№50187/06 YADİGAR MİRZƏYEV AZƏRBAYCANA QARŞI – 03 DEKABR 2009-CU İL

BİRİNCİ BÖLMƏ

Mirzəyev Azərbaycana qarşı

Qərar
(Ərizə № 50187/06)

 

Strasburq

03 dekabr 2009-cu il

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

Mirzəyev Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,
Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Xanlar Hacıyev,
Din Spilman,
Sverr Erik Jebens,
Ciorcio Malinverni,
Corc Nikolau, hakimlər,
və Soren Nilsen, Bölmə Katibi,
12 noyabr 2009-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

Prosedur

1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Yadigar Mirzəyevin («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 50187/06) iş 14 noyabr 2006-cı ildə başlanılmışdır.

2. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç. Əsgərov təmsil edib.

3. Ərizəçi iddia etdi ki, 23 dekabr 2003-cü il tarixli qətnamənin icra olunmaması onun Konvensiyanın 6-cı və 1 saylı Protokolun 1-ci maddələri ilə təmin olunan ədalətli məhkəmə araşdırılması və mülkiyyət hüquqlarını pozub.

4. Birinci Bölmənin Sədri 19 noyabr 2007-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara gəlinmişdir ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).

Faktlar

I. İşin halları

5. Ərizəçi 1952-ci ildə anadan olub və Bakıda yaşayır.

6. Əzizbəyov rayon İcra Hakimiyyətinin («ƏRİH») 18 yanvar 1994-cü il tarixli sərəncamı ilə ərizəçiyə Bakıda yaxın zamanda inşa olunmuş yaşayış binasının mənzilinə aid yaşayış orderi verilmişdir.

7. Həmin gündə ərizəçiyə məlum olmuşdur ki, mənzil Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Laçından məcburi köçkün olan S. və onun ailəsi tərəfindən zəbt olunmuşdur.

8. Ərizəçiyə görə, bir neçə tələblərinə baxmayaraq, S. mənzili boşaltmaqdan imtina edərək göstərib ki, o, məcburi köçkündür və başqa yaşayış yeri yoxdur.

9. 2003-cü ildə naməlum tarixdə ərizəçi Suraxanı rayon məhkəməsində iddia qaldıraraq, S.-in və onun ailəsinin mənzildən çıxarılmasını xahiş etmişdir.

10. 23 dekabr 2003-cü ildə Suraxanı rayon məhkəməsi ərizəçinin tələbini təmin etmiş və qərara almışdır ki, S. və onun ailəsi mənzildən çıxarılsınlar. Məhkəmə qeyd edib ki, S. və onun ailəsi 1993-cü ildə mənzildə qanunsuz yaşamağa başlamış məcburi köçkündürlər. Məhkəmə hesab edib ki, 18 yanvar 1994-cü ildə ƏRİH tərəfindən verilmiş yaşayış orderinə əsasən ərizəçi mənzilin qanuni kirayəçisidir və bununla da, onun S.-in mənzildən çıxarılmasını tələb etmək hüququ vardır. Bundan başqa, məhkəmə qeyd edib ki, daxili qanunvericiliyə əsasən, məcburi köçkünlər öz arzuları ilə yalnız o halda yaşayış yeri seçə bilərlər ki, bu, başqa şəxslərin hüquq və qanuni maraqlarına zidd olmasın; əks halda, yerli icra hakimiyyəti orqanları onların başqa yerlərdə yerləşmələrini təmin etməlidirlər. Hazırkı işdə ərizəçinin mülkiyyət hüquqlarının pozulduğunu nəzərə alaraq, Suraxanı rayon İcra Hakimiyyətinə («SRİH») S. və onun ailəsi üçün başqa yaşayış yeri təmin etmək tapşırılmışdır.

11. Bu qətnamədən hər hansı şikayət verilməmiş və o, qüvvəyə minmişdir. Lakin S. qətnaməni icra etməkdən imtina etmiş və müxtəlif dövlət orqanlarına şikayətlərə baxmayaraq, qətnamə icra olunmamışdır.

12. 22 fevral 2005-ci ildə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları və məhkəmə nəzarətçiləri İdarəsi ərizəçini məlumatlandırıb ki, 23 dekabr 2003-cü il tarixli qətnaməni icra etmək qeyri-mümkündür, ona görə ki, yerli icra hakimiyyəti orqanı S. və onun ailəsi üçün başqa yaşayış yeri tapa bilmir. Belə olan halda, dövlət orqanları məcburi köçkünləri yaşayış yerindən çıxara bilmirlər.

