Sağlıq hüququ və şəxsi həyata hörmət arasında əlaqə, ekspertiza – AİHM bələdçisi

Erdinc Kurt Türkiyəyə qarşı işi əsasında

Şəxsin həm fiziki, həm də mənəvi-psixoloji bütövlüyü ilə bağlı olduğundan, sağlamlığa dəyən, amma ölümlə nəticələnməyən ziyanla bağlı şikayətlər Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin təsiri altına düşə bilər.

Erdinc Kurt işində ərizəçinin qızı üzərində iki yüksək riskli əməliyyat aparılmış və nəticədə ona ciddi nevroloji ziyan dəymişdir (92 % əlillik). Ərizəçi iddia edir ki, bu ziyana görə dövlət orqanları məsuliyyət daşıyırdı və mülki iddia qaldıraraq hüquqlarını bərpa etməsi üçün səmərəli hüquq müdafiə vasitəsi yox idi. Ərizəçi həm də iddia edirdi ki, kompensasiya iddiasını rədd etmək üçün türk məhkəmələrinin əsaslandığı ekspertiza rəyi uyğun və kifayət deyildi. Ərizəçi əslində 2-ci maddəni (6 və 13-cü maddələrdən əlavə) qaldırsa da, Məhkəmə ərizəçinin qızının həyatı üçün hər hansı labüd təhlükə olmadığını qeyd edib qaldırılan şikayəti 8-ci maddə altında araşdıracağını bildirib.

Avropa Məhkəməsi bu işdə Konvensiyanın 8-ci maddəsinin pozulduğunu elan edib: ərizəçi qızının fiziki bütövlük hüququnun müdafiəsi ilə bağlı tələblərə cavab verən adekvat məhkəmə cavabı ala bilməyib. Kompensasiya iddiasının rədd olunması üçün məhkəmələrin əsaslandığı, həkim səhvinin olmadığının bildirildiyi ekpertiza rəyində əsas məsələ ilə bağlı kifayət qədər izahat yox idi. Halbuki bu rəydə, bütün əməliyyatlara xas olan ümumi risk nəzərə alınmaqla, xəstəyə dəyən ziyanda həkimlərin rolunun olub-olmaması sualıyla bağlı kifayət qədər texniki izahatlar və cavablar olmalı idi.

Ekspertiza rəyi ilə bağlı sualın ölkəmizdə də əhəmiyyətli olmasını və bu işdə oynadığı açar rolu nəzərə alaraq, bir az təfərrüatları göstərmək yerinə düşərdi. İlkin olaraq qeyd edilməlidir ki, Məhkəmə ona təqdim olunan tibbi məlumatlar əsasında hər hansı ekspertin rəyinin elmi cəhətdən əsaslı olub-olmaması ilə bağlı fikir yürüdə bilməz. Bunu əslində milli məhkəmələr edir və Məhkəmə də bunun nə dərəcədə adekvat şəkildə edilib-edilmədiyini yoxlayanda çalışır ki, milli məhkəmələrin üzərinə həddindən artıq böyük yük qoyulmasın. Yəni Avropa Məhkəməsi ekspert rəyinə qiymət verməklə bağlı milli məhkəmələrin fəaliyyətini yoxlayarkən hər işin konkret hallarını nəzərə alır. Erdinc Korkut işinə qədər artıq Məhkəmə bir dəfə ekspertiza rəyində işin mərkəzi, ən əsas sualına cavab verilməməsi və ya kafi şəkildə cavab verilməməsi səbəbiylə pozuntu tapmışdır. Söhbət Altuğ və başqaları işindən gedir[3]. Bu işdə məhkəmələrin əsaslandığı tibbi rəydə ümumilikdə penisilin injeksiyası zamanı həyati təhlükə olub-olmaması və həkimlərin peşə vzifələrini yerinə yetirib-yetirmədiyi araşdırılmadan xəstəyə dəyən ziyanda həkimin səhvi olmadığı bildirilirdi.

