddəalarına uyğun deyil və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

B. Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi

112. Ərizəçi Azərbaycan vətəndaşlığına olan iddiasına xələl gətirmədən şikayət etdi ki, onun ekstradisiyası ilə bağlı ölkədaxili icraatda Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsinin 1 (a) və (b) yarımbəndlərində nəzərdə tutulmuş yetərli prosessual təminatlar olmayıb, həmin yarımbəndlərdə deyilir:
“1. Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul olunmuş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdır:
a) özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək;
b) öz işinə yenidən baxılmasını tələb etmək; …”

113. Məhkəmə qeyd edir ki, Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi “qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbilərin” oradan çıxarılmasına aiddir. Həmin maddənin məqsədi üçün “çıxarılma” anlayışı ölkədə qanuni yaşayan əcnəbini, ekstradisiya istisna olmaqla, ölkə ərazisini tərk etməyə məcbur edən istənilən tədbirləri əhatə edir (bax: Bolat Rusiyaya, ərizə № 14139/03, 79-cu bənd, AİHM 2006-XI, çıxarışlar). Hazırkı işdə ərizəçi ekstradisiya ilə qarşılaşdığına görə Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsi üzrə hər hansı məsələ meydana çıxmır.

114. Müvafiq olaraq, bu şikayət açıq-aydın əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.

C. Konvensiyanın 4 saylı Protokolunun 3-cü maddəsi

115. Ərizəçi şikayət etdi ki, vətəndaşı olduğu Azərbaycan Respublikasının ərazisindən çıxarılması 4 saylı Protokolun 3-cü maddəsini pozmuş olacaq. 4 saylı Protokolun 3-cü maddəsinin müvafiq hissəsində deyilir:
“1. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən fərdi və ya kollektiv qaydada çıxarıla bilməz…”
116. Məhkəmə qeyd edir ki, ərizəçi Məhkəmənin qarşısında ilk dəfə bu şikayəti Hökumətin qeydlərinə cavab olaraq təqdim etdiyi 2 noyabr 2009-cu il tarixli qeydlərində qaldırıb. Ərizəçinin vətəndaşlığı ilə bağlı icraatda yekun qərarın Ali Məhkəmənin 11 mart 2009-cu il tarixli qərarı olduğunu nəzərə alaraq, Məhkəmə qeyd edir ki, bu şikayət vaxtından gec verilib və altı aylıq qayda haqqında tələbə uyğun deyil.

117. Müvafiq olaraq, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.

IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

118. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.

A. Ziyan

1. Maddi ziyan

119. Ərizəçi əməkhaqqını itirdiyinə görə məruz qaldığı maddi ziyanın əvəzində ümumilikdə 9.000 yeni Azərbaycan manatı (AZN) tələb etdi. Bu iddiasının təsdiqi üçün ərizəçi bəzi ödəniş qəbzlərinin surətlərini təqdim etdi və iddia etdi ki, onlar həbsə alınana qədər onun orta aylıq əməkhaqqının məbləğini göstərir.

120. Hökumət bu tələbə etiraz edərək qeyd etdi ki, ərizəçi iddialarınmı əsaslandıra bilməyib. Konkret olaraq, Hökumət iddia etdi ki, təqdim edilmiş qəbzlər ərizəçinin adına yazılmayıb.

121. Məhkəmə qeyd edir ki, hətta əvəzinin ödənilməsi tələb olunan ziyanla aşkar edilmiş pozuntular arasında səbəbiyyət əlaqəsinin olduğunu fərz etsək belə, ərizəçi tərəfindən təqdim edilmiş ödəniş qəbzləri başqa şəxsin adına yazılıb və ərizəçinin iddia edilən əməkhaqqı ilə onların hər hansı əlaqəsinin olduğunu göstərən heç nə yoxdur. Məhkəmə qeyd edir ki, ərizəçi bu tələbini təsdiq edən hər hansı başqa sübut təqdim etməyib. Konkret olaraq, o, hər hansı əmək müqaviləsi və ya gəlirlərini təsdiq edən digər sənədlər təqdim etməyib. Buna görə də Məhkəmə ərizəçinin maddi ziyanla bağlı tələbini rədd edir.

2. Mənəvi ziyan

122. Ərizəçi mənəvi ziyana görə 40.000 avro tələb etdi. Ərizəçi daha sonra Məhkəmədən xahiş etdi ki, cavabdeh Hökumətin onu həbsdən azad etməsi və Azərbaycan qanunvericiliyinə ekstradisiya məqsədi ilə həbsdə saxlanılmanı tənzimləyən dəyişiklər edilməsi barədə qərar çıxarsın.

123. Hökumət tələb olunan məbləği əsassız və həddən artıq hesab edərək ona etiraz etdi. O, hesab etdi ki, istənilən halda, pozuntunun müəyyən edilməsi əvəzin yetərincə ədalətli ödənilməsini təşkil edir.

