№ 28333/11 ŞAHIN AĞAMMƏDOV AZƏRBAYCANA QARŞI – 7 FEVRAL 2019-CU İL

 

BEŞİNCİ BÖLMƏ

QƏRAR

Ərizə № 28333/11

Şahin AĞAMMƏDOV
Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 17 yanvar 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, Prezident,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,
və Liv Tigerstedt, İclasın katibi,

30 aprel 2011-ci il tarixdə təqdim edilmiş yuxarıdakı ərizəni diqqətə alaraq,
Cavbdeh Hökumətin təqdim etdiyi müşahidələri və ərizəçinin həmin müşahidələrlə bağlı təqdimatlarını nəzərə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

 

FAKTLAR VƏ PROSEDUR

Ərizəçi cənab Şahin Ağammədov1957-ci ildə anadan olub, Şamaxı şəhərində yaşayan Azərbaycan vətəndaşıdır.

Ərizəçinin Konvensiyanın 6.1-ci maddəsinə və 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən daxili məhkəmə qərarlarının icra edilməməsindən verdiyi şikayətlər barədə Hökumət (“Hökumət”) bilgiləndirildi.

Sahibkar olan Ərizəçi, özəl bir bankla (bundan sonra – bank) kredit müqaviləsi bağlayıb. Həmin vaxtlar Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daha bir kredit müqaviləsi bağlayıb və həmin müqavilə üzrə sahibi olduğu və işlədiyi un dəyirmanını (bundan sonra – əmlak) girov qoyub.

Bankın kreditin ödənilməsinin təmin edilməsi üçün əmlakın üzərində həbs qoyulması barədə ərizəçiyə qarşı məhkəməyə müraciəti üzrə Ali Məhkəmə 3 may 2002-ci il tarixdə qərar verdi ki, ərizəçiyə məxsus əmlakın üzərinə həbs qoyula bilməz. Lakin icra məmurları Ali Məhkəmənin 3 may 2002-ci il tarixli qərarının şərhi barədə məktuba əsasən hərəkət etdiklərini bildirərək, 12 iyul 2002-ci il tarixdə ərizəçinin əmlakını ələ keçiriblər.

Ərizəçi icra idarəsinə və banka qarşı məhkəmədə iddia qaldırdı, tələb etdi ki, icra barədə qərar ləğv edilsin, əmlakı geri qaytarılsın. 1 Saylı İnzibati-İqtisad Məhkəməsi ərizəçinin tələblərini təmin etdi, əmr verdi ki, ərizəçinin əmlakı ilə bağlı icra qərarı ləğv edilsin.

Hökumət tərəfindən təqdim edilən məlumata görə, Ali Məhkəmə 28 oktyabr 2004-cü il tarixli son qərarı ilə 1 saylı İnzibati İqtisad Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarını ləğv edib, icra qurumlarının hərəkətlərinin qanunsuz olması barədə ərizəçinin şikayətlərini əsassız hesab edib.

QANUNVERİCİLİK

Məhkəmə bu işdə ona təqdim edilən bütün materialları araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilənlərə görə, şikayət qəbuledilməz sayılmalıdır.

Məhkəmə xüsusilə qeyd edir ki, Hökumət öz təqdimatında Ərizəçinin icra edilməməsindən şikayət etdiyi 1 saylı İnzibati İqtisad Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının Ali Məhkəmənin 28 oktyabr 2004-cü il tarixli son qərarı ilə ləğv edildiyini bildirib. Ərizəçi Hökümətintəqdimatına cavabında buna münasibət bildirməyib, yalnız ədalətli əvəzin ödənilməsi ilə bağlı tələblərini Məhkəməyə təqdim edib.

Məhkəmə qeyd edir ki, bu işdə Ərizəçi sonradan ləğv edilmiş qərarın icra edilməməsindən Məhkəməyə şikayət edib. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin lehinə qəbul edilmiş qanuni və son qərar yoxdur və Ərizəçi qərarın icra olunmamasından şikayət edə bilməz. Məhkəmə, bu ərizənin Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndinə uyğun olmadığına (ratione personae) və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməsinə qərar verir.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Bəyan edir ki, ərizə qəbuledilməzdir.

Qərar ingilis dilində hazırlanıb və yazılı olaraq 7 fevral 2019-cu ildə açıqlanıb.

Liv Tigerstedt        Síofra O’Leary
İclasın katibi           Prezident