13. 24 mart 2005-ci ildə SRİH ərizəçiyə məlumat verib ki, həmin vaxtda Suraxanı rayonunda müvəqqəti məskunlaşmış 25.000-dən artıq məcburi köçkün vardır. Məcburi köçkünlər müxtəlif mənzil, mehmanxana, inzibati binalar və başqa yerlərdə yaşayırlar. Bu səbəbdən, S.-in və onun ailəsinin yerləşdirilməsi üçün rayonda başqa yer yoxdur. Buna görə, 23 dekabr 2003-cü il tarixli qətnaməni icra etmək mümkün deyildir.

14. Ərizəçinin təkrar şikayətlərindən sonra, 05 may 2006-cı ildə SRİH yenə də ərizəçiyə məlumat verib ki, S.-in və onun ailəsinin köçürülməsi üçün başqa yaşayış yeri olmadığından, qətnaməni icra etmək olmur.

15. Ərizəçi ilə sonuncu kommunikasiya zamanı 23 dekabr 2003-cü il tarixli qətnamə hələ də icra olunmamışdır.

II. Müvafiq daxili qanunvericilik

A. 1983-cü il tarixli Mənzil Məcəlləsi

16. Azərbaycan vətəndaşları kirayə müqaviləsi şərtlərinə əsasən Dövlətin və ya başqa dövlət orqanlarının mülkiyyətində olan mənzillərdən istifadə etmək hüququnu əldə etmək hüququna malikdirlər (10 və 28-ci maddələr). Mənzil vermək barədə qərar yerli icra hakimiyyəti tərəfindən vətəndaşlara yaşayış sahəsi orderini təqdim etməklə həyata keçirilir (48-ci maddə). Yaşayış sahəsi orderi orada göstərilmiş mənzilə sahiblik və kirayəçi ilə mənzil kommunal orqanı arasında kirayə müqaviləsinin bağlanılması üçün yeganə hüquqi əsası təşkil edir (51-ci maddə). Mənzillərdən istifadə hüququ müddətsiz verilir (10-cu maddə).

B. Mənzil fondunun özəlləşdirilməsi haqqında 26 yanvar 1993-cü il tarixli Qanun

17. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). Dövlət mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər (7-ci maddə).

C. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanun

18. Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər məcburi köçkünlər hesab olunurlar (2-ci maddə). Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər (5-ci maddə).
D. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydaları» («Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»)

19. 4-cü maddə aşağıdakıları nəzərdə tutur:
«Məcburi köçkünlərin 1992 — 1994-cü illərdə məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır…»
E. Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları» («Məcburi köçkünlərin köçürülməsi Qaydaları»)

20. 4-cü maddə aşağıdakıları nəzərdə tutur:
«Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.»
F. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında Dövlət Proqramının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Fərmanı

21. Fərmanda Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına, inter alia, göstəriş verilib ki, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasınadək və ya yeni mənzillərdə müvəqqəti məskunlaşmasınadək, 1992-ci ildən 1998-ci ilədək məskunlaşdıqları dövlət evlərindən, mənzillərdən, torpaqlardan və başqa sahələrdən, mənsubluğundan asılı olmadan, çıxarılmasına icazə verilməsin.

J. 1 sentyabr 2000-ci il tarixli Mülki Prosessual Məcəllə («MPM»)

22. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296-cı maddə).

Hüquqi məsələlər

I. Konvensiyanın 6-cı maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin iddia edilən pozuntusu

23. Ərizəçi 23 dekabr 2003-cü il tarixli qətnamənin icrasında əsassız gecikdirmədən və bu səbəbdən mülkiyyət hüququnun pozulmasından şikayət edib. Ərizəçi tərəfindən Konvensiyanın müddəalarına konkret istinad etməməsinə baxmayaraq, Məhkəmə hesab edir ki, onun şikayətinin mahiyyəti Konvensiyanın 6-cı və 1 saylı Protokolun 1-ci maddələri baxımından araşdırılmalıdır.
Konvensiyanın 6-cı maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən…, məhkəmə vasitəsilə… ədalətli araşdırma hüququna malikdir…»
1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»

A. Şikayətin qəbuledilənliyi

24. Hökumət iddia edib ki, ərizəçi daxili vasitələri tükətməyib. Xüsusən, Hökumət iddia edib ki, ərizəçi Mülki Prosessual Məcəllənin 296-cı maddəsinə əsasən daxili məhkəmələr qarşısında 23 dekabr 2003-cü il tarixli qətnamənin icra olunmamasını mübahisə edə bilərdi. Lakin ərizəçi bu vasitədən istifadə etməmişdir.

