BEŞİNCİ BÖLMƏ
Məmməd MƏMMƏDOV və Nadir MƏMMƏDOV
Azərbaycana qarşı
Ərizə № 47147/14
QƏRAR
STRASBURQ
3 dekabr 2020-ci il
Avropa İnsan Haqları Məhkəməsi (Beşinci Bölmə), 3 dekabr 2020-ci il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə toplaşıb:
Lado Chanturia, President,
Latif Hüseynov,
Mattias Guyomar, hakimlər,
və Martina Keller, İclas katibi,
Yuxarıda qeyd edilən 17 iyun 2014-cü il tarixdə təqdim olunan ərizəni;
Cavabdeh Hökumətin təqdimlarını və ərizəçilərin cavab olaraq təqdim etdiyi qeydləri;
nəzərə alaraq,
Müzakirələrin yekununda aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR
1. Müvafiq olaraq 1953 və 1980-cı il doğumlu Ərizəçilər Naxçıvanda yaşayırlar. Onları Məhkəmə qarşısında Azərbaycanda iqamət edən vəkil cənab X.Bağırov təmsil edib.
2. Hökumət onun səlahiyyətli nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.
İşin halları
3. Işin halları tərəflərin təqdim etdikləri bilgilərə əsasən, aşağıdakı kimi ümumiləşdirilə bilər.
4. Ərizəçilərə 10 dekabr 2012-ci il tarixdə silah qismində qəbul edilən əşyadan istifadə etməklə qrup şəklində ağır xuliqanlıq və hakimiyyət nümayəndəsinə zorakı müqavimət ittihamı ilə cinayət işi açılıb. Ərizəçilər, xüsusilə, Türkiyədən idxal etdikləri bəzi malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük əməkdaşlarını təhqir etməkdə və onlara xəsarət yetirməkdə ittiham olunublar.
5. Ərizəçilərə açılan cinayət işinin istintaqı başa çatandan sonra, 18 yanvar 2013-cü il tarixdə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilib.
6. Məhkəmə prosesi 1 fevral 2013-cü il tarixdə başlayıb və ərizəçilərin vəkili onların yerləşdirildikləri məhkəmə zalındakı metal qəfəsdən çıxarılması və onun yanında əyləşmələrinə imkan yaradılması ilə bağlı vəsatət verib. Məhkəmə, vəsadətlərlə bağlı digər tərəflərin görüşlərini də dinləyib və sözügedən vəsatətləri rədd edib.
7. Ərizəçilər 12 fevral 2013-cü il tarixdə keçirilən növbəti məhkəmə iclasında vəkillərin xidmətinin keyfiyyətini yetərli hesab etmədikləri fikrini irəli sürərək, onları məhkəmədə təmsil etmələrinə etiraz ediblər və məhkəmədən xahiş ediblər ki, vəkillərin iclasda iştirakı dayandırılsın. Hakim ərizəçilərin tələbini rədd edib, bildirib ki, ərizəçilər hüquqi xidmətlə bağlı prosesdə iştirak edən vəkillərdən başqa hər hansı vəkillə müqavilə təqdim etməyiblər və ədalətli mühakimə maraqları, prosesin mövcud müdafiəçinin iştirakı ilə davam etdirilməsini tələb edir. Ərizəçilər, buna cavablarında məhkəmə işi ilə bağlı digər hər hansı incələmədə iştirak etməkdən imtina ediblər. Məhkəmə iclası protokollarına əsasən, ərizəçilər və onların vəkili prosesdə iştirak etməyə davam ediblər. Ərizəçilər onlara ünvanlanan suallara cavab verməkdən imtina etsələr də, onların vəkili bir neçə dəfə prosesə – şahidlərin dindirilməsinə müdaxilə ediblər.
8. 13 fevral 2013-cü il tarixdə Sədərək Rayon Məhkəməsi ərizəçiləri onlara qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilib və birinci ərizəçini dörd il, ikinci ərizəçini isə beş il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edən hökm çıxarıb.
