№16133/08 ƏLİ İNSANOV AZƏRBAYCANA QARŞI – 19 NOYABR 2009-CU İL

 

BİRİNCİ BÖLMƏ

ƏLİ İNSANOV AZƏRBAYCANA QARŞI

(ƏRİZƏ №16133/08)

QƏRARDAD

Strasburq

19 noyabr 2009

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə) Palatası 19 noyabr 2009-cu il tarixdə aşağıdakı tərkibdən ibarət heyətdə,

Xristos Rozakis, Sədr,
Nina Vajiç,
Elizabet Steyner,
Xanlar Hacıyev,
Sver Erik Jebens,
Ciorcio Malinverni,
Qeorqe Nikolau, hakimlər,
Soren Nilsen, Bölmə katibi,

31 mart 2008-ci il tarixdə verilmiş yuxarıdakı şikayəti,
həmin şikayətə Məhkəmə Reqlamentinin 41-ci qaydasına əsasən aşağıdakıları qərara alır:

FAKTLAR

Ərizəçi cənab Əli İnsanov 1946-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır və hal-hazırda Bakıda həbsxanada azadlıqdan məhrumetmə cəzasını çəkməkdədir. O, Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən vəkil cənab A.Şahverdi tərəfindən təmsil edilir.
Ərizəçi tərəfindən təqdim edilən işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi 1993-2005-ci illərdə Səhiyyə Naziri olmuşdur. O, həmçinin tibb elmində tanınmış mütəxəssis və Azərbaycan Milli Elmlər Akademiyasının (“AMEA”) həqiqi üzvü idi.

A. Ərizəçiyə qarşı cinayət icraatı

1. Ilkin icraat mərhələsi

2005-ci il oktyabrın 20-də ərizəçi Milli Təhlükəsizlik Nazirliyinə (“MTN”) çağırılmışdır. O, MTN-ə günortadan sonra təxminən saat 3-də gəlmiş və saat 7-yə qədər dindirilmişdir.
Dindirilmədən sonra o, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət vəsaitlərinin mənimsənilməsi və 2005-ci il 06 noyabr parlament seçkilərindən əvvəl həyata keçirilməsi planlaşdırılan və parlamentin keçmiş sədri R.Quliyev (həmin vaxt xaricdə yaşayan) və bir neçə digər yüksək vəzifəli hökumət məmurları tərəfindən təşkil edilən dövlət çevrilişinə cəhd edilməsində iştirakçılıqda şübhəli bilinmişdir. O, MTN-nin həbs sahələrində saxlanmışdır.
Belə məlum olur ki, o, həmin gün nazir vəzifəsindən azad edilmişdir.
2005-ci il oktyabrın 22-də Baş Prokurorluq ərizəçini Cinayət Məcəlləsinin 28, 220.1 (kütləvi iğtişaş yaradılmasına hazırlıq), 278 (dövlət hakimiyyətinin zorla ələ keçirilməsi), 179.3.2 (külli miqdarda məbləğin mənimsənilməsi), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri üzrə ittiham etmişdir. Ərizəçi ilkin olaraq 76586 saylı cinayət işi çərçivəsində ittiham edilmişdir.
2005-ci il oktyabrın 22-də Nəsimi rayon məhkəməsi ərizəçinin üç ay müddətinə həbsə alınmasına icazə vermişdir (2006-cı il yanvarın 20-dək). 2006-cı il yanvarın 13-də eyni məhkəmə həmin müddəti daha dörd ay uzatmışdır (2006-cı il mayın 20-dək). 2006-cı il mayın 19-da həmin müddət daha beş ay uzadılmışdır (2006-cı il oktyabrın 20-dək). Nəhayət, 2006-cı il oktyabrın 16-da həmin müddət daha altı ay uzadılmışdır (2007-ci il aprelin 20-dək). Ərizəçi yuxarıda qeyd edilən uzadılmaların hər birindən şikayət ərizəsi vermişdir. Onun heç bir şikayəti Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Ərizəçinin 2006-cı il 16 oktyabr tarixli son uzadılma qərarı ilə bağlı şikayəti Apellyasiya Məhkəməsi tərəfindən 2006-cı il noyabrın 2-də təmin edilməmişdir.
İbtidai istintaq mərhələsində istintaq orqanları ərizəçinin evində axtarış aparmış və müxtəlif valyutalarda nağd pul, qızıl əşyalar və zərgərlik məmulatları aşkarlamışlar.
2007-ci il yanvarın 19-da Baş Prokurorluq ərizəçini Cinayət Məcəlləsinin 28, 220.1, 278, 179.3.2, 306.2, 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2, 311.3.1 (rüşvət alma), 311.3.2 və 311.3.3-cü maddələri üzrə ittiham edən yeni ittiham aktı tərtib etmişdir.
2007-ci il yanvarın 24-də 76586 saylı cinayət işindən yeni cinayət işi (76932) ayrılmışdır. 76932 saylı cinayət işi çərçivəsində ərizəçi Cinayət Məcəlləsinin 179.3.2, 306.2, 308.1, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri üzrə ittiham edilmişdir.
Xüsusən, ərizəçi, inter alia, aşağıdakı cinayət əməllərini törətməkdə ittiham edilirdi:

(i) 1997-2004-cü illərdə o, Səhiyyə Nazirliyinin balansında olan və ümumi dəyəri 27.221.574 AZN (təxminən 23.500.00 avro) olan çoxsaylı daşınmaz əmlak vəsaiti üzərində qanunsuz yollarla sərəncam verilməsi (özəlləşdirmə yolu ilə) üçün şərait yaratmışdır. Xüsusilə də, ərizəçi şərikləri vasitəsilə Dövlət Özəlləşdirmə Proqramı və özəlləşdirmə qanunvericiliyinə müvafiq olaraq özəlləşdirməyə uyğun hesab edilməsi üçün yuxarıda qeyd edilən vəsaitlərlə bağlı müəyyən sənədləri saxtalaşdırmada ittiham edilmişdir. Halbuki bu sənədlər həmin kateqoriyaya uyğun gəlmirdi və dövlət səhiyyə təsisatlarının düzgün fəaliyyəti üçün zəruri idi. Həmin vəsaitlərdən çoxu ərizəçi və ya onun tanışlarına məxsus olan saxta təşkilatlar tərəfindən özəlləşdirilmiş və daha sonra ərizəçinin ailə üzvləri və tanışlarına satılmışdı. Yuxarıdakı əməliyyatlarla əlaqədar ərizəçi 200.000.00 ABŞ dolları (195.460.00 AZN) məbləğində rüşvət almışdır;

(ii) O, kitablarından birinin nəşri üçün 115.240 AZN məbləğində ictimai vəsaiti mənimsəmişdir;

(iii) O, 76.000.00 ABŞ dolları (75.423.00 AZN) məbləğində bir neçə rüşvət və aptek işlətmək üçün özəl şirkətlərə lisenziya verilməsi müqabilində 2.800.00 AZN məbləğində rüşvət almış və yuxarıdakı məbləğlərin 70 %-ni özünə saxlamış, qalanlarını isə şərikləri arasında paylamışdır.

