Ölkədən çıxış yasağı – AİHM yeni qərarlarını elan edəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, mayın 14-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını elan edəcək. Bu şikayətlər ölkə ərazisindən çıxışa qadağa qoyulması ilə bağlıdır.

Şikayətlərdən birini tanınmış jurnalist Sevinc Abbasova göndərib. Bu işdə jurnalist Baş Prokurorluqda açılmış və araşdırması davam edən bir cinayət işi çərçivəsində şahid qismində dindirilmişdi. Həmin vaxt onun ölkədən çıxışına qadağa qoyulduğu bəlli olmuşdu. Jurnalistin vəkilləri onun ölkədən çıxışına qadağa qoyulmasının qanunsuzluğunu mübahisələndirmiş, yerli məhkəmələr onun iddialarını rədd etdiyindən, AİHM-ə şikayət edilmişdi. AİHM-ə şikayətdə jurnalistin hərəkət azadlığı, şəxsi həyata hörmət, ifadə azadlığı hüquqlarına müdaxilə olunduğu iddia olunurdu.

AİHM bu iş üzrə Hökumətlə 2019-cu ildə kommunikasiyaya başlamışdı. AİHM həmin vaxt hökumətdən jurnalistin hərəkət azadlığı hüququna müdaxilə edilib-edilməməsi barədə təqdimat istəmişdi.

Elan ediləcək digər qərarda ərizəçi Georgi Nikolaev-dir. Bu işdə də ərizəçi hərəkət azadlığı hüququnun pozuntusundan şikayət edib.

3-cü qərar Azərbaycan vətəndaşı Xeyrulla Ağayevin ərizəsi üzrə elan ediləcək. X.Ağayev təxminən 10 il əvvəl küçə yürüşündə saxlanılıb. Ardınca ona icazəsiz yürüşə qatılmağa və polisin qanuni tələblərinə əməl etməməyə görə 7 sutka inzibati həbs cəzası verilib. Bu işdə ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozunlduğunu iddia edib.