ŞƏRH: NATİQ CƏFƏROV AZƏRBAYCANA QARŞI – 7 noyabr 2019

NATİQ CƏFƏROV AZƏRBAYCANA QARŞI – qərarın Azərbaycanca tam mətni

Nə baş vermişdi?

N.Cəfərov Respublikaçı Alternativ Vətəndaş Hərəkatının (REAL) həmtəsisçisi, İdarə Heyətinin üzvü idi. O, ölkədəki iqtisadi və sosial problemlərlə bağlı yazıb-yaydığı tənqidi məzmunlu məqalələri ilə tanınırdı.

22 aprel 2014-cü il tarixdə Azərbycan Baş Prokurorluğu bir sıra qeyri-hökumət təşkilatlarının maliyyə fəaliyyətində ehtimal olunan qanun pozuntuları ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifəli şəxs tərəfindən uydurma) maddələri ilə cinayət işi başlamış, 10-dan artıq yerli və xarici QHT-ni, 10-larla vətəndaş cəmiyyəti fəalını istintaqa cəlb etmiş, onların ölkədən çıxışına yasaq qoymuşdu. N.Cəfərov da həmin cinayət işi çərçivəsində bir neçə dəfə şahid qismində prokurorluqda dindirilmişdi.

18 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti ölkə Konstitusiyasına iyirmi doqquz dəyişiklik edilməsini nəzərdə tutan Referendum Aktı layihəsini təqdim etmiş, referendumun 26 sentyabr 2016-cı il tarixdə keçiriləcəyinə qərar verilmişdi. REAL Hərəkatı Konstitusiyaya təklif edilən dəyişikliklərə qarşı kampaniya aparmaq qərarı vermiş və təşviqat qrupunu Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyata alınması üçün imza toplanılmasına başlamışdı. N.Cəfərov REAL-ın təşviqat qrupunun MSK-dakı səlahiyyətli nümayəndələrindən biri təyin edilmişdi.

12 avqust 2016-cı il tarixdə N.Cəfərov həbs edildi, ona qarşı Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürüldü. İddia edilirdi ki, N.Cəfərov 2011 və 2014 illər aralığında müxtəlif layihələr çərçivəsində xarici donorlardan aldığı qrantları müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməyib, həmin qrant müqavilələri üzrə vəsaitlərdən istifadə kontekstində qeyd edilən cinayətləri törədib. N.Cəfərov həbs edildiyi gün məhkəmə qarşısına çıxarılıb və barəsində məhkəməyə qədər dörd ay müddətinə həbs qəti imkan tədbirinin seçilməsinə qərar verilib. N.Cəfərov həmin qərardan apellyasiya şikayəti verib, bildirib ki, cinayət əməli törətməsinə dair heç bir əsaslı şübhənin mövcud olmayıb, irəli sürülən ittihamlar siyasi motivli olub və onu referendum öncəsində susdurmağa xidmət edib. Ərizəçinin metal qəfəsə salındığı iclasda onun şikayəti rədd edilib.

N.Cəfərovun həbsi əksrə beynəlxalq qurumlar tərəfindən qınanıb, həbsin siyasi məzmunlu olması ifadə edilib.

22 avqust 2016-cı il tarixdə REAL Hərəkatının nümayəndələri mətbuat konfransı keçirdilər, siyasi təzyiqlərə, özəlliklə də REAL hərəkatının referendumla bağlı kampaniyasının hazırlanmasında fəal iştirak etmiş Ərizəçi də daxil olmaqla bəzi REAL üzvlərinin həbsi ilə əlaqədar olaraq, referendumla bağlı kampaniyaya qatılmamağa qərar verdiklərini elan etdilər.

3 sentyabr 2016-cı il tarixdə referendumla bağlı təşviqat kampaniyasına rəsmi olaraq, start verildi. Ərizəçi 4 sentyabr 2016-cı il tarixdə barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qarşılığında azadlığa buraxılma tədbiri ilə əvəz edilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə 2 gün sonar onu rədd etdi. Sentyabrın 9-da N.Cəfərov həmin qərardan apelyasiya şikayəti verdi. Elə həmin gün işə baxan prokuror məhkəməyə təqdimatla müraciət etdi, bildirdi ki, N.Cəfərovun məhkəmə qədər həbsi üçün əsaslar mövcud deyil, o, lğv edilməlidir. Nəsimi Rayon Məhkəməsi elə həmin gün prokurorun təqdimatını təmin etdi, N.Cəfərov dərhal sərbəst buraxıldı.

