№283/03 İSGƏNDƏR HƏMİDOV AZƏRBAYCANA QARŞI – 08 YANVAR 2004-CÜ İL

 

BİRİNCİ BÖLMƏ

 

İskəndər Həmidov Azərbaycana qarşı

Ərizə №283/03

Q Ə R A R D A D (Qəbuledilənliklə bağlı)

 

08 yanvar 2004
Strasburq

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə) Palatası 08 yanvar 2004-cü il tarixdə aşağıdakı heyətdən ibarət tərkibdə,

cənab X.Rozakis, Sədr,
cənab P.Lorenzen,
cənab Q.Bonello,
xanım F.Tulkens,
xanım N.Vaciç,
cənab X.Hacıyev, hakimlər,
və cənab S.Nilsen, Bölmə Katibi,

yuxarıda qeyd edilən 20 dekabr 2002-ci il tarixdə verilmiş şikayətlə bağlı müzakirə apararaq, qərara alır:

FAKTLAR

Azərbaycan vətəndaşı olan ərizəçi cənab İskəndər Həmidov 1948-ci ildə anadan olub və Bakıda yaşayır. Məhkəmə qarşısında onu Bakıda vəkil işləyən cənab Vidadi Mahmudov təmsil edib.

I. İşin halları

Ərizəçinin təqdim etdiklərinə görə işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.

Ərizəçi keçmiş Daxili İşlər Naziridir. O, dövlət əmlakının mənimsənilməsi, hakimiyyətdən sui-istifadə və curnalistə hücum etmə ittihamları ilə 1995-ci ildə həbs olunub. 15 sentyabr 1995-ci ildə Ali Məhkəmə onu 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum etdi. Hökm qəti olub və həmin vaxtda qüvvədə olan cinayət qanununa əsasən ondan şikayət verilə bilməzdi.

Daxili qanunvericilikdə edilən müvafiq dəyişikliklərdən sonra və siyasi məhbusların işlərinə yenidən baxılmasına dair Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri baxımından, 26 dekabr 2001-ci ildə Baş Prokuror ərizəçinin işinin apellyasiya məhkəməsi tərəfindən baxılmasına icazə verilməsi üçün müraciət etdi. 06 fevral 2002-ci ildə Apellyasiya Məhkəməsi prokurorun müraciətini təmin etdi və Ali Məhkəmənin 15 sentyabr 1995-ci il tarixli qərarından şikayətin verilməsinə icazə verdi. 29 may 2002-ci ildə cinayət araşdırmaları yenidən açıldı. Yeni məhkəmə araşdırılması ərizəçinin xeyrinə Ali Məhkəmənin 15 sentyabr 1995-ci il tarixli qərarını qismən ləğv etməklə, Apellyasiya Məhkəməsinin qərarı ilə 01 iyul 2003-cü ildə bitdi. Ərizəçinin təqsiri təsdiq edildi, lakin azadlıqdan məhrum etmə müddəti 11 ilə endirildi. Ərizəçi bu qərardan Ali Məhkəməyə şikayət vermədi.

2002-ci ilin sentyabrında Apellyasiya Məhkəməsi qarşısında yeni araşdırmaların gedişində ərizəçi Bakının yerli məhkəməsində həbsxana orqanlarına qarşı şikayət verdi. O iddia etdi ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq olaraq, apellyasiya qaydasında işinə baxılan təqsirləndirilən şəxs yeddi aydan artıq həbsdə saxlanılmamalıdır. O, məhkəmədən xahiş etdi ki, həbsxana orqanlarına onu azad etməyi əmr etsin.

28 oktyabr 2002-ci ildə Qaradağ rayon məhkəməsi ərizəçinin tələbini rədd etdi. Məhkəmə qeyd etdi ki, ərizəçi Ali Məhkəmənin 15 sentyabr 1995-ci il tarixli hökmü ilə 14 il azadlıqdan məhrum etməyə məhkum olunub. Bu qərar qəti olub və həmin vaxtda ondan şikayət verilə bilməzdi. Buna görə, ərizəçinin hazırda həbsdə saxlanılması qüvvədə olan hökmün icrası kimi qiymətləndirilməli və o, həbsxanada təqsirləndirilən şəxs kimi deyil, məhkum kimi saxlanılır. Daxili cinayət prosesinə müvafiq olaraq, işin yenidən baxılması ərizəçinin statusunu dəyişmirdi.

Ərizəçi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət verdi. O, məhkəmədən xahiş etdi ki, aşağı məhkəmənin qərarını ləğv etsin və onun həbsini qanunsuz saysın. 06 dekabr 2002-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini rədd etdi və Qaradağ rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Ərizəçi bu qərardan Ali Məhkəməyə şikayət vermədi.

B. Müvafiq daxili qanunvericilik

1. Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyası

65-cı maddə aşağıdakıları nəzərdə tutur:

«Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.»

