№43107/19 E.QASIMOV və BAŞQALARI AZƏRBAYCANA QARŞI – 3 oktyabr 2022-ci il

 

3 Oktyabr 2022-ci il tarixdə dərc edilib

BEŞİNCİ BÖLMƏ

Ərizə nömrəsi 43107/19 Elçin QASIMOV və Başqaları Azərbaycana qarşı

6 Avqust 2019-cu ildə daxil olub

12 sentyabr 2022-ci il tarixdə hökumətlə kommunikasiya eidlməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Hazırkı ərizələr, ərizəçilər barəsindəki cinayət mühakiməsinin ədalətli olmaması iddiaları ilə bağlıdır.

Ərizəçilər rəsmi qeydiyyata alınmamış dini hərakat olan “Müsəlman Birliyi” (“MB”) hərəkatının üzvləri və ya tərəfdarlarıdılar, ya da hakimiyyət tərəfindən belə qəbul edilirlər. “MB” 2015-ci ilin əvvəlində Taleh Bağırov tərəfindən qurulub.

2015-ci il noyabrın 26-da “Nardaran hadisələri” adlanan olay baş verib. Həmin gün Daxili İşlər Nazirliyinin (“DİN”) silahlı polis əməkdaşları əməliyyat keçirərək, M.B.-nin üzvləri və tərəfdarlarını, o cümlədən Taleh Bağırovu həbs edib. Sonradan həbs edilmiş şəxslər bir sıra ağır cinayətlərə görə məhkum olunublar (sözügedən əməliyyat, həbslər və hökmlər Məhkəmədə baxılan 47347/18 saylı ərizənin predmetidir).

Ərizəçilər MB və “Nardaran hadisələri” ilə əlaqəli həmin olaylardan sonra həbs olunublar.

Polisin tərtib etdiyi qeydlərə görə, ərizəçilərin üzərində və ya evlərində aparılan axtarışlar zamanı silahlar, partlayıcı maddələr və zorakılığa çağırışların yer aldığı bukletlər aşkar edilərək götürülüb.

Bütün ərizəçilər, MB üzvü və ya tərəfdarları olaraq, terrora hazırlıq, terror törətməyə açıq çağırışlar, kütləvi iğtişaşlar törətməyə çağırışlar, qanunsuz olaraq silah, partlayıcı maddələr əldə etmək, saxlamaq və gəzdirmək və s. daxil olmaqla, hakimiyyəti zorakılıqla ələ keçirmək, silahlı birləşmələr və ya qruplar yaratmaq, bir qrup şəxs tərəfindən dövlətə qarşı açıq çağırışlar və mütəşəkkil cinayətkar qrup tərəfindən milli, irqi və ya dini düşmənçiliyin qızışdırılması cinayətlərində təqsirli sayılaraq, məhkum ediliblər. Ərizəçi Elçin Qasımov əlavə olaraq xuliqanlıqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, saxta sənədlər hazırlamaqda və istifadə etməkdə təqsirli bilinib. Ərizəçi Ağa Əli Yəhyayev isə əlavə olaraq, bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına səbəb olan hərəkətləri təşkil etmək və bu aksiyalarda iştirak etməkdə, hakimiyyət nümayəndəsinə müqavimət və ya zorakılıq göstərməkdə təqsirli bilinərək, məhkum edilib.

Ərizəçilərin hamısı eyni cinayət işi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub, on iki il üç aydan on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.

8 yanvar 2019-cu il tarixdə Ali Məhkəmə bu cinayət işi üzrə yekun qərarını elan edib (bu qərar ərizəçilərin vəkilinə 7 fevral 2019-cu il tarixdə təqdim edilib).

Ərizəçilər məhkum olunmazdan əvvəl DİN və Baş Prokurorluq Nardaran hadisələri ilə bağlı media üçün açıqlama verib.

Ərizəçilər Məhkəmə qarşısında, məhkumluqlarının pis rəftar nəticəsində əldə edilmiş öz əleyhlərinə ifadələr kimi uydurma və başqa cür qanunsuz sübutlara əsaslandığını, onlara qarşı cinayət prosesinin Konvensiyanın 6-cı maddəsinin 1 və 3 (a), (b), (c) və (d) bəndləri çərçivəsindəki ədalətli məhkəmə araşdırması ilə bağlı müxtəlif təminatlarin pozulduğunu iddia edirlər.

