Avropa Məhkəməsi bu gün, martın 11-də Azərbaycandan göndərilən 7 şikayət üzrə qərarlarını elan edib. Hökumətin təktərəfli bəyannamələri və dostca anlaşmalara söykənən qərarlara əsasən, ərizələr baxılacaq işlərin siyahısından xaric edilib. Bu qərarlar üzrə hökumət ərizəçilərə ümumilikdə 56 300 avro təzminat ödəməlidir.
Vüqar Əliyev Azərbaycana qarşı işində AİHM hökumətin təktərəfli bəyannamə təklifini qəbul edib. Ərizəçiyə 6 min avro təzminat ödəniləcək.
Bu iş siyasi fəalın qanunsuz silah saxlamağa görə ittiham və məhkum edilməsi ilə bağlı idi. Ərizəçi ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququna müdaxilə olunduğunu iddia edirdi.
Rəvan Səbzəliyev Azərbaycana qarşı, Natiq Mirzəyev Azərbaycana qarşı, Durnisə Əhmədova Azərbaycana qarşı işlərində tərəflər dostca anlaşıblar. 1-ci işdə ərizəçiyə 4500 avro, N.Mirzəyev işində 1500 avro, Durnisə Əhmədova işində isə ərizəçiyə 3000 avro təzminat ödəniləcək.
R.Səbzəliyev işində ərizəçi türk ilahiyyatçı Səid Nursi-nin dini məzmunlu məqalələrini evində azyaşlılara tədris etdiyi üçün məhkum olunmuşdu. 10 aydan artıq həbsdə tutulan ərizəçi hesab edirdi ki, onun dini etiqad azadlığına müdaxilə baş verib.
Natiq Mirzəyev Azərbaycana qarşı işində ərizəçi məhkum edilmiş məhbus idi. İşin hallarına görə, o, tibbi müalicə üçün həbsxana rəhbərliyinə müraciət edib, müraciətinə baxılmasının məzmunu onu qane etmədiyindən həbsxana rəhbərliyini məhkəməyə verib. Ərizəçi hesab edirdi ki, onun müraciəti üzrə çalışmalar ədalətli məhkəmə araşdırması hüququna uyğun olmayıb.
Durnisə Əhmədova Azərbaycana qarşı işi xuliqanlıq cinayətinə görə məhkum edilmə ilə bağlı idi. Ərizəçi hesab edirdi ki, onunla bağlı məhkəmə araşdırmalaraı ədalətli olmayıb.
Rzamov və Başqaları (9 nəfər) Azərbaycana qarşı işi də dostca anlaşma ilə başa çatıb. Hökumət ərizəçilərin hər birinə 3750 avro (cəmi 37 min 500) təzminat ödəməlidir. Bu işdəki 10 ərizəçi türk ilahiyyatçı Said Nursi-nin tərəfdarları olub, onlar dini toplantıların keçirilməsi kontekstində saxlanıldıqlarını, qanunsuz rəftara məruz qaldıqlarını iddia edirdilər. Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, dini etiqad azadlığı hüquqlarına müdaxilə olunması məsələsini qaldırmışdılar.
Ağaməmməd Məmmədov Azərbaycana qarşı işində AİHM hökumətin təktərəfli bəyannamə təklifini qəbul edib. Ərizəçiyə təzminat ödəniləcək – 3800 avro. Bu iş mülkiyyət hüququnun pozuntusu iddiası ilə bağlı idi.
AİHM İmanzadə Məmmədova Azərbaycana qarşı işi üzrə icraatı ərizçənin vəfat etməsi səbəbindən qapadıb. Bu işdə Yahova Şahidləri dini icmasının üzvü olan ərizəçi dini etiqad, azadlıq və toxunulmazlıq, mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdi.