№64581/16 NATİQ CƏFƏROV AZƏRBAYCANA QARŞI – 7 NOYABR 2019-Cİ İL

YENİ © tərcümə – aihmaz.org – yüklə_Natiq Cəfərov Azərbaycana qarşı

 

BEŞİNCİ BÖLMƏ

 

NATİQ CƏFƏROV AZƏRBAYCANA QARŞI

(Ərizə № 64581/16)

QƏRAR

 

 

STRASBURQ

7 noyabr 2019

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qüvvəyə minir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Natiq Cəfərov Azərbaycana qarşı işi üzrə,

Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə toplaşıb:

Angelika Nußberger, President,
Ganna Yudkivska,
Yonko Grozev,
Síofra O’Leary,
Mārtiņš Mits,
Lәtif Hüseynov,
Lado Chanturia, hakimlər,
və Claudia Westerdiek, İclasın katibi,

8 oktyabr 2019-cu il tarixdə xüsusi müşavirə keçirərək,

Həmin tarixdə aşağıdakı qərarı qəbul etdi:

 

PROSEDUR

1. Bu məhkəmə işi 26 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı Natiq Mehman oğlu Cəfərov (Ərizəçi) tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasına qarşı verdiyi ərizə (№ 64581/16) əsasında başladılıb.

2. Ərizəçini Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab C. Cavadov təmsil edib. Azərbaycan Hökumətini (“Hökumət”) isə Hökumətin nümayəndəsi cənab Ç. Əsgərov təmsil edib.

3. Ərizəçi xüsusilə, məhkəmə zalında metal qəfəsdə saxlanmasının Konvensiyanın 3-cü maddəsinə zidd olduğunu, saxlanılmasının və məhkəməyə qədər həbs edilməsinin Konvensiyanın 5, 11 və 18-ci maddələrini pozduğunu iddia edirdi.

4. Ərizəçinin Konvensiyanın 3, 5, 11 və 18-ci maddələri ilə bağlı şikayətləri haqda 12 mart 2018-ci il tarixdə Hökumət bilgiləndirildi. Ərizənin qalan hissəsi Məhkəmənin Qaydalarının 54.3-cü Qaydasına əsasən, qəbuledilməz elan edildi.

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1972-ci ildə anadan olub, Bakıda yaşayır.

6. İşin halları böyük ölçüdə Rəsul Cəfərov Azərbaycana qarşı (№ 69981/14, 17 mart 2016), Məmmədli Azərbaycana qarşı (№ 47145/14, 19 aprel 2018-ci il) və Əliyev Azərbaycana qarşı (68762/14 və 71200/14, 20 sentyabr 2018) işlərin hallarının oxşarıdır. Hazırkı işdəki Ərizəçi də həmin işlərdəki oxşar cinayət ittihamlarına əsasən, həbs olunub.

7. Ərizəçi Respublikaçı Alternativ Vətəndaş Hərəkatının (REAL) həmtəsisçisidir, həmin hərəkatın İdarə Heyətinin üzvüdür. Ərizəçi siyasi fəaldır, Facebook-da ölkədəki iqtisadi və sosial problemlərlə bağlı yazıb-yaydığı tənqidi məzmunlu məqalələri ilə tanınır.

8. 22 aprel 2014-cü il tarixdə Baş Prokurorluq bir sıra qeyri-hökumət təşkilatlarının maliyyə fəaliyyətində ehtimal olunan qanun pozuntuları ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifəli şəxs tərəfindən uydurma) maddələri ilə cinayət işi başlayıb. Ərizəçi həmin cinayət işi çərçivəsində bir neçə dəfə şahid qismində prokurorluqda dindirilib.

9. Baş Prokurorluqda açılmış həmin cinayət işi çərçivəsində REAL Hərəkatının İdarə Heyətinin digər üzvü, cənab Rəsul Cəfərov qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs olunub (detallı bilgi üçün yuxarıda göstərilən Rəsul Cəfərov Azərbaycana qarşı qərarına baxın).

10. Azərbaycan Respublikasının Prezidenti 18 iyul 2016-cı il tarixdə ölkə Konstitusiyasına iyirmi doqquz dəyişiklik edilməsini nəzərdə tutan Referendum Aktı layihəsini təqdim edib. Təklif olunan dəyişiklik təklifində xüsusilə, prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qədər artırılması, vitse-prezident institutunun yaradılmasını, prezidentə erkən prezident seçkilərinin keçirilməsi və Parlamentin buraxılması ilə bağlı əlavə səlahiyyətlərin verilməsi nəzərdə tutulurdu.

11. 26 iyul 2016-cı il tarixdə Hökumət referendumun 26 sentyabr 2016-cı il tarixdə keçiriləcəyini, seçicilərin Konstitusiyaya təklif edilən iyirmi doqquz dəyişikliyin hər birinə ayrılıqda səs verəcəyini açıqladı.

12. Bundan sonra REAL Hərəkatı Konstitusiyaya təklif edilən dəyişikliklərə qarşı kampaniya aparmaq qərarı verdi və təşviqat qrupunu Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyata alınması üçün imza toplanılmasına başladı. Ərizəçi və cənab T.İ. REAL-ın təşviqat qrupunun MSK-dakı səlahiyyətli nümayəndələri təyin edildilər.

13. Ərizəçi 12 avqust 2016-cı il tarixdə həbs edildi, ona qarşı Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli süfrüldü. İrəli sürülən ittihamların təsviri Rəsul Cəfərov Azərbaycana qarşı (yuxarıda göstərilib, § 16), Məmmədli Azərbaycana qarşı (yuxarıda, § 14) və Əliyev Azərbaycana qarşı (yuxarıda göstərilən, § 21) işlərindəki ittihamların oxşarı idi. Ərizəçi 2011 və 2014 illər aralığında müxtəlif layihələr çərçivəsində ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan (NED) aldığı qrantları müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməməklə, müvafiq qrant müqavilələri üzrə vəsaitlərindən özünə və layihələrdə iştirak edən digər şəxslərə əmək haqqı və xidmət haqqı ilə bağlı ödənişlər etməklə qeyd edilən cinayətləri törətməkdə ittiham olunurdu.

14. Həmin gün Nəsimi Rayon Məhkəməsi Ərizəçiyə qarşı irəli sürülmüş rəsmi ittihamlara və prokurorun həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatına əsaslanaraq, onun barəsində dörd ay müddətinə həbs qəti imkan tədbirinin seçilməsinə qərar verdi. Məhkəmə Ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarı ona qarşı irəli sürülmüş ittihamların ağırlığı, məhkəməyə qədər azadlıqda qalacağı təqdirdə gizlənə biləcəyi və ya istintaqa mane ola biləcəyi ilə izah etdi.

