№42048/19 VEDAT ŞORLİ TÜRKİYƏYƏ QARŞI – 19 OKTYABR 2021-Cİ İL

İKİNCİ BÖLMƏ

VEDAT ŞORLİ TÜRKİYƏYƏ QARŞI
(Ərizə № 42048/19)

QƏRAR

STRASBURQ
19 oktyabr 2021

YEKUN

28/02/2022

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Qərarda ancaq texniki dəyişikliklər edilə bilər.

Vedat Şorli Türkiyəyə qarşı işdə,

Avropa İnsan Hüquqları Məhkəməsinin Palatası (ikinci bölmə) aşağıdakı tərkibdə toplaşaraq:

Jon Fridrik Kjølbro, Sədr,
Carlo Ranzoni,
Valeriu Griţco,
Egidijus Kūris,
Branko Lubarda,
Pauliine Koskelo,
Saadet Yüksel, hakimlər,
Stanley Naismith, katib,

Konvensiyanın 34-cü maddəsinə əsasən, Türkiyə Respublikasının vətəndaşı cənab Vedat Şorli (“ərizəçi”) tərəfindən 10 iyul 2019-cu ildə Türkiyə Respublikasına qarşı Məhkəməyə təqdim edilmiş ərizəni (№ 42048/19),

ərizənin Türkiyə hökumətinin (“Hökumət”) diqqətinə çatdırılması barədə qərarı,

cavabdeh hökumətin və ərizəçinin təqdim etdiyi cavabları,

bölmə sədrinin üçüncü şəxs kimi müdaxilə etmək səlahiyyəti verdiyi İfade Özgürlüğü Derneğinin (İfadə Azadlığı Assosiasiyası) təqdim etdiyi şərhləri (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmə Qaydalarının 44-cü maddəsinin 2-ci bəndi),

diqqətə alaraq,

14 sentyabr 2021-ci il tarixində qapalı müzakirədən sonra, həmin tarixdə aşağıdakı qərarı qəbul edib:

 

1. GİRİŞ

1. İş ərizəçinin Facebook hesabından etdiyi iki paylaşıma görə “Respublika Prezidentini təhqir etmə” cinayəti ilə 11 ay 20 gün şərti azadlıqdan məhrum etmə cəzası alması ilə nəticələnən cinayət işi ilə bağlıdır.

2. FAKTLAR

2. Ərizəçi 1989-cu ildə anadan olub və İstanbulda yaşayır. O, Məhkəmə önündə vəkil xanım İ. Akmese tərəfindən təmsil olunur.

3. Türkiyə Hökumətini (bundan sonra Hökumət) Türkiyənin Ədliyyə Naziri yanında İnsan Hüquqları Departamentinin Direktoru, Türkiyənin Avropa İnsan Hüquqları Məhkəməsindəki həmtəmsilçisi cənab Hacı Əli Açıkgül təmsil edir.

I. ƏRİZƏÇİNİN FACEBOOK HESABINDAN ETDİYİ PAYLAŞIMA GÖRƏ CİNAYƏT TƏQİBİNƏ MƏRUZ QALMASI

4. 20 dekabr 2016-cı ildə İstanbul Təhlükəsizlik Müdirliyinin Əlaqə və Elektronika Şöbəsinə ərizəçinin Facebook hesabında paylaşılan məzmunla bağlı məlumat daxil olub.

5. Terrorla mübarizə şöbəsinin polis əməkdaşları tərəfindən 31 yanvar 2017-ci ildə açıq mənbələr əsasında araşdırma aparıldıqdan sonra araşdırma protokolu tərtib edilib. Protokolda, digər məsələlərlə yanaşı, ərizəçinin Facebook hesabında aşağıdakı iki məzmunun paylaşıldığının təsbit edildiyi qeyd edilib:

– 10 oktyabr 2014-cü ildə aidiyyəti şəxs tərəfindən paylaşılan ilk məzmun Amerikanın keçmiş prezidenti Barak Obamanın qadın geyimində təsvir edilmiş Türkiyə Prezidentini öpməsini təsvir edən karikaturadan ibarətdir. Türkiyə Prezidentinin şəklinin üstündə isə kürdcə “Suriyanın mülkiyyət sənədini mənim adıma keçirəcəksənmi, əziz ərim?” yazılıb.

– 15 mart 2016-cı ildə aidiyyəti şəxs tərəfindən paylaşılan ikinci məzmunda Türkiyənin Prezidenti və keçmiş Baş nazirinin fotoşəkilləri yer alır və fotoşəkilin altında belə bir şərh yazılıb: “Qanla bəslənən gücünüz yerin dibinə girsin / Can almaqla bərkitdiyiniz kürsüləriniz yerin dibinə girsin / Oğurladığınız xəyallarla yaşadığınız lüks həyatlarınız yerin dibinə girsin / Rəhbərliyiniz də, qüdrətiniz də, ambisiyalarınız da yerin dibinə girsin”.

6. 18 may 2017-ci ildə Ərizəçi “Facebook” hesabında dərc olunmuş paylaşımla ölkə prezidentini təhqir etmək və terror təşkilatının xeyrinə təbliğat aparmaq cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılıb. Ertəsi gün Bakırköy Sülh Cəza Məhkəməsinin hakimi bu iki cinayətlə bağlı iki ayrı iş əsasında iki dəfə ərizəçinin həbsinə qərar verib.

7. 11 iyul 2017-ci ildə Bakırköy prokurorluğu tərəfindən Ərizəçiyə “Facebook”da paylaşdığı iki məzmuna görə Türk Cəza Qanununun “Respublika Prezidentini təhqir etmə” maddəsi ilə ittiham irəli sürülüb.

8. 21 iyul 2017-ci ildə keçirilmiş məhkəmə iclasında Bakırköy Cəza Məhkəməsi “Respublika Prezidentini təhqir etmə” cinayəti ilə bağlı icraatda ərizəçinin azadlığa buraxılmasına qərar verib. Ancaq barəsində “terror təşkilatı xeyrinə təbliğat” cinayəti ilə bağlı icraatda da həbs qətimkan tədbiri seçildiyindən ərizəçi azadlığa buraxılmayıb.

9. Birinci instansiya məhkəməsi eyni məhkəmə iclasında Türk Cəza Qanununun 299-cu maddəsinin 1-ci bəndinə istinad edərək ərizəçini Respublika Prezidentini təhqir etməkdə təqsirli bilərək 11 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Bununla belə cinayət məhkəməsi Cəza Prosessual Qanununun 231-ci maddəsinə istinad edərək (aşağıda 15-ci bəndə baxın), hökmün elan edilməsinin 5 il müddətinə təxirə salınmasının, bu müddət ərzində ərizəçinin üzərinə heç bir öhdəlik qoyulmamasının məqsədəuyğun olduğunu qeyd edib və bildirib ki, bu müddət ərzində ərizəçi qəsdən cinayət törətmədikdə nəzərdə tutulmuş cəza ləğv edilməli və işə xitam verilməlidir.

