№ 35283/14 XƏDİCƏ İSMAYILOVA AZƏRBAYCANA QARŞI (№ 3) – 7 MAY 2020-CI IL

YENİ © tərcümə – aihmaz.org – yüklə_Xədicə İsmayılova Azərbaycana qarşı (3)

 

 

BİRİNCİ BÖLMƏ

XƏDİCƏ İSMAYILOVA AZƏRBAYCANA QARŞI (№ 3)

(Ərizə № 35283/14)

QƏRAR

STRASBURQ

7 may 2020

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallar əsasında qəti qüvvəyə minəcək. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Xədicə İsmayılova Azərbaycana qarşı (№3),

Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Şöbə) Palatasının iclası ibarətdir:
Síofra O’Leary, President,
Gabriele Kuçsko-Stadlmayer,
Ganna Yudkivska
Andrey Potoçki,
Yonko Qrozev,
Lәtif Hüseynov,
Anja Seibert-Fohr, hakimlər,
və Victor Soloveytchik, İclas Katibi,
Məhkəmə işi 23 aprel 2014-cü il tarixində Azərbaycan vətəndaşı, cənab Xədicə Rövşən qızı İsmayılova (“ərizəçi”) İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasını məhkəməyə verdiyi ərizə nəticəsində başlayıb.
Müraciətin Azərbaycan Hökumətinə bildirilməsi barədə qərar;
Tərəflərin müşahidələri;
24 mart 2020-ci ildə xüsusi müşavirə keçirilərək,
Həmin tarixdə qəbul edilmiş müvafiq qərarı verir:

GİRİŞ

Ərizəçi iddia edib ki, ölkədaxili məhkəmələrin onun şəxsi və cinsi həyatını şərh edən məqaləyə görə qəzeti cəzalandırmaqdan imtina etməsi cavabdeh dövlətin Konvensiyanın 8-ci maddəsindən uyğun olaraq fərdin şəxsi həyatını və nwfuzunu qorumaq öhdəçilyini pozub.

FAKTLAR

1. Ərizəçi 1976-cı ildə anadan olub və Bakıda yaşayır. Ərizəçini Strasburqda olan vəkil cənab R.Hacılı və Azərbaycanda fəaliyyət göstərən vəkil Z. Sadıqova təmsil etdi.

2. Hökuməti onun nümayəndəsi Cənab Ç. Əsgərov təmsil etdi.

3.İşin tərəfləri tərəfindən təqdim edilən faktlar aşağıdakı kimi ümumiləşdirilə bilər.

A. Arxa plan

4. Ərizəçi 2005-ci ildən bəri tanınmış araşdırmaçı jurnalistdir. Azadlıq Radiosunun Azərbaycan xidmətində müxbir və direktor vəzifələrində çalışıb. Radionun verilişləri müxtəlif mövzuları, o cümlədən korrupsiya və insan hüquqlarının pozulmasını əhatə edirdi və çox vaxt höküməti tənqid üzərində qurulurdu (daha ətraflı məlumat üçün bax – Xədicə İsmayılova Azərbaycana qarşı, № 65286/13 və 57270/14, 6, 10 yanvar 2019 və Xədicə İsmayılova Azərbaycana qarşı (№2), №. 30778/15, §§ 6-10 [27 Fevral 2020], hələ qəti deyil). Bundan əlavə, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin regional koordinatoru vəzifəsində işləyib, burada jurnalistlərə araşdırma və ölkələr arası hesabatları yazmağın üsulu ilə bağlı təlimlər keçib. Jurnalistik fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

5. Ərizəçi Azərbaycanda korrupsiya ilə bağlı jurnalist araşdırmaları aparıb. 2010 və 2012-ci illər arasında Prezidentin ailəsinə aid bir neçə məqalə çap etdirib və onların hazırlanmasında iştirak edib (Bax, yuxarıda istinad edilən Xədicə İsmayılova, §§ 7-8 və yuxarıda istinad edilən Xədicə İsmayılova (№ 2), § 11).

6. Ərizəçinin sözlərinə görə, məqalələri dərc edildikdən sonra təhdidlər almağa başlayıb. 7 Mart 2012-ci ildə o, gizli şəkildə çəkilmiş intim videosunun ictimaiyyətə açıqlanacağı ilə bağlı anonim təhdid məktubu alır. 14 mart 2012-ci ildə “musavat.tv” adlı bir saytda ərizəçi və onun dediyinə görə o vaxtkı sevgilisi ilə, seksual məzmunlu görüntüləri olan video yayılır. Video onun yataq otağında gizli şəkildə quraşdırılmış kamera ilə çəkilir. Ərizəçinin şikayətindən sonra cinayət istintaqı başlanır amma səmərəsiz olur.

7. Videonun yayılması ilə eyni vaxtda və bundan sonra ərizəçini tənqid edən bir sıra məqalələr müxtəlif qəzetlərdə dərc olunur. Xüsusilə, 13 mart 2012-ci ildə Yeni Azərbaycan qəzeti (hakim Yeni Azərbaycan Partiyasının rəsmi qəzeti) “Xədicə İsmayılova göründüyü və olduğu kimi” başlıqlı məqalə dərc edir. Məqalə ərizəçinin təhdid məktubu alması barədə verdiyi ifadəyə istinadla başlayır. Daha sonra ərizəçini və onu dəstəkləyənləri tənqid etməklə davam edir. Xüsusilə, həm onu, həm də Azadlıq Radiosundakı həmkarını peşəkarsızlıqda və hökumət qarşı qərəzli olmasına görə tənqid edir. Bundan əlavə, Azadlıq Radiosunun başqa bir keçmiş işçisinə istinadən, ərizəçinin əksər vaxtını barlarda və klublarda keçirən və öz ofisində müntəzəm şəkildə bütün axşamı davam edən gecə partiləri və “orgiyalar” təşkil edən əxlaqsız bir insan olduğunu iddia edir. Eyni məqalə 15 mart 2012-ci il tarixində İki Sahil qəzetində dərc edilir.

8. 16 mart 2012-ci ildə Səs qəzetində “Təəccüblü deyil” başlıqlı məqalə dərc olunur. Məqalədə müxtəlif müxalif siyasətçilərin qarışdığı bir sıra qalmaqallardan bəhs edilirdi. Sonda məqalə, ərizəçi ilə əlaqəli baş verən hadisəyə qısaca toxunur və qeyd edir ki, bir çox müxalif yönümlü şəxslərin “seks qalmaqallarında” iştirak etmələri təəccüblü deyil. 5 aprel 2012-ci ildə Səs qəzeti “Xədicə kim məhkəməyə verməlidir?” başlıqlı bir məqalə dərc edərək ərizəçini “əxlaqsız davranışda” ittiham edir və video qalmaqalın “musavat.tv” də özü və dostları tərəfindən yaradıldığını iddia edir. Hazırkı ərizəyə səbəb olan məqalədən başqa ərizəçidən bəhs edən daha bir neçə məqalə sonradan Səs qəzetində dərc edilir (bax: “B” bölməsi).

9. 2013-cü ilin yayında eyni gizli kamera ilə lentə alınan daha bir video internetdə yayımlanır.

10. Yuxarıda göstərilən hadisələr Məhkəmənin Xədicə İsmayılova qərarının predemtini təşkil edib (yuxarıda göstərilib). Həmin qərarda Məhkəmə Konvensiyanın 8-ci və10-cu maddəsinin pozulduğunu təsbit edib.

11. Hazırkı ərizəyə səbəb olan hadisələrdən sonra, 2014-cü ilin dekabr ayında ərizəçi keçmiş həmkarını intihara təşviq etmək ittihamı ilə tutulur və həbs edilir. 2015-ci ilin fevral ayında Azadlıq Radiosunun direktoru kimi 1 iyul 2008-ci il tarixdən 1 oktyabr 2010-cu ilədək fəaliyyəti ilə əlaqədar olaraq külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əlavə maddələr ilə ittiham olunur. Onun tutulması və həbsi ilə bağlı hadisələr Məhkəmənin Xədicə İsmayılova (№2) (yuxarıda göstərilib) qərarının predemtin təşkil edir. Həmin qərarda, Məhkəmə, Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü, 6-cı maddənin 2-ci hissəsinin və 18-ci maddələrinin pozuntularını aşkar edib.

12. 1 sentyabr 2015-ci ildə ərizəçi 7 il yarım müddətinə azadlıqdan məhrum edilib. Bir sıra müraciətlərdən sonra 25 may 2016-cı ildə o qismən bəraət alır və cəzası üç il yarım azadlıqdan məhrum edilmə və beş il şərti olaraq azadlıqdan məhrum etmə ilə əvəzlənir. Ərizəçi elə həmin gün həbsxanadan çıxır.

