№ 17276/07 CƏFƏR CƏFƏROV AZƏRBAYCANA QARŞI – 11 FEVRAL 2010-CU İL

 

BİRİNCİ BÖLMƏ

CƏFƏROV AZƏRBAYCANA QARŞI

QƏRAR
(Ərizə № 17276/07)

 

Strasburq
11 fevral 2010-cu il

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

Cəfərov Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Anatoli Kovler,
Xanlar Hacıyev,
Din Spilman,
Corcio Malinverni
Qeorqe Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
21 yanvar 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

PROSEDUR

1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Cəfər Cəfərovun (“ərizəçi”) Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 17276/07) iş 27 mart 2007-ci ildə başlanılmışdır.

2. Ərizəçini Bakıda vəkil işləyən cənab N. İsmayılov və cənab M. Mustafayev təmsil ediblər. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi Ç. Əsgərov təmsil edib.

3. Ərizəçi, xüsusən iddia etdi ki, 21 iyul 2003-cü il tarixli qətnamənin icra olunmaması onun Konvensiyanın 6 və 1 saylı Protokolun 1-ci maddələri ilə təmin olunmuş ədalətli məhkəmə araşdırılması və mülkiyyət hüquqlarını pozmuşdur.

4. Bölmənin Sədri 03 sentyabr 2008-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə əsasən, həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın.

FAKTLAR

I. İşin halları

5. Ərizəçi 1959-cu ildə anadan olmuş və hazırda Bakıda yaşayır.

6. 01 dekabr 1998-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin 20 noyabr 1998-ci il tarixli sərəncamı əsasında ərizəçiyə Bakıda yeni tikilmiş yaşayış binasında yerləşən mənzilə dair yaşayış orderi verilmişdir.

7. Eyni zamanda, ərizəçiyə məlum olmuşdur ki, həmin mənzil 01 yanvar 1998-ci il tarixdən Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Şuşadan məcburi köçkün olan M. və onun ailəsi tərəfindən zəbt edilmişdir.

8. Ərizəçiyə görə, bir neçə tələblərinə baxmayaraq, M. mənzili tərk etməkdən imtina edərək göstərmişdir ki, o, məcburi köçkündür və başqa yaşayış yeri yoxdur.

9. 2003-cü ildə naməlum tarixdə ərizəçi Yasamal rayon məhkəməsində iddia qaldıraraq, M. və onun ailəsinin mənzildən çıxarılmasını xahiş etmişdir.

10. 21 iyul 2003-cü ildə Yasamal rayon məhkəməsi ərizəçinin iddiasını təmin edərək, M. və onun ailəsinin mənzildən çıxarılmasını qət etmişdir. Məhkəmə müəyyən edib ki, ərizəçi 01 dekabr 1998-ci il tarixli order əsasında mənzilin yeganə kirayəçisidir və buna görə, mənzil M. və onun ailəsi tərəfindən qanunsuz zəbt olunub.

11. Bu qətnamədən şikayət verilməmiş və daxili qanunvericiliyə əsasən çıxarılmasından bir ay sonra o, qanuni qüvvəyə minmişdir. Lakin M. və onun ailəsi qətnaməni icra etməkdən imtina etmişlər və ərizəçinin müxtəlif dövlət orqanlarına şikayətlərinə baxmayaraq, qətnamə icra olunmamışdır.

12. 2006-cı ildə naməlum tarixdə ərizəçi və eyni vəziyyətdə olan bir qrup başqa şəxslər Yasamal rayon məhkəməsinə şikayət etmişlər ki, Yasamal rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi (“Məhkəmə icraçıları şöbəsi”) qətnamələri icra etmək üçün hər hansı tədbirlər görmür.

13. 27 dekabr 2006-cı ildə Yasamal rayon məhkəməsi bu şikayəti əsassız kimi rədd etmişdir. Ərizəçi bu qətnamədən şikayət vermişdir. 02 may 2007-ci ildə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və mahiyyəti üzrə ərizəçinin xeyrinə yeni qətnamə çıxarmışdır. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, Məhkəmə icraçıları şöbəsinin hərəkətsizliyi qanunsuzdur və 21 iyul 2003-cü il tarixli qətnamə icra olunmalıdır.

14. 2008-ci ildə naməlum tarixdə ərizəçi müxtəlif dövlət orqanlarına qarşı iddia qaldıraraq, 21 iyul 2003-cü il tarixli qətnamənin icra olunmamasına görə kompensasiya tələb etmişdir. 19 dekabr 2008-ci ildə Yasamal rayon məhkəməsi ərizəçinin tələbini əsassız kimi rədd etmişdir. 03 mart 2009-cu ildə Bakı Apellyasiya Məhkəməsi və 03 iyul 2009-cu ildə Ali Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışlar.

