BEŞİNCİ BÖLMƏ
BABAYEV VƏ BAŞQALARI AZƏRBAYCANA QARŞI
(Ərizə no. 71750/13)
QƏRAR
STRASBURQ
2 İyun 2022
Bu qərar qəti qüvvəyə minir, ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Babayev və Başqaları Azərbaycana qarşı işində,
Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə toplaşaraq:
Stéphanie Mourou-Vikström, Sədr,
Lado Chanturia,
Arnfinn Bårdsen, hakimlər,
və Martina Keller, İclas katibi,
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq, Azərbaycanda yaşayan vəkillər cənab R.Mustafazadə və cənab A.Mustafayev tərəfindən təmsil olunan Azərbaycan Respublikasının vətəndaşları Dəyanət Səxavət oğlu Babayev (Dəyanət Səxavət oğlu Babayev – “birinci ərizəçi”), Arzuman Fərhad oğlu Məcidov (Arzuman Fərhad oğlu Məcidov – “ikinci ərizəçi”) və Əbülfəz Adəm oğlu Qurbanlı (Əbülfəz Adəm oğlu Qurbanlı – “üçüncü ərizəçi”) tərəfindən 4 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim edilmiş ərizəni (№ 71750/13) (əlavə edilmiş cədvəldə ətraflı bilgi verilir);
daxili məhkəmə prosesinin iddia edilən ədalətsizliyi (Maddə 6) və ərizəçilərin dinc toplaşmaq azadlığı hüququnun iddia edilən pozuntusu (Maddə 11) ilə bağlı şikayətlər haqqında səlahiyyətli nümayəndə cənab Ç.Əsgərovun təmsil etdiyi Azərbaycan Hökumətinə (“Hökumət”) məlumatın göndərilməsi və ərizələrin qalan hissəsinin qəbuledilməz elan edilməsi haqqında qərarı və;
tərəflərin təqdimatlarını;
nəzərə alaraq,
19 oktyabr 2021-ci il tarixdə müzakirə aparıb,
Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
İŞİN HALLARI
1. Hazırkı məhkəmə işi icazəsiz dinc etiraz aksiyasının dağıdılması səbəbi ilə ərizəçilərin sərbəst toplaşmaq hüququna iddia edilən əsassız müdaxilə ilə bağlıdır. Ərizəçilər Konvensiyanın 6, 10 və 11-ci maddələrinə əsaslanaraq, hüquqlarının yerli hakimiyyət orqanları tərəfindən pozulduğunu iddia edirlər.
2. Ərizəçilərə görə, 2012-ci il mart ayının 4-ü və 5-də KİV-də siyasi motivlərlə saxlanılmış iki nəfərin həbsdə saxlanıldıqları yerdə pis rəftara məruz qalmaları barədə məlumat yayılıb. 6 mart 2012-ci il tarixdə saat 15 radələrində ərizəçilər başqa şəxslərlə birlikdə Bakının Elmlər Akademiyası metrostansiyasının yaxınlığında toplaşaraq, iddia olunan pis rəftar hadisəsinə etiraz ediblər, ardınca, Daxili İşlər Nazirliyinin binasına doğru yürüş etməyə cəhd göstəriblər. Həmin etiraz aksiyası kortəbii və dinc xarakter daşıyıb. Ancaq yürüş keçirmək cəhdinin qarşısı alınıb, polis əməkdaşları yürüşçüləri dayandırıb və etirazçıları dağıtmağa başlayıb.
3. Polislər, aralarında ərizəçilərin də olduğu 17 etiraz aksiyası iştirakçısını saxlayıb və onları barələrində inzibati xəta haqqında protool tərtib ediləcək Yasamal rayon Polis İdarəsinə aparıb.
4. Elə həmin gün birinci ərizəçi Yasamal Rayon Məhkəməsi qarşısına çıxarılıb. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə təqsirli sayıb və 50 Azərbaycan manatı (həmin vaxt təxminən 40 avro) məbləğində cərimələnməsinə qərar verib.