B. Hazırkı ərizəyə səbəb olan hadisələr

1. Qəzetin yayımladığı məqalə

13. Səs qəzetinin özünün veb saytında yazdığı məlumat görə (yuxarıdakı 8-ci paraqrafa bax), “ictimai-siyasi qəzet” kimi 1990-cı ildə təsis edilib və 1991-ci ildən nəşr edilir. 1998-ci ildən etibarən isə gündəlik qəzet kimi nəşr olunur. Qəzetin özünün yazdığına görə, “Səs Yeni Azərbaycan Partiyası üçün partiya bazası rolunu oynamış və partiya yarandıqdan sonra isə onun media tribunası kimi fəaliyyətini davam etdirir”.

14. 6 Noyabr 2012-ci ildə, ilk videonun yayılmasından səkkiz ay sonra (yuxarıdakı 6-cı paraqrafa baxın) və ikinci videonun yayılmasından əvvəl (yuxarıdakı 9-cu paraqrafa baxın) və ərizəçinin şəxsi həyatına müdaxilə ilə bağlı cinayət istintaqı davam edərkən, Səs qəzeti Rövşən ləqəbli müəllifin yazdığı “Tarixi deputatxana” adlı məqalə dərc edir. İngilis dilində birbaşa ekvivalenti olmayan “deputatxana” sözü mənfi anlamda “parlament” mənasını verən neologizmdir.

15. Məqalənin birinci abzası, müxalif yönümlü jurnalistlərin “hakimiyyətdə olanları və ya Milli Məclis üzvlərini daim tənqid etməkdən başqa hər hansı digər mövzularda yazmaq iqtidarında olmadıqları” kimi ritorik bir sual ilə başyır. Müəllif daha sonra qeyd edir ki, həmin müxalif jurnalistlər indiki müxalifətin 1992-ci ildə hakimiyyətdə olmasını, həmin Milli Məclisin (“deputatxananın”), AXCP və Müsavat Partiyasının nümayəndələrindən (məqalə dəfələrlə və alçaldıcı şəkildə onları “cəbhəkratlar”, “müsavatkratlar” və “müsavatxorlar” adlandırır) ibarət olmasını unudurlar.

16. Məqalənin növbəti paraqrafında, müəllif, 1992-ci ildə Parlamentdə bəzi millət vəkillərinin o zamankı Prezident Elçibəyə qarşı təhqiramiz ittihamlar səsləndirməsi kimi müxtəlif neqativ halların baş verdiyini; parlamentin iclas salonunda bəzilərinin “Marlboro siqareti çəkərək, nəşədən xumarlandığını”; bəzilərinin bütün gecələri restoranlarda və barlarda keçirdikdən sonra paxmel olduqlarını; bəzilərinin yuxuladığını və yüksək səslə xoruldadığını; bəzilərinin isə rəsmi nitqlərinin söyüşlərlə dolu olduğunu qeyd edir. Müəllif o dövrün millət vəkillərini dələduz adlandıraraq, müxalif yönümlü jurnalistlərin hazırkı parlamentə “zoopark” və ya “hərəmxana” dediklərini ancaq nə üçün həqiqi zooparkın belə qəbul etməyəcəyi öz “eşşəkləri”, “çaqqalları” və “zəhərli ilanlar” haqqında danışmaqdan imitina ediklərini anlamadığını bildirir.

17. Müəllif son abzasına müxalif “Yeni Müsavat” qəzetində adı açıqlanmayan bir jurnalistin son yazısını (belə məlum olur ki, məşhur köşə yazarı Zamin Hacıya nəzərdə tutulur) şərh etməsi ilə başlayır. Zamin Hacı həmin yazısında İtaliya Parlamentinin üzvü seçilən və seçildikdən sonra Səddam Hüseyn və Osama bin Laden haqqında tənqidi açıqlamalarla çıxış edən keçmiş italyan porno aktrisası Çiçiolina (İlona Staller) haqqında danışırdı. Müəllif, porno aktirsa haqqında yazan jurnalistin ağlından necə “axmaq fikirlər” keçdiyini və bu cür “səfeh fikirlər”-in Azərbaycan Parlamentinin də porno aktrisaya sahib olmalı olduğu təklifinin verilməsi ilə nəticələnib-nəticələnməyəcəyi ilə maraqlanırdı. Sonra müəllif sözünə davam belə davam edir:
“Əgər müxalifətyönlü qəzetlərin qələm dağarcıqları bu qədər ucuz və dar düşüncəyə malikdirlərsə, getsinlər öz ‘İctimai Palata’larında Xədicə İsmayılovaya yer ayırsınlar, adını da qoysunlar ‘İctimai Palata’nın PORNOULDUZ ÇİÇÇOLİNOSU! Cəbhəkrat və Müsavatkrat deputatxanalıqlar isə ‘milli’ ÇİÇÇOLİNODAN istədikləri qədər feyz alsınlar. Axı onlar belə şeylərə kifayət qədər alışıqlıdırlar! Bizlər də həmin macəralara qəşəng-qəşəng başlıqlar qoyaq. Məsələn, ‘Zamin Hacı Çiççolinonun harasından maç elədi?’, ‘Elnur Astanbəyli Çiççolinoya niyə seksual xarakterli dil göstərdi?’, ‘Natiq Güləhmədoğlu Samir Sarı ilə Çiççolinonu bölüşdürə bilmədi!’, ‘İctimai Palatada Çiççolino növbəsi’ və s.”

2. Ərizəçi tərəfindən qaldırılan mülki iş

18. 27 dekabr 2012-ci il tarixdə ərizəçi, Konstitusiyanın 32 və 46-cı maddələrinə, Konvensiyanın 8-ci maddəsinə, Mülki Məcəllənin 23-cü maddəsinə, Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 10-cu maddəsinə və Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsaslanaraq, qəzetə qarşı iddia qaldırdı. Ərizəçi, məqalənin onun şərəf və ləyaqətini, şəxsi və ailə həyatına hörmət hüququnu və ifadə azadlığını pozduğunu iddia etdi. Ərizəçi jurnalist fəaliyyəti ilə əlaqədar şantajla üzləşdiyini bildirdi. Belə ki, bu yaxınlarda şəxsi həyatına müdaxilə edildiyini və gizli kamera ilə intim videosunun qeydə alınaraq internetdə yayıldığını qeyd etdi. Ərizəçi, yuxarıdakı 17-ci paraqrafda göstərilən hissəyə toxunaraq, məqalənin jurnalist fəaliyyətinə görə qisas almaq üçün hökumətyönlü mətbuatda ona qarşı aparılan daha böyük kampaniyanın bir hissəsi olduğunu və onu “cəmiyyətin gözündə aşağı salmaqla” istehza obyektinə çevirdiyini iddia etdi. Məqalədə gizli video ilə əlaqəli hadisədən onu təhqir etmək və nüfuzuna xələl gətirmək məqsədi ilə istifadə edilib. Məqalədə səsləndirilən təhqiramiz və alçaldıcı ifadələr onun ciddi mənəvi əzab çəkməsinə səbəb olub və həmkarlarının, dostlarının, qohumlarının və oxucuların gözündə nüfuzuna xələl gətirib. O, məhkəmədən qəzetin üzr istəməsi ilə bağlı qərar çıxarmasını və yaşamış olduğu stressə görə 50.000 Azərbaycan manat təzminat təyin olmasını xahiş edib.

19. Cavabdeh qəzet məhkəmə qarşısında bildirdi ki, ərizəçi onun haqqında adi tənqidi şərh yazan qəzeti deyil, onun gizli videosunu yayan “musavat.tv”-ni məhkəməyə verməlidir. Qəzet, ərizəçinin şəxsi həyatına müdaxiləni də qınadığını bildirdi. Bununla yanaşı, “ədalətli, dürüst və yüksək nüfuzlu bir qəzet” olduqlarından oxucularına “sosial, siyasi və digər ictimai maraq kəsb edən hadisələr” barədə məlumat vermək məcburiyyətində idilər. Qəzet daha sonra bildirib ki, evli olmayan ərizəçinin “bəzi şəxs” ilə evlilikdənkənar cinsi əlaqədə olması, “bizim milli və mənəvi dəyərin ən yüksək təzahürü” olan qadın obrazına uyğun gəlmir. Bu kimi davranışlar gənc nəsillərin mənəviyyatına zərər verə bilər. Qəzet, məqalənin məzmununun öz fikirlərini sərbəst ifadə etmək hüququ çərçivəsində olduğunu bildirib. Daha sonra məqalənin ərizəçinin nüfuzuna xələl gətirə bilməyəcəyini, çünki ərizəçinin bildirdiklərinin əksinə olaraq, onun oxucular arasında nüfuzlu imicə sahib olmadığını iddia edib. Bununla əlaqədar olaraq, ərizəçinin keçmiş fikirlərini və hərəkətlərini tənqid edərək onun müxalifət olduğunu və hətta vətənpərvər olmadığını qeyd edib. Qəzet qeyd edib ki, heç kim, hətta məqalədə adı çəkilən digər müxalif jurnalistlər və siyasətçilər də onu dəstəkləməyiblər, çünki onlardan heç biri bu məsələ ilə əlaqədar qəzeti məhkəməyə verməyib.