15. Həmin günlərdə – 15 avqust 2016-cı il tarixdə cənab T.I. və REAL Hərəkatının daha bir üzvü İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis əməkdaşının qanuni əmrlərinə tabe olmamaq) maddəsi ilə günahlandırıldılar və yeddi günlüyə inzibati həbs cəzasına məhkum edildilər.

16. Ərizəçi 15 avqust 2016-cı il tarixdə məhkəməyə qədər həbs edilməsinin qanunsuz olması əsası ilə apelyasiya şikayəti verdi, o, Nəsimi rayon Məhkəməsinin barəsində verdiyi 12 avqust 2016-cı il tarixli qərarın ləğv edilməsini tələb etdi. Ərizəçi şikayətində vurğuladı ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir qanuni əsas olmayıb. Ərizəçi xüsusilə, onun cinayət əməli törətdiyinə dair heç bir əsaslı şübhənin mövcud olmadığını vurğuladı. Ərizəçi daha sonra Konvensiyanın 18-ci maddəsinə əsaslanaraq, ona qarşı irəli sürülən ittihamların siyasi motiv daşımasından və həbsinin əsl məqsədinin onu susdurmaqdan ibarət olduğunu vurğuladı.

17. Bakı Apelyasiya Məhkəməsi 17 avqust 2016-cı il tarixdə Ərizəçinin şikayətinə baxıb, onu rədd etdi. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qanuni saydı. Ərizəçi bildirir ki, apelyasiya şikayətinə baxıldığı məhkəmə iclası zamanı onu zaldakı metal qəfəsə yerləşdirmişdilər. Ərizəçi iddiasını təsdiq edən fotoşəkili də Məhkəməyə təqdim etdi.

18. Həmin gün Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin sözçüsü aşağıdakı məzmunda bəyanat verdi:

“Azərbaycanda REAL partiyasının icra katibinin [Ərizəçi] həbs edilməsi, bu partiyanın qarşı olduğu və əleyhinə kampaniya apardığı konstitusiya dəyişiklikləri ilə bağlı referendumdan sadəcə, 6 həftə əvvələ təsadüf edir. Onun tutulması və məhkəməyə qədər 4 ay müddətinə həbs edilməsi, kampaniyada iştirak edən digər şəxslərin həbs edilməsi ilə bərabər çox narahatlıq yaradan xəbərdir”.”

19. Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları 18 avqust 2016-cı il tarixdə əlaqəli hissələri aşağıdakı məznunda olan birgə bəyanat yaydılar:

Azərbaycan: Referendumdan əvvəl insan haqlarına basqılar yenidən vüsət alıb

BİRGƏ BƏYANAT

Konstitusiya referendumuna altı həftə qalmış Azərbaycan hakimiyyəti tənqidi səsləri susdurmaq üçün yeni repressiya dalğasına başlayıb…
Tanınmış azərbaycanlı iqtisadçı və müxalif Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi [Ərizəçi] avqustun 12-də qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib və onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib…

NİDA Vətəndaş Hərəkatının fəalı [E.G.] avqustun 13-də həbs edilib. Həftə sonunda onunla əlaqə saxlamaq mümkün olmayıb, avqustun 15-də isə o, narkotik maddə saxlamaqda ittiham edilib və barəsində məhkəməyə qədər 4 aylıq həbs qətimkan tədbiri seçilib. Avqustun 15-də REAL Hərəkatının üzvü olan gənc fəallar [T.İ.] və [E.Qas.] polisə müqavimət göstərmək ittihamı ilə saxlanılıb, onların hər birinə 7 gün müddətinə inzibati həbs cəzası verilib. Hakimiyyət vətəndaş fəalı və keçmiş siyasi məhbusa da basqılar etdi, [B.H.] rəsmilər onu ifadə vermək üçün çağırdılar və sonra, “kiçik xuliqanlıq” ittihamı ilə 100 manat cərimə etməzdən əvvəl, üç gün davam edən məhkəmə iclasına görə, saxlanıldı…

20. REAL Hərəkatının nümayəndələri 22 avqust 2016-cı il tarixdə mətbuat konfransı keçirərək, siyasi təzyiqlərlə, özəlliklə də REAL hərəkatının referendumla bağlı kampaniyasının hazırlanmasında fəal iştirak etmiş Ərizəçi də daxil olmaqla bəzi REAL üzvlərinin həbsi ilə əlaqədar olaraq, referendumla bağlı kampaniyaya qatılmamağa qərar verdiklərini və kampaniyaya qatılmaq üçün tələb olunan imza toplanılmasını dayandırdıqlarını elan etdilər.

21. 3 sentyabr 2016-cı il tarixdə referendumla bağlı təşviqat kampaniyasına rəsmi olaraq, start verildi.

22. Ərizəçi 4 sentyabr 2016-cı il tarixdə barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qarşılığında azadlığa buraxılma tədbiri ilə əvəz edilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdi.

23. Nəsimi Rayon Məhkəməsi həmin müraciətə 6 sentyabr 2016-cı il tarixdə baxdı və onu rədd etdi.

24. Ərizəçi 9 sentyabr 2016-cı il tarixdə bu qərardan apelyasiya şikayəti verdi.

25. Həmin gün işə baxan prokuror Nəsimi Rayon Məhkəməsinə təqdimat verdi və məhkəmə qədər həbs tədbiri üçün əsasların olmadığını bildirərək, həbs qətimkan tədbirinin ləğv olunmasını xahiş etdi. Nəsimi Rayon Məhkəməsi elə həmin gün prokurorun təqdimatını təmin etdi və ərizəçinin dərhal sərbəst buraxılmasına qərar verdi. Bundan sonra, Ərizəçi 6 sentyabr 2016-cı il tarixli qərardan verdiyi apelyasiya şikayətini geri götürdü.

26. Konstitusiyaya dəyişikliklərlə bağlı referendum planlaşdırıldığı kimi 26 sentyabr 2016-cı il tarixdə keçirildi. Yekun rəsmi nəticələrə görə, seçicilərin 83% – 91% faizi konstitusiyaya təklif edilən iyirmi doqquz dəyişikliyin hamısını dəstəklədi.

27. Prokurorluq 17 avqust 2017-ci il tarixdə Ərizəçiyə qarşı açılmış cinayət işinə xitam verilməsi barədə qərar qəbul etdilər.

II. MÜVAFİQ YERLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ

28. Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəaları, habelə, əlaqəli beynəlxalq hesabatların ətraflı təsviri Rəsul Cəfərov qərarında (yuxarıda göstərilir, §§ 50 84) ifadə edilib..

