AİHM tanınmış vəkilin və dindarın şikayətlərini araşdırmağa başlayıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan 2018 və 2020-ci ildə göndərilmiş iki şikayəti araşdırmağa başlayıb.

Fariz Namazlının işi

Bu məhkəmə işində vəkil olan ərizəçi həbsxana rəhbərliyi tərəfindən onun şəxsi həyatına və yazışmalarına hörmət hüququna müdaxilə olunmasından şikayət edib. Ərizəçi iddia edir ki, həbsxanada müvəkkili ilə görüşdən sonra yoxlamaya məruz qalıb, müvəkkilinin görüş zamanı verdiyi ifadəsi ondan alınıb. Daxili məhkəmələr, iddiaları təsdiq edən müvafiq sübutların təqdim edilməməsi əsası ilə ərizəçinin şikayətinə mahiyyəti üzrə araşdırmaqdan imtina edib.

Bu şikayətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması) və 8-ci (şəxsi həyata hörmət) maddələrinin pozuntusu iddiası qaldırılıb. AİHM həmçinin, ərizəçinin effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozulub-pozulmadığını da araşdırır.

Sərdar Babayevin işi

Bu məhkəmə işi İranda dini təhsil almış Azərbaycan vətəndaşı olan ərizəçinin məsciddə qanunsuz dini təbliğat aparması əsası ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dairdir. Daxili məhkəmələr xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının dini ayin və mərasimləri icra etməsinin qanunsuz olması əsası ilə S.Babayevi Cinayət Məcəlləsinin 168-1.3.1-ci (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsi ilə təqsirli bilib, üç il müddətinə azadlıqdan məhrum edib.

Ərizəçi Konvensiyanın 9-cu (dini etiqad azadlığı) və 14-cü (ayrı-seçkiliyin yolverilməzliyi) maddələrinin pozuntusu məsələsini qaldırıb.

Ərizəçini AİHM qarşısında vəkil Cavad Cavadov təmsil edir.