20. 13 Fevral 2013-cü ildə Səbail Rayon Məhkəməsi Konstitusiyanın 47-ci, Mülki Məcəllənin 23-cü maddəsinə, Ali Məhkəmə Plenumunun 1999-cu il 14 may tarixli qərarına və Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarına istinad edərək, ərizəçinin iddiasını rədd edib. Qərarını aşağıdakı şəkildə əsaslandırıb:
“Məhkəmə iclasında araşdırılan sübutlar əsasında məhkəmə bu qənaətə gəldi ki, Konstitusiya fikir və ifadə azadlığına zəmanət verir. Səs qəzetində dərc olunan məqalə fikir və ifadə azadlığının və jurnalistin müstəqil fikrinin təzahürüdür. Bu yazını şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirmək, insanın fərqli düşünməsinə və iradəsinə zidd olacağından bu iddia rədd edilməlidir. İddianı rədd edərkən, məhkəmə onu da bildirdi ki, iddiaçı fiziki və mənəvi əzablara məruz qaldığını sübut etməli olduğu halda sübut edə bilməyib və buna görə iddia rədd edilməlidir.”

21. Ərizəçi iddialarını və arqumentlərini təkrarlayaraq aplleyasiya şikayəti verib. Ayrıca, şərəf və ləyaqətinə xələl gətirən məqalənin ona mənəvi əzab verdiyini, lakin hər hansı bir konkret arqumentlərlə mənəvi əzabın mövcudluğunu sübut etməyin çətin olduğunu bildirib. O, eyni vəziyyətə düşəcək hər kəsin mənəvi əzab çəkəcəyini qeyd edib. Daha sonra bildirib ki, hazırkı işdə mənəvi zərərin kəskinlik dərəcəsini qiymətləndirmək məhkəməyə aiddir.

22. Bakı Apelyasiya Məhkəməsi 13 iyun 2013-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarına əsaslanaraq ərizəçinin şikayətini rədd etdi.

23. 23 oktyabr 2013-cü ildə Ali Məhkəmə Apelyasiya Məhkəməsinin maddi və prosesual normaları düzgün tətbiq etdiyini əsas gətirərək ərizəçinin şikayətini rədd etdi.

MÜVAFİQ HÜQUQİ ÇƏRÇİVƏ

A. 1995-ci il Konstitusiyası

24. Həmin vaxtı qüvvədə olan Konstitusiyanın müvafiq maddəsində deyilir:

(i) Maddə 32. Şəxsi toxunulmazlıq hüququ
“I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir…

V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
…”
(ii) Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ

“I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz…

(iii) Maddə 47. Fikir və söz azadlığı
“I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz…
… ”

(iv) Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı[33]
“I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.
…”

B. 2000-ci il Mülki Məcəlləsi

25. Həmin vaxtı qüvvədə olan Mülki Məcəllənin müvafiq maddəsində deyilir:

Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi

“23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir…

23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir…

23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.

23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. …”

C. Kütləvi İnformasiya Vasitələri haqqında Qanun 7 dekabr 1999-cu il

26. Həmin vaxtı qüvvədə olan Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun müvafiq maddəsində deyilir:

(i) Maddə 10. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi

“Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
… ”

(ii) Maddə 44. Təkzib, düzəliş və cavab vermək hüququ

“Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
…”

(iii) Maddə 60. Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət

Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər) mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar:

4) vətəndaşların şəxsi həyatına qəsd etdikdə;
…”

D. Ali və Konsitutsiya Məhkəmələrinin qərarları

27. Ali Məhkəmə Plenumunun şərəf və ləyaqətin qorunması haqqında qanunvericiliyin tətbiqində məhkəmələrin təcrübəsi haqqında 14 may 1999-cu il tarixli qərarında deyilir:

“6. … Mənəvi ziyana görə kompensasiya tələb edərkən iddiaçı fiziki və ya mənəvi əzablara məruz qaldığını sübut etməlidir. “

28. Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin təfsiri ilə bağlı qərarında deyilir:
“Bir insanın şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna ziyan vurularsa, bu, insanın stress yaşamasına və əzab çəkməsinə və mənəvi olaraq özünü təhqir olunmuş hiss etməsinə səbəb olur.

Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları … yalnız maddi ziyana, habelə imkanın itirilməsi görə kompensasiya məsələlərinə aiddir. Eyni Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş ziyana gəlincə, bunlar şərəf, ləyaqət və ya işgüzar nüfuzuna vurulan ziyana görə mənəvi (fiziki və psixi əzab) və maddi ziyanı ödəmək kimi başa düşülməlidir. “

QANUNVERICILIK

I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

29. Ərizəçi şikayət etdi ki, ölkədaxili məhkəmənin onun şəxsi və cinsi həyatını şərh edən məqaləyə görə qəzeti cəzalandırmaqdan imtina etməsi cavabdeh dövlətin Konvensiyanın 8-ci maddəsinə əsasən pozitiv öhdəçiliyini pozub. Həmin hissədə deyilir:

“1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. ”

A. Şikayətin dairəsi

30. Məhkəmə əvvəlcədən qeyd edir ki, ərizəçinin hazırkı şikayəti və onunla bağlı təqdim etdikləri Xədicə İsmayılovaya Azərbaycana qarşı əlaqəli qərarında (65286/13 və 57270/14, 10 Yanvar 2019) baxılan məsələlərlə əlaqəli olduğundan hazırkı şikayətin həcmini dəqiqləşdirməyi zəruri hesab edir.

31. Xədicə İsmayılova qərarına səbəb olan ərizələrdə ərizəçi, digər məsələlər ilə yanaşı, Konvensiyanın 8-ci maddəsinə əsasən şəxsi həyatına müdaxilə ilə əlaqəli məsələlər, o cümlədən aldığı təhdid məktubu, evinə girilməsi və gizli videokameraların quraşdırılması, intim xarakterli videoların çəkilməsi və internetdə yayımlanması və şəxsi həyatına müdaxilə faktını geniş şəkildə yayan qəzet məqalələrindən şikayət etmişdi. Həmin iş, inter alia, cavabdeh dövlətin ərizəçinin şəxsi həyatına müdaxilədən qorumaq üçün 8-ci maddə üzrə pozitiv öhdəliyi yerinə yetirməməsinə aid idi.

32. Xüsusilə, Məhkəmə müəyyən etdi ki, bir-biri ilə sıx bağlı olan yuxarıda göstərilən bütün hadisələr, o cümlədən KİV-lərin bu məsələni işıqlandırması daxil olmaqla, bütövlükdə ərizəçinin həyatına ciddi təsir edərək onun şəxsi həyatına müdaxilə ilə nətəcələnib (bax: Xədicə İsmayılova, yuxarıda istinad edilən, §§ 105-06). Nəticədə, həmin işdə ərizəçinin şikayətləri ilə əlaqədar açılan cinayət istintaqının səmərəsiz olduğu qənaətinə gəldiyi üçün Məhkəmə 8-ci maddənin kontekstində KİV-də “ləkələmə kampaniyası” ilə bağlı ərizəçinin arqumentlərini araşdırmağı lazım bilməmişdi (ibid., § 131).

33. İlk videoya aid hadisədən səkkiz ay sonra yayılan və indiki şikayətə səbəb olan qəzet məqaləsi, Xədicə İsmayılova işində xüsusi olaraq vurğulanmayıb. Həmin işdə ərizəçi daha çox yuxarıdakı 7-8-ci bəndlərdə təsvir olunan qəzet məqalələrinə istinad edirdi.

34. Xədicə İsmayılova işində Məhkəmənin araşdırması mövzusu olan hadisələr bu işin ümumi faktiki əsasını təşkil edir və buna görə də nəzərə alınmalıdır. Ancaq, hazırkı işin halları həmin hadisələrlə əlaqəli olsa da, onlar bir-birindən fərqlənir və fərqli hüquqi məsələlərə toxunur. Xədicə İsmayılova işindəki şikayət, əsas etibarilə ərizəçinin şəxsi həyatına müdaxilə ilə əlaqəli bir sıra məsələlərə aid idi. Hazırkı işdəki şikayət isə şəxsi həyatın toxunulmazlığı pozulduqdan sonra dərc olunan və ərizəçinin şəxsi həyatına dair təfərrüatları müzakirə edərkən jurnalistin ifadə azadlığının icazə verilən sərhədlərini aşdığını iddia edən bir məqaləyə aiddir. Habelə bu iş, ölkədaxili məhkəmələrin ərizəçinin şikayətini rədd edərəkən, onun 8-ci maddə ilə qorunan hüquqları ilə qəzetin 10-cu maddə ilə qorunan hüquqları arasındakı ədalətli balansı pozub pozmaması ilə bağlıdır.

B. Qəbuledilənlik

1. Konvensiyanın 8-ci maddəsinin tətbiqediləbilənliyi ilə bağlı

35. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 8-ci maddəsinə əsasən dövlətin ərizəçinin şəxsi həyatına və nüfuzuna hörmət hüququnun “Səs” qəzetinin müdaxiləsindən adekvat şəkildə qorumaq barədə pozitiv öhdəliyi ilə bağlıdır.