2. Azərbaycan Respublikasının 2000-ci il tarixli Cinayət-Prosessual Məcəlləsi

158.5-ci maddə aşağıdakıları nəzərdə tutur:

«Birinci və apellyasiya instansiyası məhkəmələrinin icraatında olan cinayət işləri üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti:

ağır cinayətlər üzrə yeddi aydan artıq ola bilməz …»

3. Azərbaycan Respublikasının 2000-ci il tarixli yeni Cinayət-Prosessual
Məcəlləsinin tətbiqinə dair Qanun

7.5-ci maddə aşağıdakıları nəzərdə tutur:
«Azərbaycan Respublikasının əvvəlki Cinayət-Prosessual Məcəlləsinə əsasən 01 sentyabr 2000-ci ilədək çıxarılmış hökm və başqa yekun qərarlardan apellyasiya instansiyası məhkəməsinə və ya Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.»

10-cu maddə aşağıdakıları nəzərdə tutur:

«Azərbayan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsi 01 sentyabr 2000-ci ildən qüvvəyə minir.»

ŞİKAYƏTLƏR

1. Ərizəçi şikayət edir ki, onun işinə yenidən baxılması açıldıqdan sonra apellyasiya məhkəməsi qarşısında işin baxılması üçün nəzərdə tutulmuş həbs maksimum müddətin bitməsinə baxmayaraq, o, qanunsuz olaraq həbsxanada saxlanılıb. O, Konvensiyanın 5-ci maddəsinə istinad edir. Ərizəçi şikayət edir ki, iddia edilən qanunsuz həbslə bağlı o, ədalətli məhkəmə araşdırılması ilə təmin olunmayıb. Bununla bağlı, o, Konvensiyanın 6-cı maddəsinə istinad edir.
2. Ərizəçi yenə də Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət edir ki, ona qarşı yeni cinayət araşdırmalarında ədalətli araşdırma olmayıb. İclaslar yüksək təhlükəsizlik həbsxanasında ictimaiyyətin məhdud buraxılması ilə aparılıb. Yalnız Ədliyyə Nazirliyi tərəfindən icazə alanlar məhkəmə zalına buraxılıblar. O bildirir ki, məhkəmə faktları və onun qarşısına qoyulan sübutları düzgün qiymətləndirməyib, ərizəçinin müdafiəsinə aid şahidləri dinləməyib və daxili qanunvericiliyi səhv tətbiq edib.

HÜQUQİ MƏSƏLƏLƏR

1. Konvensiyanın 5 və 6-cı maddələrinə əsasən ərizəçi şikayət edir ki, onun işinin yeni araşdırılmasının yekunlaşması zamanı o, qanunsuz olaraq həbsdə saxlanılıb və onun həbsinin qanuniliyi ilə bağlı araşdırmalar ədalətsiz olub.

Həqiqətən, Konvensiyanın 5 və 6-cı maddələri hər kəsin azadlıq və ədalətli məhkəmə araşdırılması hüquqlarına təminat verir. Lakin Məhkəmədən tələb olunmur ki, ərizəçinin iddia etdiyi faktlarla bu müddəaların pozulmasının hər hansı görüntüsünü aşkar edib-etməməsini qərarlaşdırsın, ona görə ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən, Məhkəmə beynəlxalq hüququn hamılıqla qəbul olunmuş qaydalarına müvafiq olaraq, yalnız bütün daxili vasitələr tükəndirildikdən sonra məsələyə baxa bilər.

Hazırkı işdə ərizəçi Apellyasiya Məhkəməsinin 06 dekabr 2002-ci il tarixli qərarından şikayət verməyib və buna görə, Azərbaycan qanunvericiliyində ona əlçatan olan vasitələri tükəndirməyib. Bundan başqa, təqdim edildiyi kimi işin araşdırılması əizəçinin ixtiyarında olan daxili vasitələrin tükənməməsinə dair hər hansı xüsusi halları aşkar etmir.

Belə nəticəyə gəlinir ki, ərizəçi daxili vasitələrin tükənməsinə dair şərtə riayət etməyib və müvafiq olaraq, şikayətin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.
2. Ərizəçi daha sonra Konvensiyanın 6-cı maddəsinə əsasən şikayət edir ki, Apellyasiya Məhkəməsinin 01 iyul 2003-cü il tarixli qərarı ilə nəticələnən cinayət icraatında ədalətli məhkəmə araşdırılması ilə təmin edilməyib. Lakin eyni ilə bu şikayət üzrə ərizəçi qərardan Ali Məhkəməyə şikayət verməyib və buna görə, yuxarıdakı kimi, həmçinin, daxili vasitələrin tükənməsi şərtinə riayət etməyib. Müvafiq olaraq, şikayətin bu hissəsi də Konvensiyanın 35-ci maddəisnin 1 və 4-cü bəndlərinə əsasən rədd edilməlidir.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə

Şikayəti qəbuledilməz elan edir.

Soren Nilsen                          Xristos Rozakis
Katib                                       Sədr