15. İş materiallarından görünür ki, hazırkı şikayətin Məhkəməyə verilməsindən sonra M. Yasamal rayon məhkəməsinə müraciət edərək, 21 iyul 2003-cü il tarixli qətnamənin icrasının dayandırılmasını xahiş etmişdir.

16. 02 iyul 2008-ci il tarixdə Yasamal rayon məhkəməsi M.-in xahişini təmin etmiş və məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün yeni tikilmiş evlərin birinə M.-inköçməsinədək 21 iyul 2003-cü il tarixli qətnamənin icrasının dayandırılmasını qərara almışdır. Məhkəmə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanına (“01 iyul 2004-cü il tarixli fərman”) istinad etmişdir. Həmin fərmanla dövlət orqanlarına göstəriş verilir ki, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasınadək və ya yeni evlərdə müvəqqəti məskunlaşmasınadək, onlar 1992 — 1998-ci illərdə məskunlaşdıqları dövlət evlərindən, mənzillərindən, torpaqlarından və mülkiyyət növündən asılı olmayaraq başqa sahələrdən çıxarılmamalıdırlar. Ərizəçinin bir neçə şikayətlərindən sonra 15 mart 2009-cu ildə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. İş materiallarından görünür ki, 12 may 2009-cu ildə ərizəçi bu qərardan Ali Məhkəməyə şikayət etmiş və bu şikayətə hələ baxılmaqdadır.

II. Müvafiq daxili qanunvericilik

A. 1983-cü il tarixli Mənzil Məcəlləsi

17. Azərbaycan vətəndaşları kirayə müqaviləsi şərtlərinə əsasən Dövlətin və ya başqa dövlət orqanlarının mülkiyyətində olan mənzillərdən istifadə etmək hüququnu əldə etmək hüququna malikdirlər (10 və 28-ci maddələr). Mənzil vermək barədə qərar yerli icra hakimiyyəti tərəfindən vətəndaşlara yaşayış sahəsi orderini təqdim etməklə həyata keçirilir (48-ci maddə). Yaşayış sahəsi orderi orada göstərilmiş mənzilə sahiblik və kirayəçi ilə mənzil kommunal orqanı arasında kirayə müqaviləsinin bağlanılması üçün yeganə hüquqi əsası təşkil edir (51-ci maddə). Mənzillərdən istifadə hüququ müddətsiz verilir (10-cu maddə).

B. Mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli Qanun

18. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). Dövlət mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər (7-ci maddə).

C. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanun

19. Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər məcburi köçkünlər hesab olunurlar (2-ci maddə). Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvaflq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər (5-ci maddə).

D. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydaları” (“Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları”)

20. 4-cü maddə aşağıdakıları nəzərdə tutur:
“Məcburi köçkünlərin 1992 — 1994-cü illərdə məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır…”

E. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları” (“Məcburi köçkünlərin köçürülməsi Qaydaları”)

21. 4-cü maddə aşağıdakıları nəzərdə tutur:
“Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda , onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.”

F. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanı

22. Fərmanda Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına, inter alia, göstəriş verilib ki, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasınadək və ya yeni mənzillərdə müvəqqəti məskunlaşmasınadək, 1992-ci ildən 1998-ci ilədək məskunlaşdıqları dövlət evlərindən, mənzillərdən, torpaqlardan və başqa sahələrdən, mənsubluğundan asılı olmadan, çıxarılmasına icazə verilməsin.

J. 1 sentyabr 2000-ci il tarixli Mülki Prosessual Məcəllə (“MPM”)

23. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (231-ci maddə).

HÜQUQİ MƏSƏLƏLƏR

I. Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndinin, Konvensiyanın 13-cü maddəsinin və 1 saylı Protokolun 1-ci maddəsinin iddia olunan pozuntusu

24. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, Konvensiyanın 13-cü maddəsinə və 1 saylı Protokolun 1-ci maddəsinə istinadən, ərizəçi Yasamal rayon məhkəməsinin 21 iyul 2003-cü il tarixli qətnaməsinin icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:
“Hər kəs onun mülki hüquq və azadlıqları müəyyən edilərkən, … məhkəmə vasitəsilə … işinin ədalətli… araşdırılması hüququna malikdir”.
Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
1 saylı Protokolun 1-ci maddəsi aşağıdakdarı nəzərdə tutur:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

A. Şikayətin qəbuledilənliyi

25. Hökumət iddia edib ki, ərizəçi daxili vasitələri tükətməmişdir. Xüsusən, Hökumət qeyd edib ki, 02 iyul 2008-ci il tarixli qərarla Yasamal rayon məhkəməsi 21 iyul 2003-cü il tarixli qətnamənin icrasını dayandırmış və bu barədə qərardan ərizəçinin şikayətinə hələ baxılır.