QANUNVERİCİLİK

I. KONNVENSİYANIN 3-cü MADDƏSİNİN POZUNTUSU İDDİASI

29. Ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsaslanaraq şikayət etdi ki, 17 avqust 2016-cı il tarixdə keçirilən apelyasiya məhkəməsi iclası zamanı məhkəmə zalında metal qəfəsdə saxlanılması, ləyaqəti alçaldan rəftara bərabər olub, onun ləyaqətinə toxunub. 3-cü maddədə deyilir:

“Heç kim işgəncəyə və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”

A. Qəbuledilənlik

1. Tərəflərin təqdimatları

30. Hökumət Ərizəçinin şikayəti ilə bağlı daxili müdafiə vasitələrinin tükəndirilmədiyini bildirdi. Hökumət iddia etdi ki, Ərizəçi bu məsələni işə baxan məhkəmənin diqqətinə təqdim etməyib və metal qəfəsdən çıxarılmasını məhkəmədən tələb etməsinin mümkün olmamasını sübut edə bilməyib. Bundan əlavə, onu da vurğuladı ki, Ərizəçi məhkəmə zalında saxlanılması şərtlərindən verdiyi apellyasiya şikayətini geri götürüb.

31. Hökumət eyni zamanda iddia etdi ki, Ərizəçinin şikayəti əsassızdır, ona görə ki, təqdim etdiyi fotoşəklin məhz 17 avqust 2016-cı il tarixli məhkəmə iclasında çəkildiyini göstərən heş bir sübut yoxdur. Hökumət, həmçinin məhkəməyə qədər həbs qətimkan tədbiri ilə bağlı məhkəmə iclaslarının, bir qayda olaraq, qapalı, kamerada keçirildiyini, buna görə, fotonun qaynağını da mübahisəli olduğunu qeyd etdi.

32. Ərizəçi Hökümətin təqdimatı ilə razılaşmadı, qeyd etdi ki, Məhkəməyə təqdim etdiyi foto Ərizəçinin konvoy işçisinin nəzarəti altında bir metal qəfəsdə saxlanıldığını aydın şəkildə göstərir. Eyni zamanda müttəhimlərin məhkəmə zalında metal qəfəsdə saxlanılmasının oturuşmuş bir təcrübə olduğunu bildirdi. Ərizəçi bu baxımdan, 11 sentyabr 2018-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin eyni məhkəmə zalında baş tutan məhkəmə iclaslarından birində metal qəfəsdə saxlanılan başqa bir müttəhimin görüntülərinin əks olunduğu, mediada yayımlanmış fotoşəkilin surətini Məhkəməyə təqdim etdi. Ərizəçi həmçinin, mövcud təcrübənin ümumi təbiəti baxımından, tükəndiriləcək daxili müdafiə vasitəsinin olmadığını qeyd etdi.

2. Məhkəmənin dəyərləndirməsi

33. Hökumət ərizəçinin daxili müdafiə vasitələrinin tükəndirilməsi qaydasına əməl etmədiyini iddia etdiyinə görə, Məhkəmə bunları qeyd edir ki, hökumət öz təqdimatında təsirli çözüm yolu ola biləcək tədbirin növünü kifayət qədər dəqiqliklə göstərməyib, həmin tədbirin iddia edilən pozuntunun və ya pozuntunun davam etməsinin qarşısını necə ala biləcəyi, zərərin qarşılığının ödənilməsini necə təmin edəcəyi barədə yetərli bilgi verməyib. Ərizəçinin bu məsələni işə baxan məhkəmənin diqqətinə təqdim etməməsi barədə Hökumətin arqumentlərinə gəlincə, mövcud praktikanın işığında, metal qəfəsdən sərbəst buraxılmaq istəyən bir şəxs üçün daxili qanun və ya təcrübəyə söykənən xüsusi bir proseduranın mövcud olması göstərilmədi (Çalovskis Latviyaya qarşı, no. 22205/13, § 91, 24 iyul 2014-ci il). Bundan başqa, Hökümət ərizəçinin cinayət proseslərində məhkəmə qarşısına çıxarılan müttəhimlərin metal qəfəslərə yerləşdirilməsinin hələ də ümumi bir təcrübə olması barədə iddialarına dair etiraz da bildirməyib (bax: Svinarenko və Slyadnev Rusiyaya qarşı [GC], № 32541/08 və 43441/08, § 75, AİHM 2014, (çıxarış) Avropa Şurasına üzv dövlətlərin məhkəmə zallarında “metal qəfəs” in istifadəsi ilə bağlı). Bu, eyni zamanda yaxınlarda keçirilmiş məhkəmə iclası zamanı müttəhimlərdən birinin metal qəfəsdə saxlanmasına dair ərizəçi tərəfindən təqdim olunmuş fotoşəkilin surəti ilə də təsdiqlənir. Bu baxımdan, Hökumətin ərizəçinin şikayətinin əsassız olmasına dair növbəti arqumentinə yönələrək Məhkəmə qeyd edir ki, ona tədim edilmiş materiallarda Hökumətin bu baxışını təsdiqləyən heç bir şey yoxdur. Məhkəmənin daha öncə vurğuladığı kimi, cavabdeh Hökumətin həbs şəraiti kimi bəlli durumlarla bağlı bu iddiaları dəstəkləyəcək və ya rədd edə biləcək bilgiləri əldə etmək imkanı var. Öəzlliklə, onlardan müvafiq sənədlərin toplanılması, hazırlanması tələb olunur (bax: Ananyev və başqaları Rusiyaya qarşı, № 42525/07 və 60800/08, § 123, 10 yanvar 2012). Ancaq hazırkı işdə Hökumət ərizəçinin iddiasını təkzib etmək üçün heç bir dəlil təqdim etmədi.

34. Yuxarıda göstərilən səbəblərə görə Məhkəmə müəyyən etdi ki, bu şikayət daxili müdafiə vasitələrinin tükəndirilməməsi əsası ilə rədd edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən, açıq-aşkar əsassız deyil. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

35. Hökumət bildirdi ki, 17 avqust 2016-cı il tarixli məhkəmə iclası mətbuat və ictimaiyyətin iştirakı olmadan keçirilib, iclasda yalnız Ərizəçi, onun vəkilləri, prokurorlar, məhkəmə katibi və hakim iştirak edib.

36. Ərizəçi öz növbəsində şikayətini təkrarladı.