25. Ərizəçi Hökumətlə razılaşmamış və öz şikayətlərini təkrarlamışdır.

26. Məhkəmə təkrar edir ki, daxili vasitələrin tükənməsi qaydasını müəyyən edən Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsi sübut etmə yükünün bölüşdürülməsini nəzərdə tutur. Bu mənada, Hökumətin üzərinə düşür ki, tükənməməsini iddia edərək Məhkəməni inandırsın ki, vasitə səmərəli olub, müvafiq vaxtda həm nəzəri, həm də təcrübədə ona müraciət etmək mümkün olub, yəni bu vasitə əlçatan olub, ərizəçinin şikayətlərinə aid kompensasiyanı təmin etməyə malik olub və uğurun əldə olunmasının əsaslı gözləntilərini təqdim edib (baxın, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-IV, s. 1211, § 68). Daha sonra, Məhkəmə vurğulayır ki, daxili vasitələr ya iddia olunan pozuntunun, ya da onun davamiyyətinin qarşısının alınması və ya artıq baş vermiş hər hansı pozuntunun adekvat bərpasının təmin olunması baxımından «səmərəli» olmalıdır (baxın, Kudla Polşaya qarşı (Böyük Palata), № 30210/96, § 158, İHAM-XI).

27. Məhkəmə qeyd edir ki, Hökumət 23 dekabr 2003-cü il tarixli qətnamənin davamlı icra olunmamasından yerli məhkəməyə verilmiş şikayətin hansı yolla davamlı pozuntuya son qoya biləcəyinə və ya bu şikayətin nəticəsində ərizəçinin əldə edə biləcəyi bərpa etmənin növünə aid hər hansı izahı təqdim etməmişdir. Hər bir halda, Məhkəmə qeyd edir ki, ərizəçi səlahiyyətli dövlət orqanlarının hər hansı qanunsuz hərəkətindən deyil, qətnamənin icra olunmamasından şikayət etmişdir. Ərizəçi Dövlətə qarşı iddia qaldırsa və daxili qanunvericilik baxımından 23 dekabr 2003-cü il tarixli qətnamənin icra olunmamasının qanunsuzluğunu təsdiq edən məhkəmə qərarını əldə etsə belə, bu hərəkət yalnız eyni nəticələri təqdim edəcək, onun yeganə nəticəsi isə qətnamənin hüquqi qüvvəsini təsdiq etməklə, məhkəmə icraçılarına 23 dekabr 2003-cü il tarixli qətnamənin icrasını təmin etməyə hüquq vermiş olardı (baxın, mutatis mutandis, Tarverdiyev Azərbaycana qarşı, № 33343/03, § 47, 26 iyul 2007-ci il və Yavorivskaya Rusiyaya qarşı (qərardad), № 34687/02, 13 may 2004-cü il). Bundan başqa, ərizəçinin keçmiş gecikdirmə üçün kompensasiya əldə edə biləcəyini güman etsək belə, Hökumət göstərə bilməyib ki, belə araşdırmalar illər ərzində davam edə bilən və bir neçə məhkəmə instansiyasını keçəcək «adi» mülki araşdırmadan daha sürətli olar və ya həqiqətən bu, sözügedən icranı sürətləndirə bilər (baxın, mutatis mutandis, İliç Serbiyaya qarşı, № 30132/04, § 54, 09 oktyabr 2007-ci il).

28. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, belə iddia səmərəsiz olardı və nəticəyə gəlir ki, şikayət daxili vasitələrin tükənməməsinə görə rədd oluna bilməz. Bundan başqa, Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız deyil və ya hər hansı başqa əsaslarla qeyri-məqbul deyildir. Buna görə, şikayət məqbul elan olunmalıdır.

B. İşin mahiyyəti

2. Tərəflərin dəlilləri

29. Hökumət bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda məcburi köçkünlərin geniş sayına görə dövlət orqanları onların mənzil problemlərinin həlli üçün müəyyən tədbirlər görüb. Daha sonra Hökumət bildirib ki, hazırkı işdə qətnamənin icrası ona görə mümkünsüz olmuşdur ki, sözügedən mənzildə yaşayan məcburi köçkünlər üçün hər hansı mənzil tapılmamışdır. Bundan başqa, daxili qanunvericiliyin müxtəlif müddəalarına (yuxarıdakı «Müvafiq Daxili Qanunvericilik» bölməsində göstərilmiş) istinadən, Hökumət iddia edib ki, məcburi köçkünlər öz doğma torpaqlarına qayıdanadək və ya başqa yaşayış yerində yerləşdirilənədək yaşayış yerlərindən çıxarılmamalıdırlar. Həmçinin Hökumət iddia edib ki, məcburi köçkünlərin mənzil probleminin həlli Hökumətin siyasətinin əsas istiqamətlərindən biridir və bununla bağlı müvafiq tədbirlər görülür.