5. İkinci və üçüncü ərizəçilər barəsində də inzibati xəta haqqında protocol tərtib edilib, həmin protokolda ərizəçilərin həmin məcəllənin 298-ci (ictimai toplantıların keçirilməsi qaydalarını pozma) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdikləri göstərilib. Polis hər iki ərizəçiyə 10 AZN (həmin vaxt təxminən 8 avro) məbləğində cərimə ödəmələrini əmr edib. Ərizəçilər cəriməni ödədikdən sonra sərbəst buraxılıblar.
6. Ərizəçilər 19 mart 2012-ci il tarixdə Bakı İnzibati İqtisad Məhkəməsinə Yasamal Rayon Polis İdarəsinə qarşı şikayət veriblər, iştirak etdikləri aksiyanın dinc xarakter daşıdığını, polis əməkdaşlarının aksiyaya müdaxiləsinin qanunsuz və qeyri-adekvat olduğunu iddia ediblər.
7. Bakı İnzibati İqtisad Məhkəməsi 27 iyul 2012-ci il tarixdə ərizəçilərin şikayətlərini əsassız sayaraq rədd edib.
8. Ərizəçilər 28 sentyabr 2012-ci il tarixdə əvvəlki şikayətlərini təkrarlayaraq Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriblər.
9. Bakı Apellyasiya Məhkəməsi 13 noyabr 2012-ci il tarixdə ərizəçilərin apellyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək qüvvədə saxlayıb.
10. Üçüncü ərizəçi 24 dekabr 2012-ci il tarixdə kassasiya şikayəti verib, aksiyanın dağıdılmasının onun sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarını pozmasından və apellyasiya məhkəməsindəki icraatın ədalətli olmamasından şikayət edib.
11. Ali Məhkəmə 13 mart 2013-cü il tarixli qərarı ilə üçüncü ərizəçinin kassasiya şikayətini təmin etməyib və apellyasiya məhkəməsinin hökmünü əsaslı hesab edərək qüvvədə saxlayıb.
12. Konvensiyanın 6, 10 və 11-ci maddələrinə söykənən ərizəçilər Məhkəmə qarşısında, polis tərəfindən etiraz aksiyasının dağıdılmasının onların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarını pozmasından və daxili məhkəmə araşdırmalarının ədalətli olmamasından şikayət ediblər.
MƏHKƏMƏNİN DƏYƏRLƏNDİRMƏSİ
I. BİRİNCİ VƏ İKİNCİ ƏRİZƏÇİNİN DAXİLİ MÜDAFİƏ VASİTƏLƏRİNİ TÜKƏNDİRMƏMƏSİ İLƏ BAĞLI HÖKUMƏTİN ETİRAZI
13. Kommunikasiya zamanı Hökumət bildirib ki, birinci və ikinci ərizəçi Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli qərarından kassasiya şikayəti verə bilmədiklərinə görə, daxili müdafiə vasitələrinin tükəndirilməsi qaydasına əməl etməyiblər. Ərizəçilər cavab olaraq, bildiriblər ki, onların hər üçü məhkəmə xərclərini ödəyə bilmədiklərindən, yalnız üçüncü ərizəçi kassasiya şikayəti verib. Ərizəçilər həmçinin iddia ediblər ki, mövcud daxili müdafiə vasitələri effektiv olmayıb və bu səbəbdən həmin müdafiə vasitələrinin tükəndirilməsi gərəkli deyildi.
14. Məhkəmə, təkrarladı ki, Konvensiyanın 35.1-ci maddəsində vurğulanan daxili müdafiə vasitələrinin tükəndirilməsi qaydasına əməl etmək üçün ərizəçinin iddia edilən pozuntularla bağlı təzminatı təmin etmək üçün mövcud və yetərli olan hüquq yollarına normal şəkildə müraciət etməsi lazımdır (bax, Vučković və Başqaları Serbiyaya qarşı (ilkin etiraz) [GC], nos.17153/11 və 29 başqa ərizəçi, §§69-77, 25 Mart 2014).
15. Məhkəmə hazırkı işdə birinci və ikinci ərizəçinin Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli hökmündən kassasiya şikayəti vermədiyini müşahidə edir. Ərizəçilərin şikayət etmək üçün maliyyə imkanlarının olmaması iddiası ilə bağlı Məhkəmə əvvəlcə ərizəçilərin daxili qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti vermək üçün hüquqi yardım üçün müraciət etmək imkanının olduğunu, lakin bu imkandan istifadə etmədiklərini qeyd edir. Bundan başqa, birinci və ikinci ərizəçi əllərində olan bu daxili hüquqi müdafiə vasitəsinin onların işlərinin konkret halları baxımından yetərsiz və/yaxud səmərəsizliyini və ya onları bu hüquqi müdafiə vasitəsinə müraciət etmək tələbindən azad edən xüsusi halların mövcudluğunu isbat edə bilməyiblər. Bütün bunlara görə, Məhkəmə, müvəffəqiyyət ehtimalına və daxili müdafiə vasitələrinin səmərəsizliyi ilə bağlı sadəcə şübhələrin mövcud olmasının, daxili hüquqi müdafiə vasitələrindən normal şəkildə istifadə etmək tələbini aradan qaldırmağa yetərli olmaması fikrini təkrarlayır (bax: Kunqurova Azərbaycana qarşı, №5117/03, 23 iyun 2005-ci il və Quliyev və Ramazanov Azərbaycana qarşı), №34553/02, 14 fevral 2006-cı il).
16. Nəticə olaraq, ərizə birinci və ikinci ərizəçilərə münasibətdə daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi səbəbindən Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən, rədd edilməlidir.
II. ÜÇÜNCÜ ƏRİZƏÇİ İLƏ BAĞLI KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI
17. Üçüncü ərizəçi Konvensiyanın 6, 10 və 11-ci maddələrinə əsaslanaraq, etiraz aksiyasının polislər tərəfindən dağıdılmasının onun sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarını pozmasından və ölkədaxili məhkəmə icraatının ədalətli olmamasından şikayət edib. Bununla belə, Məhkəmə bu şikayətlərin yalnız Konvensiyanın 11-ci maddəsi çərçivəsində incələnməsi qənaətindədir.
18. Məhkəmə üçüncü ərizəçinin 11-ci maddə üzrə şikayətlərlərinin nə açıq-aşkar əsassız olduğu, nə də Konvensiyanın 35.3(a)-cü maddəsi baxımından qəbuledilməz olmaması qənaətindədir. Buna görə də o, qəbuledilən elan edilməlidir.
19. Konvensiyanın 11-ci maddəsi çərçivəsində dinc toplaşmaq hüququna dair ümumi prinsiplər Navalnıy Rusiyaya qarşı işində ümumiləşdirilib ([GC], №29580/12 və başqa 4 ərizəçi, §§98-103, 15 noyabr 2018-ci il).
20. Məhkəmə, üçüncü ərizəçinin sözügedən etiraz aksiyasında iştirak etdiyini nəzərə alaraq, onun sərbəst toplaşmaq hüququna müdaxilənin baş verdiyini qəbul edir. Tərəflərin təqdimatlarını və iş materiallarında mövcud olan məlumatların işığında, hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycanla bağlı oxşar presedent hüququnu (bax, digər qərarlarla yanaşı, Qafqaz Məmmədov Azərbaycana qarşı, №60259/11, §§54-57, 15 oktyabr 2015-ci il; İbrahimov və başqaları Azərbaycana qarşı, №69234/11, 69252/11 və 69335/11, §§74-77, 11 fevral 2016-cı il və Bayramov Azərbaycana qarşı, №19150/13 və 52022/13, §44, 6 aprel 2017-ci il) da nəzərə alaraq və hətta müdaxilənin “qanunla nəzərdə tutulduğu” və “qanuni məqsədlər” güddüyü fərz olunsa belə, bu müdaxilənin “demokratik cəmiyyətdə zəruri olub-olmadığı” müəyyən olunmalıdır.
