№32457/18 və №39664/18 ƏLİ HÜSEYNOV və AQİL İSMAYILOV AZƏRBAYCANA QARŞI – 17 İYUL 2023-CÜ İL

 

17 iyul 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizələrin nömrələri: 32457/18 və 39664/18

Əli Hümmət oğlu HÜSEYNOV və Aqil Azər oğlu İSMAYILOV Azərbaycana qarşı

 

Müvafiq olaraq 25 iyun 2018-ci il və 11 avqust 2018-ci il tarixlərində daxil olub
27 iyun 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu iş ərizəçilərin qarşı pis rəftara məruz qalması, bununla bağlı effektiv araşdırmanın olmaması və ərizəçilərin pis rəftarla bağlı şikayətləri ilə bağlı effektiv müdafiə vasitələrinin mövcud olmaması iddiaları ilə bağlıdır.

Ərizəçilərin hamısı 2015-ci ildə baş vermiş “Nardaran hadisələri” ilə bağlı həbs ediliblər. Həmin hadisələr vaxtı rəsmi qeydiyyatı olmayan dini təşkilat olan “Müsəlman Birliyi”nin üzvləri və ya tərəfdarları hesab edilən ərizəçilər Bakının Nardaran qəsəbəsində və ya digər şəhərlərdə və daha sonra ağır cinayətlərə görə mühakimə olunublar.

Ərizəçilər iddia edirlər ki, saxlanılarkən, bir yerdən başqa yerə aparılarkən (39664/18 saylı ərizəçi istisna olmaqla) və həbs edilərkən pis rəftara məruz qalıblar və yerli hakimiyyət orqanları bununla bağlı səmərəli araşdırma aparmayıb. Onlar iddia edilən pis rəftara görə prokurorluq orqanlarına şikayət ediblər. Lakin həmin orqanlar cinayət işi açmaqdan imtina ediblər, beləliklə, ərizəçilərin müvafiq daxili şikayətləri nəticəsiz olub.

Ərizəçilər xüsusilə iddia ediblər ki, onlarla pis rəftarın məqsədi özlərinə qarşı ittihamları və ya Nardaran hadisələri ilə bağlı həbs edilmiş digər şəxslərə qarşı ittihamları müdafiə edən ifadələr almaq olub. Onların iddiasına görə, kobud rəftar qanunla müəyyən edilmiş müddətdən artıq saxlanıldıqları Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş verib. Onlara öz seçdikləri vəkillərlə, ailələri ilə əlaqə saxlamaq imkanı verilməyib.

Bundan əlavə, ərizəçilər Konvensiyanın 13-cü maddəsinə əsaslanaraq, Konvensiyanın 3-cü maddəsinə uyğun olaraq şikayətləri üçün effektiv müdafiə vasitələrinin olmamasından da şikayət ediblər.

HƏR İKİ ƏRİZƏ ÜZRƏ TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçilər Konvensiyanın 3-cü maddəsi pozulmaqla işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıblarmı?

2. Konvensiyanın 3-cü maddəsi baxımından işgəncədən, qeyri-insani və ya ləyaqəti alçaldan rəftardan prosessual müdafiə ilə bağlı tələblər nəzərə alındığında (bax: Labita İtaliyaya qarşı [GC], № 26772/95, AİHM 2000-IV, 131-ci bənd) hazırkı işlərdə istintaq həmin tələblər pozulmaqla aparılıbmı?

3. Hökumətdən ərizəçilərin iddia edilən pis rəftarı əhatə edən hallarla bağlı aşağıdakı məqamlara aydınlıq gətirməsi xahiş olunur:

– Ərizəçilərə həbs və saxlanma durumları barədə ailələrinə məlumat vermək imkanı verilibmi və əgər belədirsə, nə vaxt?

– Ərizəçilərə vəkillərə çıxış imkanı verilibmi və əgər verilibsə, bu, nə vaxt olub? Səlahiyyətli orqanlar tərəfindən növbətçi vəkil dəvət olunub, yoxsa, ərizəçilərin öz seçdiyi vəkil? Əgər əvvəlcə dövlət tərəfindən təyin edilmiş vəkil təmin edilibsə, ərizəçilər seçdikləri vəkilə nə vaxt müraciət edə biliblər?

– Ərizəçilər Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti istintaq təcridxanasında nə qədər müddətə saxlanılıblar? Ərizəçilər hansı hüquqi əsaslarla (milli qanunvericilik və (və ya) məhkəmə qərarları) orada saxlanılıblar?

4. Ərizəçilərin ixtiyarında Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, Konvensiyanın 3-cü maddəsi üzrə şikayətləri üçün effektiv daxili müdafiə vasitələri mövcud olubmu?

5. Həbsdə olduqları müddətdə ərizəçilərə adekvat tibbi yardım göstərilibmi?

Hökumətdən iddia edilən pis rəftarla bağlı araşdırmalara aid bütün sənədlərin surətlərini (şikayətlər, qərarlar və digər müvafiq sənədlər) təqdim etməsi xahiş olunur.

39664/18 saylı ərizə üzrə suallar

1. Hakimiyyət orqanları ərizəçinin xəsarətlərinin necə baş verdiyinə dair inandırıcı və ya qənaətbəxş izahat təqdim etməklə sübutetmə yükünü yerinə yetirə bilibmi (bax: Selmouni, Fransaya qarşı [GC], № 25803/94, § 87, AİHM 1999‑V Salman Türkiyəyə qarşı [GC], № 21986/93, § 100, AİHM 2000‑VII və Bouyid Belçikaya qarşı [GC], № 23380/09, § 83 və daha sonra, AİHM 2015)?

2. Ərizəçi həbs edildikdən sonra onun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasına daşınma şəraiti necə olub?