26. Ərizəçi Hökumətlə razılaşmamış və bildirmişdir ki, Hökumətin təklif etdiyi vasitələr hazırkı işin halları baxımından adekvat deyil.

27. Məhkəmə xatırladır ki, Konvensiyanın daxili vasitələrin tükənməsi qaydasını müəyyən edən 35-ci maddəsinin 1-ci bəndi sübutetmə yükünün bölünməsini nəzərdə tutur. Hökumətin üzərinə düşür ki, tükənməməsini iddia edərək Məhkəməni inandırsın ki, vasitə səmərəli olub, müvafiq vaxtda həm nəzəri, həm də təcrübədə ona müraciət etmək mümkün olub, yəni bu vasitə əlçatan olub, ərizəçinin şikayətlərinə aid kompensasiyanı təmin etməyə malik olub və uğurun əldə olunmasının əsaslı gözləntilərini təqdim edib. Əgər bu sübutetməyükü təmin olunubsa, ərizəçinin üzərinə düşür ki, Hökumətin bidirdiyi vasitədən həqiqətən istifadə edilməsini və ya bu vasitənin işin xüsusi halları baxımından müəyyən səbəblərə görə qeyri-adekvat və səmərəsiz olduğunu, yaxud da onu bu tələbdən azad edən xüsusi halların mövcudluğunu göstərsin (baxın, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-IV, s. 1211, § 68). Daha sonra, Məhkəmə vurğulayır ki, daxili vasitələr ya iddia olunan pozuntunun, ya da onun davamiyyətinin qarşısının alınması və ya artıq baş vermiş hər hansı pozuntunun adekvat bərpasının təmin olunması baxımından “səmərəli” olmalıdır (baxın, Kudla Polşaya qarşı (Böyük Palata), № 30210/96, § 158, İHAM-XI).

28. Məhkəmə qeyd edir ki, hazırkı işdə qətnamənin icrasının dayandırılmasına aid icraat bu şikayətin Məhkəməyə verilməsindən sonra M.-in tələbi üzrə başlanılmış və bu icraatınbaşlanılmasının məqsədi qətnamənin icrasının təmin olunması və ya sürətləndirilməsi deyil, əksinə onu qeyri-müəyyən müddətə məcburi qüvvəsindən məhrum etmək olmuşdur. Məhkəmə qeyd edir ki, Hökumət 21 iyul 2003-cü il tarixli qətnamənin icrasının dayandırılmasına aid icraatın hansı yolla qətnamənin icra olunmamasına dair davamlı vəziyyətə son qoyacağını və ya bu icraatın nəticəsində ərizəçinin ala biləcəyi bərpa etmənin növü ilə bağlı hər hansı izah təqdim etməmişdir. Hər bir halda, Məhkəmə qeyd edir ki, ərizəçi sözügedən qətnamənin icrasının dayandırılmasına aid icraatın nəticəsindən deyil, qətnamənin icra olunmamasından şikayət etmişdir. Dayandırma icraatında daxili məhkəmələr ərizəçinin xeyrinə qərar çıxarsa və 21 iyul 2003-cü il tarixli qətnamənin icrasının dayandırılmalı olmadığına dair qənaətə gəlsə belə, bu cür qərar yalnız həmin nəticələrə, yəni məcburi qətnamənin icrası üzrə məhkəmə icraçılarının icra icraatını davam etdirməsinin təsdiqinə səbəb olar (baxın, mutatis mutandis, Tarverdiyev Azərbaycana qarşı, № 33343/03, § 43, 26 iyul 2007-ci il vəYavorivskaya Rusiyaya qarşı (qərardad), № 34687/02, 13 may 2004-cü il).

29. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə daxili vasitələrin tükənməməsinə dair Hökumətin etirazını rədd edir. Daha sonra, Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsasla qeyri-məqbul deyil. Buna görə, şikayət məqbul elan olunmalıdır.