21. Əlində olan bütün məlumatları nəzərə alan Məhkəmə, hazırkı işdə iğtişaşların qarşısının alınması və ya başqalarının hüquqlarının müdafiəsi üçün müdaxilənin gərəkli olmadığı qənaətindədir. Xüsusilə, üçüncü ərizəçinin və ya digər etirazçıların ictimai asayiş üçün hər hansı təhlükə yaratmasına dair heç bir sübut olmadığı halda və etirazçıların ictimai diqqəti cəlb etmək istədikləri mühüm məsələləri nəzərə alaraq, Konvensiyanın 11-ci maddəsi ilə təminat altına alınan toplaşmaq azadlığı hüququnun bütün mahiyyətindən məhrum etməmək üçün hakimiyyət orqanları dinc toplantılara qarşı müəyyən dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax: Qafqaz Məmmədov işi, §§58-59 və Navalnıy işi, hər ikisi yuxarıda göstərilib, §128).
22. Bundan əlavə, yerli məhkəmələrin qərarları, üçüncü ərizəçinin etiraz aksiyasındakı konkret hərəkətlərinin onun məhkum edilməsini zəruri etməsi ilə bağlı hər hansı nəticəni ortaya qoymur. Məhkəməyə təqdim olunan materiallardakı heç bir şey üçüncü ərizəçinin nümayiş zamanı hər hansı qınana biləcək əmələ yol verməsi nəticəsinə gəlməyə əsas da vermir. Belə durumlarda, hakimiyyət orqanlarının üçüncü ərizəçinin Konvensiyanın 11-ci maddəsi ilə təminat altına alınan sərbəst toplaşmaq hüququna müdaxiləni əsaslandıra biləcək yetərli və uyğun əsaslar irəli sürmədiyi nəticəsini ortaya çıxarır (Qafqaz Məmmədov işi, §§64 65 və İbrahimov və başqaları, §83, hər ikisi yuxarıda göstərilir).
23. Beləliklə, üçüncü ərizəçiyə münasibətdə Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib.
KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
24. Üçüncü ərizəçi ona dəymiş mənəvi ziyana görə 8.000 avro (EUR) və daxili məhkəmələr və Məhkəmə qarşısında çəkilmiş xərclərə və məsrəflərə görə 5.300 avro tələb edib.
25. Hökumət həmin məbləğlərin həddindən artıq və əsassız olduğunu bildirib.
26. Məhkəmə, həmin məbləğdən tutula biləcək hər hansı vergi məbləği də daxil olmaqla, üçüncü ərizəçiyə mənəvi ziyana görə 2.000 avro təyin edir.
27. Əlində olan sənədləri və üçüncü ərizəçinin nümayəndələrinin gördükləri işlərin həcmini də nəzərə alan Məhkəmə, birbaşa onun təmsilçisinin bank hesabına ödənilməsi üçün bütün xərcləri əhatə edən 500 avro məbləğində vəsaitin təyin edilməsini məqsədəuyğun hesab edir.
28. Məhkəmə həmçinin, məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ,
1. Bəyan edir ki, üçüncü ərizəçiyə münasibətdə ərizə qəbuledilən, ərizənin qalan hissəsi isə qəbuledilməzdir;
2. Qərar verir ki, üçüncü ərizəçiyə münasibətdə Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib;
3. Qərar verir
(a) cavabdeh Dövlət, qərarın qüvvəyə mindiyi tarixdən üç ay müddətində aşağıdakı məbləğdə təzminatı ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək ərizəçilərə ödəməlidir;
(i) tutula biləcək hər hansı vergi məbləği daxil olmaqla mənəvi ziyana görə üçüncü ərizəçiyə 2000 (iki min) avro;
(ii) üzərinə tətbiq edilə biləcək hər hansı vergi məbləği də əlavə olunmaqla məhkəmə xərc və məsrəflərinə görə, birbaşa üçüncü ərizəçinin nümayəndəsi cənab R.Mustafazadənin bank hesabına köçürülməsi üçün 500 (beş yüz) avro;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;;
4. Üçüncü ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 2 iyun 2022-ci il tarixdə yazılı olaraq açıqlanıb.
Martina Keller Stéphanie Mourou-Vikström
Katib Sədr
ƏLAVƏ
No. | Ərizəçinin adı | Doğum ili | İqamət yeri |
1. | Dəyanət
Səxavət oglu BABAYEV |
1989
|
Neftçala |
2. | Arzuman
Fərhad oğlu MƏCIDOV |
1958
|
Bakı |
3. | Əbülfəz
Adam oğlu QURBANLI |
1982
|
Bakı |