(iv) O, Səhiyyə Nazirliyinin qanunsuz olaraq işdən azad edilmiş keçmiş işçilərinin yenidən işə alınması əmrini verən yeddi yekun milli qərarı (birincisi 1994-cü ildə verilmişdir) icra etməkdən boyun qaçırmışdır; və

(v) O, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı bir sıra digər əməlləri törətmişdir.

2007-ci il yanvarın 24-də istintaq orqanları 76932 saylı cinayət işi üzrə ibtidai istintaqın başa çatdığını bildirmişdir. 76932 saylı cinayət işi baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 28, 220.1 və 179.3.2-ci maddələr üzrə aparılan 76586 saylı ilkin cinayət işi məhkəməyə göndərilməmiş, lakin ona xitam da verilməmişdir.
2007-ci il fevralın 15-də ərizəçi Ağır Cinayətlər Məhkəməsinə vəsatət vermiş və həbsdə saxlanma üzrə müvəqqəti qərarın ev həbsi və ya həbs edilmə ilə bağlı olmayan hər hansı digər tədbirlə əvəz edilməsini tələb etmişdir. Həmin gün, 2007-ci il fevralın 15-də Ağır Cinayətlər Məhkəməsi onun tələbini təmin etməmişdir.

2. Cinayət mühakiməsi və şikayətlər

Ərizəçi Ağır Cinayətlər Məhkəməsində Səhiyyə Nazirliyinin keçmiş əməkdaşları və ya Nazirliklə ticarət əqdlərində iştirak etmiş olan digər on nəfərlə birgə mühakimə edilmişdir. Onlardan hər biri ərizəçinin ittiham edildiyi cinayət əməllərinin bəzilərində iştirakçılıqda ittiham edilmişdir. Mənimsəmə ittihamları ilə bağlı ərizəçiyə və digər təqsirləndirilən şəxslərin bəzilərinə qarşı mülki iddia da irəli sürülmüşdür. Bundan başqa, işdə iyirmi mülki cavabdeh şəxs var idi və onlara qarşı cinayət ittihamı irəli sürülməmişdir. Mülki cavabdehlər ərizəçi tərəfindən qanunsuz ələ keçirilmiş və satılmış keçmiş dövlət mülkiyyətinin hazırkı özəl mülkiyyətçiləri idilər (baxın, aşağıda).
İlkin icraat ərzində ərizəçi, inter alia, məhkəmədən dövlət mülkiyyətinin özəlləşdirilməsi üçün məsuliyyət daşıyan dövlət orqanlarının bir neçə məmuru daxil olmaqla müxtəlif şahidlərin çağırılması və dindirilməsini tələb edən bir neçə vəsatətlə müraciət etmişdir. Həmin müraciətlər rədd edilmişdir.
2007-ci il 20 aprel tarixli qərarı ilə Ağır Cinayətlər Məhkəməsi ərizəçini 76932 saylı cinayət işinin bütün maddələri üzrə təqsirli elan etmiş və onu əmlakın müsadirəsi və dövlət qulluğu sahəsində dövlət vəzifəsinin tutulmasından üç il kənarlaşdırma ilə on bir illik azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Məhkəmə aşkarlamışdır ki, ərizəçi cinayət əməlləri nəticəsində vurduğu ziyanın əvəzini aşağıdakı şəkildə ödəmək məsuliyyəti daşıyır.
İlkin olaraq məhkəmə mülki iddianı qismən təmin etmiş və qanunsuz özəlləşdirilmiş daşınmaz əmlak vəsaitinin Səhiyyə Nazirliyinin balansına geri köçürülməsini əmr etmişdir. Bu, vurulmuş ziyanın bir hissəsini qarşılayacaqdır. Digər tərəfdən, məhkəmə qanunsuz özəlləşdirilmiş vəsaitin bəzilərinin vicdanlı alıcılara məxsus olduğunu aşkarlamış və bu səbəbdən həmin vəsaitlərlə bağlı mülki iddianı təmin etməmişdir.
Mülki iddianın qismən təmin edilməsindən geriyə qalan zərərlərə gəldikdə, məhkəmə aşkarlamışdır ki, ərizəçi 527.087.00 AZN məbləği üçün şəxsən və 7.937.821.00 AZN üçün digər üç təqsirləndirilən şəxslə ayrılıqda və birgə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən zərərin əvəzinin ödənilməsi üçün məhkəmə əmr etmişdir ki, ərizəçinin aşağıda göstərilən şəxsi mülkiyyəti müsadirə edilsin: (a) evində aşkarlanan 1.040.486.00 AZN məbləğində dəyərli metal və zərgərlik məmulatları; (b) evində aşkarlanan 1.309.295.00 ABŞ dolları məbləğində nağd pul; (c) evində aşkarlanan 884.475.00 avro məbləğində pul; (d) evində aşkarlanan 8.984.00 AZN məbləğində pul; (e) ümumilikdə dəyəri 3.655.179.90 AZN olan doqquz ev və mənzil; və (f) 54.000.00 AZN məbləğində avtomobil.
Ərizəçi təqsirsiz olduğunu, ittiham maddələrinin qeyri-məqbul, qeyri-müvafiq və ya yetərsiz sübutlara əsaslandığını və istintaq orqanlarının işin nəticəsi üçün həlledici rol oynayacaq şahidlərin ifadəsini almadığını bildirmişdir. Digər təqsirləndirilənlər və mülki cavabdehlər də müxtəlif əsaslarla şikayət etmişlər.
2007-ci il sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini təmin etməmiş və Ağır Cinayətlər Məhkəməsinin qərarının ərizəçi ilə bağlı hissəsini təsdiqləmişdir.
Ərizəçi şikayətlərini təkrarən qeyd edərək kassasiya şikayəti vermişdir. Kassasiya qaydasında iclaslar ərizəçi olmadan onun vəkilinin iştirakı ilə keçirilmişdir. 2008-ci il yanvarın 16-da Ali Məhkəmə ərizəçinin şikayətini təmin etməmiş və aşağı instansiya məhkəmələrinin qərarının ərizəçi ilə bağlı hissəsini təsdiqləmişdir.