Qərar aşağıdakı şəkildə əsaslandırılıb:
“(…)
Təqsirləndirilən şəxs və vəkili Facebook-da paylaşılan sözügedən məzmunun təhqir cinayətinin tərkib elementlərinə uyğun gəlmədiyini, onun ifadə azadlığı ilə əhatə olunduğunu və [yalnız] sərt və incidici tənqid olduğunu bildirsə də, məhkəməmiz hesab edir ki, bu məzmun iddiaçının şərəfinə, ləyaqətinə və nüfuzuna xələl gətirmək məqsədi daşıyıb (…). Təqsirləndirilən şəxsin Facebook hesabında paylaşdığı məzmunun Respublika Prezidentinin şərəfinə, ləyaqətinə və nüfuzuna xələl gətirmə ehtimalı var. Bu məzmunların təqsirləndirilən şəxsin ifadə azadlığı ilə qorunduğunu hesab etmək mümkün deyil (…). Məzmun ictimai maraq doğuran məsələ ilə bağlı fikir mübadiləsi təşkil etmədiyi və hamı tərəfindən görülə bilən bir sosial şəbəkə üzərindən paylaşıldığı üçün həmin məzmun tənqid həddini aşıb və bu səbəbdən ifadə azadlığı ilə əhatə oluna bilməz.
(…)”

10. 20 sentyabr 2017-ci ildə Bakırköy Ağır Cəza Məhkəməsi ərizəçi barəsində çıxarılmış hökmün elan edilməsinin təxirə salınmasına dair qərarın prosedur və qaydalara uyğun olduğunu, qərarın işin məzmununa uyğun əsaslandırıldığını və bu qərarda Cəza Prosessual Qanununun 231-ci maddəsində göstərilən şərtlərlə bağlı heç bir uyğunsuzluğun olmadığının qanunla müəyyən edildiyi qənaətinə gələrək ərizəçinin cinayət məhkəməsinin qərarından verdiyi etirazı rədd edib.

II. ƏRİZƏÇİNİN KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ FƏRDİ ŞİKAYƏTİ

11. 3 noyabr 2017-ci ildə ərizəçi Konstitusiya Məhkəməsinə fərdi şikayət verib. Şikayətdə ərizəçi bildirir ki, onun barəsində 2 ay 2 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi, 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilməsi və gündəlik siyasi məsələlərlə bağlı “Facebook” hesabında paylaşdığı məzmun səbəbiylə çıxarılan hökmü təxirə salan qərara əsasən 5 il müddətinə nəzarət altında saxlanması onun ifadə azadlığı hüququnu pozub.

12. 21 mart 2019-cu ildə Konstitusiya Məhkəməsi ərizəçinin iddialarının açıq-aşkar əsassız olduğunu səbəb göstərərək fərdi şikayəti qəbuledilməz elan edib və ərizəçi iddialarını əsaslandırmadığını bildirib.

3. MÜVAFİQ YERLİ VƏ BEYNƏLXALQ HÜQUQİ SƏNƏDLƏR

I. Milli qanunvericilik

A. Türk Cəza Qanunu

13. Türk Cəza Qanununun (26 sentyabr 2004-cü ildə qəbul edilmiş, 01 iyun 2005-ci ildə qüvvəyə minmiş 5237 saylı qanun) “təhqir” adlanan 125-ci maddəsində deyilir:

“(1) Bir şəxsə onun şərəf, ləyaqət və nüfuzuna xələl gətirəcək şəkildə hərəkət və ya konkret fakt aid edən və ya başqasının şərəfinə, ləyaqətinə və nüfuzuna təhqir yolu ilə qəsd edən şəxs üç aydan iki ilədək müddətə azadlıqdan məhrum etmə və ya məhkəmə cəriməsi ilə cəzalandırılır.
(…)

(3) Təhqir cinayəti

(a) öz vəzifəsini yerinə yetirən dövlət məmuruna qarşı (…) törədilərsə, tətbiq edilən minimum cəza 1 ildən az olmamalıdır.”

14. Türk Cəza Qanununun “Respublika Prezidentini təhqir etmə” adlı 299-cu maddəsində deyilir:

“(1) Respublika Prezidentini təhqir edən şəxs bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

(2) Bu cinayət ictimai yerdə törədilərsə, cəza müddəti nəzərdə tutulan cəzanın altıda biri qədər artırılır.

(3) Bu cinayətin təqibi Ədliyyə Nazirinin icazəsindən asılıdır”

B. Cəza Prosessual Qanununun 231-ci maddəsi

15. Məhkəmə qərarının icrasının təxirə salınmasını nəzərdə tutan Cəza Prosessual Qanununun (2005-ci il 1 iyun tarixində qüvvəyə minmiş 4 dekabr 2004-cü il tarixli 5271 saylı qanun) 231-ci maddəsi ilə bağlı Məhkəmənin Kerman Türkiyəyə qarşı qərarına (№ 35132/05, § 25, 22 noyabr 2016) istinad edilib.

II. AVROPA ŞURASININ SƏNƏDLƏRİ-

A. Nazirlər Komitəsinin mediada siyasi debat azadlığı haqqında Bəyannaməsi

16. Nazirlər Komitəsi tərəfindən 12 fevral 2004-cü ildə qəbul edilmiş mediada siyasi debat azadlığı haqqında Bəyannamənin müvafiq hissələrində deyilir:

“Avropa Şurasının Nazirlər Komitəsi,
(…)

Bəzi yerli hüquq sistemlərinin hələ də siyasi xadimlərə və ya dövlət qulluqçularına onlar haqqında məlumatın və fikirlərin mediada yayılmasına qarşı addımlar atılması üçün hüquqi imtiyazlar verdiyindən xəbərdardır. Bu hal Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən ifadə və məlumat azadlığı hüququna ziddir ;
(…)

II. Dövləti və ya ictimai qurumları tənqid etmək azadlığı

Dövlət, hökumət və ya icra hakimiyyətinin hər hansı qolu, qanunvericilik və ya məhkəmə orqanları mediada tənqidə məruz qala bilər. Üstün mövqedə olduqlarına görə, bu qurumlar böhtan və təhqiredici bəyanatlara qarşı cinayət qanunu ilə qorunmamalıdır. Əgər bu qurumlar bu cür müdafiədən yararlanırsa, bu müdafiə tənqid azadlığını məhdudlaşdırmaq üçün istifadə oluna biləcəyindən çox dar çərçivədə tətbiq edilməlidir. Bu qurumları təmsil edən şəxslər onsuz da fərd olaraq müdafiə altındadırlar.
(…)

VI. Siyasətçilərin və dövlət qulluqçularının reputasiyası

Siyasətçilərin reputasiyası və digər hüquqları digər şəxslərlə müqayisədə daha çox təmin altına alınmamalıdır və siyasi xadimlərin tənqid edilməsinə görə daxili qanunvericiklə mediaya qarşı daha sərt sanksiyalar tətbiq edilməməlidir. Bu prinsip dövlət qulluqçularına da aiddir; istisnalara yalnız vəzifəli şəxslərə öz vəzifələrini lazımi şəkildə yerinə yetirmələrini təmin etmək üçün ciddi ehtiyac olduqda yol verilməlidir.

(…)

VIII. Media qurumlarının yol verdiyi pozuntulara qarşı müdafiə vasitələri

Siyasətçilər və dövlət qulluqçularının hüquqları media qurumları tərəfindən pozularsa, müraciət edəcəkləri hüquqi müdafiə vasitələri adi şəxslər üçün mövcud hüquq müdafiə vasitələri ilə eyni olmalıdır. (…) Başqalarının hüquqlarını pozduğu və ya nüfuzunu zədələdiyi üçün ciddi şəkildə zəruri və mütənasib olması, xüsusən də mediada nifrət nitqi kimi böhtan və ya təhqiredici ifadələr vasitəsilə digər fundamental hüquqların ciddi şəkildə pozulması halları istisna olmaqla, media tərəfindən böhtan və ya təhqirə yol verilməsi həbs cəzasına səbəb olmamalıdır.”

