Kommunikasiya 14 dekabr 2017-ci il tarixdə başlamışdır
BEŞİNCİ SEKSİYA
Ərizə № 42858/11
ƏLİYEVLƏR Azərbaycana qarşı
Ərizə 14 iyul 2011-ci il tarixdə qəbul edilmişdir
FAKTLARIN TƏSVİRİ
Ərizəçilər Bakıda yaşayan Azərbaycan vətəndaşlarıdır. İlk iki Ərizəçi ər-arvaddırlar. Üçüncü, dördüncü və beşinci Ərizəçilər onların övladlarıdır. Onları Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkillər cənab S. Bağırov və cənab N. Heydərov təmsil edir.
İŞİN HALLARI
Bu işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Birinci Ərizəçi təqaüdə çıxmış hərbçi, zabitdir. O, 1973-cü ildən 1992-ci ilə qədər orduda xidmət edib. 25 sentyabr 1984-cü il tarixdə Naxçıvandakı hərbi qəsəbədəki bir mənzilə (“mənzil”) sahib olub, həmin vaxtdan bəri digər Ərizəçilər – ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayıb.
Ərizəçi 4 sentyabr 2003-cü il tarixdə qardaşının Arafsa kəndindəki ünvanına qeydiyyata düşdü. Ancaq ora köçməmişdi, ona verilmiş mənzildə yaşamağa davam edirdi.
Ərizəçi 17 may 2010-cu il tarixdə yenidən mənzildə qeydiyyata alındı. Ancaq elə həmin gün Müdafiə Nazirliyi yanında Yaşayış İstismarı İdarəsi Naxçıvan şəhər Məhkəməsinə müraciət etdi. Ərizəçilərin mənzilə olan pasport qeydiyyatının dayandırılmasına və mənzildən çıxarılmasını tələb etdi. İdarə qeyd etdi ki, yeni zabitlərin yerləşdirilməsi üçün mənzil ehtiyacı var, həm də birinci Ərizəçinin yaşamaq üçün Arafsa kəndində evi var.
23 iyun 2010-cu il tarixdə Naxçıvan şəhər Məhkəməsi birinci Ərizəçinin Arafsa kəndində qeydiyyata alınması, orda torpaq sahəsinə də sahib olması əsası ilə iddianı təmin etdi. Məhkəmə Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etdi.
Ərizəçilərin apellyasiya şikayətini 7 sentyabr 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi (apellyasiya məhkəməsi kimi çıxış edir) heç bir əsas göstərmədən rədd etdi.
6 yanvar 2011-ci il tarixdə Ali Məhkəmə həmin qərarları qüvvədə saxladı.
ŞİKAYƏTLƏR
1. Ərizəçilər dövlət tərəfindən verilmiş mənzildən çıxarılmalarının qanunsuz və əsassız olduğunu, onların 1 Saylı Prorokolun 1-ci maddəsi ilə təminat altına alınan (mənzildə yaşamaq və istifadə hüququ) hüquqlarına müdaxilə olunmasından şikayət edir.
2. Ərizəçilər qanunsuz şəkildə mənzillərindən çıxarılmaları nəticəsində mənzillərindən məhrum olmaları ilə Konvensiyanın 8-ci maddəsinin pozuntusundan şikayət edir.
3. Ərizəçilər məhkəmə prosesinin ədalətli olmaması, əsassız qərarlar çıxarması ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusundan şikayət edir.
TƏRƏFLƏRƏ SUALLAR
1. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənasında Ərizəçilərin mənzillərinə hörmət hüququna müdaxilə olubmu? Əgər müdaxilə edilibsə, bu müdaxilə qanuna uyğunmuydu, 8-ci maddənin 2-ci bəndinə əsasən, zəruriydimi?
2. Ərizəçilərin dövlətə məxsus mənzildə yaşaması və ondan istifadə hüququ Konvensiyanın 1 Saylı Protokolunun 1-ci Maddəsi mənasında onların “öz mülkləri”ni təşkil edirdimi? Əgər belədirsə, Ərizəçilər əmlaklarından ictimai marağa uyğun, qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraqmı məhrum edildilər?
3. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, Ərizəçilərin mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi zamanı ədalətli dinləmələr oldumu? Özəlliklə, Ərizəçilərin “əsaslandırılmış qərar almaq” hüququ qorundumu?
Əlavə:
Həsənəli Əliyev, 1952
Rüxsarə Əliyeva, 1956
Anar Əliyev, 1975
Emin Əliyev, 1977
Rəmzi Əliyev,1983