B. Ərizəçinin televiziya kanallarına qarşı mülki iddiası

2005-ci il noyabrın 3-də tutulmasının ardından ərizəçi dövlətə məxsus Azərbaycan Televiziya və Radio Yayım Kanalına (“AzTV”) və özəl televiziya kanalı olan Lider Media Holdinqə (“Lider”) qarşı mülki iddia qaldırmışdır. O, 2005-ci il noyabrın 1-də hər iki televiziya kanalının onun tərəfindən törədildiyi iddia edilən cinayət hadisələri ilə bağlı veriliş yayımladığını və onunla bağlı “cinayətkar” və “rüşvətxor” və digər təhqiredici ifadələrə yol verdiyini iddia etmişdir. O, həmin vaxtadək müvafiq səlahiyyətli məhkəmə tərəfindən hər hansı bir cinayət əməlində təqsirli bilinmədiyini qeyd edərək, həmin verilişlərin onun nüfuzuna zərər vurduğunu və ləyaqətinə ləkə saldığını bildirmişdir.
2005-ci il dekabrın 5-də ərizəçi məhkəmədən “AzTV” və “Lider”ə mübahisəli video materialları araşdırmaq üçün məhkəməyə təqdim etməsi əmri verməsini tələb etmişdir.
Öz əks arqumentlərində “AzTV” və “Lider” mübahisəli proqramların heç bir böhtan xarakterli və ya təhqiredici ifadələr daşımadığını və ərizəçiyə qarşı qaldırılmış cinayət işi haqqında Baş Prokurorluq, MTN və Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumatlara əsaslandığını bildirmişlər.
2005-ci il dekabrın 20-də Səbail rayon məhkəməsi ərizəçinin şikayətini əsassız elan edərək təmin etməmişdir. Məhkəmə “AzTV” və “Lider”in müvafiq hüquq mühafizə orqanlarının ərizəçiyə qarşı qaldırılan cinayət işi ilə bağlı rəsmi bəyanatını çatdırdığını və ərizəçinin ünvanına böhtan xarakterli və ya təhqiredici ifadələrin istifadə edilməsi haqqında heç bir sübutun olmadığını qeyd etmişdir.
2006-cı il aprelin 18-də Apellyasiya Məhkəməsi ərizəçinin şikayətinin ardından birinci instansiya məhkəməsinin qərarını təsdiqləmişdir. Ərizəçi kassasiya şikayəti vermişdir.
2007-ci il martın 30-da Ali Məhkəmə aşağı məhkəmə instansiyalarının prosessual pozuntuya yol verdiyini aşkarlamış və Apellyasiya Məhkəməsinin 2006-cı il 18 aprel qərarını ləğv etmişdir. Belə ki, onlar ərizəçinin müdafiə tərəfindən müvafiq sübutların (mübahisəli videomaterial) tələb edilməsi ilə bağlı məhkəməyə müraciətini diqqətsiz qoymuşdular, halbuki ərizəçi müstəqil şəkildə bunu etmək iqtidarında deyildi.
2007-ci il oktyabrın 11-də Bakı Apellyasiya Məhkəməsi ərizəçinin iddiasını təmin etməyərək yeni qərar qəbul etmişdir. Məhkəmə “AzTV” və “Lider”in ərizəçinin işi ilə bağlı rəsmi mətbuatdakı məlumatı yayımladığını təkrarlamış və müvafiq hüquq mühafizə orqanlarını mənbə olaraq qeyd etmişdir. Ərizəçinin videomaterial ilə bağlı müraciətinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, “AzTV” və “Lider”ə həmin sübutu təqdim etmək əmri verilmişdir. Bununla yanaşı, hər iki televiziya kanalı bildirmişdir ki, öz daxili qaydalarına əsasən, onlar yalnız filmlər və daxili televiziya proqramlarını uzun müddət arxivləşdirirdilər, videomaterialın yayımı isə yalnız bir ay ərzində arxivdə saxlanılırdı. Bu səbəbdən ərizəçi həmin videomaterial ilə bağlı müraciətini bildirdiyi zaman onlar müdafiə tərəfinin əlində deyildi və onları məhkəməyə təqdim edə bilməzdi. Məhkəmə ərizəçinin böhtan iddiasını sübuta yetirə bilmədiyini təkrarlamışdır.
2008-ci il mayın 1-də Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 2007-ci il 11 oktyabr qərarını təsdiqləmişdir.

C. Ərizəçinin AMEA üzvlüyünə xitam verilməsi

Ərizəçinin Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunmasının ardından 2007-ci il mayın 4-də AMEA ümumi yığıncağı bir səsə qarşı əlli altı səslə ərizəçini AMEA üzvlüyündən çıxarmaq qərarı almışdır. Çıxarılmanın səbəbi onun ağır cinayət əməlində məhkum edilməsi idi.
2007-ci il iyunun 1-də ərizəçi Səbail rayon məhkəməsinə şikayət ərizəsi vermiş, bunun qanunsuz olması və elmi fəaliyyətinə müdaxilə etdiyini iddia etmişdir. O, inter alia, iddia etmişdir ki, AMEA nizamnaməsinə görə, Akademiyanın həqiqi üzvləri “ömürlük” seçilirdi və bu səbəbdən AMEA üzvlüyündən çıxarıla bilməzdilər. Məhkəməyə ifadəsində AMEA Nizamnamədə qeyd edilmiş “ömürlük” seçilmənin sadəcə olaraq qeyri-müəyyən müddətə seçilməni ifadə etdiyini və həmin müddəanın üzvlüyün sona yetirilməsi ehtimalını və AMEA-nın həqiqi üzvlərinin əksəriyyət səsverməsi ilə hər hansı bir üzvü yanlış davranış səbəbindən üzvlükdən çıxarmasını istisna etmədiyini bildirmişdir.
2008-ci il yanvarın 31-də Səbail rayon məhkəməsi ərizəçinin şikayətini təmin etməmişdir. O, özünü idarə edən dövlət qurumu statusuna malik olan təşkilat olaraq AMEA-nın üzvlük qaydalarını tənzimləmək səlahiyyətinə malik olduğunu təsbit etmişdir. AMEA Nizamnaməsi həqiqi üzvlərin AMEA-dan xaric edilmə ehtimalını açıq şəkildə ifadə etməsə də, o, həqiqi üzvlərin ümumi yığıncağının qanunsuz hərəkət səbəbindən üzvlərini xaric etmə ilə bağlı qərar verməsini istisna etmirdi. Açıq şəkildə qeyd edilməsə də, üzvlərin uzaqlaşdırılması səlahiyyəti Nizamnamə müddəalarından irəli gəlirdi. Məhkəmə, həmçinin aşkar etmişdir ki, AMEA səlahiyyətlərinin üzvlüyün tənzimlənməsi ilə bağlı bu növ şərhi müvafiq daxili qanunvericilik və ya Konstitusiyaya zidd deyildir.
Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə ərizəçinin müvafiq olaraq 2008-ci il 15 may və 16 sentyabr tarixli qərarlarına qarşı şikayətlərini təmin etməmişdir.