Ərizəçilər həmçinin, DİN və Baş Prokurorluğun mediaya açıqlamasında cinayət törətməkdə təqsirli bilinməzdən əvvəl cinayətkar kimi göstərilmələri səbəbindən, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən təqsirsizlik prezumpsiyası hüquqlarına müdaxilənin baş verməsindən şikayət ediblər.

Bundan başqa, həbslərinin və onlara qarşı irəli sürülən ittihamların din azadlığı, toplaşmaq və birləşmək azadlığı hüquqlarını pozduğunu; siyasi səbəblərdən və MB ilə əlaqələri səbəbindən həbs və mühakimə olunduqlarını iddia edən ərizəçilər Konvensiyanın 9 və 6-cı maddələri ilə birlikdə götürülməklə, Konvensiyanın 18-ci maddəsinə əsasən də şikayət ediblər.

TƏRƏFLƏRƏ ÜMUMİ SUALLAR

1. Ərizəçilər onlarla bağlı cinayət ittihamlarının müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, ədalətli mühakimə haqqına sahib idilərmi? Xüsusilə, ərizəçilərin əsaslandırılmış qərar əldə etmək hüququna, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə hörmət edilibmi? Ərizəçilərə onların əleyhinə olan sübutları mübahisələndirmə, lehlərinə olan sübutları təqdim etmək və bu cür sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkanlar yaradılmışdımı?

2. Prosesin məhkəməyəqədər mərhələsində ərizəçilərin hüquqi yardım almaq hüququna riayət olunubmu?

3. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) bəndində tələb olunduğu kimi, özlərinin seçdikləri hüquqi yardım vasitəsilə müdafiə oluna biliblərmi?

4. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (d) bəndində tələb olunduğu kimi, onlara qarşı olan şahidləri dindirə bildilərmi? Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (d) bəndində tələb olunduğu kimi, onların adından şahidlərin iştirakı imkanı verilibmi?

5. Hazırkı işlərdə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təminat altına alınan təqsirsizlik prezumpsiyası hüququna, xüsusilə DİN və Baş Prokurorluğun mediaya açıqlamalarının işığında hörmət göstərilibmi? Ərizəçilər daxili müdafiə vasitələrinin tükənməsi tələbinə və altı aylıq qaydaya əməl ediblərmi?

6. Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçilərin dini etiqad azadlığına müdaxilə baş veribmi? Baş veribsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və 9-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

7. Hazırkı işlərin şərtləri baxımından, Konvensiyanın 6-cı maddəsi ilə birlikdə götürülməklə 18-ci maddənin tətbiqi uyğundurmu (bax: İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, § 261, 16 noyabr 2017-ci il)?

8. Dövlətin Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq ərizəçilərə qarşı tətbiq etdiyi məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulan məqsədlərdən başqa məqsədlər üçünmü tətbiq edilmişdi?

Tərəflərdən öz cavablarını və təqdimatlarını təsdiq edən zəruri sənədli sübutları, o cümlədən daxili məhkəmələrin hökm və qərarlarının surətlərini, məhkəmə iclaslarının stenoqramlarını və ərizəçilərin apellyasiya şikayətlərini və tələblərini təqdim etmələri xahiş olunur.

CƏDVƏL

Ərizəçilərin siyahısı

No. Ərizə nömrəsi Doğum tarixi,

Milliyəti,

İqamət yeri

Təmsil olunub
1. Elchin Kamal oglu GASIMOV 1985

Azərbaycanlı

Bakı

Fariz Namazlı
2. Aga-Ali Eldar oglu YAHYAYEV 1983

Azərbaycanlı

Abşeron

Fariz Namazlı
3. Nahid Nasib oglu GAHRAMANOV 1979

Azərbaycanlı

Abşeron

Fariz Namazlı
4. Seyfaddin Nurulla oglu SHIRVANOV 1982

Azərbaycanlı

Abşeron

Fariz Namazlı
5. Farhad Mirzahasan oglu MURADOV 1979

Azərbaycanlı

Bakı

Fariz Namazlı
6. Ramil Zabil oglu ALIYEV 1982

Azərbaycanlı

Cəlilabad

Fariz Namazlı
7. Vusal Nadir oglu ALISH 1984

Azərbaycanlı

Bakı

Fariz Namazlı
8. Isa Tofig oglu IBRAHIMOV 1989

Azərbaycanlı

Lənkəran

Fariz Namazlı
9. Ali Atabala oglu SHAHBAZOV 1993

Azərbaycanlı

Bakı

Fariz Namazlı
10. Amirali Ismayil oglu ALIYEV 1959

Azərbaycanlı

Bakı

Fariz Namazlı