124. Məhkəmə hesab edir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və bu ziyan sadəcə pozuntuların aşkar edilməsi ilə kompensasiya oluna bilməz, buna görə də ona kompensasiya təyin olunmalıdır. Lakin tələb olunan məbləğ həddən artıq çoxdur. Qiymətləndirməni Konvensiyanın 41-ci maddəsi ilə tələb olunduğu kimi ədalət prinsipi əsasında həyata keçirərək, Məhkəmə ərizəçiyə bu bənd üzrə 16.000 avro məbləğini təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği onun üzərinə əlavə olunmalıdır.

125. Ərizəçinin daxili qanunvericilikdə dəyişiklik edilməsi ilə və azad olunması bağlı tələbinə gəldikdə, Məhkəmə bir daha xatırladır ki, onun qərarları mahiyyət etibarı ilə deklarativ xarakterlidir. Ümumiyyətlə, Konvensiyanın 46-cı maddəsində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmək üçün öz daxili hüquq sistemində istifadə edəcəyi vasitələri seçmək ilk növbədə müvafiq dövlətin öz işidir (bax: Nasrulloyevin işi üzrə yuxarıda adı çəkilən qərar, 95-ci bənd). Hazırkı işdə 5-ci maddənin 1-ci və 4-cü bəndlərinin pozulduğunu müəyyən etməklə Məhkəmə Hökumətin üzərinə öhdəlik qoydu ki, mövcud hüquqi çatışmazlıqları düzəltmək üçün müvafiq ümumi və fərdi tədbirlər görsün. Belə tədbirlərin daxili qanunvericiliyə dəyişiklik edilməsini, daxili məhkəmələr tərəfindən məcburi qüvvəyə malik şərhlər verilməsini, yaxud bu və digər tədbirlərin kombinasiyasını özündə ehtiva edib-etməməsi barədə qərar vermək cavabdeh dövlətin öz öhdəsinə düşür. Bununla belə, Məhkəmə vurğulayır ki, qəbul edilən hər hansı tədbirlər Məhkəmənin qərarında öz əksini tapmış nəticələrə uyğun olmalıdır (bax: Assanidze Gürcüstana qarşı [Böyük Palatanın qərarı], ərizə № 71503/01, 202-ci bənd, AİHM 2004-II, sonrakı istinadlarla).

B. Məhkəmə xərcləri və digər məsrəflər

126. Ərizəçi həmçinin ölkədaxili icraatda və Avropa Məhkəməsindəki icraatda çəkdiyi müxtəlif növ məhkəmə xərclərinə və digər məsrəflərə görə 4.267 və 2.524 ABŞ dolları tələb etdi (həmin xərclərə daxildir: müxtəlif vəkillər tərəfindən göstərilmiş hüquqi xidmətlərin haqqı – 3.600 AZN və 2.524 dollar, tərcümə xərcləri – 655 AZN, poçt xərcləri – 364 AZN və daxili məhkəmələrdə rüsumların haqları – 8 AZN).

127. Hökumət hesab etdi ki, bu tələb əsassızdır və məbləğ həddən artıqdır. Konkret olaraq, Hökumət bildirdi ki, ərizəçi iddia etdiyi bütün məhkəmə xərclərini ödədiyini sübut edən sənədlər təqdim etməyib və Məhkəməyə təqdim edilmiş müqavilə ərizəçi ilə onun vəkili arasında deyil, iki vəkilin arasında bağlanıb. Hökumət həmçinin qeyd etdi ki, poçt və tərcümə xərcləri həddən artıq çoxdur.

128. Məhkəmənin presedent hüququna uyğun olaraq, ərizəçi çəkdiyi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərin heç də hamısı bu işə aid deyil və onların bəzilərinin mahiyyəti müvafiq xərclərin çəkilməsinin ağlabatan və zəruri olduğunu təyin etmək baxımından aydın deyil. Əlində olan sənədləri və yuxarıdakı meyarları nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu bənd üzrə xərcləri əhatə etmək üçün 2.500 avro məbləğini təyin etmək ağlabatandır.

C. İcranın gecikdirilməsinə görə faiz

129. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:

1. 3-cü, 13-cü maddələr və 5-ci maddənin 1-ci və 4-cü bəndləri üzrə şikayətləri qəbuledilən, qalan şikayətləri qəbulolunmaz elan edir;

2. Qərara alır ki, ərizəçinin Özbəkistana ekstradisiyası Konvensiyanın 3-cü maddəsini pozmuş olacaq;

3. Qərara alır ki, Konvensiyanın 13-cü maddəsi pozulub;

4. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1 (f) bəndi pozulub;

5. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulub;

6. Qərara alır ki:

a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ərizəçiyə mənəvi ziyana görə 16.000 (on altı min) avro və məhkəmə xərclərinə və digər məsrəflərə görə 2.500 (iki min beş yüz) avro ödəməli, bu məbləğlərə görə ərizəçidən tutula bilən hər hansı vergi məbləği onların üzərinə əlavə olunmalı və bu məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə yeni Azərbaycan manatına çevrilməlidir;

b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;

5. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.

Qərar ingilis dilində çıxarılıb və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 10 iyun 2010-cu ildə qərar barədə yazılı məlumat verilib.

    Sören Nilsen                                                                     Kristos Rozakis
Katib                                                                                        Sədr