B. Avropa Şurası Parlament Assambleyasının 1577 (2007) saylı Qətnaməsi

17. Avropa Şurası Parlament Assambleyasının “Diffamasiyanın dekriminallaşdırılmasına doğru” adlı 1577 (2007) saylı qətnaməsinin müvafiq hissələrində deyilir:
“(…)

11. [Asambleya] bir çox üzv dövlətlərin diffamasiya ilə bağlı həbs cəzası nəzərdə tutduğunu və bəzilərinin, məsələn, Azərbaycan və Türkiyənin bunu təcrübədə tətbiq etməyə davam etiyini dərin narahatlıqla qeyd edir.
(…)

13. Assambleya bu səbəbdən hesab edir ki, diffamasiyaya görə həbs cəzası yubanmadan ləğv edilməlidir. Xüsusilə, Assambleya qanunvericiliklə hələ də həbs cəzası nəzərdə tutan dövlətləri – praktikada tətbiq olunmasa belə – bunu edən bəzi dövlətlərə heç bir bəhanə verməmək, bununla da fundamental azadlıqların korroziyasına səbəb olmamaq üçün həmin müddəaları təxirə salınmadan ləğv etməyə çağırır.
(…)

17. Son olaraq, Assambleya üzv dövlətləri aşağıdakı addımları atmağa çağırır:
17.1. diffamasiyaya görə həbs cəzasını təxirə salmadan ləğv etmək;
17.2. cinayət prosesindən sui-istifadə olunmayacağına təminat vermək (…);
17.3. qanunun özbaşına tətbiqinə yol verməmək və mülki qanunvericiliklə diffamasiyaya məruz qalan şəxsin reputasiyasının səmərəli müdafiəsini təmin etmək üçün öz qanunvericiliyində diffamasiya anlayışını daha dəqiq müəyyən etmək;
(…)

17.6. Məhkəmənin presedent hüququna uyğun olaraq ictimai xadimlərin hər hansı bir şəkildə gücləndirilmiş müdafiəsini nəzərdə tutan müddəaları diffamasiya ilə bağlı qanunvericilikdən çıxarmaq və xüsusilə,
17.6.1 Türkiyə Cəza Qanununun 125.3-cü maddəsinə müvafiq dəyişiklik etmək;
(…)”

C. Venesiya Komissiyasının 831/2015 saylı Rəyi

18. Türk Cəza Qanununun 216, 299, 301 və 314-cü maddələrinə dair Venesiya Komissiyasının (Hüquq Yoluyla Demokratiya Uğrunda Avropa Komissiyası) 106-cı plenar iclasında qəbul edilmiş 831/2015 saylı Rəyin (Venesiya 11-12 mart 2016-cı il, CDL-AD(2016)002) müvafiq bəndlərində deyilir:
“(…)

57. Avropada baş verən inkişaf dövlət başçısına qarşı diffamasiyanın dekriminallaşdırması və ya bu cinayətin dövlət başçılarına qarşı şifahi hücumların ən ciddi formaları ilə məhdudlaşdırılması, eyni zamanda hər hansı həbsi istisna edən sanksiyalarla əvəz edilməsi ilə bağlı dövlətləri müəyyən konsensusa gətirir. Türk Cəza Qanunun 299-cu maddəsinin mətni bu yeni yaranmış Avropa konsensusuna uyğun gəlmir, çünki o, ən azı bir ildən dörd ilədək həbs cəzası nəzərdə tutur; üstəlik, bu maddənin 2-ci bəndinə əsasən, cinayət ictimai yerdə törədildikdə tətbiq ediləcək cəza nəzərdə tutulan cəzanın altıda biri qədər artırıla bilir, baxmayaraq ki, cəza hakim tərəfindən azaldıla, cəriməyə çevrilə və ya təxirə salına bilər.
(…)

66. Venesiya Komissiyası mətbuatda Prezidentin təhqir olunmasına görə çoxlu sayda təhqiqatların, təqiblərin və ya mühakimələrin aparılmasını narahatlıqla qeyd edir. Komissiya xatırladır ki, Avropa Komissiyası Türkiyə ilə bağlı 2015-ci il hesabatında prezidentə qarşı diffamasiyaya yol verdikləri iddiası ilə jurnalistlər, yazıçılar, sosial media istifadəçiləri və digər ictimaiyyət nümayəndələri barəsində hüquqi addımlar atıldığını, görülən bu tədbirlərin də həbs cəzası, şərti cəzalar və ya cərimələr ilə nəticələndiyini qeyd edib. Həmin hesabata görə, belə hədə-qorxu mühiti özünüsenzuranın artmasına səbəb olur. Bundan başqa, mətbuatda yayılan son xəbərlərə görə, 2016-cı il yanvarın 6-da Milli Polis Baş İdarəsi bütün polis idarələrindən dövlətin yüksək vəzifəli şəxslərini, xüsusən də Respublika Prezidentini təhqir edən hər kəsə qarşı dərhal hüquqi prosedur başlatmağı xahiş edən sirkulyar dərc edib.
(…)

70. Prezidentə qarşı əsassız hücumlar zamanı Türkiyə Cəza Qanununun 299-cu maddəsi əsasında cinayət işinin başlanması əvəzinə, mülki icraata və ya yalnız ən ağır hallarda Türkiyə Cəza Qanununun təhqirlə bağlı ümumi müddəaları (Qanunun 125-ci maddəsi) əsasında cinayət icraatına üstünlük verilməlidir. Belə hallarda tətbiq edilən məhdudiyyətlərin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə uyğunluğu baxımından son dərəcə vacib olan məsələ mülki icraat zamanı təyin edilən kompensasiyanın və ya cinayət qanunvericiliyinin təhqirlə bağlı ümumi müddəaları əsasında tətbiq edilən cəzanın mütənasibliyidir.
(…)

75. Yekun olaraq, Komissiya bir daha qeyd edir ki, Avropada yaranmış konsensusa və beynəlxalq standartlara əsasən, dövlətlər ya dövlət başçısına qarşı diffamasiyasını dekriminallaşdırmalı, ya da ən azı bu cinayəti onlara qarşı şifahi hücumların ən ağır formaları ilə məhdudlaşdırmalı, eyni zamanda şəxsin azadlıqdan məhrum edilməsini istisna edən cəzalar tətbiq edilməlidir. Komissiya Türkiyədə bunun əksinə olaraq AİHK-nın 10-cu maddəsi ilə təminat altına alınan açıqlamalar da daxil olmaqla, bu müddəanın daha çox istifadə edildiyini qeyd edir. Türkiyədə, həmçinin, həbs də daxil olmaqla tətbiq olunan sanksiyalar açıq-aşkar sərtdir. Kassasiya Məhkəməsi və Respublika Prokuroru tərəfindən bu müddəanın həddindən artıq istifadəsini məhdudlaşdırmaq üçün bəzi cəhdlər edilsə də, bu cəhdlər yetərli deyil. Bu şərtlər daxilində Komissiya hesab edir ki, AİHK-nın 10-cu maddəsinin növbəti pozuntularının qarşısını almaq üçün yeganə həll yolu bu maddənin tam ləğvidir. Belə olarsa, hər bir vətəndaşı müdafiə etmək üçün nəzərdə tutulan mülki və cinayət qanunvericiliyi vasitəsilə dövlət başçısını da ifrat diffamasiya formalarından qorumaq mümkün olacaq. Proporsionallıq prinsipi və tətbiq edilən cəzaların azadlıqdan məhrum etməni istisna edən cəzalarla məhdudlaşdırılması da bu hallarda tətbiq ediləcək.”

