AİHM şikayətlərə baxılmasında yeni strategiya tətbiq edir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) şikayətlərə daha tez, effektli baxılması üçün yeni iş icraatı strategiyası qəbul edib. Bu strategiya AİHM-in 2009-cu ildə qəbul etdiyi, 2017-ci ildə dəyişikliklər etdiyi işlərə prioritet qaydada baxılması siyasətinin gücləndirilməsinə söykənir.

AİHM-in məlumatında vurğulanır ki, 2010-cu ildə başladılan və 2020-ci ildə Afina şəhərində başa çatdığı elan edilən “Interlaken islahatı” mərhələsi effektli olub, bu mərhələdə 2011-ci ildə baxılmasını gözləyən 160 min ərizənin sayı 65 minə qədər azalıb. Bu islahat mərhələsi əsasən, AİHM-in icraata qəbul etdiyi ərizələrin həcminə hədəflənmişdi. Eyni zaman kəsiyində həmçinin, icraat müddətini sürətləndirmək və ən önəmli, ən ciddi, ən təcili ərizələrə baxılmasını təmin etmək üçün prioritetlik siyasəti həyata keçirilib. AİHM-in mövcud prioritet siyasəti ən təcili və ən az əhəmiyyətli ərizələri əhatə edən yeddi iş icraatı kateqoriyasını müəyyən edir. Bununla yanaşı, baxılması 5-6 il sürə bilən aralıq kateqoriyalara daxil olan önəmli ərizələr ola bilər. Bu ərizələr insan haqlarının qorunması sisteminin inkişaf etdirilməsi üçün xüsusi önəmə sahib olan, Avropa Konvensiyasının yorumlanması və tətbiqi ilə bağlı yeni müzakirələri, sualları ortaya çıxaran Palata qarşısındakı ərizələrdir. Artılq “Təsiredici” işlər kimi qeyd edələcək belə ərizələr AİHM-in yeni strategiyasının mərkəzində mərkəzində yer alacaq.

AİHM prezident Robert Spano yeni strategiya ilə bağlı deyib:

“2021-ci ilin əvvəlində paradiqma dəyişikliyinə ehtiyac var idi. Məhkəmə ərizəçi və üzv dövlətlər üçün təsiredici və aktual işlərin sürətli müəyyənləşdirilməsinə daha çox diqqət yetirərək, prioritetlik siyasətinin gücləndirilməsinə getdikcə çox əhəmiyyət verəcəkdir. Məhkəmənin uğuru artıq müəyyən bir dövrdə baxılan işlərin sayı ilə deyil, prioritetlik siyasətimiz çərçivəsində üzv dövlətlər və daha geniş Avropa hüquq sahəsi üçün vacib olan işlərə baxılması yolu ilə ölçüləcəkdir”.

AİHM-in yeni stragtegiyası ilə bağlı daha detallı bilgi ilə burdan tanış olmaq olar.