D. Ərizəçinin sağlamlıq vəziyyəti və ona göstərilən tibbi qayğı

1. Müvafiq faktların ümumiləşdirilməsi

Hazırkı işlə bağlı hadisələrdən çox illər öncə, gənc yaşlarında olan ərizəçi ağciyər vərəmindən əziyyət çəkmişdir. Belə məlum olur ki, o, müalicə edilmiş və o zamandan bəri onun vərəmi tamamilə aradan qalxmışdır.
Ərizəçinin 2005-ci ilin fevralında həbs edilməsindən öncə o, Münixdə, Almaniyada maqnetik nüvə rezonans tomoqrafiya (“MNRT”) keçmiş və ona onurğa sütununda L3-L4 yırtıq diaqnozu qoyulmuşdur. Ona terapevtik müalicəni davam etdirməsi və simptomların özünü göstərməyə davam etdiyi təqdirdə son çarə olaraq əməliyyat olunması məsləhət görülmüşdür.
Həbs edilməsindən sonra, 2005-ci il oktyabrın 20-dən 2007-ci il aprelin 20-dək ərizəçi MTN-nin müvəqqəti həbs sahəsində saxlanmışdır. 2007-ci il aprelin 20-dən sentyabrın 28-dək o, 1 saylı həbs müəssisəsində saxlanmışdır. Daha sonra o, hazırda cəzasını çəkməkdə olduğu və 128 nəfərlik məhbus üçün təsis edilmiş böyük kazarma tipli kamerada saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Ərizəçinin söylədiyinə görə, bütün bu həbsxana müəssisələrində saxlanma şəraiti pis olmuşdur.
Həbsdə olduğu müddətdə ərizəçi müntəzəm olaraq sağlamlıq problemlərindən şikayət etmişdir. Aşağıda ərizəçinin və Hökumətin onun həbsxanada saxlandığı müddətdə aldığı tibbi qayğı ilə bağlı bəyanatları ümumiləşdirilmişdir.
2006-cı il fevralın 2-də ərizəçi MTN-nin tibb əməkdaşları tərəfindən müayinə edilmiş və aşağıdakı diaqnoz qoyulmuşdur: onurğa sütununda yırtıq; osteoxondroz; 1-ci mərhələdə artan yüksək təzyiq; sol böyrəyin funksiyasının itirilməsinə yol açmayan birkameralı kista; öd kisəsinin çıxarılmasından sonrakı hal; yüngül hal alan xroniki hepatit; və zəif nevroloji reaksiyalar. Ekspertlər onun vəziyyətinin kritik olmadığını və ambulator müalicənin yetərli olduğunu hesab etmişlər.
2006-cı il yanvarın 16-da ərizəçi Neyrocərrahiyə Hospitalının baş həkimi tərəfindən müayinə edilmiş və zəif müalicə və yeni MNRT təyin edilmişdir. Müvafiq tibbi arayışa görə ərizəçi həmin müalicəni almaqdan imtina etmişdir. Lakin ərizəçinin bildirdiyinə görə, 2006-cı il 16 yanvar tibbi arayışının qeyd etdiyi kimi MNRT-dən keçməkdən imtina etməmişdir.
2006-cı il mayın 16-da ərizəçi Səhiyyə Nazirliyinin baş ftiziatrı və 2006-cı il mayın 20-də Nevroloji Mərkəzin Baş həkimi tərəfindən müayinə edilmişdir; heç bir müayinə cərrahi əməliyyatın zəruri olduğunu açıqlamamışdır. Ərizəçinin dediyinə görə, həmin tibbi ekspertlərin arayışlarında onun vəziyyətinin ağırlığı əks etdirilməmişdir.
2006-cı il fevralın 25-dən martın 8-dək və 2006-cı il mayın 30-dan iyunun 8-dək Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinin nevroloji bölməsində iki dəfə stasionar müalicədən keçmişdir. Ərizəçiyə onurğa sütununda yırtıq diaqnozu qoyulmuş və əməliyyata ehtiyac olub-olmadığını müəyyənləşdirmək üçün yeni MNRT-dən keçməsi məsləhət görülmüşdür. Müvafiq arayışlara görə ərizəçi həmin təklifi rədd etmiş və cüzi müalicə almışdır.
Bununla yanaşı, ərizəçinin dediklərinə görə, o, MNRT və ya əməliyyatdan imtina etməmişdir. O, imtina etməsini iddia edən tibbi arayışların onun imzasını daşımadığından “həqiqəti əks etdirmədiyini” bildirmişdir. O qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin Tibb Müəssisəsi nevroloji departamentə və əməliyyatı apara biləcək mütəxəssislərə malik olmamış və bu səbəbdən Bakının nevrocərrahiyə klinikalarından birində əməliyyat olunmasını xahiş etmiş, lakin müraciəti rədd edilmişdir. Ərizəçinin söylədiyinə görə, onun Ədliyyə Nazirliyinin Tibb Müəssisəsində müalicəsi qəfildən dayandırılmış və o öz kamerasına geri göndərilmişdir.
Müvafiq tibbi arayışlara əsasən, 2007-ci il aprelin 20-də 1 saylı həbs müəssisəsinə keçirildiyi zaman ərizəçinin sağlamlığı ilə bağlı ciddi şikayəti yox idi. 2007-ci il 1 və 9 iyunda o, Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinin Nevrologiya və Müalicə ekspertləri tərəfindən müayinə edilmiş və həmin vaxt onun ambulator və ya stasionar müalicə alması üçün heç bir zərurət görülməmişdir. Müvafiq arayışlara əsasən, 2007-ci il 2 və 4 iyunda ərizəçi qan və sidik analizi verməkdən imtina etmişdir. İyunun 6-da ərizəçi vəkillərinin iştirakı ilə ultrasəs müayinəsindən keçməkdən imtina etmişdir. 2007-ci ilin sentyabr ayında ərizəçinin cərrahi əməliyyata ehtiyacın olub-olmadığının müəyyənləşdirilməsi üçün özəl tibbi klinikada (Tusi Klinikası) MNRT keçməsi təklif edilmişdir. Müayinə 25 sentyabr üçün nəzərdə tutulmuş, lakin baş tutmamışdır. Hökumətin bəyanatına görə, ərizəçi son anda Tusi Klinikasına getməkdən imtina etmişdir. Ərizəçinin bildirdiyinə görə, o, müayinədən keçməkdən imtina etməmiş və müvafiq arayışlar saxta idi.
Hökumətə görə, 2008-ci ilin yanvar və fevral aylarında ərizəçinin bel ağrıları ilə bağlı olaraq Ədliyyə Nazirliyinin Tibb Müəssisəsindən köçürülməsi üç dəfə təklif edilmiş, lakin o, hər dəfə təklifləri rədd etmişdir. Ərizəçi bildirmişdir ki, 2008-ci ilin qışında ona Tibb Müəssisəsinə köçürülməsi təklif edilmiş, lakin bunun üçün nəqliyyat vasitəsi olaraq “dəmir örtüklü qızdırılmamış yük maşını” seçilmişdi ki, bu, onun sağlamlıq vəziyyətinə uyğun deyildi. Ərizəçi bel və ayaqlarındakı ağrılar səbəbindən rahatca oturub-dura bilmədiyindən onun sağlamlığı bu növ nəqliyyat vasitəsilə hərəkətə tab gətirməyəcəkdi və bu səbəbdən təcili yardım maşını ilə təmin edilməsini xahiş etmiş və bütün xərcləri öz üzərinə götürəcəyini bildirmişdir. Həmin müraciət rədd edilmişdir.
Ərizəçi bildirmişdir ki, onurğa sütunundakı yırtıq səbəbindən bel və bədəninin aşağı nahiyələrində dözülməz ağrıları davam edirdi. 13 saylı cəzaçəkmə müəssisəsində soyuq, havasız kamerada saxlanması onun sağlamlıq vəziyyətini daha da ağırlaşdırmışdır.