Erdinc Korkut işində tibbi rəydə əməliyyat zamanı və ondan sonra həkimlərn hansı hərəkətləri etdiyi və bu hərəkətləri tibb elminin protokol və qaydalarına uyğun olub-olmadığı araşdırılmamışdım heç bir konkret akt müzakirə olunmamış, sadəcə olaraq biblioqrafiyaya istinad edilərək əməliyyat zamanı riskin mövcudluğu bildirilmişdir. Əslində bu ekspertiza rəyi olanları izah, sübut, nümayiş etmək əvəzinə sadəcə bəzi nəticələri elan edir və beləliklə texniki olaraq işiqlandırılmalı, anlatılmalı olduğu ən əsas, mərkəzi suala cavab verməmişdir. Burda Avropa Məhkəməsi Eugenia Lazăr işinə istinad edir. (Əslində bu iş maddə 2 ilə bağlıdır, lakin maddə 8-lə bağlı işdə bənzər ekspertiza məsələsində Məhkəmə bu işə istinad edib. Yəni əslində, qaldırılan maddədən asılı olmayaraq, ekspertiza ilə bağlı Məhkəmənin tətbiq etdiyi standartlar eynidir). Bu işdə də hadisə yerinə getmədən, aşağı orqanın verdiyi rəy əsasında ekspretiza rəyi verməli olan yuxarı orqan aşağı orqanın rəyini rədd etməklə kifayətlənmiş və heç bir izahat verməmişdir. Məhkəmə qeyd edir ki, aşağı və yuxarı məhkəmə tibbi eksertizası orqanları arasındakı şəxsin ölüm səbəbi və həkimlərin rolu, səhvi barədə fikir müxtəlifliyini izah edən və onu sonlandıran, inandırıcı, elmi izahat, əsaslandırma verilməli idi. Bu qərarın 84-cü paraqrafından belə başa düşmək olar ki, şəxslərin müstəqil tibbi-ekpertiza orqanına müraciət etmək imkanlarının olmadığı hallarda (buna qanunla icazə verilmədiyi hallarda) dövlət məhkəmə-tibb ekspertizası orqanlarının əsaslandırma vəzifəsi, daha vacib, daha geniş, daha güclü olur. Bu işdə ərizəçi müstəqil, özəl tibbi ekspertiza orqanına müraciət etmək imkanı əldə etmək üçün cəhdlər etsə də, qanunvericiliklə yalnız dövlət institutlarının ekspertiza etmək hüququ nəzərdə tutulduğundan, onun cəhdləri uğursuzluqla nəticələnmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, ekspertiza üçün dövlət və ya özəl institutlardan hansının seçilməli olduğu ilə bağlı fikir bildirə bilməz. Vacib olan odur ki, ekspertiza rəyi verən orqan inandırıcığı və səmərəliliyini təmin edən kafi təminatlara sahib olsun. Bu təminatlardan biri, məsələn, ekspertin verdiyi rəyi əsaslandırması tələbidir. (paraqraf 85).

Erdinc Korkut işinə geri dönsək, Məhkəmə bildirir ki, ekspertiza rəyi məhkəmələr üçün məcburi, bağlayıcı xarakterə malik deyil, lakin hakimlərin o qədər də texniki biliyə sahib olmadığı bəzi sahələrlə bağlı olduqda, bu rəy məhkəmənin qərarında çox əhəmiyyətli rol oynayır. Bu işdə ilk ekpertiza rəyi qeyri-adekvat olsa da, ikinci ekspertiza rəyi alınması ilə bağlı ərizəçinin vəsatəti rədd edilmişdir. Bu səbəbdən Məhkəmə hesab etmişdir ki, ərizəçi qızının fiziki bütövlüyünün müdafiəsi üçün adekvat məhkəmə cavabı, reaksiyası ala bilməmiş və 8-ci maddə pozulmuşdur.

O da qeyd olunmalıdır ki, bu işdə Məhkəmə vacib bir prinsip elan edir: xəstəyə dəyən ziyanın müalicənin öngörüləbilməz nəticəsi olduğunu iddia etmək yalnız o zaman mümkündür ki, həkimlər əməliyyatı tibb elminin qaydalarına uyğun şəkildə və mümkün riskləri nəzərə alaraq həyata keçirmış olsunlar. Əks halda cərrahları əməllərinə görə cavabdeh tutmaq mümkün olmazdı. Çünki onlar hər dəfə rahatca iddia edərdilər ki, hər bir əməliyyat özündə bir risk ehtiva edir.

Bəzi işlərdə Məhkəmənin istinad etdiyi “Avropa Şurası üzv Dövlətlərinin məhkəmələri tərəfindən təyin olunan ekspertlərin rolu ilə bağlı əsas Prinsiplər”i nəzərdə keçirmək maraqlı olardı.

©legallibrary.org