MADDƏ 12/№ 44316/07 ÇERNETSKİ UKRAYNAYA QARŞI – 08 DEKABR 2016-CI İL

 

BEŞİNCİ BÖLMƏ

 

 

ÇERNETSKİ UKRAYNAYA QARŞI məhkəmə işi

(Ərizə № 44316/07)

QƏRAR

 

 

 

Strasburq

08 dekabr 2016-cı il

YEKUN

08.03.2017

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qüvvəyə minəcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.

 

Çernetskiy Ukraynaya qarşı məhkəmə işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə),
hakimlər:
Angelika Nußberger, sədr,
Erik Møse,
Khanlar Hajiyev,
Ganna Yudkivska,
André Potocki,
Yonko Grozev,
Síofra O’Leary hakimlər
habelə Bölmə katibinin müavini Milan Blaşkodan (Milan Blaško) ibarət tərkibdə Palatada iclas keçirərək,
15 noyabr 2016-cı ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Ukrayna vətəndaşı cənab Vladimir Maryanoviç Çernetskiy (“ərizəçi”) tərəfindən 19 sentyabr 2007-ci ildə Məhkəməyə təqdim edilmiş Ukraynaya qarşı ərizə (№ 44316/07) əsasında başlanıb.

2. Ukrayna Hökumətini (“Hökumət”) nümayəndəsi İ.Lişçina təmsil etmişdir.

3. Ərizəçi iddia etmişdir ki, həbsdə olduğu zaman onun yenidən nikaha daxil olmaq hüququnun qadağan edilməsi Konvensiyanın 12-ci maddəsinə zidd olmuşdur.

4. Ərizə 10 yanvar 2011-ci ildə Hökumətə kommunikasiya edilmişdir.

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1963-cü ildə anadan olmuşdur. O, 2002-ci ildə həbsə alınmış və 15 il həbs cəzasına məhkum edilmişdir. Ərizəçi hal-hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

6. 01 fevral 2005-ci ildə Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən ərizəçinin həyat yoldaşı (arvadı) tərəfindən verilmiş ərizəyə əsasən qeydiyyat şöbəsi onların nikahını pozmuşdur. Ərizəçiyə boşanma haqqında məlumat göndərilmişdir.

7. 2005-ci ilin sonlarında, Ailə Məcəlləsinin 116-cı maddəsinə əsasən ərizəçi boşanma haqqında şəhadətnamə almadığından, ona yeni partnyoru K ilə nikahın bağlanılmasından imtina edilmişdir. Bu sənəd yalnız ərizəçi tərəfindən müvafiq qeydiyyat şöbəsindən alına bilərdi.

8. Ərizəçi boşanma haqqında şəhadətnaməni əldə etmək məqsədilə onun qeydiyyat şöbəsinə aparılmasını xahiş etmişdir. Milli qanunvericiliklə məhkumların bu cür əsaslarla harasa müşaiyət edilməsi nəzərdə tutulmadığından ərizəçinin xahişi rədd edilmişdir.

9. 16 iyun 2005-ci ildə Ailə Məcəlləsinin 116-cı maddəsinə əsaslanaraq prokuror ərizəçiyə sonuncunun yenidən nikaha daxil olmaq hüququnun boşanma haqqında şəhadətnamə əldə edildikdən sonra mümkün olacağını bildirmişdir. Lakin bu ərizəçinin cəzaçəkmə müəssisəsindən azad edildiyindən sonra mümkün olacaqdır.

10. 17 avqust 2005-ci ildə Ədliyyə Nazirinin müavini ərizəçinin yenidən nikaha daxil olması məqəsədilə dövlət orqanları tərəfindən boşanma haqqında şəhadətnamə ilə təmin etməmələri barədə şikayətini nəzərdə keçirmişdir. O bildirmişdir ki, milli qanunvericilik müvafiq hərəkətləri həbsdə həyata keçirməyi nəzərdə tutmur; nə də ki, bu məsələ ilə bağlı ərizəçinin adından hərəkət etmək üçün hər hansı bir şəxs üçün etibarnamə vermək mümkün deyildi. Nazir müavini ərizəçiyə bildirmişdir ki, milli qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanmışdır.

11. 23 yanvar 2006 və 20 iyul 2007-ci il tarixlərdə Ombudsman aparatı ərizəçiyə bu məsələdən xəbərdar olduqlarını və Ədliyyə Nazirliyi tərəfindən milli qanunvericiliyə dəyişikliklərin hazırladıqlarını bildirmişlər.