Sentyabrin 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum planlaşdırıldığı kimi keçirildi və səsverməyə çıxarılan iyirmi doqquz dəyişikliyin hamısı qəbul edildi.

Baş Prokurorluq təxminən 1 il sonra, 17 avqust 2017-ci il tarixdə N.Cəfərova qarşı cinayət işinə xitam verdi.

AİHM qarşısında qaldırılan pozuntular

N.Cəfərli barəsindəki yerli məhkəmə qərarlarından AİHM-ə şikayət etdi.

O, iddia etdi ki, məhkəməsi iclası zamanı metal qəfəsdə saxlanılması, ləyaqəti alçaldan rəftara bərabər olub və onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxilə məzmununda olub.

Ərizəçi həmçinin, iddia etdi ki, onun tutulması və həbsi qanunsuz və əsassız olub, hər hansı cinayət əməli törətməsinə dair əsaslı şübhə mövcud olmayıb, daxili məhkəmələr onun həbs edilməsi ilə bağlı səmərəli məhkəmə araşdırmasını həyata keçirə bilməyib, öz qərarlarını kifayət qədər əsaslandıra bilməyib (Konvensiyanın 5-ci maddəsinin 1, 3 və 4-cü bəndləri).

N.Cəfərov əlavə olaraq iddia edib ki, məruz qaldığı tədbirlərin (azadlıq və toxunulmazlıq hüququna müdaxilə edilməsinin) gerçək əsas məqsədi onu aktiv siyasi fəaliyyətinə görə cəzalandırmaq və onun referendum kampaniyasında səsverməyə çıxarılan məsələlərə müxalif mövqedən çıxış etməsini, kampaniya aparamasının qarşısını almaq olub (Konvensiyanın 18-ci maddəsinin pozuntusu (5-ci maddə ilə birgə götürülməklə)).

Avropa Məhkəməsinin qiymətləndirməsi – 3-cü maddə ilə bağlı

AİHM N.Cəfərovun işgəncəyə məruz qalmamaq hüququnun pozulduğuna qərar verdi.

Məhkəmə bildirdi ki, fərdə qarşı yol verilmiş davranışlar onu aşağılamaq məqsədilə edildiyində və ya bu davranışlar insan ləyaqətinə hörmət ifadə etməyəndə və ya fərdin mənəvi və ya fiziki müqavimətini qıra biləcək qorxu, iztirab və aşağılanmaq duyğuları doğurduğunda, belə rəftar Konvensiyanın 3-cü maddəsinin işığında “alçaldıcı” hesab olunur. Rəftarın Konvensiyanın 3-cü maddəsinin işığında “aşağılayıcı” olub-olmadığını qiymətləndirmək üçün rəftarın ictimai təbiəti, uyğun və ya ağırlaşdırıcı faktor rolunu oynaya bilər. Ancaq belə bir məqsədin olmaması məlum bir rəftarın bu kateqoriyaya girməsini önləyə bilməz: qurbanın başqalarının gözü qarşısında olmasa belə, öz nöqteyi-nəzərinə görə, aşağılanması yetərli ola bilər. Məhkəmə əlavə etdi ki, bu işdə məhkəməyə qədər həbslə bağlı məhkəmə iclası zamanı da ərizəçi metal qəfəsdə saxlanıldı, hansı ki, Hökumətin təqdimatına görə, həmin iclas kamerada, qapalı keçirilmişdi. Bununla belə, Məhkəmə vurğuladı ki, ərizəçinin metal qəfəsə yerləşdirilməsinin ictimaiyyət üçün qapalı olması, davranışların alçaldıcı rəftar kateqoriyasına aid edilməsinə mane olmur.

Avropa Məhkəməsinin qiymətləndirməsi – 5-ci maddə ilə bağlı

AİHM N.Cəfərovun azadlıq və toxunulmazlıq hüququnun pozulduğuna qərar verdi.