B. İşin mahiyyəti

1. Tərəflərin dəlilləri

30. Hökumət bildirib ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanda məcburi köçkünlərin böyük sayına görə onların məskunlaşdırılması ilə bağlı ciddi problem vardır. Hökumət qeyd edib ki, 21 iyul 2003-cü il tarixli qətnamə ilə M.-in mənzildən çıxarılmasının qət edilməsinə baxmayaraq, bu qətnamə icra oluna bilməzdi, ona görə ki, sözügedən mənzildə yerləşmiş məcburi köçkünlərin yaşaması üçün başqa yer yoxdur. Daha sonra, Hökumət iddia edib ki, 21 iyul 2003-cü il tarixli qətnamənin icrasının dayandırılmasına görə onun icrası artıq məcburi deyil. Bundan başqa, daxili qanunvericiliyin müxtəlif müddəalarına istinadən (baxın, yuxarıda Müvafiq Daxili Qanunvericilik), Hökumət iddia edib ki, doğma torpaqlarına qayıtmayanadək və ya yeni evlərdə müvəqqəti məskunlaşmayanadək, məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları yerlərdən çıxarılmamalıdırlar. Hökumət, həmçinin bildirib ki, məcburi köçkünlərin yaşayış probleminin həlli Hökumətin siyasətinin prioritetlərindən biridir və bununla bağlı müvafiq tədbirlər tətbiq edilir.

31. Ərizəçi şikayətini təkrar etmişdir.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Konvensiyanın 6 və 13-cü maddələri

32. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin — ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları — lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (baxın, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-II, s. 510, § 40).

33. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salmınası konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun (baxın, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Məhkəmə, həmçinin təkrar edir ki, fərdi şəxsə qarşı məhkəmə qərarının icrası üçün Dövlətin məsuliyyəti Dövlət orqanlarının icra icraatında iştirakından daha irəli getmir. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə Dövlətin məsuliyyətinə səbəb ola bilər (baxın,mutatis mütandis, Kebotari və digərləri, № 37763/04, 37712/04, 35247/04, 35178/04 və 34350/04, § 39, 27 yanvar 2009-cu il).

34. İlk növbədə, Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə olan 21 iyul 2003-cü il tarixli qətnamə təxminən altı il müddətində icra olunmamış qalmış, bununla da, ərizəçi əmlak hüquqlarına aid mübahisədə əldə etdiyi uğurdan faydalanmaqdan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işdə mübahisə fərdi tərəflər arasında olmuşdur. Lakin 21 iyul 2003-cü il tarixli qətnamənin məcburi köçkünlərin ərizəçinin mənzilindən çıxarılmasını qərara aldığını nəzərə alaraq, bu vəziyyət fərdi tərəf kimi məcburi köçkün qətnamənin icrasından boyun qaçırdıqda, onun icrası üçün ərizəçiyə kömək etmək məqsədilə Dövlətin hərəkətə keçməsini şərtləndirmişdir. Hazırkı işdə tərəflər mübahisələndirmir ki, 21 iyul 2003-cü il tarixli qətnamə ən azı icra icraatının dayandırılmasına aid Yasamal rayon məhkəməsinin 02 iyul 2008-ci il tarixli qərarının çıxarılmasınadək daxili qanunvericiliyə əsasən məcburi olmuşdur. İş materiallarından görünür ki, icra icraatının 21 iyul 2003-cü il tarixli qətnamənin çıxarılmasından bir ay sonra başlanılmasına baxmayaraq, Hökumət bununla bağlı hər hansı addım atmamış və bu müddət ərzində qətnamənin icra olunmamasının əsaslandırılması üçün hər hansı izah təqdim etməmişdir.