12. 30 iyul 2007-ci ildə Şəhər Cəzaçəkmə Müəssisəsi ərizəçiyə boşanma haqqında şəhadətnaməni həbsdən çıxandan sonra ala biləcəyi barədə məlumat vermişdir. Milli qanunvericiliyə dəyişikliklər hələ də nəzərdədir.

13. 16 oktyabr 2008-ci ildə Ədliyyə Nazirliyi 1761/5 saylı əmri qəbul edərək məhkumların boşanmanı qeydiyyata almaq və boşanma haqqında şəhadətnaməni əldə etmək imkanı yaradan müvəqqəti qayda müəyyən etmişdir.

14. 2008-ci ilin dekabr ayında ərizəçi Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qayda barəsində şəxsən məlumatlandırılmışdır.

15. 06 fevral 2009-cu ildə ərizəçinin ərizəsi əsasında boşanma haqqında şəhadətnamə ona həbsxanada təqdim edilmişdir.

16. 13 iyul 2009-cu ildə ərizəçi və K. nikahın qeydiyyata alınması üçün müraciət etmişlər. 14 avqust 2009-cu ildə qeydiyyat şöbəsi nikahı qeydiyyata almışdır.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

A. 10 yanvar 2002-ci il tarixli Ailə Məcəlləsi

17. Məcəllənin müvafiq müddəalarında deyilir:

Maddə 14

“1. Ailə hüquqları şəxsə sıx bağlıdır, və buna görə də, başqa şəxsə keçə bilməz…”

Maddə 21

“1. Nikah qadın və kişi arasında olan münasibətlərin müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsində qeydiyyata alınmasıdır.

2. Nikaha daxil olmayan ailə kimi yaşayan qadın və kişi arasında olan münasibətlər nikahdan irəli gələn hüquq və vəzifələri yaratmır…”
Maddə 115

“ 2. Boşanma nikahın pozulmasını təsdiq edən boşanma haqqında şəhadətnamə ilə təsdiq edilməlidir…”

Maddə 116

“1. Nikahı pozulduqdan və boşanma haqqında şəhadətnamə alındıqdan sonra şəxsin yenidən nikaha daxil olmaq hüququ var.”

B. 11 iyul 2003-cü il tarixli Cəzaların icrası haqqında Məcəllə

18. Məcəllənin 110-cu maddəsinə əsasən məhkumlara dörd saatdan artıq olmayan qısamüddətli və üç gündən artıq olmayan uzunmüddətli görüş hüququ verilir. Qısa görüşlər qohumlar və digər şəxslərlə görüşmək üçün verilir və cəzaçəkmə müəssisəsinin əməkdaşının iştirakı ilə keçirilir. Uzun görüşlər isə yaxın qohumlar (həyat yoldaşı, valideynlər, bacı və qardaş, uşaqlar, nənə-baba, nəvə) ilə görüşmək üçün verilir. Uzun görüşlər, o cümlədən, məhkumun arvadı kimi birgə yaşadığı şəxslə görüşmək üçün verilə bilər.

C. Ədliyyə Nazirliyinin 1761/5 saylı 16 oktyabr 2008-ci il tarixli əmri

19. Əmr məhkumların boşanmasını qeydiyyata alan müvəqqəti prosedurdu. Məhkumların vəsatəti əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin səlahiyyətli şəxsi boşanmanı qeydiyyata ala bilər və boşanma haqqında şəhadətnaməni cəzaçəkmə müəssisəsində tərtib edə bilər.

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 12-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

20. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları tərəfindən onun yeni nikahının qeydiyyata alınmaması Konvensiyanın 12-ci maddəsinin tələblərini pozmuşdur.

21. Konvensiyanın 12-ci maddəsində aşağıdakılar deyilir:
“Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər.”

A. Qəbuledilənlik

22. Hökumət bildirmişdir ki, ərizəçinin yenidən nikaha daxil olmasını məhdudlaşdıran hüquqi maneə Ədliyyə Nazirliyinin müvvəqəti tədbirinin tətbiq edildiyi andan qüvvəsini itirmişdir. Bu məsələ daha sonra öz həllini Parlamentdə tapmışdır. Hökumət təkrarən bildirmişdir ki, ərizəçi boşanma haqqında şəhadətnamə ilə 06 fevral 2006-cı ildə təmin edilmişdir, lakin o və onun qadın partnyoru vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə bir il yarımdan sonra müraciət etmişlər. Hökumət belə nəticəyə gəlmişdir ki, ərizəçinin şikayəti ilə bağlı qurban statusu olmamışdır.

