Hökumət Xədicə İsmayılovaya təzminat ödəyəcək

Press-reliz, 10 yanvar 2019-cu il

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə yeni qərarını elan edib. Qərar araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şikayəti üzrə çıxarılıb.

X.İsmayılın AİHM-ə göndərdiyi şikayətlər onun qaralama kampaniyasına məruz qalması ilə bağlı idi. Şikayətlərdə iddia olunurdu ki, hökumətyönlü mediada araşdırmaçı jurnalistlə bağlı yayılmış məqalələrlə, həmin məqalələrdən verilmiş şikayətlərin araşdırılması kontekstində X.İsmayılın Konvensiyanın 6, 8 və 10-cu maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə edilib.

AİHM qərarında jurnalistə münasibətdə Konvensiyanın 8-ci (şəxsi həyat bilgilərinə müdaxilə) və 10-cu (ifadə azadlığı) maddələrinin pozuntusuna yol verildiyini elan edib. Məhkəmə qərarında 6-cı maddə (ədlaətli məhkəmə araşdırması hüququ) üzrə şikayətləri araşdırmağa ehtiyac olmadığını qeyd edib.

Qərara görə, Azərbaycan dövləti həmin pozuntuları kompensasiya etmək üçün jurnalistə təzminat ödəməlidir. Qərar qüvvəyə mindikdən sonra jurnalistə dəymiş mənəvi zərərə görə 15 000 (on beş min) avro, xərclərə və məsrəflərə görə isə 1750 (bir min yeddi yüz əlli) avro ödənilməlidir.

X.İsmayılova tanınmış araşdırmaçı-jurnalistdir. Jurnalist fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb. 2010-11-ci illərdə Azərbaycan prezidentinin ailə üzvlərinin var-dövləti barədə araşdırmalar aparan jurnalist, qeyd edilən mövzudakı məqalələrinin yayımlanmasından sonra basqılara məruz qalıb. Onu araşdırmalarına görə, təhdid, təhqir ediblər. Basqılara baxmayaraq, həmin vaxt jurnalist peşə fəaliyyətini, araşdırmalarını davam etdirəcəyi ilə bağlı bəyanat verib.

Yuxarıda təsvir edilənlərin fonunda hakim siyasi partiyanın nəzarətində olan “Yeni Azərbaycan”, “İki Sahil”, “Səs” qəzetləri journalist barəsində aşağılayıcı məzmunlu məqalələr yayıblar. İnternet mediasında isə jurnalistin yataq otağından gizli çəkilmiş video görüntülər yayılıb.

X.İsmayılovanın barəsindəki qeyd edilən məqalələrlə bağlı yerli hüquq mühafizə qurumlarına, məhkəmələrə şikayətlər verib. Jurnalist verdiyi şikayətlər üzrə çıxarılmış qərarları AİHM qarşısında mübahisələndirmişdi.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)