37. Məhkəmə təkrar vurğulayır ki, fərdə qarşı yol verilmiş davranışlar onu aşağılamaq məqsədilə edildiyində və ya bu davranışlar insan ləyaqətinə hörmət ifadə etməyəndə və ya fərdin mənəvi və ya fiziki müqavimətini qıra biləcək qorxu, iztirab və aşağılanmaq duyğuları doğurduğunda, belə rəftar Konvensiyanın 3-cü maddəsinin işığında “alçaldıcı” hesab olunur (bax: M.S.S. Belçika və Yunanıstana qarşı [GC], №30696/09, §220, AİHM 2011 və El-Masri keçmiş Yuqoslaviya Makedoniya Respublikasına qarşı [GC], №39630/09, §202, AİHM 2012). Rəftarın Konvensiyanın 3-cü maddəsinin işığında “aşağılayıcı” olub-olmadığını qiymətləndirmək üçün rəftarın ictimai təbiəti, uyğun və ya ağırlaşdırıcı faktor rolunu oynaya bilər. Ancaq belə bir məqsədin olmaması məlum bir rəftarın bu kateqoriyaya girməsini önləyə bilməz: qurbanın başqalarının gözü qarşısında olmasa belə, öz nöqteyi-nəzərinə görə, aşağılanması yetərli ola bilər (bax: Tyrer Birləşmiş Krallığa qarşı, 25 aprel 1978, §32; Erdoğan Yağız Türkiyəyə qarşı, №27473/02, §37, 6 mart 2007; və Kummer Çexiyaya qarşı, №32133/11, §64, 25 iyul 2013).

38. Məhkəmə daha əvvəl, obyektiv olaraq alçaldıcı təbiətini nəzərə alaraq, demokratik cəmiyyətin sivil davranış standartlarına uyğun gəlməməsi, insan ləyaqətinə hörmətsizlik ifadə etməsinə görə, məhkəmə salonunda bir şəxsin qəfəsə yerləşdirilməsinin Konvensiyanın 3-cü maddəsinə uyğun olmadığına ifadə edib (bax: Svinarenko və Slyadnev Rusiyaya qarşı, §§122-39; Urazov Rusiyaya qarşı, №42147/05, §§82-83, 14 iyun 2016; və Vorontsov və digərləri Rusiyaya qarşı, № 59655/14, §31, 31 yanvar 2017).

39. Məhkəmə qeyd edir ki, açıq dinləmələr zamanı ərizəçilərin metal qəfəslərdə saxlanmasının Konvensiyanın 3-cü maddəsinin pozuntusu kimi qiymətləndirildiyi əvvəlki hallardan fərqli olaraq, bu işdə məhkəməyə qədər həbslə bağlı məhkəmə iclası zamanı da ərizəçi metal qəfəsdə saxlanıldı, hansı ki, Hökumətin təqdimatına görə, həmin iclas kamerada keçirilmişdi. Beləliklə, Hökumət mübahisə edib ki, məhkəmə prosesi ərizəçinin vəkilləri, prokurorlar və məhkəmə katibi iştirak etsələr də, ərizəçinin metal qəfəsə yerləşdirilməsi ictimaiyyət üçün qapalı idi. Ancaq Məhkəmə bir daha təkrarlayır ki, ərizəçinin metal qəfəsə yerləşdirilməsinin ictimaiyyət üçün qapalı olması, davranışların alçaldıcı rəftar kateqoriyasına aid edilməsinə mane olmur (yuxarıdakı 37-ci paraqrafa bax).

40. Belə durumda, bir insanın metal qəfəsdə saxlanılmasının obyektiv olaraq aşağılayıcı təbiətini nəzərə alaraq Məhkəmə hesab edir ki, Ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlı məhkəmə iclası zamanı metal qəfəsdə saxlanılması alçaldıcı rəftara bərabərdir (Karachentsev Rusiyaya qarşı, №23229/11, § 53, 17 aprel 2018).
41. Buna görə də müvafiq olaraq, Konvensiyanın 3-cü maddəsi pozulub.

II. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI

42. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1, 3 və 4-cü bəndlərinə əsaslanaraq, onun tutulmasının və həbsinin qanunsuz və əsassız olmasından, hər hansı cinayət əməli törətməsinə dair əsaslı şübhənın mövcud olmamasından və daxili məhkəmələrin onun həbs edilməsi ilə bağlı səmərəli məhkəmə araşdırmasını həyata keçirə bilməməsindən, öz qərarını kifayət qədər əsaslandıra bilməməsindən şikayət edib. Konvensiyanın 5-ci maddəsinin uyğun hissələrində deyilir:

“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:

(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

3. Bu maddənin 1-ci bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.

4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.”

A. Qəbuledilənlik

43. Məhkəmə qeyd edir ki, ərizə Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndinə əsasən açıq-aşkar əsassız deyil. Daha sonra, başqa heç bir əsasla qəbuledilməz sayıla bilməyəcəyini qeyd edir. Buna görə də şikayət qəbuledilən elan olunmalıdır.

B. Mahiyyət

1. Ağlabatan şübhənin mövcud olmaması və daxili məhkəmələrin davam edən həbs üçün uyğun və kifayət qədər əsaslar göstərə bilməməsinə görə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) və 3-cü maddələrinin pozuntusu iddiası

(a) Tərəflərin təqdimatları

44. Ərizəçi Rəsul Cəfərov Azərbaycana qarşı işi üzrə (№ 69981/14, 17 mart 2016) qərara istinad edərək, oxşar şərtlərdə, oxşar cinayətlərdə ittiham olunduğunu və qeyd edilən qərarda vurğulanan əsaslara görə, cinayət əməli törətməsinə dair “əsaslı bir şübhə” olmadığını qeyd etdi. Ərizəçi həmçinin, yerli məhkəmələrin onun məhkəməyə qədər həbs edilməsi üçün “uyğun və kifayət qədər” əsaslar göstərə bilməməsindən şikayət etdi.

45. Hökumət iddia etdi ki, Ərizəçinin Cinayət Məcəlləsinin 192.1 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törədə bilməsinə dair əsaslı bir şübhənin mövcud olmasını təsdiq edən kifayət qədər dəlil, fakt və məlumat mövcud olub. Hökumət dəstək üçün təqdimatına Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 29 iyun 2015-ci il tarixdə hazırlanmış maliyyə ekpert rəyinin surətini də əlavə edib. Hökumət onu da əlavə etdi ki, Ərizəçinin məhkəməyə qədər həbs edilməsi barədə qərar əsaslandırılmış olub, uyğun və kifayət qədər əsasa söykənib.

(b) Məhkəmənin qiymətləndirməsi

46. Məhkəmə qeyd etdi ki, Ərizəçinin şikayətlərində qaldırılan məsələlər Məhkəmənin formalaşmış presedent hüququnun işığında incələnəcək. Məhkəmə bu şikayətləri özəlliklə, Rəsul Cəfərov Azərbaycana qarşı işi üzrə (yuxarıda göstərilir §§ 114-18) qərarda müəyyən edilmiş uyğun ümumi prisiplər əsasında araşdıracaq.