35. İcranın dayandırılmasına dair qərara gəldikdə, Məhkəmə qeyd edir ki, o, mənzildən çıxarılma barədə qətnaməni qəbul etmiş məhkəmə tərəfindən həmin qətnamənin icrasının dayandırılmasına aid oxşar işə artıq baxmışdır (baxın, Akimova Azərbaycana qarşı, № 19853/03, §§ 45-50, 27 sentyabr 2007-ci il). Bu işdə Məhkəmə hesab etmişdir ki, hər hansı qanuni əsas və müvafiq əsaslandırma olmadan qətnamənin icrasının dayandırılmasına dair qərar 1 saylı Protokolun 1-ci maddəsini pozur; Məhkəmə daha sonra hesab edib ki, bu iş üzrə həmin şikayətin Konvensiyanın 6-cı maddəsi baxımından araşdırılması tələb olunmur. Bu işdən fəqli olaraq, hazırkı işdə qətnamənin icrasının dayandırılmasına dair qərar həmin qətnamənin qüvvəyə minməsindən təxminən beş il sonra çıxarılmışdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə qətnamənin icrasının dayandırılması Prezidentin 01 iyul 2004-cü il tarixli fərmanına əsaslanmışdır. Lakin Məhkəmə qeyd edir ki, bu fərman hazırkı işdə baş vermiş çıxarılma barədə qətnamənin icrasının müddətsiz şəkildə dayandırılmasına dair səlahiyyəti daxili məhkəmələrə verən mülki prosesə aid hər hansı xüsusi müddəaları əks etdirmir. Bundan başqa, 21 may 1999-cu il tarixli qanun nəzərdə tutub ki, məcburi köçkünlərin özlərinin məskunlaşması digər şəxslərin hüquq və qanuni maraqlarını pozursa, daxili dövlət orqanları onların başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Müvafiq olaraq, həmin fərman daha yüksək qüvvəyə malik olan qanunvericilik aktına zidd görünür; belə olan halda, fərmana əsaslanan dayandırma qərarının qanuniliyi məsələsi ortaya çıxır. Lakin Konvensiyanın 6-cı maddəsi baxımından belə dayandırmanın daxili qanunvericilik əsasında “qanuni” olub-olmaması Məhkəməni narahat etmir. Məhkəmə xatırladır ki, Tərəf Dövlətlərin daxili hüquqi sistemi tərəflərdən birinin zərərinə olaraq yekun məcburi məhkəmə qərarının icrasız qalmasına imkan versə, Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş hüquqlar xəyali olar (baxın, yuxarıda 32-ci paraqraf). Bundan başqa, əhəmiyyətli səbəblər olmadan yekun qətnamənin icrasının qeyri-məhdud müddətə formal dayandırılması hüquqi müəyyənlik prinsipinə ziddir.

36. Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu 21 iyul 2003-cü il tarixli qətnamənin icrasında müəyyən çətinliklər törətmişdir. Buna baxmayaraq, qətnamə qüvvədə qalmış, lakin onun icrası üçün dövlət orqanları tərəfindən altı ildən artıq müddətdə hər hansı adekvat tədbirlər görülməmişdir. Görünmür ki, dövlət orqanları sözügedən qətnamənin icrası üçün davamlı və təkidli tədbirlər görmüşlər. Belə olan halda, Məhkəmə hesab edir ki, qətnamənin icrasında əhəmiyyətli gecikdirməyə görə Hökumət tərəfindən əsaslı izahat təqdim olunmamışdır.

37. Məhkəmə hesab edir ki, hazırkı işdə yekun qətnamənin icrası üçün zəruri tədbirlər görməməklə, dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndini bütün faydalı effektindən məhrum etmişdir (baxın, yuxarıda qeyd olunmuş Burdov işi, § 37). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.

38. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 13-cü maddəsi əsasında şikayət üzrə qərarın çıxarılmasını zəruri hesab etmir, ona görə ki, Konvensiyanın 6-cı maddəsi şikayətin bu hissəsi üçün lex specialis-dir (baxın, məsələn, Əfəndiyeva Azərbaycana qarşı, № 31556/03, § 59, 25 oktyabr 2007-ci il və Casiunien Litvaya qarşı, № 41510/986, 06 mart 2003-cü il, § 32).

(b) 1 saylı Protokolun 1-ci maddəsi

39. Məhkəmə xatırladır ki, məcburi olmaq üçün kifayət qədər müəyyən edildiyi halda, “tələb” 1 saylı Protokolun 1-ci maddəsinin mənasında “mülkiyyəti” təşkil edə bilər (baxın,Stran Qrik Refineris və Stratis Andreadis Yunanıstana qarşı, 09 dekabr 1994-cü il, § 59, A Seriyaları, № 301-B).

40. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi sözügedən mənzilin mülkiyyətçisi olmamış və yalnız yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş orderə müvafiq olaraq kirayə hüquqlarına malik olmuşdur. Lakin Məhkəmə hesab edib ki, belə yaşayış orderinə əsaslanan mənzil tələbi 1 saylı Protokolun 1-ci maddəsinin dairəsinə düşən “mülkiyyəti” təşkil edir (baxın, yuxarıda qeyd olunmuş Akimova işi, §§ 39-40). Hazırkı işdə ərizəçinin mənzilə kirayə hüququ 21 iyul 2003-cü il tarixli qətnamə ilə tanınmışdır. Bundan başqa, bu qətnamə ilə məcburi köçkünlərin mənzildən çıxarılması qət olunmuş, bununla da, sözügedən mənzildən istifadənin bərpası üçün ərizəçiyə məcburi tələb təqdim edilmişdir.