D. İnsan Hüquqları Komissarının Türkiyədə İfadə Azadlığı və Media Azadlığı ilə bağlı Memorandumu

19. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının 2016-cı ildə bu ölkəyə etdiyi səfərlərdən sonra 17 fevral 2017-ci ildə dərc edilmiş Türkiyədə ifadə və media azadlığı üzrə Memorandumun diffamasiya ilə bağlı hissəsində qeyd edilir:

“54. Bir ildən dörd ilədək həbs cəzasının nəzərdə tutulduğu 299-cu maddəyə gəlincə, Komissar aprel ayındakı səfərindən sonra bildirir ki, prezidenti təhqir etməyin hələ də ayrıca cinayət hesab olunduğu üzv dövlətlər də daxil olmaqla, bu maddənin “Avropa Şurasının digər 46 üzv dövlətində bənzəri yoxdur”.. Görünən odur ki, bu müddəa Prezidentə qarşı, daha geniş mənada onun dəstəklədiyi siyasətə qarşı hər hansı tənqidi boğmaq üçün bir alətə çevrilib və heç bir fərq qoyulmadan və bənzəri görülməmiş şəkildə bütün kateqoriyadan olan şəxslərə, o cümlədən jurnalistlərə, karikaturaçılara, akademiklərə, məşhur şəxslərə, əksəriyyəti azyaşlı olan tələbələrə və məktəblilərə qarşı istifadə olunur. Bu müddəanın tətbiq edildiyi əməllərə bir çox hallarda sosial media vasitəsilə paylaşılan açıqlamalar, o cümlədən təkrar paylaşımlar və ya təkrar tvitlər daxildir. 2016-cı ilin iyun ayında bu cinayət əməlinə görə 18 nəfər həbs edilib.

55. Komissar bu müddəadan istifadənin Avropa İnsan Hüquqları Konvensiyası ilə daban dabana zidd olduğu və məhkəmə vasitəsilə edilən təzyiqə bərabər olduğuna inanır. Komissar xüsusilə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi dövlət başçılarının imtiyaz və ya xüsusi müdafiə ilə təmin edilməsinin, sırf funksiyalarına və ya statuslarına görə onların hər hansı tənqiddən mühafizə edilməsinin müasir siyasi təcrübə və konsepsiyalarla uzlaşmadığı qənaətinə gəlib. Komissar Venesiya Komissiyasının 10-cu maddənin belə aşkar pozulmasının qarşısının alınmasının yeganə həlli yolu kimi 299-cu maddənin ləğv edilməsi fikri ilə həmrəy olduğunu bildirib. Komissarın fikrincə, 15 iyul dövlət çevrilişinə cəhddən sonra qeyd edilən maddəyə istinad edilərək prezidentin verilən şikayətləri geri götürə biləcəyi ilə bağlı yalnız birdəfəlik jest hesab ediləcək bəyanatı bu müddəanın Türkiyədə yaratmağa davam etdiyi son dərəcə çəkindiri effekt baxımından heç bir əhəmiyyət kəsb etmir. Bu səbəbdən Komissar Türkiyə Konstitusiya Məhkəməsinun 2016-cı ilin dekabrında çıxardığı qərarda Türk Cəza Qanununun 299-cu maddəsinin konstitusiyaya uyğun olduğunu və bu müddəanın ifadə azadlığı hüququna mahiyyətcə təsir göstərmədiyini bildirməsini təəssüf hissi ilə qeyd edir.
(…)

58. 299-cu maddənin və bütövlükdə diffamasiya ilə bağlı müddəaların tətbiqi türk rəsmilərinin və məhkəmə sisteminin siyasi vəzifə sahiblərinə qarşı tənqidə artan dözümsüzlüyünün əlaməti olsa da, bu hal türk cəmiyyətinin bütün təbəqələrini əhatə etməklə ictimai müzakirələri boğan, demokratik müzakirələrin miqyasını azaldan və bununla da ölkədə qütbləşməni artıran məhkəmə vasitəsilə edilən təzyiqin səbəb olduğu aşkar çəkindirici təsirin yalnız bir hissəsidir.”

4. HÜQUQİ QİYMƏTLƏNDİRMƏ

I. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

20. Ərizəçi iddia edir ki, Facebook hesabında paylaşdığı və fikrincə siyasi xəbərlərə tənqidi şərh hesab ediləcək məzmuna görə “Respublika Prezidentini təhqir etmə” ittihamı ilə ona qarşı cinayət işinin başlanması onun ifadə azadlığı hüququnu pozur. O, hesab edir ki, dövlət başçısını xüsusi mühafizə edən və adi təhqir cinayəti ilə müqayisədə daha ağır cəza nəzərdə tutan “Respublika Prezidentini təhqir etmə” cinayəti Konvensiyanın ruhuna və Məhkəmənin presedent hüququna ziddir. O, əlavə edir ki, onun barəsində 2 ay 2 gün müddətinə həbs-qətimkan tədbirinin seçilməsi və 2 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi proporsional deyil və cinayət mühakimə icraatının sonunda çıxarılan hökmün icrasını 5 il müddətinə təxirə salan qərar həmin 5 il müddətində onun siyasi məsələlərlə bağlı ifadə azadlığına çəkindirici təsir göstərəcək. Konvensiyanın 10-cu maddəsində deyilir:

“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”

A. Qəbuledilənlik

21. Hökumət Ərizəçi barəsində həbs qətimkan tədbiri seçilməsi və ona qarşı açılmış cinayət işi kontekstində çıxarılmış hökmün icrasının dayandırılması barədə qərarlarla bağlı şikayətlərə etiraz edərək onların qəbuledilməz hesab edilməsini istəyib. Hökümət, həmçinin, şikayətin açıq-aşkar əsassız olduğunu iddia edib.

22. Ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərara gəlincə, Hökumət öncə bildirib ki, 18 may 2017-ci ildə verilmiş bu qərar faktiki olaraq icra olunmayıb, çünki ərizəçi terror təşkilatı təbliğatını aparmaq cinayəti çərçivəsində həmin gün daha öncə çıxarılan başqa bir qərar əsasında artıq həbs edilmişdi. Buna görə də Hökumət hesab edir ki, ərizəçi hazırkı ərizənin predmeti olan cinayət işi çərçivəsində çıxarılmış həbs qətimkan tədbiri barədə qərardan zərərçəkmiş şəxs olduğunu iddia edə bilməz.

23. Hökumət daha sonra qeyd edir ki, ərizəçi onun məhkəməyə qədər həbsdə saxlanması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət üçün müəyyən edilmiş 30 gün müddətində bu quruma şikayət verməyib və onun həbsdə saxlanması ilə bağlı məhkəmə qərarlarına etiraz etməyib. Hökumət əlavə edir ki, ərizəçi həbs qətimkan tədbirinin qanunsuz olmasından və müddətinin uzun olmasından şikayət vermək üçün Cəza Prosessual Qanununun 141-ci maddəsində nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etmək şansı olub. Beləliklə, Hökumət hesab edir ki, ərizəçi məhkəməyə qədər həbsdə saxlanmasından şikayət verilə biləcək mövcud və səmərəli müdafiə vasitələrini tükəndirməyib və istənilən halda Məhkəməyə şikayəti müəyyən edilmiş altı aylıq müddət ərzində təqdim etməyib, halbuki müddətin axımı ərizəçinin həbsdən azad edilməsi ilə başlanıb.