47. Məhkəmə qeyd edir ki, alınan qrantlarla bağlı Ərizəçiyə qarşı irəli sürülən ittihamlar Rəsul Cəfərov Azərbaycana qarşı, Məmmədli Azərbaycana qarşı (№ 47145/14, 19 aprel 2018) və Əliyev Azərbaycana qarşı (nömrəli 68762/14 və 71200/14, 20 sentyabr 2018) işlərində olduğu kimi ərizəçilərə qarşı irəli sürülmüş ittihamlarla böyük ölçüdə oxşardır. Rəsul Cəfərov Azərbaycana qarşı işdə olduğu kimi, hazırkı işdə də qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları, Ərizəçinin qrantları qeydə aldırmamasının rəsmilərə görə, de fakto komersiya fəaliyyəti ilə nəticələnməsindən qaynaqlanıb. Məhkəmə bununla bağlı Rəsul Cəfərov Azərbaycana qarşı işində belə nəticəyə gəldi:

“128. …Məhkəmə uyğun qanuvericiliyi də göz önünə alaraq (yuxarıda bax: bəndlər 69 və 71 yuxarıda) qeyd edir ki, qrantların qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tələbi, “qrant” kimi alınan maliyyə yardımlarının qanuni sayılması üçün bir şərt yox, sadəcə olaraq, bir hesabat tələbi olub. Bu hesabat tələbinin yerinə yetirilməməsi isə İnzibati Xətalar Məcəlləsinin 223-1.1-ci maddəsində xüsusi qaydada nəzərdə tutulan, cərimə ilə cəzalandırılan inzibati xəta olub (yalnız fərdi qəbuledənlər üçün 2014-cü ilin fevral ayından sonra). Hesabat tələbinə əməl edilməməsi Qrant haqqında qanunun 1.1-ci və 4.1-ci maddələrində müəyyən edilən və tənzimlənən qrant müqaviləsinin təbiətinə, yaxud, qrantın qeyri-kommersiya məqsədləri üçün istifadə edildiyi fəaliyyətlərin xarakterinə təsir göstərməyib (yuxarıda bax: bəndlər 68-69).

129. Bununla yanaşı, məhkəmə işinin materiallarında olan sənədlərdən də anlaşılır ki, prokurorluq orqanları ərizəçinin qrantların qeydiyyata alınması üçün hesabat vermə tələbini yerinə yetirə bilməməsi iddiasına istinad etməkdən başqa, ərizəçinin mənfəət əldə etmək üçün pul vəsaitlərindən qrant müqavilələrində göstərilənlərdən fərqli məqsədlər üçün istifadə etdiyini, yaxud qrant müqavilələrində göstərilən məqsədlərin həm kommersiya, həm də qeyri-qanuni olduğunu əks etdirən hər hansı bir bilginin və dəlilin mövcud olmasını göstərməyib…

130. Belə olan halda Məhkəmə bu qənaətə gəlir ki, ərizəçinin Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsinə əsasən “qanunsuz sahibkarlıq” cinayətini törətməsi ilə bağlı heç bir əsaslı şübhə mövcud deyildi, çünki, onun kommersiya fəaliyyəti ilə məşğul olduğunu göstərən heç bir fakt, bilgi və ya sübut yox idi… Bundan başqa, yuxarıda göstərilən faktlar ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulan “vəzifə səlahiyyətlərindən sui-istifadə” cinayətinin əsas tərkib hissələrindən biri olan “özü üçün və ya üçüncü şəxslər üçün qanunsuz mənfəət əldə etməyə” çalışmaq şübhəsini doğurmaq üçün də yetərli olmamışdır…”

48. Məhkəmənin hazırkı işdə fərqli nəticəyə gəlməsi üçün hüç bir əsası olmayıb, çünki, çünki yerli hakimiyyət orqanlarının bu məsələyə dair sözügedən ittihamlarının xarakteri eyni olub, Hökumətin təqdimatında Məhkəmənin fərqli nəticəyə gəlməsinə imkan verəcək heç bir şey olmayıb.

49. Ərizəçiyə qarşı əsaslı şübhəni 29 iyun 2015-ci il tarixli ekspert rəyinin də dəstəkləməsi barədə Hökumətin arqumentinə gəldikdə, Məhkəmə əvvəlcə onu qeyd edir ki, bu sübutun prokurorluq orqanları tərəfindən ərizəçinin məhkəməyə qədər həbs edilməsinə qərar verən daxili məhkəmələrə təqdim edildiyi göstərilməyib (bax: Məmmədli, yuxarıda göstərilən § 62). İkincisi, Məhkəmə qeyd edir ki, Hökumətin təqdim etdiyi ekspert rəyi əsasən, ərizəçinin aldığı qrantların qeydiyyata alınmaması nəticəsində əladə etdiyi qazancın və Vergi Məcəlləsinin 218, 219 və 220-ci maddələrinə əsasən, borclu olduğu sadələşdirilmiş verginin məbləği ilə əlaqəlidir. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, ərizəçinin qrant müqavilələri çərçivəsində əldə etdiyi pulları mənfəət əldə etmək üçün istifadə etməsini və beləliklə, kommersiya fəaliyyəti ilə məşğul olmasını göstərən heç bir bilgi və ya dəlil yox idi.

50. Yuxarıda göstərilən mülahizələri və məhkəmənin uyğun presedent hüququnu nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, ona təqdim edilmiş material şəxsin tutulması və həbsdə saxlanmasının davam etdirilməsi üçün zəruri olan şübhənin əsaslı olması üçün Konvensiyanın 5-ci maddəsinin 1(c) bəndinin müəyyən etdiyi minimum standarta cavab vermir. Buna görə də Məhkəmə belə nəticəyə gəlir ki, sözügedən dövrdə ərizəçi cinayət əməli törətməsi barədə “əsaslı şübhə” olmadan azadlığından məhrum edilmişdir.

51. Buna görə də Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub.

52. Yuxarıda gəlinən nəticələr, ərizəçinin həbsdə saxlanmasının davam etdirilməsi üçün ölkə məhkəmələrinin gətirdiyi əsasların Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələb etdiyi kimi “müvafiq və kifayət qədər” olub-olmamasını qiymətləndirməyi gərəksiz edir. Buna görə də Məhkəmə ərizəçinin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanan şikayətlərini ayrılıqda araşdırmağı zəruri hesab etmir (bax: Rəsul Cəfərov Azərbaycanda qarşı, yuxarıda qeyd olunan § 135)..