36. “Şəxsi həyat” anlayışı tam tərifə sığmayan geniş bir termindir. O insanın fiziki və psixoloji bütövlüyünü, eləcə də cinsi həyatını əhatə edir (bax: Xədicə İsmayılova, yuxarıda istinad edilən, § 106). Buna görə də insanın fiziki və sosial kimliyinin bir çox tərəflərini əhatə edə bilər. 8-ci maddə həmçinin şəxsi inkişaf hüququnu və digər insanlar və xarici dünya ilə münasibətlər qurmaq və inkişaf etdirmək hüququnu qoruyur (bax: Denisov. Ukrayna qarşı [GC], № 76639/11, § 95, 25 sentyabr 2018, əlavə istinadlarla). Beləliklə, 8-ci maddə geniş mənada “şəxsi həyat” hüququnu, o cümlədən “şəxsi sosial həyat” hüququnu, yəni fərdin öz sosial kimliyini inkişaf etdirmək imkanını müdaxilədən qoruyur (bax, digər orqanlar arasında) Bigaeva Yunanıstana qarşı, № 26713/05, § 22, 28 may 2009). Eyni zamanda, bu hüquq, kənar diqqətən uzaq, fərdin öz istədiyi kimi yaşamasını da əhatə edir (bax: Smirnova Rusiya qarşı [GC], № 61496/08, § 70, 5 sentyabr 2017 (çıxarışlar)).

37. Foto və ya videonu yaymaq bir insanın şəxsi həyatına zorla girmək sayıla bilər (bax: Von Hannover Almaniyaya qarşı (№2) [GC], 40660/08 və 60641/08, § 96, ECHR 2012 və Bremner Türkiyəyə qarşı, № 37428/06, § 62, 13 oktyabr 2015).

38. Şəxsi həyatın geniş konsepsiyasına əlavə olaraq, Məhkəmə müəyyən edib ki, şəxsin nüfuzu onun şəxsiyyətinin kimliyi və psixoloji bütövlüyünün bir hissəsini təşkil edir və buna görə də şəxsi həyata daxildir (bax Pfayfer Avstriyaya qarşı). , № 12556/03, § 35, 15 Noyabr 2007; Medžlis Islamske Zajednice Brčko və başqaları Bosniya və Herseqovinaya qarşı [GC], № 17224/11, § 76, 27 iyun 2017 və yuxarıda istinad edilən Denisov, § 97 ). Nüfuza ziyan vurması ilə bağlı işlər Məhkəmə qarşısında bir neçə dəfə qaldırılıb. Bu işlər həm peşə, həm də sosial nüfuza aid olub. Xüsusilə, Məhkəmə qərəzli ifadələr və ya karikaturaların, hətta ümumi ictimai maraq kəsb edən tənqidin bir hissəsi kimi də olsa, insanın nüfuzuna zərər verə biləcəyini qərarına gəlib (bax: Palomo Sánchez və başqaları İspaniyaya qarşı [GC], nos) 28955/06 və 3 digər, §§ 13, 15, 67 və 72-73, AİHM 2011). Bir insanın nüfuzuna hücum, şəxsin kimliyinin dərin hissəsini təşkil edən intim xüsusiyyətlərinə toxunmaqla da edilə bilər, məsələn bir şəxsin genderinin qəsdən təhrif etməklə (bax: Sousa Goucha Portuqaliya qarşı, 70434/12, § 27) , 22 mart 2016).

39. Bununla birlikdə 8-ci maddənin qüvvəyə düşməsi üçün bir insanın nüfuzuna hücum müəyyən dərəcədə ciddiyyətə çatmalı və şəxsi həyata hörmət etmək hüququndan faydalanan şəxsə xələl gətirən bir şəkildə edilməlidir (Bax Axel Springer AG Almaniyaya qarşı [GC], № 39954/08, § 83, 7 fevral 2012). Bu tələb ümumilikdə sosial nüfuzunu, xüsusən də peşə nüfuzunu əhatə edir (bax: Denisov, yuxarıda istinad edilən, § 112, əlavə istinad kimi Medžlis Islamske Zajednice Brčko və başqalarına yuxarıda istinad edilən, §§ 76 və 105-06). Müəyyən bir ciddilik səviyyəsinə çatmaq tələbi yalnız şəxsi həyatın ayrı-ayrı aspektləri kimi şərəf və nüfuzunun daha dar kontekstlərində deyil, həm də daha geniş “şəxsi həyat” anlayışını əhatə edən digər kontekstlərdə də tətbiq edilir, məsələn fotonun dərc edilməsi kimi (bax: Vučina Xorvatiya qarşı (dekabr), № 58955/13, §§ 29-31, 24 sentyabr 2019).

40. Xədicə İsmayılova işində Məhkəmə qərara gəldi ki, ərizəçinin şəxsi həyatına müdaxilə ilə nəticələnən əməllər – bu qərarın 116-cı bəndində müfəssəl şəkildə izah edilib – mübahisəsiz şəkildə onun fiziki və mənəvi bütövlüyünə təsir edib və özü özlüyündə insanın ləyaqət hissinə ağır təhqirdir. Üstəlik, bu əməllər, onun araşdırmaçı jurnalist kimi peşə fəaliyyəti ilə əlaqəli idi və onun öz işini görməsinin qarşısının alınması məqsədi ilə edilən qısnamanın bir forması idi. Bu motivin olmadığını ortaya çıxartmaq üçün səmərəli istintaq aparılmalı idi amma həmin işdə bu baş verməmişdi. (yuxarıda istinad edilən Xədicə İsmayılova, §§ 116 və 119-20).

41. Hazırkı işdə, 6 noyabr 2012-ci il tarixində dərc edilmiş məqalənin ərizəçinin şəxsi və doğrudan da cinsi həyatına ləkə yaxmaq istədiyi şübhəsizdir. Məqalədə gizli şəkildə lentə alınan videoya heç bir açıq istinad və ya aydın ifadə olunan göndərmələr edilməsə də, işin ümumi məzmunundan və cavabdeh qəzetin yerli məhkəmələrə təqdim etdiyi məlumatlardan aydın olur ki, ərizəçi ilə bağlı ifadələr videodan qaynaqlanır. Beləliklə, mübahisəli ifadələr ərizəçinin şəxsi həyatının toxunulmazlığının artıq mövcud olan pozuntusunun ümumi kontekstində baş verirdi və həmin vaxtlarda cinayət işinin istintaqının predmeti idi və sonradan Məhkəmə tərəfindən Xədicə İsmayılova işində araşdırıldı. Məqalə ərizəçini porno ulduza bənzədir, müxalif yönümlü jurnalistlərin onunla sekslə məşğul olmalı olduğunu və ya əvvəllər məşğul olduğunu istehza ilə işarə edir, mövzu ilə bağlı yazıla biləcək müxtəlif hipotetik qəzet başlıqlarından nümunələr verir, ki, bu da müxtəlif seksual hərəkətlərə işarə idi.

42. Məhkəmə ərizəçi ilə razılaşır ki, bu ərizəyə səbəb olan məqalə, mənası və təsiri şəxsi həyatın pozulmasına aid bütün hadisələrin ümumi kontekstində qiymətləndirilməlidir. Belə ki, məqalə ərizəçidə ciddi mənəvi sıxıntıya səbəb olmuş, şəxsi münasibətlərinə və sosial nüfuzuna xələl gətirib.

43. Bu səbəblərə görə 8-ci maddə tətbiq edilir.

2. Qəbuledilməz sayılmasına səbəb ola biləcək digər səbəblərin yoxluğu

44. Məhkəmə qeyd edir ki, bu ərizə Konvensiyanın 35-ci maddəsində göstərilən digər əsaslarla açıq-aşkar əsassız və ya qəbulediılməz deyil. Buna görə də qəbuledilən elan edilməlidir.

C. Mahiyət

1. Tərəflərin təqdimatları

45. Ərizəçi iddia etdi ki, yüksək səviyyədə olan korrupsiya ilə bağlı jurnalistik fəaliyyətinə görə şəxsi həyatına hücum edilmiş və gizli şəkildə mənzilində lentə alınan intim video ilə şantaj edilmişdi. Həmçinin hökumətyönlü mediada böhtan xarakterli bir kampaniyanın hədəfi olub. Müxtəlif qəzetlərdə bir neçə məqalə dərc olunmuşdu ki, bu məqalələr nəyinki onu təhqir etmiş, eyni zamanda videonun yayıldığı internet saytını da ictimailəşdirmişdilər (bax: yuxarıdakı 7-8-ci bəndlər).

46. Ərizəçinin sözlərinə görə, Səs qəzeti hakim partiyanın nəzarətində idi və heç vaxt onunla əlaqəsini gizlətməmişdi. Qəzetin veb saytında hətta hakim partiyanın loqotipi də yer alıb. Qəzet Yeni Azərbaycan Partiyasının qurucularından biri və onun İdarə Heyətinin üzvü tərəfindən təsis edilmiş Əlincə Xeyriyyə Cəmiyyətinə məxsusdur.