30. Ərizəçi öz şikayətini təkrarlayaraq qeyd edib ki, 31 may 2001-ci il tarixli qətnamənin davamlı icra olunmaması onun ədalətli məhkəmə araşdırılması və mülkiyyətdən maneəsiz istifadə hüquqlarını pozub.

3. Məhkəmənin qiymətləndirməsi

(a) Konvensiyanın 6-cı maddəsi

31. İlk növbədə, Məhkəmə qeyd edir ki, o, məcburi köçkünlər tərəfindən mənzilin qanunsuz zəbt olunması ilə bağlı işi araşdırmaq imkanına artıq malik olmuşdur (baxın, Akimova Azərbaycana qarşı, № 19853/03, 27 sentyabr 2007-ci il). Lakin hazırkı işin məsələləri Akimovanın işindən fərqlidir. Hazırkı işdə icra icraatı dövlət orqanları tərəfindən həqiqətən başlanılmış və ərizəçi məcburi məhkəmə tələbinə malik olmuşdur, Akimovanın işində isə qətnamənin icrası qətnamənin özündə dayandırılmışdır (həmin qərar, §§ 16 və 55).

32. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tərəflərə verilən prosessual təminatları — ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları — təfsilatı ilə izah etməsi müqabilində, məhkəmə qərarlarının icrasının qorunmaması ağlasığmaz olar; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxara bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (baxın, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-II, s. 510, §40).

33. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salınması konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun (baxın, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Məhkəmə qeyd edir ki, fərdi şəxsə qarşı məhkəmə qərarının icrası üçün Dövlətin məsuliyyəti Dövlət orqanlarının icra icraatında iştirakından daha irəli getmir. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə Dövlətin məsuliyyətinə səbəb ola bilər (baxın, mutatis mütandis, Kebotari və digəriəri, № 37763/04, 37712/04, 35247/04, 35178/04 və 34350/04, § 39, 27 yanvar 2009-cu il).

34. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin xeyrinə çıxarılmış qətnamə təxminən altı il ərzində icra olunmamış qalmış, bununla da, ərizəçinin öz mülkiyyət hüquqlarına aid mübahisənin uğurundan faydalanmağın qarşısı alınmışdır. Bundan başqa, bu mübahisənin iki fərdi şəxslər arasında olmasına baxmayaraq, 23 dekabr 2003-cü il tarixli qətnamə, həmçinin dövlət orqanlarının üzərinə S.-i və onun ailəsini mənzillə təmin etmək vəzifəsini qoyub. Buna görə, fərdi şəxs olan borclu tərəfindən hərəkətləri zəruri edən və qətnamənin icrası üçün tələbkara sadəcə olaraq Dövlət tərəfindən kömək göstərilməli olan fərdi şəxslər arasında qətnamənin icra olunmamasına aid adi işlərdən fərqli olaraq (baxın, məsələn, Fosiak Rumıniyaya qarşı, № 2577/02, § 70, 03 fevral 2005-ci il), hazırkı işdə qətnamənin icrası S. və onun ailəsinə yaşayış yeri təmin etmək barədə Dövlətin vəzifəsi ilə şərtləndirilmişdir (baxın, §§10 və 12-13).

35. Məhkəmə qəbul etməyə hazırdır ki, hazırkı işdə Azərbaycanda məcburi köçkünlərin geniş sayı 23 dekabr 2003-cü il tarixli qətnamənin icrasında müəyyən çətinliklər törətmişdir. Buna baxmayaraq, qətnamə qüvvədə qalmış, lakin bir neçə illər ərzində onu icra etmək üçün hər hansı adekvat tədbirlər Dövlət tərəfindən görülməmişdir. Dövlət orqanlarının sözügedən qətnaməni icra etmək məqsədilə S. və onun ailəsi üçün yaşayış yeri tapmağa davamlı və hərtərəfli səylər göstərdikləri görünmür. Belə olan halda, Məhkəmə hesab edir ki, qətnamənin icrasında əhəmiyyətli gecikdirmə üçün Hökumət tərəfindən hər hansı əsaslı izahlar irəli sürülməmişdir.