24. Hökmün elan edilməsinin təxirə salınması ilə bağlı qərara gəlincə, Hökumət bildirir ki, bu qərar tez bir zamanda başa çatmış cinayət prosesinin sonunda ərizəçinin razılığı ilə verilib və bu qərar ərizəçinin üzərinə heç bir öhdəlik və ya məhdudiyyət qoymayıb, müəyyən edilmiş 5 illik müddət keçdikdən sonra qərar bütün nəticələri ilə birlikdə ləğv edilib və əgər çıxarılmış hökm beş illik təxirəsalınma müddəti başa çatmadan öncə elan edilmiş olsaydı belə, ərizəçinin bu qərardan apellyasiya şikayəti vermək imkanı olacaqdı. Hökumət həmçinin bildirir ki, ərizəçi hökmün təxirə salınması ilə bağlı qərarın onun ifadə azadlığına necə mənfi təsir etdiyini göstərməyib. Qeyd edilən səbəblərdən Hökumət hesab edir ki, ərizəçini məhkum edən hər hansı bir qərar olmadığı üçün ərizə ratione personae olaraq Konvensiyaya ziddir, bu səbəbdən qəbuledilməz elan edilməlidir.

25. Hökumət daha sonra bildirir ki, hökmün icrasının təxirə salınması barədə qərar ərizəçinin razılığı ilə çıxarıldığına görə, məhkəmə qərarının qüvvədə qaldığı müddətdə cinayət icraatı hələ də yerli səlahiyyətli orqanlar qarşısında gözləmə vəziyyətində olub. Hökumət qeyd edir ki, əgər aidiyyatı şəxsin təxirə salınma müddətində qəsdən cinayət törətməsi halında təxirə salınmış hökm elan edilərdisə, həmin hökmdən yerli məhkəmələrə apellyasiya şikayəti vermək imkanı olacaqdı. Amma eyni zamanda Məhkəmənin də hökmün elan edilməsinin təxirə salınması haqqında qərarla bağlı verilmiş fərdi şikayətlə əlaqədar qərar qəbul edə biləcəyi bir vəziyyət yaranacaqdı ki, bu da Məhkəmənin subsidiar rolu ilə ziddiyyət təşkil edəcəkdi. Hökumətin fikrincə, bu səbəbdən ərizə hazırkı mərhələdə vaxtından əvvəl göndərilmiş hesab edilməli və daxili müdafiə vasitələri tükəndirilmədiyinə görə qəbuledilməz sayılmalıdır.

26. Hökumət son olaraq qeyd edir ki, ərizəçinin öz şikayətlərini və arqumentlərini subsidiarlıq prinsipinə uyğun olaraq yerli səviyyədə səlahiyyətli məhkəmə orqanları qarşısında qaldırmaq imkanı olub. Bu orqanlar sözügedən şikayət və arqumentləri lazımı şəkildə araşdırıb və səlahiyyətli yerli orqanların apardığı araşdırmanın nəticələrini şübhə altına almaq üçün isə heç bir əsas yoxdur. Qeyd edilən səbəblərdən Hökumət Məhkəməni açıq-aşkar əsassız olduğu üçün ərizəni qəbuledilməz hesab etməyə çağırır.

27. Ərizəçi Hökumətin bu etirazlarına heç bir şərh verməyib.

28. Ərizəçinin yalnız məhkəməyə qədər həbsdə saxlanmasına dair Hökumətin etirazlarına gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçi yalnız Konvensiyanın 5-ci maddəsinə istinad edərək məhkəməyə qədər həbsdə saxlanmasından deyil, bütövlükdə bu işdə ona qarşı qaldırılmış cinayət prosesi ilə onun ifadə azadlığı hüququnun pozulmasından şikayət edib (baxın Dickinson Türkiyəyə qarşı, № 25200/11, § 26, 2 fevral 2021-ci il). Bu səbəbdən ərizəçinin şikayətinin xarakteri və mətni diqqətə alınaraq bu etirazlar təmin edilə bilməz.

29. Qərarın icrasının təxirə salınması ilə bağlı Hökumətin etirazına gəlincə, Məhkəmə bildirir ki, hökmün icrasınının təxirə salınması ilə bağlı addım, xüsusilə bu addımın təxirə salınmış müddət ərzində ərizəçinin ifadə azadlığı üzərində mümkün çəkindirici effektini nəzərə alsaq, ərizəçinin ifadə azadlığına müdaxilə edilməsi ilə bilavasitə mənfi təsirinə məruz qaldığı cinayət icraatının nəticələrinin qarşısını almayıb və ya bu nəticələri aradan qaldırmayıb (baxın, mutatis mutandis, Aslı Güneş Türkiyəyə qarşı (dek.), № 53916/00, 13 may 2004-cü il, Yaşar Kaplan Türkiyəyə qarşı, № 56566/00, §§ 32-33, 24 yanvar 2006-cı il, Ergündoğan Türkiyəyə qarşı, № 48979/10, § 17, 17 aprel 2018-ci il və Dickinson, yuxarıda adı çəkilən, § 25, 2 fevral 2021-ci il). Məhkəmə daha sonra hesab edir ki, müvafiq cinayət qanunvericiliyinə uyğun olaraq şəxsin qurban statusu əldə etməsinə səbəb ola biləcək hökmün icrasının təxirə salınması ilə nəticələnən cinayət icraatından Məhkəməyə şikayət etdiyinə görə ərizəçini təqsirləndirmək olmaz. Ərizəçini Məhkəməyə ərizə ilə müraciət etmək üçün beş illik təxirə salınmış müddətin bitməsini gözləməyə məcbur etmək ağlabatan olmazdı və Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan ərizəçinin Məhkəməyə ərizə vermək hüququnu səmərəli şəkildə həyata keçirməsinə qeyri-proporsional maneə olardı. (baxın mutatis mutandis, Gaglione və başqaları İtaliyaya qarşı, № 45867/07 və digər 69 ərizə, § 22, 21 dekabr 2010-cu il). Ona görə Hökumətin bu etirazları da rədd edilməlidir.

30. Şikayətin açıq-aşkar əsassızlığı ilə bağlı etiraza gəlincə, Məhkəmə hesab edir ki, bu etirazla bağlı təqdim olunan dəlillər şikayətin qəbuledilənliyi ilə bağlı deyil, Konvensiyanın 10-cu maddəsinə əsasən şikayətin mahiyyəti üzrə araşdırılması ilə bağlı olan məsələdir (baxın Mart və Digərləri Türkiyəyə qarşı, № 57031/10, § 20, 19 mart 2019-cu il, Önal Türkiyəyə qarşı (№ 2), № 44982/07, § 22, 2 iyul 2019-cu il, və Gürbüz və Bayar Türkiyəyə qarşı, № 8860/13, § 26, 23 iyul 2019-cu il).

31. Məhkəmə bu nəticəyə gəlir ki, ərizə açıq-aşkar əsassız deyil və ya Konvensiyanın 35-ci maddəsində göstərilən hər hansı başqa səbəbdən qəbuledilməz deyil. Müvafiq olaraq, Məhkəmə ərizəni qəbuledilən hesab edir.

B. Mahiyyəti ilə bağlı

1. Tərəflərin arqumentləri

a) Ərizəçi

32. Ərizəçi qeyd edir ki, sosial şəbəkələrdə paylaşımına görə ona qarşı başlanmış cinayət işi və cinayət icraatının sonunda Respublika Prezidentini təhqir etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi onun ifadə azadlığı hüququnun həyata keçirilməsinə müdaxilədir, bu müdaxilə 10-cu maddənin 2-ci bəndində sadalanan legitim məqsədlərdən heç birinə xidmət etmir və demokratik cəmiyyətdə zəruri deyil.

b) Hökumət

33. Hökumət qeyd edir ki, hazırkı işdə heç vaxt icra olunmamış azadlıqdan məhrum etmə qərarı və qısa müddət içində hökmün icrasının təxirə salınmasını nəzərdə tutan qərarın qəbul edilməsi ilə nəticələnən cinayət işinin ərizəçinin ifadə azadlığı hüququ üzərində çəkindirici təsir və ya real məhdudiyyətlər yaratdığını demək olmaz. Hökumət həmçinin iddia edir ki, ərizəçinin paylaşdığı mübahisəli məzmun faktiki əsası olmayan, konkret olaraq Respublika Prezidentinə qarşı yönəlmiş dəyər mühakimələridir və bu məzmun Konvensiyanın 17-ci maddəsində nəzərdə tutulan mənada ifadə azadlığı ilə qoruna bilməz. Buna görə də Hökümət hesab edir ki, hazırkı işdə ərizəçinin ifadə azadlığı hüququna heç bir müdaxilə olmayıb.