47. Hazırkı ərizəyə səbəb olan qəzet məqaləsinə gəldikdə, ərizəçi məqalədəki ifadələrin heç bir faktiki əsası olmadığını bildirdi. Həmin məqalədə gizli şəkildə lentə alınan və sonradan ərizəçinin cinsi həyatı ilə bağlı yayılmış video görüntülər ilə bağlı qəsdən təhrif edilmiş və ləkələyici şərhlər yer alır. Bu ifadələr ərizəçinin ictimai bir şəxs kimi fəaliyyətinə bağlılığı yox idi. Onlar onun şəxsi, intim həyatına aid idi. Məqalənin məqsədi, ona qarşı aparılan “böhtan kampaniyasının” bir hissəsi olaraq, imicinə xələl gətirmək və rüsvay etmək idi.

48. Ərizəçi qeyd etdi ki, o, heç bir siyasi partiyanın üzvü deyil, siyasətçi deyil və heç bir dövlət vəzifəsi tutmur. Özü haqqında tənqidi fikirlərə dözümlü yanaşsa da, məqalədə deyilənlər məqbul sayılacaq tənqidin sərhədlərini aşaraq şəxsi həyatına lağ etmək, intim həyatını ictimai müzakirə obyektinə çevirmək və onu porno ulduz və ya fahişə həyat tərzi keçirən biri kimi göstərmək məqsədi daşıyırdı. Ərizəçi bildirdi ki, hər zaman şəxsi həyatını gizli saxlamağa çalışıb, lakin bu, onun xəbəri olmadan evində gizli videokameralar quraşdırmaq yolu ilə müdaxiləyə məruz qalıb.

49. Ərizəçi iddia etdi ki, Azərbaycan kimi “Şərq mentaliteti” olan bir ölkədə bir qadını bu şəkildə işıqlandırmaq cəmiyyət və öz qohumları tərəfindən ləkələmə və hətta sonuncunun fiziki xətər yetirməsinə gətirib çıxarda bilər.

50. Ərizəçi bildirdi ki, bu işdə cavabdeh Dövlət onun şəxsi nüfuzunu tənqidin məqbul sayılacaq sərhədlərini aşan kənar nəşrlərdən qorumaq öhdəliyi var idi. Ərizəçinin qəzetə qarşı iddiasına baxan ölkədaxili məhkəmələr isə qərarlarını kifayət qədər əsaslandırmamışdı.

51. Hökumət təqdimatında bildirdi ki, sözügedən məqalə müəllifin artıq ərizəçi haqqında ictimaiyyətə açıq olan məlumatlara münasibətini əks etdirir. Bu məlumat müəllif tərəfindən işıqlandırılmamışdı; məqalənin dərc edilməsindən çox əvvəl məlum idi. Müəllif məlumatı qanunsuz əldə etməmişdi. Ölkədaxili məhkəmə prosesləri zamanı müəllif, ərizəçinin davranışının milli mənəvi dəyərlərə zidd olduğunu və gənc nəsil üçün pis nümunə olduğunu izah edib.

52. Hökumət iddia etdi ki, ölkədaxili məhkəmələr ərizəçinin şəxsi həyatına hörmət etmək hüququna qarşı qəzetin ifadə azadlığı hüququnu vasvasılıqla tarazlaşdırıb. Onlar Konstitusiyanın, Konvensiyanın, daxili qanunvericiliyin və Ali Məhkəmənin presedent hüquqlarının müvafiq müddəalarını nəzərə almışdılar və gəldikləri nəticələr Konvensiyaya ziddi deyildi.

53. Hökumət, ərizəçinin Səs qəzetinin hökumət tərəfindən idarə olunduğu barədə iddialarını sübut edən heç bir etibarlı sübut təqdim edə bilmədiyini bildirərək, bu məsələni mübahisələndirdi. Hökumət ərizəçinin ictimai fiqur olduğunu və bəzi yerli KİV-lərin onunla əlaqəli faktlara münasibət bildirməsinin təəccüblü olmadığını qeyd etdi. Hökumət ərizəçinin jurnalist işi ilə əlaqəli ona qarşı böhtan kampaniyası aparıldığına dair iddia ilə razılaşmadı.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Ümumi prinsiplər

54. Məhkəmə Konvensiyanın əsasını təşkil edən dəyərlərin qorunması ehtiyacını nəzərdə tutaraq və konvensiyanın 8-ci və 10-cu maddələrinin bərabər hörmətə laiq olduğunu qeyd edərək, qərar verib ki, dövlət orqanları tərəfindən bu hüquqlar arasında qurulmuş balans bu hüquqların ikisinin də mahiyyətini qorumağa istiqamətlənməlidir (bax: Satakunnan Markkinapörssi Oy və Statemedia Oy Finlandiyaya qarşı (GC) no.931/13, §123, 27 İyun 2017). Şəxsi həyat hüququ, ifadə azadlığı hüququ və onların balanslaşdırılmasına tətbiq olunan əsas prinsiplər bu işlərdə vurğulanıb: Von Hannover (№.2) (yuxarıda göstərilən § 95-107), Alex Springer AG (yuxarıda istinad edilən § 78-88) və Coudre və Hachette Filipacchi Associes Fransaya qarşı ((GC) №.40454/07, §§ 82-93, ECHR 2015 (çıxarışlar))

55. Yuxarıda qeyd edilən və başqa işlərdə məhkəmə ifadə azadlığı hüququnu şəxsi həyata hörmət hüququna qarşı tarazlaşdırmaq üçün uyğun kriteriyalar müəyyən etmişdi. Bu kriteriyalar Von Hannover (№ 2) (yuxarıda istinad edilmiş, §§ 109-13) və Axel Springer AG (yuxarıda istinad edilmiş, §§ 90-95) işlərində cəmləşib və özündə bu müddəaları ehtiva edir: İctimai maraq mövzusuna töhvə, təsirə məruz qalmış şəxsin tanınmışlıq dərəcəsi, nəşrin mövzusu, forması və nəticələri. Bundan başqa, əgər uyğun gəlirsə və mövzuya aiddiyatı varsa, maraqlı şəxsin əvvəlki davranışı və foto görüntülərin əldə edilmə şəraiti də bu kriteriyalara daxildir. Ərizənin 10-cu maddənin çərçivəsində baxılması halında isə, məhkəmə, həm də informasiyanın əldə edilməsi yolunu və onun doğruluğunu və jurnalistlərə və nəşriyyata tətbiq edilən cəzanın sərtliyini nəzərə alır.

56. Ərizəçi bu işdə, dövlətin pozitiv öhdəliklərinə də istinad edib. Bu öhdəlik dövlətin şəxsi və ailə həyatını səmərli şəkildə qorumasını əhatə edir və hətta fərdlər arasında münasibətləri də öz qoruması altına alır.

57. İfadə azadlığına gəldikdə, Məhkəmə təkrar edir ki, 10-cu maddənin 2-ci paraqrafı yalınız xoş qəbul edilən, zərərsiz və ya laqeydliklə qarşılanan yox, həmçinin təhqir edici, şoka salan və narahat edici “informasiya”-ya və ya “ideyalara” da tətbiq edilir. Məhkəmə vurğulayır ki, medianın xüsusilə “başqalarının nüfuzunun və hüquqlarının qorunması”-nın aid olduğu müəyyən cizgiləri aşmamalı olsa da, onun vəzifəsi ictimai marağın mövzusu olan informasiyanın və ideyalarının cəmiyyətə çatdırılmasıdır və cəmiyyətin də belə informasiya və ideyalardan xəbərdar olmaq hüququ var. İnformasiyanın çatdırılması məsələsi mütləq şəkildə “vəzifələr və öhdəliklər” və medianın öz-özünə tətbiq etməli olduğu məhdudiyyətləri ehtiva edir. (bax: Von Hannover (no. 2), yuxarıda istinad edilmiş, §§ 101-02; Axel Springer AG, yuxarıda istinad edilmiş, §§ 78-79; və Couderc və Hachette Filipacchi Associés, yuxarıda istinad edilmiş, §§ 88-89).