23. Ərizəçi şikayətindəkiləri təkrarlamışdır.

24. Məhkəmə qeyd edir ki, ərizəçinin şikayəti 2005-ci ilin fevral və 2008-ci ilin oktyabr aylarını əhatə edir. Bu zaman dövlət orqanları ərizəçinin vəziyyəti barədə xəbərdar olsalar belə, onu lazımi vasitə ilə təmin etməmişlər. Müvafiq olaraq, ərizəçi sözügedən dövr ilə bağlı qurban olduğunu iddia edə bilərdi (bax Dalban v. Romania [GC], no. 28114/95, § 44, ECHR 1999 VI). Hökumətin bildirdiklərinə əsasən qeyd edilən dövr hazırkı işin predmetini təşkil etmir. Buna görə də, Məhkəmə Hökumətin ərizəçinin qurban statusunun olmaması ilə bağlı etirazını rədd edir.

25. Avropa Məhkəməsi qeyd edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənası çərçivəsində açıq-aşkar əsassız deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, hər hansı digər əsaslarla da qəbuledilməz deyildir. Ona görə də, şikayət qəbuledilən elan edilməlidir.

B. İşin mahiyyəti

26. Ərizəçi şikayətinin təkrarladı.

27. Hökumət şikayətin mahiyyəti üzrə heç bir şərh vermədi.

28. Avropa Məhkəməsi bir daha təkrarlayır ki, Konvensiyanın 12-ci maddəsi qadın və kişinin nikaha daxil olmaq və ailə qurmaq kimi fundamental hüquqlarını müdafiə edir. Nikaha daxil olmaq hüququnun həyata keçirilməsi sosial, şəxsi və hüquqi nəticələrə səbəb olur. Bu Razılığa Gələn Dövlətlərin daxili qanunvericiliyinə uyğun olmalıdır, lakin tətbiq edilən məhdudiyyətlər elə bir şəkildə olmalıdırlar ki, hüququn mahiyyətinə xələl gətirməsin (bax O’Donoghue and Others v. the United Kingdom, no. 34848/07, § 82, ECHR).

29. Şəxsin azadlığı nikah hüququnun təmin edilməsinin ilk vacib şərti deyildir. Məhkumluq şəxsin azadlığını və, o cümlədən, qaçılmaz olaraq və ya dolayı – bəzi mülki hüquq və vəzifələrini məhrum edir. Bu, lakin, həbsdə olan şəxslərin nikah hüquqlarından istifadə edə bilməmələri və ya təkcə istisna hallarda istifadə edə bilmələri anlamına gəlmir. Məhkəmənin bundan əvvəldə müəyyən etdiyi kimi, məhkum azadlıqdan məhrumetmənin təbiətinə zidd olmayan fundamental hüquqlarından və azadlıqlarından istifadə etməyi davam edir və hər hansı məhdudiyyət dövlət orqanları tərəfindən razılaşdırılmalıdır (bax Jaremowicz, cited above, § 51 and Frasik v. Poland, no. 22933/02, § 91, ECHR 2010 (extracts)).

30. Boşanma hüququ Konvensiyanın 12-ci maddəsindən irəli gəlmədiyindən, milli hüquq boşanmanı nəzərdə tutur, və boşanmış şəxslərin heç bir əsassız məhdudiyyət olmadan yenidən nikaha daxil olmaq hüququnu nəzərdə tutur (bax F. v. Switzerland, 18 December 1987, § 38, Series A no. 128). Xüsusilə, yenidən nikahan daxil olmağın mülki sanksiya kimi tətbiq edilmiş üç illik məhdudlaşdırılması Konvensiyanın 12-ci maddəsinin pozuntusu kimi qəbul edilir. Boşanmanın ağlabatan müddətdə dövlət orqanları tərəfindən həyata keçirilməməsi iş üzrə Konvensiyanın 12-ci maddəsi üzrə məsələni ortaya çıxarmışdır (bax V.K. v. Croatia, no. 38380/08, § 106, 27 November 2012).

31. Hazırkı işə gəldikdə, ərizəçi, məhkum, 2005-ci ilin fevral ayı ilə 2008-ci ilin oktyabr ayı arasında yeni qadın partnyoru ilə nikaha daxil ola bilməmişdir, çünki dövlət hakimiyyət orqanları ərizəçinin boşanma işini yekunlaşdıra bilməmiş və boşanma haqqında şəhadətnaməni cəzaçəkmə müəssisəsinə göndərməmişlər. Yuxarıda qeyd edilən müddət ərzində dövlət orqanları ərizəçinin məsələsindən xəbərdar idilər, lakin hər hansı bir vasitə ilə təmin etmək üçün cəhd göstərməmişlər.