34. Hökumət qeyd edir ki, əgər Məhkəmə ifadə azadlığına müdaxilə olduğu qənaətinə gələrsə, bu müdaxilə Türk Cəza Qanununun 299-cu maddəsi ilə nəzərdə tutulub ki, həmin maddə də aydın və əlçatandır, yuxarı məhkəmələrin bu məsələ ilə bağlı məhkəmə təcrübəsi nəzərə alınarsa, həmin maddənin hazırkı işdə məhkəmələr tərəfindən necə şərh və tətbiq ediləcəyi proqnozlaşdırıla bilərdi. Hökümət bununla bağlı bildirir ki, Türk Cəza Qanununun 299-cu maddəsinin tətbiqi zamanı həmin qanunun adi təhqir cinayətini kriminallaşdıran 125-ci maddəsində nəzərdə tutulan “təhqir” anlayışından da istifadə olunur. Hökümət daha sonra izah edir ki, dövlət başçılarının şərəf və ləyaqətini qoruyan oxşar müddəalar bir sıra Avropa ölkələrinin cinayət qanunlarında yer alır və hələ də tətbiq olunur. Hökümət həmçinin bildirir ki, dövlət başçısının ünvanına böhtan xarakterli ifadələr təkcə ona deyil, həm də onun tutduğu vəzifənin ucalığına xələl gətirir və Türkiyə cəmiyyətinin nəzərində dövlət başçısına yönəlmiş təhqir onun təmsil etdiyi bütün xalqa qarşı yönəlmiş təhqir hesab olunur. Hökümətin fikrincə, bu hal “Respublika Prezidentini təhqir etmə” cinayətinə görə daha sərt sanksiyanın tətbiqinə haqq qazandırır.

35. Hökumət həmçinin bildir ki, sözügedən müdaxilə şübhəsiz ki, başqalarının reputasiyasını və ya hüquqlarını qorumaq üçün qanuni məqsəd daşıyıb.

36. Son olaraq, Hökümət hesab edir ki, hazırkı işdə yerli məhkəmələr toqquşan maraqları öz mülahizə sərbəstlikləri çərçivəsində lazımı qaydada tarazlaşdırıb. Hökümət bununla bağlı hesab edir ki, ərizəçinin sosial şəbəkə hesabında ictimai şəkildə paylaşdığı mübahisəli məzmunda Prezident adam öldürmə və kütləvi qırğınlardan istifadə kimi cinayət əməllərində ittiham edilir və paylaşılan fotoda heç bir fakta söykənmədən seksual məzmunlu bir obrazda təsvir edilib. Hökumətin fikrincə, ərizəçiyə təyin edilmiş cəza təxirə salındığı üçün icra edilməmiş qısamüddətli azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi işin vəziyyətinə uyğun olaraq proporsional addım olub. Hökumət həmçinin bildirir ki, ərizəçiyə qarşı cinayət işi müxalif səsləri susdurmaq və ictimai müzakirəyə töhfə verilməsinin qarşını almaq məqsədilə deyil, mübahisəli məzmunun Respublika Prezidenti əleyhinə alçaldıcı və böhtan xarakteri daşıdığı üçün başlanıb. Hökumət hesab edir ki, ərizəçinin şikayəti istənilən halda Konvensiyanın 15-ci maddəsinə uyğun olaraq Türkiyənin 21 iyul 2016-cı ildə Avropa Şurasının Baş Katibinə təqdim etdiyi deroqasiya kontekstində araşdırılmalıdır.

c) Üçüncü tərəf

37. “İfade Özgürlüğü Derneği” (İfadə Azadlığı Assosiasiyası) ərizəçinin Türk Cəza Qanunun “Respublika Prezidentini təhqir etmə” cinayət əməlini nəzərdə tutan 299-cu maddəsi ilə məhkum edildiyini xatırladaraq bildirir ki, hakimiyyət orqanları tərəfindən bu müddəanın tətbiqi Respublikanın hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın dövründə özünün ən yüksək həddinə çatıb. Assosiasiya həmin müddəanın tətbiqi ilə bağlı statistik məlumatları təqdim edir ki, həmin məlumatlara əsasən 2014-2019-cu illər ərzində Respublika Prezidentinin ünvanına təhqirlərə görə 128872 cinayət araşdırması aparılıb, 30738 cinayət işi açılıb. Sözügedən Assosiasiya daha sonra bildirir ki, respublikanın hazırkı Prezidenti milli məhkəmələr, o cümlədən Konstitusiya Məhkəməsi qarşısında xüsusi və imtiyazlı mövqeyə malikdir. Təşkilatın fikrincə, onlar sonuncunun lehinə qərar verməyə daha çox meyllidirlər və prezident əleyhinə diffamasiya işlərində özlərinin presedent hüququnu tətbiq edə bilmirlər.

38. Assosiasiya sosial şəbəkələrdə dərc olunan sözügedən məzmunun potensial təsirini qiymətləndirməyin önəmli olduğunu düşünür. Assosiasiya bununla bağlı əlavə edir ki, sosial şəbəkələrdə müxtəlif tipli istifadəçilər arasında fərq qoyulmalıdır: Müəllif – orijinal məzmunu yaradan, istehsal edən və sahibi olan şəxsdir; birbaşa yayımçı – orijinal məzmunu paylaşan şəxsdir; və dolayı yayımçı – orijinal məzmunu “bəyənən” şəxsdir. “Müəllif” dərc edilmiş müəyyən məzmuna görə məsuliyyət daşısa da, eyni şeyin “yayımçı”ya da şamil edilməsi mütləq deyil, çünki öncə belə paylaşımın potensial təsirinin araşdırılması lazımdır.

39. Assosiasiya son olaraq hesab edir ki, Türk Cəza Qanununun 299-cu maddəsi tənqidçiləri susdurmaq və Respublika Prezidentinin imtiyazlı müdafiəsini təmin etmək üçün istifadə olunur və bu müddəanın tətbiqi ictimai müzakirələri boğur ki, bu da Məhkəmənin oturuşmuş presedent hüququna ziddir. Beləliklə, Assosiasiya hesab edir ki, Türk Cəza Qanunun 299-cu maddəsi Konvensiya standartlarına uyğun gəlmir və Türkiyənin məhkəmə təcrübəsi isə bu müddəanın siyasi açıqlamalar üzərində zərərli təsirini gücləndirir.

2. Məhkəmənin qiymətləndirməsi

40. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi iki əsasa görə “Respublika Prezidentini təhqir etmə” ittihamı ilə hökmün elan edilməsi təxirə salınmaqla 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. O, özünün facebook hesabında digər paylaşımlarla yanaşı Respublika Prezidentinin karikaturasını və onu hədəf alan satirik və tənqidi şərhlərlə müşayiət edilən fotoşəkilini paylaşıb.