58. Məhkəmə bir daha bildirir ki, demokratik cəmiyyətdə ictimai maraqlara töhvə verə biləcək faktlar – mübahisəli də olsa – barədə məlumat yaymaqla fərdin şəxsi həyatı barədə bayağı iddialar irəli sürmək arasında əsaslı fərqlər qoyulmalıdır (bax Armonienė Litvaya qarşı, no. 36919/02, § 39, 25 Noyabr 2008). Birinciyə münasibətdə medianın demokratiyada öncül rolu və “ictimai gözətçi” vəzifəsi ona tətbiq olunan istənilən məhdudlaşdırmanın əleyhinə nəzərə alınmalı elementlərdir. Buna baxmayaraq, xüsusi oxucu kütləsini maraqlandıran, onu əyləndirmək və həyəcanlandırmaq üçün fərdin şəxsi həyatını əhatə edən həssas və bəzən dəhşətli xəbərlərə istiqamətlənmiş media məlumatları üçün fərqli mülahizələr tətbiq olunur. Bu cür xəbərlər mətbuatın yararlandığı 10-cu maddənin ciddi müdafiə arealına daxil edilmir və bu kimi hallara ifadə azadlığının daha məhdud şərhi tətbiq edilir. (bax: Von Hannover Almaniyaya qarşı no. 59320/00, §§ 65-66, AİHM 2004 VI; Leempoel & S.A. ED. Ciné Revue Belçikaya qarşı, no. 64772/01, §§ 68 və 77, 9 Noyabr 2006; Hachette Filipacchi Associés (ICI PARIS) Fransaya qarşı, no. 12268/03, § 40, 23 İyul 2009; və MGN Limited Birləşmiş Krallığa, no. 39401/04, § 143, 18 Yanvar 2011) Məhkəmə 10-cu maddənin, ictimaiyət nümayəndələrinin geniş spektrı əhatə edən məlumatları əldə etmək hüququnu təstiqləyərkən qeyd edir ki, hər hansı dərc edilmiş məlumatın kontekstində şəxsi həyata müdaxiləyə haqq qazandıran ictimai marağın olub olmamasını qiymətləndirərkən diqqət ictimaiyyətin nəşri oxumaqda maraqlı olmağına deyil, nəşrin ictimaiyyətin marağında olub-olmamağına yönəlməlidir. (bax: Mosley Birləşmiş Krallığa qarşı, no. 48009/08, § 114, 10 May 2011, Ungváry və Irodalom Kft Macarstana qarşı, no. 64520/10, § 47, 3 Dekabr 2013)

59. Bununla əlaqədar, Məhkəmə müəyyən edir ki, ictimai maraq ictimaiyyətə təsir edən məsələlərə aiddir ki, bu legitim olaraq onun marağındadır. Xüsusən, ciddi şəkildə vətəndaşların rifahına və ya cəmiyyətin həyatına təsir göstərən məsələlər cəmiyyətin diqqətini cəlb edə bilər. Əhəmiyyətli bir sosial məsələyə aid olan və ya ictimaiyyətin məlumatlandırılmasında maraqlı olduğu bir problemi özündə cəmləşdirən mübahisələrə səbəb ola biləcək məsələlərə münasibətdə də bu keçərlidir (bax Couderc və Hachette Filipacchi Associés, yuxarıda istinad edilən, §§ 103, əlavə arayışlarla).

60. 10-cu maddə ictimai fiqurların şəxsi həyatı ilə bağlı xəbərlərin əyləncə məqsədi üçün yayımlanmasını müəyyən dərəcədə qoruyur, çünki bu, müxtəlif məlumatların ictimaiyyətə ötürülməsinə şərait yaradır, ancaq bu təminat məlumatların gizli və intim xarakter daşıdığı və yayılmasında ictimai maraq olmadığı hallarda, 8-ci maddənin tələblərinə əsasən dayandırla bilər (bax Couderc və Hachette Filipacchi Associés, yuxarıda istinad edilən § 89 və yuxarıda istinad edilən Mosley, § 131).

61. Üstəlik təhqiramiz ifadələr mənasız qara yaxmadan ibarətdirsə, məsələn, təhqirin yeganə məqsədi alçaltmaq olduğu təqdirdə, təhqiramiz ifadələr ifadə azadlığının müdafiəsindən kənarda qala bilər (bax: Skałka Polşaya qarşı, № 43425/98, § 34) , 27 May 2003 və Uj Macarıstana qarşı, № 23954/10, § 20, 19 iyul 2011).

62. Şəxslərin öz aralarında mübahisəsi zəminində Konvensiyanın 8-ci maddəsinə riayət olunmasını təmin etmək üçün müəyyən vasitələrin seçilməsində Razılığa gələn Dövlətlərin sərbəst mülahizə yürütmək azadlığı var və burada dövlət pozitiv və ya neqativ öhdəliyinin olub-olmamasını özü seçir. Eyni şəkildə, Konvensiyanın 10-cu maddəsinə əsasən, Razılığa gələn Dövlətlər bu müddəa ilə qorunan ifadə azadlığına müdaxilənin zəruriliyini və nə dərəcədə lazımlı olduğunu qiymətləndirməkdə müəyyən mülahizə sərbəstliyinə malikdirlər. Bununla birlikdə, bu mülahizə sərbəstliyinin həddinin müəyyənləşdirilməsi, istər qanunvericilik, istərsə onun tətbiqi və hətta müstəqil məhkəmə tərəfindən verilən qərarlar da, Məhkəmənin nəzarəti altında olur. Nəzarət funksiyasını həyata keçirərkən Məhkəmənin vəzifəsi milli məhkəmələrin yerini tutmaq deyil, əksinə, işə bütövlükdə baxaraq, həmin qrumların mülahizə sərbəstliyinə uyğun qəbul etdikləri qərarların Konvensiyanın müddəalarına uyğun olub-olmamasına yenidən baxmaqdır. (bax: Von Hannover (№ 2), yuxarıda istinad edilən, §§ 104-05; və yuxarıda istinad edilən Couderc və Hachette Filipacchi Associés, § 90).

63. Şəxsi həyata hörmət hüququnun ifadə azadlığı hüququna qarşı tarazlaşdırılmış olmasını tələb edən indiki işdə ərizənin nəticəsi, nəzəri olaraq, Konvensiyanın 8-ci maddəsinə əsasən ərizəçi tərəfindən göndərilməsi və ya Konvensiyanın 10-cu maddəsinə əsasən naşir tərəfindən verilməsindən asılı deyil. Əvvəldə qeyd edildiyi kimi, prinsip olaraq, bu hüquqlar bərabər hörmətə layiqdir və sərbəst mülahizə həddi hər iki halda da eyni olmalıdır (bax Von Hannover (№ 2), yuxarıda istinad edilən § 106; Axel Springer AG, yuxarıda istinad edilib) , § 87 və yuxarıda istinad edilib Couderc və Hachette Filipacchi Associés, § 91).

64. Məhkəmənin presedent hüququnda göstərilən meyarlara uyğun olaraq milli hakimiyyət orqanları tərəfindən balanslaşdırma həyata keçirildiyi təqdirdə, Məhkəmənin mülahizəsini ölkədaxili məhkəmələrin mülahizələri ilə əvəz etmək üçün ciddi səbəblər olmalıdır (bax: Von Hannover (№2), yuxarıda istinad edilən, § 107 və yuxarıda istinad edilən Axel Springer AG, § 88). Bununla birlikdə, ölkədaxili məhkəmələrin qərarlarına uyğunlaşdırılmış sərbəst mülahizə həddi balanslaşdırma düzgün aparılmadığı təqdirdə, qeyri-qənaətbəxş olacaq. Xüsusən, bu hal, mübahisə doğuran hüquqlardan birinin vacibliyi və ya əhatə dairəsi lazımi dərəcədə nəzərə alınmadığı üçün baş verəcək. (Aksu Türkiyəyə qarşı [GC], № 4149/04 və 41029/04, § 67, AİHM 2012 və Perinçek İsveçrəyə qarşı [GC], № 27510/08, § 199, AİHM 2015).

(b) Həmin prinsiplərin indiki işə tətbiqi

65. Hazırkı işdə Məhkəmə hesab edir ki, tarazlaşdırmanın həyata keçirilməsi üçün müvafiq meyarlara dərcin ictimai maraqlar töhfə verib-verməməsi, ərizəçinin cəmiyyətdə nə dərəcədə tanınması, onun əvvəlki davranışı və nəşrin məzmunu, forması və nəticələri daxildi (yuxarıdakı 55-ci paraqrafa baxın.)

66. Məhkəmə bir daha vurğulayır ki, sözügedən məqalə gizli çəkiliş və intim videoların yayılması ilə birlikdə ərizəçinin şəxsi həyatına ciddi müdaxilədən bir neçə ay sonra dərc edilmişdi. Dərc edildiyi vaxt həmin hadisələrlə bağlı cinayət istintaqı davam edirdi.

67. Məhkəmə bu işin ümumi arxa fonunu nəzərə alaraq qeyd edir ki, məqalə bəzi müxalif jurnalistlərin Milli Məclisi son tənqidlərinə cavab olaraq yazılmışdı. Həmin jurnalistlərdən biri əvvələr porno aktrisa, səhnə adı Cicciolina idi, olmuş tanınmış italiyalı siyasətçi İlona Staller haqqında yazmışdı. Bununla əlaqədar olaraq, mübahisə doğuran məqalə ərizəçini Cicciolina ilə müqayisə edərək, onun da porno ulduzu kimi adlandırılmalı olduğunu ifadə edib və bir sıra müxalif yönümlü jurnalistlərlə cinsi əlaqədə olmağı təklif edib. Yuxarıda qeyd edildiyi kimi (yuxarıdakı 41-ci paraqrafa bax), ərizəçi ilə əlaqəli olaraq ədəbsiz sayıla bilən dildən istifadə edib.

