AİHM: Hökumət dini toplantının dağıdılmasına görə 7 nəfərə təzminat ödəyəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 11-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə iki qərarını elan edib. Hər iki qərar hökumətin məhkəməyə tədim etdiyi təktərəfli bəyannamə diqqətə alınaraq qəbul edilib.

Pənahov və başqaları Azərbaycana qarşıqərarı gör Eng Azəri

Pənahov və başqaları Azərbaycana qarşı işində ərizəçilər 4 nəfər olub, Nicat Pənahov, Şəlalə Atamova, Mehparə Cəfərova və Lalə Yusifova. “Yahova şahidləri” dini icmasının üzvləri olan ərizəçilərin qatıldıqları dini toplantıya polis müdaxilə etmişdi. Ərizəçilər iddia edirdilər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, şəxsi həyatın toxunulmazlığı, din azadlığı və toplaşmaq hüquqlarına müdaxilə olunub.

Kommunikasiya zamanı Azərbaycan hökuməti məhkəməyə təktərəfli bəyannamə təqdim edib – iddia olunan pozuntuların doğrudan da baş verdiyini etiraf edib, pozuntuların kompensasiyası üçün hər bir ərizəçiyə 4 min avro ödənilməsini təklif edib. Ərizəçilər bu təkliflə razılaşmasalar da AİHM şikayətin araşdırlmasının davam etdirilməsi üçün gərəkli əsasların olmaması qənaətinə gəlib və qərar verib ki, şikayət baxılacaq işlərin siyahısından çıxarılsın. Qərara görə, Hökumət ərizəçilərin hər birinə 4 min avro təzminat ödəyəcək.

Sadullah Genc və başqaları Azərbaycana qarşıqərarı gör Eng Azəri

Sadullah Genc və başqaları Azərbaycana qarşı işi də dini toplantıya imkan verilməməsi, polislər tərəfindən dağıdılması ilə bağlı idi. Bu işdə ərizəçilər – Sadullah Genc, Tuğrul Kıraz və Saim Samur 2 min manat cərimə olunmuş və ölkədən çıxarılmalarına qərar verilmişdi. Onlar iddia edirdilər ki, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və din azadlığı hüquqlarına müdaxilə edilib.

Bu işdə də Hökumət, məhkəməyə təktərəfli bəyannamə təqdim edib – iddia olunan pozuntuların doğrudan da baş verdiyini etiraf edib, pozuntuların kompensasiyası üçün hər bir ərizəçiyə 4 min avro ödənilməsini təklif edib. AİHM bu təklifi yetərli sayıb və şikayətin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib. Hökumət ərizəçilərin hər birinə 4 min avro təzminat ödəməlidir.