№44088/18 ELGİZ QƏHRAMAN AZƏRBAYCANA QARŞI – 28 AVQUST 2023-CÜ İL

 

28 avqust 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 44088/18

Elgiz QƏHRAMAN Azərbaycana qarşı

 

30 avqust 2018-ci il tarixdə təqdim edilib
10 iyul 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN HALLARI

Bu məhkəmə işi ərizəçinin narkotik cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi ilə nəticələnən cinayət işi ilə bağlıdır.

Ali Məhkəmənin 29 noyabr 2017-ci il tarixli yekun qərarı ilə ərizəçi, narkotik maddələrin satış məqsədi olmadan qanunsuz saxlanılmasında təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilib. Qərar ərizəçiyə 1 mart 2018-ci il tarixdə verilib.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü (c) bəndlərinə və 10 və 18-ci maddələrinə əsaslanaraq, məhkumluğunun mötəbər sübutlara əsaslanmamasından, ona qarşı irəli sürülən ittihamların uydurma olmasından, əslində 2016-cı ildə Facebook-da prezidentin ailə üzvü haqqında yazısına görə cəzalandırılmasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi, ona qarşı irəli sürülən cinayət ittihamının müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ədalətli məhkəmə dinləməsi imkanına malik olubmu?

Xüsusilə:
(a) Ərizəçinin məhkumluğu qanunsuz əldə edilmiş sübutlaramı əsaslanırdı? Tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə riayət olundumu? Ərizəçiyə ona qarşı sübutların həqiqiliyinə etiraz etmək və onlardan istifadəyə qarşı çıxmaq üçün adekvat imkan yaradıldımı?
(b) Ərizəçi üzərində şəxsi axtarış onun həbsindən dərhal sonra aparılıbmı? Ərizəçinin axtarışı daxili qanunvericiliyə uyğun idimi? (bax: Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 53, 12 noyabr 2015-ci il və Layıcov Azərbaycana qarşı, № 22062/07, § 74, 10 aprel 2014-cü il).
(c) Ərizəçi həbs edildiyi anda ona hüquqi yardım göstərilibmi? Axtarış vəkilin iştirakı ilə aparılıbmı (bax, yuxarıda qeyd olunan Sakit Zahidov, § 54)?

2. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndi baxımından ərizəçinin ifadə azadlığına müdaxilə baş veribmi? Əgər belədirsə, müdaxilə 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

3. Dövlətin Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq qoyduğu məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulanlardan fərqli məqsədlər üçün tətbiq edilibmi?
Tərəflərdən cinayət prosesi ilə bağlı öz cavablarını və təqdimatlarını (ifadələrin stenoqramları, ekspertiza rəyləri, axtarış qeydləri, axtarış videosu və s.) təsdiqləyici sübutlarla təqdim etmələri xahiş olunur.