36. Hazırkı işdə yekun qətnaməyə riayət etmək üçün zəruri tədbirlər görməməklə, dövlət orqanları Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarını bütün səmərəli təsirdən məhrum etmişlər (baxın, yuxarıda qeyd olunmuş, Burdov, § 37).

37. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.

(b) Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi

38. Məhkəmə xatırladır ki, mülkiyyətlə bağlı tələb «mülkiyyəti» o halda təşkil edə bilər ki, bu tələb məcburi olmaq üçün kifayət qədər müəyyən edilmiş olsun (baxın, Stran Greek Refineries və Stratis Andreadis Yunanıstana qarşı, 09 dekabr 1994-cü il, § 59, A Seriyaları, № 301-B).

39. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin mülkiyyətində mənzil olmamış, lakin o, yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş yaşayış orderinə əsasən yalnız kirayə hüquqlarına malik olmuşdur. Bununla belə, Məhkəmə hesab edib ki, bu cür yaşayış orderinə əsasən mənzil tələbi 1 saylı Protokolun 1-ci maddəsinin əhatəsindəki «mülkiyyəti» təşkil edir (baxın, yuxarıda qeyd olunmuş, Akimova, §§ 39-41). Hazırkı işdə ərizəçinin mənzilə dair kirayə hüquqları 23 dekabr 2003-cü il tarixli qətnamə ilə tanınmışdır. Bundan başqa, qətnamə məcburi köçkünlərin mənzildən çıxarılmasını qət etmiş, bununla da, sözügedən mənzildən istifadəni bərpa etmək üçün ərizəçiyə məcburi tələb təqdim etmişdir.

40. Qətnamə qüvvəyə minmiş və icra icraatı başlanılmaqla, ərizəçiyə mənzilə dair istifadəni bərpa etmək hüququnu təqdim etmişdir. Belə nəticəyə gəlinir ki, ərizəçinin qətnamənin icrasına nail olmasının mümkünsüzlüyü 1 saylı Protokolun 1-ci maddəsinin birinci paraqrafının birinci cümləsində təsbit olunduğu kimi, onun mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxiləni təşkil etmişdir. Bu qərarın 35-ci paraqrafında göstərilmiş səbəblərə görə, Məhkəmə hesab edir ki, həmin müdaxilə üçün Hökumət tərəfindən hər hansı məqbul izahat təqdim edilməmişdir.

41. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş vermişdir.

II. Konvensiyanın 41-ci maddəsinin tətbiqi

42. Konvensiyanın 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
«Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.»

43. Ərizəçi tələb edib ki, 23 dekabr 2003-cü il tarixli qətnamə icra edilsin, lakin ədalətli kompensasiya üçün tələb irəli sürməyib. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, bu məsələdə ona hər hansı məbləğin ödənilməsinin qərara alınması tələb olunmur.

44. Lakin Məhkəmə hesab edir ki, 23 dekabr 2003-cü il tarixli qətnamənin qüvvədə olduğunu nəzərə alaraq, onu icra etmək üzrə Dövlətin yerinə yetirilməmiş öhdəliyi mübahisə doğurmur. Müvafiq olaraq, qətnamənin icra olunması hüququ hələ də ərizəçidə vardır. Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin pozuntusunu bərpa etməyin ən adekvat tərzi ondan ibarətdir ki, ərizəçi mümkün qədər Konvensiyanın 6-cı maddəsinin tələblərinin pozulmasından əvvəl mövcud olmuş vəziyyətə qaytarılsın (baxın, Pyersak Belçikaya qarşı (50-ci maddə), 26 oktyabr 1984-cü II, § 12, A Seriyaları, № 85). Müəyyən olunmuş pozuntunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işə də bu prinsip tətbiq olunur. Buna görə, Məhkəmə hesab edir ki, Hökumət lazımi tədbirlər görməklə, 23 dekabr 2003-cü il tarixli qətnamənin icrasını təmin etməlidir.

 

Bu səbəblərə görə, məhkəmə yekdilliklə

1. Şikayəti məqbul elan edir,

2. İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmasını qərara alır,

3. Şikayətin Konvensiyanın 13-ci maddəsi baxımından araşdırılmasının zəruri olmadığını qərara alır,

4. Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq, qərarın qəti olacağı tarixdən üç ay müddətində Dövlət tərəfindən zəruri tədbirlərlə 23 dekabr 2003-cü il tarixli qətnamənin icra olunmasının təmin edilməli olmasını qərara alır.

 

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 03 dekabr 2009-cu ildə göndərilib.

 

Soren Nilsen                                      Xristos Rozakis
Katib                                                       Sədr