2. Ərizəçinin həbs edilməsinin qanuna uyğunluğu ilə bağlı effektiv məhkəmə araşdırmasının təmin edilməməsinə görə, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinin pozulması iddiası

53. Bu işdə Ərizəçi və Hökumət tərəfindən təqdim olunan məlumatlar Rəsul Cəfərov Azərbaycana qarşı işdə (yuxarıda göstərilən §§ 138-39) qaldırılmış eyni şikayətlərlə bağlı təqdim olunmuş məlumatlarla eyni idi.

54. Rəsul Cəfərov Azərbaycana qarşı işi (yuxarıda §§ 140-44) nümunəsində, oxşar faktlara əsaslanan oxşar şikayəti araşdırandan sonra, Məhkəmə ərizəçinin həbsinin qanuna uyğunluğu ilə bağlı effektiv məhkəmə araşdırmasının təmin edilmədiyini müəyyən etdi. Məhkəmə əlində olan materialları nəzərə alaraq, Hökumətin hazırkı işdə fərqli nəticəyə gəlməyə inandıra biləcək heç bir fakt və ya arqument təqdim etmədiyini qeyd etdi.

55. Buna görə də Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi pozulub.

III. KONVENSİYANIN 5-Cİ MADDƏ İLƏ BİRLİKDƏ GÖTÜRÜLMƏKLƏ 18-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

56. Ərizəçi Konvensiyanın 18-ci maddəsinə əsaslanaraq, azadlıq hüququnun Konvensiyada nəzərdə tutulanlardan başqa məqsədlər üçün məhdudlaşdırıldığına dair şikayət edib. Konvensiyanın 18-ci maddəsində aşağıdakılar nəzərdə tutulur:
“Qeyd olunan hüquq və azadlıqlarla bağlı [bu] Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.”

A. Qəbuledilənlik

57. Məhkəmə qeyd edir ki, ərizənin bu hissəsi Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinin işığında açıq-aşkar əsassız deyil. Bundan əlavə, məhkəmə onun qəbuledilməzliyinə dair heç bir səbəbin olmadığını da qeyd edir. Buna görə də o, qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

(a) Ərizəçi

58. Ərizəçi siyasi fəal olduğunu və ölkədəki iqtisadi və sosial problemlərlə bağlı Facebook üzərindən paylaşdığı tənqidi məzmunlu yazıları ilə tanındığını bildirdi. O, həmçinin, REAL Hərəkatının referendumla bağlı təşviqat qrupundakı nümayəndəsi idi. Ancaq həbs edildiyi üçün bu fəaliyyəti həyata keçirə bilmədi. Nəticədə REAL Hərəkatı referendum kampaniyasında iştiraklarını dayandırmaq məcburiyyətində qaldı. Ərizəçi sərbəst buraxıldıqdan sonra isə qanunvericiliklə müəyyən edilmiş müddət çərçivələri başa çatdığından, hərəkatın referendum kampaniyasında iştirak etməsi mümkün olmadı. Buna görə də işin konkret halları, ərizəçinin tutulması, məhkəməyə qədər həbs edilməsi Ərizəçinin siyasi fəaliyyətinə görə, cəzalandırılıb susdurulması, 26 sentyabr 2016-cı il tarixli Konstitusiya referendumu ilə əlaqədar REAL-ın təşviqat qrupundakı nümayəndəsi kimi fəaliyyətlərini əngəlləmək məqsədi daşıdığını göstərir.

(b) Hökumət

59. Hökumət Xodorkovskiy Rusiyaya qarşı (№ 5829/04, 31 may 2011) və Xodorkovskiy və Lebedev Rusiyaya qarşı (11082/06 və 13772/05, 25 İyul 2013) işlər üzrə qərarlara istinad edərək, öz təqdimatında bildirdi ki, hazırkı işdə Dövlət tərəfindən Konvensiyanın 5-ci maddəsinə əsasən tətbiq edilən məhdudiyyətlər bu müddəalarda nəzərdə tutulandan başqa bir məqsəd üçün deyil, ərizəçi tərəfindən törədildiyi iddia edilən ağır cinayət əməllərinin doğru araşdırılması məqsədilə tətbiq edilib. Hökumətin təqdimatına görə, ərizəçiyə qarşı irəli sürülən ittihamların heç biri siyasi xarakter daşımırdı. Ərizəçiyə qarşı tətbiq olunmuş hərəkətlər onun həqiqi və ya xəyali şəkildə siyasi həyata qatılımı ilə bağlı deyildi, əslində konkret cinayət əməllərinə görə irəli sürülmüş ittihamlar üzrə mühakimə olunmuşdu.

60. Hökumət həmçinin, ərizəçinin 12 avqust 2016-cı il tarixdə həbs olunduğunu və daxili məhkəmələrin onun barəsində 4 ay müddətinə məhkəməyə qədər həbs qətimkan tədbiri seçdiyini bildirdi. Lakin, bir aydan bir qədər tez – 9 sentyabr 2016-cı il tarixdə işi araşdıran prokuror məhkəməyə müraciət etdi, ərizəçinin məhkəməyə qədər həbsdə saxlanılmasını zəruri edən əsasların aradan qalxması səbəbindən ərizəçinin azadlığa buraxılmasını tələb etdi. Məhkəmə də prokurorun bu tələbini təmin etdi. Hökumətə görə, bu faktlar göstərir ki, ərizəçini həbs edərkən hakimiyyət orqanlarının ərizəçini siyasi fəaliyyətlərinə görə susdurmaq kimi heç bir başqa niyyəti olmayıb. Çünki, ərizəçi referendumun keçiriləcəyi tarixdən əvvəl sərbəst buraxılmışı və təşviqat qrupundakı fəaliyyətini davam etdirə bilmişdi.

2. Məhkəmənin qiymətləndirməsi

61. Məhkəmə ərizəçinin şikayətini Böyük Palatanın Merabişvili işi ([GC], № 72508/13, §§ 287-317, 28 Noyabr 2017) üzrə qərarında müəyyın etdiyi müvafiq ümumi prinsipləri nəzərə alaraq araşdıracaq.

62. Məhkəmə əvvəlcə onu qeyd edir ki, ərizəçinin tutulması və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndində nəzərdə tutulmuş məqsədlərlə həyata keçirilməyib, ərizəçiyə qarşı irəli sürülmüş ittihamlar Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin işığında “əsaslı şübhə”yə söykənməyib. Buna görə də həm aydın olmayan məqsəd, həm də Konvensiya ilə nəzərdə tutulmuş məqsədlər üçün məhdudiyyət tətbiq edildikdə hazırkı işdə məhdudiyyətlərin bir neçə məqsədinin olması barədə hər hansı sual meydana çıxmayıb. (müqayisə edin: Merabişvili, yuxarıda qeyd olunmuş §§ 318‑54).

63. Məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulmayan digər məqsədlər üçün tətbiq edilməsi işin təməl istiqaməti kimi görünmürsə, ərizəçinin azadlıq hüququnun məhdudlaşdırılmasının Konvensiyanın 5.1-ci maddəsində nəzərdə tutulan məqsədlərə cavab verməməsi şikayətin 18-ci maddənin işığında ayrılıqda incələnməsi üçün tək başına əsas deyil (yuxarıda göstərilən Merabişvili, § 291). Buna görə də məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulmayan digər məqsədllərə görə tətbiq edilməsinə dair dəlillərin olub-olmadığının araşdırılması vacibdir.

64. Bununla əlaqədar olaraq, Məhkəmə qeyd edir ki, Əliyev Azərbaycana qarşı işində (yuxarıda göstərilən § 223) Hökumətin oxşar işlərdə öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını və insan haqları müdafiəçilərini qisas almaq üçün özbaşına həbs etmək, cinayət qanunvericiliyindən siu-istifadə etmək yolu ilə 18-ci maddənin pozuntusuna yol verdiyi təsbit edilib.

65. Aşağıda göstərilən səbəblərdən, Məhkəmə qeyd edir ki, hazırkı işdəki faktların məcmusunun qeyd olunan nümunədəki məqamların bənzəri olması, kontekstual faktorlarla birlikdə aydın olmayan məqsədin sübutunu yaradır.

66. İlkin olaraq, Məhkəmə ərizəçinin statusu ilə bağlı qeyd edir ki, o, siyasi fəal şəxsdir, 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş Konstitusiya referendumu ilə bağlı təşviqat kampaniyasında fəal iştirak edib və bununla bağlı tərəflər mübahisə etməyiblər.

67. İkincisi, ərizəçinin durumu “bəzi qeyri-kommersiya qurumlarının qanunsuz fəaliyyətləri” iddiası üzrə digər tanınmış vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin uyğun cinayət ittihamları ilə həbs edilməsi və mühakimə olunmasının zəminində baxılmalıdır (bax: yuxarıda göstərilən 9 və 13-cü bəndlər).

68. Üçüncüsü, Məhkəmə işin materiallarında hələ də prokurorluq orqanlarının əlində ərizəçiyə qarşı əsaslı şübhə doğuran hər hansı bir obyektiv məlumatın olduğunu isbat edən bir şeyin olmadığını nəzərə alaraq, ərizəçiyə qarşı cinayət işinin başladılmasının vaxtına, ərizəçinin tutulmasına və həbs edilməsinə xüsusi önəm verir. Ərizəçi, Konstitusiyaya dəyişikliklər layihəsinin əleyhinə kampaniya yürüdən REAL Hərəkatını rəsmən təmsil etdiyi referendum əleyhinə təşviqat kampaniyasının rəsmi qeydiyyat prosedurunun aktiv mərhələsində həbs edildi (yuxarıda göstərilən Məmmədli Azərbaycana qarşı işi ilə müqayisə, § 102). Referendum kampaniyasına rəsmİ start verilməsindən sonra REAL hərəkatı ərizəçinin və hərəkatın digər fəallarının həbs edilməsi səbəbindən kampaniyadakı iştirakını dayandırmaq haqqında rəsmi qərarını elan etdi, bunun ardından Ərizəçi prokurorun tələbi ilə azadlığa buraxıldı. Beləliklə, Məhkəmə işdəki hadisələrin silsiləsini də nəzərə alaraq, prokurorluq orqanlarının ərizəçinin tutulması və həbs edilməsində hər hansı digər əsas məqsədinin olmaması və ərizəçinin tutulmasının və həbs edilməsinin onun refrendum təşviqatında iştirak etməsinə mane olmaması barədə Hökumətin təqdimatlarını qəbul edə bilməz.

69. Bu nöqtədə Məhkəmə Konvensiyanın hüququn üstünlüyü ilə idarə olunan demokratik toplumun ideallarını və dəyərlərini qorumaq və təşviq etmək üçün inşa edildiyini nəzərə alaraq, əsas məqsədin xarakterini və dərəcəsini diqqətə almağı məqsədəuyğun hesab edir (bax: Navalnıy Rusiyaya qarşı [GC], № 29580/12 və Navalnıy və digərləri Rusiyaya qarşı, § 173, 15 noyabr 2018). Məhkəmə qeyd edir ki, referendum kampaniyasına hazırlıq zamanı ərizəçi REAL-ın nümayəndəsi kimi çıxış edirdi, o da daxil olmaqla REAL-ın bəzi digər üzvlərinin həbs olunması sonucu, ərizəçi bu kampaniyada iştirak etmək üçün rəsmi tələb olan imzaların toplanılmasını dayandırmaq məcburiyyətində qaldı. Konstitusiya referendumu ərəfəsində müxalifətin referendum əleyhinə kampaniya aparan bir üzvünün qorxudulması ümumilikdə müxalifətin tərəfdarlarının açıq siyasi müzakirələrdə iştirakına mane olmaq üçün ciddi potensiala sahib idi. Ərizəçinin 18-ci maddə üzrə şikayətinin təməlində özəl bir fərdə yox, demokratik diskurs yolu ilə önəmli bir ictimai funksiyanı yerinə yetirməyə qərarlı olan müxalif bir siyasətçi roluna iddia edilən təqiblər dayanırdı. Bu səbəbdən məhdudiyyətdən yalnız ərizəçi və ya müxalifət tərəfdarları və fəalları yox, fərdi azadlıqların yalnız ümumi maraqlarla sərhədləndirilə biləcəyi toplumları təşkilin vasitəsi olaraq, demokratiyanın özü də təsirləndi (bax: Navalnıy Rusiyaya qarşı, yuxarıda göstərilən § 174).

70. Beləliklə, yuxarıdakı halların məcmusu göstərir ki, ərizəçinin mübahisələndirdiyi tədbirlərin gerçək əsas məqsədi ərizəçini aktiv siyasi fəaliyyətinə görə cəzalandırmaq və onun referendum kampaniyasında müxalifətin nümayəndəsi kimi iştirak etməsinin qarşısını almaq olub. Bu mülahizələrin işığında Məhkəmə hesab edir ki, ərizəçinin azadlıq hüququna məhdudiyyət Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində göstərilənlərdən başqa məqsədlər üçün tətbiq edilib.