9. Ərizəçilər həmin hökmdən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə apellyasiya şikayəti veriblər. Ərizəçilər birinci instansiya məhkəməsinin onları metal qəfəsə salmaqla özlərini şəxsən və ya hüquqi yardım vasitəsilə effektiv müdafiə hüququnu pozmasından şikayət edib.
10. Apellyasiya instansiyası məhkəməsi qismində çıxış edən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi 26 aprel 2014-cü il tarixdə ərizəçilərin apellyasiya şikayətini qismən təmin edib və Sədərək Rayon Məhkəməsinin hökmünü dəyişdirərək, ərizəçilərin cəzalarını müvafiq olaraq, iki il və üç il müddətinə şərti cəza ilə dəyişdirib. Məhkəmə, ərizəçilərin şikayətini qəsmən təmin edən qərarında müəyyən edib ki, onlar şikayətlərini əsaslandıra bilməyiblər və iş materiallarında olan sənədlər həmin şikayətləri dəstəkləməyib. Məhkəmə iclasının stenoqramlarına görə, ərizəçilərin vəkili teleqram vasitəsilə məhkəməni məlumatlandırıb ki, ərizəçilər apellyasiya instansiyası məhkəməsi qarşısında müdafiə üçün onunla müqavilə bağlamayıblar və məhkəmədən xahiş ediblər ki, şikayətə baxılması onun iştirakı olmadan davam etdirilsin. Məhkəmə ərizəçiləri dövlət tərəfindən maliyyələşdirilən vəkillərlə təmin edib, lakin onlar, yazılı təqdim etdikləri vəsatətlərində həmin vəkillərin köməyindən imtina edərək, müdafiələrini özləri həyata keçirməyə qərar veriblər. Daha sonra hər iki ərizəçi onlara qarşı irəli sürülən ittihamlar üzrə cinayətləri törətdiklərini etiraf edib, yazılı ərizələrində qurbanlara əməllərindən peşman olduqlarını ifadə ediblər.
11. Ərizəçilər mahiyyətcə, apellyasiya məhkəməsi qarşısında irəli sürdükləri arqumentlərin təkrarlandığı kassasiya şikayəti veriblər.
12. Ali Məhkəmə 13 yanvar 2015-ci il tarixdə ərizəçilərin şikayətini təmin etməyib və apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ali Məhkəmə məhkəmə mahikiməsi zamanı metal qəfəsdə saxlanılmaları ilə əlaqədar şəxsən və ya hüquqi yardım vasitəsilə effektiv müdafiə olunmaq hüquqlarının pozulması ilə bağlı ərizəçilərin şikayətinə münasibət bildirməyib. Məhkəmə iclası protokollarına görə, ərizəçilər iclasda iştirak etməyiblər, lakin birinci instansiya məhkəməsindəki prosesdə olduğu kimi, ərizəçilərin özlərinin seçdikləri vəkil də buna etiraz etməyiblər.
ŞİKAYƏTLƏR
13. Ərizəçilər, Konvensiyanın 6.1 və 3(c)-cü maddələrinə əsaslanaraq, məhkəmə mühakiməsi zamanı metal qəfəsdə saxlanılmalarının özlərini şəxsən və ya özlərinin seçdikləri müdafiəçilər vasitəsilə effektiv müdafgiə etmək hüquqlarına müdaxilə edilməsindən şikayət ediblər.
