Dövlət NMR MTN-də öldürüldüyü iddia edilən gəncin atasına təzminat ödəyəcək

©aihmaz.org 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 10-da Azərbaycanla bağlı növbəti qərarını elan edib. Qərar 2011-ci ildə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində işgəncə ilə öldürüldüyü iddia edilən 31 yaşlı Turac Zeynalovun işi ilə bağlıdır. AİHM iddia edilən bütün pozuntuları tanıyıb.

Mərhum gəncin işində ərizəçi onun atası, 1938-ci il təvəllüdlü Şuriyyə Zeynalov olub. Ərizəçi Konvensiyanın 2-ci maddəsinə (yaşamaq hüququ) uyğun olaraq, dövlətin onun oğlunun həyatını qoruya bilməməsindən, ölümlə bağlı təsirli araşdırma aparmamasından şikayət etmişdi. Ərizəçi həmçinin, Konvensiyanın 3-cü maddəsinə (işgəncəyə məruz qalmamaq) əsaslanaraq, oğlunun Naxçıvan MTN-də işgəncəyə məruz qalmasından, olayın araşdırlmamasından şikayətçi idi.

AİHM iddia olunan hər iki pozuntunu tanıyıb, hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (həm prosedur, həm də substantiv) və 3-cü maddələri pozulub.

Hökumət qərar qüvvəyə mindikdən sonra ərizəçiyə mənəvi zərərə görə 35 min, xərc və məsrəflərə görə 2 min avro təzminat ödəməlidir.

Qərarın mətni: Azərbaycanca (tezliklə əlçatan olacaq)
Qərarın mətni: İngiliscə

İşin halları – 2011-ci ildə nələr baş vermişdi?

T.Zeynalov 2011-ci ildə Naxçıvan MTN tərəfindən həbs edilmişdi. İran xüsusi xidmət orqanları ilə əlaqədə günahlandırılan T.Zeynalova dövlətə xəyanət ittihamı irəli sürülmüşdü. Həmin il avqustun 28-də Naxçıvan MTN-ə aparılan T.Zeynalovun səhhətində problem yaranmış, təcili yardımla xəstəxanaya aparılarkən, yolda vəfat etmişdi. Hadisədən sonra mediada T.Zeynalovun işgəncə nəticəsində vəfat etməsini göstərən video və foto görüntülər yayılıb.

T.Zeynalovun ailə üzvləri Naxçıvan MTN-ə, Naxçıvanın baş prokuroruna, Azərbaycanın baş prokuroruna, Ombudsmana müraciət ediblər, ölüm işinin araşdırlması ilə bağlı sənədləri tələb ediblər. Ancaq həmin sənədlər ailəyə təqdim edilməyib. Onların müraciətlərinə cavablarda T.Zeynalovun hər hansı işgəncə, pis rəftra məruz qalmadığı, ağciyərindəki problemdən vəfat etdiyi ifadə edilib.

T.Zeynalovun ailə üzvləri araşdırma ilə bağlı sənədlərin onlara verilməməsindən məhkəmyə şikayət ediblər, bunun qanunsuz sayılmasını tələb ediblər. Ancaq heç bir məhkəmə onların şikayətlərini qəbul etməyib. 2012-ci ildə inzibati məhkəmə ailənin şikayətini icraata qəbul edib, onu rədd edib. Həmin qərardan Naxçıvan Ali Məhkəməsinə verilmiş şikayətə isə ümumiyyətlə cavab verilməyib. Olayların fonunda Naxçıvan MTN ailəyə basqı edib, nazirlik rəsmiləri iki dəfə ailəni bu qurumu ləkələmkdə ittiham ediblər.