Əsaslandırılmış məhkəmə qərarı öhdəliyi, ümumi müddəalar – AİHM bələdçisi

Əsaslandırılmış məhkəmə qərarı öhdəliyi

Ümumi müddəalar

Cinayət törətməkdə ittiham olunan şəxsin və mülki işdə tərəf olan şəxsinişə aid bildiyi mülahizələri məhkəməyə təqdim etmək hüququ var (daha ətraflı müzakirə üçün “Məhkəməyə mülahizələr təqdim etmək hüququ” mövzusuna bax).

Həmin hüququn effektiv olması üçün gərək məhkəmə mülahizələri həqiqətən “dinləsin”, yəni lazımi qaydada araşdırsın. Buna görə ədalətli araşdırma hüququnun ən vacib təminatlarından (prinsiplərindən) biri də işə baxan məhkəmənin çıxardığı qərarı əsaslandırması öhdəliyidir. Belə ki, məhkəmə qərarının kifayət qədər əsaslandırılmış olması tərəflərə işin həqiqətən araşdırıldığını göstərir (bax: Perez Fransaya qarşı, Böyük Palata; H. Belçikaya qarşı; Suominen Finlandiyaya qarşı; Van de Hurk Niderlanda qarşı; İlqar Məmmədov Azərbaycana qarşı (no. 2)).

Diqqət!

“Mülahizə” dedikdə, bura arqumentlər, etirazlar, sübutlar, müxtəlif hərəkətlərin edilməsi barədə vəsatətlər və s. daxildir.

Belə ki, ölkədaxili məhkəmənin çıxardığı qərarı əsaslandırması öhdəliyi yalnız işin mahiyyətinə aid arqument və etirazlara deyil, prosessual xarakterli, o cümlədən işin “qəbuledilənliyi” ilə bağlı arqument və etirazlara da şamil edilir (bax: Ruiz Torija İspaniyaya qarşı). Məsələn, Ruiz Torija İspaniyaya qarşı işdə ərizəçi ölkədaxili məhkəmələr qarşısında iddia etmişdir ki, ona qarşı olan iş iddia müddəti keçdikdən sonra qaldırılıb. Məhkəmələr ərizəçinin təqdim etdiyi bu prosessual xarakterli arqumenti cavabsız qoyub. Həmin arqumentin işin nəticəsi üçün həlledici olduğunu qəbul edərək Məhkəmə bu işdə Konvensiyanın 6.1-ci maddəsinin pozuntusunu tapıb.

Bundan əlavə həmin öhdəlik sübutların qəbul edilməsinə dair vəsatət və etirazlara, müxtəlif digər hərəkətlərin edilməsi barədə vəsatətlərə münasibətdə də yaranır (bax: Abdullayev Azərbaycana qarşı (maddi sübutun araşdırılması barədə vəsatət); İlqar Məmmədov Azərbaycana qarşı (no. 2), Hüseyn və başqaları Azərbaycana qarşı və Əsədbəyli və başqaları Azərbaycana qarşı (qərəzsizliyi ciddi şübhə doğuran şahid ifadələrinin istifadəsinə qarşı etiraz); İnsanov Azərbaycana qarşı (ərizəçiyə qarşı ifadə vermiş şahidlərin məhkəmə prosesində dindirilməsi barədə vəsatət); və s.). Yəni, məsələn, ölkədaxili məhkəmə iş üçün vacib olan vəsatəti heç bir əsas gətirmədən rədd edibsə, Məhkəmə əsaslandırılmış məhkəmə qərarı öhdəliyinin pozuntusunu tapa bilər.

Əsaslandırılmış məhkəmə qərarı öhdəliyi Konvensiyanın mətnində birbaşa nəzərdə tutulmasa da, 6.1-ci maddənin təsiri altına düşür. Cinayət xarakterli işlərdə şahidlərin çağırılıb dindirilməsinə dair vəsatətlərə münasibətdə əsaslandırılmış məhkəmə qərarı öhdəliyi Konvensiyanın 6.1-ci maddə ilə birlikdə götürülməklə 6.3(d) maddəsinin təsiri altına düşür.

©legallibrary.org