2. Məhkəmə icraatı və sonrakı tibbi qayğı

2008-ci il avqustun 14-də ərizəçi xəstəliyinin təbiəti ilə bağlı xırdalıqlara yer vermədən Məhkəmədən Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq Hökumətə onun xəstəliyi ilə bağlı müvafiq tibbi qayğı və saxlanma şəraiti ilə təmin edilməsi göstərişi verməsini istəmişdir. Cavab olaraq, ərizəçidən xəstəliyi və şikayətləri ilə bağlı daha müfəssəl informasiya verilməsi tələb edilmişdir. Ərizəçi həmin tələbə əməl etmişdir. O, inter alia, yırtıq olan fəqərəsinin müalicəsi üçün cərrahi əməliyyatın zəruri olduğunu bildirmişdir.
2008-ci il sentyabrın 16-da Hökumətdən Məhkəmə Reqlamentinin 49-cu qaydasının 3-cü bəndinə müvafiq olaraq, həbsdə saxlandığı bütün müddət ərzində ərizəçiyə göstərilən tibbi qayğı ilə bağlı məlumat verilməsi istənilmişdir. Cavab olaraq, Hökumət tibbi arayışlarla təsdiq edilən yuxarıda ümumiləşdirilmiş məlumatı bildirmişdir. Ərizəçiyə Hökumətin bəyanatları üzrə öz şərhini bildirmək imkanı verilmişdir; bu şərhlər də müvafiq olaraq yuxarıda ümumiləşdirilmiş məzmunda öz yerini almışdır.
Tərəflərin bəyanatlarını nəzərə alaraq, 2008-ci il noyabrın 25-də Palatanın sədri növbəti göstərişə qədər cavabdeh Hökumətə Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq, aşağıdakı müvəqqəti tədbirlərə işarə etmişdir:

“- ərizəçi dərhal Ədliyyə Nazirliyinin tibbi müəssisəsinə köçürülsün;

– ən qısa zamanda və hər iki tərəf də işi gecikdirmədən, bərabər əsasda tibbi komissiya təşkil edilsin, Hökumət və ərizəçidən hər biri Azərbaycanın tanınmış mütəxəssisləri arasından ərizəçinin xüsusi problemlərini (onurğa sütunundakı yırtıq) təşhis etmək və uzunmüddətli və ya dərhal müalicə, eləcə də cərrahi əməliyyata ehtiyac olub-olmamasını müəyyənləşdirmək üçün 3 üzv təyin etsin;

– yuxarıda qeyd edilən tibbi komissiyanın aşkarladığı faktlar əsasında Hökumət ərizəçinin müalicəsi üzrə müvafiq və ətraflı plan tərtib etsin və onu 2009-cu il yanvarın 20-dək təqdim etsin”.