32. Məhkəmə daha sonra bildirir ki, ərizəçinin yenidən nikaha daxil olmaq hüququnun məhdudlaşdırılmasının nəticəsi davam etdiyi dövrdə əhəmiyyətli olmuşdur, çünki üç il və yeddi aydan çox davam etmişdir. Məhdudiyyət ərizəçinin görüş hüquqlarının ciddi məhdudlaşdırılması ilə gərginləşmişdir. Cəzaların İcrası haqqında Məcəllənin 110-cu maddəsinə əsasən ərizəçi yeni partnyoru ilə dörd saatdan artıq olmayan və nəzarətçinin iştirakı ilə qısa müddətli görüşlər istəyə bilər. Uzun müddətli görüş nikaha daxil olmayana qədər mümkün deyildir (bax yuxarıda 18-ci bəndə).

33. İşin hallarını nəzərə alaraq Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı işdə tətbiq edilən məhdudiyyət əsassız olmuş və ərizəçinin nikah və yeni qadın partnyoru ilə ailə qurmaq hüquqlarının mahiyyətini dəyərsizləşdirmişdir.

34. Bu səbəblərə görə, 2005-ci ilin fevral ayından 2008-ci ilin oktyabr ayınadək olan müddətdə Konvensiyanın 12-ci maddəsinin pozuntusu baş vermişdir.

II. KONVENSIYANIN 14-CÜ MADDƏSININ IDDIA EDILƏN POZUNTUSU

35. Ərizəçi iddia etmişdir ki, məhkum kimi, o Konvensiyanın 12-ci maddəsi üzrə hüquqlarından istifadə etmək imkanına münasibətdə ayrıseçkiliyə məruz qalmışdır.

36. Şikayət Konvensiyanın 14-cü maddəsinin təsiri altına düşür və o maddədə deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”
37. Məhkəmə qeyd edir ki, hazırkı şikayət araşdırılmış şikayətlə bağlıdır və bu səbəbdən də şikayət qəbuledilən elan edilməlidir.
38. Konvensiyanın 12-ci maddəsi üzrə gəlmiş nəticəni nəzərə alaraq Məhkəmə qərara alır ki, hazırkı işdə Konvensiyanın 14-cü maddəsi üzrə pozuntunun baş verib-verməməsini araşdırmaq ehtiyacı yoxdur (bax Bochan v. Ukraine (no. 2) [GC], no. 22251/08, § 68, ECHR 2015, və Mamchur v. Ukraine, no. 10383/09, § 118, 16 July 2015).

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

39. Konvensiyanın 41-ci maddəsində deyilir:

“Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir”.

A. Ziyan

40. Ərizəçi mənəvi ziyana görə 50.000 avro tələb etdi.

41. Hökumət bu tələbi əsassız və həddən artıq yüksək hesab edərək ona etiraz etdi.

42. Hazırkı işin bütün hallarını nəzərə alaraq Məhkəmə razılaşır ki, ərizəçi mənəvi ziyana məruz qalıb. Bu səbəbdən də Məhkəmə ərizəçiyə 3.000 avro məbləğində mənəvi ziyanın təyin edilməsini ağlabatan hesab edir.

B. Məhkəmə xərcləri və digər məsrəflər

43. Ərizəçi məhkəmə xərcləri və digər məsrəflərə görə heç bir tələb irəli sürməmişdir. Məhkəmə buna görə heç bir məbləğ təyin etmir.

C. İcranın gecikdirilməsinə görə faiz

44. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:

1. Ərizəni qəbulolunan elan edir;

2. Qərara alır ki, Konvensiyanın 12-ci maddəsi pozulub;

3. Qərara alır ki, şikayəti Konvensiyanın 14-cü maddəsi üzrə araşdırmaq ehtiyacı yoxdur;

4. Qərara alır ki:

a) bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qüvvəyə mindikdən sonra üç ay ərzində cavabdeh dövlət ərizəçiyə aşağıdakı məbləğləri ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin valyutasına çevrilməlidir:

i) mənəvi ziyana görə 3.000 (üç min) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləği;

b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır.

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 08 dekabr 2016-cı ildə yazılı şəkildə elan olunub.

Milan Blaško                                            Angelika Nußberger
Katib müavini                                           Sədr