71. Beləliklə, müvafiq olaraq Konvensiyanın 5-ci maddəsi ilə birlikdə götürülməklə, 18-ci maddəsi pozulub.

IV. KONVENSİYANIN 11-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

72. Ərizəçi həmçinin, saxlanılması və həbs edilməsinin onun Konvensiyanın 11-ci maddəsi ilə təminat altına alınan birləşmə azadlığı hüququnu pozmasından şikayət edib. Konvensiyanın 11-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

“1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.

2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.”

73. Məhkəmə qeyd edir ki, ərizəçinin bu şikayəti Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin (a) yarımbəndinə əsasən, açıq-aşkar əsassız deyil. Bundan əlavə, Məhkəmə şikayətin qəbuledilməzliyinə dair heç bir səbəbin mövcud olmadığını qeyd edir. Buna görə də Konvensiyanın 11-ci maddəsi üzrə şikayət qəbuledilən elan olunmalıdır.

74. Bununla yanaşı, eyni faktlar məcmusuna dair Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə və Konvensiyanın 18-ci maddəsinə əsasən gəldiyi nəticələri də nəzərə alan Məhkəmə hesab edir ki, Konvensiyanın 11-ci maddəsi üzrə şikayətin ayrılıqda araşdırılmasına lüzum yoxdur (Rəsul Cəfərov Azərbaycana qarşı, yuxarıda qeyd olunmuş § 170).

V. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

75. Konvensiyanın 41-ci maddəsi aşağıdakı nəzərdə tutur:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.””

A. Zərər

76. Ərizəçi mənəvi zərərə görə 30,000 avro (EUR) tələb edib.

77. Hökumət isə təqdimatında ərizəçinin iddia etdiyi məbləğin əsassız və həddindən artıq olduğunu bildirib.

78. Məhkəmə ərizəçinin yalnız pozuntunun təsbit olunması ilə kompensasiya edilə bilməyəcək mənəvi zərərə məruz qaldığı qənaətindədir. Ona görə də hesab edir ki, ərizəçiyə təzminat ödənilməlidir. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirmə apararaq, ərizəçiyə 20,000 avro məbləği dəyərində və bu məbləğ üçün ödənilməli olan hər hansı vergi məbləği dəyəri də üzərinə gəlinməklə kompensasiya təyin etdi.

B. Xərclər və məsrəflər

79. Ərizəçi daxili məhkəmə instansiyalarında və Məhkəmə qarşısında çəkilən xərclərə və məsrəflərə görə, 5.245 avro tələb etdi. O, bu tələbini dəstəkləyən müqaviləni təqdim etdi, həmin müqavilə ərizəçi ilə vəkili arasında bağlanılmışdı, daxili məhkəmələrdə və Məhkəmə qarşısında göstərilən hüquq xidmətlərini əhatə edirdi. Həmin müqavilədə göstərilmişdi ki, orda nəzərdə tutulan məbləğlər daxili məhkəmələrdə və ya Məhkəmədə ərizəçinin ədalətli təzminat tələbləri təmin etdiyi təqdirdə ödənilməlidir. Ərizəçi, xərc və məsrəflərlə əlaqədar təzminat məbləğinin nümayəndəsinin bank hesabına ödənilməsini istədi.

80. Hökumət hesab etdi ki, ərizəçinin xərclər və məsrəflərə dair tələbləri əsassız və həddindən artıqdır. Hökumət, özəlliklə qeyd etdi ki, daxili məhkəmələrdə və Məhkəmə qarşısında hüquqi xidmətlərə dair xərc və məsrəflər əslində çəkilməyib, çünki, tələb edilən məbləğlər ərizəçi tərəfindən ödənilməyib. Hökumət həmçinin, hüquqi xidmət müqaviləsində nəzərdə tutulmuş xidmətlərin bəzilərinin ümumiyyətlə təmin edilmədiyini vurğuladı.

81. Məhkəmənin uyğun president hüququna görə, ərizəçinin çəkdiyi xərc və məsrəflərin kompensasiya edilməsi üçün həmin xərc və məsrəflərin həqiqətən və zəruri olduğu üçün çəkilməsinin sənədlərlə təsdiqlənmiş olması, məbləğin ağlabatan olması lazımdır. Ərizəçi müqavilədə nəzərdə tutulmuş hüquqi məsrəfləri hələ ödəməmiş olsa da, Məhkəmə qeyd edir ki, ərizəçi müqavilə öhdəliyinə uyğun olaraq onları ödəmək öhdəliyi daşıyır. Bu səbəbdən, müqaviləyə uyğun olaraq, vəkil hüquqi məsrəfləri tələb etmək hüququna sahib olduğu müddətcə, bu məsrəflər “həqiqətən çəkilmiş” sayılır (bax: Pirəli Orucov Azərbaycana qarşı, № 8460/07, §74, 3 fevral 2011-ci il). Əlindəki sənədlərin və yuxarıda xatırladılan meyarların işığında Məhkəmə, 2 000 avro məbləğində vəsaitlə bərabər, ödənilə biləcək bütün vergilərin birbaşa ərizəçinin təmsilçisinin bank hesabına ödənilməsini məqsədəuyğun hesab edir.

C. Gecikmə faizi
82. Məhkəmə məbləğin ödənilməsinin gecikməsinə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

 

BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Bəyan edir ki, ərizə qəbulediləndir;

2. Qərar verdi ki, Konvensiyanın 3-cü maddəsi pozulub;

3. Qərar verdi ki, Konvensiyanın 5.1-ci maddəsi pozulub;

4. Qərar verdi ki, Konvensiyanın 5. 3-cü maddəsi üzrə şikayətin ayrılıqda araşdırılmasına gərək yoxdur;

5. Qərar verdi ki, Konvensiyanın 5.4-cü maddəsi pozulub;

6. Qərar verdi ki, Konvensiyanın 5-ci maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 18-ci maddəsi pozulub;

7. Qərar verdi ki, Konvensiyanın 11-ci maddəsi üzrə şikayətin ayrılıqda araşdırılmasına gərək yoxdur;

8. Qərar verdi ki,

(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində aşağıdakı məbləğlərdə vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə ərizəçiyə ödəməlidir:
(i) tutulacaq vergi də daxil olmaqla mənəvi ziyana görə, 15 000 avro (on beş min avro);
(ii) ərizəçidən tutulacaq vergi də daxil olmaqla xərc və məsrəflərə görə 2 000 (iki min avro);
(b) yuarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

9. Ərizəçinin ədalətli əvəzin ödənilməsinə dair tələblərinin digər hissələri rədd edildi.

Qərar ingilis dilində tərtib olundu və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, 20 sentyabr 2018-ci il tarixdə yazılı olaraq açıqlandı.

 

Claudia Westerdiek                    Angelika Nußberger
Bölmə katibi                                   Sədr