Məhkəmə vurğuladı ki, qrantların qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tələbi, “qrant” kimi alınan maliyyə yardımlarının qanuni sayılması üçün bir şərt yox, sadəcə olaraq, bir hesabat tələbi olub. Bu hesabat tələbinin yerinə yetirilməməsi isə inzibati xəta hesab edilə bilərdi. Hesabat tələbinə əməl edilməməsi isə qrant müqaviləsinin təbiətinə, yaxud, qrantın qeyri-kommersiya məqsədləri üçün istifadə edildiyi fəaliyyətlərin xarakterinə təsir göstərməyib. Bununla yanaşı, prokurorluq orqanları ərizəçinin hesabat vermə tələbini yerinə yetirə bilməməsinə istinad etməkdən başqa, ərizəçinin mənfəət əldə etmək üçün pul vəsaitlərindən qrant müqavilələrində göstərilənlərdən fərqli məqsədlər üçün istifadə etdiyini əks etdirən hər hansı bir bilginin və dəlilin mövcud olmasını göstərməyib. Məhkəmə bu qənaətə gəldi ki, ərizəçinin “qanunsuz sahibkarlıq” cinayətini törətməsi ilə bağlı heç bir əsaslı şübhə mövcud deyildi, çünki, onun kommersiya fəaliyyəti ilə məşğul olduğunu göstərən heç bir fakt, bilgi və ya sübut yox idi. Məhkəmə eyni zamanda ərizəçinin həbsinin qanuna uyğunluğu ilə bağlı effektiv məhkəmə araşdırmasının təmin edilmədiyini də müəyyən etdi, bildirdi ki, Hökumət hazırkı işdə fərqli nəticəyə gəlməyə inandıra biləcək heç bir fakt və ya arqument təqdim etməyib.

Avropa Məhkəməsinin qiymətləndirməsi – 18-ci (5-ci maddə ilə birgə) maddə ilə bağlı

AİHM N.Cəfərova münasibətdə Konvensiyanın 18-ci maddəsinin pozulduğuna qərar verdi

Məhkəmə vurğuladı ki, N.Cəfərovun tutulması və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuş məqsədlərlə həyata keçirilməyib, “əsaslı şübhə”yə söykənməyib. Məhkəmə əlavə etdi ki, Azərbaycanla bağlı başqa işlərdə Hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını və insan haqları müdafiəçilərini qisas almaq üçün özbaşına həbs etmək, cinayət qanunvericiliyindən siu-istifadə etmək yolu ilə 18-ci maddənin pozuntusuna yol verdiyi təsbit edilib. Məhkəmə qeyd edir ki, hazırkı işdəki faktların məcmusunun qeyd olunan nümunədəki məqamların bənzəri olması, kontekstual faktorlarla birlikdə aydın olmayan məqsədin sübutunu yaradır. Məhkəmə vurğuladı ki, ərizəçi siyasi fəal şəxs olub, referendumla bağlı təşviqat kampaniyasında fəal iştirak edib və bununla bağlı tərəflər mübahisə də etməyiblər. Ərizəçiyə qarşı cinayət işinin başladılmasının vaxtına, ərizəçinin tutulmasına və həbs edilməsinə xüsusi önəm verən məhkəmə bildirdi ki, N.Cəfərov Konstitusiyaya dəyişikliklər layihəsinin əleyhinə kampaniyanın rəsmi qeydiyyat prosedurunun aktiv mərhələsində həbs edilib. REAL hərəkatı ərizəçinin və hərəkatın digər fəallarının həbs edilməsi səbəbindən kampaniyadakı iştirakını dayandırmaq haqqında rəsmi qərarını elan edib, ardından Ərizəçi prokurorun tələbi ilə azadlığa buraxılıb. İşin hallarının məcmusu göstərir ki, ərizəçinin məruz qaldığı tədbirlərin gerçək əsas məqsədi onu aktiv siyasi fəaliyyətinə görə cəzalandırmaq və onun referendum kampaniyasında müxalifətin nümayəndəsi kimi iştirak etməsinin qarşısını almaq olub. Bu mülahizələrin işığında Məhkəmə hesab etdi ki, ərizəçinin azadlıq hüququna məhdudiyyət Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində göstərilənlərdən başqa məqsədlər üçün tətbiq edilib.

AİHM yekunda ərizəçiyə mənəvi ziyana görə, 15 000 avro, xərc və məsrəflərə görə 2 000 avro təzminat ödənilməsinə qərar verdi.