Əsaslandırılmış məhkəmə qərarı öhdəliyi və “dördüncü instansiyası konsepsiyası – AİHM bələdçisi”

Əsaslandırılmış məhkəmə qərarı öhdəliyi və “dördüncü instansiya” konsepsiyası

Ölkədaxili məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsi baxımından ədalətli olub-olmamasını müəyyən edərkən, Avropa Məhkəməsi adətən həmin maddədə nəzərdə tutulmuş prosessual xarakterli təminatlara (o cümlədən ölkədaxili məhkəmələrin qərarlarını kifayət qədər əsaslandırması təminatına) riayət olunub-olunmadığına baxır.

Avropa Məhkəməsi ölkədaxili məhkəmələrlə eyniləşdirilərək “dördüncü instansiya” sayıla bilməz. O, bir qayda olaraq, ölkədaxili məhkəmələrin gətirdiyi əsasların və gəldiyi nəticələrin doğru və ya yanlış (ədalətli və ya ədalətsiz) olmasını araşdırmır (bax: García Ruiz İspaniyaya qarşı, Böyük Palata; Perez Fransaya qarşı, Böyük Palata; Buzescu Rumıniyaya qarşı; İlqar Məmmədov Azərbaycana qarşı (no. 2); Cənnətov Azərbaycana qarşı). Çünki, bir tərəfdən, Avropa Məhkəməsi belə araşdırmanı aparmaq maqsədi ilə yaradılmayıb, digər tərəfdən, belə araşdırmanın effektiv aparılması üçün onun əlində yetərli imkanlar yoxdur (daha ətraflı müzakirə üçün “Faktların müəyyənləşdirilməsi, sübutların qəbuledilənliyi və qiymətləndirilməsi” mövzusuna bax).

Yalnız bəzi hallarda Avropa Məhkəməsi istisna olaraq bu qaydadan kənara çıxır. Belə ki, əgər ölkədaxili məhkəmələrin gəldiyi nəticələr “özbaşına” və ya açıq aydın şəkildə əsassızdırsa Avropa Məhkəməsi həmin məhkəmələrin apardığı qiymətləndirmənin özünü Konvensiyanın 6-cı maddəsi baxımından ədalətsiz saya bilər. Presedentlərə əsasən, Avropa Məhkəməsinin ölkədaxili məhkəmələrin gəldiyi nəticəni “özbaşına” nəticə kimi qiymətləndirməsi aşağıdakı hallarda mümkündür (bax: Moreira Ferreira Portuqaliyaya qarşı (no. 2), Böyük Palata; Tibet Menteş Türkiyəyə qarşı; İlqar Məmmədov Azərbaycana qarşı (no. 2)):

(a) ölkədaxili məhkəmələr heç bir əsas gətirmədikdə və ya

(b) ölkədaxili məhkəmələrin gətirdiyi əsaslar faktiki halların və ya hüquqi normaların açıq-aydın şəkildə səhv təfsirinə dayandıqda (daha ətraflı müzakirə üçün “Faktların müəyyənləşdirilməsi, sübutların qəbuledilənliyi və qiymətləndirilməsi” mövzusuna bax).

Diqqət!

Beləliklə, ölkədaxili məhkəmələrin öz qərarlarında gətirdiyi əsasların özündən Avropa Məhkəməsinə şikayət etmək istədikdə ərizəçi və ya onun hüquqşünası yuxarıda göstərilmiş istisna hallardan birinin mövcudluğunu əsaslandırmaslıdır.

©legallibrary.org