41. Bu qətnamə qüvvəyə minmiş və icra icraatının başlanılması ilə mənzildən istifadəni bərpa etmək hüququ ərizəçiyə təqdim edilmişdir. Bundan irəli gəlir ki, altı ildən artıq müddətdə bu qətnamənin icrasını əldə etmək üzrə ərizəçinin mümkünsüzlüyü onun 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində təsbit olunduğu kimi, mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxiləni təşkil etmişdir. Məhkəmə əvvəllər Radanoviç Xorvatiyaya qarşı işdə oxşar məsələlərlə rastlaşmışdır. Həmin qərarda, eləcə də yuxarıda 36-cı paraqrafda göstərilmiş səbəblərə görə Məhkəmə hesab edir ki, Hökumət tərəfindən bu müdaxilə üçün hər hansı qəbul edilə bilən əsaslandırma təqdim edilməmişdir (baxın, mutatismutandis, Radanoviç Xorvatiyaya qarşı, № 9056/02, §§ 48-50, 21 dekabr 2006-cı il).

42. Müvafiq olaraq, iş üzrə 1 saylı Protokolun 1-ci maddəsi pozulmuşdur.

II. Konvensiyanın 41-ci maddəsinin tətbiqi

43. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfın daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Zərər

1. Maddi zərər

44. Ərizəçi maddi zərərlə bağlı 68.809 avro tələb etmişdir. O iddia edib ki, qətnamənin icra olunmamasına görə ailəsi ilə birgə yaşamaq üçün başqa yer kirayələməli olmuşdur. Tələb olunan məbləğ kirayə haqqını və onun mənzilinin iddia olunan cari bazar qiymətini əhatə edir.
45. Hökumət iddia edib ki, ərizəçi mənzilin bazar qiyməti üçün hər hansı kompensasiya tələb edə bilməz. Daha sonra, Məhkəmə qeyd edib ki, onlar kirayə xərclərinə aid tələbin qalan hissəsinin əsaslarını yoxlamış və maksimum 8.695 avroya qədər kirayəyə aid ərizəçinin tələbinin bir hissəsini qəbul etməyə hazır olduqlarını bəyan etmişlər.

46. Tələbin mənzilin bazar qiymətinə aid hissəsinə gəldikdə, Məhkəmə bu hissəni rədd edir, ona görə ki, o, müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında səbəbli əlaqə görmür.

47. Tələbin kirayə haqqına aid hissəsinə gəldikdə, məhkəmə qeyd edir ki, müəyyən olunmuş pozuntu ilə tələbin bu hissəsi arasında səbəbli əlaqə vardır. Lakin Məhkəmə qeyd edir ki, ərizəçi bu tələbi təsdiq etmək üçün hər hansı sübut və ya tələb etdiyi məbləğin hesablanması üçün hər hansı əsas təqdim etməmişdir. Xüsusən, o, hər hansı kirayə müqavilələri və ya kirayə haqqını təsdiq edən istənilən başqa sənədləri təqdim etməmişdir. Lakin 8.695 avro məbləğində maddi zərərin ərizəçiyə ödənilməsinə Hökumətin razı olduğunu nəzərə alaraq, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, maddi zərərə görə 8.695 avro məbləğində kompensasiya təyin edir.

2. Mənəvi zərər

48. Ərizəçi mənəvi zərərə görə 20.000 avro kompensasiya tələb etmişdir.

49. Hökumət maksimum 1.000 avro məbbğində mənəvi zərərə aid ərizəçinin tələbini qəbul etməyə hazır olduğunu bəyan etmişdir.

50. Məhkəmə hesab edir ki, xeyrinə olan yekun qətnamənin davamlı icra olunmaması nəticəsində ərizəçiyə mənəvi zərərin vurulması mümkündür. Lakin tələb olunmuş məbləğ həddən artıqdır. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirməni edərək, Məhkəmə üstünə hesablana bilən hər hansı vergi məbləği gəlməklə, mənəvi zərərə görə 4.800 avro məbləğində kompensasiya təyin edir.

51. Bundan başqa, Məhkəmə hesab edir ki, 21 iyul 2003-cü tarixli qətnamənin qüvvədə qalmasını nəzərə alaraq, onun icra olunmasına dair Dövlətin ilkin öhdəliyi mübahisə oluna bilməz. Müvafiq olaraq, ərizəçi bu qətnamənin icrasına nail olmaq hüququna hələ malikdir. Məhkəmə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin pozulmasının bərpasının ən uyğun forması ondan ibarətdir ki, ərizəçi Konvensiyanın 6-cı maddəsinin nəzərə alınmaması baş vermədiyi halda, olacağı vəziyyətə mümkün qədər yaxınlaşdırılsın (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1986-cı il tarixli qərar, A Seriyaları, № 85, s. 16, § 12). Aşkar olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə də bu prinsip tətbiq ediləndir. Buna görə, o hesab edir ki, Hökumət zəruri tədbirlərlə 21 iyul 2003-cü il tarixli qətnamənin icrasını təmin etməlidir.