41. Məhkəmə hesab edir ki, ərizəçi barəsində cinayət işi kontekstində çıxarılmış – hətta Hökumətin iddia etdiyi kimi icra olunmasa belə – həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın, ərizəçinin cəzaya məhkum edilməsinin, həmçinin cinayət mühakimə icraatının sonunda çıxarılmış ərizəçinin beş il müddətinə nəzarət altında saxlanılmasını nəzərdə tutan hökmün elan edilməsinin təxirə salınması barədə qərarın yarada biləcəyi çəkindirici təsiri nəzərə alsaq, bunlar ərizəçinin ifadə azadlığı hüququna müdaxiləyə bərabərdir (baxın, Ərdoğdu Türkiyəyə qarşı, № 25723/94, § 72, AİHK 2000-VI, Dilipak Türkiyəyə qarşı, № 29680/05, § 51, 15 sentyabr 2015-ci il, Ergündoğan, yuxarıda adı çəkilən, § 26, 17 aprel 2018-ci il və Səlahəddin Dəmirtaş Türkiyəyə qarşı (№ 3), № 8732/11, § 26, 9 iyul 2019-cu il; həmçinin baxın, bunların əksi olan iş, Otegi Mondragon İspaniyaya qarşı, № 2034/ 07, § 60, AİHK 2011).

42. Məhkəmə daha sonra qeyd edir ki, mübahisə edilən müdaxilənin qanuni olması, daha dəqiq desək, Türk Cəza Qanununun 299-cu maddəsində nəzərdə tutulması ilə bağlı tərəflər arasında fikir ayrılığı yoxdur (yuxarıda 14-cü bənd). Məhkəmə, həmçinin, bu müdaxilənin başqalarının reputasiyasını və ya hüquqlarını qorumaq üçün legitim məqsəd güddüyünü də qəbul edir.

43. Müdaxilənin zəruriliyinə gəlincə, Məhkəmə qeyd edir ki, ərizəçini məhkum edərkən yerli məhkəmələr Türk Cəza Qanununun 299-cu maddəsinə istinad ediblər ki, həmin maddə ilə Respublika Prezidenti adi şəxslərin reputasiyasını qoruyan CM-nin 125-ci maddəsi ilə tənzimlənən ümumi diffamasiya rejimi ilə müqayisədə daha yüksək səviyyədə müdafiə ilə təmin edilir və böhtan xarakterli açıqlamaların müəlliflərinə qarşı daha ciddi sanksiyalar nəzərdə tutulur (müqayisə üçün Türk Cəza Qanununun 125-ci və 299-cu maddələri arasında fərqə baxın. Yuxarıda 13 və 14-cü bəndlər). Bununla əlaqədar Məhkəmə belə hüquq pozuntuları ilə bağlı müdafiənin xüsusi bir qanunla gücləndirilməsinin, prinsipcə, Konvensiyanın ruhuna uyğun gəlmədiyini dəfələrlə bəyan etdiyini xatırladır (baxın, Colombani və başqaları Fransaya qarşı, № 51279/99, § 69, AİHK 2002-V, Otegi Mondragon, yuxarıda göstərilən, § 55 və Önal (№ 2), yuxarıda göstərilən, § 40). Məhkəmə həmçinin hazırkı işdə olduğu kimi spesifik olaraq keçmiş Türk Cəza Qanununun 158-ci maddəsinə əsasən Respublika Prezidentini təhqir etməyə görə məhkum edilmə ilə bağlı olan Artun və Güvener Türkiyə qarşı işdə (Ərizə № 75510/01, § 31, 26 iyun 2007-ci il) bildirir ki, dövlətin Dövlət Başçısının reputasiyasını qorumaq istəyi sonuncuya imtiyaz və ya xüsusi təminat verilməsinə haqq qazandıra bilməz (baxın, Artun və Güvener, yuxarıda adı çəkilən, § 31 və Önal (№ 2), yuxarıda adı çəkilən, § 40; Respublika Prezidentinin statusunun həddindən artıq müdafiəsi ilə bağlı baxın, Pakdemirli Türkiyəyə qarşı, № 35839 /97, § 52, 22 fevral, 2005) və bunun əksi bugünkü təcrübə və siyasi konsepsiya ilə uzlaşa bilməz (yuxarıda 16-19-cu bəndlərdə bununla bağlı Avropa Şurası orqanlarının sənədlərindən çıxarışlara baxın).

44. Xüsusi olaraq Respublika Prezidentini təhqir etməyə görə nəzərdə tutulan cəzanın mütənasibliyinə gəlincə, Məhkəmə qeyd edir ki, dövlət qurumlarını təmsil edən şəxslərin müdafiəsinin institusional ictimai asayişin təminatçısı kimi səlahiyyətli orqanlar tərəfindən təmin olunması tamamilə legitim olsa da, həmin institutların tutduğu hakim mövqe hakimiyyət orqanlarından cinayət təqibi zamanı təmkinli davranmağı tələb edir (baxın, Otegi Mondragon işi, § 58). Bununla əlaqədar Məhkəmə bir daha xatırladır ki, 10-cu maddə ilə qorunan hüquqlara müdaxilənin mütənasibliyinin qiymətləndirilməsi bir çox hallarda hakimiyyət orqanlarının cinayət cəzası yerinə başqa hər hansı vasitədən, məsələn mülki qanunvericiliklə nəzərdə tutulan tədbirlər tətbiq edib-etməməsindən asılı olacaq (müqayisə üçün baxın, Raichinov Bolqarıstana qarşı, № 47579/99, § 50, 20 aprel 2006; həmçinin Lehideux və Isorni Fransaya qarşı, 23 sentyabr 1998-ci il, § 51, Reports 1998-VII, və Cump Mazăre Rumıniyaya qarşı [BP], № 33348/96, § 115, AİHK 2004-XI). Hətta cinayət qanunvericiliyi ilə müəyyən edilən cəzadan azad edilmə ilə müşayiət olunan məhkumluq və zərərin əvəzi kimi “simvolik 1 avro” ödəmək öhdəliyi şəklində tətbiq edilən sanksiya mümkün qədər yumşaq tədbir hesab edilsə belə, cinayət sanksiyasıdır və belə bir cəza istənilən halda ifadə azadlığı hüququna müdaxiləyə haqq qazandırmaq üçün təkbaşına yetərli deyil (baxın, Atanasios Makris Yunanıstana qarşı, № 55135/10, § 38, 9 mart 2017-ci il).

45. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə heç bir hal ərizəçinin polisdə saxlanmasına və ona qarşı həbs qətimkan tədbirinin seçilməsinə və ya hazırkı işdə olduğu kimi, hökmün elan edilməsi təxirə salınsa belə, cinayət cəzasının tətbiqinə haqq qazandıra bilməz. Təbiətcə belə bir sanksiya istər-istəməz ictimai maraq doğuran məsələlərlə bağlı, xüsusilə məhkumluğun doğurduğu nəticələri nəzərə alsaq, aidiyyatı şəxsin özünü ifadə etmək istəyinə qarşı çəkindirici təsir göstərir (müqayisə üçün baxın, Artun və Güvener işi, § 33, Martçenko Ukraynaya qarşı, № 4063/04, § 52, 19 fevral 2009-cu il və Otegi Mondragon, § 60, Dilipak işi, § 70 və Səlahəddin Dəmirtaş işi (№ 3), § 26, Önal işi (№ 2), § 42 və Dickinson işi, § 58).