HÜQUQ
14. Hökumət ərizəçilərin vəkilləri ilə ünsiyyət qurmalarına hansısa şəkildə məhdudiyyət yaradılmasını təsdiqləyə bilmədiyini bildirib. Bundan başqa, onların məhkəmə prosesi zamanı bu məsələni qaldırmaq hüquqları olsa da bu imkandan heç vaxt istifadə etməyiblər. Eyni zamanda, Hökumətin təqdimatına görə, ərizəçilərin apellyasiya məhkəməsi qarşısındakı mühakimə zamanı müdafiələrini özlərinin həyata keçirməsinə qərar vermələri və vəkillərin etiraz etmədiyi kassasiya məhkəməsindəki icraata qatılmamaları açıq şəkildə göstərir ki, onlar ərizəçilərlə vəkillərin iştirakına xüsusi zərurət duymayıblar. Hökumət bu səbəblərə görə, vurğulayıb ki, hazırkı işin şərtlərinin işığında ərizəçilərin müdafiə hüquqları, onların hüquqi müdafiəsini səmərəsiz hala gətirəcək şəkildə məhdudlaşdırılmış sayıla bilməz və bununla bağlı şikayətlər açıq-aydın əsassızdır.
15. Ərizəçilər şikayətlərini davam etdiriblər.
16. Məhkəmə qeyd edir ki, ərizəçilər məhkəmə araşdırması zamanı metal qəfəsdə saxlanılmalarının onların vəkilləri ilə ünsiyyətinə hansı şəkildə mane olduğunu qeyd etməyiblər. Bu baxımdan onların iddiaları çox ümumi şəkildə ifadə edilib. Xüsusilə, onlar vəkilin yerinə münasibətdə qəfəsin necə yerləşdiyi və ya qəfəsin metal barmaqlıqları vasitəsilə həyata keçirilən ünsiyyətin hansı şəkildə məhdudlaşdırıldığı barədə hər hansı təfərrüatları təqdim etməyiblər (bax: Karpyuk və başqaları v. Ukrayna, № 30582/04 və 32152/04, § 161, 6 oktyabr 2015-ci il və əks hal üçün Xodorkovskiy və Lebedev Rusiyaya qarşı, № 11082/06 və 13772/05, § 646, 25 iyul 2013).
17. Məhkəmə, ərizəçilərin şəxsən müdafiə olunmaq hüquqlarının pozuntusuna yönəlik iddiaları ilə bağlı qeyd edib ki, Ərizəçilər müdafiələrinin konkret hansı elementlərinə məhkəmə tərəfindən maneə törədildiyini göstərə bilməyiblər və üstəlik, Məhkəmə önündəki mövcud sənədlərdən bu məsələ ilə bağlı nəticəyə gəlmək mümkün deyil. Həmçinin, Məhkəmə bildirib ki, Ərizəçilər məhkəmə prosesində vəkillə təmsil olunmamağı seçiblər və hətta işlərinə baxılmasında iştirakdan tamamilə imtina da ediblər (bax: yuxarıda § 7). Bundan başqa, ərizəçilər, apellyasiya şikayətlərində bununla bağlı heç bir əsas təqdim etmədən, sadəcə, qeyd ediblər ki, özlərini səmərəli şəkildə müdafiə etmək hüquqlarının həyata keçirilməsində çətinlikləri olub (bax: §9). Bundan əlavə onlar, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsindəki prosesin gedişində də metal qəfəsə yerləşdirilmələri məsələsini qaldırmayıblar.
18. Belə bir şəraitdə Məhkəmə, milli məhkəmə araşdırmaları zamanı ərizəçilərin Konvensiyanın 6-cı maddəsinin 1 və 3 (c) bəndləri ilə təminat altına alınan müdafiə hüquqlarının pozulduğu qənaətinə gəlmək iqtidarında deyil. Odur ki, bu şikayət açıq-aşkar əsassızdır və ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) və 4-cü bəndlərinə əsasən, rədd edilməlidir.
Qeyd edilən əsaslara görə,
Məhkəmə, yekdilliklə,
Elan edir ki, ərizə qəbuledilməzdir.
Qərar ingilis dilində hazırlanıb və 14 janvar 2021-ci il tarixdə elan edilib.
Martina Keller
Katib
Lado Chanturia
Prezident