B. Xərc və məsrəflər

52. Ərizəçi, həmçinin Məhkəmə qarşısında çəkilmiş xərc və məsrəflərə görə 1.500 avro tələb etmişdir. Bu tələb konkretləşdirilməmiş və ya hər hansı sənədlərlə təsdiq olunmamışdır.

53. Hökumət bu tələbi əsassız hesab etmişdir.

54. Məhkəmənin presedent-hüququna müvafiq olaraq, xərc və məsrəflərin yalnız həqiqətən və zəruri olaraq, həmçinin əsaslandırılmış həcmdə çəkilməsi göstərildiyi halda, ərizəçi onların əvəzinin ödənilməsi hüququna malikdir. Hazırkı işdə ərizəçi tərəfindən hər hansı təsdiqləyici sənədlərin təqdim olunmadığını nəzərə alaraq, Məhkəmə xərc və məsrəflərlə bağlı tələbi rədd edir.

C. Faiz dərəcəsi

55. Məhkəmə məqsədəmüvafiq hesab edir ki, faiz dərəcəsi üstünə üç faiz əlavə edilməli olan, Mərkəzi Avropa Bankının təqdim etdiyi dərəcənin son həddinə əsaslanmalıdır.

 

BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Şikayəti qəbuledilən elan edir;

2. İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır;

3. Şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmasının tələb olunmadığını qərara alır;

4. İş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır;

5. Qərara alır ki, Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq qərarın qəti olduğu tarixdən üç ay müddətində cavabdeh Hökumət lazımi vasitələrlə daxili məhkəmənin 21 iyul 2003-cü il tarixli qətnaməsinin icrasını təmin etməlidir;

6. Qərara alır ki,

(a) Qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci hissəsinə əsasən qəti olduğu gündən üç ay müddətində maddi zərərə görə 8.695 (səkkiz min altı yüz doxsan beş) avro və mənəvi zərərə görə 4.800 EUR (dörd min səkkiz yüz avro) Hökumət tərəfindən ərizəçiyə həll olunma gününə tətbiq edilən dərəcəyə uyğun olaraq milli valyuta ilə üstünə gəlinə bilən hər hansı vergi hesablanmaqla ödənilməlidir;
(b) yuxarıda qeyd olunan üç ay bitdiyi vaxtdan həll olunma gününədək faiz dərəcəsi yuxarıdakı məbləğ üstünə Mərkəzi Avropa Bankının faiz dövründəki təqdim etdiyi dərəcənin son həddinə uyğun ödənilməlidir;

7. Ədalətli kompensasiya üçün ərizəçinin tələbinin qalan hissəsini rədd edir.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 11 fevral 2010-cu ildə göndərilib.

Soren Nilsen                 Xristos Rozakis
Katib                                       Sədr

 

Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndinə və Məhkəmə Reqlamentinin 74-cü qaydasının 2-ci bəndinə müvafiq olaraq, hakim Spilmanla birgə hakim Malinverninin üst-üstə düşən müxalif rəyi bu qərara əlavə olunur.

Hakim Spilmanla birgə hakim Malinverninin üst-üstə düşən müxalif rəyi

Mən tərəddüd etmədən iş üzrə Konvensiyanın 6-cı maddəsinin pozulduğuna dair səs vermişəm. Lakin mən əmin deyiləm ki, hazırkı işdə 21 iyul 2003-cü il tarixli qətnamənin icrasından dövlət orqanlarının imtinası 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasına da səbəb olmuşdur.

Eyni məsələ Birinci Bölmə tərəfindən yekdilliklə yaxın zamanda həll olunmuş işdə də ortaya çıxmış (Mirzəyev Azərbaycana qarşı, № 50187/06, 03 dekabr 2009-cu il), lakin hazırkı rəyin obyektini təşkil etmiş məsələ mənim diqqətimdən kənarda qalmışdır. Bu səbəbdən və özümə zidd getməkdən yayınmaq üçün mən fərqli deyil, üst-üstə düşən rəyi tərtib etməyi seçmişəm.

