Gözlənilən qərar və qərardadlar – 11 mart 2021

Avropa Məhkəməsi martın 11-də Azərbaycandan göndərilən 7 şikayət üzrə qərarlarını elan edəcək. Bu işlərdə ərizəçilər siyasi partiya fəalları, dini icma nümayəndələri, məhbuslardır.

Vüqar Əliyev Azərbaycana qarşı

Bu iş siyasi fəalın qanunsuz silah saxlamağa görə ittiham və məhkum edilməsi ilə bağlıdır. Ərizəçi ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququna müdaxilə olunduğunu iddia edir.

Rəvan Səbzəliyev Azərbaycana qarşı

R.Səbzəliyev işində ərizəçi türk ilahiyyatçı Səid Nursi-nin dini məzmunlu məqalələrini evində azyaşlılara tədris etdiyi üçün məhkum olunub. 10 aydan artıq həbsdə tutulan ərizəçi hesab edir ki, onun dini etiqad azadlığına müdaxilə baş verib.

Natiq Mirzəyev Azərbaycana qarşı

Bu məhkəmə işində ərizəçi məhkum edilmiş məhbusdur. O, tibbi müalicə üçün həbsxana rəhbərliyinə müraciət edib, müraciətinə baxılmasının məzmunu onu qane etmədiyindən həbsxana rəhbərliyini məhkəməyə verib.

Ərizəçi hesab edir ki, onun müraciəti üzrə çalışmalar ədalətli məhkəmə araşdırması hüququna uyğun olmayıb.

İmanzadə Məmmədova Azərbaycana qarşı

Bu işdə ərizəçi Rusiyanın Soçi şəhərində yaşayan Rusiya vatandaşıdır. O, Yahova Şahidləri dini icmasının üzvü olaraq, Zaqatala şəhərində dini toplantı keçirib. Polis toplantıya müdaxilə edib, ərizçi yerli polis idarəsinə aparılıb, bir neçə saat orda saxlanılıb, inzibati cərimə cəzası tətbiq edilib. Bir neçə gün sonra yenidən polisə çağırılan ərizəçi saxlanılıb və ölkədən çıxarılana qədər nəzarətdə tutulub. Yerli məhkəmələr ərizəçinin nümayəndəsinin şikayətlərini rədd edib.

Ərizəçi dini etiqad, azadlıq və toxunulmazlıq, mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edir.

Durnisə Əhmədova Azərbaycana qarşı

Xuliqanlı cinayətinə görə məhkum edilmə ilə bağlı olan bu işdə ərizəçi hesab edir ki, onunla bağlı məhkəmə araşdırmalaraı ədalətli olmayıb.

Rzamov və Başqaları Azərbaycana qarşı

Bu işdəki 9 ərizəçi türk ilahiyyatçı Said Nursi-nin tərəfdarlarıdır, onlar dini toplantıların keçirilməsi kontekstində saxlanıldıqlarını, qanunsuz rəftara məruz qaldıqlarını iddia edirlər.

Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, dini etiqad azadlığı hüquqlarına müdaxilə olunması məsələsini qaldırıblar.

Məmmədov Azərbaycana qarşı – bu ərizə AİHM-ə 2016-cı ildə təqdim edilib. Məhkəmənin bazasında işin detalları haqda bilgi verilmir.