2009-cu il yanvarın 29-da Hökumət görülən tədbirlər barədə Məhkəməyə məlumat vermişdir.
Hökumətin təqdim etdiyi sənədlərə əsasən, 2008-ci il dekabrın 12-də ərizəçi Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinə köçürülmüşdür. Bərabərlik əsasında birgə tibbi komissiya yaradılmışdır. Komissiya iki nevro cərrah, iki ftiziatr və iki uro-nefroloqdan ibarət idi. 2008-ci il dekabrın 22-dən 24-dək ərizəçi MNRT, sidik, qan, biokimyəvi analizlər və ultrasəs və digər analizlərdən keçməklə, bir sıra müayinəyə məruz qalmışdır. Tibbi komissiya bir neçə dəfə ərizəçini müayinə etmişdir. Əlavə olaraq, kardioloqlar, qastroentroloqlar və stomotoloqlar zəruri test və müayinələri keçirmək üçün dəvət edilmişlər.
2009-cu il yanvarın 10-da tibbi komissiya ərizəçi və vəkillərinin iştirakı ilə yekun rəyini bildirmişdir. Komissiya ərizəçinin aşağıdakı ilkin və ikinci dərəcəli vəziyyətlərdən əziyyət çəkdiyini aşkarlamışdır: L3-L4 fəqərələrində yırtıq; osteoxondroz; ikinci dərəcədə yüksək təzyiq; sağ ciyərlərində fəaliyyətsiz (müalicə olunmuş) vərəm izləri; sol böyrəyində birkameralı kista; qalın bağırsaqda xroniki soyuq dəymə; ilkin dərəcəli disbakterioz izləri. Lakin komissiya yekdilliklə ərizəçinin vəziyyətinin qeyri-kritik olduğunu və cərrahi əməliyyata ehtiyac olmadığını bildirmişdir. Onun sağlamlıq vəziyyəti ümumilikdə qənaətbəxş idi. Onun tam müstəqil olduğu və çəlikdən istifadə etmədən gəzə bilməsi qeyd edilmişdir. Təşhis edilən patalogiyalar xroniki və zəifləmiş idi, “konservativ” müalicə tələb edirdi və müalicə ambulator və ya stasionar aparıla bilərdi.
Komissiya ərizəçinin birinci ay Ədliyyə Nazirliyinin Tibb Müəssisəsində stasionar müalicə alması, daha sonra isə həbsxanada həmin müalicənin ambulator müalicə ilə əvəz edilə biləcəyini qeyd edərək onun sağlamlıq problemlərinin həlli üçün uzunmüddətli hərtərəfli müalicə planı hazırlamışdır. Dərman və məsləhətlərin ətraflı siyahısından ibarət müvafiq müayinə təyin edilmişdir. Komissiyanın rəyi ərizəçinin diaqnoz və müalicə planı ilə razı olduğunu qeyd edirdi.
2009-cu il fevralın 2-də ərizəçi Hökumətə öz fikir və baxışlarını bildirmişdir. O, Hökumətin birgə komissiyanın aşkarladığı faktların bəzilərinin interpretasiyası ilə razılaşmasa da, komissiyanın gəldiyi nəticə və müalicə planını açıq şəkildə mübahisələndirmirdi.
2009-cu il fevralın 12-də Palatanın sədri Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq olaraq təyin edilən müvəqqəti tədbirləri aradan qaldırmaq qərarına gəlmişdir.
Birgə Komissiyanın təyin etdiyi müayinə Ədliyyə Nazirliyinin Tibb Müəssisəsində 2009-cu il martın 16-dək stasionar əsasda aparılmışdır.
2009-cu il martın 7-də ərizəçi birgə tibbi komissiyanın üzvü olmayan nevrocərrah tərəfindən müayinə edilmişdir. O, ərizəçinin vəziyyətində müsbət dəyişiklikləri qeyd etmiş və onurğa sütunun müalicəsi üçün daha ehtiyacın olmadığını bildirmiş, lakin bel üçün korset təklif etmişdir.

2009-cu il martın 14-də ərizəçi birgə tibbi komissiyanın üzvü olan iki nevrocərrah tərəfindən müayinə edilmişdir. Müayinə ərizəçinin xarici əsəb sistemində heç bir patalogiya aşkarlamamışdır. Ərizəçinin ağrıları ilə bağlı şikayətlərini nəzərə alaraq, onlar bel sütunu və çanaq nahiyələri üçün iki müxtəlif tibbi məlhəmdən istifadə edilməsini məsləhət görmüşlər.
2009-cu il martın 16-da ərizəçi 13 saylı Cəzaçəkmə müəssisəsinə köçürülmüş və eynilə 128 nəfərlik böyük sahəyə malik kamerada yerləşdirilmişdir. Hökumətin bildirdiyinə görə, onun tibbi müayinəsi birgə tibbi komissiya tərəfindən təyin edildiyi kimi ambulator şəkildə davam etdirilmişdir. Ərizəçi isə bildirmişdir ki, müalicə komissiyanın təyinatına uyğun deyildir.
Ərizəçinin təkrar şikayətlərinin ardından 2009-cu il aprelin 10-da o, nevrocərrah tərəfindən müayinə edilmiş və ona terapevtik ultrasəs cihazı olan Retonla müalicə təyin edilmişdir. Hökumət bildirmişdir ki, 13 saylı Cəzaçəkmə müəssisəsinin Tibbi Sanitariya Bölməsi qısa müddət ərzində həmin cihazla təmin edilmiş və müalicə aparılmışdır. Ərizəçi isə həmin müalicəni almadığını iddia etmişdir.
Vərəmin geri qayıtmasına qarşı qabaqlayıcı müalicə ilə bağlı birgə tibbi komissiya Rifampicin və İzoniazid daxil olmaqla vərəmə qarşı dərmanlar təyin etmişdir. Müalicə 2009-cu ilin mart ayında başlamalı idi. Lakin ərizəçi Rifampicindən imtina etmiş və əvəzində Pirazinamid tələb etmişdir. Ərizəçi daha sonra Rifampicinlə razılaşmış və müalicə 2009-cu il aprelin 8-də başlanmışdır.
2009-cu ilin aprel ayından etibarən ərizəçi qan təzyiqinin nəzarət altında saxlanması üçün gündəlik iki dərman, vərəmin önlənməsi üçün iki dərman və onurğa sütunundakı yırtıqdan irəli gələn ağrıların yüngülləşməsi üçün iki məlhəmlə ambulator müalicə almışdır. O, günün “əhəmiyyətli” bir hissəsini kameradan kənarda açıq havada keçirmək imkanına malik idi. Lakin onun bildirdiyinə görə müalicə effektiv deyildir. Belə ki, onun xəstəliklərini müalicə etməmiş və ya vəziyyətini yüngülləşdirməmişdir.