İlk növbədə, mən qeyd edirəm ki, yeni tikilmiş yaşayış binasında mənzil üçün yaşayış orderi ərizəçiyə 01 dekabr 1998-ci ildə verilmişdir. Lakin aşkar olunmuşdur ki, bu mənzil 01 yanvar 1998-ci ildən — on bir ay müddətində — məcburi köçkün olan ailə tərəfindən zəbt edilmişdir (baxın, 6 və 7-ci paraqraflara). Bu vəziyyət əslində mübahisənin əsasını təşkil edən məsələnin ortaya çıxmasına qaçılmaz olaraq səbəb olur: mənzilin məcburi köçkün olan ailə tərəfindən zəbt olunduğunu bilərək — və ya ən azı bilməli olaraq dövlət orqanları necə onu ərizəçiyə ayırmışlar? Onlar bu mənzilin boş olduğuna qabaqcadan əmin olmalı olmamışdırlarmı?

Daha sonra, mən qeyd edirəm ki, hazırkı işdə ərizəçi sözügedən mənzilin mülkiyyətçisi deyil, yaşayış orderi əsasında yalnız onun kirayəçisi olmuşdur (baxın, 40-cı paraqraf). Belə order əsasında mənzilə aid tələbin 1 saylı Protokolun 1-ci maddəsinin dairəsinə düşən “mülkiyyəti” təşkil etdiyinə baxmayaraq, ərizəçi faktiki olaraq mülkiyyətçi olmamışdır (baxın, həmin yerdə).

Məhkəmənin hesab etdiyi kimi, xeyrinə olan qətnamənin altı ildən artıq müddətdə icrasına nail ola bilməməsinin ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində göstərildiyi kimi mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxiləni təşkil etdiyini demək düzgündürmü (baxın, 41-ci paraqraf).

Lakin mən həmkarlarımla onların o mövqeyi ilə razılaşmaqda daha çox çətinlik çəkirəm ki, 36-cı paraqrafda göstərilmiş səbəblərə görə Məhkəmə hesab edir ki, bu müdaxilə üçün hər hansı qəbul edilə bilən əsaslandırma Hökumət tərəfindən təqdim edilməmişdir (baxın, 41-ci paraqrafın sonuncu cümləsi).
Başqa sözlə, Konvensiyanın 6-cı maddəsinin pozulmasına gətirib çıxaran səbəblər 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunun müəyyən olunması üçün bərabər əsaslı kimi qələmə verilmişdir. Bu əsaslandırma düzgündürmü? Şəxsən mən onu inandırıcı hesab etmirəm.

Konvensiyanın 6-cı maddəsinin tarazlaşdırılmış maraqlara səbəb olmadığını nəzərə alaraq, belə bir yoxlama 1 saylı Protokolun 1-ci maddəsi ilə tələb olunur.

Hazırkı işdə iki maraqlara toxunulmuşdur. Bir tərəfdən, 1 saylı Protokolun 1-ci maddəsi ilə müdafiə edildiyi kimi, ona ayrılmış mənzildən istifadədə ifadə olunan ərizəçinin marağı və digər tərəfdən, Konvensiyanın 8-ci maddəsi ilə müdafiə edildiyi kimi, mənzildən çıxarılmamaqda ifadə olunan M. və onun ailəsinin öz evlərinə hüquqları.

Bu toqquşan hüquqlarla qarşılaşdıqda, onlardan hansına üstünlük verilməlidir? Mən əmin deyiləm ki, bu, mütləq 1 saylı Protokolla təmin olunmuş hüquq olmalıdır. 21 iyul 2003-cü il tarixli qətnaməsində Yasamal rayon məhkəməsi bu tarazlaşdırılmış maraqları yoxlayan kimi görünmür (baxın, 10-cu paraqraf). Lakin 02 iyul 2008-ci il tarixli qərarında həmin məhkəmə M. və onun ailəsinin mənzildən çıxarılmamaq hüququnu nəzərə almış kimi görünür, ona görə ki, o, M.-in tələbini təmin etmiş və onun məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikiləcək evlərin birinə köçməsinədək 21 iyul 2003-cü il tarixli qətnamənin icrasının dayandırılmasını qərara almışdır (baxın, 16-cı paraqraf).

Mən öz tərəfimdən təəssüf edirəm ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğuna dair qənaətə gəlməzdən əvvəl bu qərarda iki toqquşan maraqlar tarazlaşdırılmamışdır. Bu maddənin pozulduğunun müəyyən edilməsi ilə özünü məhdudlaşdırmaq əvəzinə Məhkəmə məcburi köçkün ailəsinin öz evlərinə hüquqlarını nəzərə almalı və təmin etməli idi ki, həmin ailə başqa yerdə məskunlaşacaq.