68. Ərizəçinin şikayətinin əsas məqamını nəzərə alsaq, Məhkəmə, məqalənin ümumi məzmununun ictimai maraq doğuran məsələlər qaldırıb-qaldırmaması və ya onu həl edib-etməməsinə dair qərar qəbul etməsini zəruri saymır. Parlamentdəki hakim partiyanın üzvlərinə qarşı tənqidi mövqedə olduqlarına görə müxalif yönümlü bir neçə jurnalistə hücum etmək üçün yazılmış qısa bir yazı olduğunu qeyd etmək kifayətdir. Məqalədə, 1990-cı illərin əvvəllərində, indiki müxalifətin bəzilərinin hakimiyyətdə olduğu bir vaxtda, adı açıqlanmayan parlament üzvləri ilə bağlı iddialar və açıqlamalar da yer almışdı. Bu iddialar və him-cimlər ümumi xarakter daşıyırdı, aktual xəbərlər və ya cari hadisələr barədə məlumat vermirdi, həqiqi tarixi və ya siyasi mübahisənin bir hissəsi kimi nəzərdə tutulmamışdı və göründüyü kimi, əsasən müxalifət və müxalif yönümlü jurnalistləri aktual mövzularda reportajlarında qərəzli olmaqda ittiham edir və onlara hücum edirdi.

69. Ərizəçinin şikayətinin əsas foksu məqalədə yalnız özü haqqında yazılan fikirlərlə əlaqədardı. Məqalə onun şəxsi həyatı ilə əlaqəli idi və nə onun gördüyü işi, nə də ictimai fəaliyyəti ilə bağlı müzakirəyə aidiyyatı yox idi. Məqalədə bu açıq şəkildə göstərilməsə də, kontekstual olaraq aydın olur ki, ərizəçinin adı gizli çəkilmiş intim videosunun ortaya çıxarılmasından başqa heç bir səbəb güdməyib. Ölkədaxili məhkəmələrdəki müvafiq şikayətlərində ərizəçi bu məsələni qaldırmışdı və qəzet də bunu təsdiqləmişdi (yuxarıdakı 18-19-cu paraqraflara bax).

70. Məhkəmə həmin ifadələrin legitim ictimai maraqlara necə töhfə verə biləcəyini anlamır.

71. Doğrudur ki, bir insanın şəxsi həyatı ortaya çıxarıldıqda və bu barədə məlumat ictimaiyyətdə yayıldıqda, artıq geriyə dönüşü olmayan zərər baş verir və əvvəlki ilkin vəziyyəti bərpa etmək mümkün olmur. Bununla yanaşı, jurnalistika etikasına uyğun olaraq ictimai maraq kəsb edən məsələlər barədə məsuliyyətlə xəbər vermək Konvensiya tərəfindən qorunsa da, lakin bir şəxsin mövcud məhrəmliyinin pozulması hesabına müəyyən bir oxucunun marağını təmin etməkdə legitim ictimai maraq ola bilməz. Burada qurbanı açıq şəkildə lağa qoyaraq ona daha çox ziyan vurulmaqdadır.

72. Məhkəmə, Hökumətin ərizəçinin ictimai fiqur olması və bəzi yerli KİV-lərin onunla əlaqəli müxtəlif faktları şərh edəcəyinin gözlənilən olması ilə bağlı arqumentini nəzərə alır. Bununla yanaşı, Məhkəmə bir daha bildirir ki, hətta bir insan geniş ictimaiyyətdə tanınmış belə olasa, onun şəxsi həyatının qorunması və hörmət edilməsi kimi “legitim gözləntisi” olmalıdır. Beləliklə, fərdin ictimai fiqur kateqoriyasına aid olması, hətta rəsmi funksiyaları yerinə yetirən şəxs olsa da, heç bir şəkildə onun şəxsi həyatına müdaxiləni legitimləşdirə bilməz (bax, Von Hannover (№2)), yuxarıdakı istinada bax, § 97 və yuxarıda istinad edilən, Couderc və Hachette Filipacchi, § 122).

73. Bundan əlavə, qeyd etmək vacibdir ki, ərizəçinin özü heç bir zaman şəxsi və intim həyatını ictimaiyyətin diqqət mərkəzinə gətirməyə can atmayıb. Onun bir jurnalist kimi ictimai məsələlərdə tutduğu mövqenin şəxsi həyatına aiddiyatı yoxdur. Şəxsi həyatı onun xəbəri olmadan və istəyinə zidd olaraq müdaxiləyə məruz qalıb. Buna görə də, şəxsi həyatının müzakirəsinin onun əvvəlki davranışının nəticəsi olduğunu iddia etmək olmaz.

74. Məqalənin məzmununa, formasına və nəticələrinə gəldikdə, Məhkəmə qeyd edir ki, heç bir yetkin oxucu ərizəçinin məqalədəki təsvirini tənqid niyyəti olmayan satirik və oynaq üslubda hazırlanmış bir zarafat kimi qiymətləndirilə bilməzdi. (yuxarıda göstərilən Sousa Goucha ilə müqayisə et, istinad edilib §§ 53-55). Səs qəzeti komediya şousu yaradan və ya satirik bir nəşr deyildi; özünü ciddi bir ictimai-siyasi qəzet kimi təqdim edirdi və hakim partiyanın özünə məxsus “media tribunası” sayırdı. Beləliklə, səhifələrindən ötürülən mesajların müəyyən bir ciddiyyəti olacağı gözlənilirdi. Ölkədaxili məhkəmələrə müraciətlərində qəzet etdiyi şərhlərin tənqidi xarakter daşıdığını təsdiq edir (bax yuxarıda 19-cu paraqraf). Ərizəçiyə qarşı istifadə edilən ifadələrində yeganə aşkar niyyətləri ona hücum etmək və ya əxlaq zəminində hücum etməyə zəmin yaratmaq idi. Mübahisəsi gedən məqalə ərizəçinin şəxsi həyatının toxunulmazlığının əvvəlcə baş tutmuş pozuntusundan faydalanaraq, təhqiramiz və alçaldıcı ifadələrlə ərizəçinin xarakterinə və davranışlarına elə mənfi məna yükləmək istəyir ki, cəmiyyətdə onun haqqında mənfi rəy formalaşsın.

75. Yuxarıdakı mülahizələrin adekvat şəkildə balanslaşdırıcı olmasını hesab edən Məhkəmə, işin daxili səviyyədə necə baxılmasını nəzərdən keçirdəcək. Başlanğıcda qeyd edir ki, heç bir tərəf, xüsusən də “şərəf, ləyaqət və işgüzar nüfuzun” qorunması, “KİV-nin ifadə azadlığından sui-istifadə etmək” və buna görə yarananan kompensasiyaya görə məsuliyyətə dair daxili qanunvericilik və əlaqədar məhkəmə işlərinin (yuxarıda 25-27-ci bəndlərdə əks olunmuş daxili qanunvericilikdə istifadə olunan terminlərə baxın) Konvensiyanın 8-ci maddəsinə əsasən şəxsi həyat və nüfuzun qorunması üçün nə qədər adekvat hüquqi baza təşkil etdiyini qiymətləndirməyib. Həmin hüquqi bazanın Cavabdeh Dövlətin Konvensiyanın 8-ci maddəsindən irəli gələn pozitiv öhdəliyinin icrası üçün nə qədər səmərəli və praktik olması da qiymətləndirilməyib (bax: yuxarıdakı 62-ci bənd; həmçinin bax, mutatis mutandis, Söderman İsveçə qarşı [GC], № 5786/08, §§) 85, 89 və 108 et seq., AİHM 2013; Yuxarıda göstərilən Mosley, §§ 119-20; Ağ Ağ İsveç, № 42435/02, §§ 26-27, 19 sentyabr 2006). Belə olan halda, Məhkəmə, bu şikayətin məqsədləri üçün bu məsələnin ətraflı araşdırılmasını zəruri hesab etmir. Bununla belə, daxili hüquq sisteminin ərizəçiyə dəymiş ziyana görə qəzetə qarşı mülki iddia qaldırma imkanını təmin etdiyini və qəzetin hərəkətinin yuxarıda qeyd olunan qanunvericilik və presedent hüquqa uyğun olaraq yerli məhkəmələr tərəfindən araşdırıldığını müşahidə edir. Buna görə, ərizəçinin qəzetə qarşı qaldırdığı iddianı rədd edən yerli məhkəmələrin qərarlarına yenidən baxılacaqdır.

76. Ölkədaxili məhkəmələr məqalədə yer almış ifadələrin müəllifin düşüncə və fikir azadlığının təzahürü olduğunu, bu ifadələrin ərizəçinin şərəf və ləyaqətini alçaldan kimi qiymətləndirilməsinin həmin azadlığın əsassız məhdudlaşdırılması olacağını bildirib. Bundan başqa qeyd ediblər ki, ərizəçi dərc edilən məqalə nəticəsində hər hansı bir fiziki və ya mənəvi əzaba məruz qalmasını sübut edə bilməyib (yuxarıdakı 20 və 22-ci bəndlərə bax). Bununla yanaşı, məhkəmələrin verdiyi qısa əsaslandırma yuxarıda göstərilən ümumi prinsiplərə uyğun deyil (yuxarıdakı 54 64-cü bəndlərə bax) və məhkəmələrin ərizəçi haqqında yazılan ifadələrin jurnalistika etikasına uyğun olub olmadığını və ifadə azadlığının icazə verilən hədlərini aşıb-aşmadığını lazımi qaydada araşdırdığı görünmür. Nə də məhkəmələrin bütün müvafiq faktiki halların adekvat qiymətləndirməsini apardığını və ərizəçinin bu işdə Konvensiyanal hüququndan biri olan şəxsi həyatına hörmət hüququnun vacibliyini və miqyasını lazımi dərəcədə nəzərə aldıqları görünmür.