E. Ərizəçinin tibbi müalicənin yetərsizliyini aradan qaldırmaq məqsədilə kompensasiya əldə etmək üçün göstərdiyi cəhdlər

2007-ci il mayın 14-də ərizəçi Səbail rayon məhkəməsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı həbsxana şəraiti və adekvat tibbi müalicənin göstərilməməsi ilə bağlı iddia qaldırmışdır.
2007-ci il mayın 28-də Səbail rayon məhkəməsi onun işinə baxmaqdan imtina etmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiaların Nəsimi rayon məhkəməsinə verilməsi gərəkliyini bildirmişdir.
2007-ci ilin iyununda ərizəçi vəkili vasitəsilə Nəsimi rayon məhkəməsində mülki iddia qaldırmış və cavabdehlər qismində Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini göstərmişdir. O, müvafiq stasionar müalicə ilə təmin edilmədiyindən, mühakimədən öncə və sonrakı saxlanma şəraitinin pis olması və sağlamlıq vəziyyətinə uyğun olmadığından, mühakimədən öncə qəzet ala bilmək imkanından məhrum olmağından və yaşayış yerindən olduqca uzaqda yerləşdiyindən 13 saylı Cəzaçəkmə müəssisəsinə köçürülməsinin qanunsuz olmasından şikayətlənmişdir.
2007-ci il iyunun 19-da Nəsimi rayon məhkəməsi ərizəçinin vəkilinə verilən etibarnamə və işlə bağlı nüsxələrin sayı üzrə rəsmi tələblərə əməl edilmədiyindən işə baxmağı rədd etmişdir. Belə məlum olur ki, ərizəçi daha sonra həmin tələblərə əməl etmiş və Nəsimi rayon məhkəməsi işi baxmağa qəbul etmişdir.
İşə mahiyyəti üzrə baxmaqdan öncə ərizəçinin vəkili, inter alia, məhkəmənin ərizəçinin iclaslarda şəxsən iştirakını və onun stasionar müalicə alması ilə bağlı əmr verməsini təmin etmək məqsədilə bir sıra müraciətlər etmişdir. Həmin müraciətlər rədd edilmişdir.
Ərizəçinin iddialarının araşdırılması müddətində Nəsimi rayon məhkəməsi MTN-nin tibbi ekspertlərinin 2006-cı il 2 fevral tarixli rəyi daxil olmaqla, onun tibbi arayışlarına nəzər salmışdır. İclaslar ərizəçinin iştirakı olmadan vəkilinin iştirakı ilə keçirilmişdir.
2007-ci il noyabrın 2-də Nəsimi rayon məhkəməsi ərizəçinin iddialarını təmin etməmişdir. Stasionar müalicənin təmin edilməməsi ilə bağlı şikayətə gəldikdə, məhkəmə ərizəçinin özünün təklif edilən tibbi analizlər və müayinədən keçməkdən imtina etdiyini aşkarlamışdır. Hər bir halda tibbi müayinələr stasionar müalicə üçün ehtiyac olduğunu aşkarlamamışdır. 1 saylı həbs müəssisəsində pis saxlanma şəraiti ilə bağlı iddialara gəldikdə, məhkəmə həmin iddiaların əsassız olduğunu aşkarlamışdır. Xüsusilə də, məhkəmə ərizəçinin ümumi sahəsi 15.84 kv.m olan altı nəfərlik kamerada saxlandığını qeyd etmişdir ki, bu da adambaşı 2.64 kv.m-lik sahəni ifadə edirdi və mühakimədən öncə saxlanma üçün 2.5 kv.m-lik daxili standartlara uyğun idi. Qəzet almaq imkanından məhrum edilməsinə gəldikdə, məhkəmə həmin iddianın əsassız olduğunu və ərizəçinin əslində həbsxana rəhbərliyindən dörd rəsmi qəzet və ya vəkili və ya qohumları tərəfindən gətirilən hər hansı digər qəzetləri almaq hüququna malik olduğunu bildirmişdir. Nəhayət, ərizəçinin 13 saylı Penitensiar Müəssisəyə köçürülməsi ilə bağlı, məhkəmə bunun qanuni olmasını və onun saxlanma şəratinin adekvat olduğunu bildirmişdir.

ŞİKAYƏTLƏR

1. Ərizəçi Konvensiyanın 3 və 6-cı maddələrinə müvafiq olaraq həbs şəraiti, adekvat tibbi qayğının göstərilməməsi və daxili məhkəmələrin onun pis rəftarla bağlı iddialarını səmərəli şəkildə araşdırmamasından şikayətlənmişdir. Xüsusilə də, o penitensiar təsisatlara qarşı mülki iddiasının onun iştirakı olmadan aparıldığından şikayət etmişdir.

2. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə və 3 “c” yarımbəndinə müvafiq olaraq məhkəmədən öncə saxlanması ilə bağlı məhkəmə qərarının qanunsuz olduğundan, məhkəmədən öncə saxlanma müddətinin qanunsuz və əsassız uzun sürdüyündən və məhkəmədən öncə saxlanma müddətinin uzadılması ilə bağlı qərarın onun iştirakı olmadan və prosessual pozuntulara yol verməklə verildiyindən şikayət etmişdir.

3. Cinayət icraatı ilə əlaqədar olaraq ərizəçi aşağıdakılardan şikayət etmişdir:

(a) Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3 “b”, “c” və “d” yarımbəndləri və 7-ci maddəsinə müvafiq olaraq, mühakimə zamanı vəkili ilə məxfi görüşlər və müzakirələr üçün yetərli zaman və imkanlarla təmin edilməməsindən, daxili məhkəmələrin onun lehinə olan şahidləri onun əleyhinə olan şahidlərlə eyni şərtlərdə iştirakını təmin etmək və dindirməyə nail olmadığından və Ali Məhkəmə qarşısında kassasiya şikayətinə onun iştirakı olmadan baxıldığından;

(b) Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq, ona qarşı olan cinayət ittihamlarının saxtalaşdırılması və əsassız olmasından, icraatın “adekvat zaman” tələbinə riayət etmədiyindən və daxili məhkəmələrin müstəqil və qərəzsiz olmamasından, onun şikayətlərini müntəzəm şəkildə rədd etməsindən və birinci instansiya məhkəməsi iclaslarının protokollarının düzgün tərtib edilməməsindən.

4. Bundan əlavə, ərizəçi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə müvafiq olaraq, ona və qohumlarına məxsus olan müxtəlif mülkiyyət növlərinin, onun malik olduqlarının hamısının cinayət nəticəsində əldə edilməsi ilə bağlı yetərli sübut olmadan müsadirə edilməsindən şikayət etmişdir.

5. Ərizəçi “AzTV” və “Lider”ə qarşı olan böhtan iddiaları ilə bağlı, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq icraatların ədalətli və “ağlabatan müddət” tələblərinə əməl etmədiyindən və daxili məhkəmələrin daxili hüququ düzgün şərh etməməsi və faktların qiymətləndirilməsində yanlışlığa yol verməsindən şikayət etmişdir.

6. AMEA-nın üzvlüyündün çıxarılması ilə bağlı, ərizəçi onun xaric edilməsi ilə bağlı qərarın Ağır Cinayətlər Məhkəməsinin 2007-ci il 20 aprel qərarından sonra, lakin onun rəsmi qüvvəyə minməsindən öncə verildiyindən və bununla da, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası hüququnu pozduğundan şikayət etmişdir. O, eləcə də AMEA-ya qarşı mülki icraatın Konvensiyanın 6-cı maddəsinin ədalətlilik tələblərinə zidd aparılmasından şikayət etmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR

1. Ərizəçi həm istintaq təcridxanasında, həm də həbsxanada olan həbs şəraitindən və orada adekvat tibbi yardımın çatışmazlığından şikayət etmişdir. O, həmçinin şikayət etmişdir ki, daxili məhkəmələr Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı mülki iddialarda onun qaldırdığı pis rətar iddilarını səmərəli araşdırmamışlar. Xüsusən, o şikayət edib ki, mülki iddialarına dair iclaslar onun iştirakı olmadan keçirilmişdir. O, Konvensiyanın 3 və 6-cı maddələrinə istinad etmişdir.
Məhkəmə hesab edir ki, o, işin hazırkı materialları əsasında bu şikayətin məqbuliyyəti məsələsini həll edə bilməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 “b” yarımbəndinə müvafiq olaraq şikayətin bu hissəsi haqqında Hökumətə məlumat vermək zəruridir.