46. Hökumət bu işdə Konvensiyanın 15-ci maddəsinin tətbiqi ilə bağlı Türkiyənin 21 iyul 2016-cı il tarixində Avropa Şurasının Baş Katibinə təqdim etdiyi deroqasiyanı nəzərə almağı xahiş etsə də (deroqasiyanın mətni üçün baxın, Mehmet Hasan Altan Türkiyəyə qarşı, № 13237/17, § 81, 20 mart 2018-ci il), Məhkəmə qeyd edir ki, Hökumət bu işdə ərizəçiyə qarşı qaldırılmış cinayət işinin 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət rejimindən qaynaqlanan zərurət olduğunu təsdiq edən hər hansı bir sübut təqdim etməyib.

47. Qeyd edilən səbəblərdən hazırkı işdə diffamasiya məsələsində Prezidentin daha çox müdafiəsini nəzərdə tutan xüsusi müddəaya uyğun olaraq ərizəçiyə qarşı tətbiq edilmiş cinayət xarakterli sanksiyanı nəzərə alaraq Məhkəmə hesab edir ki, Hökumət görülən tədbirlərin qarşıya qoyulan legitim məqsədlərə mütənasib olduğunu və onun demokratik cəmiyyətdə Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan mənada zəruri olduğunu göstərə bilməyib.

48. Bu əsaslar Məhkəmənin hazırkı işdə Konvensiyanın 10-cu maddəsinin pozulduğu qənaətinə gəlməsi üçün yetərlidir.

II. KONVENSİYANIN 41 VƏ 46-CI MADDƏLƏRİNİN TƏTBİQİ

49. Konvensiyanın 41 və 46-cı maddələrində deyilir:

41-ci Maddə

Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

46-cı Maddə

1. Razılığa gələn Yüksək Tərəflər Məhkəmənin onların tərəf olduqları hər hansı iş üzrə yekun qərarını icra etməyi öhdələrinə götürürlər.
2. Məhkəmənin yekun qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.

50. Ərizəçi dəymiş mənəvi zərərə görə 20.000 avro (EUR) tələb edir. O, vəkillik xərcləri üçün 10,915 türk lirəsi (TRY) (həmin vaxt təxminən 1,141 avro) tələb edir və bu məbləğin Türkiyə Vəkillər Kollegiyasının ödəniş cədvəlinə uyğun olduğunu bildirir. O, həmçinin tərcümə, təchizat və poçt xərcləri üçün 1250 TRY (həmin vaxt təxminən 125 EUR) tələb edir və bildirir ki, vəkili ödənəcək bu xərclərin həqiqi, ağlabatan və zəruri olduğunu təsdiqləyib.

51. Hökumət qeyd edir ki, mənəvi ziyana görə iddia edilən məbləğlə iddia edilən pozuntu arasında səbəb-nəticə əlaqəsi yoxdur, iddia edilən məbləğ əsaslandırılmayıb, həddən artıq çoxdur və Məhkəmənin presedent hüququnda müəyyən edilmiş məbləğlərə uyğun gəlmir. O, daha sonra izah edir ki, ərizəçi xərclər və məsrəflərlə bağlı tələblərini təsdiq edən heç bir inandırıcı sənəd təqdim etməyib, bununla bağlı tələb olunan məbləğlər də əsaslandırılmayıb, prosedurun mürəkkəb olmadığını və qaldırılan məsələlərin sayının məhdudluğunu nəzərə alsaq, bu məbləğ də həddindən artıq yüksəkdir və vəkil haqqının ödənilməsi üçün təqdim edilən tələb oxşar proseslərlə müqayisədə yüksək olduğu üçün reallığı əks etdirmir.

52. Məhkəmə hesab edir ki, Konvensiyada nəzərdə tutulan hüquq pozulduğu üçün ərizəçinin müəyyən və əhəmiyyətli dərəcədə sıxıntı yaşadığını demək olar. Məhkəmə işin hallarını nəzərə alaraq, mənəvi ziyana görə ərizəçiyə 7500 avro, üstəgəl bu məbləğə vergi kimi ödənilə biləcək hər hansı məbləğin təyin edilməsini məqsədəuyğun hesab edir. Xərclər və məsrəflə bağlı tələblərə gəlincə, Məhkəmə onda olan sənədləri və yuxarıda qeyd olunan meyarları nəzərə alaraq, ərizəçinin xərc və məsrəflərlə bağlı tələbləri təsdiq edən hər hansı bir sənəd təqdim etmədiyini əsas göstərərək bu tələbləri rədd edir.

53. Məhkəmə gecikmə faizi olaraq bu məbləğə Avropa Mərkəzi Bankının borc dərəcəsinin yuxarı həddinə üç faiz əlavə olunmaqla əldə ediləcək faiz dərəcəsinin tətbiq olunmasını məqsəduyğun sayır.

54. Məhkəmə artıq hazırkı işdə Türk Cəza Qanununun 299-cu maddəsi ilə başlanan cinayət mühakimə icraatının ifadə azadlığı ilə (yuxarıda 47 və 48-ci bəndlər) bir araya sığmadığı qənaətinə gəlib. Məhkəmə xüsusilə vurğulayır ki, xüsusi bir maddə ilə dövlət başçısının müdafiəsinin artırılmasının prinsipcə Konvensiyanın ruhuna uyğun olmadığını və dövlətin Dövlət Başçısının reputasiyasını qorumaq istəyinin sonuncuya imtiyaz və ya xüsusi təminat verilməsinə haqq qazandıra bilməyəciyini vurğulayıb (yuxarıda 43-cü bənd). Məhkəmənin gəldiyi bu nəticə onu deməyə əsas verir ki, ərizəçinin Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan hüququnun pozulması sözügedən müddəanın tərtibi və tətbiqi ilə bağlı problemdən qaynaqlanır. Bu səbəbdən Məhkəmə hesab edir ki, müvafiq yerli qanunvericiliyin Konvensiyanın yuxarıda qeyd olunan müddəasına uyğunlaşdırılması aşkar edilmiş pozuntuya son qoymağa imkan verən müvafiq kompensasiya forması olardı (oxşar yanaşma üçün baxın: Gözel və Özer Türkiyəyə qarşı, № 43453/04 və 31098/05, § 76, 6 iyul 2010-cu il və Fatih Taş Türkiyəyə qarşı (№ 5), № 6810/09, § 45, 4 sentyabr 2018-ci il).

 

QEYD EDİLƏN SƏBƏBLƏRDƏN MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1) Ərizənin qəbuledilən hesab edilməsinə;

2) Konvensiyanın 10-cu maddəsinin pozuntusunun tanınmasına,

3) a) cavabdeh dövlətin Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərarın qanuni qüvvəyə mindiyi tarixdən üç ay ərzində həmin vaxt tarixində tətbiq olunan məzənnə ilə həmin dövlətin valyutasına çevirməklə ərizəçiyə 7500 avro (yeddi min beş yüz avro) ödəməsinə və bu məbləğdən tutula bilən hər hansı vergi məbləğinin onun üzərinə əlavə olunmasına;
b) Qeyd edilən müddətin başa çatdığı tarixdən ödəniş tarixinə qədər bu məbləğin Avropa Mərkəzi Bankının həmin dövr üçün qüvvədə olan borc dərəcəsinin yuxarı həddinə əsaslanmaqla sadə faiz tətbiqi ilə üç faiz artırılmasına;

4) Ədalətli kompensasiya ilə bağlı ərizəçinin digər tələblərinin rədd edilməsinə

qərar verdi.

Qərar fransız dilində tərtib edilib və Məhkəmə Qaydalarının 77-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 19 oktyabr 2021-ci ildə yazılı şəkildə təqdim edilib.

Stanley Naismith            Jon Fridrik Kjølbro
Katib                                  Sədr

Qərarı tərcümə etdi: Tural Ağayev