77. Məhkəmə hesab edir ki, təqdim edilmiş əsaslandırma və ölkədaxili məhkəmələrin gəldiyi nəticələr, yuxarıda göstərilən müvafiq meyarlara (yuxarıda 55 və 65-74-cü bəndlərə) uyğun deyil. Onlar ərizəçinin 8-ci maddə ilə qorunan hüquqları ilə qəzetin ifadə azadlığı hüququ arasında tarazlaşdırma apara bilməyiblər.

78. Yuxarıda göstərilən mülahizələr, Məhkəmənin, Cavabdeh Dövlətin ərizəçinin şəxsi həyatına və nüfuzuna hörmət etmək hüququnun qorunması üçün adekvat tədbirlər görmək öhdəliyini yerinə yetirmədiyi qənaətinə gəlməsi üçün kifayətdir.

79. Müvafiq olaraq Konvensiyanın 8-ci maddəsi pozulub.

II. KONVENSİYANIN DİGƏR İDDA OLUNAN POZUNTULARI İLƏ BAĞLI

A. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulması ilə bağlı

80. Ərizəçi, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ölkədaxili məhkəmələrin onun arqumentlərini nəzərdən keçirmədiyi üçün əsaslandırılmış qərar almaq hüqunun pozduğundan şikayət etdi. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları təmin edir:

“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən… müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə… işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. … ”

81. Müşahidələrində ərizəçi şikayətini təkrarladı. Hökumət ərizəçinin müşahidəsinə etiraz etdi.

82. Məhkəmə qeyd edir ki, bu şikayət yuxarıda baxılan hissə ilə əlaqəlidir və buna görə də qəbuledilən elan edilməlidir.

83. Lakin, Məhkəmə Konvensiyanın 8-ci maddəsi altında artıq işə baxdığından (bax yuxarıdakı 79-cu bənd) hesab edir ki, bu hissədə Konvensiyanın 6-cı maddənin 1-ci bəndinin pozulduğunu yoxlamağa ehtiyac yoxdur.

84. Ərizəçi Konvensiyanın 10-cu maddəsinə əsasən şikayətində bildirir ki, həmin qəzet məqaləsi ona qarşı təhdid və hücumlar, o cümlədən şəxsi həyatına zərər vurma istəyi, ona qarşı daha geniş kampaniyasının bir hissəsi idi və onun jurnalist fəaliyyəti ilə bağlıdı. Konvensiyanın 10-cu maddəsi aşağıdakıları təmin edir:

“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.”

85. Bu hissədə ərizəçinin təqdimatı 10-cu maddəyə əsasən təqdim olunmuş Xədicə İsmayılova işinə oxşardır (yuxarıda göstərilən, §§ 153 54). Hökumət ərizəçinin təqdimatına etiraz etdi.

86. Məhkəmə Konvensiyanın 8-ci maddəsinə əsasən yuxarıdakı mülahizələrində və həmçinin Konvensiyanın 10-cu maddəsi altında baxdığı Xədicə İsmayılova işində (yuxarıda göstərilən, §§ 158-66) fərqli, lakin əlaqəli gizli intim videonun çəkilməsi və yayılmasını aşkarlayıb və ona istinad edir.

87. Bu aşkara çıxardıqlarını və hazırkı işdə tərəflərin təqdimatlarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu işdə 10-cu maddəyə əsasən şikayətin keçərliliyi və mahiyyəti barədə ayrıca qərar verməyə ehtiyac yoxdur (müqayisə edin) Hüquq Resursları Mərkəzinin Valentin Câmpeanu adından Rumıniyaya qarşı [GC] , № 47848/08, § 156, AİHM 2014).

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

88. Konvensiyanın 41-ci maddəsində deyilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Ziyan

89. Ərizəçi mənəvi ziyan üçün 50,000 Avro tələb etdi.

90. Hökumət isə təqdimatında ərizəçinin iddia etdiyi məbləğin həddindən artıq olduğunu və pozuntunun aşkarlanmasının bu iş üçün kompensasiyanı əvəz edəcəyini bildirdi.

91. Məhkəmə, ərizəçinin yalnız Konvensiyanın 8-ci maddəsinin pozuntunun təsbit olunması ilə kompensasiya edilə bilməyəcək mənəvi zərərə məruz qaldığı qənaətindədir. Qiymətləndirmədə ədalətli olmağı əsas götürərək, mənəvi ziyana görə ərizəçiyə 4.500 avro ödənilməsini məqbul sayır.

B. Xərclər və məsrəflər

92. Ərizəçi, həmçinin xərclər və məsrəflər üzrə 8.923.37 Avro, o cümlədən ölkədaxili məhkəmələr qarşısında çəkdiyi məhkəmə məsrəfləri üçün 2.923.37 Avro və Avropa Məhkəməsi qarşısında çəkilən məhkəmə xərcləri üçün 6.000 Avro tələb etdi. İddialarını dəstəkləmək üçün cənab R. Hacılı, xanım Z. Sadıqova və cənab E. Sadıqovla hüquqi xidmətlər üçün bağlanmış müqaviləni təqdim etdi.

93. Hökumət, müqavilənin etibarsız olduğunu iddia edərək, vəkillərin bank hesabı məlumatları və vergi identifikasiya nömrələri kimi bəzi zəruri məlumatları olmadığına görə etiraz etdi. Daha sonra iddia etdi ki, istənilən halda tələb olunan məbləğlər həddindən artıqdır və əsassızdır. Daxili məhkəmə işlərinə görə xidmət haqqı müqavilədə Azərbaycan manatı ilə (AZN) göstərildiyi halda, ərizəçilər həmin məbləğləri müxtəlif vaxtlarda tətbiq olunan faiz dərəcələrinə görə avroya çeviriblər. Nəticədə, Hökumət hesab edir ki, bütün xərclər üçün ümumi məbləği 2500 manat olması bəs edir.

94. Məhkəmə qeyd edir ki, ərizəçi Məhkəmə qarşısında cənab R. Hacılı və xanımı Z. Sadıqova tərəfindən təmsil olunub, ancaq onlardan heç biri onu daxili məhkəmə proseslərində təmsil etməyib. Üçüncü vəkil, cənab E. Sadıqov ərizəçini Məhkəmədə təmsil etməyib. Bundan əlavə, iş materiallarıdan görünür ki, ölkədaxili məhkəmə prosesində cənab E. Sadıqov ərizəçini yalnız Ali Məhkəmədə təmsil edib.

95. Məhkəmənin müvafiq president hüququna görə, ərizəçinin çəkdiyi xərc və məsrəflərin kompensasiya edilməsi üçün həmin xərc və məsrəflərin həqiqətən və zəruri olduğu üçün çəkildiyinin sübut olunması və məbləğin ağlabatan olması lazımdır.

96. Hazırkı işdə, əlindəki sənədlərə və yuxarıda göstərilən meyarları nəzərə alaraq, Məhkəmə bütün başlıq altına olan xərcləri əhatə etmək üçün 1500 avro məbləğində kompensasiya verilməsini məqsədəuyğun hesab edir.

C. Gecikmə faizi

82. Məhkəmə məbləğin ödənilməsinin gecikməsinə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

 

BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Bəyan edir ki, 6-cı maddənin 1-ci bəndi və 8-ci maddəyə görə ərizə qəbulediləndir;
2. Qərar verir ki, Konvensiyanın 8-ci maddəsi pozulub;
3. Qərar verir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə ayrıca olaraq baxmağa ehtiyac yoxdur;
4. Qərar verir ki, Konvensiyanın 10-cu maddəssinə ayrıca olaraq baxmağa ehtiyac yoxdur.
5. Qərar verir ki,

(a) (a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə ərizəçiyə ödəməlidir:

(i) tutulacaq vergi də daxil olmaqla mənəvi ziyana görə, 4,500 avro ( dörd min beş yüz avro);

(ii) ərizəçidən tutulacaq vergi də daxil olmaqla xərc və məsrəflərə görə 1.500 (min beş yüz avro);

(b) yuarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

6. Ərizəçinin ədalətli əvəzin ödənilməsinə dair tələblərinin digər hissələri rədd edilir.

Qərar ingilis dilində tərtib olundu və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, 7 may 2020-ci il tarixdə yazılı olaraq açıqlandı.

Claudia Westerdiek                   Angelika Nußberger
Bölmə katibi                                Sədr

Qərar Media Hüququ Qrupu tərəfindən ingilis dilindədən tərcümə edilərək yayılıb. Müəllifliklə bağlı baxın: https://aihmaz.org