2. Ərizəçi qətimkan tədbiri kimi həbsinin qanuniliyi və davamiyyətini mübahisələndirməklə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin və 3 “c” yarımbəndinin müxtəlif pozuntularını iddia edir.
Məhkəmə xatırladır ki, qətimkan tədbiri kimi həbslə bağlı Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş altı aylıq müddət hökmün qüvvəyə mindiyi deyil, ittihamın birinci instansiya məhkəməsində həll edildiyi gün axmağa başlayır (baxın, Daktaras Litvaya qarşı (qərardad), no. 42095/98, 11 yanvar 2000-ci il). Ərizəçinin bu həbsin qanuniliyini yekun qərarın birinci instansiyada hökmün qəbul edilməsindən sonra çıxarıldığı ayrı icraatda mübahisə etdiyi halda, altı aylıq müddət qeyd olunan yekun qərardan axmağa başlayır (baxın, Popov Rusiyaya qarşı, no. 26853/04, § 153, 13 iyul 2006-cı il).
Məhkəmə qeyd edir ki, ərizəçi birinci instansiyada 20 aprel 2007-ci ildə məhkum edilib. Həbs qətimkan tədbirinin uzadılmasından sonuncu şikayətinə aid qərar bu tarixdən əvvəl qəbul edilib (02 noyabr 2006-cı ildə). Ərizəçinin həbsinin ev dustaqlığı ilə əvəz olunmasını rədd edən Ağır Cinayətlər Məhkəməsinin qərarı da bu tarixdən əvvəl çıxarılıb (15 fevral 2007-ci ildə) və ərizəçi həmin qərardadn şikayət verməyib. Müvafiq olaraq, bu iş üzrə altı aylıq müddət 20 aprel 2007-ci ildən başlayır.
Lakin hazırkı şikayət 31 mart 2008-ci ildə verilmişdir ki, bu da altı ayı keçir. Görünür ki, bu şikayət müddət ötürülməklə verilib və Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə müvafiq olaraq rədd edilməlidir.

3. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 3 “b”, “c” və “d” yarımbəndlərinə və 7-ci maddəsinə istinadən, ərizəçi ona qarşı cinayət icraatı ilə bağlı şikayət edib ki, ona proses zamanı vəkilləri ilə görüşlər və müzakirələr üçün adekvat vaxt və konfidensial yer ayrılmamış, daxili məhkəmələr ona qarşı şahidlərlə eyni şəraitdə xeyrinə olan şahidlər üçün şərait yaratmamış, Ali Məhkəmədə kassasiya iclası onun iştirakı olmadan keçirilmişdir (baxın, yuxarıda 3 (a) saylı şikayət) və ona qarşı cinayət ittihamı saxta və əsassız idi.
Məhkəmə hesab edir ki, o, işin hazırkı materialları əsasında bu şikayətin məqbuliyyəti məsələsini həll edə bilməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 “b” yarımbəndinə müvafiq olaraq şikayətin bu hissəsi haqqında Hökumətə məlumat vermək zəruridir.

4. Ərizəçi, həmçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən şikayət edib ki, ona və qohumlarına məxsus müxtəlif əmlak müsadirə olunub.
Məhkəmə hesab edir ki, o, işin hazırkı materialları əsasında bu şikayətin məqbuliyyəti məsələsini həll edə bilməz və buna görə, Məhkəmə Reqlamentinin 54-cü qaydasının 2 “b” yarımbəndinə müvafiq olaraq şikayətin bu hissəsi haqqında Hökumətə məlumat vermək zəruridir.

5. Konvensiyanın 6-cı maddəsinə əsasən ərizəçi şikayət edib ki, ona qarşı cinayət araşdırmaları “ağlabatan müddət” tələbinə cavab verməmiş, daxili məhkəmələr müstəqil və qərəzsiz olmamış, onun vəsatətlərini davamlı olaraq rədd etmiş və iclasların protokolları düzgün tərtib olunmamışdır (baxın, yuxarıda 3 (b) saylı şikayət). Daha sonra ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən “AzTV” və “Lider”ə qarşı təhqir və böhtan iddiasına aid icraatın davamiyyətindən və ədalətsizliyindən şikayət edib (baxın, yuxarıda 5 saylı şikayət). Nəhayət, ərizəçi şikayət edib ki, onun AMEA üzvlüyündən çıxarılması Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təmin edilmiş təqsirsizlik prezumpsiyasını pozur və onun AMEA-ya qarşı mülki icraatı Konvensiyanın 6-cı maddəsinə müvafiq olaraq ədalətli aparılmayıb (baxın, yuxarıda 6 saylı şikayət).
Malik olduğu materiallar və şikayət olunan məsələlərin səlahiyyətində olması baxımından, Məhkəmə hesab edir ki, bu şikayətlər Konvensiya və ya onun Protokolları ilə təmin edilmiş hər hansı hüquq və azadlıqların pozuntusunu aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayətin bu hissəsi açıq-aşkar əsassızdır və Konvensiyanın 3 və 4-cü bəndlərinə uyğun olaraq rədd olunmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Həbsin şəraitinə, tibbi qayğının çatışmazlığına və pis rəftar iddiaları ilə bağlı mülki icraatın ədalətsizliyinə aid Konvensiyanın 3 və 6-cı maddələrinə əsaslanan şikayətlərin, eləcə də ərizəçiyə qarşı cinayət icraatının ədalətsizliyinə aid Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 3 “b”, “c” və “d” yarımbəndlərinə və 7-ci maddəsinə və əmlakın müsadirəsinə aid 1 saylı Protokolun 1-ci maddəsinə əsaslanan şikayətlərin araşdırılmasını təxirə salmağı;

Şikayətin qalan hissəsini qəbuledilməz elan edir.

Soren Nilsen             Xristos Rozakis
Katib                           Sədr